Ana səhifə
 / Sual-cavab / Oruc


540
Assalamu aleykum. Mən 25 ildir güclü baş ağrılarından əziyyət çəkirem. Hər gün 3-4 tablet dərman içirəm. Bu səbəbdən oruc tutanda çox vaxt yarımçıq kəsirəm. Mən oruc tutmağın əvəzinə sədəqə verə bilərəmmi. Ya mənim üçün oruc tutmaq daha əfzəldir?
Və aleykumus-salam. Əgər sizın xəstəliyiniz xronikidirsə (yəni, sağalmayan xəstəlikdirsə) və hər gün dərman qəbul etmədən dayana bilmirsinizsə onda oruc tutmursunuz və tutmadığınız hər günün əvəziyə bir yoxsul, kasıb müsəlman yedirtməlisiniz. Əgər sizin xəstəliyiz xroniki deyilsə və dərmanı yalnız baş ağrıları olanda qəbul etmək məcburiyyətindəsinizsə onda siz ramazan orucunu tutursunuz və ağrı olduğu təqdirdə isə onu pozursunuz. Pozduğunuz həmin günlərin qəzalarını isə sonradan baş ağrıları olmayan günlərdə tutursunuz. Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə buraxdığı hər gününün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.” əl-Bəqərə surəsi, 184.

477

 

As-salamu aleykum!

Türklər Ramazan ayında restoranda yeməyi ancaq iftardan sonra verirlər. Sual:

1. Ramazan ayında restoranda gündüz vaxtı yemək vermək günahdırmı?

2. Ramazan ayında  evə qonaq gəlsə və ya usta işləyirsə gündüz vaxtı yemek vermek olarmı?

 

Və aleykumus-salam.

1. Bəli, Ramazan ayında gündüz vaxtı restoranda yemək vermək günahdır. Belə etməklə həmin şəxs Allahın qadağan etdiyi bir əmələ kömək etmiş sayılır. Uca Allah buyurur: “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Hə­qiqətən, Allah şiddətli cəza verəndir.” (əl-Maidə surəsi, 2).

2. Əgər evinizə gələn qonaq və ya evinizdə işləyən usta müsafir, xəstə və ya bu kimi oruc tutmamağa icazəli olan insanlar sinifinə aiddirsə bu halda siz həmin adamlara Ramazan ayında gündüz vaxtı yemək verə bilərsiniz.


313
Salam aleykum şeyx. Nafilə orucunu pozanda qəzasını tutmaq lazımdirmı?
Və aleykumus-salam. Nafilə orucunu pozduqda onun qəzası yoxdur.

260
Salam aleykum. Mənim atam iki ildir ki ramazan orucundan doqquz gün qəzası var. Qəzasını tutmur. Heç bir səbəbi də yoxdur. Yəni xəstə də deyil, bu haqda nə deyə bilərsiz?
Və aleykumus-salam. Heç bir səbəb olmadan ramazan ayının qəzalarını tutmayan şəxs buna görə günah qazanır. Odur ki, atanız həmin qəzaları mütləq tutmalı və bununla yanaşı - onları bilərəkdən növbəti ramazan ayı girənədək tutmadığına görə - hər günün əvəzinə kəffarə olaraq bir nəfər kasıbı da yedizdirməlidir.

133
əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu! Əziz qardaşım! Mənim sizə Ramazan orucu ilə sualım var. Zövcəm 3 il davamiyətlə Ramazan orucunu tuta bilmədi. Birinci ili hamiləliklə əlaqədar olaraq, ikinci ili uşaq yedizdirməklə, üçüncü ili də yenidən hamiləliklə bağlı olaraq. Bu halda hər ilin kəffarəsi verilməlidir, yaxud qəzalarını tutmalıdır, və yaxud hər ikisi edilməlidir (kəffarə və qəza)? Xahiş edirəm tam şəkildə bunu bizə izah edəsiniz. Allah rizası üçün. Allah sizi daima qorusun və sizə Firdovs Cənnətini bəxş etsin! əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu!
Və aleykumus-ələmu və rahmətullahi və bərakətuhu. Hamilə və süd verən qadının halı xəstənin və müsa¬firin halına bənzəyir. Odur ki, o, sonradan bu orucların qəzasını mütləq tutmalıdır. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Həqi¬qətən, Allah müsa¬firə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.” Qəzaya qalan orucları növ¬bəti Ramazana qədər tut¬mayan şəxsin isə iki durumu ola bilər. Birincisi, əgər o, bunu səhlənkarlığı üzündən edibsə, onda tövbə etməklə yanaşı orucların qəzasını tut¬malı və kəffarə olaraq buraxdığı hər günün əvəzinə 510 qr miqdarında yeməklə bir kasıbı yedirt¬məlidir. Yox əgər bunu səhlankarlıq üzündən etməyibsə, onda yalnız buraxdığı orucların qəzasını tutmalıdır. Allah sizi də qorusun və sizə də Firdovs Cənnətini bəxş etsin!

