Ana səhifə
 / Sual-cavab / Əqidə


817

Salam aleykum. Zəhmət deyilsə mənə imanla, kufrun anlayışını deyərdiz. Allah razı olsun!

Və aleykumus-salam.

İman: Qəlblə etiqad etmək, dillə demək və bədən üzvləri ilə əməl etməkdir. Bunların hər üçünün olması labüddür.

Küfr: Lüğəti mənada küfr örtmək deməkdir.

Şəriətdə isə təkzib edib-etməməkdən asılı olmayaraq Allaha və Onun rəsuluna iman gətirməməyə, həmçinin onlara şəkk və şübhə içində iman gətirməyə, habelə həsəd, təkəbbürlük və risalətə tabe olmaqdan yayındıran bəzi nəfsani istəklər üzündən Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) imandan üz döndərməyə küfr deyilir.

Küfrün növləri. Küfr iki növdür: böyük küfr və kiçik küfr. Böyük küfr, sahibini əbədi Cəhənnəmə vasil edir. Kiçik küfr edən isə əbədi olmayan əzaba layiqdir.

Daha geniş məlumatı isə saytımızın “Yükləmələr” bölümündəki “İmanın əsasları” və “İman və Küfr” kitablarını oxumaqla əldə edə bilərsiniz.


803

Əs-salamu aleykum, valideynlərim Allaha inansalar da, Onun Təkliyini gəbul etsələr də, ibadət etmirlər. Atam ancaq orucu tutur. Bir şeyə başlayanda ALLAH Muhəmməd ya Əli deyirlər. Bunlar bu halda olsələr, onlar ucun ALLAHDAN bağışlanma diləyə bilərəmmi? Yəni vəfatlarından sonra?

Va aleykumussəlam, hələ gec deyil, onlar üçün Allahdan hidayət dilə, yoxsa sonra artıq gec ola bilər. Əgər bu halda ölsələr və alimlərin əksəriyyətinin rəyinə görə kafir sayılırlarsa, sən onlar üçün bağışlanma diləsən də onlara heç bir faydası olmayacaq, yox əgər o biri rəyi götürrüsənsə, onda onlar üçün bağışlanma diləyə bilərsən, lakin unutma ki, bu çox təhlükəlidir. 


773

Salam aleykum. Qardaş mənə elə gəlir ki, mən Allahı haqqı ilə tanımıram. Dəlilim də budur ki, kimsə yanımda Dinin əleyhinə hansısa tutarlı, yəni mən anlamayacağım nə isə deyəndə, sanki bütün həvəsim yox olur, qol-qanadım yanıma düşür, məndə ruh düşkünlüyü olur. Xüsusən də, imanına elminə güvəndiyim birindən İslama qarşı tərəddüdlü bir fikir eşidəndə, mən asanlıqla günah etməyə kimi gedirəm. Beynimdən küfr dolu fikirlər keçir və s. Daşlaşıram, imanım sönür. Mən nə edim? Bu hal nədir?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Yaxşı olar ki, bu halınızı dəf etmək üçün öz üzərinizdə dini maariflənmə işi apararaq çoxlu kitab oxuyasınız. Elminiz artdıqca belə hallardan da uzaq olacaq, habelə Allahdan daha çox qorxacaqsınız. Uca Allah buyurur: “Həqiqətən Allahdan alimlər qorxar.” (Fatir, 28). Həmçinin buyurur: “De ki, heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?” (əz-Zumər, 9).


771

 

Salam aleykum əxi.

1. Pis əmməllər (göz zinası məsələn) yaxşı əməlləri yuyub aparırmı, yoxsa xeyir işə görə savab, gunaha görə cəza vardır?

2. Dəfələrlə tövbəni pozub, yenə də tövbə etmək nə dərəcədə doğrudur? Tövbənin şərtlərindəndir ki, gərək tövbəni pozmayasan. Ancaq insan nəfsidir, yenə də pozursa nə etməli? Çünki edilən tövsiyələrə bir müddət əməl edildikdən sonra, istəmədən yenə də günaha düşüb bəzən tövbəni pozursan. Mümkünsə bu haqda ətraflı yazardız.

3. İbadəti, zikri çoxaltdıqca, daxili sıxıntılar və s. artır, insan elə bil özünü yaxşı hiss etmir, yəni çox dərinə gedəndə adam dində sıxılır. Ancaq dərinə getməyib, hamı kimi danışıb güləndə, nədənsə sıxıntılar gedir. Ola bilərmi ki, bir müddət ibadətlərdə sıxılıb, sonra rahat olasan? Bu ümumiyyətlə niyə belə olur? Allah razı olsun.

 

Və aleykumus-sələm.

