Ana səhifə
 / Sual-cavab


738

Salam aleykum. Mən pulumu evdə saxlaya bilmirəm. Pulumun oğurlanmaması üçün pulumu bankda saxlamağa məcbur olmuşam. Təxminən hər ay pulumun üzərinə 300 manat faiz gəlir. Təbii ki 300 manat sələm olduğu üçün mən bu pulu yeyə bilmərəm. Mən bu pulu başqa bir yerə xərcləməyi düşünmüşəm. Mən ticarət ilə məşğulam. Dükanıma vergilər nazirliyi kassa qoyub və hər satılan malın 4 faizi dövlətə gedir. Hər üç aydan bir 150 manat vergiyə pul ödəyirəm. Mən bilirəm ki əslində dinimizdə kassa sistemi ilə insanlardan vergi tutmaq düzgün deyil. İndi mən istəyirəm ki bankdan aldıqım pulu kassa sistemi ilə məndən tutulan vergiyə ödəyim. Mən belə etmək ilə sələm yemiş sayılıram yoxsa yox?

 

Və aleykumus-sələm.

Sələmlə işləyən banklara əmanət qoymaq caiz deyildir. Əgər pullarınızın oğurlanmasından qorxursunuzsa onu daşınmaz əmlak almaqla saxlaya bilərsiniz.


737

Salam aleykum. Cümə günü verilən 2 azanın hansını təkrarlamalıyıq.

Və aleykumus-sələm. Hər iki azanı təkrarlamaq olar.


736

 

Əssəlamu aleykum. Sualıma görə çox üzr istəyirəm. Harun Yahya haqqında fikirləriniz nədir? Din məsələsində onun ardınca getmək olarmı? Harun Yahyanın Quran möcüzələri və s. kimi dini-elmi əsərləri vardır ki, çoxlarının İslamı qəbul etməyinə və marağına səbəb olub. Lakin sonradan bəzi şəriət hökmlərinə qarşı çıxmağa başlayır, məsələn hicab məsələsi və s. Harun Yahya tərəfdarları deyirlər ki:

1. Hz. Mehdi Harun Yahyadır, çünki Hz. Mehdi haqqındakı hədislər (uzun müddət həbs olunması, camaatın ondan uzaqlaşması və s.) onun üstündə baş vermişdir.

