Ana səhifə
 / Sual-cavab


716

Salam aleykum. Əgər ana və ya atanın, ikisindən birinin zina etdiyini bilirsənsə, və bunları bilərək bəyan etmirsənsə onlara günah olarmı? Bu halda nə etməliyik?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Hər kəs etdiyi günaha görə günah qazanır və həmin günahın əvəzini görəcəkdir. Uca Allahdan belə valideyn üçün hidayət diləyin.


715

Salam aleykum. Mən dini tərbiyəmi atamdan götürməmişəm, atam vəfat edib. İndi onun üçün dua etsəm ona savab yazılarmı?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Bəli ona savab yazılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “İnsan öldükdə onun bütün əməlləri kəsilir.Yalnız üç əməldən başqa: davamlı sədəqə, faydalı elm, bir də özü üçün dua edən saleh övlad.”Hədisi Muslim (1631) rəvayət etmişdir.


713

Salam aleykum. Əvvəlki sualımı cavablandırdığınıza görə çox sağ olun. Sizə bir sualım da var idi. Qüsulsuz namaz qılmaq olarmı, yəni təyəmmümlə?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Əgər qüsul almağa su və şərait varsa o zaman qüsl almaq labüddür. Yox əgər xəstəlik və digər səbəblərdən qüsl almaq müyəssər olmazsa o zaman təyəmmümlə namaz qılmaq olar. Uca Allah buyurur: “Qadınlarınızla yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmuşsunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.” (əl-Maidə, 6).


712

 

Əssələmu aleykum va rahmatullah. Bir sualım daha var:  

Sualım bir az uzundu, amma dəqiq bilgi almaq istərdim. Bir bacı dedi ki, cahil vaxtı 300 manat sələm götürmüşəm. İndi bağlaya bilmirəm, gəlin latareya oynayaq, sələmi bağlayım. Mən də razılaşdım və bir neçə bacıya da təklif etdik razılaşdılar. Ayda 30 manatdan 10 nəfər yığıldıq. Amma sonradan bir bacının cahil bacısı da bizlərdən xəbərsiz (yəni latareya oynayanlardan xəbərsiz) oyuna qoşulub və gəlib 4-cü yerdə oturub. Təbii ki, pulu yığan bacının da səhvi olub ki, bunda kimsədən halallıq almadan onu salıb 4-cü yerə. Sonradan pul yığmağı bir başqasına tapşırdıq və bu insan da bildirim ki, kimin ehtiyacı varsa, latareyanı götürə bilər, yəni sıranı gözləmədən (özlüyündə yaxşılıq etdiyidi). Mənim yerimə də bir başqa bacıya söz verib ki, siz götürərsiz. Mən də bacılar bir yerə yığılanda bildirdim ki, mənim yerimə götürən bacıya mən halallıq verirəm. Amma bu işin sırası var, əgər ehtiyacın varsa mənə bildirmək lazım idi. Və halallıq almalı idin. Bəlkə mən nə isə nisyə almışam və sıramda götürəcəyim vaxta söz vermişəm ödəməni. Nə isə bacı da mənimlə razılaşdı. Amma əvvəldə dediyim 1 başqa bacının cahil bacısının qızı da bizim aramızda olub. Dedim ki, filan bacının bacısı da heç kəsdən halallıq istəmədən gəlib 4-cü yeri tutub. Bu düzgün deyil. Nə isə. Səhəri gün həmin bacının cahil bacısı müsəlman bacısının telefonu ilə zəng vurub bizə aqzına gələn, əxlaqsız qadınlara deyilən sözlərlə bizi təhqir etdi. Biz müsəlman bacılar heç kəs ona cavab vermədik. Təbii ki, eləsinə cavab verməyi özümüzə layiq bilmədik. Onu Allaha həvalə etdik. Amma müsəlman bacısı, yəni bizə çox yaxın olan bacı (hansı ki cahil qadın bizə yaxın müsəlman bacının telefonundan zəng vurmuşdu) heç zəng vurub bizdən halallıq istəmədi. Ən azından gözləyirdim ki, zəng vurub deyə ki, bacılar, mən bacımla bacara bilmədim, mənim heç bir günahım yoxdur. Haqqınızı halal edin. Amma hadisədən 5 ay keçməsinə baxmayaraq bizimlə heç əlaqə saxlamır və təbii ki, bizim də qəlbimiz qırılıb ondan. Əlaqə saxlamırıq onunla. Müsəlmanın müsəlmanla 3 gündən artıq küsülü qalması haram olduğu uçun buna görə narahatam. Amma onun günahı ola-ola mən necə onunla əlaqə saxlayım ki. Sizə bunu da bildirim ki, onun üzərində haqqım varsa ona haqqımı halal edirəm. Mən bu prinsiplə yaşayan insanam ki, heç bir müsəlmanın mənim üzümdən Axirətdə əzab çəkməsini istəmərəm. Və yeri gəlmişkən bu fikrimə görə mənə savab yazılırmı (yəni hər müsəlmana haqqımı halal etməyim barədə)? İndi mən nə etməliyəm. Mənə məsləhət verin. Onun addımını gözləyim, yoxsa bu addımı da mən atım. Əgər bu addımı birinci olaraq mən atsam mənə savab varmı? Amma deyim ki, heç istəmirəm ilk addımı mən atım. Çünki səhv onda olub. Mənim səhvim olduğu zaman, kiminsə qəlbinə dəydiyim zaman tez halallıq alıram. Zatən günahlarımız bol. Bir də kiminsə haqqı ilə bu dünyadan köçmək istəmərəm. Dinlədiyiniz üçün Allah sizdən razı olsun.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuh.