122
əs-Sələmu aleykum əxi! Qardaşım var, sələfdi əlhəmdulilləh. Oruc tuta bilmir. Mədəsində xəstəliyi var. Deyir mən yoxsul bir kimsəni doyuzdurmalıyammı? Cəmiyyətimizdə də bilirsiniz ki, kimə desən gəl gedək sənin qarnını doyurum pis başa düşər. 1-ci sual: Doyurmalı olduğu insan kim olmalıdır. 2-ci sual: Əgər kimisə doyurmağa imkanı çatmasa nə etməlidir. Salam aleykum.
Və aleykumus-salam. Əgər qardaşınızın xəstəliyi xronikidirsə (yəni, sağalmayan xəstəlikdirsə) onda oruc tutmadığı hər günün əvəziyə bir yoxsul, kasıb müsəlman yedirtməlidir. Həmçinin qardaşınız kasıb bir müsəlmanı oruc tutmadığı günlərin sayı qədər yedizdirə bilər. Burada əsas diqqət yetiriləsi şey odur ki, yemək verdiyi insanların sayı oruc tutmadığı günlərin sayı qədər olsun. Qardaşınız ərzaq məhsulları alıb onu kasıb bir ailəyə də verə bilər. Amma elə nəzərdə tutsun ki, məsələn 30 gün oruc tutmayıbsa aldığı bu ərzaqları 5 nəfər üzvü olan kasıb ailə ən azı 6 öynə yemək yesin. Qardaşınızın özü kasıbdırsa və kimisə doyuzdurmağa gücü çatmırsa bunu onun əvəzindən başqa birisi edə bilər. Əgər qardaşınızın xəstəliyi xroniki deyilsə, onda o tutmadığı orucları sağaldıqdan sonra mütləq tutmalıdır. Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə buraxdığı hər gününün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.” əl-Bəqərə surəsi, 184.

