Ana səhifə
 / Sual-cavab / Nikah və boşanma


816

Əs-sələmu aleykum və rahmətullahi və bərakətuh. İslam Şəriətinə uyğun Nişanlanmaq olar? Və Şərtləri necədir? Nişan hökmü varsa, nişanlı neçə müddət qalmaq olar? Cəzakə Allahu xayran. Əs-sələmu aleykum və rahmətullahi və bərakətuh.

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

İslam dininə görə nişanlanma mövcuddur. Nişanlanmanın iki şərti vardır.

1. Gərək nişanlanmaq istədiyin qız şəriətə görə sənə halal sayılsın. Uca Allah buyurur: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda onların qızları ilə evlənməyiniz sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Hikmət sahibidir.” (ən-Nisa surəsi, 23-24).

2. Nişanlanmaq istədiyin qıza sən elçi göndərdiyin zaman başqası ilə nişanlı olmasın və ya başqası ona elçi göndərmiş olmasın. Rəvayət edilir ki, ibn Ömər (radiyallahu anhu) demişdir: “Peyğəmbər (səllallahu aleyhi və səlləm) birinizin qardaşının alveri üstündən alver etməsini, habelə qardaşının nişan qoyduğu qıza, əvvəlki nişanlısı ondan imtina edənədək və ya ona izn verənədək nişan aparmasını qadağan etmişdir.” (əl-Buxari, 5142).

Nişanlı qalmağa gəldikdə isə bunun üçün xüsusi bir müddət yoxdur. Yəni nişanlı qalmaq üçün şəriətimiz nə az, nə də çox müddət təyin etməmişdir. Bu haqqda da heç bir dəlil yoxdur. Şəriət bunu insanların öz ixtiyarlarına buraxılmışdır.


815

Əs-salamu aleykum va rahmatullah.  Kəbinsiz qadınla cinsi əlaqədə olmamaq, sadəcə ona toxunmaq və s. sonradan onu kəbinlə almaq halaldırmı? Allah sizdən razı olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Kəbinsiz hər hansı bir naməhrəm qadına toxunmaq haramdır və bu zina hesab olunur. Uca Allah Qurani Kərimdə buyurur: “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!” (əl-İsra, 32) Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar.” Hədisi Buxari (6243)və Muslim (2657) rəvayət etmişlər.


801

Əs-salamu aleykum və ramatullah. Qardaş sizə bir sualım var. Xahiş edirəm kömək edin. Mən evli idim, zövcəmlə 8 ay ayrı yaşadıqdan sonra rəsmi olaraq boşandıq, amma mən talaq verməmişdim. Məhkəmədə də heç birimiz iştirak etməmişik, təkcə mənim vəkilim olub. İndi isə zövcəmlə barışmaq istəyirik. Bilmək istəyirəm, yenidən dini nigah lazımdırmı? Rəsmi boşanma zamanı talaqın biri gedirmi? ALLAH sizdən razı olsun.

Va aleykumussəlam. Əgər niyyətində boşamaq olubsa, və buna dəlalət edən bir söz – məsələn, çıx get, səninlə yaşamaq istəmirəm və s. demisənsə, bu artıq boşanma sayılır və gözləmə müddəti ərzində onu qaytarmaq istəsəydin qaytara bilərdin. Lakin artıq o, tam boşanmış sayıldığından, yenidən onu qaytarıb-qaytarmamaq məsələsini bilmirik.


731

Salam aleykum və rahmətullah. Mən bir qadından ötrü eşqə mübtəla olmuşam. İndi isə ayrılmışıq. Ancaq onu unuta bilmədiyim üçün əziyyət çəkirəm. Bunun çarəsi dində nədir? Necə edim ki, dərdimə çarə tapım. Salam aleykum.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Uca Allaha çoxlu dua edin ki, sizə evlənmək üçün imkan yaratsın. Uca Allah buyurur: “Qoy evlənməyə imkanı olmayanlar, Allah öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar.” (ən-Nur, 33)


691
Salam aleykum qardaş. Allah elminizə və imanınıza bərəkət versin. Mən ailə quranda cahil idim və kəbinsiz bir evlilik baş tutdu. Əlhəmdulillah indi tövhidi tanıdım. Mən indi yenidən kəbin kəsdirməliyəmmi. Məsləhətinizə görə indidən Allah razı olsun.
Və aleykumus-salam. Sizə yenidən kəbin kəsdirməyə ehtiyac yoxdur.

