Ana səhifə
 / Sual-cavab


788

Assalamu aleykum. Məsciddə və ya başqa yerdə camaatı cənazə namazına çağırmaq olarmı? Mən imam Şafinin belə əməlin bidət olması barədə oxumuşam.

Və aleykumus-salam. Cənazə namazının qılınacağından camaatın xəbəri olmayacağı təqdirdə bunu camaata elan etmək olar.


787

Əs-salamu aleykum! Məscidə, gələrkən əgər  həmin məscidin xatib-imamı ilə əsas camaat namazı qılınıbsa, mən yenidən başqa birisi ilə camaat namazı qıla bilərəmmi? Mümkündürsə cavabınızda dəlil gətirərdiz. Çünkü bu mövzu ilə bağlı hər 2 hədis (olar və ya olmaz) ilə bağlı məlumatım var. Cavabınıza görə Allah razı olsun!

Va aleykumussəlam, böyük alimlərdən Abdul-Muhsin əl-Abbad bu suala belə cavab vermişdir: “Bir məsciddə iki camaat namazı qılmağın iki halı vardır: birinci hal budur ki, ikinci camaat, birinci camaata müxalif olmaq üçün qəsdən gecikmişlər, yəni birinci camaata namaz qıldıran imamın arxasında namaza durmaq istəməmişlər. Belə olduğu təqdirdə camaat namazı qılmaq olmaz. Belə ki, məsciddə yalnız bir camaat namazı qılınmalıdır. Camaata yetişmək məqsədi ilə məscidə gəlmiş və camaat namazına çatmamış kimsələr ikinci dəfə camaat namazı qıla bilərlər. Çünki bu vəziyyətdə mümkün olanı budur. Buna dəlil budur ki, Peyğəmbər səlallahu aleyhi və səlləmin bir nəfər namaza gecikir və gəlib fərz namazını təkbaşına qılmağa başlayır. Bu vaxt Peyğəmbər səlallahu aleyhi və səlləm onunla fərz namazını qılmış səhabələrindən bəzisinə, qalxıb bu adama qoşulmağı buyurur və: “Kim bu adamla namaz qılmaqla ona sədəqə vermək istəyir.” Və əgər Peyğəmbər səlallahu aleyhi və səlləm bu halda ikinci dəfə camaat namazı qılmağa izn vermişdirsə, biz də həmçinin, deyirik: “Əgər bir toplum adam camaat namazına gecikmişdirsə, camaat şəklində namaz qılmasında heç bir eyib yoxdur” (Şərh Sunən Əbu Davud, 2/43).


786

 

Əssalamu aleykum əxi. Mənim çoxlu suallarım var, zəhmət olmasa cavablandırarsız.

1. Mənim qardaşım tibb universitetində oxuyur və orada saqqallı olmağa və qısa şalvar geyinməyə icazə vermirlər. İndi bilmək istərdim ki, qardaşımın oxumasında günah yoxdur ki?

2. Əxi mənim 15 yasım var və əmimin oğlanları gələndə məni öpürlər və qucaqlayırlar. Onların 28-30 yaşları var. İndi buna görə mənə günah yazılırmı?

3. Bir də əxi mənim əsas sualım belədir. Atamla anam dalaşmışdılar. Düzdür indi barışıblar, ancaq ki atam anama böhtan atmışdı. Yəni anamın demədiyi bir sözü dediyini demişdi. Mən də onların danışıqlarına şahid olmuşdum. Anam elə bir söz deməmişdi. Atamla anam dalaşanda mən də araya girdim və anamın elə söz demədiyini dedim və ağladım. Atamla indi küsülüyük. İndi mən nə etməliyəm? Cazakallahu xayran. Allah təala sizi Cənnətlə mükafatlandırar inşaAllah. Salam aleykum va rahmatullah.

 

Və aleykumus-salam.

1. Qardaşınızın tibb universitetində oxumasında heç bir günah yoxdur. Günah onun şəriətə müxalif etdiyi əməllərə görədir. Məsələn dediyinizə görə şalvarını topuqdan aşağı geyinməsində və sairə.

2. Bəli, əminizin oğlanlarının sizi öpmələrinə görə sizə günah yazılır. Çünki əminiz oğlanları sizə naməhrəmdir. Odur ki, bunu onlara bildirməli və bir daha belə günaha yol verməməlisiniz.

