Ana səhifə
 / Sual-cavab / Halal və haramlar


805

Assalamu aleykum  va rahmətullahi va barakatuhu. Allah elminizə bərəkət versin. Amin!!! Allaha həmişə dua etmişəm ki, mənə ev nəsib etsin və bir müddətdən sonra zövcəmin atası bizə ev hədiyyə etdi. Amma ev təmirsizdir yəni heç nəyi yoxdur. Evi təmir etmək mənim öhdəmdədir. Zövcənin atası dövlət işində işləyir. Bu evi halal pulla almaq qeyri mümkündür. Daim məni narahat edən sual budur ki, həmin ev bizə halaldır yoxsa yox?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Əgər hədiyyə verən şəxsin gəlirləri tamamilə haramdan ibarətdirsə (misal üçün əgər o, şərab istehsal edirsə, yaxud gəlirini yalnız sələmdən götürürsə) bu zaman həmin hədiyyəni qəbul etmirsiniz. Yox əgər qeyd etdiyiniz kimi qazancın bir hissəsinin halal, bir hissəsinin isə haram olduğunu bilsəniz, o zaman bu hədiyyəni qəbul etmənin hökmü sizin niyyətinizlə bağlıdır. Əgər məqsədiniz yalnız dünya nemətini əldə etməkdirsə bundan çəkinməniz tövsiyə olunur. Çünki ən azından bu şübhəli məsələdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Günah o şeyə deyilir ki, o sənin nəfsində qərar tutur və sən istəmirsən ki, insanlar ondan xəbər tutsun.” Muslim (2553). Lakin əgər niyyətiniz hədiyyəni qəbul etməklə onu İslama dəvət etmək və İslamı ona sevdirməkdirsə bu zaman hədiyyəni qəbul edə bilərsiniz. Daha doğrusunu Allah bilir. 


784

Assalamu aleykum. Qardaş bir sualım var. Əxi şəriətdə şəkilin hökmü nədir? Qardaşların şəkilləri var burada, belə olarmı?

 

Və aleykumus-salam.

Şəkil barəsində bunu deyə bilərik:

1. Ümumiyyətlə İslam dininə görə əllə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır.” (Hədisi Buxari rəvayət etmişdir). Əbu Cuheyfə (radiyallahu anhu) demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bədənə döymə vuran və vurduranı, sələm yeyən və yedirdəni lənətləmiş, itin və (zinaya sövq edilmiş) kənizin müqabilində pul almağı qadağan etmiş və rəsm çəkənləri lənətləmişdir.” (Hədisi Buxari rəvayət etmişdir). Lakin, ruhu olmayan əşyaların şəkilini çəkmək caizdir. Bu barədə də İbn Abbasdan (radiyallahu anhumə) hədis varid olmuşdur.

2. Fotoaparatla şəkil çəkmək barəsində isə müasir alimlər ixtilaf etmişlər. Bir qrup alimlər onu əllə çəkilən şəkilə aid edərək haram saymış, digər qrup alimlər isə onu əllə çəkilən şəkilə aid etmədiklərindən caiz görmüşlər. Daha doğrusunu isə Allah bilir.


780

Əssələmu aleykum qardaş. Sualım belədir. Yasdan gələn yeməyi yemək olarmı? Allah sizi qorusun. Amin.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Bu cür təamlardan mümkün qədər çəkinmənizi tövsiyə edirik. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Halal da bəllidir, haram da. Bunların arasında halal yaxud haram olduğu bəlli olmayan bəzi şübhəli şeylər vardır ki, çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli şeylərə dalsa, mal-qarasını qoruğun kənarında otaran çoban kimi, çox keçməz qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir” (Səhih əl-Buxari, 52).


761

Əssəlamu aleykum. Şəkil çəkən aparatlarla uşağın şəklini çəkmək olarmı?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Bu məsələdə alimlərin müxtəli rəyləri vardır. Lakin ehtiyat üçün çəkinmənizi tövsiyə edirik.


742

 

Salam aleykum şeyx.