664
Salam aleykum! Mən 4 ildir evliyəm. Qara Qarayev stansiyasına yaxın bir yerdə zaksımız oldu. Kak raz orda təzə pir məscidindən molla var idi. Biz istədik ki, kəbin də kəsdirək ki, nişanlı ikən bir-birimizə toxunub günaha batmayaq, lakin bizim şahidimiz yox idi. Biz bunu mollaya bildirdik. Molla dedi ki, eybi yoxdur mən dua oxuyacağam və arada sizə işarə verəndə siz deyərsiz ki, sizə ehtivaıi, ya nə isə edirəm dəqiq yadımda deyil. Mən belə başa düşdüm ki, ikimizin də şahidliyini öz üzərinə götürdü. Sonra mənə 51 qr qızıl mehr yazdı. Bu cür kəbin (şahidsiz) icazəlidirmi? Mənim valideynlərim də elçiliyə gedib qızı atasından almışlar. Bir də elçilikdə vəli kimdir?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuh. İslamda nikahın səhih olması üçün vacib olan şərtlərdən biri də iki şahidin olmasıdır. Əgər siz bu cür kəbini dinə gəlməmişdən əvvəl kəsdirmisinizsə İslama gəldikdən sonra sizin keçmiş günahlarınız bağışlanır və kəbininizi yenidən kəsdirməyə lüzum yoxdur. Biz səhabələrin həyatına baxsaq görərik ki, onlardan heç İslama gəldikdən sonra cahiliyyat dövründə kəsdirdikləri kəbinlərini təzələməmişdilər. Axı onların zamanında batil nikah növləri də var idi və bu cür kəbinlə evlənənlər İslamdan sonra kəbinlərini təzələməmişdilər. Yox əgər siz İslamda ola-ola kəbininizi qeyd etdiyiniz şəkildə kəsdirmisinizsə onda sizin bu əmələ görə Allaha tövbə edib, Ondan bağışlanma diləməniz kifayət edər. Çünki sizin kəbininizdə iki şahid və qadının vəlisi olmamışdır. İmran ibn Husayndan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Vəli və iki şahid olmadan nikah yoxdur.” Hədisi İbn Hibban və Beyhəqi rəvayət etmiş, Şeyx Albani də onun səhih olduğunu bildirmişdir. Lakin bəzi alimlər o cümlədən İmam Malik, İbn Teymiyyə və müasirlərdən İbn Üseymin iki şahidin deyil nikahın məşhurlaşmasını şərt görmüşlər. Odur ki, nikahı yenidən bağlamağa lüzum yoxdur. Vəliyə gəlincə isə qızın atası, babası, qardaşı, əmisi və s. onun vəlisi hesab olunur.

619

Salam aleykum şeyx! Xahiş edirəm bu məsələ ilə bağlı fikrinizi bildirəsiniz. Əxican bir qardaş 2-ci zövcə almaq istəyir bununla bağlı birinci zövcəsinə bəyan etməlidirmi. Birinci zövcədən bir qızı var. Əgər desə fitnə olar, fitnə olmasın deyən gizli evlənə bilərmi?

 

Və aleykumus-salam.

Uca Allah Qurani Kərimdə buyurur: Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızdıq etməməyə daha yaxındır.” ən-Nisa, 3.

Ayədən görünür ki, Uca Allah ikinci, üçüncü və ya dördüncü qadınla evlənmək üçün ədalətli olmağı şərt qoyur. Deməli ədalətli olacağınız təqdirdə başqa bir qadınla evlənə bilərsiniz. Bunu əvvəlki zövcəyə bildirmək isə şərt deyildir. Lakin insan ikinci, üçüncü və ya dördüncü qadınla ailə qurduqda niyyəti birinci qadınla ailə qurduğu kimi olmalıdır. Yəqin ki, siz birinci qadınla ailə qurduqda çox götür-qoy etdikdən sonra qəti qərara gəlmisiniz. Sizin çox götür-qoy etməyinizin səbəbi isə sizə daha çox bəllidir. Çünki, siz düşünürdünüz ki, onunla ömür yoldaşı olacaqsınız, ondan dünyaya övladlar gətirəcək və bununla da müsəlmanların sayını artıracaqsınız, onu gözəl evlə təmin edəcəksiniz, onu qohum-əqrəba içinə çıxaracaqsınız, vaxtınız olduqda onu gəzməyə çıxaracaqsınız, onunla toy mərasimi keçirib bütün qohum-əqrəbaya bildirəcəksiniz və sairə bu kimi başqa niyyətləriniz olub. Əgər ikinci qadınla evləndikdə də bu səbəblərə fikir verəcəksinizsə onda ədalətli olacaq, əks təqdirdə isə ədalət prinsipini pozmuş olacaqsınız. Belə olduğu təqdirdə isə Uca Allah bir zövcə ilə kifayətlənməyi buyurur.

