Ana səhifə
 / Sual-cavab


487

Salam Aleykum, qardas! Mənə lazım olan Namazda Rukudan qalxarkən "Səmi Allahu li-mən hamidəh" deyərkən əllərin vəziyyətinə dair 1 dəlil yazardız, zəhmət olmasa, Salam Aleykum!

Va aleykumus-salam va rahmatullahi va barakatuh.

Bu alimlər arasında ixtilaflı olan bir məsələdir. Bunu sünnət sayanlar Buxarinin “Səhih” əsərində Səhl ibn Səddən (radiyallahu anhu) rəvayət olunan hədisi dəlil gətirirlər. Həmin hədisdə deyilir ki, “İnsanlar namazda sağ əllərini sol qollarının üzərinə qoymağa əmr olunurdular.” Həmin alimlər, o cümlədən Şeyx Abduləziz ibn Abdullah ibn Bəz bu hədisin ümumi olduğunu əsas gətirərək bunun həm rukudan öncəyə, həm də rukudan sonraya şamil etmişlər. Digər alimlər, o cümlədən Şeyx Muhəmməd Nasirəddin əl-Albani bu barədə açıq-aydın bir hədis olmadığı üçün əlləri bağlı tutmağı bidət adlandırmışdır. Nəticə etibarı ilə hər iki əməli etmək olar. İmam Əhməddən belə bir rəvayət də vardır ki, namaz qılan kəs rukudan sonra əlləri bağlamaqla açmaq arasında ixtiyar sahibidir.


486

Salam Aleykum, qardaş! Mən bu saytın "Fiqh">>"N A M A Z" bölməsində "Namazın qılınma qaydası"nda qiyamda əllərin yazılan vəziyyətdə olmasına dair dəlil yazmanızı xahiş edirəm, Salam Aleykum!

 

Və aleykumus-salam.

Vail ibn Hucrdan (radiyallahu anhu) rəvayət olunan hədisdə o demişdir: “Mən Peyğəmbərlə (sallallahu aleyhi va səlləm) birlikdə namaz qıldım və o, sağ əlini sol əlinin üzərinə qoyub sinəsinin üzərində tutdu.” Hədisi İbn Xüzeymə öz “Səhih” əsərində rəvayət etmiş, əl-Əzami də onun səhih olduğunu bildirmişdir. Hədisin raviləri arasında Muəmmil ibn İsmayıl hifzi zəif olan ravi olduğu üçün hədis özü-özlüyündə zəifdir. Lakin başqa rəvayətlər onu səhih və ya həsən dərəcəsinə qaldırmışdır. Hədis elmində Şeyxul-İslam hesab olunan Hafiz İbn Həcər əl-Əsqəlani “Fəthul-Bari” əsərinin müqəddiməsində Səhih Buxarinin hədislərini şərh edərkən yalnız səhih və ya həsən gördüyü hədisləri varid edəcəyini? Zəif bir hədis qeyd etdikdə isə onun zəifliyini bəyan edəcəyini bildirmişdir. Sonra da o, Vail ibn Hucrun (Allah ondan razı olsun) bu hədisini “sinəsinin üzərinə qoydu”  ləfzi ilə birlikdə qeyd etmişdir. Bu da onu göstərir ki, bu hədis İbn Həcər əl-Əsqəlaniyə görə ya səhih, ya da həsəndir. Hər iki halda hədis məqbul hesab olunur. Əsrimizin mühəddisi Muhəmməd ibn Nasirəddin əl-Albani bu hədis barəsində “Sıfətu salətin-nəbi” əsərində demişdir: “Sünnədə sabit olan əllərin sinənin üzərində tutulmasıdır. Digər hədislər isə ya zəifdir, ya da heç bir əsli yoxdur.”


485

Salam aleykum, qardaş! Mən bilmək istəyirəm ki, ata-ana ibadət əhli deyillərsə və onlar bir çox sünnətləri (saqqal, izarın topuqdan yuxarı olması və s.) yerinə yetirməyi mənə qadağan edirlərsə, mən necə hərəkət etməliyəm? Allah sizdən razı olsun! Salam aleykum!

 

Və aleykumus-salam.

