Ana səhifə
 / Sual-cavab


622

 

Salam aleykum qardaş. Allah elminizə bərəkət versin. Belə suallarım var:

1. Namazı kapyuşonlu paltarda və ya əlini örtən baş geyimində və ya örtüyündə qılaramsa, səcdə zamanı alnım səccadəyə birbaşa dəymirsə bir problem varmı?

2. Sübh namazından sonra işə gecikməmək üçün namazdan sonrakı zikirləri yolda edə bilərəmmi? Bu zikrin fəzilətinə xələl gətirirmi?

3. Nerpa deyilən xəzli heyvan var. Mən bildiyim qədər yırtıcıdır, əti yeyilmir. Onun xəz dərisindən olan papağı istifadə etməkdə problem yoxdur ki?

 

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

1. Səcdə zamanı alının yerə birbaşa dəyməsi daha əfzəldir. Bəzi alimlər bunu vacib, bəziləri isə müstəhəb görürlər. Yalnız zəruri hallar istisnadır.

2. İşə gecikməmək üçün sübh namazının zikrlərini yolda etmənizdə heç bir qəbahət yoxdur və bu inşəAllah həmin zikrlərin fəzilətinə heç bir xələl gətirmir.

3. Dediyiniz heyvanın xəz dərisindən istehsal olunmuş papağı istifadə etmək caizdir. Çünki istənilən ölmüş heyvanın dərisi aşılandıqda onun həm içi, həm də çölü təmizlənir. İbn Abbas  (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Dəri aşılanarsa, təmizlənmiş olar!” Hədisi Buxari və Muslim rəvayət etmişdir.


620

Salam aleykum. Vitr namazını qılmaq vacibdirmi? Əgər qılınmayıbsa qəza vacibdirmi? Salam aleykum.

 

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

Uca Allahın gün ərzində fərz etdiyi namazların sayı beşdir. İbn Muheyriz rəvayət edir ki, bir dəfə Kinanə qəbiləsindən Muxdəci adlanan bir kişi Şamda Əbu Muhəmməd adlı birisinin “vitr namazı vacibdir”- dediyini eşitdi. Muxdəci Ubadə bin Samitin (radiyallahu anhu) yanına gedib bu barədə ona xəbər verdikdə Ubadə dedi: “Əbu Muhəmməd yalan danışır. Mən Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Uca Allah qullarına beş vaxt namaz fərz etmişdir. Kim bu namazlara laqeyd yanaşmazsa və heç bir şey əskiltmədən onları tam olaraq yerinə yetirərsə, onun üçün Cənnətə daxil olmasına dair Allah yanında əhd vardır. Kim də bu namazları yerinə yetirməzsə Allah yanında onun üçün heç bir əhd yoxdur. Allah istəsə ona əzab verər, istəsə də onu bağışlayar.” Hədisi Əhməd, Əbu Davud, Nəsai, və ibn Macə rəvayət etmişdir. Hədis səhihdir: Səhih Əbu Davud 1276-cı hədis. Təlhə ibn Ubeydullah (radiyallahu anhu) rəvayət edir ki, saçları dağınıq bir bədəvi Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Allahın elçisi! Allahın mənə fərz etdiyi namazlardan xəbər ver.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Beş vaxt namazı fərz etmişdir. Könüllü olaraq qıldığın namazlar isə istisnadır.” Kişi dedi: “Allahın mənə fərz etdiyi orucdan xəbər ver.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Ramazan orucunu fərz etmişdir. Yalnız könüllü olaraq tutduğun oruclar istisnadır.” Kişi dedi: “Allahın mənə fərz etdiyi zəkatdan xəbər ver.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dinin bütün ərkanları barəsində ona xəbər verdi. Kişi: “Səni hörmətli edən Allaha and olsun ki, könüllü olanlardan heç nə etməyəcəm və Allahın mənə fərz etdiklərindən də heç bir şey əskiltməyəcəyəm”– dedi və dönüb getdi. Peyğəm­bər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Əgər doğru deyirsə, nicat tapacaqdır (və ya Cənnətə daxil olacaq).” Hədisi Buxari və Muslim rəvayət etmişdir.

