Ana səhifə
 / Sual-cavab


667
Salam aleykum şeyx. Bizim ölkədə insanlar saçlarını elə qırxdırırlar ki bir hissəsi çox, bir hissəsi az olur, yəni hədisə zidd. Özünüz şahidsiniz ki belədir. Bəs onda belə qırxdırmaqda başqa qövmə oxşama yoxdu? İnşəAllah cavablandırardız bunu. Allah razı olsun.
Və aleykumus-salam. Qadağan olunan saç qırxılması başın bir hissəsin tam keçəl digər hissəsini isə tüklü saxlamaqdır. Lakin saçın qırxılmasında ətraflarla üstündə cüzi fərq olması həmin hədisə aid deyil.

666
As-salamu Aleykum Şeyx. Məni çox düşündürən bir sual var. Əl-fələq surəsinde də oxuyuram, orda belə bir ayə var. İpə düyün vuran qadınların şərindən Allaha sığınıram. Amma falçılara və yaxud sehrbazlara lənət oxunmur. İndi məni düşündürən budur ki, elə bir Səhih Hədis və yaxud əl-Fələq surəsindən savayı elə bir surə, ayə nazil olubmu ki, Allah onları lənətləsin?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Əslində əl-Fələq surəsində belə deyilir: “Düyünlərə üfürən cadugər qadınların şərindən.” Ayədən açıq-aydın görünür ki, ipə düyün vurub üfürən şəxs elə sehrbaz və falçı sayılır. Şübhə yoxdur ki, sehrbazlıq və falçılıq da küfrdür. Uca Allah buyurur: “Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular.” (əl-Bəqərə, 102). Peyğəmbər (Sallallahu aleyhi va səlləm) demişdir: “(Sahibini) həlak edən yeddi əməldən çəkinin”. Onlardan birinin də sehr olduğunu qeyd etmişdir. Hədisi Buxari və Muslim rəvayət etmişlər. Odur ki, sehrbazlıqla məşğul olmaq ən böyük günahlardan hesab olunur. O ki qaldı sehrbazların lənətləndiyinə dair Qurani Kərimdə ayənin olmasına, bu barədə ayə yoxdur. Belə bir hədisə də rast gəlməmişik.

665
Salam aleykum qardaş. Sual belədir: Qadın heyzli olub qurtaranda qüsul etməmiş su çiçəyi xəstəliyinə tutulub və bu xəstəlik belədir ki bədənə su vurmaq olmaz. Belə olduğu təqdirdə namazları necə qılmalıdır? Hamısını təyəmmümlə?
Və aleykumas-salam. Nə qədər ki, insanın bədənində yara var və həmin yaralara su dəyməsi onun sağalmasına mane olur, həmin kəs sağalana qədər təyəmmüm edə bilər. Bu xəstəlik uzun illər davam etsə belə. Uca Allah buyurur: “Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmişsinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.” ən –Nisə 43. “Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmuşsunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz” əl-Maidə 6.