3. Sizə atanızla barışmanızı nəsihət edirik. Belə olduğu halda siz böyük bir savaba nail olacaqsınız.


784

Assalamu aleykum. Qardaş bir sualım var. Əxi şəriətdə şəkilin hökmü nədir? Qardaşların şəkilləri var burada, belə olarmı?

 

Və aleykumus-salam.

Şəkil barəsində bunu deyə bilərik:

1. Ümumiyyətlə İslam dininə görə əllə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır.” (Hədisi Buxari rəvayət etmişdir). Əbu Cuheyfə (radiyallahu anhu) demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bədənə döymə vuran və vurduranı, sələm yeyən və yedirdəni lənətləmiş, itin və (zinaya sövq edilmiş) kənizin müqabilində pul almağı qadağan etmiş və rəsm çəkənləri lənətləmişdir.” (Hədisi Buxari rəvayət etmişdir). Lakin, ruhu olmayan əşyaların şəkilini çəkmək caizdir. Bu barədə də İbn Abbasdan (radiyallahu anhumə) hədis varid olmuşdur.

2. Fotoaparatla şəkil çəkmək barəsində isə müasir alimlər ixtilaf etmişlər. Bir qrup alimlər onu əllə çəkilən şəkilə aid edərək haram saymış, digər qrup alimlər isə onu əllə çəkilən şəkilə aid etmədiklərindən caiz görmüşlər. Daha doğrusunu isə Allah bilir.


783

Əssalamu aleykum, qardaş. Niyə bəzən "La ilahə illallah", bəzən isə "Lə iləhə illallah" deyirlər? Və hansı düzdür? Əvvəlcədən təşəkkür edirəm.

Və aleykumus-salam. Bu söz ərəb dilində olduğu üçün hər kəs onun transkripsiyasını (yəni, ərəb sözünü latın hərifləri ilə yazılmasını) bir cür yazır. Əslində isə bu sözün deyiliş, yəni səsləndirmə forması birdir.


781

Salam aleykum. Ögey dayı, babanın yanında başı açıq gəzmək olarmı? Allah sizlərdən razı qalsın! Amin!

 

Və aleykumus-salam.

Bəli, qadın babasının yanında başı açıq gəzə bilər. Ögey dayı dedikdə kimləri qəsd etdiyinizi daha açıq yazmanızı xahiş edirik.


780

Əssələmu aleykum qardaş. Sualım belədir. Yasdan gələn yeməyi yemək olarmı? Allah sizi qorusun. Amin.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Bu cür təamlardan mümkün qədər çəkinmənizi tövsiyə edirik. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Halal da bəllidir, haram da. Bunların arasında halal yaxud haram olduğu bəlli olmayan bəzi şübhəli şeylər vardır ki, çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli şeylərə dalsa, mal-qarasını qoruğun kənarında otaran çoban kimi, çox keçməz qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir” (Səhih əl-Buxari, 52).


778

Salamun aleykum əxi. Qamət Süleymanov öz forumunda deyir ki siz “restoranlarda ət yeməyin” demisiz. Sonra demisiz ki, 20 ildən çoxdur dəvət gedir, artıq hüccət çatıb. Bu düzdurmü? Axı bunu xavariclər deyir, daha doğrusu elm tələbələrinin çoxsu həmişə bu cür deyir, yəni xavariclərin fitnələrindəndir bu. İnşaAllah aydınlıq gətirərdiniz. Bir də forumda cavab yazmışdı ki siz Mustafa İslamoğlunun əqidəsinin super olduğunu demisiz, deyir ki şahidlər də var. Samin qardaş da şahiddi, zəng etmişdi sizə. İnşəAllah sualı foruma buraxmaq istəməsəz email ünvanına cavab yazardız. Allah razı olsun.

 

Və aleykumus-sələm.

Allah ona da, onun bu sözünü eşidib ağlına gələnləri yayanlara da hidayət versin. Onlar ancaq bizim savabımızı artırırlar. Sizə də məsləhətimiz budur ki, Peyğəm­bərin (səllallahu aleyhi və səlləm) bu hədisini qulağınızda sırqa edəsiz: “Dedi-qodu ya­yan Cən­nətə girməz!”