Hədislər onu göstərir ki, vitr namazı vacib (yəni, fərz) namaz deyildir. Lakin vitr namazı Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) daima qıldığı, müəkkəd (təkid olunmuş) sünnət namazıdır. Vitr namazını qəza etməyi isə bəzi alimlər caiz görürlər. Lakin bunu etmək vacib deyildir.


619

Salam aleykum şeyx! Xahiş edirəm bu məsələ ilə bağlı fikrinizi bildirəsiniz. Əxican bir qardaş 2-ci zövcə almaq istəyir bununla bağlı birinci zövcəsinə bəyan etməlidirmi. Birinci zövcədən bir qızı var. Əgər desə fitnə olar, fitnə olmasın deyən gizli evlənə bilərmi?

 

Və aleykumus-salam.

Uca Allah Qurani Kərimdə buyurur: Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızdıq etməməyə daha yaxındır.” ən-Nisa, 3.

Ayədən görünür ki, Uca Allah ikinci, üçüncü və ya dördüncü qadınla evlənmək üçün ədalətli olmağı şərt qoyur. Deməli ədalətli olacağınız təqdirdə başqa bir qadınla evlənə bilərsiniz. Bunu əvvəlki zövcəyə bildirmək isə şərt deyildir. Lakin insan ikinci, üçüncü və ya dördüncü qadınla ailə qurduqda niyyəti birinci qadınla ailə qurduğu kimi olmalıdır. Yəqin ki, siz birinci qadınla ailə qurduqda çox götür-qoy etdikdən sonra qəti qərara gəlmisiniz. Sizin çox götür-qoy etməyinizin səbəbi isə sizə daha çox bəllidir. Çünki, siz düşünürdünüz ki, onunla ömür yoldaşı olacaqsınız, ondan dünyaya övladlar gətirəcək və bununla da müsəlmanların sayını artıracaqsınız, onu gözəl evlə təmin edəcəksiniz, onu qohum-əqrəba içinə çıxaracaqsınız, vaxtınız olduqda onu gəzməyə çıxaracaqsınız, onunla toy mərasimi keçirib bütün qohum-əqrəbaya bildirəcəksiniz və sairə bu kimi başqa niyyətləriniz olub. Əgər ikinci qadınla evləndikdə də bu səbəblərə fikir verəcəksinizsə onda ədalətli olacaq, əks təqdirdə isə ədalət prinsipini pozmuş olacaqsınız. Belə olduğu təqdirdə isə Uca Allah bir zövcə ilə kifayətlənməyi buyurur.

Yaşadığımız dövrdə bəzi qardaşlarımız öz şəhvətinin qulu olaraq ikinci qadınla evlənir və iş o yerə gəlib çatır ki, sonra birinci ilə boşanası olur və övladlarını da tərk edərək başsız qoyur. Həmin qardaş düşünmür ki, sonda yenə o bir zövcə ilə qaldı. Elə isə ikinci ilə evlənməyib elə birinci zövcəsi ilə qalmaq və övladlarını çölə atmayıb onları İslam ruhunda tərbiyə etmək daha əfzəl deyilmi???

Həmçinin bəzi qardaşlarımız ikinci zövcə alır və onu kirayələrdə saxlayır, birinciyə qayğı göstərdiyi kimi ona da qayğı göstərmir. Belə olduğu təqdirdə isə həmin qardaş günah qazanmış olur.

Odur ki, qardaşlarımıza nəsihətimiz budur ki, əgər ikinci ilə evlənmək onu birinci ilə boşanmaq dərəcəsinə gətirib çıxaracaq və onu boşayıb övladlarını çölə atacaqsa elə əvvəlcədən birinci ilə kifayətlənsin və ailəsini qoruyub saxlasın. Bu onun üçün daha xeyirli olacaq.