2. Ən-Nur surəsi, 31-ci ayəni misal gətirərək orda baş sözünün keçmədiyini, qadınların sadəcə bədəninin örtülməsini qeyd edib hicabı inkar edirlər və hədislərə yox, ancaq Qurana istinad edirlər. Bu iddialara cavabınız nə olardı? Öncədən çox təşəkkür edirəm.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Əlbəttə ki, həm Mehdi olmasını iddia edən, həm də çoxlu sayda batil etiqadları yayaraq şeytanın yoluna qulluq edən həmin şəxs yalançı və zəlalət əhlidir. Bu cür bəlli məsələlərdə Uca Allahın buyurduqlarına qarşı çıxan zəlalət əhlini tərk etmək lazımdır. Hicaba gəldikdə isə ilk öncə onu qeyd etməliyik ki, hicab islamaqədərki dinlərdə və svilizasiyalarda da mövcud olmuşdur. Tarixə nəzər salsaq görərik ki, islamdan öncə Avropa ölkələrinin bir çoxunda qadının hicab geyinməsi onun yüksək zümrəyə, zadəgan nəslinə mənsub olması və kölə qadınlardan seçilməsilə xarakterizə olunub. Zaman keçdikcə tarixi hadisələrin təsiri nəticəsində hicab tədricən unudulmaga başlanmışdır. İslam dini öz gəlişi ilə bu məsələyə yeni bir həyat verdi. Dinimiz qadına yüksək qiymət verərək onu yad nəzərlərdən qorumaq, cəmiyyətdə əxlaq balansının pozulmaması üçün hicabı bütün qadınlara vacib buyurdu. Bu barədə Uca Allah belə buyrur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.” (əl- Əzhab surəsi, 59).  Göründüyü kimi yenilməz güc və qüvvət sahibi olan Allah bu ayə vasitəsilə qadına nə üçün hicab geyinməsini əmr etməsini izah edir. Bu ayə özündə bir çox hikmətləri daşıyır ki, onların da bir neçəsini nəzərdən keçirmək yerinə düşərdi. Elə ayənin əvəlindən açıq aydın görünür ki, hicab geyinmək nəinki Peyğəmbərimizin (səlləllahu aleyhi və səlləm) zövcələri və qızlarına o cümlədən, bütün xanımlara vacibdir. Sonra isə Rəbbimiz bu əmrin hikmətini açıqlayaraq onlara əziyyət verilməməsi ücün deməsi, qadının hicabdan imtina edəcəyi təqdirdə özünü əzaba və zülmə düçar edəcyinə bir dəlildir. Və ayənin sonunda Allah Özünün Bağışlayan və Rəhimli olmasını xatırlamaqla, tövbə edəcək, Allahın əmrinə tabe olacağı və hicab geyinəcəyi təqdirdə, qadının günahını bağışlayacağına əmin edir. Əmrlərinin kamilliyinə görə Rəbbimizə həmd olsun! Uca Allah nə cür geyinmək, bədənin hansı nahiyəsini örtmək barəsində belə buyurur: “Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirmiş kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.” (ən-Nur surəsi, 31 ) Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) fəcr namazını qılarkən, hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı (Səhihu-l-Buxari, 578; Səhih Müslim, 1456). Ummu Atiyyə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bakirə qızların, heyzli qadınların bayram namazlarına gəlməsini bizə əmr edərdi. Heyzli qadınlar namaz qılınan yerdən kənarda dayanar və o günün xeyir-bərəkətinə nail olmaq üçün camaatın arxasında (namaz qılınan yerdən aralı) oturar, təkbir və dua edərdilər. Mən dedim: "Ey Allahın elçisi! Bizdən birinin hicabı olmadıqda nə etsin" O dedi: " Bacısı (Burada istənilən müsəlman qadın qəsd olunur) hicablarından birini ona versin!" (Səhihu-l-Buxari, 980; Səhih Müslim, 2053), (Səhihu-l-Buxari, 980; Səhih Müslim, 2053).


735

Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu. Belə bir sualım var. “Sənə qurban olum” demək nə qədər doğrudur, bu haqda səhih hədislər var amma bir tərəfdən də fikirləşirsən ki, qurban yalnız Allaha olunmalıdır. Bu sözə Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) qadağa qoymayıb. Bu haqda hədis varmı, ümumiyyətlə bu sozü demək olarmı? Qabaqcadan Allah razı olsun, əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Cabir ibn Abdullah (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “(Yuxuda) gördüm ki, Cənnətdəyəm. Birdən qarşımda Əbu Təlhənin zövcəsi Rumeysanı gördüm və bir ayaq səsi eşitdim. Soruşdum: “Bu kimdir?” Dedilər: “Bu Bilaldır!” Sonra mən bir qəsr və bu qəsrin həyətində bir cavan qız gördüm. Soruşdum: “Bu (qəsr) kimindir?” Dedilər: “Ömərindir!” Mən qəsrin içinə girib ora göz gəzdirmək istədim, lakin sənin qısqanclığın yadıma düşdü (və mən dönüb oradan uzaqlaşdım).” (Bunu eşidəndə) Ömər dedi: “Atam-anam sənə qurban, ya Rəsulullah, heç sənə qısqana bilərəmmi?!” (əl-Buxari, 3679);  Rəvayət edilir ki, Səd ibn Əbu Vəqqas (radiyallahu anhu) demişdir: “Uhud döyüşündə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) mənə: “Atam-anam sənə qurban”– demişdi.” (əl-Buxari, 3725).


733

 

Əssəlamu aleykum va rahmətullahi va bərəkətuhu. Əlixan qardaş. Suallarım belədir əziz qardaşım:

1. Eşitdiyimə görə, Məkkə, Mədinə şəhərlərində başqa ölkənin vətəndaşlarına ev, torpaq satılmır. Ancaq o ölkənin vətəndaşı olan ev, torpaq və s. ala bilər deyə eşitmişəm. Siz Mədinədə təhsil aldığınıza görə deyə bilərsinizmi belə bir şey varmı?