664
Salam aleykum! Mən 4 ildir evliyəm. Qara Qarayev stansiyasına yaxın bir yerdə zaksımız oldu. Kak raz orda təzə pir məscidindən molla var idi. Biz istədik ki, kəbin də kəsdirək ki, nişanlı ikən bir-birimizə toxunub günaha batmayaq, lakin bizim şahidimiz yox idi. Biz bunu mollaya bildirdik. Molla dedi ki, eybi yoxdur mən dua oxuyacağam və arada sizə işarə verəndə siz deyərsiz ki, sizə ehtivaıi, ya nə isə edirəm dəqiq yadımda deyil. Mən belə başa düşdüm ki, ikimizin də şahidliyini öz üzərinə götürdü. Sonra mənə 51 qr qızıl mehr yazdı. Bu cür kəbin (şahidsiz) icazəlidirmi? Mənim valideynlərim də elçiliyə gedib qızı atasından almışlar. Bir də elçilikdə vəli kimdir?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuh. İslamda nikahın səhih olması üçün vacib olan şərtlərdən biri də iki şahidin olmasıdır. Əgər siz bu cür kəbini dinə gəlməmişdən əvvəl kəsdirmisinizsə İslama gəldikdən sonra sizin keçmiş günahlarınız bağışlanır və kəbininizi yenidən kəsdirməyə lüzum yoxdur. Biz səhabələrin həyatına baxsaq görərik ki, onlardan heç İslama gəldikdən sonra cahiliyyat dövründə kəsdirdikləri kəbinlərini təzələməmişdilər. Axı onların zamanında batil nikah növləri də var idi və bu cür kəbinlə evlənənlər İslamdan sonra kəbinlərini təzələməmişdilər. Yox əgər siz İslamda ola-ola kəbininizi qeyd etdiyiniz şəkildə kəsdirmisinizsə onda sizin bu əmələ görə Allaha tövbə edib, Ondan bağışlanma diləməniz kifayət edər. Çünki sizin kəbininizdə iki şahid və qadının vəlisi olmamışdır. İmran ibn Husayndan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Vəli və iki şahid olmadan nikah yoxdur.” Hədisi İbn Hibban və Beyhəqi rəvayət etmiş, Şeyx Albani də onun səhih olduğunu bildirmişdir. Lakin bəzi alimlər o cümlədən İmam Malik, İbn Teymiyyə və müasirlərdən İbn Üseymin iki şahidin deyil nikahın məşhurlaşmasını şərt görmüşlər. Odur ki, nikahı yenidən bağlamağa lüzum yoxdur. Vəliyə gəlincə isə qızın atası, babası, qardaşı, əmisi və s. onun vəlisi hesab olunur.

