Ana səhifə
 / Sual-cavab / Ümumi


814

Assalamu aleykum.

1) Səhər və axşam zikrlərini etməyin savabı və faydası barədə xahiş edirəm məlumat verəsiniz.

2) Fotoaparatla şəkil çəkmək haramdırmı? Bəziləri bunun halal, digərləri isə haram olduğunu söyləyirlər. Əgər biz uşağın şəklini çəksək günahmı olar?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

1. Bu zikrləri etməyin ən birinci faydası möminin bununla rahatlıq tapmasıdır. Uca Allah buyurur: “ Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (ər-Rəd, 28) Bundan əlavə  Peyğəmbər (səlləllahu aleyhi və səlləm)  demişdir: “Mənim üçün sübh namazından gün çıxana qədər Allahı zikr edən camaatla oturmaq İsmail övladından dörd qulu azad etməkdən daha sevimlidir. (Həmçinin) əsr namazından günbatana qədər Allahı zikr edən camaatla oturmaq mənim üçün dörd qul azad etməkdən daha sevimlidir”. (Əbu Davud, 3667. Bu hədisi əl-Albani «həsən» hesab etmişdir. “Səhih Əbu Davud”, 2/69) Həmçinin bu zikrlərin ayrılıqda fəzilətləri barədə bir sıra dəlillər varid olmuşdur.

2.  Fotoaparatla şəkil çəkmək barəsində müasir alimlər ixtilaf etmişlər. Bəzi alimlər bunu əllə çəkilən şəkillə eyni tutaraq haram saymış, digər alimlər isə onu əllə çəkilən şəkilə aid etmədiklərindən caiz görmüşlər. Daha doğrusunu isə Allah bilir. Lakin zərurət yoxdursa bundan çəkinməniz tövsiyə olunur.


813

Assalamu aleykum va rahmatullahi va barakatuh.

1) Allahın zatı sifəti nədir, aydın başa salın.

 2) Peyğəmbərin adını çəkdikdə salavat demək vacibdirmi?

3) Fərzlə vacibin fərqi nədir?

4) Hər şey Allahın izni ilə olur. Bəs günah edən necə? Yəni burada Allah seçim verir, Amma günahdan razı deyil, doğrudurmu?

5) Səhabələrin sayı dəqiq nə qədər olub?

6) Raşidi xəlifə nə deməkdir? Raşidi sözünün mənası nədir? Allah sizdən razı olsun. Assalamu aleykum va rahmatullahi va barakatuh.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

1. Allahın zatı sifətləri deyildikdə Onun zatı ilə bilavasitə bağlı olan, əzəldən, hər zaman vəsf olunduğu sifətlər nəzərdə tutulur. Misal üçün Həyat, Elm, Qüdrət, İzzət, Hikmət, Əzəmət kimi sifətlər buna aiddir. Yəni Allah hər zaman Diridir, Elmlidir, Qadirdir, İzzətlidir, Hikmətlidir və Əzəmətlidir. Bəzən bu sifətlərə Xəbəri sifətlər də deyilir. Feli sifətlər isə belə deyildir və Allahın iradəsinə bağlıdır. Misal üçün Ərşə İstiva etmək sifəti kimi. Yəni Uca Allah əzəldən deyil, Ərşi yaratdıqdan sonra onun üzərinə istiva etmişdir.

2. Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) adı çəkildikdə salavat demək bəzi alimlərə görə vacib, digərlərinə görə isə müstəhəbdir. Lakin hər bir halda gərək müsəlman Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) adı zikr edildikdə salavat desin. Çünki bu ilk növbədə uca Allahın əmridir. O buyurur: “Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın.” (əl-Əhzab, 56) Həmçinin Hüseyn ibn Əli ibn Əbu Talibdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm)   demişdir: “Paxıl o kəsdir ki, yanında adım çəkildikdə mənə salavat deməsin.” Hədisi Tirmizi, Nəsai, İbn Hibban və Hakim rəvayət etmiş, Şeyx Muhəmməd Nasir əd-Din Albani də onun səhih olduğunu bildirmişdir. 