Yaşadığımız dövrdə bəzi qardaşlarımız öz şəhvətinin qulu olaraq ikinci qadınla evlənir və iş o yerə gəlib çatır ki, sonra birinci ilə boşanası olur və övladlarını da tərk edərək başsız qoyur. Həmin qardaş düşünmür ki, sonda yenə o bir zövcə ilə qaldı. Elə isə ikinci ilə evlənməyib elə birinci zövcəsi ilə qalmaq və övladlarını çölə atmayıb onları İslam ruhunda tərbiyə etmək daha əfzəl deyilmi???

Həmçinin bəzi qardaşlarımız ikinci zövcə alır və onu kirayələrdə saxlayır, birinciyə qayğı göstərdiyi kimi ona da qayğı göstərmir. Belə olduğu təqdirdə isə həmin qardaş günah qazanmış olur.

Odur ki, qardaşlarımıza nəsihətimiz budur ki, əgər ikinci ilə evlənmək onu birinci ilə boşanmaq dərəcəsinə gətirib çıxaracaq və onu boşayıb övladlarını çölə atacaqsa elə əvvəlcədən birinci ilə kifayətlənsin və ailəsini qoruyub saxlasın. Bu onun üçün daha xeyirli olacaq.


615
Salam aleykum. Tövhid əhli olan müsəlman bir qadının bidət əhli (RAFİZİ) olan bir atası var. Atası onu öz əqidəsində olan bir rafiziyə ərə vermək istəyir. Bu halda qız təbii ki, ona ərə getmək istəmir. Qadın öz istəyi ilə tövhid əhli olan bir qardaşa ərə gedə bilərmi? Atasının bu məsələdə ona halallıq verməsi vacibdirmi? Sözsüz ki atasının istəyini yerinə yetirməyəcək, yəni rafiziyə ərə getməyəcək. Belə olan halda qadın nə etsin ki, ailə qursun?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Ümumiyyətlə İslamda vəlinin icazəsi olmadan qadın ərə gedə bilməz. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Vəlisinin icazəsi olmadan ərə gedən qadının nikahı batildir, batildir, batildir.” Hədisi Əbu Davud (2085), Tirmizi (1102) və Əhməd (24417) rəvayət etmiş və Şeyx Albani onun səhih olduğunu bildirmişdir. Vəlinin şərtləri isə aşağıdakılardır: 1. Ağlı başında olan kəs olmalıdır. Yəni dəli olmamalıdır. 2. Həddi büluğa çatmış olmalıdır. Yəni azyaşlı olmamalıdır. 3. Azad bir şəxs olmalıdır. 4. Müsəlman olmalıdır. Yəni kafir olan kəsin valideyinlik haqqı qorunsa belə o, vəlilik haqqını itirmiş hesab olunur. 5. Kişi cinsinə mənsub olmalıdır. (Ata, baba, qardaş, əmi və s.) Vəlisi olmayanın vəlisi qazıdır. Bu şərtlər mövcuddursa qadın səbir edib müxtəlif yollarla vəlini yola gətirməyə çalışmalıdır. Uca Allaha çoxlu dua etməyi də unutmayın.