662
Salam aleykum. Mən sizdən xahiş edirəm, mənə bir səhih hədis ya da ki dua deyəsiz mən həmin duanı edəndə mənim dualarım qəbul olunsun. Yəni qardaş mən nə edim ki mənim dualarım qəbul olsun. Xahiş edirəm bunu aydın şəkildə mənə başa salasızz. Allah razı olsun səndən.
Və aleykumus-salam. Dualarınızın qəbul olunmasını istəyirsinizsə duanın qəbul olunma şərtlərinə riayət edin. Duanın qəbul olunma şərtlərindən ən mühüm olanları bunlardır. 1. Dua edən şəxs etiqad etməlidir ki, Uca Allah heç bir şəriki olmadan onun duasını qəbul etməyə və istədiyini verməyə qadirdir. Allahdan başqa ona fayda verə biləcək heç bir kəsin olmadığını, onu düşdüyü çətinlikdən qurtarmağa yalnız Allahın qadir olduğunu bilməli və etiraf etməlidir. Uca Allah buyurur: “Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir tanrımı var? Siz necə də az düşünürsünüz?”. (ən-Nəml, 62). 2. Duanı Allahdan başqa heç kəsə yönəltməmək. Allahdan qeyrisindən kömək diləmək və ya Allahdan qeyrisindən istəmək olmaz. Hətta Allahla yanaşı başqa bir kəsə dua etmək də haramdır və bu əməl şirk sayılır. Uca Allah buyurur: “Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahla yanaşı heç kəsə dua etməyin!”. (əl-Cinn, 18). Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Abdullah ibn Abbasa (radiyallahu anhumə) xitab edərək belə dedi: “Bir şey istədikdə Allahdan istə, kömək dilədikdə Allahdan dilə”. Hədisi Tirmizi və Əhməd rəvayət etmişdir. Hədis səhihdir. 3. Dua etdikdə Allaha yaxınlaşmaq üçün şəriətin bizə öyrətdiyi hər hansı bir vasitədən istifadə etmək. Şəriətdə təvəssül adlanan bu vasitələr üç növdür. a) Uca Allahın Quran və ya mötəbər hədislərdə varid olan ad və sifətləri ilə təvəssül edərək istəmək. Bu növün caiz olmasını isbatlayan ayədə Uca Allah buyurur: “Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin”. (əl-Əraf, 180). b) İnsanın özünün etdiyi hər hansı bir saleh əməlin müqabilində Allahdan istəməsi. Buna dəlil mağaraya düşən üç nəfərin etdikləri dualardır. Onlar etdikləri saleh əməllər vasitəsilə Uca Allaha yaxınlaşdılar və Allah da onların dualarını qəbul etdi. Rəvayət edilir ki, Abdullah ibn Ömər (radiyallahu anhumə) demişdir: “Mən Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Sizdən əvvəl yaşamış ümmətlərdən üç nəfər səfərə çıxdı və (yolda) gecələmək üçün bir mağaraya çəkildilər. Onlar mağaraya daxil olduqdan sonra dağdan böyük bir qaya parçası yuvarlanıb yerə düşdü və mağaranın ağzını qapadı. Onlar (bir-birlərinə) dedilər: “Sizi bu qaya parçasından ancaq etdiyiniz yaxşı əməllərinizin (söhbət müsəlmanın Allah rizasını qazanmaq üçün etdiyi əməldən gedir) vasitəsilə Allaha dua etməyiniz qurtara bilər. Onlardan birisi dedi: “Ey Allahım! Mənim qoca ata-anam var idi. Mən hər axşam onlara süd içirtməmiş nə ailəmə, nə də xidmətçilərimə süd verərdim. Bir gün mən bir iş dalınca çox uzağa getdim, evə qayıtdıqda ata-anam artıq yatmışdı; mən onlar üçün süd sağıb gətirdım, lakin (gəlib) onları yatmış gördüm. Mən onlara süd içirtməmiş ailəmə və xidmətçilərimə süd vermək istəmədim. Odur ki, sübh açılanadək əlimdə (süd dolu) bardaq onların yuxudan oyanmasını gözlədim. (Nəhayət,) onlar yuxudan oyanıb südlərini içdilər. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu qaya parçasına görə düşdüyümüz (çətinlikdən) qurtar!” Bundan sonra (mağaranın keçidi) bir balaca açıldı, lakin onlar (bayıra) çıxa bilmədilər.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Digəri dedi: “Ey Allahım! Mənim hamıdan çox sevdiyim bir əmim qızı var idi. Mən onun könlünü ələ almaq istədim, lakin o mənə könül vermədi. Aradan illər keçdi. Nəhayət, (quraqlıq ilində) o mə¬nim yanıma gəldi və mən ona mənimlə yaxınlıq etmək şərtilə yüz iyirmi dinar verdim. O da buna razılıq verdi. Mən onu ağuşuma aldıqda o dedi: “Nikaha girmədən bakirəliyimi pozmağa sənə halallıq vermirəm.” Mən onu ələ almaqla günah qazanacağımdan qorxdum, onu buraxıb getdim, ona verdiyim qızılı da ona bağışladım. Halbuki o mənim üçün ən əziz insan idi. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz (çətinlikdən) qurtar!” Bundan sonra qaya parçası yerindən tərpəndi, lakin onlar mağaradan çıxa bilmədilər.