Günah işlərdən başqa hər bir işdə valideynlərin qayğısına qalmaq vacibdir. Əbu Dərda (radiyallahu anhu) demişdir: “Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) mənə doqquz şeyi tövsiyə etmişdir: “Tikə-tikə edilsən, yaxud yandırılsan belə, heç nəyi Allaha şərik qoşma. Bilərəkdən vacib namazları tərk etmə. Belə ki, bilərəkdən onu tərk edən kimsə xəta-bəladan qorunmaz. Şərab içmə. Çünki o, hər bir şər əməlin açarıdır. Valideynlərinə itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr, onlara görə (bundan) əl çək. Özünün haqq olduğunu bilsən belə, ixtiyar sahibləri ilə mübahisə etmə. Həlak olacağını yəqin etsən belə, yoldaşların cihaddan qaçmış olsa da sən qaçma. Varından öz ailənə xərclə, dəyənəyini onların üzərindən qaldırma və onları Allahla qorxut.” Hədisi Buxari, Ədəbul-Mufrad əsərində rəvayət etmişdir. Hədis “həsən” hədisdir.

Hədisdən açıq-aydın başa düşülür ki, valideynlərə itaət etmək yalnız dinə zidd olmayan dünya işlərinə aiddir. Allahın və Onun Rəsulunun (səlləllahu aleyhi və səlləm) əmrinə zidd olan işlərdə isə onlara itaət etmək qadağandır. Bu xüsusda Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Allaha asi olaraq məxluqa itaət etmək olmaz” (Musnəd İmam Əhməd, 5/66; Silsilətul-Əhadisis-Səhihə, 179).

Saqqal və paltarı topuqdan yuxarı geyinməyə gəldikdə isə bu Allahın və Peyğəmbərinin (səlləllahu aleyhi və səlləm) əmridir. Bu işlərdə valideynlərə tabe olmaq olmaz.


484

Salam aleykum va rahmatullahi va barakatuhu. Mənim sualım belədir ki, bir insan böyük günah edib, bu günaha görə çox peşmandır, günah o insanı rahat buraxmır, yaddan cıxarda bilmir, çox əziyyət verir etdiyi günah. Hətta ALLAH qorusun dəli olmaq halına gəlir, bu insan nə etməlidir?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

 

Əgər siz etdiyiniz günaha görə çox peşiman olmusunuzsa və bir daha həmin günaha qayıtmamağa niyyət etmisinizsə və Allaha tövbə etmisinizsə onda Allahın rəhmətindən ümidinizi kəsməyin və ümid edin ki, Allah sizin tövbənizi qəbul edəcək. Uca Allah buyurur: “Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (əz-Zumər, 53). Lakin bununla yanaşı yaxşı əməllərinizi də artırın ki, həmin yaxşı əməllər etdiyiniz günahı silib aparsın. Tövbə etdikdən sonra yaxşı işlər görmək günahların silinməsi üçün kəffarə sayılır. Bu xüsusda Uca Allah buyurur: “Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır” (Hud, 114); başqa bir ayədə Allah buyurur: “Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər.” (əl-Furqan, 70). Həmçinin, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) də belə buyurmuşdur: “Pisliyin ardınca yaxşılıq et ki, bu yaxşılıq o pisliyi silib aparsın” (Sunən ət-Tirmizi, 1987).


483

Salam aleykum. Şeyx Əli Həsən Əl-Hələləbi haqda aşağıdakı cavablardan birində açıqlama vermisiniz: --- “...Bir qrup şeyxlər onun iki kitabında yazdığı bir neçə fikrin xəta olduğunu söyləmiş və bunu bəyan etmişdir. Amma ümumi olaraq onu pisləməmişlər. Əlbəttə ki, xətasız insan yoxdur. Əgər əhli sünnə vəl-camaa əqidəsində olan bir adamın xətası varsa həmin adam tamamilə tərk olunmur, onun sadəcə həmin xətası tərk olunur”. --- Amma Şeyx, Qudeyyandan onun haqda soruşduqda deyir: “Əli Həsən əl-Hələbini tərk edin. O hansı ki, murciə məzhəbini deyir”. --- Şeyx AbduHəmid Əl-Həcuridən isə soruşduqda deyir: “Əl-Hələbi Sələfi deyil. Allaha tövbə etməlidir. Sələfi-Salehin mənhəcinə tabe olmalıdır...” Əxi, indi onu (haqqında “sələfi deyil” deyilmiş birini) Qudeyyan demiş “tərk edək?”, ya siz demiş “tamamilə tərk etməyib sadəcə xətasın tərk edək?” Kimə tabe olaq? Mən çaşdım lap... Məni yanlış anlamayın, Sələf mənhəcindən ayrı düşməkdən Allaha sığınıram. Cavabınız çox önəmli... Salam aleykum.