613
As-salamu aleykum va rahmatullahi va barakatuhu va mağfiratuhu va Djannatil Firdaus. Mən insaAllah bir qardaşla aile qurmaq istəyirəm, ikinci həyat yoldası olaraq və o qardaş mənim müdürümdür. Əlhəmdulillah hər şey yolunda idi. İşlədiyim yerdə onun keçmiş sevdiyi qız da işləyirdi, ayrıldıqlarını bilirdim. Öz özlüyümdə düşündüm ki bəlkə artıq tövbə ediblər, keçmiş günahlarına görə onlara nə isə demək mənə düşmür. O insan mənə evlənmə təklifi etdikdən 1 həftə sonra o qız mənə hələ də onu sevdiyini və onu geri qaytarmaq istədiyini söylədi. SubhanAllah mən heç nə demədim, çünki o insan mənimlə evlənmək istədiyini heç kimə deməyə icazə vermirdi. Sonra bacıya hər şeyi acıb dedim, amma o üçüncü həyat yoldaşı olmağa razılıq verdi və o mənimlə ailə qurmaq istəyən qardaş onunla bu barədə danışıb və onunla da evlənmək istədiyini bildirib. Bilmək istəyirəm bu nə dərcədə doğrudur??? Mənim ürəyimdə nəfsim, ya da vəsvəsəmi məni çox narahat edir. Qardaşla artıq ailə qurmaq istədiyimdə əmin deyiləm, şübhə içindəyəm, kiminlə məsləhətləşdimsə ailə qurma dedilər. Çünki o qardaş o qızla danışır və mənə də bunları bacı dedikcə keçmişi xatırlatdıqca ürəyimdə o insanlara kin yaranır, qəlbimi çox pis səkildə qırdılar. Mən axı subhanAllah hansı arzularla ailə qurmağa hazırlaşırdım. Mən bu cür qardaşlar üçün tərbiyələndirici bir leksiya hazırlamağınızı çox istəyərdim və belə bacılar üçün işdən çıxmağı düşünürəm. Bir sualım daha var, müsəlman olan şəxs müsəlmanın telefonlarını, zənglərini hər hansısa saytda qeyd olunduğunu, kimlərə nələr yazdığını, telefon danışıqlarına qulaq asması nə dərcədə doğrudur?? As-salamu aleykum va rahmatullahi va barakatuhu.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Sizə istixarə etməyi tövsiyə edirik. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: “Sizdən biriniz bir işə başlamaq istədikdə fərz namazlarından əlavə iki rükət namaz qılsın və desin: [Allahummə inni əstəxirukə bi ilmikə, və əstəqdirukə bi qudratikə, və əsəlukə min fadlikəl-azım, fəinnəkə təqdiru və lə əqdir, və tələmu və lə aləm, və əntə alləmul ğuyub. Allahummə in kuntə tələmu ənnə həzəl-əmra xayrun li fi dini və məaşi və aqibəti əmri, acilihi və əcilihi – fəqdurhu li və yəssirhu li, summə bərik li fihi. Və in kuntə tələmu ənnə həzəl-əmra şərrun li fi dini və məaşi və aqibəti əmri, acilihi və əcilihi – fasrifhu anni, vəsrifni anhu, vəqdur liyəl-xayra heysu kənə, summə ardıni bihi] “Allahım! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım! Bu işin (işin adını çəkir) mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – zərərli olduğunu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!” Yaradandan uğur diləyən, mömin insanlarla məsləhətləşən və öz işində ehtiyatla davranan kəs peşman olmaz. Bundan əlavə hər hansı işi etməzdən qabaq yaxınlarınızla, ağıllı insanlarla da məsləhətləşin. Çünki hər bir işdə uğur qazanmanın sirri məsləhətləşmədədir. Uca Allah buyurur: “…görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!” (Ali İmran, 159).

607
As-salamu aleykum əxi. 2 doğma qardaş həm də müsəlman olan əgər birinin zövcəsi dul qalarsa onu ala bilərmi?
Və aleykumus-salam. Bəli, şəriətə görə əgər qardaşlardan birinin zövcəsi dul qalarsa o biri qardaş onu ala bilər.