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Üçüncüsü dedi: “Ey Allahım! (Bir dəfə) mən bir dəstə işçi tutdum və onların hamısının zəhmət haqqını verdim. Yalnız biri öz zəhmət haqqını almadan çıxıb getdi. Mən onun zəhmət haqqını işə qoydum və onun malları artdı. Xeyli vaxt keçdikdən sonra həmin adam gəlib dedi: “Ey Allahın qulu, mənim zəhmət haqqımı ver!” Mən ona dedim: “Gördüyün bu dəvələr, inəklər, qoyunlar və kölələr sənin zəhmət haqqındır.” O dedi: “Ey Allahın qulu, mənə istehza etmə!” Mən dedim: “Mən sənə istehza etmirəm.” Bundan sonra adam malların hamısını sürüb apardı və onlardan heç bir şey saxlamadı. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz (çətinlikdən) qurtar!” Beləliklə, qaya parçası tamamilə aralandı və onlar oradan çıxıb getdilər.” (əl-Buxari, 2272). c) Allahdan istəməyə qadir olan, həmçinin sağ olub səni eşidə bilən saleh insan vasitəsi ilə istəmək. Rəvayət edilir ki, Ənəs ibn Malik (radiyallahu anhu) demişdir: “Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yaşadığı dövrdə insanlara quraqlıq üz vermişdi. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) cümə günü xütbə verərkən bir bədəvi ayağa qalxıb dedi: “Ey Allahın elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) əllərini göyə qaldırdı. O an biz göydə bir dənə də olsun bulud görmürdük. Canım Əlində olan Allaha and olsun ki, o, hələ əllərini aşağı salmamış (başımız üzərində) dağlar qədər buludlar topalaşdı və o, minbərdən yerə enməmiş mən onun saqqalından süzülən yağış damçılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün – növbəti cüməyədək yağış ara vermədən yağdı. (Cümə günü) həmin bədəvi (və ya başqa birisi) ayağa qalxıb dedi: “Ey Allahın elçisi, evlər dağıldı, mallar su altında qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) əllərini göyə qaldırıb dedi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır.” Sonra əli ilə hara işarə etdisə, oradakı bulud topası dağıldı və Mədinə (səması) çalaya bənzədi (yəni göyün üzü açıldı və Mədinənin ətrafı buludlarla əhatə olundu). Qənat vadisində bir ay sel axdı, kənardan (Mədinəyə) gələn hər kəs bol yağışlar yağdığından danışırdı. (əl-Buxari, 933). 4. Xeyirli şeylər istəmək. Yəni haram olan bir şeyi istəmək, qohumluq əlaqələrini kəsmək və s. bu məzmunda dualar etməmək. Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Hər hansı bir müsəlman, daxilində günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan bir dua edərsə, (Allah) ona üç şeydən birini verər – ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da başına gələn bir müsibəti ondan uzaq edər”. (Əbu Səid) dedi: “Elə isə duaları çoxaldaq”. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Allah daha çox verəndir”. 5. Uca Allahın duaları qəbul edəcəyi barədə gö¬zəl zənn etmək. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Sizlərdən kim tələsməsə, duası qəbul olunar”. (Tələsməyi belədir ki): “Dua etdim, duam qəbul olmadı” (– deyir). Digər bir hədisdə də belə deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Sizlərdən kim günah olan şeyi və yaxud qohumluq əlaqələrinin kəsilməsini dua etmədikcə və ya: “Dua etdim, duam qəbul olmadı”– deyib, duanı tərk etməyə tələsməyincə, duası qəbul olunar”. 6. Ürəkdən istəmək (yəni fikri yayındırmamaq). Dua edən kəs etdiyi duanın əzəmətini dərk edib, dediyi sözləri anlamalıdır. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurmuşdur: “Bilin ki, Allah qəlblə istənilməyən duanı qəbul etmir”. Hədisi Tirmizi rəvayət etmişdir. 7. Yeməyin, içməyin və geyimin halal olması. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Ey insanlar! Həqiqətən Allah pakdır və O yalnız pak olanları qəbul edir. Həqiqətən Allah elçilərə nəyi əmr etmişdirsə möminlərə də onu əmr etmişdir: Allah (elçilərə) demişdir: “Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!” (əl-Muminun, 51) (Möminlərə isə belə) demişdir: “Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin” (əl-Bəqərə, 172).” Sonra Peyğəmbər (səlləllahu aleyhi və səlləm) saçları dağınıq və üst-başı toz-torpaq içində əllərini göyə qaldırıb “Ey Rəbbim! Ey Rəbbim!”- deyə dua edən bir kişini xatırladıb dedi: “Onun yediyi haram, içdiyi haram, geyindiyi haram, adam haramla bəslənib. Elə isə onun duası necə qəbul ola bilər!!!“ Hədisi Muslim rəvayət etmişdir. Allahdan qorxan şəxs bu cür haramlardan uzaq olmalıdır. Uca Allah da məhz bu cür insanların dualarını qəbul edir. Uca Allah buyurur: “Allah ancaq müttəqilərdən qəbul edər!” (əl-Maidə, 27).