 

Və aleykumus-salam.

Şeyx Əli ibn Həsən əl-Hələbi barəsində alimlərin mövqeyi.

Əvvəla hər kəsə məlumdur ki, Rəsulullahdan (səlləllahu aleyhi və səlləm) başqa heç kəs məsum deyildir. Odur ki, səhvsiz alim yoxdur. Alimlərdən kimsə səhv etdikdə onun səhvi götürülmür. Lakin həmin xətanı əsas tutaraq həmin alimi qaralamaq və insanları ondan çəkindirmək olmaz. Əksinə onun az miqdarda buraxdığı səhvlər çoxlu yaxşı işləri ilə ört-basdır olunmalıdır. Bu cür alimlərin elmlərindən faydalanmaq, eyni zamanda buraxdığı səhvdən uzaq durmaq gərəkdir. Həmçinin bu cür alimlərə dua edib onlar üçün rəhmət oxumaq lazımdır. Həyatda olan alim və ya elm tələbələrinə gəlincə onların xətası yumşaq bir formada, mehribancasına və sevgi ilə vurğulanmalıdır ki, həmin şəxs də öz xətasını dərk edərək düzgün mövqe seçmiş olsun.

Köhnə alimlərdən elələri vardır ki, onların bəzi əqidə məsələlərinə yanaşmalarına müəyyən problemər olmuşdur. Halbuki alimlərin və elm tələbələrinin həmin alimlərin elmlərinə ehtiyacları vardır. Çünki onların qələmə aldıqları əsərlər elm tələbələri üçün əvəzolunmaz əsərlər hesab olunur. Belə alimlərə Beyhəqini, Nəvəvini və İbn Həcər əl-Əsqəlanini misal göstərmək olar.

Səid ibn əl-Museyyib (hicrətin 93-cü ilində vəfat etmişdir) demişdir: “Elə bir alim, rəhbər və ya fəzilət sahibi yoxdur ki, onun eybi olmasın. Lakin kimin fəziləti nöqsanlarından çox olarsa, fəziləti nöqasanını ört-basdır edər. Eyni zamanda kimin nöqsanı fəzilətindən çox olarsa nöqsanları fəzilətini alıb aparar. Bəziləri demişlər: Alim səhvsiz olmaz. Xətası az, doğru söylədikləri isə çox olan şəxs alim sayılır. Səhvləri çox, doğru danışdıqları az olan kəs isə cahildir.” İbn Əbdül-Bərin “Cami bəyan əl-ilmi va fadluhu” əsəri (2/48).

Abdullah ibn Mübarək (hicrətin 181-ci ilində vəfat etmişdir) demişdir: “İnsanın yaxşı işləri pis işlərindən çox olduqda pis işləri deyilməz. Həmçinin pis işləri yaxşı işlərini üstələdikdə yaxşı işləri qeyd olunmaz.” Siyar əlam ən-nubəla” əsəri 8/352.

İmam Əhməd (hicrətin 241-cı ilində vəfat etmişdir) demişdir: “Bizə bəzi məsələlərdə müxalif olmasına baxmayaraq bildirmək istəyirəm ki, Xorasanın körpüsündən İshaq (ibn Rahuya) kimisi keçməmişdir. İnsanların bir-birilərinə müxalif olmaları təbiidir.” (Siyar əlam ən-Nubəla, 11/371).

