Ana səhifə
 / Sual-cavab


644
Salam Aleykum. Bir sualım da var. Əgər bir nəfər sıxıntılardan bezib özünü intihar etmək fikrinə düşərsə, yalnız fikir, əməl yox. Və sonradan Allahdan qorxub bu fikirdən vaz keçərsə o zaman nə etməlidir? Qüsul edib dəstəmaz alıb sübh namazından sonra tövbə etməlidir?
Və aleykumus-salam. İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Rəbbindən belə rəvayət etmişdir: “Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir. Kim bir savab iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o savab iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah onun üçün Öz yanında ondan yeddi yüzədək, hətta bundan qat-qat artıq savab yazar. Kim bir günah iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o günah iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah ona cəmi bir günah yazar. (əl-Buxari, 6491). Hədisdən aydın olur ki, həmin adam Allahdan qorxub intihar etmək fikrindən vaz keçdiyinizə görə ona bir savab yazılır. Odur ki, həmin adama heç nə etməyə gərək yoxdur.

643
As-salamu Aleykum qardaş. Allah sizdən razı olsun və elminizi artırsın suallara çox gözəl cavab verirsiniz. Düzdür mən əvvəlki sualımda texniki səhv etdim. Yəni demək istəyirəm şadlıq evində Security işində işləmək olarmı? Məsələn şadlıq evində həyətə nəzarət edirsən, yuxarıda dava-dalaş düşəndə insanları bir-birindən ayırırsan. Heç kimə xəsarət yetirmədən, sadəcə olaraq başqa iş tapa bilmirəm deyə vəziyyətdən çixmaq üçün müvəqqəti işləmək istəyirəm. Qardaş bu barədə nə deyə bilərsiniz? CəzakAllahu xayran. Salam aleykum va Rahmatullahi va barakatuhu.
Və aleykumus-salam. Siz həmin yerdə işləməklə haram işlə məşğul olanlara işlərində kömək etmiş olursunuz. Uca Allah buyurur: “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (əl-Maidə surəsi, 2). Ona görə də sizə tövsiyəmiz budur ki, həmin işdən çəkinəsiniz.

642
As-salamu aleykum va rahmatullahi va barakatuhu. Əxi mənim bir sualım vardır. Həkim və ya orta tibb işçisi işləyən kişi xəstənin sağrısına (inyeksiya) iynə vurarsa və yaxud da müayinə yaxud da cərrahi əməliyyat zamanı onun cinsi orqanına toxunarsa onun dəstamazı pozularmı?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Bəli, qeyd etdiyiniz hallarda dəstəmaz pozulmuş hesab olunur.

641
Salam aleykum şeyx. 1. Səudiyada Muxtar Şinqiti adlı alim var, ondan istifadə etmək olarmı, elmindən? 2. Rabi Mədxali Şinqitinin əqidəsinin xarab olduğunu, onun hizbi, xarici, bidətçi olduğunu deyir, onun bu sözü haqdırmı?
Va aleykumus-salam. Bəli Səudiyyədə Muxtar Şinqiti (Allah onu qorusun) adlı alim var. Çox savadlı bir alimdir. Xüsusən fiqhi məsələlərdə. Şeyx Rabi Mədxəliyə (Allah onu qorusun) nisbət olunan, “Muxtar Şinqiti barəsində bu dediklərinin” nə dərəcədə düz olduğunu bilmirik. Ola bilsin hansısa bir məsələ ilə əlaqəli olsun. Lakin Şeyx Abdul-Muhsin əl-Abbad (Allah onu qorusun) Muxtar Şinqiti barəsində tərif dediyi və ondan faydalanmağın caiz olduğunu söylədiyi bizə məlumdur.