2. Telefonda kredit götürəndə misal üçün, 1 manat kredit götürsəm 1 manat 20 qəpik qaytaracağımı qabaqcadan bilirəm. Bu da faiz hökmündədirmi?

3. Ölmüş insanın ruhu bu dünyada kiminsə gözünə görünə bilərmi? Ümumiyyətlə hansısa hallarda ruh bu dünyaya gələ bilərmi? Misal üçün yaşadığı evə.

4. Qardaşlar bəzən Cazakallahu xayran (Allah səni xeyirlə cəzalandırsın) deyə bir dua deyirlər. Xeyirlə mükafatlandırsın əvəzinə xeyirlə cəzalandırsın mənası mənə aydın olmur nədənsə. Ümumiyyətlə belə bir dua sünnədə varid olubmu? Sənə belə bir dua edildikdə nə cavab verməlisən? Suallarım çox oldu bir az. Haqqını halal et qardaş. Allah elminə bərəkət versin. Amin. Əssəlamu aleykum va rahmətullahi va bərəkətuhu.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

1. Biz Mədində yalnız dini təhsil almışıq və belə şeylərdən xəbərimiz olmayıb, bunlarla heç maraqlanmamışıq da.

2. Bəli, bu da faiz hökmündədir.

3. Ölmüş adamın ruhunun gözə görünməsi barədə heç bir dəlil varid olmayıb.  Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəmbərlə (səlləllahu aleyhi və səlləm) birgə Mədinə­nin boş əkin sahələrindən birində idim. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) xurma ağacından olan bir əsaya söykənmişdi. Bu vaxt bir dəstə yəhudi yanımızdan keçərək öz aralarında: “Ondan ruh barəsində soruşun”– dedilər. Onlardan bəziləri: “Soruşmayın! Ola bilsin ki, onun verdiyi cavab sizin xoşunuza gəlməsin sizdə şübhə oyatsın”, digərləri isə: “Yox! Mütləq soruşacağıq”– dedilər. Bir kişi ayağa qalxıb dedi: “Ey Əbul Qasım! Ruh nədir?” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) susdu. Mən öz-özümə: “Ona vəhy nazil olur”– dedim və ayağa qalxdım. Vəhy nazil olduqdan sonra Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bu ayəni onlara oxudu: “Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir” (Səhih əl-Buxari). Bu o deməkdir ki, heç  Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) ruh barədə geniş məlumatı olmamışdır.

4. Cabir ibn Abdullah əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Kimə yaxşılıq edilmişsə, qoy onun əvəzini versin. Əvəz verməyə bir şey tapa bilməsə, qoy ona yaxşılıq etmiş adamı tərifləsin....”  Burada “tərifləsin” deyildikdə, həm yaxşılıq edən kimsəni tərifləmək, həm də onun üçün dua etmək, Allahdan xeyir-bərəkət diləmək nəzərdə tutulur. Bu xüsusda Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Hər kim özünə yaxşılıq etmiş adama: “Cəzakəllahu xeyran (Allah səni xeyirlə mükafatlandırsın)!”– desə, ən gözəl şəkildə tərif etmiş olar” (Sunən ət-Tirmizi, 2167; Səhih əl-Cami, 6368). Bu hədisdə “Allah səni xeyirlə mükafatlandırsın” deyildikdə, dünyada və axirətdə olan bütün xeyirlər nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edək ki, kafir adam etdiyi yaxşılığın əvəzinə ona “Allah səni xeyirlə mükafatlandırsın!”, “Allah səndən razı olsun!” və s. buna bənzər dualar demək olmaz. Kafirə yalnız Allahdan hidayət diləmək olar.


732

Əssəlamu aleykum. Allaha and içib və and içdiyi şeyə gücü catmayıb və andını pozanın kəffarəsi nədir? Əssəlamu aleykum.