1. Yaxşı əməllər kiçik qəbahətləri silib aparır. Böyük günahlar üçün isə tövbə etmək gərəkdir.  Bu xüsusda Uca Allah buyurur: “Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır” (Hud, 114); başqa bir ayədə Allah buyurur: “Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər.” (əl-Furqan, 70). Həmçinin, Peyğəmbər (səllallahu aleyhi və səlləm) də belə buyurmuşdur: “Pisliyin ardınca yaxşılıq et ki, bu yaxşılıq, həmin pisliyi silib aparsın” (Sunən ət-Tirmizi, 1987). Məsələn namaz,  Namazın günahlar üçün kəffarə olması barədə bir çox hədislər varid olmuşdur. Həmin hədislərdən birində Abdullah ibn Məsud rəvayət edir ki, bir nəfər Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib, naməhrəm bir qadını öpdüyünü ona xəbər verdi və bunun nə dərəcədə günah olduğunu öyrənmək istədi. Uca Allah da bu ayəni nazil etdi: “Gündüzün iki başında əvvəlində və axırında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır” (Hud, 114). Adam soruşdu: “Ey Allahın elçisi! Bu hökm yalnız mənə aiddir?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: “Bu, ümmətimdən olan hər kəsə aiddir!” (Səhih əl-Buxari, 526).

2. Tövbəni tez-tez pozmaq böyük günahlardan sayılır.

3. İbadəti çoxaltdıqca iman artır, bu halda gələn sıxıntılar əslində  bir imtahan, habelə, günahların silinməsi və savabların artması üçün bir səbəbdir. İbadətinizdə sabitqədəm olun, səbir edin və şeytanın vəsvəsələrinə uymayın.


760

Salam aleykum. Allahı yuxuda görmək haqda varid olan hədis eşitdim, müəyyən səbəblərə görə bura qeyd edə bilmirəm. Bu haqda mümkünsə məlumat verərdiniz. "Üzü tüksüz, qıvrım saclı və s." Mən bunu eşidəndə mənə dəhşət vəsvəsələr gəldi.  Allah razı olsun!

 

Və aleykumus-salam.

Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) Allahı yuxuda görməsi barəsində varid olan hədisdə Alimlərin müxtəlif fikirləri vardır. Bəzi alimlər bu hədisi səhih hesab etmiş, əksər alimlər isə zəif, munkər, hətta qondarma hədis hesab etmişlər. Səhih hesab edənlər: İbn Teymiyyə, imam Əhməd, Təbarani və başqaları. Zəif, munkər və qondarma hesab edənlər: İbn Cəuzi, Səbki, Zəhəbi, İbn Həcər, Albani və başqaları. O ki qaldı bu hədisi səhih hesab edənlərə, onların hamısı deyirlər ki, Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) Allahı yuxuda qeyd etdiyi şəkildə görməsi yalnız yuxuda baş vermişdir. Həqiqi baş verməmişdir. Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) Allahı yuxuda görməsi o demək deyil ki, Allah məhz həmin surətdədir. Çünki yuxuda görülən şeylər həqiqət olmayada bilər, hətta peyğəmbərlərin yuxusu olsa belə. Bu yuxunun sadəcə yozumu var və bunu Allah və rəsulundan başqa heç kəs bilmir. Məsələn Yusuf peyğəmbər yuxusunda gördü ki, günəş və ay ona səcdə edirlər. Amma hamı bilir ki, əslində onların heç biri ona səcdə etməmişdir. Bu yalnız yuxuda baş vermişdir. Yusuf surəsinin sonunda deyilir ki, Yusufun ata-anası ona baş əydikdə Yusuf dedi ki, Rəbbim mənim yuxumu gerçəyə çevirdi. Deməli yuxunu gerçəyə çevirdi deyildikdə günəş və ayın ona səcdə etməsi nəzərdə tutulmur. Onun ata-anasının ona baş əyməsi nəzərdə tutulur. Peyğəmbərin yuxusu da bu qəbildən olan yuxudandır. Bu yuxunun isə müxtəlif yozumları ola bilər və bu yozumları Allah və Onun rəsulu bilə bilərdi. Həmin yuxunun yozumu barəsində də beç bir şey varid olmamışdır. Həmçinin eyni surədə, Yusuf surəsində padşahın yuxusunu da misal gətirmək olar. Padşah yuxuda görür ki, yeddi arıq inək yeddi kök inəyi yeyir və sair... Bunun yozumunu da Yusuf peyğəmbər izah edir... Deməli yuxuda görülənlər başqa yozumda ola bilər. Əgər hədis səhih olarsa yuxarıda deyilənlər nəzərdə tutulur. Yəni peyğəmbər Allahı həmin şəkildə yuxuda görmüşdür. Əslidə isə hədis zəif və qondarmadır. Daha doğrusunu isə Allah bilir.


744

Əs-sələmu aleykə Şeyxunəə. Belə bir sualım var. Allahın dində zirvə saydığı cihad fəslini dildə qəbul edib lakin buna qarşı nifaqını İslama terror deyə bəlli edən şəxsin halı nədir? Hansı ki barəsində danışdığım şəxs cahil yox əksinə bilgi sahibi olandır və özünə müsəlmanlar tərəfindən nifrət olunması çatıb tövbədə etmir.

 

Və aleykumus-sələm.