585
Salam aleykum. Mənim artıq 27 yaşım var. Valideynlərimin təkidinə baxmayaraq mən evlənməyi ağlıma belə gətirmirəm. Sanki elə bir dərin yuxudayam ki, elə bilirəm hələ də uşağam. Evlənmək adı gələndə mənə dəhşətli dərəcədə həyacan-qorxu gəlir. Elə bilirəm nişan mərasimində, toy mərasimində mənə nə isə olacaq və mən qonaqlar içində biyabır olacam. Heç cürə özümü toparlaya bilmirəm. Sanki elə bilirəm evlənsəm, ailəmi dolandıra bilməyəcəm, onların problemlərinə şərik ola bilməyəcəm. Bir sözlə özümü çox dəyərsiz hesab edirəm. Ancaq əvvəllər belə deyildim. Cahil dövründə evlənmək istəyirdim. Maddiyyat üzündən evlənə bilmirdim. İman etdikdən sonra evlənmək asanlaşdı, yəni dəb-dəbəli toy filan olmayacağı üçün. Eyni zamanda işim də oldu. Evlənmək üçün maddi çəhətdən problemlər də çözüldü. Lakin yuxarıda qeyd etdiyim səbəblərə görə evlənə bilmirəm. Heç cürə özümü toparlayıb evlənirəm deyə bilmirəm. Sanki sinəmdə ürəyim partlayır. Hətta elə bir əminlik var ki içimdə "mən evlənməyəcəm" deyə qəti şəkildə israrlıyam. Ancaq əslində evlənmək də istəyirəm. Amma bu addımı ata bilmirəm. Mənə nə isə olacaq, biyabır olacam, birdən ölərəm, birdən belə olar, helə olar və sairə. Heç özüm də bilmirəm nədir bu! Deyirlər senə cadu ediblər, nə bilim bərk qorxmusan və s. Ancaq onu da deyim ki dəfələrlə ciddi qorxularım olub. Stres, əsəb, ölüm qorxusu və başıma gələn bir neçə hadisə, qeza və s. Qorxmağına qorxmuşam. Özümü ümumiyyətlə daxilən qorxaq kimi hiss edirəm. Ancaq danışanda elə danışıram ki, öz-özümə deyirəm, yəni bu mənəm?! Ürəyim partlayır, qardaş nə edim, necə edim, bu nə bəladırmı deyim bilmirəm. Evdə də dinimlə bağlı sıxıntılarım yoxdur. Yəni deyən yoxdur, toy elə, musiqi və içki ilə, deyən yoxdur niyə saqqal saxlayırsan və s. Valideynlərim deyir necə istəyirsən elə də evlən, təki evlən. Ancaq bacarmıram. Səbəb yalnız içimdəki qorxudur. Nədən qorxduğumu isə bilmirəm. Allah üçün mənə nəsihət edin, nədir bu halım?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Sizə tövsiyəmiz budur ki, bütün şeytani vəsvəsələrdən uzaqlaşaraq tezliklə evlənəsiniz. Çünki yaşınız artdıqca bu vəsvəsələr arta bilər. Əsas məqsədiniz Allahın və onun rəsulunun əmrlərinə tabe olmaq olmalıdır.Uca Allah buyurur: “Aranızdakı subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah hər şeyi Əhatəedəndir, Biləndir!” (ən-Nur, 32) Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Ey cavanlar! Sizlərdən kim bacarırsa evlənsin.” Hədisi İbn Macə rəvayət etmiş, şeyx Albani də onun səhih olduğunu bildirmişdir. Buxari və Musimin Ənəs ibn Malikdən (Allah ondan razı olsun) nəql etdikləri başqa bir hədisdə isə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “...Mən qadınlarla nikah bağlayıram, kim mənim yolumu tərk edərsə məndən deyildir.”

578
Əssalamu aleykum. Qardaş mənim bir sualım var: Mən tez nişanlanmışam. Qız da öz mehrini istəyib. Bilmək istəyirəm ki mən bu mehri nə vaxt olsa verə bilərəmmi?? Yoxsa mehri verib sonra ailə qurmalıyam. Yəni mehri verib sonra qıza toxunmalıyam? Əxi bunun haqqında izah edərdiz. Allah sizdən razı olsun. Salam aleykum.
Və aleykumus-salam. Siz mehri qızın tələbinə uyğun şəkildə etməlisiniz. Yəni qız sizə necə deyərsə o cür də etməlisiniz. Çünki mehr qızın haqqıdır və onun dediyi kimi də həyata keçirilməlidir. Odur ki, qızla razılığa gəldikdən sonra mehri istədiyiniz şəkildə verə bilərsiniz.

522
Salam Aleykum va Rahmatullah. Əxican xala nəvəsi ilə ailə qurmaq olarmı? Allah razı olsun. Salam Aleykum.
Və aleykumus-sələmu və rahmətullah. Bəli, xala nəvəsi ilə ailə qurmaq olar.