Həmin şəxslərə halallıq verdiyinizə görə sizə savab yazılır. Müsəlman bacı ilə onun sizə qarşı səhvə yol verməsinə rəğmən birinci addımı ataraq barışmanız sizi çox böyük savaba nail etmiş olacaqdır. Odur ki, nəfsinizə ağır gəlsə belə çalışın bu böyük əcri əldən verməyəsiniz. Peyğəmbər (Sallallahu aleyhi va səlləm) demişdir: “Bir-birinizdən üz döndərməyin.”


711

Salam aleykum! Sualım inşəAllah belədir: İşa namazının vaxtı saat neçəyə qədərdi? Mən çox vaxt onu axşam saat 1, 2-də qılıram.

 

Və aleykumus-sələmu və rahmətullah.

İşa namazının vaxtı gecə yarıya qədərdir. Yəni Məğrib namazının vaxtı ilə Sübh namazının vaxtı arasındakı vaxtı iki yerə bölməklə gecə yarının nə zaman olduğundan agah ola bilərsiniz.


710

Qardaşım Mədinənin şeyxül-islamı Nurəddin Əli ibn Abdullah Səmhudi Şafei Misri “Vəfaul-vəfa bi ixbari daril-Mustəfa” adlı kitabında Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ziyarətinin savabı, onun qəbrinin əziz tutulması, ona təvəssül edib şəfaət istənilməsi barədə hədislər haqqında təfsilatlı bəhs edib. Burda Abdullah ibn Ömərdən və ibn Abbasdan da 3 səhih hədis söyləyib!!! Bu barədə zəhmət olmasa əxi ətraflı məlumat verə bilərdinizmi??

 

Əhli-Sünnə vəl-Cəmaəyə müxalif olanlar özlərinin yanlış mövqeyini əsaslandırmaq və avam adamları özlərinə tərəf çəkmək üçün təvəssül məsələsində şübhəli sitatlar və etiraz doğuran fikirlər gətirirlər. Onların şübhələrini iki qismə bölmək olar:

Birincisi. Bəzən onlar zəif və uydurma hədislərə əsaslanır ki, bunların zəif və əsassız olduğunu sübuta yetirmək mümkündür. Onların bəzilərini qeyd edirik:

1. “Mənim hörmətimlə təvəssül edin, şübhəsiz ki, Allah yanında mənim hörmətim böyükdür” və ya “Allahdan bir şey dilədikdə, mənim hörmətim vasitəsilə diləyin, şübhəsiz ki, Allah yanında mənim hörmətim böyükdür.” Bu batil hədisdir, elm əhlindən heç kəs onu rəvayət etməmişdir və hədis kitablarından heç birində keçmir.

2. “İşləriniz dolaşığa düşdükdə, qəbirdəkilərdən istifadə edin”, yaxud “Qəbirdəkilər vasitəsilə yardım diləyin.” Alimlərin yekdil rəyinə görə, bu hədis uydurma və Peyğəmbərə (səllallahu aleyhi və səlləm)  iftiradır.

3. “Bir kimsə daş barəsində belə yaxşı zənn etsə, həmin daş ona fayda verər” Bu hədis bəzi müşriklər tərəfindən uydurulmuş batil və İslama zidd bir hədisdir.