1. Bir hədis var. İbn Abbasdan rəvayət olunur ki, Allahın elçisi (səllallahu aleyhi və səlləm) onun ücün quru üzümdən hazırlanan içkini həmin içki hazırlanan gün, ertəsi gün və o birisi gün içərdi. Üçüncü günün axşamı isə onu həm özü içər, həm də başqalarına paylayardı. Artıq qalanını isə yerə tökərdi. (Hədisi Müslim rəvayət etmişdir). Əxi can burada söhbət şirin içkidənmi gedir? Məsələn kompot? Zəhmət olmasa aydınlıq gətirərdiniz. Allah razı olsun.

2. Fərz namazlarından sonra Allah rasuluna salavat gətirmək olarmı, əgər bidət deyilsə?

 

Və aleykumus-sələm.

1. Burada söhbət nəbizdən gedir.  Ənəs demişdir: “Mən Rəsulullah səllallahu aleyhi və səlləm üçün bu piyaləyə hər cür içki: su, nəbiz, bal və süd süzmüşəm.”  Nəbiz: xurmanı, üzümü, buğdanı, arpanı və s. yumşalanadək suda saxladıqdan sonra onu sıxmaqla hazırlanan içkidir (Tohfətul-Əhvəzi, 5/86). İbn Abbas rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) üçün gecənin əvvəlində (meyvədən və s.) şirə çəkərdilər. Sonra o, bu şirəni ya ertəsi gün səhər, ya həmin günün axşamı, ya növbəti gün günortaüstü, və ya axşamı, ya da o biri gün əsr vaxtınadək içərdi. Sonra yerdə qalanını xidmətçisinə verər, qıcqırdığı təqdirdə isə onun əmri ilə bu içkini zibilliyə boşaldardılar. (Səhih Muslim, 3739). Bu hədislərdən belə nəticə çıxır ki, istənilən nəbizi üç gün ərzində - yəni, şirinliyi qaldığı müddətcə onu içmək olar. Üç gündən sonra isə bu nəbiz qıcqırıb sərxoşedici içkiyə çevrilir. Bunu da içməyi həm Allah, həm də Peyğəmbər  (səllallahu aleyhi və səlləm) haram buyurmuşdur. “əl-Maidə” surəsinin 90-91-ci ayələrində belə buyurulur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?” Hədislərin birində Əbu Musa əl-Əşari rəvayət etmişdir ki, Peyğəmbər  (səllallahu aleyhi və səlləm) onu Yəmənə göndərdikdə, Əbu Musa ondan orada düzəldilən içkilər barədə soruşdu. Peyğəmbər (səllallahu aleyhi və səlləm) soruşdu: “Nədir onlar?” Əbu Musa: “Bal və arpa şərabıdır”– dedi. Onda Peyğəmbər  (səllallahu aleyhi və səlləm) buyurdu: “Sərxoşedici hər bir şey haramdır” (Səhih əl-Buxari, 4343).

2. Fərz namazlarından sonra Allah rasuluna salavat gətirməyin caiz olması barədə heç bir dəlil bilmirik. İbadət isə dəlilə söykənməlidir. Dəlilsiz hansısa zikri müəyyən vaxtlarda etmək sünnəyə ziddir.


740

Assalamu aleykum. Xahiş edirəm bu sualıma geniş cavab verəsiz. Allah rizası üçün. Demək mənim qardaşım cahildir və toy etmək istəyir. Bütün dostları da cahildir. Mən deyirəm ki haram məclis olacaq və baxmayaraq ki doğma qardaşımsan mən ora gəlməyəcəm. Qardasım buna isə o qədər fikir vermir. Amma valideyinlərim mənə diyir ki, 1 qardaşın var heç olmasa toyda oturma, amma kömək elə, onu tək qoyma. Camaat səni qınayar, temboli məştağalısan. Belə vəziyyətdə nə etmək olar? Nə məsləhət görərdiz? Təbii ki mənim üçün əsas dinimdir. Allah razı olsun. Salam aleykum.

Və aleykumus-salam. Əgər həqiqətən də sizin üçün əsas dininizdirsə bacardığınız qədər Allahdan qorxaraq Onun haramlarından çəkinin.


739

Assalamu aleykum! Üzü olmayan oyuncaqların (insan və heyvan bildirən) toxunmasının hökmü nədir?

Və aleykumus-salam. Oyuncaqların toxunmasında heç bir qəbahət yoxdur.