Qadaş Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim Allaha və Axirət gününə iman gətirmişsə, ya xeyir danışsın, ya da sussun.” Beləsi isə, elm əhlinə, yox daha çox cahilə bənzəyir. Düzdür, onun dediyində də, hardasa həqiqət var. Çünki İslam adı ilə, müsəlman qiyafəsinə girmiş terror edən o qədər münafiqlər var ki, bunlar İslamın adına ləkə gətirirlər. Lakin ədalətli mömin bunu hamıya – ələlxüsus da Allah yolunda vuruşan mücahidlərə şamil etməməlidir. Bilgi sahibi dediyin o adam vaxtı ilə Qarabağda vuruşmuş həmvətənlərimizə, habelə xalqımıza kömək etməyə gəlmiş əfqanlara və çeçenlərə terrorçu deyə bilərmi. Torpaqlarımızı azad etmək üçün vuruşan mücahidlər terrorçudurlarmı??? Digər müsəlman ölkələrində öz analarını, atalarını, zövcələrini və övladlarını, qardaş və bacılarını, öz xalqını müdafiə edən, düşmənin zülmündən qurtarmağa çalıçan müsəlmanlar da həmçinin.


736

 

Əssəlamu aleykum. Sualıma görə çox üzr istəyirəm. Harun Yahya haqqında fikirləriniz nədir? Din məsələsində onun ardınca getmək olarmı? Harun Yahyanın Quran möcüzələri və s. kimi dini-elmi əsərləri vardır ki, çoxlarının İslamı qəbul etməyinə və marağına səbəb olub. Lakin sonradan bəzi şəriət hökmlərinə qarşı çıxmağa başlayır, məsələn hicab məsələsi və s. Harun Yahya tərəfdarları deyirlər ki:

1. Hz. Mehdi Harun Yahyadır, çünki Hz. Mehdi haqqındakı hədislər (uzun müddət həbs olunması, camaatın ondan uzaqlaşması və s.) onun üstündə baş vermişdir.

2. Ən-Nur surəsi, 31-ci ayəni misal gətirərək orda baş sözünün keçmədiyini, qadınların sadəcə bədəninin örtülməsini qeyd edib hicabı inkar edirlər və hədislərə yox, ancaq Qurana istinad edirlər. Bu iddialara cavabınız nə olardı? Öncədən çox təşəkkür edirəm.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Əlbəttə ki, həm Mehdi olmasını iddia edən, həm də çoxlu sayda batil etiqadları yayaraq şeytanın yoluna qulluq edən həmin şəxs yalançı və zəlalət əhlidir. Bu cür bəlli məsələlərdə Uca Allahın buyurduqlarına qarşı çıxan zəlalət əhlini tərk etmək lazımdır. Hicaba gəldikdə isə ilk öncə onu qeyd etməliyik ki, hicab islamaqədərki dinlərdə və svilizasiyalarda da mövcud olmuşdur. Tarixə nəzər salsaq görərik ki, islamdan öncə Avropa ölkələrinin bir çoxunda qadının hicab geyinməsi onun yüksək zümrəyə, zadəgan nəslinə mənsub olması və kölə qadınlardan seçilməsilə xarakterizə olunub. Zaman keçdikcə tarixi hadisələrin təsiri nəticəsində hicab tədricən unudulmaga başlanmışdır. İslam dini öz gəlişi ilə bu məsələyə yeni bir həyat verdi. Dinimiz qadına yüksək qiymət verərək onu yad nəzərlərdən qorumaq, cəmiyyətdə əxlaq balansının pozulmaması üçün hicabı bütün qadınlara vacib buyurdu. Bu barədə Uca Allah belə buyrur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.” (əl- Əzhab surəsi, 59).  Göründüyü kimi yenilməz güc və qüvvət sahibi olan Allah bu ayə vasitəsilə qadına nə üçün hicab geyinməsini əmr etməsini izah edir. Bu ayə özündə bir çox hikmətləri daşıyır ki, onların da bir neçəsini nəzərdən keçirmək yerinə düşərdi. Elə ayənin əvəlindən açıq aydın görünür ki, hicab geyinmək nəinki Peyğəmbərimizin (səlləllahu aleyhi və səlləm) zövcələri və qızlarına o cümlədən, bütün xanımlara vacibdir. Sonra isə Rəbbimiz bu əmrin hikmətini açıqlayaraq onlara əziyyət verilməməsi ücün deməsi, qadının hicabdan imtina edəcəyi təqdirdə özünü əzaba və zülmə düçar edəcyinə bir dəlildir. Və ayənin sonunda Allah Özünün Bağışlayan və Rəhimli olmasını xatırlamaqla, tövbə edəcək, Allahın əmrinə tabe olacağı və hicab geyinəcəyi təqdirdə, qadının günahını bağışlayacağına əmin edir. Əmrlərinin kamilliyinə görə Rəbbimizə həmd olsun! Uca Allah nə cür geyinmək, bədənin hansı nahiyəsini örtmək barəsində belə buyurur: “Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirmiş kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.” (ən-Nur surəsi, 31 ) Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) fəcr namazını qılarkən, hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı (Səhihu-l-Buxari, 578; Səhih Müslim, 1456). Ummu Atiyyə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bakirə qızların, heyzli qadınların bayram namazlarına gəlməsini bizə əmr edərdi. Heyzli qadınlar namaz qılınan yerdən kənarda dayanar və o günün xeyir-bərəkətinə nail olmaq üçün camaatın arxasında (namaz qılınan yerdən aralı) oturar, təkbir və dua edərdilər. Mən dedim: "Ey Allahın elçisi! Bizdən birinin hicabı olmadıqda nə etsin" O dedi: " Bacısı (Burada istənilən müsəlman qadın qəsd olunur) hicablarından birini ona versin!" (Səhihu-l-Buxari, 980; Səhih Müslim, 2053), (Səhihu-l-Buxari, 980; Səhih Müslim, 2053).