618
Əssəlam aleykum. İnsanın Cənnətə və ya Cəhənnəmə düşəcəyi onun qəzavü qədərində yazılırmı?
Və aleykumus-salam. Bəli, insanın Cənnət və ya Cəhənnəm əhlindən olacağı əvvəlcədən yazılmışdır. Rəvayət edilir ki, Abdullah ibn Məsud (radiyallahu anhu) demişdir: “Doğru danışan və doğruluğu təsdiq edilmiş Rəsulullah (səlləllahu aleyhi və səlləm) bizə belə bir hədis danışmışdır: “Sizlərdən hər kəs anasının bətnində xəlq edilərkən ilk qırx gün ərzində nütfə halında, sonrakı qırx gündə qan laxtası, daha sonrakı qırx gündə isə ət parçası olur. Sonra Allah (onun yanına) bir mələk göndərir. Bu mələyə dörd şey (yazmaq) əmr edilir və ona: “(Bu uşağın) əməlini, ruzisini, əcəlini, bədbəxt və ya xoşbəxt olacağını yaz!”– deyilir. Sonra ona ruh üfürülür. Həqiqətən, içinizdən kimsə o qədər yaxşı işlər görə bilər ki, axırda onunla Cənnət arasında bir ərəş məsafə qalar. Lakin əzəldən yazılmış qədəri onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlinə bənzər əməllər edər. (Həmçinin) biriniz o qədər pis işlər görər ki, axırda onunla Cəhənnəm arasında bir ərəş məsafə qalar. Lakin əzəldən yazılmış qədəri onu qabaqlayar və o, Cənnət əhlinin əməlinə bənzər əməllər edər.” (əl-Buxari, 3208). Həmçinin Muslimin “Səhih” əsərində Abdulla ibn Məsuddan (radiyallahu anhu) rəvayət olunan hədisdə deyilir: “Nütfənin ana bətninə düşdüyü yüz iyirminci günündə mələyə ruh üfürülməsi və dörd kəlimə yazması əmr olunur: Ruzisi, əcəli, əməli, bədbəxt və ya xoşbəxt olması...” Lakin bu heç də o demək deyil ki, insan dünya ruzisi qazanmaqda, axirətdə xoşbəxtlik və yaxud bədbəxtliyə nail olmaqda əmək sərf etməyərək bütün ümidini qədərinə bağlamalıdır. Əvvəla mələyin onun üçün yazdıqları qeybdir. Heç kəs bilə bilməz ki, onun qədərində nələr yazılıb. Buna görə də müsəlman dünya və axirət xoşbəxtliyini qazanmaq üçün var gücü ilə çalışmalıdır. Yəni indi bu sualı verməyə səni kimsə məcbur edir, yoxsa öz ixiyarınla verirsən? Əlbəttə ki, öz istəyinlə. Lakin bizi Yaradan Allah əvvəldən sənin belə bir sual verəcəyini bilir. Rəvayət edilir ki, İmran ibn Husayn (radiyallahu anhu) demişdir: “Bir dəfə bir nəfər Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) dedi: “Ya Rəsulullah, kimlərin Cənnət əhli, kimlərin də Cəhənnəm əhli olduğu bəllidirmi?” Peyğəmbər (səlləllahu aleyhi və səlləm): “Bəli!”– dedi. Adam soruşdu: “Elə isə insanların gördükləri işlər nəyə lazımdır?” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Hər kəs nə üçün yaradılmışsa, (yaxud hər kəsə nə asanlaşdırılmışsa), ona uyğun da əməl edər.” (əl-Buxari, 6596).

617
Salam aleykum qardaşlarım. 1. Mən qardaşımın zövcəsinə salam verə bilərəmmi. 2. Qardaşımın zövcəsi və mən bir yerdə süfrədə otura bilərikmi? Allah yardımçınız olsun.
Və aleykumus-salam. 1. Bəli, siz qardaşınızın zövcəsinə salam verə bilərsiniz. 2. Bəli, siz qardaşınızın zövcəsi ilə bir yerdə süfrədə otura bilərsiniz. Lakin bir şərtlə ki, onun məhrəmi də sizinlə birlikdə həmin süfrədə otursun.