4. “Adəm xətaya yol verdikdən sonra belə demişdir: “Ey Rəbbim Muhəmmədin xatirinə Səndən məni bağışlamağını diləyirəm.” Allah dedi: “Ey Adəm, Mən Muhəmmədi yaratmadığım halda sən onu haradan tanıyırsan?” O dedi: “Ey Rəbbim, Sən məni iki Əlinlə yaradıb mənə Öz ruhundan üfürdüyün zaman mən başımı qaldırıb ərşin dayaqlarının altında: “Lə iləhə illəllah, Muhəmmədən rəsulullah” sözlərini gördüm və bildim ki, Sən Öz İsminlə yanaşı yalnız ən sevimli məxluqunun adını qoyarsan.” Allah dedi: “Mən səni bağışladım, əgər Muhəmməd olmasaydı, səni yaratmazdım.” Bu hədis də batil və əsassızdır. Buna bənzər digər bir hədis isə budur: “Əgər sən olmasaydın, kainatı yaratmazdım.” Bu kimi yalan və qondarma rəvayətlərə müsəlman nəinki əsaslanmamalı, heç onlara tərəf nəzər belə salmamalıdır.

İkincisi. Bir sıra səhih hədislər vardır ki, həmin şəxslər onları düz başa düşmür, onların əsl mənasını təhrif edirlər. Həmin hədislərdən bəziləri bunlardır:

1. Səhih bir hədisdə deyilir: “Quraqlıq zamanında Ömər ibn Xəttab, Abbas ibn Abdulmüttəlibin vasitəsilə Allahdan yağmur diləyib dedi: “Allahım, əvvəllər biz Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm)  vasitəsilə Səndən yağmur diləyərdik, Sən də bizə yağış göndərərdin. İndi isə biz Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm)  əmisi vasitəsilə Sənə təvəssül edirik. Bizə yağmur endir.” Bundan sonra yağış yağdı.”

Müxaliflər bu hədisi başqa cür yozaraq bildirirlər ki, burada Ömər, Abbasın hörməti vasitəsilə Allahdan diləyirdi. Hədisdəki: “Allahım, əvvəllər biz Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm)  vasitəsilə Səndən yağmur diləyərdik“– sözünü Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  hörməti vasitəsilə mənasına yozurlar, “indi isə biz peyğəmbərimizin əmisi vasitəsilə Səndən yağış istəyirik“ – yəni əmisinin hörməti vasitəsilə.

Şəkk yoxdur ki, bu səhv, hədisin mənasına nə yaxından, nə də uzaqdan uyğun gəlməyən bir açıqlamadır. Belə ki, səhabələr əsla Peyğəmbərin (səllallahu aleyhi və səlləm) hörməti vasitəsilə Allaha təvəssül etməzdilər. Onlar sadəcə Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  həyatda olduğu müddətcə ancaq duası vasitəsilə Allaha təvəssül edərdilər. Bu hədisdə də Ömər Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  əmisi ilə təvəssül dedikdə, onun hörmətini deyil, duasını nəzərdə tutmuşdu. Əgər hörmət vasitəsilə təvəssül etmək deyilən şey onlara məlum olsaydı, o zaman Ömər nə üçün Peyğəmbəri (səllallahu aleyhi və səlləm)  qoyub, onun əmisi ilə təvəssül edirdi?! Yaxud səhabələr ona irad tutardılar ki, biz bəşəriyyətin ən xeyirli peyğəmbərini qoyub niyə Abbasın vasitəsilə təvəssül etməliyik?! Buna isə heç kəs etiraz etməmişdi. Bu da onu göstərir ki, onlar hörmət xatirinə deyil, dua vasitəsi ilə təvəssül edirdilər. Beləliklə aydın olur ki, hörmət vasitəsilə təvəssül etməyə caizdir deyənlər üçün bu hədisdə heç bir dəlil-sübut yoxdur.