 

Va aleykumas-salam va rahmatullahi va barakatuh.

Andı pozmağın kəffarəsi bunlardır:

1. On nəfər yoxsulu yedirtmək.

2. On nəfər yoxsulu geyindirmək.

3. Mömin bir köləni azad etmək.

4. Bunlara imkanı olmayan üç gün oruc tutmalıdır.

Uca Allah buyurur: “Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. (Kəffarə vermək üçün bir şey) tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra poz-duğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.” (əl-Maidə, 89).


731

Salam aleykum və rahmətullah. Mən bir qadından ötrü eşqə mübtəla olmuşam. İndi isə ayrılmışıq. Ancaq onu unuta bilmədiyim üçün əziyyət çəkirəm. Bunun çarəsi dində nədir? Necə edim ki, dərdimə çarə tapım. Salam aleykum.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Uca Allaha çoxlu dua edin ki, sizə evlənmək üçün imkan yaratsın. Uca Allah buyurur: “Qoy evlənməyə imkanı olmayanlar, Allah öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar.” (ən-Nur, 33)


730

Salam aleykum və rahmətullah. Sualım belədir. Səhər evdən çıxanda dəstəmaz alırıq, amma namaz qılmırıq. Onun üzərinə məsh etmək olarmı? Zəhmət olmasa səhih hədislərlə cavab verin. Allah razı olsun.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Bəli məsh çəkə bilərsiniz. Müğirə ibn Şöbə rəvayət edir ki, mən bir gecə səfərdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) ilə bir yerdə idim. Su qabından onun əllərinə su tökdüm. O, üzünü və qollarını yudu, başına da məsh etdi. Sonra mən əyilib onun xuflarını çıxarmaq istədikdə dedi: “Toxunma onlara! Mən onları ayaqlarım təmiz olduğu halda geyindim”. Hədisi Əhməd, Buxari və Muslim rəvayət etmişdir. Hümeydi “Müsnəd” əsərində belə rəvayət etmişdir: “Biz dedik: “Ey Allahın Elçisi! Bizdən birimiz xufları üzərinə məsh edə bilərmi?” Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu: “Əgər onları ayaqları pak olduğu halda geyinibsə, məsh edə bilər”.


729

Salam aleykum. Səhabələr içində münafiqlər olubmu? "Səhabə" kimlərdir?

Və aleykumus-sələm. Səhabə münafiq ola bilməz. Səhabə: Peğəmbəri (səllallahu aleyhi və səlləm) görüb ona iman gətirmiş, ölənədək mömin kimi yaşayıb mömin kimi bu dünyadan köçmüş adam.


728

 

Sələmun aleykum.

1. Köfsər surəsinin 3-cü ayəsinin təfsirini bizə Allah rizası üçün acıqlasanız məmnun olarıq.

2. Təyəmmüm qüsulu aldıqdan sonra su gələ-gələ Təyəmmüm ala bilərəm? Allah üçün ətraflı.

3. Qardaşım baldızını Allah üçün bəyənirəm o, mənə və ya mən ona sms yazıb, telefonla danışa bilərəm. Əgər günahdırsa zəruri hallarda olsa necə. Allah razı olsun.

 

Və aleykumus-salam.