616
As-salamu aleykum va rahmətullahi va barakatuhu. Əziz şeyx, mən qəfəsdə papuqay saxlayıram və bu heyvanlar isti ölkələrdən və ya açıq sahələrdə yeməyi olmadığından dolayı çöldə yaşaya bilməyən papuqaylardandır. Mən bu quşları qəfəsdə saxladığıma görə günah iş görürəmmi? Allah sizi qorusun. Salamu aleykum va rahmətullahi va barakatuhu.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Qəfəsdə quş və ya akvariumda balıq saxlamaqda bir problem yoxdur. Bir şərtlə ki, onlara yaxşı baxıb, vaxtlı-vaxtında yeməyini və suyunu verəsən. Xüsusi ilə də onları saxlamaqda məqsəd Allahın yaratdığı məxluqlar barədə düşünmək, yaxud övladların buna baxıb əylənərək dincəlmələridirsə bu olar. Buxari və Muslimin “Səhih” əsərlərində Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bizim yanımıza gələrdi. Mənim Əbu Umeyr adlı balaca qardaşım var idi. Onun quşcuğazı var idi. Uşaq onunla oynayardı. (Bir gün) quşcuğaz öldü. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) yanımıza gəldikdə onun qəmgin olduğunu görüb soruşdu ki: “Buna nə olub?” Dedilər: “Quşcuğazı ölüb.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Ey Əbu Umeyr, quşcuğaza nə oldu?” (Buxari,6129; Ədəbul-Mufrad, 847) Nuğeyr kiçik bir quş idi. İbn Həcər əl-Əsqalani “Fəthul bari” əsərində demişdir: “Bu hədis dəlildir ki, qəfəsdə quş və ya digər heyvanları saxlamaq olar. Lakin heyvan saxlayan kəs gərək ona yaxşı qulluq edib, yeməyini və suyunu vaxtlı-vaxtında versin. Belə ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Bir qadın (pişiyi) acından ölənədək (evdə) saxlamış, nə ona yemək vermiş, nə də onu sərbəst buraxmışdır ki, gedib özünə yem tapsın. Buna görə də (həmin qadın) Cəhənnəmə girmişdir.” Hədisi Buxari və Muslim rəvayət etmişlər. Daha doğrusunu Allah bilir.

615
Salam aleykum. Tövhid əhli olan müsəlman bir qadının bidət əhli (RAFİZİ) olan bir atası var. Atası onu öz əqidəsində olan bir rafiziyə ərə vermək istəyir. Bu halda qız təbii ki, ona ərə getmək istəmir. Qadın öz istəyi ilə tövhid əhli olan bir qardaşa ərə gedə bilərmi? Atasının bu məsələdə ona halallıq verməsi vacibdirmi? Sözsüz ki atasının istəyini yerinə yetirməyəcək, yəni rafiziyə ərə getməyəcək. Belə olan halda qadın nə etsin ki, ailə qursun?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Ümumiyyətlə İslamda vəlinin icazəsi olmadan qadın ərə gedə bilməz. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Vəlisinin icazəsi olmadan ərə gedən qadının nikahı batildir, batildir, batildir.” Hədisi Əbu Davud (2085), Tirmizi (1102) və Əhməd (24417) rəvayət etmiş və Şeyx Albani onun səhih olduğunu bildirmişdir. Vəlinin şərtləri isə aşağıdakılardır: 1. Ağlı başında olan kəs olmalıdır. Yəni dəli olmamalıdır. 2. Həddi büluğa çatmış olmalıdır. Yəni azyaşlı olmamalıdır. 3. Azad bir şəxs olmalıdır. 4. Müsəlman olmalıdır. Yəni kafir olan kəsin valideyinlik haqqı qorunsa belə o, vəlilik haqqını itirmiş hesab olunur. 5. Kişi cinsinə mənsub olmalıdır. (Ata, baba, qardaş, əmi və s.) Vəlisi olmayanın vəlisi qazıdır. Bu şərtlər mövcuddursa qadın səbir edib müxtəlif yollarla vəlini yola gətirməyə çalışmalıdır. Uca Allaha çoxlu dua etməyi də unutmayın.