2. Osman ibn Huneyf rəvayət etmişdir ki, bir dəfə gözü kor bir kişi Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  yanına gəlib dedi: “Allaha dua et məni sağalt­sın.” Peyğəmbər (səllallahu aleyhi və səlləm)  buyurdu: “İstəyirsən sənin üçün dua edim, ya da istəyirsən səbir et, bu sənin üçü daha xeyirlidir.” O dedi: “Yox dua et.” Peyğəmbər (səllallahu aleyhi və səlləm)  ona gözəl bir tərzdə dəstəmaz alıb bu duanı deməyi buyurdu: “Allahım, mən rəhmət olaraq göndərilmiş peyğəmbərin Muhəmməd (səllallahu aleyhi və səlləm)  vasitəsilə Səndən diləyirəm, mən bu ehtiyacımın ödənilməsi  üçün Allaha dua etdim, Allahım onu mənə şəfaətçi buyur.” Hədisi Tirmizi, Əhməd rəvayət etmiş, Beyhəqi isə səhih hədisdir demişdir. (Səhih Muslim) Müxaliflər bu hədisdən belə bir nəticə çıxarmışlar ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm), yaxud əməlisaleh insanların hörməti xatirinə təvəssül etmək olar. Halbuki, bu hədisdə buna dəlil yoxdur. Burada kor bir kişi Peyğəmbərdən (səllallahu aleyhi və səlləm)  Allaha dua etməsini istəyir. Peyğəmbər (səllallahu aleyhi və səlləm)  də: “İstəyirsən sənin üçün dua edim, ya da istəyirsən səbir et”– deyə buyurur. O isə deyir ki: “Dua et.” Bu da sübut edir ki, təvəssül Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  hörməti və ya özü ilə deyil, duası vasitəsilə olmuşdur. Elm əhli buna əsaslanaraq bu hədisi Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  möcüzəsinə və duasının müstəcəb olmasına dəlil gətirmişlər. Belə ki, Peyğəm­bərin (səllallahu aleyhi və səlləm)  duası sayəsində Allah o kişinin gözlərini açdı. Elə bu səbəbdən də Beyhəqi bu hədisi “Dəlail ən-Nubuvvə (peyğəmbərliyin dəlilləri)” əsərində qeyd etmişdir. (Səhih Muslim) İndiki zamanda Peyğəmbər (səllallahu aleyhi və səlləm)  dünyasını dəyişmiş olduğundan heç kəs üçün dua edə bilmədiyinə görə bunu etmək qeyri-mümkündür. Peyğəmbər (səllallahu aleyhi və səlləm)  demişdir: “İnsan öldükdən sonra, üç əməl istisna olmaqla, onun bütün əməlləri kəsilir: davamlı sədəqə, faydalı elm və ona dua edən əməlisaleh övlad.” Hədisi Muslim rəvayət etmişdir. Duanın özü də, ölüm gəldikdə kəsilən saleh əməllərdən sayılır. Hər bir halda bunların bütün iddiaları ya səhih olmadığı, ya da onların düzgün anlamadıqlarına görə əsassızdır.


709

Salam aleykum və rahmətullahi və bərakətuhu. Sualım belədir. Əxi qadın namaz qılarkən ev geyimi ilə yəni, paltar dizə qədər altdan da qalın kalqotqa. Belə bir geyimlə namaz qılmaq olarmı? Allah razı olsun...

 

Və aleykumusələmu və rahmətullahi və bərakatuh.

Dediyiniz dar libasda qadın namaz qıldıqda onun namazı səhih hesab olunur.  Lakin geniş libasda namaz qılması daha əfzəldir.


708

 

Əs-sələmu aleykum va rahmatullah.

1. Dəstamaz alarkən bütün əzalar eyni saydamı yuyulmalıdır?

2. Seyid məfhumu varmi? Bilirəm ki, kimsə seyiddirsə günah etdiyi zaman bunun ona heç bir faydası olmaz. Amma bir bacı deyir ki, seyid deyilən şey yoxdur. Mən də dedim ki, məncə seyid Əhli beytin nəslindən gələnlərə deyilir. Bilmədiyim üçün sizdən soruşmaq istədim. Ümumiyyətlə Azərbaycanda seyid ola bilərmi?

3. Sualların içində saç rəngləmək barədə soruşulanda siz dediz ki, kafirlərə oxşamamaq və qara rəng olmamaq şərtilə hər rəng olar. Mən bunu anlamadım. Yəni kafirlərə oxsamamaq məsələsini. Kafir saçın rəngi ilə secilir ki? Yəni sarı saclı müsəlman da ola bilər və yaxud başqa. Kişi geyimi geyən qadınlar haqda da deyilir bu. Amma ərəbistanda kişi don formasında geyinir. Bunu soruşmaq istəyirdim. Başa düşmədiyim üçün.