660
Salam-aleykum şeyx necəsiz? Şeyx belə bir sualım var mən taksi isləyirəm, çoxu qonşularımdı və onlara gələn qonaqlar və s. Sualım belədir: Toylara gedəndə aparıram, çox vaxt deyirlər axşam zəng edərəm gələrsən, mən də soruşuram sən içki içəcəksənsə onda zəng etmə. Mən düz edirəm ya yox. Şeyx İnşəAllah imkanın olsa bir cavab yazarsan, çünki gardaşlar mənə deyirlər düz etmirsən bu sənin ruzindir gətirməlisən.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. İçkili adamı taksidə aparmaq haram deyil. Lakin özünüz belələrini aparmaq istəmirsinizsə heç kəs sizə bunu məcbur edə bilməz.

659
Salam aleykum. Allah sizi qorusun. Əxi bəzi qardaşlar var ki, müsəlman gördükləri insanın kəsdiyini yemir, deyir ki ehtiyat edirəm. Müsəlman gördükləri adamlardan onların ehtiyat etmələri düzgündürmü. ALLAH sizdən razı olsun.
Va aleykumassalam. Əgər həmin qardaşların ehtiyat etdiyi kəslər namaz qılan və şirkdən uzaq olan insanlardırsa onda onların ehtiyat edib onun kəsdiyini yeməməsi xətadır və müsəlmanı kafir hesab etməkdir. Yox əgər insanların şırk etdiyini bilib və namaz qılmamasına görə onun kəsdiyini yeməzlərsə o zaman onların ehtiyat etməsi daha yaxşıdır.

658
Əs-salamu aleykum va rahmatullah əxi. Allah elminizi artırsın. Mənim suallarım var. 1. Sperma dəymiş paltarda namaz qılmaq olar ya olmaz? 2. Bədr döyüşü zamanı müsəlmanların içərisində iki müsəlman olmayan şəxs olub, amma onlar müsəlmanlar tərəfdən vuruşmaq istəyib. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) onları geri qaytardığında biri yolda iman gətirib, biri də Mədinəyə catdığında. Bu səhabələr kimlər olub? Mən eşitdiyim kimi yazdım, ola bilər ki bir az fərqli olub. Bunların adı nə olub? Hansı səhabələrdir? 3. Bir də yuxarıdakı Namazı tərk etməyə dair sualda ümumi cavab yazibsiz. Ətraflı yazardınız. Hansı hallarda namazı tərk etməyə icazə var, misal üçün? Allah razı olsun.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. 1. Məni (yəni sperma) yaş haldadırsa həmin paltar yuyulmalıdır. Quru olduqda isə həmin yeri ovxalamaqla təmizləyərək həmin paltarda namaz qılmaq olar. Məziyə gəldikdə isə o nəcisdir və məzi dəymiş libas yuyulmalıdır. 2. Muslimin “Səhih” əsərində nəql olunan hədisdə həmin şəxslərin adları açıqlanmır. Həmin hədisdə “müşriklərdən biri” deyə bildirilir. Başqa rəvayətlərdə isə həmin şəxslərdən birinin Xabib ibn Yəsəf əl-Ənsari (Allah ondan razı olsun) olduğu bildirilir. 3. Heç bir halda namazı tərk etməyə icazə yoxdur. Uca Allah Qurani Kərimdə buyurur: “Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar.” (Məryəm, 59) Həmçinin buyurur: “Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.” (əl-Məun, 4-5) Başqa bir ayədə isə buyurur: “Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.” (əl-Müddəssir, 42-43) Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır, kim onu tərk etsə, artıq küfr etmiş olur.” Məsələ ilə bağlı daha geniş məlumat almaq üçü saytımızın “Yükləmələr” bölümündə “Böyük günahlar” əsərinin 19-22-ci səhifələrini, habelə “Sələf əqidəsinin üsullarına əsasən iman və küfr elmi məsələlərinin icmalı” əsərinin 24-27-ci səhifələrini oxumanızı tövsiyə edirik.

657
Əssələmu aleykum! 1) 4 məzhəbdən birini təqlid etmək caizdirmi? 2) İslamda avvam hökmündə olan müsəlman dedikdə kimlər nəzərdə tutulur?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. 1. Dörd məzhəbin fiqhini oxumaq, ona riayət etmək, hətta ona mənsub edilmək olar. Lakin hər hansı bir məzhəbə təəssübkeşlik etmək olmaz. Yəni məzhəbdəki bütün məsələləri düz və ya səhv olmasından asılı olmayaraq təqlid etmək olmaz. Məsələn Şeyxul İslam İbn Teymiyyə və İbn əl-Qeyyim Hənbəli məzhəbinə mənsub idilər, lakin onlar, bütün məsələlərdə Hənbəli məzhəbinə təəssübkeşlik etməmiş, dəlillərə əsaslanaraq məzhəbin xaricində olan rəylər də demişlər. Eləcə də bir çox alimlər. Yəni müsəlman daha düzgün rəy başqa məzhəbdən və ya Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sünnəsindən ona gəlib çatdıqda, xüsusi ilə də əgər o bu dəlilləri ayırd etmək bacarığına malikdirsə gərək həmin racih dəlilə tabe olsun. Dörd imam da insanlara bunu əmr edərək demişlər: “Əgər hədis səhihdirsə bu mənim məzhəbimdir.” 2. Avam olan insan isə dəlilləri ayırd etmək təqdirində deyilsə o zaman məzhəb alimlərinin sözünü götürüb riayət edə bilər. Uca Allah buyurur: “Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.” (ən-Nəhl, 43).