775

Salam aleykum şeyx. Sizi Allah rizası üçün sevirəm. Sualım budur ki, Buruc surəsinin ilk ayəsində Allah subhanəhu və təalə “bürclü göyə” and içir. Bürc yəni nə deməkdir. Mən anlamıram. Əxi zəhmət olmasa bu haqda cavab verin, çünki çoxu elə bilir ki tərəzi, oğlaq və bu kimi burclərdir. Amma əslində bilmək istəyirəm orada hansı bürclərdən söhbət gedir.

 

Və aleykumus-sələm.

Mücahid bu ayədə keçən bürclərin ulduzlar olduğunu təfsir etmişdir. (Təfsir ət-Təbəri).


774

As-salamu aleykum va rahmatullahi va barakatuhu! Əxican, Allah üçün Əbu-bakr mescidi.com/forum yazılan Samin qardaşın dediyinə görə onun yanında sizə zəng edilməsi və Mustafa İslamoglu barəsində soruşulması haqqında olan yazı ilə bağlı açıqlama gətirərdiz. Bu söhbət nə vaxt olub? Artıq camaat çaş-baş qalıb. Bilmir kimə inansın, bilmir kimdən elm götürsün. Həqiqətən də çox çətindir, adam Allah üçün sevdiyin (təqvasına, əxlaqına, səmimiliyinə və s.) görə, daima qəlbində ona qarşı sevgisi itməyən birisinə (elm əhlinə) qarşı orda yazılanları oxuyanda çox pis olur. Görəsən bu söhbətin sonu bu dünyada qurtaracaq və hər şey bəlli olacaq yoxsa Qiyamətə qalacaq, hər halda düzünü Allah bilir. Allah tezliklə həqiqəti ortaya çıxartsın inşəAllah! Kimin kim olduğunu göstərsin hər kəsə insəAllah. Allah bizi adda yox, əməldə ixlaslı olan qullarından etsin! Amin! As-salamu aleykum va rahmatullahi va barakatuhu!

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Əvvəla məsləhət görürəm ki, heç vaxt ad çəkməyəsiniz, yoxsa, ad çəkən nanəciblər kimi, getdikcə gözdən düşəcəksiniz. İkincisi isə, onlar yalnız bizim savabımızı artırırlar. Siz isə yaxşı olar ki, www.burhan.az saytındakı haqq-say itirənlər adlı dərsimizə qulaq asasınız. Gec və ya tez kimin kim olduğu inşaAllah hamıya bəlli olacaq.


773

Salam aleykum. Qardaş mənə elə gəlir ki, mən Allahı haqqı ilə tanımıram. Dəlilim də budur ki, kimsə yanımda Dinin əleyhinə hansısa tutarlı, yəni mən anlamayacağım nə isə deyəndə, sanki bütün həvəsim yox olur, qol-qanadım yanıma düşür, məndə ruh düşkünlüyü olur. Xüsusən də, imanına elminə güvəndiyim birindən İslama qarşı tərəddüdlü bir fikir eşidəndə, mən asanlıqla günah etməyə kimi gedirəm. Beynimdən küfr dolu fikirlər keçir və s. Daşlaşıram, imanım sönür. Mən nə edim? Bu hal nədir?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Yaxşı olar ki, bu halınızı dəf etmək üçün öz üzərinizdə dini maariflənmə işi apararaq çoxlu kitab oxuyasınız. Elminiz artdıqca belə hallardan da uzaq olacaq, habelə Allahdan daha çox qorxacaqsınız. Uca Allah buyurur: “Həqiqətən Allahdan alimlər qorxar.” (Fatir, 28). Həmçinin buyurur: “De ki, heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?” (əz-Zumər, 9).


772

Assalamu aleykum va rahmatullahi va barakatuh. Saualım belədir. Ruzinin artması üçün dua varmı? Varsa necədir? Allah sizlərdən razı olsun!

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Dua belədir: “Var-zuqna və əntə xayrur-raziqin (Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!” Bundan əlavə www.burhan.az saytında “Ruzi qazanmağın 17 yolu” adlı video dərsə qulaq asın.


771

 

Salam aleykum əxi.