4. Cihaddan yayınmış 3 səhabənin günahını Allah müəyyən şeylərdən sonra bağışlayır. Yəni nə qədər üstündən keçir, ailəsi ilə yaxınlığı, insanların onların salamını belə almaması kimi hadisələr baş verir. Hətta bildiyimə görə onlar artıq həyatdan heç bir zövq almayırlar. Səhabənin günahı belə çətinliklə bağışlanırsa, bizim sadəcə qəlbdən peşman olub, tövbə etməyimiz yetərlimi? Bu fikir məni çox narahat edir, həm də çox qorxuram. Bu qədər günah içində iken. Təbii ki insan olaraq. Bu mənə vəsvəsə ola bilərmi? Məncə sualım bir az şübhələndiyim kimi görünür. Amma əstəğfirullah. Mən günahlarımdan dolayı çox qorxduğum üçün sualımı verirəm. Sualı verə bildiyim qədər budur.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

1. Sünnəyə görə hər bir əza 3 dəfə yuyulur. Yalnız başa bir dəfə məsh çəkilir.

2. “Seyid” ərəb sözü olub cənab deməkdir və bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki, nə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm), nə də ondan sonra gələn səhabələrin dövründə İslam dinində belə bir titul olmamışdır. Lakin hal hazırkı dövrdə özlərini seyid adlandıran bir qrup insanlar bu cür adlardan istifadə edib bəzi avam insanlardan pul qoparırlar. Həmin özlərini seyid adlandıran insanlar iddia edirlər ki, guya Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslindəndir. Əgər biz Azərbaycana baxsaq görərik ki, əksər insanlar iddia edirlər ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) nəslindəndirlər. Əgər Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) şəhərində belə bir insan tapmaq mümkün deyilsə, necə olur ki, Azərbaycanda belə insanlar doludur. Həqiqətən də düşünməyə dəyər. Bir şeyi də qeyd edək ki, özlərini seyid adlandıran bu cür şəxslər, insanlardan nəzir yığmağa, dilənməyə və s. bu kimi Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslinə yaraşmayan işlər görməyə başlayırlar. Axı Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) öz hədislərində demişdir ki, “Onun Nəslinə sədəqə yemək haramdır.” Bəs onda nə üçün bu özlərini seyid adlandıran şəxslər belə edirlər. Əlbəttə ki, ağıl sahibləri başa düşürlər ki, bunların hamısı pula görədir. Odur ki, Azərbaycanda Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslindən olan heç bir şəxs yoxdur. Əgər varsa qoy onda o öz nəslini (şəcərə ilə) Peyğəmbərə (səllallahu aleyhi və səlləm) çatana qədər söyləsin.

3. Yəni ola bilsin ki, müəyyən bir zamanda müəyyən bir rəngdə və formada saçları düzəltmək kafir qadınlar arasında dəb sayılsın. Belə olduğu halda onlara bənzəməkdən çəkinmək gərəkdir. Ümumiyyətlə bu zamana və məkana görə dəyişən bir şeydir.

Ərəbistanda həmin geyim kişilərin milli geyimidir. Bu baxımdan onu geyinmək qadınlara bənzəmək hesab olunmur. Çünki orada qadınlar həmin paltarı geyinmirlər.

4. Həmin səhabələri Uca Allah imtahana çəkmişdi. Günahların çoxluğunu tez-tez xatırlayaraq tövbə etmək lazımdır. Bunda bir qəbahət yoxdur.


706

Salam Aleykum, Əxi xahiş edirəm namazları tərtiblə sadalayasınız. Birinci namazdan sonuncuyadək.

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

1. Sübh namazı.

2. Zöhr namazı.

3. Əsr namazı.

4. Məğrib namazı.

5. İşa namazı.


705

 

Assalamu Aleykum.

4 məzhəb imamı “Əgər hədis səhihdirsə bu mənim məzhəbimdir”  sözünü avvam müsəlmanlar üçün deyib yoxsa alimlər üçün? Allah rızası üçün bu məsələyə aydınlıq gətirin.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Şübhəsiz ki, bu söz, hədisin səhihini zəifindən ayırd etmək təqdirində olmayana aid deyildir. Eyni zamanda ola bilsin ki, avam bir müsəlman bir alimin hər hansı bir hədisin səhih olduğunu açıqlamasına əsaslansın.