738

Salam aleykum. Mən pulumu evdə saxlaya bilmirəm. Pulumun oğurlanmaması üçün pulumu bankda saxlamağa məcbur olmuşam. Təxminən hər ay pulumun üzərinə 300 manat faiz gəlir. Təbii ki 300 manat sələm olduğu üçün mən bu pulu yeyə bilmərəm. Mən bu pulu başqa bir yerə xərcləməyi düşünmüşəm. Mən ticarət ilə məşğulam. Dükanıma vergilər nazirliyi kassa qoyub və hər satılan malın 4 faizi dövlətə gedir. Hər üç aydan bir 150 manat vergiyə pul ödəyirəm. Mən bilirəm ki əslində dinimizdə kassa sistemi ilə insanlardan vergi tutmaq düzgün deyil. İndi mən istəyirəm ki bankdan aldıqım pulu kassa sistemi ilə məndən tutulan vergiyə ödəyim. Mən belə etmək ilə sələm yemiş sayılıram yoxsa yox?

 

Və aleykumus-sələm.

Sələmlə işləyən banklara əmanət qoymaq caiz deyildir. Əgər pullarınızın oğurlanmasından qorxursunuzsa onu daşınmaz əmlak almaqla saxlaya bilərsiniz.


667
Salam aleykum şeyx. Bizim ölkədə insanlar saçlarını elə qırxdırırlar ki bir hissəsi çox, bir hissəsi az olur, yəni hədisə zidd. Özünüz şahidsiniz ki belədir. Bəs onda belə qırxdırmaqda başqa qövmə oxşama yoxdu? İnşəAllah cavablandırardız bunu. Allah razı olsun.
Və aleykumus-salam. Qadağan olunan saç qırxılması başın bir hissəsin tam keçəl digər hissəsini isə tüklü saxlamaqdır. Lakin saçın qırxılmasında ətraflarla üstündə cüzi fərq olması həmin hədisə aid deyil.

659
Salam aleykum. Allah sizi qorusun. Əxi bəzi qardaşlar var ki, müsəlman gördükləri insanın kəsdiyini yemir, deyir ki ehtiyat edirəm. Müsəlman gördükləri adamlardan onların ehtiyat etmələri düzgündürmü. ALLAH sizdən razı olsun.
Va aleykumassalam. Əgər həmin qardaşların ehtiyat etdiyi kəslər namaz qılan və şirkdən uzaq olan insanlardırsa onda onların ehtiyat edib onun kəsdiyini yeməməsi xətadır və müsəlmanı kafir hesab etməkdir. Yox əgər insanların şırk etdiyini bilib və namaz qılmamasına görə onun kəsdiyini yeməzlərsə o zaman onların ehtiyat etməsi daha yaxşıdır.

593
Salam aleykum. Bəzi insanlar var ki, anasının bişirdiyi, atasının kəsdiyi heyvan ətini yemirlər. Deyirlər ki siz ibadət etmirsiz, siz kafirsiz. Halbu ki ana, ata namaz qilmasa da, Allahı inkar etmirlər. Bu haqqda bilmək istərdim. Ana və ata müqəddəs kəlməsi nəyə görədir?
Və aleykumus-salam. Ət barədə biz əvvəlki cavablarımızda qeyd etmişdik ki, heyvanı kəsən şəxs ya müsəlman olmalı, ya da kitab əhli olmalıdır ki, həmin əti yemək halal sayılsın. Anasının bişirməyinə gəldikdə onu deyə bilərik ki, əgər ət halaldırsa onu anasının və ya başqa birisinin bişirməsi heç vaxt haram etmir. Odur ki, həmin adam ətin kimin tərəfindən bişirilməsinə deyil, kimin tərəfindən kəsilməsinə fikir verməli, bundan sonra ona uyğun əməl etməlidir. Valideynlərinin ibadət etməmələrinə gəldikdə isə bu namaz qılmayan şəxsin kafir olub olmaması məsələsinə qayıdır. Bildiyimiz kimi, bu məsələdə alimlər arasında ixtilaf vardır. Əgər həmin qardaş namaz qılmayanları kafir görən alimlərin fikirləri ilə qane olursa onda o atasının kəsdiyi heyvanı yeməməsində düzgün edir. Yox əgər adam o biri qrup alimlərin rəyini dəstəkləyirsə onla atasının kəsdiyi heyvanı yeməməkdə xəta edir. Daha doğrusunu isə Allah bilir.