735

Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu. Belə bir sualım var. “Sənə qurban olum” demək nə qədər doğrudur, bu haqda səhih hədislər var amma bir tərəfdən də fikirləşirsən ki, qurban yalnız Allaha olunmalıdır. Bu sözə Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) qadağa qoymayıb. Bu haqda hədis varmı, ümumiyyətlə bu sozü demək olarmı? Qabaqcadan Allah razı olsun, əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Cabir ibn Abdullah (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “(Yuxuda) gördüm ki, Cənnətdəyəm. Birdən qarşımda Əbu Təlhənin zövcəsi Rumeysanı gördüm və bir ayaq səsi eşitdim. Soruşdum: “Bu kimdir?” Dedilər: “Bu Bilaldır!” Sonra mən bir qəsr və bu qəsrin həyətində bir cavan qız gördüm. Soruşdum: “Bu (qəsr) kimindir?” Dedilər: “Ömərindir!” Mən qəsrin içinə girib ora göz gəzdirmək istədim, lakin sənin qısqanclığın yadıma düşdü (və mən dönüb oradan uzaqlaşdım).” (Bunu eşidəndə) Ömər dedi: “Atam-anam sənə qurban, ya Rəsulullah, heç sənə qısqana bilərəmmi?!” (əl-Buxari, 3679);  Rəvayət edilir ki, Səd ibn Əbu Vəqqas (radiyallahu anhu) demişdir: “Uhud döyüşündə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) mənə: “Atam-anam sənə qurban”– demişdi.” (əl-Buxari, 3725).


718

Salam aleykum. İmanı dil ilə demək, qəlblə təsdiq etmək və əməllərdə göstərmək. Bunu 4 məzhəb alimlərindən kim deyib və kitablarının adını zəhmət olmasa.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Sələflər əməlin imandan olması məsələsində yekdil fikirdə olmuşlar. Misal üçün İmam Əhməd ibn Hənbəl Usulus-Sünnə əsərində bunu söyləmişdir.


710

Qardaşım Mədinənin şeyxül-islamı Nurəddin Əli ibn Abdullah Səmhudi Şafei Misri “Vəfaul-vəfa bi ixbari daril-Mustəfa” adlı kitabında Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ziyarətinin savabı, onun qəbrinin əziz tutulması, ona təvəssül edib şəfaət istənilməsi barədə hədislər haqqında təfsilatlı bəhs edib. Burda Abdullah ibn Ömərdən və ibn Abbasdan da 3 səhih hədis söyləyib!!! Bu barədə zəhmət olmasa əxi ətraflı məlumat verə bilərdinizmi??

 

Əhli-Sünnə vəl-Cəmaəyə müxalif olanlar özlərinin yanlış mövqeyini əsaslandırmaq və avam adamları özlərinə tərəf çəkmək üçün təvəssül məsələsində şübhəli sitatlar və etiraz doğuran fikirlər gətirirlər. Onların şübhələrini iki qismə bölmək olar:

Birincisi. Bəzən onlar zəif və uydurma hədislərə əsaslanır ki, bunların zəif və əsassız olduğunu sübuta yetirmək mümkündür. Onların bəzilərini qeyd edirik:

1. “Mənim hörmətimlə təvəssül edin, şübhəsiz ki, Allah yanında mənim hörmətim böyükdür” və ya “Allahdan bir şey dilədikdə, mənim hörmətim vasitəsilə diləyin, şübhəsiz ki, Allah yanında mənim hörmətim böyükdür.” Bu batil hədisdir, elm əhlindən heç kəs onu rəvayət etməmişdir və hədis kitablarından heç birində keçmir.

2. “İşləriniz dolaşığa düşdükdə, qəbirdəkilərdən istifadə edin”, yaxud “Qəbirdəkilər vasitəsilə yardım diləyin.” Alimlərin yekdil rəyinə görə, bu hədis uydurma və Peyğəmbərə (səllallahu aleyhi və səlləm)  iftiradır.

3. “Bir kimsə daş barəsində belə yaxşı zənn etsə, həmin daş ona fayda verər” Bu hədis bəzi müşriklər tərəfindən uydurulmuş batil və İslama zidd bir hədisdir.

4. “Adəm xətaya yol verdikdən sonra belə demişdir: “Ey Rəbbim Muhəmmədin xatirinə Səndən məni bağışlamağını diləyirəm.” Allah dedi: “Ey Adəm, Mən Muhəmmədi yaratmadığım halda sən onu haradan tanıyırsan?” O dedi: “Ey Rəbbim, Sən məni iki Əlinlə yaradıb mənə Öz ruhundan üfürdüyün zaman mən başımı qaldırıb ərşin dayaqlarının altında: “Lə iləhə illəllah, Muhəmmədən rəsulullah” sözlərini gördüm və bildim ki, Sən Öz İsminlə yanaşı yalnız ən sevimli məxluqunun adını qoyarsan.” Allah dedi: “Mən səni bağışladım, əgər Muhəmməd olmasaydı, səni yaratmazdım.” Bu hədis də batil və əsassızdır. Buna bənzər digər bir hədis isə budur: “Əgər sən olmasaydın, kainatı yaratmazdım.” Bu kimi yalan və qondarma rəvayətlərə müsəlman nəinki əsaslanmamalı, heç onlara tərəf nəzər belə salmamalıdır.