1. Pis əmməllər (göz zinası məsələn) yaxşı əməlləri yuyub aparırmı, yoxsa xeyir işə görə savab, gunaha görə cəza vardır?

2. Dəfələrlə tövbəni pozub, yenə də tövbə etmək nə dərəcədə doğrudur? Tövbənin şərtlərindəndir ki, gərək tövbəni pozmayasan. Ancaq insan nəfsidir, yenə də pozursa nə etməli? Çünki edilən tövsiyələrə bir müddət əməl edildikdən sonra, istəmədən yenə də günaha düşüb bəzən tövbəni pozursan. Mümkünsə bu haqda ətraflı yazardız.

3. İbadəti, zikri çoxaltdıqca, daxili sıxıntılar və s. artır, insan elə bil özünü yaxşı hiss etmir, yəni çox dərinə gedəndə adam dində sıxılır. Ancaq dərinə getməyib, hamı kimi danışıb güləndə, nədənsə sıxıntılar gedir. Ola bilərmi ki, bir müddət ibadətlərdə sıxılıb, sonra rahat olasan? Bu ümumiyyətlə niyə belə olur? Allah razı olsun.

 

Və aleykumus-sələm.

1. Yaxşı əməllər kiçik qəbahətləri silib aparır. Böyük günahlar üçün isə tövbə etmək gərəkdir.  Bu xüsusda Uca Allah buyurur: “Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır” (Hud, 114); başqa bir ayədə Allah buyurur: “Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər.” (əl-Furqan, 70). Həmçinin, Peyğəmbər (səllallahu aleyhi və səlləm) də belə buyurmuşdur: “Pisliyin ardınca yaxşılıq et ki, bu yaxşılıq, həmin pisliyi silib aparsın” (Sunən ət-Tirmizi, 1987). Məsələn namaz,  Namazın günahlar üçün kəffarə olması barədə bir çox hədislər varid olmuşdur. Həmin hədislərdən birində Abdullah ibn Məsud rəvayət edir ki, bir nəfər Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib, naməhrəm bir qadını öpdüyünü ona xəbər verdi və bunun nə dərəcədə günah olduğunu öyrənmək istədi. Uca Allah da bu ayəni nazil etdi: “Gündüzün iki başında əvvəlində və axırında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır” (Hud, 114). Adam soruşdu: “Ey Allahın elçisi! Bu hökm yalnız mənə aiddir?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: “Bu, ümmətimdən olan hər kəsə aiddir!” (Səhih əl-Buxari, 526).

2. Tövbəni tez-tez pozmaq böyük günahlardan sayılır.

3. İbadəti çoxaltdıqca iman artır, bu halda gələn sıxıntılar əslində  bir imtahan, habelə, günahların silinməsi və savabların artması üçün bir səbəbdir. İbadətinizdə sabitqədəm olun, səbir edin və şeytanın vəsvəsələrinə uymayın.


769

Assalamu aleykum va rahmatullah. Sizə sualım belədir:

1. Elm öyrənmək istəyirəm. Amma haradan, necə, nə cür başlayacağımı bilmirəm. Mənə bu barədə yol göstərin.

2. Quran ayələrini öyrənmək üçün transkripsiyasını dəftərə yazmaq olarmı? Unutduqda tez-tez xatırlamaq üçün bunu dəftərdə saxlaya bilərəmmi?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

1. Əvvəlcə Quran oxumağı öyrənin. Sonra əqidəni və ərəb dilini. Soraqlayın elm məclisi barədə eşitdikdə çalışın iştirak edəsiniz.

2. Öyrənmək üçün belə edə bilərsiniz. Lakin çalışın ərəbcə oxumağı öyrənəsiniz ki, hifz etdiyiniz ayələrin tələffüzündə hər hansı bir səhvə yol vermədiyinizdən əmin olasınız.


768

Salam aleykum. Qardaş hər hansı bir fərz namazından sonra, yəni fərz namazını qıldım qurtardım, zikr elədim. Səcdəyə gedib başımı yerə qoyub dua edə bilərəmmi?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Peyğəmbər (sallallahu aleyhi va səlləm) namazdan sonra dua etmək istədikdə oturduğu vəziyyətdə dua edərdi. Onun namazdan sonra səcdə edərək dua etməsi barədə hər hansı bir səhih dəlil yoxdur. Odur ki, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sünnəsinə müvafiq şəkildə dua edin. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Mənim və raşidi xəlifələrimin sünnəsindən arxa dişlərinizlə yapışın, dində sonradan yaranmış yeniliklərdən isə çəkinin, çünki hər bir bidət zəlalətdir.” Hədisi Tirmizi və Əhməd rəvayət etmişlər.