640
Salam aleykum. "Xeyre adında bir qadın Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) cadu edib? Belə ki göyərçinə 11 yerindən iynə sancıb qaranlıq və gizlin bir yerə atıb. Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) bunun təsirindən 9 gün qızdırmalı olub. Cəbrail (aleyhis-sələm) deyib ki bəs bu cadu olunub, gedib göyərçini tapıblar. Ondan sonra da ən-Nas və əl-Fələq surələri nazil olub, ikisi birlikdə. 11 ayədir oxuduqca iynələr bir-bir düşüb, göyərçin də sağalıb Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) də." Eşitdiyim şəkildə də yazdım. Bu səhihdirmi, bilmək istərdim. Allah elminizə bərəkət versin. Allah rizası üçün cavablandırardız. Salam aleykum.
Və aleykumus-salam. Qeyd etdiyiniz bu rəvayət yalan və cəfəngiyatdır. Düzdür, Peyğəmbərimizə (səlləllahu aleyhi və səlləm) cadu olunur və bu səbəbdən də o bir neçə gün xəstə yatır. Sonra isə əl-Fələq və ən-Nas surələri nazil olur. Əslində isə həmin hədis belədir. Rəvayət edilir ki, Aişə (radiyallahu anhə) demişdir: “(Bir dəfə) Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) sehr edildi. İş o yerə gəlib çatmışdı ki, həqiqətdə etmədiyi bir işi etdiyi onun xəyalına girirdi. Nəhayət, bir gün o, uzun-uzadı dua etdikdən sonra (mənə) dedi: “Bilirsənmi, Allah mənə bu xəstəlikdən sağalmaq üçün yol göstərdi. (Yuxuda) mənim yanıma iki nəfər gəldi. Onlardan biri mənim baş tərəfimdə, digəri isə ayaq tərəfimdə oturdu və öz aralarında (mənim haqqımda) danışmağa başladılar: – Bunun dərdi nədir? – Ona sehr edilmişdir. – Sehri edən kimdir? – Ləbid ibn əl-Əsam. – O, sehri nə ilə etmişdir? – Daraq, darananda saç-saqqaldan tökülən tük və erkək xurmanın tozcuğu ilə. – Yaxşı bəs o cadu-pitik indi haradadır? – Zərvan quyusunda. Bundan sonra Peyğəmbər (səlləllahu aleyhi və səlləm) quyunun yanına getdi. Sonra geri qayıdıb mənə dedi: “(O quyunun suyu ilə suvarılmış) xurma ağaclarının başı şeytan başlarına bənzəyir.” Mən soruşdum: “Cadunu çıxarda bildinmi?” Dedi: “Xeyr, (çıxartmadım)! Çünki Allah artıq mənə şəfa vermişdir. Lakin mən onun insanlara təsir göstərə biləcəyindən ehtiyat etdim.” Elə buna görə də həmin quyu (torpaqla) dolduruldu.” (əl-Buxari, 3268).

639
Salam aleykum şeyx. Sulım belədir ki mən elm tələbəsi deyiləm, sadəcə ərəb dilini gözəl şəkildə öyrənmək istəyirəm, niyyətim də ki sələflərin kitablarını tərcümə etməkdir. Bununla məşğul ola bilərəmmi? Yəni elmim yoxdursa tərcümə ilə məşğul ola bilərəmmi? Tərcümə edib sonra da elm tələbələrinə göstərib çapa vermək olarmı?
Və aleykumus-salam. Bəli, ziz ərəb dilini mükəmmək bildikdən sonra dini kitabların tərcüməsi ilə məşğul ola bilərsiniz. Lakin hər hansı bir hədisi və ya dini termini tərcümə etdiyin zaman gərək həmin hədisin və ya dini terminin alimlər tərəfindən necə şərh edildiyinə də müraciət edəsiniz. Həmçinin tərcümədən sonra həmin tərcümənin düzgün olub olmadığını dəqiqləşdirmək üçün elm tələbələrinə də müraciət edəsiniz.

638
Əs-Salamu Aleykum və rəhmətullahi və bərəkətuh. 1-ci Sual. Namazda ikən axırıncı rükətdə səcdə anında dua etmək olarmı və səcdəni uzatmaq olarmı (təxminən 4-5 dəqiqə və ya çox)? Bəzi qardaşlar deyir ki, əgər uzadırsansa bütün rükətlərdə eyni vaxtda uzatmalısan. 2-ci Sual. Namaz qılarkən 1 ci rükətdə “əl-Fatihə” surəsindən sonra hər hansı bir surə (məsələn əl-Fələq surəsini) oxuyursansa 2-ci rükətdə mütləq ondan sonrakı surələri oxumalısan (məsələn ən-Nas surəsini). Allah sizdən Razı olsun və elminizi artırsın.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. 1. Namaz əsnasında səcdədə dua etmək caizdir. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Bəndənin Rəbbinə ən yaxın olduğu vaxt onun səcdə etdiyi andır. Elə isə duaları çoxaldın!” Hədisi Muslim rəvayət etmişdir. Bu hədis onu göstərir ki, namazın istənilən rükətinin səcdəsində dua etmək caizdir. Deməli axırıncı rükətin səcdəsində də dua etmək olar. Lakin davamlı şəkildə hər dəfə namazın axırıncı rükətində dua etmək Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) ziddir. Yəni Peyğəmbər (səlləllahu aleyhi və səlləm) axırıncı rükəti bu cür xüsiləşdirməmişdir. Odur ki, əgər siz davamiyyətli şəkildə axırıncı səcdəni dua etməklə uzadırsınızsa xəta edirsiniz, yox əgər hərdən belə edirsinizsə bunda heç bir qəbahət yoxdur. 2. Xeyir bu mütləq deyildir. Odur ki, Fatihə surəsindən sonra oxunacaq surələrdə ixtiyar sahibisən, hansı surəni istəsən onu da oxuya bilərsən.