Şeyx Əli ibn Həsən əl-Hələbidən: iman nədir? -  deyə soruşulduqda o, belə cavab vermişdir: “Şeyximiz Şeyx Həmmad əl-Ənsari (Allah ona rəhmət eləsin) bəzi alimlərdən nəql edərək söylədiyi kimi iman dillə demək, qəlblə etiqad etmək, bədən üzvləri vasitəsilə əməl etməkdir, ər-Rəhmana itaət etməklə artır, şeytana itaət etməklə isə azalır. Ona görə dəAbdullah ibn Mübarək, İmam əl-Bərbəhari və İmam Əhməd demişlər ki; Kim imanın artıb azaldığını söyləyərsə İrcadan yaxa qurtarmış olar. Çünki onlar əməli imandan hesab etmirlər. Ona görə də bəzi sələflər Murciələri “Qiblə əhlinin yəhudiləri” adlandırmışlar.”

Şeyx Əbdül Muhsin Abbad Şeyx Əli Həsən əl-Hələbi barəsində demişdir: “O, Əhli Sünnə val-caməadandır və ondan faydalanmaq olar, onu tərk etmək doğru deyildir.”

Şeyx Məşhur Həsən onun haqqında demişdir: “Şeyx Əli əl-Hələbini Murciə adlandıran əslində Şeyximiz Muhəmməd Nasir əd-Din əl-Albanini ittiham edir. Çünki o, əqidənin bəzi incə məsələlərində Şeyx Albaninin mövqeyini dəstəkləmişdir. Həmin məsələlər də iman məsələsinin əsaslarından deyil fiqhindən (yəni fəri məsələlərindən) hesab olunur. Odur ki, Əhli Sünnənin əsas məsələlərində sabit olan kəs Əhli Sünnədən hesab olunur və onu Murciəlikdə ittiham etmək olmaz. Lakin şeyx Albaniyə qarşı qəlblərində kin saxlayan bəziləri onun Allahı dilucu söyəni kafir hesab etməməsini əsas gətirərək onun əqidəsini xarab sayırlar. Halbuki xətası olmayan alim yoxdur və şeyx Albani məsum deyildir. Şeyxul-İslam ibn Teymiyyə kimi mötəbər alimin belə bəzi rəylərini tələbəsi İbn əl-Qeyyim əl-Cəuziyyə qəbul etməmişdir. Hətta Şeyxul-İslam ibn Teymiyyənin söylədiyi elə məsələlər var ki, Şeyx Muhəmməd ibn Saleh ibn Üseymin onları xəta hesab etmişdir. Elm belə bir şeydir. Hər bir alimin xətaları olur. İctihad edib doğru söyləyən alim iki əcr, xəta edən isə bir əcr əldə etmiş olur. Ona görə də məsələyə geniş baxmaq lazımdır. Şeyx Əli Həsən əl-Hələbi deyir ki, iman etiqad, söz və əməldən ibarətdir, artır və azalır, “mən möminəm inşəAllah” söyləməyi caiz sayır. Əhli Sünnənin iman məsələsində əqidəsinin əsasını bunlar təşkil edir. Kim bu əsaslara etiqad edərsə Murciəlikdən uzaq olar. Əsas məsələlərdə alimin sözünə məhəl qoymayıb fiqhi bir məsələdə  alimin sözünü götürərək onu söyləmədiyi bir şeydə ittiham etmək doğru deyildir.” Hətta elələri də vardır ki, bəzi Hicaz alimlərinin Şeyx Hələbi haqqındakı söylədiklərini əsas gətirərək onu zəlalətdə sayır. Əslində onlar elə Hicaz alimlərini də zəlalətdə hesab edirlər. Belələrinə söyləmək lazımdr ki, axı siz Hicaz alimlərini də təkfir edirsiniz. Kafir hesab etdiyiniz şəxslərin fətvalarına niyə əsaslanırsınız?

Doktor İbrahim ər-Ruheyli demişdir: “Şeyx Əli Həsən əl-Hələbi Əhli Sünnə val-camaadan olması və dürüstlüyü ilə tanınır.” Şeyx Doktor Ömər əl-Bəzmul onun haqqında demişdir: “Şeyx Əliyə və bütün İordaniyalı şeyxlərə dərin ehtiramım var. Çünki onların bütün Ərəb və İslam dünyasında böyük rolları vardır.”