767

Əssalamu aleykum. Bildiyimə görə gecə namazlarında bir ayəni təkrar-təkrar bir neçə dəfə oxumaq olar. Bəs bir ayəni bir neçə defə oxuduqdan sonra ardınca başqa bir surədən bir ayəni yenə bir neçə defə oxumaq olarmı? Allah sizdən razı olsun. Amin.

 

Və aleykumus-sələm.

Olar. Ancaq bir şərtlə ki, ayələr eyni surədən olduğu təqdirdə gərək ardıçıllıq pozulmasın.


766

Səlam aleykum və rahmətullahi və bərakətuh. Bir sualım var. Qardaş rayonda yaşayır. Şərait yoxdur tez-tez çimsin. Qış aylarında həftədə bir dəfə mümkün olur. Deyir ki, bu gün qüsl alıram, gecə yuxuda məni ifraz olur məndən. Qüsl almaq istəyirəm evdəkilər soruşurlar ki, dünən yuyunmadın? İndi nə oldu? Soyuq olar, filan. Qardaş da utanır desin ki, cənabət halındayam. Qardaş subay olduğu üçün utanır bunu deməyə. Soruşur ki, mən bir neçə gün təyəmmümlə namaz qıla bilərəmmi? Ta ki, bir neçə gün keçsin ki, evdəkilərə səbəb deməyə məcbur qalmasın..

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Xeyr, heç bir üzr olmadığı halda təyəmmüm etmək olmaz. Qardaş çalışıb bunu dolayı yolla valideynlərinə anlatsın və su ilə qüsl almağa imkan olduğu halda təyəmmüm etməsin.


764

Salam Aleykum. Əxi sual budur ki, əsr və işa namazlarından öncəki namazlara necə niyyət etməliyik? O namazlar nə adlanır? Və neçə rükət olmalıdır? Allah razı olsun.

Salam Aleykum. Əxi sual budur ki, əsr və işa namazlarından öncəki namazlara necə niyyət etməliyik? O namazlar nə adlanır? Və neçə rükət olmalıdır? Allah razı olsun.


763

Salam Aleykum. Qardaş biri mənə sual verdi ki, Rəsulullaha (səllallahu aleyhi və səlləm) 40 yaşında peyğəmbərlik verilibsə bəs o 40 yaşında sünnət (yəni cinsiyyətinin uc hissəsinin kəsilməsini nəzərdə tutur) olub?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Peyğəmbərin (sallallahu aleyhi va səlləm) nə zaman xitan olunması ixtilaflı məsələdir. İbn əl-Qeyyim əl-Cəuziyyə (Allah ona rəhmət eləsin) “Tuhfətul məulud” əsərində bu barədə üç rəyin olduğunu bildirmişdir:

1. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) anadangəlmə xitan olunmuş olması. Bu barədə varis olmuş hədislərin hamısı zəifdir.

2. Peyğəmbər (sallallahu aleyhi va səlləm) uşaq ikən mələk onun sinəsini yarıb qəlbini təmizlədiyikdə onu xitan etmişdir. Bu barədə varid olan hədis də Şazz və zəifdir.

3. İbn əl-Adimin dediyi kimi babası Əbdül-Muttalib Peyğəmbəri (sallallahu aleyhi va səlləm) yeddi günlüyündə babalarının adətinə görə xitan etməsidir. Bu rəy reallığa daha uyğun hesab olunur. Daha doğrusunu bilən Allahdır.


762

Mənə belə bir şey dedilər. Hz. Ömər Əbu Hüreyrə haqqında "O Allahın və İslam dininin düşmənidir" qaynaq olaraq da Hakimin Müstədrəkini göstərdilər.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Bunların hamısı uydurma şaiyələrdir. Əgər doğrudan da elə bir şey varsa kitabın cildini və hədisin nömrəsini versinlər baxıb dəqiqliklə cavab verək.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”