703

Salam aleykum qardaş. Sizin dəstamazla əlaqəli yazılarınızda daha dəqiq desəm sual-cavab bölümündəki suallardan birinin cavabında ön hissədən çıxan qazın dəstəmazı pozmadığı yazılıb. Amma fiqh bölümündəki namaz təlimində hər iki qazın dəstəmazı pozduğu yazılıb. Buna aydınlıq gətirməyinizi istəyirəm. ALLAH etdiklərinizdən dolayı Sizdən razı olsun. Cavabı mailime atsaz daha şad olaram.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Qadınlarda ön hissədən (uşaqlıq yolundan) çıxan havanın dəstəmazı pozub-pozmadığı barədə alimlər ixtilaf etmişlər. Bir qrup alimlər həmin havanın dəstəmazı pozmasını söyləmiş və buna Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) “...yalnız səs və iy hiss etdikdə dəstəmaz alınır” hədisini dəlil gətirmişlər. Bu qrup alimlər bu hədisə əsaslanaraq deyirlər ki, burada Peyğəmbər (səlləllahu aleyhi və səlləm) insandan çıxan havanı ümumi (mütləq) olaraq söyləmişdir. Yəni bu hədis insanın həm arxasından və ön hissəsindən çıxan havanın hər ikisinə aid edilir.

Digər qrup alimlər öndən çıxan havanın dəstəmazı pozmadığını söyləmişlər. Dəlil olaraq isə belə söyləmişlər: “Çünki həmin hava insanın nəcasət çıxan yerindən çıxmır, əksinə o təmiz bir yerdən, ananın bətnindən (uşaqlıq borusundan) çıxır. Bu da dəstəmazı pozmur.

Ümumi olaraq biz onu söyləyə bilərik ki, ehtiyat üçün həmin adamın dəstəmaz alması daha münasib olardı.


702

Salamun aleykum.

1. Bir qardaş deyir ki, Harud və Marud adlı iki mələyi Uca ALLAH dərgahından qovub, yoxsa imtahan olaraq göndərib?

2. Bir qardas müsəlman qardaşını bilərəkdən və bilməyərəkdən öldürsə, qardaş nə etməlidir? ALLAH razı olsun.

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

1. Harutla Marut adlı iki mələyi Uca Allah insanlara imtahan olaraq göndərmişdi. Uca Allah buyurur: Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!” (əl-Bəqərə, 102) Ümumiyyətlə mələklər əsla Allaha asi olmurlar və yalnız Uca Allahın göstərişlərini həyata keçirirlər. Uca Allah buyurur: Bu səhifələr elçilərin əllərində – möhtərəm və müti olanların əllərindədir.” (Əbəsə, 15-16).

2. Müsəlman qardaşını bilərəkdən və ya bilməyərəkdən öldürən şəxs etdiyi bu əmələ görə öncə Allaha tövbə etməli və Ondan bağışlanma diləməlidir.

Bundan sonra qatilə şəriət hökmləri tətbiq olunur. Əgər mömini qəsdən öldürərsə, onda ona ölüm hökmü tətbiq olunur. Yox əgər bu xəta üzündən baş verərsə onda bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Uca Allah buyurur: “Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi – qatili əfv etməsi isə istisnadır. Əgər o ölən kimsə, mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda qatil mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda qatil onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bunları etməyə imkan tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir. Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.” (ən-Nisa, 92-93).

“Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.” (əl-İsra, 33).


701

Əs-salamu aleykum va rahmatullahi va barakatuhu!

1. İnşəAllah sualım məshlə bağlıdır. Dəstəmaz alıb corabları geydikdən sonra dəstəmazım pozulmamış həmin corabı çıxarıb başqa corab geyərəmsə məshin hökmü itir yoxsa? Yəni növbəti namazı qılanda yenidən ayaqları yumağa ehtiyac var, yoxsa məsh çəkmək olar?

As-salamu aleykum va rahmatullahi va barakatuhu!

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

Bu halda istədiyiniz qədər namaz qıla bilərsiniz. Yəni corabı çıxarıb dəyişməyiniz dəstəmazı pozmur. Həmçinin birinci dəstəmazdan sonra dəstəmazınız pozulmadığı halda geyindiyiniz corabın üzərinə də məsh çəkə bilərsiniz.


700

 

As-salamu aleykum və rahmətullahi və bərakətuhu.

1. Əxi kimlərinsə uzu suyu hörmətinə Allahdan istəməyin hökmü?

2. Birdə ki, Allah rizası üçün görülən işin hörmətinə edilən duanın hökmü?

 

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

Buna təvəssül deyilir. İslamda caiz olan təvəssül aşağıdakılardır:

1. Allahın ad və sifətləri vasitəsilə təvəssül etmək. Məsələn dua edib deyirsən ki; “Allahım! Səndən hər şeyi əhatə edən mərhəmətinlə məni bağışlamanı diləyirəm!”