614
Salam aleykum və rahmətullahi və bərəkətuhu. Necəsiniz şeyx. Allah sizi xeyirlə mükafatlandırsın. Sualım belədir. Əgər biri səndən özü üçün kompüter hədiyyə etməyini istəyirsə və o adam cahildir. Mən də onun kompüterlə nə işlər görəcəyini bilmirəm (musiqi və başqa haramlar). Bu halda hədiyye etmək olar, yoxsa məndə onun günahından var? Allah elminizə bərəkət versin.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Cahilə hədiyyə vermək haram deyil. Xüsusi ilə də əgər məqsəd onun qəlbini ələ alaraq İslama dəvət etməkdirsə. Yalnız həmin şəxs bu hədiyyəni haram işlərə istifadə edəcəyi ehtimalı çoxdursa bundan çəkinməniz tövsiyə olunur. Uca Allah buyurur: “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə bir-birinizə köməkçi olmayın.” (əl-Maidə, 2).

613
As-salamu aleykum va rahmatullahi va barakatuhu va mağfiratuhu va Djannatil Firdaus. Mən insaAllah bir qardaşla aile qurmaq istəyirəm, ikinci həyat yoldası olaraq və o qardaş mənim müdürümdür. Əlhəmdulillah hər şey yolunda idi. İşlədiyim yerdə onun keçmiş sevdiyi qız da işləyirdi, ayrıldıqlarını bilirdim. Öz özlüyümdə düşündüm ki bəlkə artıq tövbə ediblər, keçmiş günahlarına görə onlara nə isə demək mənə düşmür. O insan mənə evlənmə təklifi etdikdən 1 həftə sonra o qız mənə hələ də onu sevdiyini və onu geri qaytarmaq istədiyini söylədi. SubhanAllah mən heç nə demədim, çünki o insan mənimlə evlənmək istədiyini heç kimə deməyə icazə vermirdi. Sonra bacıya hər şeyi acıb dedim, amma o üçüncü həyat yoldaşı olmağa razılıq verdi və o mənimlə ailə qurmaq istəyən qardaş onunla bu barədə danışıb və onunla da evlənmək istədiyini bildirib. Bilmək istəyirəm bu nə dərcədə doğrudur??? Mənim ürəyimdə nəfsim, ya da vəsvəsəmi məni çox narahat edir. Qardaşla artıq ailə qurmaq istədiyimdə əmin deyiləm, şübhə içindəyəm, kiminlə məsləhətləşdimsə ailə qurma dedilər. Çünki o qardaş o qızla danışır və mənə də bunları bacı dedikcə keçmişi xatırlatdıqca ürəyimdə o insanlara kin yaranır, qəlbimi çox pis səkildə qırdılar. Mən axı subhanAllah hansı arzularla ailə qurmağa hazırlaşırdım. Mən bu cür qardaşlar üçün tərbiyələndirici bir leksiya hazırlamağınızı çox istəyərdim və belə bacılar üçün işdən çıxmağı düşünürəm. Bir sualım daha var, müsəlman olan şəxs müsəlmanın telefonlarını, zənglərini hər hansısa saytda qeyd olunduğunu, kimlərə nələr yazdığını, telefon danışıqlarına qulaq asması nə dərcədə doğrudur?? As-salamu aleykum va rahmatullahi va barakatuhu.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Sizə istixarə etməyi tövsiyə edirik. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: “Sizdən biriniz bir işə başlamaq istədikdə fərz namazlarından əlavə iki rükət namaz qılsın və desin: [Allahummə inni əstəxirukə bi ilmikə, və əstəqdirukə bi qudratikə, və əsəlukə min fadlikəl-azım, fəinnəkə təqdiru və lə əqdir, və tələmu və lə aləm, və əntə alləmul ğuyub. Allahummə in kuntə tələmu ənnə həzəl-əmra xayrun li fi dini və məaşi və aqibəti əmri, acilihi və əcilihi – fəqdurhu li və yəssirhu li, summə bərik li fihi. Və in kuntə tələmu ənnə həzəl-əmra şərrun li fi dini və məaşi və aqibəti əmri, acilihi və əcilihi – fasrifhu anni, vəsrifni anhu, vəqdur liyəl-xayra heysu kənə, summə ardıni bihi] “Allahım! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım! Bu işin (işin adını çəkir) mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – zərərli olduğunu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!” Yaradandan uğur diləyən, mömin insanlarla məsləhətləşən və öz işində ehtiyatla davranan kəs peşman olmaz. Bundan əlavə hər hansı işi etməzdən qabaq yaxınlarınızla, ağıllı insanlarla da məsləhətləşin. Çünki hər bir işdə uğur qazanmanın sirri məsləhətləşmədədir. Uca Allah buyurur: “…görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!” (Ali İmran, 159).