501
Salam Aleykum şeyx. Bağışlayın sizi narahat edirəm. Belə bir sualım var: Mən bir bacıyla ailə qurmaq istəyirəm Allahın izniylə. O artıq neçə ildir ki ayrılmışdır. Təxminən 4 ildir. 14 yaşlı bir oğlu var. Amma məhkəmə ilə bu yaxında boşandı. Atası narazı idi. Ona görə indi ona deyə bilmir yenidən mənimlə ailə qurmaq istədiyini. Onun atasından xəbərsiz icazəsiz özünə vəli seçib mənimlə kəbin kəsdirməyə ixtiyarı varmı? Bu sualıma cavab mənə mütləq lazımdır şeyx. Allah sizdən razı olsun. Salam Aleykum.
Və aleykumus-salam. Xeyir, onun atasından başqa kimi isə özünə vəli tutması və sonra da kəbin kəsdirməsi haramdır. Bu cür kəbin batil sayılır. Çünki qadın öz istəyi ilə istədiyi şəxsi vəli seçə bilməz. Qadın üçün vəli, Allahın və Peyğəmbərinin (səlləllahu aleyhi və səlləm) buyurduğu şəxslər ola bilər. Odur ki, qadın evlənmək istədiyini atasına bildirməli və kəbini də atasının vasitəsi ilə kəsdirməlidir.