3. Əksər alimlərə görə fərzlə vacib arasında heç bir fərq yoxdur və bu iki termin sinonim hesab olunur. Bəzi alimlər, o cümlədən İmam Əbu Hənifə Fərzlə vacibi fərqləndirərək, qəti dəlillə sabit olan əmri fərz, zənni dəlillə buyurulan əmrləri isə vacib adlandırmışdır.

4. Bəli yer üzərində baş verən hər bir şey Allahın izni ilə olur. Uca Allah buyurur: “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (əl-Ənam, 59). Lakin insan günahı öz ixtiyarı və istəyi ilə edir. Günahlardan isə Allah razı olmur. O, buyurur: “Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar.” (əz-Zumər, 7).

5. Səhabələrin dəqiq sayı bizlərə məlum deyildir. Bəzi alimlər onların sayının yüz mindən çox, bəziləri yüz on dörd min, digərləri isə bundan az və ya çox olduğunu bildirmişlər.

6. Raşidi xəlifələr deyildikdə Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yolunu davam etdirən, onun sünnəsinə tabe olan xəlifələr nəzərdə tutulur. Səfinədən (radiyallahu anhu) ravayət olunan hədisdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Məndən sonra xilafət otuz il olacaqdır.” Hədisi Tirmizi, Əhməd, Hakim və İbn Hibban rəvayət etmiş və Şeyx Albani onun səhih olduğunu bildirmişdir.


810

Assalamu aleykum.

1. Muhəmməd (səlləllahu aleyhi və səlləm)in Mariya adında zövcəsi olubmu?

2. Muhəmməd (səlləllahu aleyhi və səlləm)in bütün övladları Xədicədəndir (radiyallahu anha) yoxsa başqa zövcəsindən də övladı olub?

3. Kəusər surəsində Muhəmməd (səlləllahu aleyhi və səlləm)in nəslindən danışılırmı?  Mümkünsə bu surənin qısa da olsa təfsirini qeyd edin. Allah yardımçınız olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh

1. Xeyr  Muhəmməd (səlləllahu aleyhi və səlləm)in Mariya adında zövcəsi olmamışdır. Lakin Mariya onun cariyəsi olmuş, ondan İbrahim adlı uşağı olmuşdur.

2. Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) İbrahimdan savayı bütün övladları Xədicədən olmuşdur. Yalnız İbrahimi onun cariyəsi Mariya dünyaya gətirmişdir. Yəni  Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) Xədicədən başqa digər zövcələrindən övladı olmamışdır.

3. Uca Allah əl-Kəusər surəsində buyurur: 1. Həqiqətən, Biz Kovsəri sənə bağışladıq.” Kəusər Cənnətdə olan bulağın və ya çayın adıdır. “2. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!” İbn Abbas, Əta, Mücahid, İkrimə və Həsən belə demişlər: "Burada dəvə və bu kimi heyvanların qurban kəsilməsi nəzərdə tutulur.” “3. Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur.” Bu ayənin kimin barəsində nazil olması barədə müxtəlif rəylər  vardır. Bəziləri onun Utbə ibn Əbu Muit, bəziləri Kəb ibn Əşrəf, digərləri isə As ibn Vail və başqaları barədə nazil olunduğunu demişlər. Onlar Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) oğulları öldükdə elə zənn etmişdilər ki, onun soyu kəsildi. Halbuki əsla belə deyil! Əksinə Allah təala onun nəslini diriliş və məhşər gününə kimi həmişəyaşar etmiş, ona bu sözləri deyənləri isə məhv edərək onların nəsillərini kəsmişdir.


807

Assalamu aleykum va rahmətullahi va barakatuhu. Qardaş əvvəla Allahdan sizi ve digər elmli qardaşlarımızı qorumasını diləyirəm. Qardaş profilə şəkil qoymaq məsələsinə İslam necə baxır? Əksər qardaşların profillərində şəkillərini qoyduqlarını görürük və şəkillərlə bağlı hədislər də var, xahiş edirəm qardaş bu məsələyə ətraflı cavab bildirəsiniz. Allah razı olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Fotoaparatla şəkil çəkmək barəsində müasir alimlər ixtilaf etmişlər. Bəzi alimlər bunu əllə çəkilən şəkillə eyni tutaraq haram saymış, digər alimlər isə onu əllə çəkilən şəkilə aid etmədiklərindən caiz görmüşlər. Lakin zərurət olmadan şəkil çəkdirməkdən və ya profilə şəkil qoymaqdan çəkinmək lazımdır.