94
əs-Sələmu aleykum əxi. Allah sizin elminizə bərəkət versin. Sual: Əxi, hər il bu ramazan ixtilafı bizi çox çaşdırır. Mən sizin fikrinizi bilmək istəyirəm. Hər müsəlman öz ölkəsi ilə gedir, yoxsa Ərəbistanla? Cavab öz dəlilləri ilə olsun. Çunki hər ikisini deyənlər var, hər ikisinə də dəlil deyirlər. Salam aleykum.
Va aleykumussəlam! Hər bir müsəlman Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) dediyi ilə getməlidir. Hər bir müsəlmana məlumdur ki, Ramazan ayının orucu təzə ayın çıxması ilə başlayır, həmçinin təzə ayın çıxması ilə də başa çatır. Bu xüsusda Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: "Biz yazmağı və hesablamağı bacarmayan bir ümmətik. Təzə ayı gördükdə orucunuzu başlayın və təzə ayı gördükdə orucunuzu tamamlayın." Bu hədis dəlildir ki, ay göründüyü təqdirdə müsəlmanların hamısına oruc tutmaq vacibdir. Belə ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bunu ümmətinə xitab edərkən heç bir kimsəni istisna etməmişdir. Bu hədisdə Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) ayın başlanmasını və bitməsini astronomik hesablamalara deyil, məhz gözlə görməyə aid etmişdir. Nə Peyğəmbərimizdən (səlləllahu aleyhi və səlləm), nə onun əshabələrində, nə də onların yolunu tutub gedən islam alimlərindən heç biri bu hesablamalara əsla etimad etməmişlər. Ən fəzilətli və ən ağıllı əshabələrdən biri – Əli ibn Əbu Talib (radiyallahu anhu) demişdir ki: "Əgər ibadət insan ağılna tabe olsaydı, onda ayağın üstünə yox, altına məsh çəkilərdi". İmam Əli (radiyallahu anhu) demək istəmişdir ki, şəriət bizə nəyi buyurubsa, ona əməl etməli və başqa yollar axtarmamalıyıq, onu ağıla tabe etməməliyik. Demək, orucun başlanmasında və bitməsində ayın görünməyi şərtdir. Səhabələrin dövründə də astronomik elmlərlə məşğul olan münəccimlər var idi. Lakin səhabələrdən heç biri onların dediklərinə etimad etməz, əksinə, Şaban ayının 29-u günü, gün batandan sonra təzə ayın çıxıb çıxmayacağını izləyərdilər. Onlar ayı gördükdə oruca başlayar, görmədikdə isə Peyğəmbərin: "Şəkk etsəniz, otuzuncu günü tamamlayın" sözünə əsasən həmin ayın otuzuncu gününü tamamlayardılar. Bu iki hədisə əsasən demək olar ki, əgər dünyanın istənilən bir yerində, Şaban ayının iyirmi doqquzu, gün batdıqdan sonra təzə ayın çıxmasını izləmişlərsə və doğrudan da ədalətli müsəlman şahidlər onu görmüşlərsə, onda bütün müsəlmanlara həmin gündən oruc tutmaq vacibdir. Lakin sual verilə bilər ki, əgər camaat ayı izləyib onu görməyibsə və onlara ayın başqa bir məmləkətdə yaşayan müsəlmanlar tərəfindən ayın göründüyü barədə xəbər gəlib çatmayıbsa, onda necə olsun? Biz deyə bilərik ki, artıq belə bir hadisə Müaviyənin (radiyallahu anhu) xilafəti dövründə baş vermişdir. O vaxt Şam əhli cümə gününün gecəsi ayı görmüş və həmin günü oruc tutmuşlar. Mədinə əhli isə ayı şənbə gününün gecəsi görmüş və o günü oruc tutmuşlar. Kureyb ibn Abbasa (radiyallahu anhu) Şam əhlinin ayı gördüyünü və oruc tutduğunu xəbər verdikdə ibn Abbas (radiyallahu anhu) demişdir: “Biz ayı şənbə gecəsi görmüşük və beləcə də onu görənədək oruc tutacağıq ya da (görməsək) otuz günü tamamlayacağıq". Hədisdən belə nəticə çıxır ki, ibn Abbas (radiyallahu anhu) Mədinə əhli ilə birlikdə ayı izləmiş və Şam əhlinin ayı görməyi barədə onlara heç bir xəbər gəlib çatmamışdır. İndi sizə sual veririk; Allahdan qorxan hansı bir müsəlman cürət edib deyə bilər ki, əgər Şamda ay göründüyü gün Mədinə əhlinə xəbər gəlib çatsaydı, onlar xəlifənin əmrinə qarşı çıxıb: "Bizdə ay görünməyib! Onlar başqa bir dövlətdi, biz isə başqa! Biz beləyik."- deyə oruclarını tutmaz, əmirə asi olardılar?! Bəs onda nə üçün ibn Abbas (radiyallahu anhu) xəlifə Müaviyənin elədiyini əsas götürməyib: "Biz ayı şənbə gecəsi görmüşük və beləcə də onu görənədək oruc tutacağıq ya da otuz günü tamamlayacağıq"- dedi. Göründüyü kimi yuxarıdakı hədisin astronomik hesablamalara və ya bu hesablamalarla orucunu tutan camaata tabe olmağa heç bir aidiyyəti yoxdur. Şövkani bu hədisi aşıqlayarkən demişdir: “İbn Abbasın: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bizə bunu əmr etdi” – deməsi heç də hər ölkənin özünün ayı görməsinə dəlil deyil. Çünki ibn Abbas (radiyallahu anhu) açıq-aydın deməmişdir ki, “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bizə başqa ölkənin ayı görməsinə etimad etməyin” Əksinə, o, bununla demək istəmişdir ki, əgər görməsələr otuz günü tamamlasınlar. Həm də belə bir rəy insanları parçalamağa gətirib çıxarmışdır.” (əd-Dərari əl-Mudiyyə, 143) O həmçinin demişdir: “İbn Abbasın (radiyallahu anhu) hədisinə əsasən “Etimad olunan rəy o rəydir ki, bir ölkənin əhli təzə ayı görsə, bütün başqa ölkələrdəki müsəlmanlara oruc tutmaq vacibdir.” (Neylul-Əvtar, 4/231). Doğrudur, Peyğəmbərin (səlləllahu aleyhi və səlləm): "Oruc, camaatın oruc tutduğu gündür, bayram da camaatın bayram etdiyi gündür, ....." hədisinə əsasən camaata tabe olmaq vacibdir. Lakin sual çıxır ortaya ki, hansı camaata tabe olunmalıdır? Əlbəttə ki, bu məsələdə camaat deyildikdə astronomik hesablamalara əsaslananlar deyil, Quran və hədislərə istinad