İkincisi. Bir sıra səhih hədislər vardır ki, həmin şəxslər onları düz başa düşmür, onların əsl mənasını təhrif edirlər. Həmin hədislərdən bəziləri bunlardır:

1. Səhih bir hədisdə deyilir: “Quraqlıq zamanında Ömər ibn Xəttab, Abbas ibn Abdulmüttəlibin vasitəsilə Allahdan yağmur diləyib dedi: “Allahım, əvvəllər biz Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm)  vasitəsilə Səndən yağmur diləyərdik, Sən də bizə yağış göndərərdin. İndi isə biz Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm)  əmisi vasitəsilə Sənə təvəssül edirik. Bizə yağmur endir.” Bundan sonra yağış yağdı.”

Müxaliflər bu hədisi başqa cür yozaraq bildirirlər ki, burada Ömər, Abbasın hörməti vasitəsilə Allahdan diləyirdi. Hədisdəki: “Allahım, əvvəllər biz Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm)  vasitəsilə Səndən yağmur diləyərdik“– sözünü Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  hörməti vasitəsilə mənasına yozurlar, “indi isə biz peyğəmbərimizin əmisi vasitəsilə Səndən yağış istəyirik“ – yəni əmisinin hörməti vasitəsilə.

Şəkk yoxdur ki, bu səhv, hədisin mənasına nə yaxından, nə də uzaqdan uyğun gəlməyən bir açıqlamadır. Belə ki, səhabələr əsla Peyğəmbərin (səllallahu aleyhi və səlləm) hörməti vasitəsilə Allaha təvəssül etməzdilər. Onlar sadəcə Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  həyatda olduğu müddətcə ancaq duası vasitəsilə Allaha təvəssül edərdilər. Bu hədisdə də Ömər Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  əmisi ilə təvəssül dedikdə, onun hörmətini deyil, duasını nəzərdə tutmuşdu. Əgər hörmət vasitəsilə təvəssül etmək deyilən şey onlara məlum olsaydı, o zaman Ömər nə üçün Peyğəmbəri (səllallahu aleyhi və səlləm)  qoyub, onun əmisi ilə təvəssül edirdi?! Yaxud səhabələr ona irad tutardılar ki, biz bəşəriyyətin ən xeyirli peyğəmbərini qoyub niyə Abbasın vasitəsilə təvəssül etməliyik?! Buna isə heç kəs etiraz etməmişdi. Bu da onu göstərir ki, onlar hörmət xatirinə deyil, dua vasitəsi ilə təvəssül edirdilər. Beləliklə aydın olur ki, hörmət vasitəsilə təvəssül etməyə caizdir deyənlər üçün bu hədisdə heç bir dəlil-sübut yoxdur.

2. Osman ibn Huneyf rəvayət etmişdir ki, bir dəfə gözü kor bir kişi Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  yanına gəlib dedi: “Allaha dua et məni sağalt­sın.” Peyğəmbər (səllallahu aleyhi və səlləm)  buyurdu: “İstəyirsən sənin üçün dua edim, ya da istəyirsən səbir et, bu sənin üçü daha xeyirlidir.” O dedi: “Yox dua et.” Peyğəmbər (səllallahu aleyhi və səlləm)  ona gözəl bir tərzdə dəstəmaz alıb bu duanı deməyi buyurdu: “Allahım, mən rəhmət olaraq göndərilmiş peyğəmbərin Muhəmməd (səllallahu aleyhi və səlləm)  vasitəsilə Səndən diləyirəm, mən bu ehtiyacımın ödənilməsi  üçün Allaha dua etdim, Allahım onu mənə şəfaətçi buyur.” Hədisi Tirmizi, Əhməd rəvayət etmiş, Beyhəqi isə səhih hədisdir demişdir. (Səhih Muslim) Müxaliflər bu hədisdən belə bir nəticə çıxarmışlar ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm), yaxud əməlisaleh insanların hörməti xatirinə təvəssül etmək olar. Halbuki, bu hədisdə buna dəlil yoxdur. Burada kor bir kişi Peyğəmbərdən (səllallahu aleyhi və səlləm)  Allaha dua etməsini istəyir. Peyğəmbər (səllallahu aleyhi və səlləm)  də: “İstəyirsən sənin üçün dua edim, ya da istəyirsən səbir et”– deyə buyurur. O isə deyir ki: “Dua et.” Bu da sübut edir ki, təvəssül Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  hörməti və ya özü ilə deyil, duası vasitəsilə olmuşdur. Elm əhli buna əsaslanaraq bu hədisi Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  möcüzəsinə və duasının müstəcəb olmasına dəlil gətirmişlər. Belə ki, Peyğəm­bərin (səllallahu aleyhi və səlləm)  duası sayəsində Allah o kişinin gözlərini açdı. Elə bu səbəbdən də Beyhəqi bu hədisi “Dəlail ən-Nubuvvə (peyğəmbərliyin dəlilləri)” əsərində qeyd etmişdir. (Səhih Muslim) İndiki zamanda Peyğəmbər (səllallahu aleyhi və səlləm)  dünyasını dəyişmiş olduğundan heç kəs üçün dua edə bilmədiyinə görə bunu etmək qeyri-mümkündür. Peyğəmbər (səllallahu aleyhi və səlləm)  demişdir: “İnsan öldükdən sonra, üç əməl istisna olmaqla, onun bütün əməlləri kəsilir: davamlı sədəqə, faydalı elm və ona dua edən əməlisaleh övlad.” Hədisi Muslim rəvayət etmişdir. Duanın özü də, ölüm gəldikdə kəsilən saleh əməllərdən sayılır. Hər bir halda bunların bütün iddiaları ya səhih olmadığı, ya da onların düzgün anlamadıqlarına görə əsassızdır.