Şeyx Hüseyn Ali Şeyxdən Fətvalar üzrə daimi komitənin Şeyx Əli əl-Hələbi barəsindəki fətvası ilə bağlı soruşulduqda o demişdir: “Əvvəla Şeyx Əli bizim böyük qardaşımızdır, hətta bu fətvanı çıxaranlar da onu bir alim kimi sevir və ona hörmət bəsləyirlər. Bu məsələ də elmi bir məsələdir və onu müzakirə etməklə düzəltmək olar. Həm şeyx Əli, həm də onun şeyxi Albani hər ikisi Sünnə alimlərindəndir və Əhli Sünnə val-camaanın əqidəsindədirlər. Bunda heç bir şübhəniz olmasın. Həmin fətva da Şeyxin Murciə əqidəsində olduğunu bildirmir. Orada söhbət müəyyən bir kitabdakı müəyyən bir məsələdən gedir. Bütün alimlər ona hörmət bəsləyir. Hər bir alimin xətası ola bilər. Yalnız Peyğəmbər (səlləllahu aleyhi və səlləm) məsumdur.”

Şeyxin barəsində Şeyx Əbdül-Kərim əl-Xudeyr, Şeyx Muhəmməd ibn əş-Şeyx Əli ibn Adəm əl-İsyubi, Şeyx Əbdüs-Sələm əl-Bərcəs, Şeyx Əbu Turab əz-Zahiri, Şeyx Hatim ibn Arif, Şeyx Doktor Həməd əş-Şitvi, Şeyx Əbul-feyd əl-Fədani, Şeyx Muhəmməd Nəsib ər-Rifai, Şeyx Abdullah əl-Ubeylan,  Şeyx Doktor Ömər əl-Bəzmul,  Şeyx Vasiyyullah Abbas, Şeyx Muhəmməd Cəmil Ziynu,  Şeyx Hüseyn ibn Əbdül-Əziz Ali Şeyx, Şeyx Sad əl-Husayyin, Şeyx Bəkr ibn Abdullah Əbu Zeyd, Şeyx Muqbil ibn Hadi əl-Vadii, Şeyx Saleh ibn Əbdül-Əziz Ali Şeyx, Şeyx Həmmad ibn Muhəmməd əl-Ənsari, Şeyx Muhəmməd ibn Saleh əl-Üseymin və Şeyx Əbdül-Əziz Abdullah ibn Bəzz kimi alimlər müsbət fikirlər səsləndirmişlər.

Aşağıdakı linkdə olan alimlərin fitvalarına bax - hamısına bax:

http://www.youtube.com/watch?v=3N8M_q3bBZo&list=PL45F317E87B0B4DF2


482

Salam aleykum. Məsələn bir qardaşi valideynləri dininə görə sıxırlar, saqqalına, balağına görə onu qardaşların yanında da biyabır edirlər. Başqa qardaşlar bir yerdə yığışdıqda, valideynləri tərəfindən əziyyət edilən qardaş haqda söz düşür və sanki qardaşın halına acıyaraq onun özü olmadan onun başına gələnlər haqda digər qardaşlara da danışılır. Məsələn: “Mustafa qardaşın atası, anası hətta onun geyindiyi ayaqqabıya görə danışırlar ki, bunu geyinmə, bu ayaqqabını vəhhabilər geyinir”, “qardaş salvarının ayağını qatladır, anası evdə sökür, qardaşın işi zülümdür” və s. bu danışılanları qardaşın özü olmadığı halda, digər qardaşlar öz aralarında bir birinə danışması qeybətdirmi? Qəsd qardaşın halına acımaqdır. Söz düşüb deyə misal olaraq danışılıb. Əgər qeybətdirsə, qardaşdan halallıq almaq günahdan azad olmaq deməkdirmi? Allah sizdən razı olsun.

 

Və aleykumus-salam.

Qeybət - Qardaşının xoşlamadığı bir şeyini özü olmadığı halda xatırlamaqdır. Əgər qardaşınız sizin öz aranızda xatırladığınız həmin əməllərin xatırlanmağını xoşlamırsa onda bu qeybət sayılır. Bu halda qardaşdan halallıq almaqla yanaşı tövbə edib Allahdan bağışlanma da diləməlisiniz.


481

As-salamu aleykum şeyx. Allah səni qorusun. Sual: Vitr namazını zövcə ilə qılmaq əfzəldir, yoxsa tək???