656
Əs-sələmu aleykum, mən Allahın köməyilə Quranı əzbərləyirəm, Ayəni əzbərləmək üçün həm çoxlu oxuyuram, həm də qulaq asıram, səcdə ayəsinə çatanda nə etməliyəm? Tutaq ki, metroda gedə-gedə qulaq asıram və ya oxuyuram, yəni burda söhbət öyrənmək məqsədilə oxumaqdan və ya qulaq asmaqdan gedir. Salam aleykum.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Səcdə ayəsini oxuduqda səcdə etmək vacib deyil, müstəhəbdir. Muslimin “Səhih” əsərində Əbu Hureyradan (Allah ondn razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Adəm övladı səcdə (ayəsini) oxuyub səcdə etdikdə şeytan ağlayaraq (ondan ayrılaraq): “Vay mənim halıma, Adəm oğluna səcdə etmək əmr olundu, o da səcdə etdi. Mənə səcdə etmək əmr olunduqda isə mən bundan boyun qaçırdım. Buna görə də mənim nəsibim Cəhənnəm odudur.” Odur ki, əgər səcdə etməyə imkan varsa bunu etmək əfzəldir. İmkan olmadıqda isə onun əvəzinə hər hansı zikrləri etmək sünnədə varid olmadığına görə bidət hesab olunur.

655
Salam aleykum. Qapının tutacaq yerinə cadu yağı sürtüblərsə onu necə batil eləmək olar?
Və aleykumus-salam. Qapının tutacağını ovsun oxunmuş su ilə yuyub təmizləyin. Ovsun dedikdə yəni bir qab suya əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyub sonra həmin su ilə o yeri yuyun. Daima evdə Quran oxumaq, səhər axşam zikrlərini vaxtında etmək insanın sehrdən qorunması üçün ən gözəl vasitələrdir.

654
Salam aleykum va rahmatullahi va barakatuhu. Qardaş saqqalı dibdən qırxmaq yəni lezva ilə və ya başqa bir şeylə saqqalı azaltmaq. Bunların hər ikisinin hökmü eynidirmi?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Saqqalı bir ovuc miqdarınadək azaltmaq barədə alimlər ixtilaf etmişlər. Bəziləri Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) və başqalarından rəvayət olunan hədisdə Peyğəmbərin (sallallahu aleyhi va səlləm): “Bığlarınızı gödəldib, saqqallarınızı buraxın.” hədisinin əmr formasında olmasını əsas gətirərək bu əməlin vacib olduğunu bildirmişlər. İxtilafın yaranmasına səbəb isə hədisi rəvayət edən İbn Ömərin (Allah ondan razı olsun) bir ovucdan yuxarı saqqalını qısaltması barədə varid olan hədisdir. Haram görənlər Üsuli Fiqhdə olan: “Ravinin etdiyi rəvayət onun etdiyi əməldən üstün hesab olunur.” qaydasına əsaslanaraq bunu haram görmüşdür. Bir ovucdan yuxarı saqqalı qısaltmağı caiz görənlər isə yenə Üsuli fiqhdə olan: “Ravi öz rəvayət etdiyini daha yaxşı bilir.” qaydasına əsaslanmışlar. Bir ovuc miqdarından aşağı saqqalı qısaltmaq isə yekdilliklə caiz deyildir. Saqqalı dibindən qırxmaqla onu bir ovucdan çox qısaltmağın ayrı-ayrılıqda hökmlərinə gəldikdə onların hökmləri eynidir. Yəni hər ikisi haramdır. Lakin günah etibari ilə saqqalı dibindən qırxmaq onu qısaltmaqdan daha böyük günahdır.