590
Assalamu aleykum. Üzr istəyirəm sualım ət ilə bağlıdır. Şiyələrin kəsdiyi əti yemək olarmı? Bakıda mağazalarda satılan ət və broyler toyuqları almaq olarmı?
Və aleykumus-salam. Ümumiyyətlə Allahdan başqasından yardım diləyən, Allahdan başqasını çağıran, Allahdan başqasına qurban kəsən, Quranın naqis olmasına etiqad edən, möminlərin anası Aişə (radiyallahu ənhə) baradə nalayiq ifadələr işlədən, səhabələri söyən bir insanın kəsdiyi heyvanın ətini yemək olmaz. Bakıda mağazalarda satılan ər və broylerlərə gəldikdə isə onu deyə dilərik ki, əgər yəqin bilsən ki, həmin ət və broylerləri müsəlmanlar və ya kitab əhli kəsib onda onlardan alıb yemək olar. Əgər broylerləri toka (elektrikə) verib sonradan kəsiblərsə onda həmin broylerləri yemək haramdır.

588
Salam aleykum. Əvvəlcədən hər birinizə təşəkkür edirəm verilən sualları cavablandırdığınız üçün. Allah hər birinizdən razı olsun. Mənim zinakar bir qadın haqqında 2 sualım var. Əgər zina edən qadın tövbə edərsə sözsüz ki Allah onu bağışlayar. Bəs o Cənnətə düşəsi olsa belə bir şey olmamış kimi düşəcək? (Yəni zina etməmiş kimi pak təmiz qadın kimi) və o orda vicdan əzabı çəkməyəcək ki? Bu verdiyim sual həm də zina etmiş kişiyə də aiddir. Cavablandırsanız çox sevinərəm. Əvvəlcədən təşəkkürlər.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Şəkk yoxdur ki, zinakarlıq ən böyük günahlardan hesab olunur. Uca Allah Qurani Kərimdə buyurur: “Zinaya yaxınlaşmayın. Həqiqətən, bu, iyrənc bir əməl və murdar bir yoldur!” (əl-İsra, 32) Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim dodaqlarının arasındakını (dilini) və cinsiyyət üzvünü qorusa Cənnətə daxil olar.” (Hədisi Əhməd va başqaları rəvayət etmişdir.) İnsan zina etdikdən sonra tutduğu əmələ peşman olaraq səmimi qəlbdən tövbə edərsə Uca Allah onun günahını bağışlayar. Cənnətə daxil olacağı təqdirdə də həmin şəxs pak və təmiz bir halda düşəcəkdir.

537
Salam aleykum şeyx! Bir bacı var ağ ciyər xəstəliyi var, soyuq dəyməsi var, bir də qan azlığı var! Loğmanı tərəfdən müalicə üçün donuzun iç piyi və qan azlığına görə xörək qaşığı ilə gündə bir dəfə vino içə bilərmi? Bir amili də vurğulayım məndən soruşdu mən dedim yox etmisənsə tövbə et dedim! Xahiş edirəm ətraflı cavab verəsiniz! Salam aleykum.
Və aleykumus-salam. Siz həmin bacıya doğru cavab vermisiniz. Hal hazırkı dövrümüzdə tibb elmi o qədər inkişaf etmişdir ki, haram vasitələrdən də daha güclü və daha effektli halal vasitələr mövcuddur. Elə isə nə üçün biz halalı qoyub harama getməliyik. Ağ ciyər, soyuqdəymə və qan artırmaq üçün saysız hesabsız halal müalicə üslubları mövcuddur. Həmçinin haramda müalicə də yoxdur. Rəvayət edilir ki, Tariq ibn Suveyd (radiyallahu anhu) Peyğəmbərdən (səlləllahu aleyhi və səlləm) sərxoşedici içki barəsində soruşduqda Peyğəmbər (səlləllahu aleyhi və səlləm) ona sərxoşedici içki düzəltməyi qadağan etdi. Onda Tariq dedi: “Mən onu ancaq dərman üçün düzəldirəm.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Şübhəsiz ki, sərxoşedici içki dərman deyildir, əksinə o xəstəlikdir.” Hədisi Muslim rəvayət etmişdir. İbn Macənin rəvayət etdiyi hədisdə isə belə deyilir. Tariq ibn Suveyd (radiyallahu anhu) dedi: “Ey Allahın elçisi! Biz yaşadığımız yerlərdə üzüm olur və biz onu sıxıb içki düzəldirik və ondan içirik.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) “Olmaz!”- deyə cavab verdi. Tariq deyir ki, mən bir daha soruşdum: “Biz onun vasitəsi ilə xəstələri şəfa etməkdə istifadə edirik.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Şübsəhiz ki, o şəfa deyildir, əksinə o özü xəstəlikdir.” İbn Məsudun (radiyallahu anhu) rəvayət etdiyi mualləq hədisdə isə belə deyilir: “Həqiqətin Allah sizin şəfanızı sizə haram edilənlərdə etməmişdir.” Hədis Buxaridədir.