637
SALAM ALEYKUM. Zəhmət olmasa suallarımı cavablandırardız... 1) Peygəmbərdən (səlləllahu aleyhi və səlləm) belə səhih 1 hədis varmıdır ki gəlin gələndə əvvəlcə ayağını yuyub suyunu evə səpmək kimi? 2) Holland pendirinin terkibində donuz piyi varmı? 3) Kolbasa məhsullarının üstünə halal yazılıbsa (xüsusilə ölkəmizdə) yemək olarmı? Çünki deyirlər ki halal yazılıbsa da inanmayın içinə qatılıb. Mən də deyirəm onun günahı istehsal edənin boynuna, mən halal adı ilə alıram. 4) Lotoreya haramdırmı? 5) Üzr istəyirəm, qüsl aldıqdan sonra, ümumuyyətlə yuyunduqdan sonra, birbaşa Namaz qılmaq olarmı? Yoxsa əlavə dəstəmaz almaq lazımdır? Çox sağ olun!
Və aleykumus-salam. 1. Xeyir Peyğəmbərdən (səlləllahu aleyhi və səlləm) belə bir hədis rəvayət olunmamışdır. 2. Bu barədə məlumatımız yoxdur. Sizə tövsiyəmiz budur ki, holland pendiri almaq istədiyiniz zaman onun üzərinədə yazılmış tərkib hissələrini oxuyun. Əgər orada həmin pendirin içində donuz qatqılarından istifadə olunduğu qeyd edilməyibsə onda həmin pendirdən ala bilərsiniz. 3. Toyuq, kolbasa və sairə ət məhsulları alarkən onların üzərində halal yazısının olması kifayət deyil. Əksər hallarda bu yazıdan istifadə edirlər ki, həmin mal sahibləri öz müştərilərini artırsınlar. Hətta elə bir hala da rast gəlmişik ki, kolbasanın üzərinə halal yazılıb, həm də tərkibinə yazılıb ki, donuz piyi vardır. İnsanların bu cür yalanlara əl atdıqlarını bildiyiniz təqdirdə aldığınız ət məhsullarına diqqət yetirin. Əks halda, buna səhlənkar yanaşsanız sizə də günah yazılacaqdır. 4. Dilimizdə Lotereya məfhumu iki növ əmələ deyilir. Birinci növ: Televiziyada, barlarda və sairə bu kimi yerlərdə oynanılan qumar növüdür ki, bu haramdır. İkinci növ: Bir neçə adam yığılır, hər ay hərəsi əvvəldən aralarında təyin edilmiş eyni məbləğdə pul qoyur, sonra püşk atır və növbə ilə bu pulu hər ay biri götürür. El arasında buna da lotereya deyirlər. Əgər bunu nəzərdə tutursunuzsa bu haram deyildir. 5. Əgər siz kamil düsl almısınızsa o zaman bu qüsldən sonra dəstəmaz almağa ehtiyac yoxdur və siz namaz qıla bilərsiniz. Kamil qüsl belədir: Əvvəlcə əllərini üç dəfə yumalı; sonra övrət yerini yumalı; sonra namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz almalı. Əgər ləyən və ya buna bənzər şeyin içində qüsl edirsə, ayaqlarını axırda yuya bilər; sonra üç dəfə başına su tökməli və əllərini saçlarının arasına salıb suyu saçların dibinə çatdırmalı; sonra vücudun hər yerinə - əvvəlcə sağ, sonra da sol tərəfinə su töküb qoltuqların altını, qulaqların içini, göbəyi, ayaq barmaqların arasını və bədəndə ovxalanması mümkün olan yerləri ovxalamaqla bədəni yumaq.