edən, haqq üzərində olan camaat nəzərdə tutulur. Gəlin bu xüsusda alimlərin dediklərinə nəzər salaq: Məzhəblərin rəyi: "Ramazan ayının başlanması və sona çatması, mötəbər müsəlmanların ayı görməsindən asılıdır. Bir yerdə ay göründüyü zaman bütün müsəlmanlara oruc tutmaq vacib olur." (əl-Muğni, 3/5); "Leys ibn Səd, Malik, Şafii və Əhmədin fikrinə görə təzə ayı görməyən bir ölkə, başqa bir ölkədə ayı görünməsinə etimad etməlidir." (Təmhid ibn Abdul Bərr, 14/357; Bidayətul Muctəhid, 1/210); İbn Teymiyyə demişdir: "Astronomiya elmində təcrübəsi olan adamlar ittifaq etmişlər ki, hesablamalar sayəsində təzə ayın nə zaman çıxacağını təyin etmək əsla mümkün deyildir. Elə buna görə də qədimdəki təcrübəli astronomlar bu haqda danışmamış, əksinə bunu mümkünlüyünü inkar etmişlər. Bu haqda yalnız indiki dövrdə yaşayan müasir astronomlar təqribi mülahizələr yürütmüşlər. Bu isə Allahın dinində azğınlıq edib onu dəyişdirmək deməkdir...... Buxari və Muslimin ittifaq etdiyi səhih hədisdə ibn Ömərdən (radiyallahu anhu) rəvayət edilir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: "Biz yazmağı və hesablamağı bacarmayan bir ümmətik. Təzə ayı gördükdə orucunuzu başlayın və təzə ayı gördükdə orucunuzu bitirin." Deməli, Allahın insanlar və həcc üçün vaxt ölçüsü təyin etdiyi təzə ayı yazmaq və hesablamaqla müəyyən edən kimsənin ağlı çaşmış, dinini korlamış və hesablamalarında naqisliyə yol vermişdir. Astronomun hesablamalarının doğru olduğu güman edilmiş olsa da belə, onun ancaq və ancaq günəşlə ay arasında olan məsafənin nə qədər olduğunu müəyyən etməsi ehtimal oluna bilər. Lakin təzə ayın nə zaman görünəcəyini və ya görünməyəcəyini bilmək mümkün deyildir..... Astronomlar bir hilal (yəni dəqiq bir vaxt) üzərində ittifaq etməmişlər. Əksinə həmişə ixtilafda olmuşlar..." (Məcmu əl-Fətava, 6/590-591). O həmçinin demişdir: "Mötəbər mənbələrdə varid olmuş səhih hədislərə əsasən, eləcə də səhabələrin yekdil fikrinə görə bu məsələdə astronomik hesablamalara etimad etmək düzgün deyildir. Buxari və Muslimin Səhih əsərlərində rəvayət olunmuş hədisdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: "Biz yazmağı və hesablamağı bacarmayan bir ümmətik. Təzə ayı gördükdə orucunuzu başlayın və yenə təzə ayı gördükdə orucunuzu bitirin." Odur ki, təzə ayın görünməyinə dair hesablamalara uyan şəxs şəriət xüsusunda azğınlığa düşmüş, dinə bidət (dindən olmayan yenilik) gətirmiş hesab olunur. Doğrusu, bu adamın ağlı çaşmış və hesablamalarında naqisliyə yol vermişdir. Çünki alimlər təzə ayın çıxmasının astronomiya elmi ilə təyin edilmədiyini bilirlər. Belə hesablamalarla yalnız və yalnız günəşlə ay arasında olan məsafənin nə qədər olduğunu, hansı dərəcədə yerləşdiyini müəyyən etmək mümkündür. Təzə ayın çıxmasının isə bu dərəcələrə heç bir aidiyyəti yoxdur. Astronomlar təzə ayın çıxması məsələsində ixtilafa düşmüşlər. Onların Batlemus kimi başbilənləri bu məsələyə dair heç bir fikir söyləməmişlər. Çünki bunu heç bir dəlil-sübutla əsaslandırmaq mümkün deyil. Bu haqda yalnız Deyləmi və başqa bu kimi müasir astronomlar fikir söyləmişlər. Onlar şəriət hökmlərinin təzə ayla əlaqəli olduğunu biləndə, bunun astronomik hesablamalarla təyin olunmasının mümkünlüyünü güman etmişlər. Bu isə nə düzgün mövqe, nə də orta bir yol sayıla bilməz. Əksinə, burada çaşmaq ehtimalı daha çoxdur. Bunu təcrübədən keçirmiş adamların özləri bu məsələdə - təzə ayın görünüb görünməyəcəyi barədə ixtilafa düşmüşlər. Bu ixtilafın səbəbi odur ki, onlar, astronomik hesablamalarla təyin edilməsi mümkün olmayan bir məsələni həmin hesablamalarla təyin etmişlər. Beləliklə də onlar haqq yoldan azmışlar." (Məcmu əl-Fətava, 25/207-208) O həmçinin demişdir: "Peyğəmbərin (səlləllahu aleyhi və səlləm): "Təzə ayı gördükdə orucunuzu başlayın...." hədisinə görə bu məsələ (yəni təzə ayın çıxması) bu xəbərin yayılması ilə bağlıdır. Odur ki, özünə ayın görünməsi barədə xəbər gəlib çatmış hər kəs buna əməl etməlidir. Bu xəbərin yayılması üçün isə heç bir məsafə məhdudiyyəti yoxdur." (Məcmu əl-Fətava, 25/207-208). İbn Battal: “Təzə ayı gördükdə orucunuzu tutun, təzə ayı gördükdə orucunuzu bitirin” hədisindən nəticə çıxarıb demişdir: “Bu hədis münəccimlərə rəddir.” İbn Bəzizə isə belə demişdir: “Ulduzlar elmi bu xüsusda batil sayılır və şəriət bunu qadağan edir. Çünki əvvəlcədən təzə ayın nə zaman çıxacağını demək təxmini bir şeydir.” Buxarinin İbn Ömərdən (radiyallahu anhu) rəvayət etdiyi hədis isə açıq-aydın buna dəlildir. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Biz yazıb-oxumağı, hesablamağı bacarmayan bir ümmətik. Ay hərdən belə olur, hərdən də belə (yəni daim otuz ola bilməz, hərdən iyirmi doqquz olur, hərdən də otuz. Bu isə gözlə görməyə işarədir. Çünki səhabələr arasında yazıb-oxumağı bacaranlar var idi).” (Subulus-Sələm, 2/220). Siddiq Həsənxan demişdir: “Orucu ədaləti etibarlı müsəlman təzə ayı görməsi ilə tutmaq lazımdır. Belə ki, ibn Ömər (radiyallahu anhu) təzə ayın çıxdığını Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) xəbər vermiş və Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) camaata oruc tutmağı əmr etmişdi..... Mötəbər hədislərdə varid olan: “Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuz bitirin.” ifadəsi bütün müsəlman ümmətinə xitabdır. Harada təzə ay görünsə hamı üçün oruc tutmaq vacib olur. Amma Muslimin “Səhih” əsərindəki Kureybin hədisi, ibn Abbasın (radiyallahu anhu) Mədinə əhli ilə birgə oruc tutması heç də dəlil deyil. Belə ki, ibn Abbasın: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bizə bunu əmr etdi.” – deməsi heç də hər ölkənin özünün ayı görməsinə dəlil deyil. Çünki ibn Abbs (radiyallahu anhu) açıq-aydın deməmişdir ki, "Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bizə başqa ölkənin ayı görməsinə etimad etməyin.” Əksinə, o, bununla demək istəmişdir ki, əgər görməsələr otuz günü tamamlasınlar. Həm də belə bir rəy insanları parçalanmağa gətirib çıxarmışdır. (Halbuki ibn Abbas (radiyallahu anhu) bunu qəsd etməmişdir)”. (Təliqat ər-Rədiyyə, Albaninin təhqiqi ilə, 2/7 və 13). Şeyx Albani demişdir: “Məlum məsələdir ki, təzə ay bir yerdə göründüyü zaman hər yerdə görünə bilməz. Məsələn məğribdə görünübsə (eyni vaxtda) məşriqdə görünə bilməz. Alimlərin dəstəklədiyi daha doğru rəyə əsasən: “Ay göründüyü zaman oruc tutun ...” hədisi ümumi mənanı verir. Ayın müxtəlif yerlərdən çıxmasını da qeyd etmək düzgün deyildir. Çünki ayın çıxması üçün nə şəriətə görə, nə də hesablamalara görə məhdud bir yer yaxud müəyyən bir vaxt mövcud deyildir. Odur ki, bunu xüsusən qeyd etmək düzgün deyil. Bu deyilənlərə əsasən demək olar ki, bu günkü gündə ayın bir yerdə görünməsini başqa müsəlman ölkələrinə radio və s. vasitələrlə çatdırmaq mümkündür. Belə olduğu təqdirdə özünə ayın görünməsi xəbəri çatmış hər bir müsəlman oruc tutmalıdır. Hətta gün batmazdan bir az əvvəl belə kimə orucun başlanması xəbəri gəlib çatmışsa, o adam həmin günü oruc tutmalı və o günün qəzasını tutmamalıdır. Çünki o, bacardığı qədər vacib ibadəti yerinə yetirmişdir. Allah isə heç kəsə gücü çatmadığı bir şeyi yükləməz. Buna görə də müsəlman dövlətlərinə vacibdir ki, eyni gündə oruca başlasınlar, eyni gündə bayramı keçirsinlər. Necə ki, eyni gündə həcc mərasimini yerinə yetirirlər.” (Silsilətul-Əhadisis-Səhihə, 6 cild, sah: 253) Şeyx ibn Bazdan soruşdular: “Müsəlman alimləri arasında orucluq ayının başlanğıcı barədə ixtilaf düşmüşdür. Onlardan bəziləri: “Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin...” hədisinə əsaslanırlar. Bəziləri isə münəccimlərin astronomik hesablamalarına etimad edib deyirlər ki: “Münəccimlər astronomiya elmində elə bir səviyyəyə gəlib çatıblar ki, artıq qəməri tarixindəki hər bir ayın başlanğıcını təyin edə bilirlər”. Odur ki bu alimlər təqvimə əsaslanırlar. Şeyx belə cavab vermişdir: “Birincisi: Ən mötəbər rəy Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) sözünə əsaslanmaqdır: “Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin...” Çünki ayın başlanması və bitməsi məhz təzə ayın görünməyindən asılıdır. Allahın göndərdiyi Peyğəmbərinin (səlləllahu aleyhi və səlləm) gətirdiyi şəriət isə Qiyamət gününədək dəyişilməz qalcaqdır. İkincisi: Şübhəsiz ki, Allah astronomik elmin olacağını bilirdi, lakin bununla belə Öz müqəddəs Kitabında buyurur: “Sizlərədən kim bu ayı müşahidə etsə, həmin ayı oruc tutmalıdır.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin...” Burada, Ramazan ayının orucu¬nu tutmaq və onu bitirmək yalnız hilalı (təzə ayı) görməklə bağlıdır və onun astronomik hesablamalarla heç bir əlaqəsi yoxdur. Hərçənd, Allah bilirdi ki, belə alimlər olacaq. Müsəlmanlara vacibdir ki, oruc tutduqda və onu bitirdikdə hilalı görməyə etimad etməklə Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) gətirdiyi Allahın şəriətinə qayıtsınlar. Bu isə bütün alimlərin yekdil fikridir. Təqvimə əsaslananlar isə İslam alimlərinə müxalif olanlardır”. (Fətava Ləctənud-Daimə Lilbuhusul-elmiyəti vəl-İfta, 2036; Fətava Ramadan, 1/118-119). İbn Baz başda olmaqla böyük alimlər heyətinin hamsısı (Abduləziz Ali şeyx, Fövzan, Cibrin, və başqaları) belə fətva vermişlər: “Böyük alimlər heyəti təzə ayın astronomik hesablamalara əsasən nə zaman çıxmasının təyin olmasını, Quran və Sünnədə vardi olanları, habelə sələf alimlərinin dediklərini müzakirə elədikdən son¬ra qərara almışdır ki, alimlərin hamısının yekdil fikrinə əsasən təzə ayın çıxmasını bilmək üçün astronomik hesablamalara əsaslanmaq şəriətə ziddir”. (Fətava Ləctənud-Daimə Lilbuhusul-elmiyəti vəl-İfta, 3686; Fəta¬va Ramadan, 1/115). Bu deyilənləri sübuta yetrimək üçün ibn Ömərədən (radiyallahu anhu) gələn hədisə nəzər salaq: “ibn Ömər (radiyallahu anhu) camaatla birgə oruc tutar və hesablamalara əsaslanmazdı”. (Əbu Davud və Beyhəqi. Bax: İrvaul-Ğalil, 4/9). Bütün bunlardan belə nəticə çıxır ki, Ramazan ayına bir neçə ay, yaxud bir neçə gün qalmış təzə ayın nə zaman çıxacağını söyləmək qeybi məsələdir. Tarix boyu bütün islam alimləri yalnız Şaban ayının iyirmi doqquzu, gün batdıqdan sonra təzə ayın çıxmasını izləmişlər. İbn Ömərin (radiyallahu anhu) İbn Abbasın (radiyallahu anhu) rəvayəti də buna dəlildir.