612
Salam Aleykum va Rahmatullah. Mən bu 2 səhabə, Umeyr və Zeyd (Allah onlardan razı olsun) haqda bilmək istəyirəm.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Xahiş edirik ki, sualınızı dəqiqləşdirəsiniz. Hansı səhabəni nəzərdə tutursunuz? Umeyr ibn Vahbı, Umeyr ibn Sadı yoxsa başqasını? Həmçinin hansı Zeydi nəzərdə tutursunuz? Zeyd ibn Harisi, Zeyd ibn Sabiti yoxsa başqasını? Konkret olaraq sizi maraqlandıran nədir?

611
Salam aleykum. Mən elə bir işdə işləyirəm ki vəzifəmdə işcilərə iş yerindən arayış verməliyəm və bu arayışı işcilər çox vaxt banklar üçün, yəni kredit götürmək üçün alırlar. Mənə də onların götürdüyü kreditdən günah toxunur ya yox?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Onların götürdükləri kreditin günahı onların özünə yazılır. Uca Allah buyurur: “Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz.” (əl-İsra, 15) Lakin söylədiyiniz kimi verdiyiniz arayış əksər hallarda haram məqsədlər üçün istifadə olunursa bunlardan çəkinməniz tövsiyə olunur. Uca Allah buyurur: “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə bir-birinizə köməkçi olmayın.” (əl-Maidə, 2).

610
As-salamu aleykum və rahmətullahi və barakatuhu. Əziz qardaş sualım belədir: Vitr namazı səslimi qılınır? Allah razı olsun. As-salamu aleykum və rahmətullahi və barakatuhu.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Vitr namazı gecə namazıdır. Odur ki, onu səsli də qılmaq olar, səssiz də. Çünki Peyğəmbər (səlləllahu aleyhi və səlləm) gecə namazını hərdən səslə, hərdən də səssiz qılardı. Abdullah ibn Əbu Qeys rəvayət edir ki, mən Aişədən (radiyallahu anhu) “Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) gecə namazında qiraətə necə idi, səsli yoxsa səssiz?”- deyə soruşdum. Aişə dedi: “Hər ikisini edərdi, hərdən səslə, hərdən də səssiz edərdi.” Hədisi Nəsai rəvayət etmişdir. Hədis səhihdir. Lakin vitr namazını səsli qılmaq daha əfzəldir. Çünki Peyğəmbər (səlləllahu aleyhi və səlləm) əksər hallarda səslə qılardı.

609
As-salamu aleykum. Namazdan cıxmağa icazə verən hallar varmı? Əgər varsa bu yalnız fərz namazlarına aid edilir, yoxsa sünnə və nafilələrə də..?
Və aleykumus-salam. İstər fərz namazı, istər də nafilə namazı olsun zərurət halında namazdan çıxmağa icazə verilir. Bu zaman həmin namazı təzədən əda etmək gərəkdir.