Və aleykumus-salam. Vitr namazını davamlı olmamaq şərti ilə hərdən zövcə ilə qılmaq caizdir. Lakin onu tək olaraq qılmaq daha əfzəldir.


477

 

As-salamu aleykum!

Türklər Ramazan ayında restoranda yeməyi ancaq iftardan sonra verirlər. Sual:

1. Ramazan ayında restoranda gündüz vaxtı yemək vermək günahdırmı?

2. Ramazan ayında  evə qonaq gəlsə və ya usta işləyirsə gündüz vaxtı yemek vermek olarmı?

 

Və aleykumus-salam.

1. Bəli, Ramazan ayında gündüz vaxtı restoranda yemək vermək günahdır. Belə etməklə həmin şəxs Allahın qadağan etdiyi bir əmələ kömək etmiş sayılır. Uca Allah buyurur: “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Hə­qiqətən, Allah şiddətli cəza verəndir.” (əl-Maidə surəsi, 2).

2. Əgər evinizə gələn qonaq və ya evinizdə işləyən usta müsafir, xəstə və ya bu kimi oruc tutmamağa icazəli olan insanlar sinifinə aiddirsə bu halda siz həmin adamlara Ramazan ayında gündüz vaxtı yemək verə bilərsiniz.


476
Salam aleykum. Mən 2011-ci ildə həcc ziyarətində olanda avtobusda bəzi rayonların imamları var idi. Yolda biz sübh namazını qılanda bunlardan biri imam durdu. Sübh namazında qunut tutdu. Mən də tutdum. Şeyx, mən həmin namazın qəzasını qılmalıyammı?
Və aleykumus-salam. Xeyir, həmin namazın qəzasını qılmağa ehtiyac yoxdur.

475

Salam aleykum əxi necəsiniz? Əxi sualım belədir. Mən İmişlidə bəhramtəpə qəsəbəsində yaşayıram. Bu rayonda sələfi salehin əqidəsində tək mənəm. Burda şiyə təriqətinə mənsub insanlar çoxluq təşkil edir. Onlar cümə namazlarına getmirlər. Mən onları cüməyə gəlmələrini istəsəm onlar cüməyə gəlsələr mən də onların imamının arxasında durub cümə namazı qıla bilərəm yoxsa fitnəyə düşmüş olaram? Çox xahiş edirəm mənə köməklik edin. Cüməyə gedə bilmirəm.

 

Və aleykumus-salam.

Siz cümə namazını qılmaq üçün özünüzə ən yaxın olan əhli-sünnə məscidinə getməlisiniz. Əgər həmin məscid çox-çox uzaqda yerləşirsə və siz hər dəfə ora getmək iqtidarında deyilsinizsə, onda bu halda sizə cümə namazı vacib deyildir. Belə olduğu təqdirdə qeyd etdiyiniz başqa yollara əl atmağa lüzum yoxdur.


473

 

Salam Aleykum, qardaş. Zəhmət olmasa təhəccüd və vitr namazları üçün ən yaxşı vaxtın günün hansı saatında olması barədə məlumat verərdiniz.

Allah sizdən razı olsun.

 

Və aleykumus-sələm.

Təhəccüd və vitr namazları üçün ən yaxşı vaxt gecənin axır üçdə birindir. Bu sübh namazına yaxın olan vaxtdır. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Uca və Ulu Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir və buyurur: “Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən diləyir ki, Mən də ona dilədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu bağışlayım?!” (əl-Buxari, 1145)


472

Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu. Adidas firmasından paltar almaq olarmı? Adidas kafir bir insanın adı və soyadıdır. Yəni, hər hansı bir paltarın üstündə Adidas və ya başqa bir kafir insanın adının olması icazəlidirmi? Bunları geyinmək kafir insana hörmət etmək deyilmi? Allah sizdən razı olsun. As-salamu aleykum.