636
Əssələmu aleykum va rahmətullah! Qardaş 4 fiqh məzhəbindən birini təqlid etmək caizdirmi? Çünki baxırıq görürük ki qədim və müasir alimlər hamısı bir məzhəblə getməyi caiz görüblər. Amma Azərbaycanda bəziləri bunu haram görür. Xahiş edirəm izah edin. Allah razı olsun.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Dörd məzhəbin fiqhini oxumaq, ona riayət etmək, hətta ona mənsub edilmək olar. Lakin hər hansı bir məzhəbə təəssübkeşlik etmək olmaz. Yəni məzhəbdəki bütün məsələləri düz və ya səhv olmasından asılı olmayaraq təqlid etmək olmaz. Məsələn Şeyxul İslam İbn Teymiyyə və İbn əl-Qeyyim Hənbəli məzhəbinə mənsub idilər, lakin onlar, bütün məsələlərdə Hənbəli məzhəbinə təəssübkeşlik etməmiş, dəlillərə əsaslanaraq məzhəbin xaricində olan rəylər də demişlər. Eləcə də bir çox alimlər. Yəni müsəlman olan şəxsə daha düzgün rəy başqa məzhəbdən və ya Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sünnəsindən gəlib çatdıqda, xüsusi ilə də əgər o bu dəlilləri ayırd etmək bacarığına malikdirsə gərək o həmin racih dəlilə tabe olsun. Dörd imam da insanlara bunu əmr edərək demişlər: “Əgər hədis səhihdirsə bu mənim məzhəbimdir.” Avam olan insan isə dəlilləri ayırd etmək təqdirində deyilsə o zaman məzhəb alimlərinin sözünü götürüb riayət edə bilər. Uca Allah buyurur: “Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.” (ən-Nəhl, 43).

635
Əs-sələmu aleykum. Qardaş mən bir sual verəcəm, amma Allah rizasına bu sualıma cavab verin. Kişinin saqqalını qırxması, qadının qaşını almasıyla eyni şey deyilmi?
Və aleykumus-salam. Xeyir, günah etibari ilə kişinin saqqalını qırxması ilə qadının qaşını alması eyni şey deyildir. Qadının qaşını alması ən böyük günahlardan sayılır. Çünki, qaşını alan qadın lənətlənmişdir. Rəvayət edilir ki, bir gün Abdullah ibn Məsud (radiyallahu anhu) dedi: “Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin.” Bu xəbər Bənu Əsəd qəbiləsindən olan Ummu Yaqub adlı bir qadına çatdıqda, o, İbn Məsudun yanına gəlib dedi: “Mənə xəbər çatdı ki, sən belə-belə lənətlər oxuyursan.” İbn Məsud dedi: “Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) lənət oxuduğu və Allahın Kitabında zikr olunan kimsəyə mən necə lənət oxumayım!?” Qadın dedi: “Mən bu iki lövhə arasında (yəni Quranda) olanları oxudum, amma sənin dediklərinə rast gəlmədim.” İbn Məsud dedi: “Əgər sən onu diqqətlə oxusaydın, rast gələrdin. Məgər sən: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin” ayəsini oxumamısan?” Qadın dedi: “Bəli, oxumuşam.” İbn Məsud dedi: “Bu əməlləri də məhz Peyğəmbər (səlləllahu aleyhi və səlləm) qadağan etmişdir.” Qadın dedi: “Axı mən sənin zövcənin bunları etdiyini görmüşəm.” İbn Məsud dedi: “Get, yaxşı-yaxşı bax!” Qadın gedib baxdıqda, onun zövcəsinin qaşlarında heç bir dəyişiklik görmədi. İbn Məsud dedi: “Əgər bu qadının dediyi kimi olsaydı, mən zövcəmlə yaxınlıq etməzdim.” (Bu hədisi Buxari rəvayət etmişdir.) Lənətə məruz qalmaq isə böyük və təhlükəli bir məsələdir. Çünki şeytan da lənətlənmişdir, yəni Allahın rəhmindən qovulmuşdur.