532
Əs-sələmu aleykum va rahmətullahi va bərəkətuhu. Şeyx məcburən verilən rüşvət günah sayılırmı? Çünki, Universitetdə imtahana hazirlaşsan belə pul istiyirlər. Cəzakumullahu xayran...
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Əgər imtahana tam hazır olduğunuz və suallara tam cavab verdiyiniz halda müəllim heç bir səbəb olmadan sizdən pul istəyər və pul vermədikdə sizi imtahandan kəsərsə, bu halda sizin verdiyiniz pul sizin üçün rüşvət hesab olunmur. Siz sadəcə həmin pulu öz haqqınızı bərpa etmək üçün vermiş sayılırsınız. Müəllimə gəldikdə isə onun aldığı rüşvət hesab olunur. Rüşvət barəsində isə Abdullah ibn Amr (radiyallahu anhu) demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) rüşvət verən və rüşvət alan şəxsə lənət etmişdir.” Hədisi Əbu Davud rəvayət etmişdir. Hədis səhihdir, Səhih və Daif Sunən Əbu Davud, 3580.

493

əs-Sələmu aleykum. Şeyx mənim sualım Bankdan kredit götürmək haqdadır. Mən hal hazırda kirayədə yaşayıram ayı (250) azn. Ya Şeyx evim də var amma təmir etmək üçün maddi imkanım çatmır. Deməli ayda 250 azndən ildə 3000 azn edir. Şeyx mənim 3000 azn imkanım olsa inşəAllah evə köçə bilərəm. İki variantım var. Bankdan pul faizə götürmək, ya da 3000 pul tapana qədər kirayədə yaşamaq. O da Allahu Alim. Xahiş edirəm  mənə məsləhət verəsiniz.

 

Və aleykumus-sələm.

Heç bir halda faizlə (sələmlə) istər bankdan, istər də şəxsi insandan kreditə pul götürmək olmaz. Bu Allah qatında ən böyük günahlardan biridir. Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Həlakedici yeddi günahdan çəkinin!” Soruşdular: “Ya Rəsulullah, nədir onlar?” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Allaha şərik qoşmaq, sehirbazlıq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, yetimin malını yemək, sələm yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək”. Hədisi Buxari və Muslim rəvayət etmişdir. Həmçinin sələm yeyəni və yedirdəni Peyğəmbər (səlləllahu aleyhi və səlləm) lənətləmişdir. Cabir və atası Abdullah (radiyallahu anhumə) demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) sələm yeyəni və yedirdəni lənətləmişdir.” Hədisi Muslim rəvayət etmişdir. Uca Allah buyurur: “Sələm yeyənlər, qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar” (“əl-Bəqərə” surəsi, 275).

Məsələn Allah subhanəhu və təalə ölüm təhlükəsi olduğu halda haram etdiyi donuz ətini yeməyə icazə verir. Lakin sələm üçün heç bir çıxış yeri qoymamışdır. Sələm üçün heç bir zəruri səbəb buyurmamışdır. Sizin qeyd etdiyiniz səbəb isə ümumiyyətlə heç zəruri səbəb də deyildir.