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

“Adidas” sözünün hansı məna daşıdığını bilmirik. Lakin paltar barəsində ümumi olaraq qayda belədir:

Li­basa gə­lincə, adam istədiyi paltarı geyinə bilər. Demək, libasın əsli halaldır. Bu xüsusda Rəsulullah (səlləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “İsrafa yol vermədən (həddi aşmadan) və təkəbbürlük göstərmədən yeyin, için, sədəqə verin və (istədiyiniz geyimi) geyinin” (Sunən İbn Macə, 23; Səhih əl-Cami, 8634; hədis “həsən”dir). Hər bir məmləkətin özünəməxsus, adət-ənənəsinə uyğun geyimi vardır ki, o yerlərdə yaşayanlara oradakılar kimi geyinmək daha məqsədəuyğundur. Onu da qeyd edək ki, yad bir ölkənin geyimini geyib: “bu sünnədir”– demək, İslam şəriətinə müvafiq rəy deyildir. Yalnız İslam şəriətinin qadağan etdiyi geyimlərdən başqa. Bunlara da aşağıdakıları misal göstərmək olar:

Libasının ətəyini topuqdan aşağı uzatmaq; Əbu Zərr (radiyallahu anhu) rə­vayət etmişdir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Üç qisim insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Üstəlik onları üzücü bir əzab gözləyir.” Əbu Zərr dedi: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) (buna dəlalət edən) ayəni ("Ali-İmran" surəsinin 77-ci ayəsini) üç dəfə oxudu. Mən dedim: “Onların ümidləri boşa çıxdı, özləri də ziyana uğradılar. Kimlərdir onlar, ya Rəsulullah?” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Libasının ətəyini topuqdan aşağı uzadan, verdiyini başa qaxan və yalandan and içməklə malını satan kimsələrdir” (Səhih Muslim, 293); başqa bir hədisdə isə o demişdir: “Paltarın topuqdan aşağı düşən hissəsinə görə bu topuqlar Cəhənnəm odunda yanacaqdır” (Səhih əl-Buxari, 5787).

– İpək, zərxara, ipək qatışığı olan libas və atlas parça; Bəra ibn Azib (radiyallahu anhu) demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bizə yeddi şeyi əmr etdi və yeddi şeyi qadağan etdi. O, bizə cənazənin ardınca getməyi, xəstəni ziyarət etməyi, məclisə dəvət edənin dəvətini qəbul etməyi, məzluma yardım etməyi, andı yerinə yetirməyi, verilən salamı almağı və asqırıb (“Əlhəmdulilləh”– deyən) adama rəhmət diləməyi (“Yərhəmukəllah”– deməyi) əmr etdi. Və bizə gümüş qabda (yemək-içməyi), qızıl üzük, ipək, zərxara, ipək qatışığı olan libas və atlas parça geyməyi qadağan etdi” (Səhih əl-Buxari, 1239); Hədisdə olan qadağalardan yalnız altısı sadalanmışdır. Lakin imam Buxarinin “Libas” kitabında rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) ipəkdən olan yəhəri də onlara qadağan etmişdir. Qeyd etmək lazımdır ki, hədisdə qadağan olunmuş yeddi şey bu ümmətin kişilərinə aiddir. Qızıl və gümüş qablardan istifadə etmək isə həm kişilərə, həm də qadınlara aiddir. Yeri gəlmişkən qeyd edək ki, ipək geyməyi halal saymaq Qiyamətin əlamətlərindəndir. Əbu Amir əl-Əşari (radiyallahu anhu) rəvayət edir ki, Rəsulullah (səlləllahu aleyhi və səlləm) demişdir: “Ümmətimdən elə adamlar meydana çıxacaq ki, onlar zina etməyi, kişilərə ipək geyməyi, şərab içməyi və musiqi alətlərindən istifadə etməyi halal sayacaqlar. Bəziləri də dağa yaxın yerlərdə yaşayacaqlar. Çobanlar bu adamların sürülərini sürüb onların yanına gətirəcək, sonra fağır-füqəra gəlib onlardan yardım istəyəcək və onlar: “Sabah gələrsən”– deyəcəklər. Gecə ikən Allah dağı onlardan bəzilərinin başına uçurdacaq, bəzilərini də meymunlara və donuzlara döndərəcək və onlar Qiyamət gününə qədər bu görkəmdə qalacaqlar” (Səhih əl-Buxari, 5590).

Kişilərə qadın paltarı, qadınlara da kişi paltarı və bir də kafirlərə məxsus olan geyimi geymək.

Həcc və ya ümrə niyyətini edib ihrama girdikdən sonra izar və ridadan başqa bir şey: alt paltarı, şalvar, corab və s. geymək.