800

Əs-salamu aleykum və rəhmətullahi və bərəkətuh. Suallarım:

1) Qadınların camaat namazının necə qılması ilə əlaqəlidir, zəhmət olmasa geniş şəkildə məlumat verərdiniz. Yəni necə niyyət edilir, ancaq fərzlərmi qılınmalıdır, hansı namazda sözləri imam deməli camaat susmalıdı, hansında imamla bə­rabər camaat deməlidi, qiraətdə susmalıyıqmı, imam təkbirləri, təsmiləri deyərkən camaat da deməlidirmi ya səssiz deməlidi, təsmidən sonra Rabbənə və ləkəl həmd imam yoxsa camaat və necə yəni, səsli yoxsa səssiz deməlidimi? Çox xahiş edirəm tam dəqiqliklə geniş şəkildə yazardınız.

2) Səsli səssiz dedikdə yəni səslidə pıçıltı ilə, səssizdə sadəcə dodaqları tərpətməkmi deməkdi bu təkbaşına namaz qılanadamı aiddir?

3) Əsr və işa namazının sünnətləri varmı və nə qədərdir?

4) Təhəccüd namazının niyyəti necədir və məsələn: 4-6 rükət qılmaq istədikdə 2 rükətdən bir salam verib yenidənmi niyyətsiz təkbirlə subhanəkə duası ilə başlanmalıdır?

5) Namaz vaxtları bir birinə bitişikdirmi, məsələn: axşam namazını işa namazının vaxtı girənə kimi qılmaq olarmı və işa namazını sübh namazının vaxtına kimi qılmaq olarmı, yəni unutduqda, yatıb qaldıqda, yolda olan evə gəlib çıxan kimi və s.

6) Kərahət vaxtlarında məcburiyyət halında fərz və qəza namazı qılmaq olarmı?

7) Namazlarda 2 səcdə arasında təşəhüddə kişilər kimi oturmaqda çətinlik çəkirəm buna görə namaz pozularmı və ən azından necə oturmaq olar?

8) Çox üzr istəyirəm bu sualıma görə dəstəmazı batil edən şeylərdən məsələn: yel çıxdıqda yuyunub sonramı dəstəmaz alınmalıdı, yoxsa yuyunmadan dəstəmaz almaq olarmı?

9) Sağlığımla əlaqədar namazı sıxışıq qılmayım deyə zöhr və əsri bir birinə yaxın qılıram, işa namazını da gec qılıram. Bu günahdırmı?

10) Məni və məzini tam dəqiq necə ayırd etmək olar?

11) Corab üzərinə məst necə çəkilməlidir və məst çəkərkəndəmi hər iki ayağı sol əllə etməliyikmi yoxsa sağ əllə sağ ayağa sol əllə sol ayağa məst çəkilməlidir?

12) Kalqotka geyindikdə tam çıxarmamaqla təharətdən yuyunarkən, məstin hökmü pozulurmu? çox sag olun Allah razı olsun Allah elminizə bərəkət versin. Allah rizası üçün cavablandırardız. Bəzi suallarıma görə bir daha üzr istəyirəm.  Əs-salamu aleykum.

Va aleykumussəlam,

1) Niyyətin yeri qəlbdir. Yəni qəlbinizdən camaat namazı qılmağı keçirməyiniz kifayətdir. Dildə bunu deməyə lüzum yoxdur. Və yalnız fərz namazı camaat şəklində qılınır. O ki qaldı, namazdakı sözlərin deyilməsinə, səssiz namazlarda (zöhr və əsr namazlarında habelə, məğribin və işanın üçüncü və dördüncü rükətlərində) qiyamda oxunan əl-Fatihə surəsini imamın arxasında duranlara da oxumaq vacibdir. Bunsuz namaz batil sayılır. Səsli namazların əl-Fatihə surəsi səslə oxunan rükətlərində isə imamdan sonra əl-Fatihəni oxuyub-oxumamaq barəsində müxtəlif rəylər olduğundan, bu hər kəsin dəlillərə görə seçiminə qayıdır. İmam təkbirləri (Allahu Əkbər) və təsmiləri (Səmi Allahu limən həmidəh) deyərkən isə camaat bunu səssiz deməlidir. Təsmidən sonra həm imam, həm də camaat “Rabbənə və ləkəl həmd”i səssiz deməlidir.