653
Salam aleykum. İbadət edən insan öz yaxın qohumları ilə əlaqəni kəsdikdə, günah sayılır?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Qohumluq əlaqələrini kəsmək böyük günahlardan hesab olunur. Uca Allah Qurani Kərimdə buyurur: “Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin!” (ən-Nisa, 1). Başqa bir ayədə Uca Allah buyurur: “Əgər haqdan üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz. Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir.” (Muhəmməd, 22-23). Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qohumluq əlaqələrini kəsən Cənnətə girməz”. Hədisi Buxari (5984) və Muslim (2556) rəvayət etmişlər. Həmçinin Peyğəmbər (səllallahu aleyhi va səlləm) demişdir: “Allaha və axirət gününə iman gətirən şəxs qohumlarla əlaqə saxlasın”. Hədisi Buxari (6138) və Muslim (47) rəvayət etmişlər. Odur ki, qohumlar müsəlman olmasa belə dəvət məqsədi ilə onlarla əlaqə yaratmaq lazımdır.

651
Assalamu aleykum. İnsan keçmiş sovetlərdə yaşamiş, Allahı və rəsulunu sallallahu aleyhi və səlləmi inkar etməmiş, özünə müsəlmanam demiş, amma namaz, oruc, zəkat və sairə şeylərdən uzaq olmuş və həcc etmək niyyəti də olmamış və belə də vəfat etmişdir. Bu insanın yerinə övladı həcc edə bilərmi? ALLAH razı olsun.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Namaz qılmayan adamın hökmü barədə iki rəyin olmasını əvvəlki suallarda bəyan etmişik. Həmin rəylərdən birinə görə namaz qılmayan şəxs bunu etiqadı ilə inkar etməmişdirsə kafir deyil, asi müsəlman hesab olunur. Həmin rəyi dəstəklədiyiniz təqdirdə özünüz üçün həcc etmisinizsə atanızın da əvəzinə həcc edə bilərsiniz.

650
Salam aleykum. 1. “Haqlısan” və ya “Haqlıyam” kəlimələrində şirk varmı? 2. Bilmədən və ya səhvən dilə şirk söz gətirmək, şirk sayılır, yəni bilmədən.
Və aleykumus-salam. 1. Bu kəlmələri danışıq zamanı işlətməkdə şirk yoxdur. 2. İnsan bilmədən və ya səhvən dilinə şirk söz gətirərsə bu şirk sayılır. Lakin Uca Rəbbimiz o şəxsi bilmədən və ya səhvən edildiyinə görə bağışlayır. Odur ki, həmin sözü deyən şəxsə günah yazılmır. Çünki Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Allah ümmətimin səhvən, unudaraq və məcbur edilərək etdiklərini bağışlayır.” Hədisi İbn Macə rəvayət etmişdir. Hədis səhihdir. Həmçinin Allaha şərik qoşmaqdan qorxan adam bu duanı deməlidir: [Allahummə inni əuzu bikə ən uşrikə bikə və ənə ələmu, və əstəğfirukə limə lə ələmu] - «Allahım! Biləbilə Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilmədiklərimə görə də Səndən bağışlanma diləyirəm!» Hədisi Əhməd və başqaları rəvayət etmişdir. Hədis səhihdir.

649
Salam aleykum və rahmətullah. 1. Qadın namazı tək qıldıqda iqamə verməlidirmi? 2. Qadınlar 2 və ya artıq adamla namaz qıldıqda iqamə verməlidirlərmi? Zəhmət olmasa ətraflı yazın. ALLAH razı olsun, AMİN!
Və aleykumus-sələmu və rahmətullah. Qadınlara istər tək, istərsə də camaat halında namaz qıldıqda iqamə vermək vacib deyil.