705

 

Assalamu Aleykum.

4 məzhəb imamı “Əgər hədis səhihdirsə bu mənim məzhəbimdir”  sözünü avvam müsəlmanlar üçün deyib yoxsa alimlər üçün? Allah rızası üçün bu məsələyə aydınlıq gətirin.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Şübhəsiz ki, bu söz, hədisin səhihini zəifindən ayırd etmək təqdirində olmayana aid deyildir. Eyni zamanda ola bilsin ki, avam bir müsəlman bir alimin hər hansı bir hədisin səhih olduğunu açıqlamasına əsaslansın.


700

 

As-salamu aleykum və rahmətullahi və bərakətuhu.

1. Əxi kimlərinsə uzu suyu hörmətinə Allahdan istəməyin hökmü?

2. Birdə ki, Allah rizası üçün görülən işin hörmətinə edilən duanın hökmü?

 

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

Buna təvəssül deyilir. İslamda caiz olan təvəssül aşağıdakılardır:

1. Allahın ad və sifətləri vasitəsilə təvəssül etmək. Məsələn dua edib deyirsən ki; “Allahım! Səndən hər şeyi əhatə edən mərhəmətinlə məni bağışlamanı diləyirəm!”

2. Yaxşı əməllər vasitəsilə təvəssül etmək. Rəvayət edilir ki, Abdullah ibn Ömər  (radiyallahu anhu) demişdir: “Mən Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Sizdən əvvəl yaşamış ümmətlərdən üç nəfər səfərə çıxdı və yolda yağışdan daldalanmaq üçün bir mağaraya çəkildilər. Onlar mağaraya daxil olduqdan sonra dağdan böyük bir qaya parçası yuvarlanıb yerə düşdü və mağaranın ağzını qapadı. Onlar bir-birlərinə dedilər: “Sizi bu qaya parçasından ancaq etdiyiniz yaxşı əməllərinizin vasitəsilə Allaha dua etməyiniz qurtara bilər. Onlardan birisi dedi: “Ey Allahım! Mənim qoca ata-anam var idi. Mən hər axşam onlara süd içirtməmiş nə ailəmə, nə də xidmətçilərimə süd verməzdim. Bir gün mən bir iş dalınca çox uzağa getdim, evə qayıtdıqda ata-anam artıq yatmışdı; mən onlar üçün süd sağıb gətirdım, lakin gəlib onları yatmış gördüm. Mən onlara süd içirtməmiş ailəmə və xidmətçilərimə süd vermək istəmədim. Odur ki, sübh açılanadək əlimdə süd dolu bardaq onların yuxudan oyanmasını gözlədim. Nəhayət, onlar yuxudan oyanıb südlərini içdilər. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu qaya parçasına görə düşdüyümüz çətinlikdən qurtar!” Bundan sonra mağaranın keçidi bir balaca açıldı, lakin onlar bayıra çıxa bilmədilər”. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Digəri dedi: “Ey Allahım! Mənim hamıdan çox sevdiyim bir əmim qızı var idi. Mən onun könlünü ələ almaq istədim, lakin o mənə könül vermədi. Aradan illər keçdi. Nəhayət, quraqlıq ilində o mənim yanıma gəldi və mən ona mənimlə yaxınlıq etmək şərtilə yüz iyirmi dinar təklif etdim. O da buna razılıq verdi. Mən onu ağuşuma aldıqda o dedi: “Haqsız yerə bakirəliyimi pozmağa sənə halallıq vermirəm”. Mən onu ələ almaqla günah qazanacağımdan qorxdum, onu buraxıb getdim, ona verdiyim qızılı da ona bağışladım. Halbuki o mənim üçün ən əziz insan idi. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz çətinlikdən qurtar!” Bundan sonra qaya parçası yerindən bir az da tərpəndi, lakin onlar mağaradan çıxa bilmədilər.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Üçüncüsü dedi: “Ey Allahım! Bir dəfə mən bir dəstə işçi tutdum və onların hamısının zəhmət haqqını verdim. Yalnız biri öz zəhmət haqqını almadan çıxıb getdi. Mən onun zəhmət haqqını işə qoydum və onun malları artdı. Xeyli vaxt keçdikdən sonra həmin adam gəlib dedi: “Ey Allahın qulu, mənim zəhmət haqqımı ver!” Mən ona dedim: “Gördüyün bu dəvələr, inəklər, qoyunlar və kölələr sənin zəhmət haqqındır.” O dedi: “Ey Allahın qulu, mənə istehza etmə!” Mən dedim: “Mən sənə istehza etmirəm.” Bundan sonra adam malların hamısını sürüb apardı və onlardan heç bir şey saxlamadı. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz çətinlikdən qurtar!” Beləliklə, qaya parçası tamamilə aralandı və onlar oradan çıxıb getdilər.” Hədisi Buxari rəvayət etmişdir