2) Səssiz dedikdə pıçıltı ilə deməklə dodaqları tərpətmək nəzərdə tutulur. Tamamilə səssiz – yəni ürəkdə demək namazı batil edir. Bu isə həm imama, həm camaata, həm də təkbaşına namaz qılana da aiddir.

3) Əsr namazından əvvəl dörd rükət (2+2) və işa namazından sonra iki rükət sünnət namazı var. Lakin qeyd etmək lazımdır ki, əsrdən əvvəl qılınan namaz davamlı qılınan 12 rükət (ratibə) sünnə namazlarına aid deyil, işadan sonra qılanan namaz isə buna aiddir. Ümumiyyətlə gündəlik ratibə namazları belə qılınır: Sübhdən əvvəl 2 rükət, zöhrdən əvvəl 4 (2+2) rükət və zöhrdən sonra 2 rükət, məğribdən sonra 2 rükət və bir də işadan sonra 2 rükət. 

4) Təhəccüd namazının yalnız əvvəlində niyyət etmək kifayətdir. Və hər iki rükətdən bir salam vermək, axırda da bir rükət qılmaq, və bunların sayını on birə çatdırmaq sünnədir. Hər dəfə başlanğıc duasını oxumaq vacib deyil, bir dəfə lap əvvəldə oxumaq yetərlidir. Xüsusilə qeyd edək ki, Peyğəmbər səllallahu aleyhi və səlləm gecə namazında “Subhanəkəllahummə və bihəmdik” yox, aşağıdakı  “istiftah” duasını oxuyardı. Aişə radıyallahu anhə demişdir: “Rəsulullah səllallahu aleyhi və səlləm gecə namazına bu dua ilə başlayardı:

 

اللَّهُمَّ رَبَّ جِبْرَائِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ اهْدِنِى لِمَا اخْتُلِفَ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِكَ إِنَّكَ تَهْدِى مَنْ تَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ

 

“Allahummə Rabbə Cibrailə və Mikailə və İsrafil, fatirəs-səmavati vəl-ərd, aliməl-ğeybi vəş-şəhadə, əntə təhkumu beynə ibadikə fimə kənu fihi yəxtəlifun, ihdini liməxtulifə fihi minəl-həqqi bi iznik, innəkə təhdi mən təşau ilə siratin mustəqim”

Tərcüməsi: Allahım, Ey Cəbarilin, Mikailin və İsrafilin Rəbbi. Yerləri və göyü yaradan, qeybdə və aşkarda olanı Bilən Rəbbim! Sən Öz qullarının ixtilafa düşdükləri işlərdə onların arasında kökm verirsən. İxtilaflı işlərdə Öz izninlə məni haqqa yönəlt. Həqiqətən də, Sən istədiyini doğru yola yönəldirsən.

5) Namaz vaxtlarının bəzisi bir-birinə bitişik, digərləri isə belə deyil.

Sübh namazının vaxtı dan yeri söküləndən gün çıxanadək davam edir, gün çıxandan sonra onu qılmağın heç bir faydası yoxdur. Yalnız yatıb qaldıqda və ya unutduqda, yadınıza düşən kimi buraxdığınız namazı qılmalısınız. Zöhrün vaxtı isə günəş (bir qaytan qədər) zeniti keçdikdən sonra ta əşyanın kölgəsi öz misli qədər oluncayadək davam edir. Əsrin vaxtı isə əşyanın kölgəsi öz misli qədər olan vaxtdan  ta əşyanın kölgəsi iki misli qədər oluncayadək davam edir. Bundan da aydın olur ki, zöhrün vaxtı əsr namazına kimi davam edir. Əsr namazını yalnız zəruri halda günbatanadək, hətta günün batmağına bir rükət qılınacaq vaxt qalanadək gecikdirmək caizdir. Məğrib namazının vaxtı isə gün batanda başlayır və günəşin şəfəqi itdikdə bitir. İşanın vaxtı isə günəşin şəfəqi itdiyi andan ta gecə yarısınadək davam edir. İşa namazını yalnız zəruri halda dan yeri sökülənədək gecikdirmək caizdir.