500
ən-Nisa 4 və ən-Nisa 24 mənə açiqla zəhmət olmasa orda mehrlərini verin deyir başa düşmürəm orasını.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Uca Allah ən-Nisa surəsinin 4-cü ayəsində buyurur: “Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!” Göründüyü kimi burada söhbət mehrdən gedir. Uca Allah ən-Nisa 24-də buyurur: “Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin.” Burada da söhbət qadınla nikaha girdikdə onun mehrini verməkdən gedir. Uca Allah başqa bir ayədə buyurur: “Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar.” ən-Nisa, 21. Ayədə göstərilir ki, yaxınlıq etmək mehri tam şəkildə verməyi vacib edir. Yuxarıdakı ayələr də bu qəbildəndir. Uca Allah buyurur: “Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin!” ən-Nisa, 4. Başqa bir ayədə buyurur: “Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz.” əl-Bəqərə, 229. Əlqərəz bu ayə bəzilərinin iddia etdiyi kimi müvəqqəti nikah (siğə) haqqında deyil evlilik barəsindədir. Əgər desələr ki, ayədəki “ucur” sözü müvəqqəti nikahdan söhbət getdiyini deməyə əsas verir. Belə ki əcr deyildikdə mehr qəsd olunmur. Onlara cavab olaraq bildiririk ki, Quranda əcr sözü mehr mənasında işlənmişdir. Çünki mehr kişinin öz xanımı ilə yaxınlıq etməsinin müqabilində verilir. Necə ki, Uca Allah buyurur: “Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar.” ən-Nisa, 21. Buradakı əcr sözü müxtəlif mənfəətlərin müqabilində verilən haqlara bənzədiyi üçün belə adlanmışdır. Əcr kəlməsinin mehr mənasında işləndiyi ayə isə belədir. Uca Allah buyurur: “Bu kənizlər namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini şəriətə müvafiq qaydada verin.” ən-Nisa, 25. Başqa bir ayədə Uca Allah buyurur: “İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır.” əl-Maidə, 5. Beləliklə də aydın olur ki yuxarıdakı ayədə müvəqqəti nikah deyil evlənmək nəzərdə tutulur. Birdən desələr ki; İbn Abbas, Ubey ibn Kab, Səid ibn Cubeyr və əs-Suddi bu ayəni belə oxuyurdular: “Evləndiyiniz qadınlardan müəyyən vaxtadək zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin.” ən-Nisa, 24. Deməli ayədə söhbət müvəqqəti nikahdan gedir. Buna üç cür cavab vermək olar: Birinci: “müəyyən vaxtadək” sözünün Quranda olması sabit deyildir. Çünki səhabələr icma edərək bunu Osmanın nəşr etdiyi Quran nüsxələrinə yazmamışlar. Əksər Üsul alimlərinə görə də, hər hansı bir səhabənin Quran kimi oxuduğunun həqiqətən də Quran olduğu sübut olunmazsa onu nəyəsə dəlil gətirmək olmaz. Çünki həmin əlavə əslən batil hesab olunur. İkinci: Əgər biz həmin qiraətin doğruluğunu təsdiq edərək onun Əhəd rəvayət və ya təfsir olduğunu desək belə həmin qiraət özündən daha qüvvətli olan qiraətə müxalifdir və əksər alimlərin rəyi belə deyildir. Belə ki müvəqqəti nikahın haram olmasını açıqlayan saysız-hesabsız səhih dəlillər mövcuddur. Muslimin “Səhih” əsərində Səbra ibn Məbəd əl-Cuhənidən (radiyallahu anhu) rəvayət olunan hədisdə deyilir ki, Məkkənin fəthi günü o, peyğəmbərlə (səlləllahu aleyhi və səlləm) birlikdə döyüşdə ikən o buyurdu: “Ey insanlar, vaxtilə mən sizlərə qadınlarla müvəqqəti nikah bağlamağa icazə vermişdim. Artıq Uca Allah bu əməli Qiyamət gününədək haram buyurmuşdur. Qadınlarla müvəqqəti nikahda olanlar həmin qadınları buraxsınlar. Onlara verdiklərinizi isə geri almayın.” Muslimin “Səhih” əsərində varid olan digər bir rəvayətdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Vida həcci zamanı bunu demişdir. Bu iki rəvayət arasında heç bir ziddiyyət yoxdur, belə ki, Üsul və hədis elmlərinin qaydalarına əsasən bu iki rəvayəti cəm etmək mümkündür. Yəni ola bilsin ki, peyğəmbər (səlləllahu aleyhi və səlləm) bu sözləri həm Məkkənin fəthi günü, həm də Vida həcci zamanı demiş olsun. Üçüncü: Fərz edək ki, həqiqətən də ayə müvəqqəti nikahın halal olmasına dəlildir. Lakin həmin dəlil səhihliyinə ittifaq olunmuş dəlillər vasitəsilə iki kərə nəsx edilərək hökmü salınmışdır. Birinci dəfə səhih hədisdə deyildiyi kimi Xeybər günü, ikinci dəfə isə yenə səhih hədisdə deyildiyi kimi Məkkənin Fəthi günü. Bəzi alimlər demişlər: “Müvəqqəti nikah yalnız bir dəfə Məkkənin Fəthi günü haram edilmişdir. Xeybər günü yalnız ev eşşəklərinin əti haram buyurulmişdur. Sadəcə hədisin ravilərindən bəziləri burdakı zərfin müvəqqəti nikaha da şamil olunduğunu zənn etmişlər. İbn əl-Qeyyim də bu rəyə üstünlük vermişdir. Lakin buna baxmayaraq Xeybər günü müvəqqəti nikahın haram buyurulması barədə səhih hədislər varid olmuşdur. Odur ki, daha məqsədəuyğun rəy bir çox alimlərin dedikləri kimi onun iki dəfə haram buyurulmasıdır. Daha doğrusunu Allah bilir. Dördüncü: Uca Allah Qurani Kərimdə möminləri vəsf edərək onların zövcələri və cariyələri istisna olmaqla öz övrət yerlərini qoruduqlarını bildirir. Uca Allah buyurur: “O kəslər ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar.” əl-Muminun, 5-6. Bundan savayı başqa bir şey istəyənləri isə O, həddi aşanlar adlandırır. Uca Allah buyurur: “Bundan artığına can atanlar isə həddi aşanlardır.” əl-Muminun, 7. Məlum məsələdir ki, müvəqqəti nikaha girən qadın nə zövcə deyil, nə də ki cariyə. Deməli Quranın göstərdiyi kimi bu əməli edən kəs həddini aşmış hesab olunur. Həmin qadının kəniz olmaması aydın məsələdir. Onun zövcə olmamasına dəlil isə onun müvəqqəti nikaha girdiyi kişinin mirasından pay almaması, onun gözləmə müddətinin olmaması, onun boşanmaması və kişinin ona malından xərcləməklə qayğısına qalmamasıdır. Çünki qadın həmin kişinin zövcəsi olsaydı, o zaman onun mirasından paya malik olar, gözləmə müddətində olardı, boşanardı və kişi öz malından xərcləyərək onun qayğısına qalardı. Uca Allahın: “O kəslər ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. Bundan artığına can atanlar isə həddi aşanlardır.” ayəsi isə nəsx olunmuş müvəqqəti nikahın haram olmasını bir daha sübut edir. Deməli aydın olur ki, barəsində söhbət açdığımız ayə müvəqqəti nikah barəsində deyil, əsl evlilik barəsindədir. Çünki burada söhbət kimlərlə nikaha girməyin haram olmasından bəhs edir: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda onların qızları ilə evlənməyiniz sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.” ən-Nisa, 23. Sonra da Uca Allah bəyan edir ki, sadalananlardan savayı hər kəslə nikah bağlamaq girmək olar. Uca Allah buyurur: “Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən evlənməyiniz sizə halal edildi.” ən-Nisa, 24. Bütün bunları qeyd etdikdən sonra Uca Allah buyurur ki, bunlardan kiminləsə nikah bağlasanız onların mehrlərini verin. Uca Allah buyurur: “Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər.” ən-Nisa, 25. Burada azada qadınlara verilən cəzanın nədən ibarət olduğu açıqlanmasa da digər bir ayədıə bu bəyan olunur. Uca Allah buyurur: “Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun.” ən-Nur, 2. Beləliklə də bəlli olur ki, kənizlər zina etdikdə onlara əlli çubuq vurulmalıdır. Kölələr də eyni hökmədirlər.