84
Salam Aleykum və rəhmatullahi və bərəkətuhu. Nəzir edilən orucu fasiləynən yerinə yetirmək olarmi? Misal üçün bir ay oruc tutmağı nəzir etmisən. Bütün ayı dalbadal tutmalısan və ya fasilə etmək olar arada?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. İnsan oruc tutmağı nəzir edərsə onu necə nəzir edibsə o cür də yerinə yetirməlidir. Əgər həmin günləri dalbadal oruc tutacağını niyyət edibsə dalbadal tutmalıdır. Əgər dalbadal tutacağını niyyət etməyibsə onda onu fasilə isə tuta bilər.

29
Salam aleykum. Bayramınız mübarək. ALLAH sizdən bu rahatlığı yaratdığınız üçün razı olsun. Ramazan ayında hansı namazları qılmaq və başqa nə etmək olar? Salamaleykum.
Və alekumus-sələm. Ramazan ayında təravih namazını, gecə (qiyamul-leyl) namazlarını və sairə nafilə namazlarını qılmaq olar. Bu ayda edilən ibadətlərin savabı digər aylarda edilən ibadətlərin savabından qat-qat çoxdur. Səhabələr Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdular: "Hansı sədəqə daha əfzəldir." O belə cavab verdi: "Ramazan ayında verilən sədəqə." (Bu hədisi Tirmizi rəvayət etmişdir). Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: "Ramazan ayında edilən ümrə ziyarəti həcc ziyarətinə bərabərdir." (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir). Ramazan ayı barəsində olan bu cür hədislər saysız-hesabsızdır. Odur ki, Ramazan ayında ibadətləri çoxaltmaq lazımdır. Lakin bir şərtlə ki etdiyimiz ibadətlər Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sünnəsinə müxalif olmasın. Ramazan ayında həmçinin çoxlu Quran oxumaq Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sünnəsinə müvafiq olardı. Çünki bu ayda həm Peyğəmbər (səllallahu aleyhi və səlləm) həm də səhabələr çoxlu Quran oxuyardılar.