608
Əs-salamu aleykum və rahmətullahi və bərakətuhu! Şeyx sizə bir sualım var. Mən keçən il çox sıxıntıda oldum, sevinə bilmirdim, bədbinləşmişdim, elə bilirdim hər şey pisləşəcək, qəlbim sıxıntıda idi, tez-tez yuxuda məni boğurdular və pis yuxular görürdüm. Sonra bir neçə dəfə özümə ruqya elədim, əlhəmdulilləh yuxuları daha görmürəm. Amma hələ də sanki nə isə qalıb. Çünki nə istəyirəmsə məndən uzaqlaşır. Başqa nə edə bilərəm, nə məsləhət görürsüz? Çox xahiş edirəm mənə kömək edin. Allah sizdən razı olsun.
Və aleykumus-sələmu və rahmərullahi və bərakətuhu. Sizə nəsihətimiz budur ki, bəzi əməllərə diqqət yetirməlisinz. Onlardan bir neçəsini sizə qeyd edək: 1. Namazlarınızı vaxtında qılmalısınız. 2. Müsəlman qalası kitabındakı səhər-axşam zikrlərini vaxtında və daim etməlisiniz. 3. Çoxlu-çoxlu (ərəbcə) Quran oxumalısınız, bacarmadığınız təqdirdə isə Qurana qulaq asmalısınız. Xüsusən də əl-Bəqərə surəsi. 4. Çalışın daim dəstəmazlı olun. 5. Təkliyə qapanmaqdan uzaq olun və daim müsəlman camaatı ilə olun. 6. əl-Fələq, əl-İxlas və ən-Nas surələrini daim oxuyun. Xüsusən də oxunması gərək olan məqamlarda. Məsələn: Namazlardan sonra, səhər-axşam zikrlərində, yatmazdan əvvəl və s. 7. Həmçinin daim “Kürsü” ayəsini oxuyun. əl-Bəqərə surəsinin 255-ci ayəsi. 8. Dini dərslərə qulaq asın ki imanınız artsın və bu kimi vəsvəsələrin sizə təsiri olmasın.

607
As-salamu aleykum əxi. 2 doğma qardaş həm də müsəlman olan əgər birinin zövcəsi dul qalarsa onu ala bilərmi?
Və aleykumus-salam. Bəli, şəriətə görə əgər qardaşlardan birinin zövcəsi dul qalarsa o biri qardaş onu ala bilər.

606
Əxi salam aleykum!!! Hər ferz namazından sonra belə zikr etmək olarmı? 1. 33+33+33 sonra İxlas, Fələq və Nas surələrini oxumaq, sübh və məğribdə isə bu surələri 3 dəfə oxuyuram! 2. 10 dəfə “Lə ilahə illallahu vahdəhu lə şərikə ləhu ləhul-mulku və ləhul-həmdu va huva alə kulli şeyin qadir.” 3. 10 dəfə “Lə havlə və lə quvvətə illə billəh.” 4. 10 dəfə “”Subhanallah valhamdulilləh və lə iləhə illallah, vallahu əkbər.” 5. 10 dəfə “Subhanallahi va bihəmdihi va subhanallahil-azim.” 6. 10 dəfə “Subhanallahil-azim və bihəmdih! 7. 100 dəfə əstəğfirullah! Yəni əxi belə sayda etmek olarmı? Bunda bir bidət yoxdur ki?? Əgər düz deyilsə mənə zikirlərin dəqiq sayı neçədir deyə bilərsinizmi?? Müsəlmanın qalasında hansı zikri neçə defə demək lazımdır yazılmayıb!!! Əs-salamu aleykum və rahmatullahi və bərakətuhu.
Və aleykumus-salam. Sizə namazdan sonra ediləcək zikrləri tərtiblə və neçə defə ediləsidirsə yazacağıq ki, özünüz müqayisə edin. Hansı zikrlərdə xəta edirsinizsə onu düzəldərsiniz. 1. Əstəğfirullah (üç dəfə)! 2. Allahummə Əntəs-səlam və minkəs-səlam təbarəktə ya zəl-cəlali vəl-ikram. (bir dəfə). 3. Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləh. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Allahummə, lə maniə limə ətəytə və lə mutiyə limə mənətə və lə yənfəu zəl-cəddi minkəl-cədd. (bir dəfə). 4. Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Lə hovlə və lə quvvətə illə billəh. Lə ilahə illəllahu, və lə nəbudu illə iyyah. Ləhun-nimətu və ləhul-fədlu və ləhus-sənaul-həsənu. Lə ilahə illəllahu muxlisinə ləhud-dinə və ləu kərihəl-kafirun. (bir dəfə). 5. Subhanallahi, vəlhəmdulillahi, vəllahu əkbər (otuz üç dəfə)! 6. Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu; ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. (bir dəfə). 7. əl-İxlas, əl-Fələq və ən-Nas surələri. (bir dəfə) Sübh və məğrib namazlarından sonra isə üç dəfə. 8. Ayətul-kürsünü oxumaq. (bir dəfə). 9. Lə ilahə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu, yuhyi və yumitu və huvə alə kulli şeyin qadir. (Bu zikri məğrib və sübh namazlarından sonra on dəfə oxumaq). 10. Allahummə, inni əsəlukə ilmən nafiən və rizqən tayyibən və əmələn mutəqəbbələn. (Bu dua sübh namazının salamından sonra oxunur).