498
Salam aleykum va rahmatullahi va barakatuhu. Evlənmək niyyəti ilə bir qıza yaxınlaşmaq və izdivac təklif etmək olarmı ya bu necə qaydada olmalıdır? İlk tanımaq necə olar bir qızı inşəAllah bu sualı vermək istərdim? Cəzakallahu xayran. Salam aleykum va rahmatullahi va barakatuhu.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Evlənmək niyyəti ilə bir qıza yaxınlaşmaq və ona evlənmək təklifi etmək olmaz. Çünki həmin qız kiminsə həyat yoldaşı və ya nişanlısı ola bilər. Bu da böyük fitnəyə səbəb olar. Həmçinin şəriətdə bu cür üslub da gəlməmişdir. Evlənmək fikrinə düşən oğlan əvvəlcə hər hansı bir qızı görüb onun zahiri gözəlliyini bəyənir, sonra onun haqqında həmin qızı tanıyan tanışlarından soruşur. Yəni, onun evli və ya nişanlı olub olmadığını, yaxud dul və ya bakirə olduğunu və sair onu maraqlandıran bütün məlumatları öyrənir. Sonra xoşuna gəlsə qızın atasına elçi göndərir. Razılıq cavabı aldıqdan sonra isə nişan edir, sonra da kəbin kəsdirib həmin qızla ailə qurur.

492

As-salamu aleykum va rahmatullahi va barakatuhu. Əgər ata cahildirsə və möminlə ailə qurmağıma qarşıdırsa halallıq vermirsə onun evəzinə mömin qardaşımın razılığı ilə ailə qura bilərəmmi?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Kəbin kəsiləndə qızın atasının razılığı mütləqdir. Yəni atanın razılığı olmadan qızı başqasına ərə vermək olmaz. Odur ki, hər bir yolla atanın razılığını almaq lazımdır. Əgər ata qızını yalnız qeyri müsəlmana ərə verəcəyini bildirmişsə və bu fikrində israrlıdırsa onda bu halda qızın qardaşı həmin qızın vəlisi ola bilər.


490

Salam aleykum əxi. Kəbin kəsiləndə mütləqdir ki, atanın rizası olsun? Ata öz rizasını oğluna həvalə etsə olarmı? Yəni ki oğul atasının yerinə kəbin üçün öz halallığını verə bilərmi? Allah (s.t) əxi sizi və bütün mömin bacı və qardaşlarımızı xeyirlə mükafatlandırsın. Amin.

 

Və aleykumus-salam.

Kəbin kəsiləndə qızın atasının razılığı mütləqdir. Yəni atanın razılığı olmadan qızı başqasına ərə vermək olmaz. Ata razılığını verdikdən sonra müəyyən səbəblər üzündən kəbin mərasimində iştirak edə bilməyəcəyi təqdirdə öz yerinə qızının vəlisi olaraq öz oğlunu təyin edə bilər.


420
Salam aleykum. Mən təzə nişanlanmışam, amma toyu gələn il edəcəyəm. İndidən nikah bağlamaq olarmı?
Va aleykumas salam va rahmatullah. Bəli indidən nikah bağlaya bilərsiniz.

376
Əs-sələmu aleykum. Nişanlı olan vaxtı nikah bağlamaq olarmı? Olarsa nə dərəcədə düzgündür?
Və aleykumus-salam. Sualınızı ya düzgün çatdıra bilməmisiniz, ya da biz düzgün başa düşmədik. Əgər siz kiməsə nişanlanmısınızsa deməli onunla əvvəl-axır evlənəcəksiniz. Bu evliliyin də tam olaraq həyata keçirilməsi üçün yalnız nikah, yəni kəbin kəsdirmək qalmışdır. Odur ki, bu sualı verməyin mənası yoxdur.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”