28
Salam, cunub halda səhura qalxdım, orucum pozulmadı ki? Bir də mən çox yorulanda yatıram, bu orucu pozmur ki? Təşəkkür edirəm.
Xeyir, pozulmur. Hətta fəcr namazından sonra bu halda qalxsan da belə! Yatmaq orucu pozmur. Lakin hər bir müsəlmana Ramazan ayından maksimum istifadə etmək və vaxtını yatmaqla keçirməmək daha xeyirlidir.

27
Əs-sələmu aleykum! Mən bu gün oruc tutmuşdum, amma bilmədən çaşıb şokalad yedim. Elə bildim ki, batil oldu və sonra daha yenə şokalad yedim və bu günü buraxdım. Belə olarmı? Bir də sizdən xahiş edirəm siqaret çəkmək olarmı? Sağ olun.
Oruclu halda unudub yemək yeyən şəxs xatırlayan kimi dərhal orucuna davam etməlidir. Bu halda onun orucu düzgün sayılır və ona sonradan qəza tutmağa ehtiyac yoxdur. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: Kim oruclu halda unudub yemək yeyərsə və ya bir şey içərsə orucuna davam etsin. Çünki onu yedirdən də, içirdən də Allahdır." Amma siz sonradan yeməyə davam etdiyinizə görə orucunuz batil olur və həmin günün qəzasını sonradan tutmalısınız. Siqaret çəkməyə gəlincə əlbəttə ki, bu orucu pozur və həmin şəxs, bunun qəzasını tutmalıdır. Bundan əlavə o, iki şeyə görə tövbə etməlidir. Birincisi orucunu pozduğuna görə, ikincisi isə siqaret çəkdiyinə görə. Belə ki, siqaret çəkmək haramdır.

26
Əs-sələmu aleykum! Orucluq vaxtı güclü baş agrıları olarsa və bunlar insanın əsəb sisteminə təsir edərsə, nə etməli? Təşəkkür edirəm! Əs-sələmu aleykum.
Əgər doğrudan da qeyd etdiyin bu xəstəliyə səbəb oruc tutmaqdırsa və bu xəstəlik insana zərər toxundurursa, eyni zamanda orucu tərk etsən bu xəstəlik sağalacaqsa, onda həmin gün orucu tərk edirsən və sonradan bu günün qəzasını tutursan.