2. Yaxşı əməllər vasitəsilə təvəssül etmək. Rəvayət edilir ki, Abdullah ibn Ömər  (radiyallahu anhu) demişdir: “Mən Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Sizdən əvvəl yaşamış ümmətlərdən üç nəfər səfərə çıxdı və yolda yağışdan daldalanmaq üçün bir mağaraya çəkildilər. Onlar mağaraya daxil olduqdan sonra dağdan böyük bir qaya parçası yuvarlanıb yerə düşdü və mağaranın ağzını qapadı. Onlar bir-birlərinə dedilər: “Sizi bu qaya parçasından ancaq etdiyiniz yaxşı əməllərinizin vasitəsilə Allaha dua etməyiniz qurtara bilər. Onlardan birisi dedi: “Ey Allahım! Mənim qoca ata-anam var idi. Mən hər axşam onlara süd içirtməmiş nə ailəmə, nə də xidmətçilərimə süd verməzdim. Bir gün mən bir iş dalınca çox uzağa getdim, evə qayıtdıqda ata-anam artıq yatmışdı; mən onlar üçün süd sağıb gətirdım, lakin gəlib onları yatmış gördüm. Mən onlara süd içirtməmiş ailəmə və xidmətçilərimə süd vermək istəmədim. Odur ki, sübh açılanadək əlimdə süd dolu bardaq onların yuxudan oyanmasını gözlədim. Nəhayət, onlar yuxudan oyanıb südlərini içdilər. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu qaya parçasına görə düşdüyümüz çətinlikdən qurtar!” Bundan sonra mağaranın keçidi bir balaca açıldı, lakin onlar bayıra çıxa bilmədilər”. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Digəri dedi: “Ey Allahım! Mənim hamıdan çox sevdiyim bir əmim qızı var idi. Mən onun könlünü ələ almaq istədim, lakin o mənə könül vermədi. Aradan illər keçdi. Nəhayət, quraqlıq ilində o mənim yanıma gəldi və mən ona mənimlə yaxınlıq etmək şərtilə yüz iyirmi dinar təklif etdim. O da buna razılıq verdi. Mən onu ağuşuma aldıqda o dedi: “Haqsız yerə bakirəliyimi pozmağa sənə halallıq vermirəm”. Mən onu ələ almaqla günah qazanacağımdan qorxdum, onu buraxıb getdim, ona verdiyim qızılı da ona bağışladım. Halbuki o mənim üçün ən əziz insan idi. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz çətinlikdən qurtar!” Bundan sonra qaya parçası yerindən bir az da tərpəndi, lakin onlar mağaradan çıxa bilmədilər.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Üçüncüsü dedi: “Ey Allahım! Bir dəfə mən bir dəstə işçi tutdum və onların hamısının zəhmət haqqını verdim. Yalnız biri öz zəhmət haqqını almadan çıxıb getdi. Mən onun zəhmət haqqını işə qoydum və onun malları artdı. Xeyli vaxt keçdikdən sonra həmin adam gəlib dedi: “Ey Allahın qulu, mənim zəhmət haqqımı ver!” Mən ona dedim: “Gördüyün bu dəvələr, inəklər, qoyunlar və kölələr sənin zəhmət haqqındır.” O dedi: “Ey Allahın qulu, mənə istehza etmə!” Mən dedim: “Mən sənə istehza etmirəm.” Bundan sonra adam malların hamısını sürüb apardı və onlardan heç bir şey saxlamadı. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz çətinlikdən qurtar!” Beləliklə, qaya parçası tamamilə aralandı və onlar oradan çıxıb getdilər.” Hədisi Buxari rəvayət etmişdir

3.  Dualarının qəbul olacağı güman olunan əməlisaleh bir şəxsin dua etməsi ilə təvəssül etmək. Məsələn, biri həyatda olan əməlisaleh, təqvalı bir şəxsin yanına gedib ondan düşdüyü çətinlikdən qurtulması üçün dua etməsini istəyir.

Bunlardan savayı olan təvəssüllər caiz deyildir. Daha geniş məlumat alamaq üçün saytın yükləmələr bölümündəki İmanın əsasları kitabının 40-50-ci səhifələrini oxumanızı tövsiyə edirik.


699
As-salamu aleykum va rahmatullahi va barakatuh. Mən usta işləyirəm, aylıq iş təklif olundu. Ancaq burda bir məsələ var ki, bir cümədən bir cümə namazına icazə verilir. Gedilməyən cümə günündə qazanılan pulun hökmü nədir.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Cümə namazı vaxtı pul qazanmaq qadağandır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” əl-Cumə, 9.