471
Salam aleykum şeyx. Mən universitetdə oxuyuram, əxican və imtahanlar gələndə müəllimlər pul istəyirlər, mən də ki əxi vermirəm və o da (müəllimə) məni kəsib, amma məndən başqa olan adamı kəsməmişdi mən bu vəziyyətdə pul versəm o rüşvət sayılırmı?
Və aleykumus-salam. Əgər imtahana tam hazır olduğunuz və suallara tam cavab verdiyiniz halda müəllim heç bir səbəb olmadan sizdən pul istəyər və pul vermədikdə sizi imtahandan kəsərsə, bu halda sizin verdiyiniz pul sizin üçün rüşvət hesab olunmur. Siz sadəcə həmin pulu öz haqqınızı bərpa etmək üçün vermiş sayılırsınız. Müəllimə gəldikdə isə onun aldığı rüşvət hesab olunur. Rüşvət barəsində isə Abdullah ibn Amr (radiyallahu anhu) demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) rüşvət verən və rüşvət alan şəxsə lənət etmişdir.” Hədisi Əbu Davud rəvayət etmişdir. Hədis səhihdir, Səhih və Daif Sunən Əbu Davud, 3580. Yox, əgər siz imtahana tam hazır olmasanız və bu səbəbdən imtahandan kəsilsəniz onda sizin verdiyiniz pul rüşvət kimi qəbul ediləcək və siz haram iş tutmuş sayılacaqsınız.

461
S.A. Müşrikin bismilləh deyib kəsdiyi ət yeyilir? Məgər müşrikin bismilləhi qəbuldur?
A.S. Müşrikin kəsdiyi ət yeyilmir, hətta o bismilləh deyib kəssə belə.

454

As-salamu aleykum. Gələn ay mənim toyum olasıdır. İçki yoxdur, amma qadın kişi bir arada, musiqi var. Problem burasındadır ki, bunun yanlıs oldugunu onlara catdıra bilmirəm. Fikrim budur ki, 20-25 dəqiqə oturub sonra durub çölə cıxmaq. Siz nə nəsihət edərdiz. ALLAH rizası üçün ətraflı, hər iki tərəf də kəskin şəkildə qarşıdır buna!

 

Va aleykumus-səlam və rəhmətullahi və bərəkatuhu.

Qardaş, özün etiraf etdin ki, qadın kişinin bir yerdə olması, habelə toyun musiqi ilə keçməsi günahdır. Bunu bilə-bilə bu tərzdə toy edib sonra da Allahın sənin evliliyinə xeyir-bərəkət nəsib edəcəyəni düşünürsən??? Hər bir halda siz həmin toyda iştirak etsəniz günüah qazanacaqsınız. Amma, yenə də, özün ixtiyar sahibisən, özün cavab verəcəksən, özün bilərsən. Biz sənə necə addım atacağını buyura bilmərik, biz sadəcə xəbərdar edənlərik.


437
Assalamu Aleykum! Narahat etdiyim üçün üzür istəyirəm. Dünyəvi sual ilə əlaqədar yazıram sizə. Zəhmət deyilsə, mənə bildirin ki, Siyəzən Broller şirkətində işləmək icazəlidirmi? Yəni orada halal-haram söhbətində problem varmı? Banklarda və ya içki satılan yerdə işləmək icazəli olmadığını bilirəm, amma bu ət məhsullarını istehsal edən şirkətlər barədə məlumatım yoxdur! Qabaqcadan təşəkkür edirəm. Allah sizi xeyir ilə mükafatlandırsın. Assalamu Aleykum.
Və aleykumus-salam. Bəli, Siyəzən Broller şirkətində işləyə bilərsiniz. Çünki həmin işin əsli halaldır. Sadəcə bir şeyə diqqət etmək lazımdır: Əgər şirkət daxilində hər hansı bir işin özündə haramlıq varsa həmin vəzifədə işləmək olmaz. Məsələn, tutaq ki, şirkət hər hansı bir bankla əlaqə qurub ondan faizə kredit götürür və siz də şirkətin həmin işlərini idarə edirsiniz. Bu halda həmin işdə çalışmaq haramdır. Amma qalan halal işlərdə işləmək icazəlidir.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”