634
As-salamu aleykum. Zina və qul haqqı olanın Allah subhanahu və təalanın hüzuruna getməməsindən, belə bir şey varmı, varsa da harda gəlib. Allah razı olsun.
Və aleykumus-salam. Belə bir rəvayət bizə rast gəlməmişdir. Amma zina edən şəxs barəsində buna yaxın mənada bir hədis vardır. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Allah Qiyamət günü üç şəxsi danışdırmaz, onları təmizə çıxarmaz, onlara nəzər salmaz və onlara ağrıdıcı əzab verər: zinakarlıq edən yaşlı, yalançı hökmdar və təkəbbürlü kasıb”. Hədisi Muslim rəvayət etmişdir.

633
Əssəlamu aleykum, şeyx. Şeyx mənim bir neçə sualımı cavablandırmağınızı xahiş edirəm: 1) Mən xaricdə oxumağa gedəcəm inşaAllah. Orda elə həmyerli dostlarım var ki, mənə qardaş deyirlər və hər cür kömək etməyə hazırdırlar. Lakin ateizm, deizm kimi inanclara inanırlar. Onlarla dostluq etmək nə dərəcədə olar və ya düzgündür? 2) Məğrib namazından sonra 6 rükətlik nafilə namaz varmı? Hədisi Tirmizidən oxumuşam, amma bəzi elm tələbələri bunun olmadığını deyirlər. 3) Musiqinin haramlığı barədə Quranda olan ayələr və təfsirlərinə aid bir-iki misal gətirə bilərsinizmi? 4) Kölənin sahibindən qaçması böyük günahdır. Bəziləri bunu antihumanist qərar kimi qiymətləndirir ki, guya azadlıq hər kəsin haqqıdır. Buna cavabınız nə olardı? Öncədən təşəkkürlər.
Və aleykumus-salam. 1. Sizin həmin adamlarla dostluq edib-etməyəcəyinizi daha geniş bilmək üçün saytımızın “Yükləmələr” bölümündəki “İmanın əsasları” kitabının 231-ci səhifəsindən 234-cü səhifəsinə qədər oxumağınızı tövsiyə edirik. 2. Məğrib namazında sonra yalnız iki rükət ratibə namazı qılınır. Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) zöhrdən həm əvvəl, həm də sonra iki rükət namaz qılardı, habelə məğrib və işa namazlarından sonra öz evində iki rükət namaz qılardı, cümə namazından sonra isə məsciddən çıxıb gedənədək namaz qılmaz, (ancaq evində) iki rükət namaz qılardı. (əl-Buxari, 937). O ki qaldı sizin Tirmizidən oxuduğunuz hədisə, bəli həm Tirmizidə, həm də İbn Macədə o cür hədis var. Lakin həmin hədis olduqca zəif hədisdir. Tirmizi özü həmin hədisi zikr etdikdən sonra demişdir: “Hədis olduqca zəifdir, çünki hədisin ravilərində biri olan Ömər ibn Abdullah ibn Əbu Xasamın rəvayət etdikləri hədislər münkərdir.” Həmçinin şeyx Albani hədisin olduqca zəif olduğunu demişdir. Odur ki, zəif hədislə səhih hədisi oxuduqdan sonra hansının səhih, hansının da zəif olduğunu yadında saxlaya bilməyən adamlara içərisində zəif və qondarma hədislər, yaxud batil əqidələr olan kitabları oxumağı tövsiyə etmirik. Çünki həmin adam o kitabı oxuyarsa və bunun üzərindən bir müddət keçdikdən sonra o elə güman edəcək ki, oxuduğu məlumatlar səhih idi və onlara əməl etməyə başlayacaqdır. 3. Bəli, Qurani Kərimdə bu barədə ayələr mövcuddur. Uca Allah əl-İsra surəsinin 64-cü ayəsində şeytana belə deyir: “Onlardan gücün çatdığı kimsələri səsinlə günaha təhrik et...” Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə). Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və boş-boş sözlər dedikdə) musiqini qəsd edir.” 4. Bəli, kölənin sahibində qaçması böyük günahlardandır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “(Sahibindən) qaçan kölənin namazı qəbul olmaz”. Hədisi Muslim rəvayət etmişdir. O (səllallahu aleyhi və səlləm) həmçinin demişdir: “Kölə (sahibindən) qaçarsa, zimmət ondan qalxmış olar”. Bu hədisi də Muslim rəvayət etmişdir. Əlidən (radiyallahu anhu) rəvayət olunur ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Ağasından üz çevirən köləyə Allah lənət edər”. Hədisi Hakim rəvayət etmişdir. Hədis səhihdir. Fudala ibn Ubeyd (radiyallahu anhu) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Üç nəfərin aqibəti haqqında heç soruşma: Camaatdan ayrılıb, imama asi olaraq ölən şəxs, (sahibindən) qaçıb ölən qul və əri onu ərzaqla təmin edib harasa getdikdən sonra açıq-saçıq geyən qadın”. Hədisi Əhməd və Hakim rəvayət etmişdir. Hədis səhihdir. O ki qaldı bəzilərinin köləlik barəsində söylədiklərinə, onlara cavabımız budur ki, bu Uca Allahın qoyduğu qanunlardır. Allah hansı qanunun daha yaxşı olduğunu naqis ağla sahib olan insanlardan daha yaxşı bilir. Həm də ki, haqqları tam və layiqincə ödənilən kölə olamaq dövrümüzə kölədən də pis təzyiqlərə və sıxıntılara məruz qalan kasıb camaatdan daha yaxşıdır. Aşağı təbəqə ilə kölədən də pis rəftar edən və köləliyi antihumanizm adlandıran həmin insanlara demək lazımdır ki, heç olmasa aşağı təbəqə ilə İslamın buyurduğu kölə ilə ağa münasibətində olun və onların haqlarını ödəyin. Əbu Zərr  rəvayət edir ki, mən bir adama nalayiq söz deyib onu anasına görə utandırdım. (Başqa rəvayətdə deyilir ki: Ona: “Ey zənci oğlu!”– deyə müraciət etdim.) Peyğəmbər  mənə buyurdu: “Ey Əbu Zər! Sən onu anasına görə utandırdın? Həqiqətən də, səndə cahiliyyət (əxlaqı) qalmışdır. Kölələriniz sizin qardaşlarınızdır! Allah onları sizin tabeçiliyinizə vermişdir. Kimin qardaşı öz tabeçiliyi altında olsa, yediyindən ona da yedirtsin, geyindiyindən ona da geyindirsin! Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah, onları gücləri çatmadığı bir işlə yükləsəniz, onda onlara yardım edin.” (əl-Buxari, 30). Köləliyi antihumaizm adlandıran hansı insan öz tabeçiliyi altında olanı öz yediyindən yedizdirir, öz geyindiyindən geyindirir, onu gücü çatmadığı bir işlə yükləmir. Əlbəttə ki, beləsi yoxudr. Əksinə onlar elə tabeçiliyi altında olan insanları məcburi şəkildə istismar edirlər. Elə isə bumu yaxşıdır yoxsa İslamda olan və hüquqları tam qorunub saxlanılan, haqları tam olaraq ödənilən köləlik.