3.  Dualarının qəbul olacağı güman olunan əməlisaleh bir şəxsin dua etməsi ilə təvəssül etmək. Məsələn, biri həyatda olan əməlisaleh, təqvalı bir şəxsin yanına gedib ondan düşdüyü çətinlikdən qurtulması üçün dua etməsini istəyir.

Bunlardan savayı olan təvəssüllər caiz deyildir. Daha geniş məlumat alamaq üçün saytın yükləmələr bölümündəki İmanın əsasları kitabının 40-50-ci səhifələrini oxumanızı tövsiyə edirik.


692
Salam aleykum. Əziz qardaşlar. Bayraq büt sayılır?
Və aleykumus-salam. Bayraq büt sayılmır. Hər bir dövlətin bayrağı onu təmsil edən rəmzdir. Lakin bayrağın üzərində islam əleyhinə şüar və ya əlamət olarsa bu küfr şüarı sayılır. Və həmçinin bayrağa ibadət olnarsa o zaman onu büt hesab etmək olar.

688
Salam aleykum. Töhvid nə deməkdir? Geniş məlumat verərdiz.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Tövhid Allahı təkləşdirməyə deyilir. Tövhid və onun növləri haqqında ətraflı məlumat əldə etmək üçün saytın yükləmələr bölməsində “İmanın əsasları” əsərinin 5-86-cı səhifələrini oxumanızı tövsiyə edirik.

682
Salam aleykum. Qardaş Qurani kərimdə Harut və Marut adlı iki mələkləri, ALLAH öz dərgahından qovub, yoxsa imtahan olaraq göndərib? ALLAH razı olsun!
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Harutla Marut adlı iki mələyi Uca Allah insanlara imtahan olaraq göndərmişdi. Uca Allah buyurur: “Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!” (əl-Bəqərə, 102) Ümumiyyətlə mələklər əsla Allaha asi olmurlar və yalnız Uca Allahın göstərişlərini həyata keçirirlər. Uca Allah buyurur: “Bu səhifələr elçilərin əllərində – möhtərəm və müti olanların əllərindədir.” (Əbəsə, 15-16).

666
As-salamu Aleykum Şeyx. Məni çox düşündürən bir sual var. Əl-fələq surəsinde də oxuyuram, orda belə bir ayə var. İpə düyün vuran qadınların şərindən Allaha sığınıram. Amma falçılara və yaxud sehrbazlara lənət oxunmur. İndi məni düşündürən budur ki, elə bir Səhih Hədis və yaxud əl-Fələq surəsindən savayı elə bir surə, ayə nazil olubmu ki, Allah onları lənətləsin?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Əslində əl-Fələq surəsində belə deyilir: “Düyünlərə üfürən cadugər qadınların şərindən.” Ayədən açıq-aydın görünür ki, ipə düyün vurub üfürən şəxs elə sehrbaz və falçı sayılır. Şübhə yoxdur ki, sehrbazlıq və falçılıq da küfrdür. Uca Allah buyurur: “Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular.” (əl-Bəqərə, 102). Peyğəmbər (Sallallahu aleyhi va səlləm) demişdir: “(Sahibini) həlak edən yeddi əməldən çəkinin”. Onlardan birinin də sehr olduğunu qeyd etmişdir. Hədisi Buxari və Muslim rəvayət etmişlər. Odur ki, sehrbazlıqla məşğul olmaq ən böyük günahlardan hesab olunur. O ki qaldı sehrbazların lənətləndiyinə dair Qurani Kərimdə ayənin olmasına, bu barədə ayə yoxdur. Belə bir hədisə də rast gəlməmişik.

657
Əssələmu aleykum! 1) 4 məzhəbdən birini təqlid etmək caizdirmi? 2) İslamda avvam hökmündə olan müsəlman dedikdə kimlər nəzərdə tutulur?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. 1. Dörd məzhəbin fiqhini oxumaq, ona riayət etmək, hətta ona mənsub edilmək olar. Lakin hər hansı bir məzhəbə təəssübkeşlik etmək olmaz. Yəni məzhəbdəki bütün məsələləri düz və ya səhv olmasından asılı olmayaraq təqlid etmək olmaz. Məsələn Şeyxul İslam İbn Teymiyyə və İbn əl-Qeyyim Hənbəli məzhəbinə mənsub idilər, lakin onlar, bütün məsələlərdə Hənbəli məzhəbinə təəssübkeşlik etməmiş, dəlillərə əsaslanaraq məzhəbin xaricində olan rəylər də demişlər. Eləcə də bir çox alimlər. Yəni müsəlman daha düzgün rəy başqa məzhəbdən və ya Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sünnəsindən ona gəlib çatdıqda, xüsusi ilə də əgər o bu dəlilləri ayırd etmək bacarığına malikdirsə gərək həmin racih dəlilə tabe olsun. Dörd imam da insanlara bunu əmr edərək demişlər: “Əgər hədis səhihdirsə bu mənim məzhəbimdir.” 2. Avam olan insan isə dəlilləri ayırd etmək təqdirində deyilsə o zaman məzhəb alimlərinin sözünü götürüb riayət edə bilər. Uca Allah buyurur: “Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.” (ən-Nəhl, 43).