1. Ayədə belə deyilir: "Sənin düşməninin özü sonsuzdur!" Yəni, Ey Muhəmməd, sənə və sənin gətirdiyin haqqa, hidayətə, açıq-aşkar dəlilə və nura düşmənçilik edənin özü sonsuz və zürriyyətsizdir. İbn Abbas, Mucahid, Səid ibn Cübeyr və Qatədənin sözlərinə görə, bu ayə As ibn Vail haqqında nazil olmuşdur. Muhəmməd ibn İshaq Yezid ibn Rumanın belə dediyini nəql etmişdir: "As ibn Vailin yanında Peyğəmbərin (səllallahu aleyhi və səlləm) adı çəkilərkən, onun haqda "əl çəkin ondan! O, sonsuz və zürriyyətsizdir" - deyərdi. O, öldüyü vaxt onun soyu kəsilmiş və Uca Allah bu ayəni nazil etmişdi. Şimr ibn Atiyyənin sözlərinə görə isə ayə Ütbə ibn Əbu Mueyt haqqında nazil olmuşdur. İbn Abbas və İkrimənin sözlərinə görə, ayə Kəb ibn əl-Əşrəf və bəzi qureyşlilər haqqında nazil olmuşdur. Bəzzar deyir ki, bizə Ziyad ibn Yəhya əl-Həssani İbn Abbasın belə dediyini nəql etmişdir: Kəb ibn əl-Əşrəf Məkkəyə gələndə, qureyşlilər ona dedilər: "Sən onların ağsaqqalısan. Bu sonsuzun öz xalqının başına nələr açdığını görürsənmi? O, iddia edir ki, guya bizdən daha xeyirlidir. Halbuki, biz hacıları qarşılayan, Kəbənin qoruyucusu və hacılara su paylayan kəslərik". Kəb ibn əl-Əşrəf isə demişdi: "Siz ondan daha xeyirlisiniz". Buna görə də Allah təala "Sənin düşməninin özü sonsuzdur!" ayəsini nazil etmişdir. Bu rəvayətin isnadı səhihdir. Rəvayət edilir ki, Atə bu ayənin Əbu Ləhəb haqqında nazil olduğunu söyləmişdir. Qeyd olunur ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) oğlu vəfat etdiyi vaxt Əbu Ləhəb müşriklərin yanına gedib onlara "bu gecə Məhəmmədin soyu kəsildi" demişdi. Buna görə də Allah təala "Sənin düşməninin özü sonsuzdur!" ayəsini nazil etdi.  Başqa bir rəvayətdə İbn Abbas deyir ki, "bu ayə Əbu Cəhl haqqında nazil olmuşdur". Bu ifadə yuxarıda qeyd olunan və ya olunmayan, ancaq bu vəsflərə sahib olan hər kəsə şamil olunur. Suddi deyir ki, bir kişinin oğlu öldüyü vaxt ərəblər ona "əbtər" (ayədə "sonsuz" kimi tərcümə edilmiş ifadə) deyərlər. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) oğulları öldüyü vaxt da "Məhəmməd (əbtər) sonsuz oldu" demişdilər. Ona görə də Allah təala "Sənin düşməninin özü sonsuzdur!" ayəsini nazil etdi. Onlar cahillikləri ucbatından Peyğəmbərin (səllallahu aleyhi və səlləm) oğulları öldüyü vaxt elə zənn etdilər ki, onun soyu kəsildi. Halbuki əsla belə deyil! Əksinə Allah təala onun nəslini diriliş və məhşər gününə kimi həmişəyaşar etmiş, şəriətinə riyaət etməyi hər bir qula vacib saymışdır. Qiyamət gününə qədər ona daim Allahın salavatı və salamı olsun!

2. Su mövcud olduğu təqdirdə xəstəlik və ya digər üzürlər olmadıqda təyəmmüm almaq olmaz.

3. Xeyr, naməhrəm qadınlarla danışmaq, yaxud məktublaşmaq olmaz.


727

Əs-salamu aleykum va rahmatullahi va barakatuh. Allahın xeyri sizin üzərinizə olsun. Səcdədə dua etmək olarmı (namaz vaxtı yox) adi vaxtlarda.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Bəli, olar.


726

 

Assalamu aleykum.

1. Zövcənin qohumları rayonda qalır, biz isə Bakıda. Onların heç biri əlaqə saxlamır. Zövcə qohum haqqını ödəmək üçün istədiyi qohumuna zəng edib hal əhval tuta bilərmi? Və əgər ər icazə verməsə ərə günah varmı? 

 

Və aleykumus-sələm.