648
Salam aleykum. 1. Bir bacı deyir ki: “Mən namazda ikən ağzımda saqqız vardı, namazı bitirdikdən sonra çıxartdım. Bilmək istəyir ki, namaz qəbuldu yoxsa yox. 2. Dərman qəbul etdikdə qüsul pozulur, yoxsa yox. Dərmanı bütün ailə mikroba görə gündə bir çay qaşığı qədul edir. Tərkibində spirt var. Allah razı olsun.
Və aleykumus-salam. 1. Əgər ağzınızda olan saqqız sizə ağzınızı tərpədib oxumağa mane olurdusa və əridikdə onun şirəsini udurdunuzsa onda namaz səhih deyildir və həmin namazı təzədən qılmaq lazımdır. Əgər bunlardan heç biri baş verməmişdirsə, onda namaz səhihdir, lakin savabı naqisdir. 2. Tərkibində spirt olan hər hansı bir dərmanı qəbul etdikdən sonra qüsl almaq vacib deyil. Tərkibində spirt, donuz qatqıları və sairə bu kimi haram şeylər olan dərmanlara gəldikdə isə qətiyyən onları qəbul etmək olmaz. O dərmanları qəbul edən şəxs Allah qatında haram qəbul etmiş sayılır. Hal hazırkı dövrümüzdə tibb elmi o qədər inkişaf etmişdir ki, haram vasitələrdən də daha güclü və daha effektli halal vasitələr mövcuddur. Elə isə nə üçün biz halalı qoyub harama getməliyik. Həmçinin haramda müalicə də yoxdur. Rəvayət edilir ki, Tariq ibn Suveyd (radiyallahu anhu) Peyğəmbərdən (səlləllahu aleyhi və səlləm) sərxoşedici içki barəsində soruşduqda Peyğəmbər (səlləllahu aleyhi və səlləm) ona sərxoşedici içki düzəltməyi qadağan etdi. Onda Tariq dedi: “Mən onu ancaq dərman üçün düzəldirəm.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Şübhəsiz ki, sərxoşedici içki dərman deyildir, əksinə o xəstəlikdir.” Hədisi Muslim rəvayət etmişdir. İbn Macənin rəvayət etdiyi hədisdə isə belə deyilir. Tariq ibn Suveyd (radiyallahu anhu) dedi: “Ey Allahın elçisi! Bizim yaşadığımız yerlərdə üzüm olur və biz onu sıxıb içki düzəldirik və ondan içirik.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) “Olmaz!”- deyə cavab verdi. Tariq deyir ki, mən bir daha soruşdum: “Biz onun vasitəsi ilə xəstələri şəfa etməkdə istifadə edirik.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Şübsəhiz ki, o şəfa deyildir, əksinə o özü xəstəlikdir.” İbn Məsudun (radiyallahu anhu) rəvayət etdiyi “mualləq” hədisdə isə belə deyilir: “Həqiqətin Allah sizin şəfanızı sizə haram edilənlərdə etməmişdir.” Hədis Buxaridədir.

647
Salam aleykum. Bildiyimizə görə Cənnətdə kişilərə qadınlar veriləcək. Bəs əri cənnətə düşməyən və ya heç evlənməmiş qadınlara?
Və aleykumus-salam. Bu barədə Quran və sünnədə dəqiq bir məlumatın olmadığı üçün biz də bir şey deyə bilmərik. Lakin Uca Allahın “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır” (Qaf-35) ayəsinə əsasən demək olar ki, Cənnətdə olan insanların bütün arzuları yerinə yetəcək.

646
Salam aleykum. Qəbirlərə gül çələngi aparmaq olarmı? Dəlillərlə məlumat lazımdır. Allah elminizə bərəkət versin. Salam aleykum.
Və aleykumus-salam. Qəbirlərə gül çələngi aparmaq olmaz. Çünki bu əməl xristianların əməlidir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə (millətə) oxşadarsa o da onlardan sayılar.” Ona görə də xristianları hansı aqibət gözləyirsə həmin şəxsləri də o aqibət gözləyir.

645
Salam aleykum qardaş. Keçən sualıma cavab yazdınız. Amma mənim sualım qadınların sayı iki olduqda imamın hansı tərəfdə durması idi. İnşaALLAH tez bir zamanda cavabınızı gözləyəcəm. ALLAH razı olsun. Salam aleykum va rahmatullahi va barakatuhu.
Və aleykumus-salam. Qadınların sayı iki olduğu təqdirdə imam duran qadın kişilərdə olduğu kimi solda olmalıdır.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”