25
Mən vərəm xəstəliyi keçirmişəm. İnşaAllah indi hər şey yaxşıdır. Bu artıg 4 il bundan əvvəl olub.. Keçən il oruc tutmuşam. Əlhəmdulillah hər şey yaxşı keçdi. İnşaAllah bütün oruc tutan müsəlmanlar kimi Allah mənim də savabımı verər. Mən bilmək istərdim, İslam dinində ümumiyyətlə ağır xəstəlik keçirmiş adamlarla bağlı xüsusən də oruca aid şərt var ya yox.. Xatırladım ki, konkret vərəm xəstəliyində qidalanmaq ən vacib şərtdir. Allah razı olsun..
Bəli İslam dinində ağır xəstəliklərlə bağlı bir çox dini məsələlər mövcuddur, xüsusən də orucla əlaqəli. Ümumiyyətlə oruc tutmaq insanın hər hansı bir xəstəliyini artırarsa, və ya xəstəliyinin sağalmasına əngəl törədərsə, yaxud həmin şəxsə əziyyət verərsə, və yaxud da xəstəliyin sağalmasını gecikdirərsə bu şəxs sağalana qədər orucu tərk edir. Lakin sağaldıqdan sonra tutmadığı günlərin qəzasını tutmalıdır. Əgər xəstəlik xronikidirsə (yəni sağalmayan xəstəlikdirsə), onda bu şəxs sadəcə, oruc tutmadığı günlərin sayı qədər kasıb yedizdirməlidir. Uca Allah buyurur: "Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə buraxdığı hər gününün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər." (əl-Bəqərə surəsi 184-cü ayə).

24
Əs-sələmu aleykum! On bir ayın sultanı Ramazan Inşaallah hamımız ücün xeyirli ve uğurlu olsun! Ramazan ayının sonunda Bayram namazı qılınana kimi oruc tutmaq lazımdırmı? Təşəkkürlər!
Xeyir! Çünki həmin gün bayram günü sayılır. Odur ki, istər bayram namazına qədər, istər də bayram namazından sonra oruc tutmaq haramdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bayram günləri (yəni Ramazan və qurban bayramları) oruc tutmağı qadağan etmişdir.

23
Həm Ramazan orucunun qəzasını, həm də nafilə orucunu niyyət edib - iki niyyətlə bir oruc tutmaq olarmı?
Buna aid heç bir dəlil-sübutun olmamağı onu göstərir ki, bunu etmək caiz deyildir.

22
Əs-sələmu aleykum! Mənim sizə bir sualım var! Ramazan ayının fəziləti…
Ramazan ayının fəzilətləri çoxdur. Onlardan bəzilərini qeyd etməklə kifayətlənəcəyik. 1) Ramazan ayında Quran nazil olmuşdur. Uca Allah buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir." (əl-Bəqərə surəsi 185-ci ayə). 2) Bu ayda bir gecə vardır ki, o min aydan daha xeyirlidir. Uca Allah buyurur: "Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir…." (əl-Qədr surəsi 1, 2, 3). 3) Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Ramazan ayı girdikdə Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanların zəncirlənirlər (yəni zəncir vasitəsilə bağlanırlar)." (Bu hədisi Muslim rəvayət etmişdir). 4) Bu ayda edilən yaxşı əməllərin savabı diğər aylarda edilən əməllərin savabından daha çoxdur. Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) hansı sədəqənin daha əfzəl olduğunu soruşduqda belə cavab verdi: "Ramazan ayında verilən sədəqə daha əfzəldir." (Bu hədisi Tirmizi rəvayət etmişdir). Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Ramazan ayında edilən ümrə ziyarəti həcc ziyarətinə bərabərdir." (Bu hədisi də buxari və Muslim rəvayət etmişdir).

21
Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və necə niyyət etməlidir?
Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək isə dində yenilikdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır. Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisinin buyruqlarını yerinə yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin razılığını qazanmaq) üçündür. (Onun savabını Allah verir) Kimin də hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır. (İstədiyinə yalnız bu dünyada nail olur)" (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

20
Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərtdirmi?
Məlumdur ki, Ramazan ayında hər gün dan yeri sökülməmişdən əvvəl səhur (oruc tutanın səhər yeməyi) edən kəs əlbəttə, bunu oruc tutmaq üçün edir. Hərgah o, sadəcə səhər yeməyi yemək niyyətində olsaydı, onu bu vaxt etməzdi. Səhura qalxmayıb yatıb qalan şəxsə gəlincə, qeyd etmək lazımdır ki, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir.

19
Orucu pozmağı qətiyyətlə niyyət edən kəsin orucu pozulurmu?
Orucu pozmağı qətiyyətlə niyyət edən kəs heç nə yeməsə də, içməsə də belə tutduğu oruc batil olur. Həmin şəxs orucuna davam etməli və o günün əvəzinə başqa aylarda bir gün oruc tutmalıdır.

18
Egər Ramazan orucunda qəza olmuşsa, Ramazandan sonra qəzasını tutmadan Şəvvalın 6 günlük orucunu dalbadal və ya fasilələrlə tutmaq olarmi?
Aişə (r.a) rəvayət edir ki: "Mənim Ramazan ayından orucum qəzaya qalardı və mən onun qəzasını Şaban ayında tutardım."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”