6) Kərahət vaxtlarında, ununtduğun fərz namazını və s. səbəbi olan namazları qılmaq olar.

7) Namazlarda 2 səcdə arasında təşəhüddə kişilər kimi oturmaq sünnədir. Belə otura bilmirsinizsə, bacardığınız kimi oturun. Buna görə namazınıza xələl gəlməz.

8) Adamdan yel çıxdığı zaman onun ayaqyolunda yuyunmağına lüzüm yoxdur. Birbaşa dəstəmaz almaq kifayətdir.

9) Namazları əvvəl vaxtında qılmaqda xeyir-bərəkət vardır. Lakin müstəsna hallarda siz dediyiniz kimi, vaxtında qılmaq şərtilə bir-birinə yaxın qılmaq, habelə, işa namazını da gecənin yarısından o yana keçirməmək şərtilə gec qılmaq caizdir.

10) Qadınlara aid bu sualın cavabını bilmirəm.

11) Corab üzərinə hər ikisinə bərabər məst çəkmək də olar, bir-bir əvvəlcə sağ ayağa, sonra da sol ayağa məst çəkmək də olar. Bu iki növdən biri ilə məst çəkərkən sağ əllə sağ ayağa, sol əllə də sol ayağa məst çəkməyiniz məqsədə daha uyğundur.

12) Kalqotka geyindikdə onu tam çıxarmamaqla təharətdən yuyunarkən, topuqdan aşağı düşmürsə məstin hökmü pozulmur.


798

Əs-salamu aleykum və rəhmətullahi və bərəkətuh. Qardaş saqqal saxlamaq sünnətdir ya vacib? Dörd barmaqdan qısa və ya dörd barmaqdan uzun saqqal saxlamaq bidət sayılırmı?

Va aleykumussəlam.

1. Saqqal saxlamaq vacibdir. Bu xüsusda  Peyğəmbər səlallahu aleyhi və səlləm demişdir: “Müşriklərə müxalif olun – saqqal buraxın və bığları qısaldın” (Səhih əl-Buxari, 5892). Heç bir səbəb olamadan dörd barmaqdan az qısaltmaq haramdır. Belə ki, bu işdə  Peyğəmbər səlallahu aleyhi və səlləmin əmrinə müxalif olmaq olmaz. Bu xüsusda Uca Allah buyurur: “ Qoy  Peyğəmbərin əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar” (ən-Nur, 63). Dörd barmaqdan çox saxlamaq isə iki rəydən biridir və buna əməl etmək caizdir.


790

Əs-salamu aleykum şeyx. Mədinə Universitetində təhsil almaq üçün hara müracət eləmək lazımdır, ətraflı məlumat üçün. Birdə orda başqa məzhəblərin əqidəsi üzrə təhsil almaq olarmı? Və təhsil neçə illikdir?

Va aleykumussəlam. Mədinə Universitetində təhsil almaq üçün həmin universitetin saytına müraciət edin. O ki qaldı, məzhəblərin tədrisinə, bəli,  Mədinə Universitetində digər məzhəbləri də öyrədirlər. Təhsilin müddəti isə 2 il hazırlıq + 4 il əsas kursdur.


789

Əs-salamu aleykum va rahmatullahi va barakatuhu, qardaş. Allah elmimizi artırsın. Mən belə bir şey xatırlayıram və dəqiqləşdirmək istəyirəm inşaAllah. Sünnə alimlərindən kiminsə belə bir sözü varmı? "Namaz qılmayan kafir olmaz, amma kafirlər na­maz qılmaz"?

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Belə bir sözün deyilib-deyilmədiyini bilmirik?


786

 

Əssalamu aleykum əxi. Mənim çoxlu suallarım var, zəhmət olmasa cavablandırarsız.

1. Mənim qardaşım tibb universitetində oxuyur və orada saqqallı olmağa və qısa şalvar geyinməyə icazə vermirlər. İndi bilmək istərdim ki, qardaşımın oxumasında günah yoxdur ki?