632
As-salamu aleykum va rahmatullahi va barakatuhu. Əxi mən bilmək istəyirəm ki, Maidə surəsi 6-da məsh gəlib yoxsa yumaq?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. əl-Maidə surəsi 6-cı ayədə ayaqları yumaq gəlmişdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun.”

630
Salam aleykum şeyx. Hər gün işa namazından sonra 2, 4, 6 rükət umumiyyətlə istədiyi qədər nafilə qılsa insan bidət olur?
Və aleykumus-salam. Çünki Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə etməmişdir. Onun işa namazından sonra daim qıldığı namaz iki rükət ratibə namazı olmuşdur. Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) zöhrdən həm əvvəl, həm də sonra iki rükət namaz qılardı, habelə məğrib və işa namazlarından sonra öz evində iki rükət namaz qılardı, cümə namazından sonra isə məsciddən çıxıb gedənədək namaz qılmaz, (ancaq evində) iki rükət namaz qılardı. (əl-Buxari, 937). Əgər siz hər gün işa namazından sonra ikidən artıq namaz qılacaqsınızsa bu bidət sayılacaqdır. Lakin bir şeyi də qeyd edək ki, siz işa namazından sonrakı iki rükət ratibə namazını qıldıqdan sonra gecə namazını niyyət edib 11 rükətə qədər nafilə namazı qıla bilərsiniz.