605
Əs-sələmu aleykum şeyx. Fərz namazında dua etmək olarmı?
Və aleykumus-salam. Bəli, fərz namazında dua etmək olar. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Bəndənin Rəbbinə ən yaxın olduğu vaxt onun səcdə etdiyi andır. Elə isə duaları çoxaldın!” Hədisi Muslim rəvayət etmişdir.

603
Əs-salamu aleykum. Çox istərdim ki, kiçik və böyük künahların mənasını bilim. İnsan hansı günahı etdikdə böyük günah və ya kiçik günah etmiş olur? Böyük şirk və kiçik şirk nədir? Bu haqda ətraflı bilmək istərdim. Allah sizdən razı olsun. Əs-salamu aleykum.
Və aleykumus-salam. Alimlər böyük günahlara ümumi olaraq belə bir tərif vermişlər. Adam öldürmək, zina etmək və oğurluq etmək kimi bu dünyada şəri cəzası olan, habelə Axirətdə əzab, qəzəb və hədə (təhlükə) olacağı barədə vəd verilən və Quranda sahibinin lənətləndiyi bildirilən, eləcə də Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) dili ilə sahininin lənətləndiyi bildirilən hər bir günah böyük günahdır. Bu tərifə görə böyük günahlar üç şeyə görə bilinir. 1. O günahlar ki, onu edən şəxs bu dünyada şəri cəzaya məhkum edilir. 2. O günahlar ki, onu edən şəxsi Axirətdə əzab, qəzəb, təhlükə kimi şeylər gözləyir. 3. O günahlar ki, onu edən şəxs Quranda lənətlənmiş və ya Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) dili ilə lənətlənmişdir. Bunlardan başqa olan günahlar isə kiçik günahlar hesab edilir. Kiçik şirk barəsində isə alimlər ixtilaf etmişlər. Birinci tərif: Şirk adını daşıyan və Quran və sünnədə böyük şirk olaraq bildirilməyən hər bir əmələ kiçik şirk deyilir. Məsələn, hədisdə deyilir ki, “Kim Allahdan qeyrisinə and içərsə şirk qoşmuş olar.” Bu əməl kiçik şirkdir. Çünki Quran və sünnəyə görə sadəcə bu əməli edən şəxs İslamdan çıxmır. İkinci tərif: Şəriətdə şirk adını daşımasa da belə böyük şirkə aparıb çıxaran hər bir vasitə kiçik şirkdir. Məsələn: İnsan hər hansı bir şeyə, hətta onu ilah olaraq qəbul etməsə də belə Allaha etiqad etdiyi kimi etiqad edir. Bu kiçik şirk adlanır. Bundan başqa olan şirklər isə böyük şirk adlanır. Daha doğrusunu isə Allah bilir.

602
As-salamu aleykum! Qardaş boksda məşqçi kimi işləmək haramdırmı? Yəni deyək ki, özəl bir yer açmısan və boks dərsləri verirsən, amma sadəcə niyyətin müdafiə məqsədi ilə öyrədilən boksdur. Yəni yarış üçün öyrədilən boks yox. As-salamu aleykum.
Və aleykumus-salam. Əgər sizin dediyiniz kimidirsə və boks öyrətdiyiniz zaman heç bir tərəf bədənindən zərər çəkməyəcəksə bu halda siz məşqçi kimi işləyə bilərsiniz.

601
Salam aleykum şeyx. Sualım belədir ki televizora baxmaq olarmı? Xüsusən də xebərlərə.
Və aleykumus-salam. Televizorda həm halal, həm də haram şeylər vardır. Haram olanlara baxsanız günah qazanar, halal olanlara baxsanız isə savab qazanarsınız və ya ən azından sizə günah yazılmaz.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”