2. Əxi mənim 15 yasım var və əmimin oğlanları gələndə məni öpürlər və qucaqlayırlar. Onların 28-30 yaşları var. İndi buna görə mənə günah yazılırmı?

3. Bir də əxi mənim əsas sualım belədir. Atamla anam dalaşmışdılar. Düzdür indi barışıblar, ancaq ki atam anama böhtan atmışdı. Yəni anamın demədiyi bir sözü dediyini demişdi. Mən də onların danışıqlarına şahid olmuşdum. Anam elə bir söz deməmişdi. Atamla anam dalaşanda mən də araya girdim və anamın elə söz demədiyini dedim və ağladım. Atamla indi küsülüyük. İndi mən nə etməliyəm? Cazakallahu xayran. Allah təala sizi Cənnətlə mükafatlandırar inşaAllah. Salam aleykum va rahmatullah.

 

Və aleykumus-salam.

1. Qardaşınızın tibb universitetində oxumasında heç bir günah yoxdur. Günah onun şəriətə müxalif etdiyi əməllərə görədir. Məsələn dediyinizə görə şalvarını topuqdan aşağı geyinməsində və sairə.

2. Bəli, əminizin oğlanlarının sizi öpmələrinə görə sizə günah yazılır. Çünki əminiz oğlanları sizə naməhrəmdir. Odur ki, bunu onlara bildirməli və bir daha belə günaha yol verməməlisiniz.

3. Sizə atanızla barışmanızı nəsihət edirik. Belə olduğu halda siz böyük bir savaba nail olacaqsınız.


783

Əssalamu aleykum, qardaş. Niyə bəzən "La ilahə illallah", bəzən isə "Lə iləhə illallah" deyirlər? Və hansı düzdür? Əvvəlcədən təşəkkür edirəm.

Və aleykumus-salam. Bu söz ərəb dilində olduğu üçün hər kəs onun transkripsiyasını (yəni, ərəb sözünü latın hərifləri ilə yazılmasını) bir cür yazır. Əslində isə bu sözün deyiliş, yəni səsləndirmə forması birdir.


778

Salamun aleykum əxi. Qamət Süleymanov öz forumunda deyir ki siz “restoranlarda ət yeməyin” demisiz. Sonra demisiz ki, 20 ildən çoxdur dəvət gedir, artıq hüccət çatıb. Bu düzdurmü? Axı bunu xavariclər deyir, daha doğrusu elm tələbələrinin çoxsu həmişə bu cür deyir, yəni xavariclərin fitnələrindəndir bu. İnşaAllah aydınlıq gətirərdiniz. Bir də forumda cavab yazmışdı ki siz Mustafa İslamoğlunun əqidəsinin super olduğunu demisiz, deyir ki şahidlər də var. Samin qardaş da şahiddi, zəng etmişdi sizə. İnşəAllah sualı foruma buraxmaq istəməsəz email ünvanına cavab yazardız. Allah razı olsun.

 

Və aleykumus-sələm.

Allah ona da, onun bu sözünü eşidib ağlına gələnləri yayanlara da hidayət versin. Onlar ancaq bizim savabımızı artırırlar. Sizə də məsləhətimiz budur ki, Peyğəm­bərin (səllallahu aleyhi və səlləm) bu hədisini qulağınızda sırqa edəsiz: “Dedi-qodu ya­yan Cən­nətə girməz!”


775

Salam aleykum şeyx. Sizi Allah rizası üçün sevirəm. Sualım budur ki, Buruc surəsinin ilk ayəsində Allah subhanəhu və təalə “bürclü göyə” and içir. Bürc yəni nə deməkdir. Mən anlamıram. Əxi zəhmət olmasa bu haqda cavab verin, çünki çoxu elə bilir ki tərəzi, oğlaq və bu kimi burclərdir. Amma əslində bilmək istəyirəm orada hansı bürclərdən söhbət gedir.

 

Və aleykumus-sələm.

Mücahid bu ayədə keçən bürclərin ulduzlar olduğunu təfsir etmişdir. (Təfsir ət-Təbəri).