1. Qohumlarla əlaqə saxlamaq Allah və Rəsulunun buyurduğu bir əmrdir.  Uca Allah buyurur: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.” (ən-Nisa, 1). Səbəbsiz yerə ərin qadına qohumlarla zəng edərək əlaqə saxlamağa qadağan etməsi onun üçün günahdır. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Qohumluq əlaqəsi ər-Rəhmandan bir şəcnədir. (Allahın mərhəməti ilə bağlı olan rəhmət əlamətlərindəndir.) O deyir: “Ey Rəbbim! Mənə zülm edildi. Ey Rəbbim! Məni kəsdilər. Ey Rəbbim! Mənə, mənə”. Rəbbi də ona: “Səni kəsəni kəsməyimə, birləşdirəni də birləşdirməyimə, razı deyilsənmi?!”- deyə cavab verir.” Həsən hədisdir. Odur ki, ərin izni olduğu təqdirdə qadın zəng edib öz qohumları ilə hal-əhval tuta bilər, lakin naməhrəmlərlə danışmamaq şərtilə.


725

 

Salam aleykum. Suallarım belədir:

1. Əgər bir insan təyəmmüm alıbsa, sonra əlini və üzünü yusa təyəmmüm pozulurmu. Yəni qüsl almağa su yoxdu, sadəcə bir az var və o sudan əl üzünü yuyub.

2. Keçən dəfə işadan sonra hər gün istədiyim qədər nafilə namaz qılmaq barədə sual verdim, dediz ki, bidət olar. Bəs necə edim ki, bidət olmasın. Axı qadağan olunmayan vaxtlarda istədiyin qədər nafilə qılmaq olar. Mən də gücüm çatan qədər qılmaq istəyirəm. Mənə məsləhət edin ki, necə və nə qədər qılsam bidət olmasın. Allah razı olsun.

 

Və aleykumus-sələm.

1. Xeyr, pozulmur.

2. İstədiyin qədər qılsan bidət olmaz. Lakin şəriətdə təyin olunmamış say qədər say təyin edib davamlı şəkildə bunu yerinə yetirsən bidətə çevrilər.


724

Salam Aleykum. Atanın qız övladına pis davranması, qayğı göstərməməsi, heç nəyi ilə maraqlanmaması, öz qəbaheti olsa bele söyməsi, anaya pis davrandıqda ananı müdafiə etdiyi üçün çığır bağır dava dalaş salması, söyməsi, öldürməklə təhdid etməsi, aldığı və etdiyi hər şeyi başa qaxması, uşaqlıqdan bura o qədər zülm etmiş ki, say say bitməz, anamız göz önümüzdə hər zaman sərxoş halda gələrək döyülüb, hər zaman pis davranıb, bizi həmişə hamının yanında alçaldıb və s. O qədər özünə qarşı nifrət qazanan atanı sevmirəm, nə qədər edirəm ona qarşı sevgi yaranmır, sadəcə Allah rızası üçün dözürəm. Amma aramızda davalar olur hərdən özümü ələ ala bilmirəm dalaşırıq, bilirəm ölmaz, ancaq özü nifrət qazandır

Və aleykumus-sələm. Valideynin də övlad üzərində haqları vardır. Bu haqda daha geniş məlumat almaq istəyirsinizsə, burhan.az saytında, Peğəmbər səllallahu aleyhi və səlləmin əxlaqı adlı audio dərslər arasında övlada aid bir neçə dərs vardır, onlara qulaq asa bilərsiniz.


723

Mənim evdə Qurani Kərim kitabım var. Atam da evdə qonaq gələcək deyə araq saxlayır, belə desək (ehtiyat görüb). Mən necə edim ki, qonaq olanda evdə araq da içir, amma bir çoxu kimi əslində aludəçi deyil. Mən dərslərlə və çox yolla dəfələrlə devət eləmişəm amma alınmır.

Siz yalnız gözəl əxlaqla və hikmətlə dəvət etməkdə davam edin və üzülməyin. Atanızın evdə içki saxlamasına görə sizə heç bir günah yazılmır. Uca Allah buyurur: “Heç kəs başqasının günahını daşımaz.” (əl-İsra, 15) Həmin evdə Quranın olmasında da bir qəbahət yoxdur. Əsas Quranın pak bir yerdə olmasıdır.