655
Salam aleykum. Qapının tutacaq yerinə cadu yağı sürtüblərsə onu necə batil eləmək olar?
Və aleykumus-salam. Qapının tutacağını ovsun oxunmuş su ilə yuyub təmizləyin. Ovsun dedikdə yəni bir qab suya əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyub sonra həmin su ilə o yeri yuyun. Daima evdə Quran oxumaq, səhər axşam zikrlərini vaxtında etmək insanın sehrdən qorunması üçün ən gözəl vasitələrdir.

650
Salam aleykum. 1. “Haqlısan” və ya “Haqlıyam” kəlimələrində şirk varmı? 2. Bilmədən və ya səhvən dilə şirk söz gətirmək, şirk sayılır, yəni bilmədən.
Və aleykumus-salam. 1. Bu kəlmələri danışıq zamanı işlətməkdə şirk yoxdur. 2. İnsan bilmədən və ya səhvən dilinə şirk söz gətirərsə bu şirk sayılır. Lakin Uca Rəbbimiz o şəxsi bilmədən və ya səhvən edildiyinə görə bağışlayır. Odur ki, həmin sözü deyən şəxsə günah yazılmır. Çünki Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Allah ümmətimin səhvən, unudaraq və məcbur edilərək etdiklərini bağışlayır.” Hədisi İbn Macə rəvayət etmişdir. Hədis səhihdir. Həmçinin Allaha şərik qoşmaqdan qorxan adam bu duanı deməlidir: [Allahummə inni əuzu bikə ən uşrikə bikə və ənə ələmu, və əstəğfirukə limə lə ələmu] - «Allahım! Biləbilə Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilmədiklərimə görə də Səndən bağışlanma diləyirəm!» Hədisi Əhməd və başqaları rəvayət etmişdir. Hədis səhihdir.

640
Salam aleykum. "Xeyre adında bir qadın Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) cadu edib? Belə ki göyərçinə 11 yerindən iynə sancıb qaranlıq və gizlin bir yerə atıb. Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) bunun təsirindən 9 gün qızdırmalı olub. Cəbrail (aleyhis-sələm) deyib ki bəs bu cadu olunub, gedib göyərçini tapıblar. Ondan sonra da ən-Nas və əl-Fələq surələri nazil olub, ikisi birlikdə. 11 ayədir oxuduqca iynələr bir-bir düşüb, göyərçin də sağalıb Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) də." Eşitdiyim şəkildə də yazdım. Bu səhihdirmi, bilmək istərdim. Allah elminizə bərəkət versin. Allah rizası üçün cavablandırardız. Salam aleykum.
Və aleykumus-salam. Qeyd etdiyiniz bu rəvayət yalan və cəfəngiyatdır. Düzdür, Peyğəmbərimizə (səlləllahu aleyhi və səlləm) cadu olunur və bu səbəbdən də o bir neçə gün xəstə yatır. Sonra isə əl-Fələq və ən-Nas surələri nazil olur. Əslində isə həmin hədis belədir. Rəvayət edilir ki, Aişə (radiyallahu anhə) demişdir: “(Bir dəfə) Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) sehr edildi. İş o yerə gəlib çatmışdı ki, həqiqətdə etmədiyi bir işi etdiyi onun xəyalına girirdi. Nəhayət, bir gün o, uzun-uzadı dua etdikdən sonra (mənə) dedi: “Bilirsənmi, Allah mənə bu xəstəlikdən sağalmaq üçün yol göstərdi. (Yuxuda) mənim yanıma iki nəfər gəldi. Onlardan biri mənim baş tərəfimdə, digəri isə ayaq tərəfimdə oturdu və öz aralarında (mənim haqqımda) danışmağa başladılar: – Bunun dərdi nədir? – Ona sehr edilmişdir. – Sehri edən kimdir? – Ləbid ibn əl-Əsam. – O, sehri nə ilə etmişdir? – Daraq, darananda saç-saqqaldan tökülən tük və erkək xurmanın tozcuğu ilə. – Yaxşı bəs o cadu-pitik indi haradadır? – Zərvan quyusunda. Bundan sonra Peyğəmbər (səlləllahu aleyhi və səlləm) quyunun yanına getdi. Sonra geri qayıdıb mənə dedi: “(O quyunun suyu ilə suvarılmış) xurma ağaclarının başı şeytan başlarına bənzəyir.” Mən soruşdum: “Cadunu çıxarda bildinmi?” Dedi: “Xeyr, (çıxartmadım)! Çünki Allah artıq mənə şəfa vermişdir. Lakin mən onun insanlara təsir göstərə biləcəyindən ehtiyat etdim.” Elə buna görə də həmin quyu (torpaqla) dolduruldu.” (əl-Buxari, 3268).

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”