774

As-salamu aleykum va rahmatullahi va barakatuhu! Əxican, Allah üçün Əbu-bakr mescidi.com/forum yazılan Samin qardaşın dediyinə görə onun yanında sizə zəng edilməsi və Mustafa İslamoglu barəsində soruşulması haqqında olan yazı ilə bağlı açıqlama gətirərdiz. Bu söhbət nə vaxt olub? Artıq camaat çaş-baş qalıb. Bilmir kimə inansın, bilmir kimdən elm götürsün. Həqiqətən də çox çətindir, adam Allah üçün sevdiyin (təqvasına, əxlaqına, səmimiliyinə və s.) görə, daima qəlbində ona qarşı sevgisi itməyən birisinə (elm əhlinə) qarşı orda yazılanları oxuyanda çox pis olur. Görəsən bu söhbətin sonu bu dünyada qurtaracaq və hər şey bəlli olacaq yoxsa Qiyamətə qalacaq, hər halda düzünü Allah bilir. Allah tezliklə həqiqəti ortaya çıxartsın inşəAllah! Kimin kim olduğunu göstərsin hər kəsə insəAllah. Allah bizi adda yox, əməldə ixlaslı olan qullarından etsin! Amin! As-salamu aleykum va rahmatullahi va barakatuhu!

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Əvvəla məsləhət görürəm ki, heç vaxt ad çəkməyəsiniz, yoxsa, ad çəkən nanəciblər kimi, getdikcə gözdən düşəcəksiniz. İkincisi isə, onlar yalnız bizim savabımızı artırırlar. Siz isə yaxşı olar ki, www.burhan.az saytındakı haqq-say itirənlər adlı dərsimizə qulaq asasınız. Gec və ya tez kimin kim olduğu inşaAllah hamıya bəlli olacaq.


772

Assalamu aleykum va rahmatullahi va barakatuh. Saualım belədir. Ruzinin artması üçün dua varmı? Varsa necədir? Allah sizlərdən razı olsun!

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Dua belədir: “Var-zuqna və əntə xayrur-raziqin (Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!” Bundan əlavə www.burhan.az saytında “Ruzi qazanmağın 17 yolu” adlı video dərsə qulaq asın.


769

Assalamu aleykum va rahmatullah. Sizə sualım belədir:

1. Elm öyrənmək istəyirəm. Amma haradan, necə, nə cür başlayacağımı bilmirəm. Mənə bu barədə yol göstərin.

2. Quran ayələrini öyrənmək üçün transkripsiyasını dəftərə yazmaq olarmı? Unutduqda tez-tez xatırlamaq üçün bunu dəftərdə saxlaya bilərəmmi?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

1. Əvvəlcə Quran oxumağı öyrənin. Sonra əqidəni və ərəb dilini. Soraqlayın elm məclisi barədə eşitdikdə çalışın iştirak edəsiniz.

2. Öyrənmək üçün belə edə bilərsiniz. Lakin çalışın ərəbcə oxumağı öyrənəsiniz ki, hifz etdiyiniz ayələrin tələffüzündə hər hansı bir səhvə yol vermədiyinizdən əmin olasınız.


763

Salam Aleykum. Qardaş biri mənə sual verdi ki, Rəsulullaha (səllallahu aleyhi və səlləm) 40 yaşında peyğəmbərlik verilibsə bəs o 40 yaşında sünnət (yəni cinsiyyətinin uc hissəsinin kəsilməsini nəzərdə tutur) olub?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Peyğəmbərin (sallallahu aleyhi va səlləm) nə zaman xitan olunması ixtilaflı məsələdir. İbn əl-Qeyyim əl-Cəuziyyə (Allah ona rəhmət eləsin) “Tuhfətul məulud” əsərində bu barədə üç rəyin olduğunu bildirmişdir:

1. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) anadangəlmə xitan olunmuş olması. Bu barədə varis olmuş hədislərin hamısı zəifdir.

2. Peyğəmbər (sallallahu aleyhi va səlləm) uşaq ikən mələk onun sinəsini yarıb qəlbini təmizlədiyikdə onu xitan etmişdir. Bu barədə varid olan hədis də Şazz və zəifdir.

3. İbn əl-Adimin dediyi kimi babası Əbdül-Muttalib Peyğəmbəri (sallallahu aleyhi va səlləm) yeddi günlüyündə babalarının adətinə görə xitan etməsidir. Bu rəy reallığa daha uyğun hesab olunur. Daha doğrusunu bilən Allahdır.