629
Salam Aleykum və rahmətullah əxican. Bir bacı var kişi olan stamatoloq yanına dişlərini düzəlmək üçün gedir, deyirəm ki getmə naməhrəmdir. Deyir ki niyyətimdə günah etmək deyil. Zəhmet olmasa qardaş bu işin günah olması barədə dəlillər gətirəsiniz. Çünki mən dəlil gətirirəm məhəl qoymurlar. Elm əhli dəlil gətirəndə onlara daha təsirli olur, mən bunun şahidi olmuşam. Bu da Uca ALLAHın elm əhlinə verdiyi bir nemətidir. (Əgər qadının yanında məhrəmi olsa necə?) ALLAH sizden razı olsun.
Və aleykumus-sələmu və rahmətullah. Qadın yalnız aşağıdakı şərtlər daxilində kişi həkimə müraciət edə bilər: 1. Yaşadığı yerdə qadın həkimi olmadığı təqdirdə. 2. Yaşadığı yerdə qadın həkimi olsa da belə həmin ixtisasda kişi həkimi qadın həkimindən güclü olduğu təqdirdə. Əgər kişi həkimi ilə qadın həkimi eyni səviyyədədirsə, və ya qadın həkim kişidən güclüdürsə onda qadın kişi həkiminin yanına gedə bilməz. 3. Qadının yanında məhrəmi olmalı, əgər əməliyyat olunursa və ya bu kimi səbəblər üzündən məhrəmin qadının yanına daxil olmasına icazə verilmirsə onda qadın kişi həkimi ilə tək qalmamalı, onun yanında başqa həkimlər də olmalıdır.

628
Salam aleykum və rahmətullah. Əxi mən ərəb dilində oxuya bilirəm, zatən tərcüməsini bilmirəm, oxuduğumdan mənə savab catırmı?
Və aleykumus-salam. Əgər oxuduğunuz Qurani Kərimdirsə onda bu halda sizə oxuduğunuz hər bir hərfə görə savab yazılır.

627
As-salamu aleykum və rahmatullahi və bərakatuhu. Əxican sualım belədir: Namaz qılmayana müsəlman demək olarmı?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Alimlərin yekdil rəyinə görə namazı inkar edərək qılmayan şəxsin hökmü kafirdir. Namazın fərz olduğunu etiqad etməklə bərabər onu tənbəllik və vaxtın olmamağı səbəbi ilə qılmayan şəxsin hökmünə gəlincə bu barədə alimlər ixtilaf etmişlər. Bir qrup alimlər bu insanları da kafir saymış, digər alimlər isə onları müsəlman hesab etmişlər.

626
Salam aleykum şeyx. Mənə (valideyinlərim) icazə vermir saqqal saxlamağa, zatən onlar deyirlər ki, saxlayım, amma çox az olsun, və bu artıq bir ilə yaxın davam edir, mən bu vəzziyətdə evdən gedə bilərəmmi? Allah razı olsun. Salam aleykum və rahmətullah!
Və aleykumus-salam. Saqqal saxlamaq Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) əmridir. Odur ki, onun əmrini başqalarının əmrindən üstün tutmaq lazımdır. Uca Allah Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) əmrinə müxalif olanları əzabla hədələyərək buyurur: “Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.” ən-Nur surəsi, 63.

625

Salam aleykum şeyx. Sualım belədir. Allah qələmi yaratdı və Qiyamətə qedər hər şeyi yazmağı əmr etdi. Bunun dəlilini öyrənmək istəyirəm. Salam aleykum.

 

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

Hədisi Əbu Davud (4700), Tirmizi (2155-3319) və Əhməd (5/317) və qeyriləri Ubadə ibn Samitdən (radiyallahu anhu) rəvayət etmişlər və Şeyx Muhəmməd Nasir əd-Din əl-Albani “Silsilətul əhadisis-səhihə” əsərində onun səhih olduğunu bildirmişdir.


623

əs-Sələmu aleykum və rahmətullahi və bərakətuh. Qardaş sizə sualım belədir ki, mən tələbəyəm və oxuduğum yer yaşadığım yerdən 100 km-dən çox məsafədədir. Mən namazlarımı burda necə qılmalıyam? Səfərdəki kimi, yoxsa evdə necə qılırdımsa elə? Ətraflı məlumat versəniz çox sevinərdim. Əvvəlcədən təşəkkürümü bildirirəm. Allah subhanəhu və təalə sizdən razı olsun. Allah dəvətinizi xeyirlə nəticələndirsin. Amin

 

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

Oxuduğunuz yerə 100 km yol qət edib gedir, sonra da yaşadığınız yerə qayıdırsınızsa o zaman təhsil aldığınız şəhərdə səfər namazı qıla bilərsiniz. Yox əgər təhsil aldığınız şəhərdə məskunlaşmısınızsa o zaman namazları tam qılırsınız.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”