722

 

Əs-Salamu Aleykum və rəhmətullahi və bərəkətuh.

1. Qardaş, işlə əlaqədar Surqut şəhərinə gedirəm. Bilmək istəyirəm ki, 6 saatlıq uçuşda dəstəmazsız və oturaq vəziyyətdə necə etməliyəm.

2. Aylıq gəlirin 1500 manat olanda ilə nə qədər zəkat düşür.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

1. Namaz qılmaq üçün dəstəmazın olması şərtdir. Təyyarədə ayaq üstə namaz qılmaq mümkünsüzdürsə o zaman gəmidə olduğu kimi oturaraq namazı qılmaq olar. Uca Allah buyurur: “Allahdan bacardığınız qədər qorxun.” (ət-Təğabun, 16). Namazın vaxtının çıxmağına kifayət qədər vaxt olduğu təqdirdə qılmayıb hava limanınadək gözləsə də olar.

2. Zəkat iki şərtlə vacib olur: 1. Miqdar (yəni şəriətin təyin etdiyi miqdara çatmalıdır); 2. Vaxt (yəni şəriətin təyin etdiyi vaxta çatmalıdır). Qadına bəzənmək məqsədilə istifadə etdiyi qızıl əşyalarının zəkatını verməsi əfzəldir. Qızılın zəkat miqdarı 85 qram, müddəti isə bir ildir. Yəni qızılın (və ya pulun miqdarı) çəkisi 85 qram olduqdan sonra, üzərindən 1 il keçərsə, 1 ilin tamamında həmin miqdardan 2.5 % zəkat verilməlidir. Odur ki, əvvəla siz qızılınızın miqdarını mütləq təyin etməlisiniz ki, onun 2,5 faizini zəkat verəsiniz. Həmçinin sizin qızılınızın miqdarı nə vaxt 85 qrama çatıbsa həmin günü də yalnız hicri təqvimi ilə qeyd etməli və hər il həmin vaxt gəlib çatdıqda zəkatınızın miqdarını hesablamalısınız.


721

Salam aleykum, çox dəyərli qardaşlarım. Sualıma Əlixan qardaş cavab versin Allah üçün, çünki haqq onundur. Sual: Qardaş sənin müəllifi olduğun elektron kitabları olduğu kimi capdan cıxarıb, Allah üçün yaymaq olarmı? Allah sizdən razı olsun!

Və aleykumus-sələm. Qardaş, mən halallıq verirəm, lakin bu kitabları çap edib  yaymaq üçün Dini Qurumların icazəsi olmalıdır, yoxsa, sonra problem olacaq. Nəsihətim budur ki, bunu etməyəsiniz.


720

as-Salamu aleykum! Başqasının övladı üçün əqiq kəsmək olarmı?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Əqiqi buna imkanı olan kəsməlidir. İmkansızlığı ucbatından bunu edə bilməyən kəs isə buna görə günah qazanmaz. Uca Allah buyurur: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər.” (əl-Bəqərə, 256). Lakin əqiqini kəsmək istədiyiniz uşağın valideyni buna icazə verərsə siz həmin əqiqi kəsə bilərsiniz.


719

As-Salamu aleykum. Mən suvenirlər və hədiyyəlik əşyalar satılan dükanda işləyirəm. Bizim satdığımız malların içində dini yazılar olan mallar, şəkil ramkaları, şəkillər olan malllar var. Bu şəraitdə işləmək olarmı?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

İşlədiyiniz yerdə yazı ramkalarda şəriətə müxalif yazılar yoxdursa sizin həmin yerdə işləmənizdə heç bir qəbahət yoxdur.


718

Salam aleykum. İmanı dil ilə demək, qəlblə təsdiq etmək və əməllərdə göstərmək. Bunu 4 məzhəb alimlərindən kim deyib və kitablarının adını zəhmət olmasa.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Sələflər əməlin imandan olması məsələsində yekdil fikirdə olmuşlar. Misal üçün İmam Əhməd ibn Hənbəl Usulus-Sünnə əsərində bunu söyləmişdir.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”