762

Mənə belə bir şey dedilər. Hz. Ömər Əbu Hüreyrə haqqında "O Allahın və İslam dininin düşmənidir" qaynaq olaraq da Hakimin Müstədrəkini göstərdilər.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Bunların hamısı uydurma şaiyələrdir. Əgər doğrudan da elə bir şey varsa kitabın cildini və hədisin nömrəsini versinlər baxıb dəqiqliklə cavab verək.


759

Salam aleykum. Bir sualım var. Yemək bişirərkən elə olur ki, bir-iki gün qalır. Sonra yeyən olmur, köhnəlir. Onu toyuqlara atıramsa bu israf sayılırmı?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Çalışmaq lazımdır ki, evdəki tələbatın miqdarında yemək bişirilsin. Qalmış yeməyi isə toyuqlara atmaq israf deyil.


757

Əssalamu aleykum. Mənim ətrafımda təkfirçi düşüncəli insanlar var və istər istəməz onlarla görüşməli, danışmalı oluram. Onlara Allah rizası üçün kömək etmək olarmı? Məsələn: borc vermək və s. olarmı? Hətta onlardan biri sizin küfr etdiyinizi və sonra tövbə etdiyinizi dedi. Onlarla necə davranacağımı bilmirəm. Allah rizası üçün mənə nəsihət edin. Əssalamu aleykum.

 

Və aleykumus-sələm.

Qardaş, onların fikri sənin fikrinlə düz gəlməməsi o demək deyil ki, onların haqqını ödəməyəsən, onlara qarşı ədalətsizlik edəsiniz. Haqq sahibi kafir olsa belə onun haqqı ödənməlidir. Mənim barədə isə nə deyibsə, bu sənə yox, mənə aiddir. Sən qarışma, o, bunu bilərəkdən edirsə, savabımı artırır, bilmirsə, inşaAllah Allah onu bağışlayar. Onlardan isə salamı kəsməyin, onlara qarşı kobudluq etməyin və ən əsası da ədalətsizlik etməyin, kiminsə sözü ilə kiməsə nifrət etməyin.


754

Salam aleykum əxi necəsiniz? Əxi bir iki sualım olacaq inşaAllah cavablandırsanız çox şad olaram.

1. İbadət əhli olan hicablı qadın bəzənmək, yəni manikür, pedikür, dırnaq uzatmaq və bu kimi şeylər edə bilərmi?

2. Mən Quranı oxuyub, yazıb öyrənmək istədim, amma tək bacara bilmədim. Məcbur olub müəllim yanına getməli oldum. Yəni molla əminin yanına. O da mənə müəyyən hərfləri fars ləhcəsi ilə deyir. Bu nə kimi doğrudur, bu dərslərə gedə bilərəmmi? Getməyimin də başlıca səbəbi də axı ona görədir ki, yadınızdadırsa demişdim ki, mən İmişlidə yaşayıram, burda məndən başqa sələfi salehin əqidəsində qardaş yoxdur. Onun üçün molla əminin yanına getdim! Bir şeyi də qeyd edim ki, o molla əmi həriflərin arxasına y hərfi artırır. Məsələn bey, tey, sey, bu kimi problemlər. Bunlar mən Quran oxuyanda səhflik ola bilərmi?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

1. Dırnaq uzatmaq olmaz. Çünki Əbu Hüreyrədən rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Beş şey fitrətdəndir: Xitan, övrət yerlərini qırxmaq, qoltuğaltı tükləri götürmək, dırnaqları tutmaq, bığları qısaltmaq.” Hədisi Buxari (5550) və Müslim (257) rəvayət etmişlər. Bəzənməyə gəlincə isə qadın öz əri üçün bəzənə bilər. Naməhrəmlərin yanında bəzənib gəzmək isə caiz deyildir.

2. Bəli səhvlər ola bilər, çünki adətən fars ləhcəsi ilə Quran oxuyan mollalar çoxlu xətalara yol verirlər. Odur ki alnernativ yol axtarmağa səy göstərin. İnternet saytlarındakı Quran dərslərindən də faydalana bilərsiniz.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”