697

Salam aleykum şeyx. Mən Əhməd bin Hənbəlin məzhəbini təqlid olmadan seçmək istəyirəm. Onun fiqh kitabının adı nədir? Onu necə tapa bilərəm, mümkünsə yazın. Bir də şeyx mən necə seçə bilərəm ki, bu görüş yox digər görüş daha səhihdir? Çünki o kitabı oxuyanda dəlilini də gətirir, bir məsləhət edin mümkünsə.

 

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

Təəsübkeşlik etməmək şərtilə məzhəb fiqhini oxumaqda bir qəbahət yoxdur. Əksinə bu fiqhi hökmləri daha aydın anlamağa kömək edir. Lakin bəzi məsələlərdə başqa alimlərin daha güclü dəlillərə əsaslandığı sizə bəlli olduqda gərək məzhəbə təəssübküşlik etməyib dəlillərə tabe olasınız. Dəlilləri ayırd edə bilmək üçün isə ilk öncə ərəb dilini öyrənib elm almanız gərəkdir.


696
Salam aleykum şeyx. Allah sizi xeyirlə mükafatlandırsın. Sualım belədir ki, şeyx burada verilən suallara baxıram, əlhəmdulilləh gözel cavablardı, amma şeyx demək olar ki, verdiyiniz cavabların əksəriyyəti elm tələbələrinin dediklərinə ziddir. Yəni bir suala siz başqa cavab verirsiz, yerdə qalan digər elm tələbələri hamısı başqa şey deyir. Onların dedikləri eyni olur, sizinki fərqli. Adam da məhəttəl qalır.
Və aleykumus-salam. Ola bilməz ki deyilənlərin əksəriyyəti ziddiyətli olsun. Bizə verilən suallara biz öz başımızdan deyil quran və sünnəyə əsaslanan alimlərin rəyi ilə cavab veririk. Ola bilər fiqhi məsələlərdə ixtilaflı rəylər olsun. Lakin siz cavabın nəyə əsaslandığına diqqət etməli və baxmalısınız ki, alimlər çoxluğu hansı rəydədirlər. Birdə ki, ola bilər bizə verilən sual digər qardaşlarımıza verilən sualdan fərqli olsun. Bildiyiniz kimi günümüzdə məqsədinə nail olmaq üçün sualın özünə sərf edilən formada qoyulması az deyil. Hər bir halda dəlil tələb edin və baxın deyilən dəlil sələf tərəfindən sizin verdiyiniz suala aid edilib ya yox.

695
Salam alekum. Hicablı qadın eynək taxa bilərmi?
Və aleykumus-salam. Bəli hicablı qadın eynək taxa bilər. Bir şətlə ki, eynək taxmağa ehtiyacı var və bu eynək bəzənmək məqsədi daşımamalıdır. Günümüzdə bəzi müsəlman qadınlar gözəl görsənmək məqsədilə bərli bəzəkli eynək taxır. Bu da islama ziddir. Qadının bəzəyi onun hicabıdır. Hər hansı bir vasitə ilə nəzəri cəlb etməsi isə haramdır.

694

As-salamu aleykum və rahmətullahi və barakatuhu. Səhih əl-Buxari və ya Muslimdən dəlil lazımdır (hədislər və nömrələri), namazda sağ əli sol əlin üzərinə qoymaq ilə bağlı. Allah razı olsun. As-salamu aleykum və rahmətullahi və barakatuhu...

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Səhih əl-Buxari (740), Səhih Muslim (401).


693
Salam Aleykum. 1. Əsr namazının nafilələri (sünnət) haqqında məlumat verərdiniz. 2. Quran/15/2. Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar. Bu ayade kafir deyiləndə kimlər nəzərdə tutulur?! Ancaq Allahı inkar edənlər yoxsa Allaha ibadət etməyən müsəlmanlar da daxildir?!
Aleykumassalam. 1. Əsr namazından əvvəl və ya sonra ratibə (sünnət) namazı yoxdur. Əsr namazından sonra sünnət qılmaq qadağandır. Lakin əzan və iqamə arası dörd rükət nafilə namaz qılmaq sünnədə varid olub. 2. Bu ayədə ümumiyyətlə küfr edərək cəhənnəmə düşən hər kəs nəzərdə tutulur.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”