Övrət yerini bildirən dar şalvar geymək. Qadınlara isə ümumiyyətlə ancaq şalvar geyib naməhrəm qarşısına çıxması haramdır.

Ölmüş heyvanın aşılanmamış dərisindən tikilmiş libas geymək.

Qəsb edilmiş və ya oğurlanmış paltarı geymək.

Üzərində hər hansı bir canlının rəsmi, yaxud batil bir dini təbliğ edən şəkillər, yaxud da batil mənalar ifadə edən yazılar olan paltarı geymək.


471
Salam aleykum şeyx. Mən universitetdə oxuyuram, əxican və imtahanlar gələndə müəllimlər pul istəyirlər, mən də ki əxi vermirəm və o da (müəllimə) məni kəsib, amma məndən başqa olan adamı kəsməmişdi mən bu vəziyyətdə pul versəm o rüşvət sayılırmı?
Və aleykumus-salam. Əgər imtahana tam hazır olduğunuz və suallara tam cavab verdiyiniz halda müəllim heç bir səbəb olmadan sizdən pul istəyər və pul vermədikdə sizi imtahandan kəsərsə, bu halda sizin verdiyiniz pul sizin üçün rüşvət hesab olunmur. Siz sadəcə həmin pulu öz haqqınızı bərpa etmək üçün vermiş sayılırsınız. Müəllimə gəldikdə isə onun aldığı rüşvət hesab olunur. Rüşvət barəsində isə Abdullah ibn Amr (radiyallahu anhu) demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) rüşvət verən və rüşvət alan şəxsə lənət etmişdir.” Hədisi Əbu Davud rəvayət etmişdir. Hədis səhihdir, Səhih və Daif Sunən Əbu Davud, 3580. Yox, əgər siz imtahana tam hazır olmasanız və bu səbəbdən imtahandan kəsilsəniz onda sizin verdiyiniz pul rüşvət kimi qəbul ediləcək və siz haram iş tutmuş sayılacaqsınız.

468
Salam aleykum va rahmatullah! Qardaş Allah elminizə bərəkət versin. Amin! Sual: Mən 1-ci qrup əliləm, əlil arabasında otururam. Paraolimpiyaya qoşulmaq istəyirəm, ox atma və ya tərəf muqabilim də qadın olarsa qılınc oynatma ilə məşğul ola bilərəmmi? Özüm hicabdayam. Salam aleykum!
Və aleykumus-sələmu və rahmətullah. Əgər olimpiyadada yarış zamanı sizin geyiminiz və ya oradakı hərəkətləriniz şəriətə müxalif olmayacaqsa onda siz həmin olimpiyadaya qoşula bilərsiniz.

464
Salam aleykum və rahmətullah. Qadının namazda iqamə verməsi düzgündürmü? Xahiş edirəm dəlillərlə cavab verəsiniz. Allah razı olsun. AMİN!
Və aleykumus-salamu və rahmətullah. Qadınlara namaz üçün iqamə vermək vacib deyildir. Amma istəsələr alçaq səslə, (naməhrəmlərin eşitməməsi şərtilə) namaz üçün iqamə verə bilərlər. Buna dəlil Aişədən (radiyallahu anhə) gələn rəvayətdir. Hədisdə deyilir ki, Aişə (radiyallahu anhu) azan və iqamə verib qadınlara imamlıq edər və onların ortalarında dayanardı. Hədisi Hakim “Mustədrək” əsərində, Beyhəqi “Sünən” əsərində, İbn Əbu Şeybə “Musannaf” əsərində rəvayət etmişdir.

463
As-salamu aleykum va rahmatullahi va barakatuhu! Əxi sualım belədir ki, bəzi insanlar var Duha surəsinin 8-ci ayəsinin Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) varlı olmasını göstərdiyini deyir. Ümumən istədiyim bu ayənin təfsirini yazmağınız və bu məsələni açıqca izah etməyinizdir. Allah razı olsun və sizin elminizi artırsın!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Ayədə Uca Allah belə buyurur: “Kasıb olduğun zaman səni varlandırmadımı?” Alimlər bu ayəni təfsir edərkən demişlər: Yəni, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) kasıb idi və Uca Allah onu Xədicənin (radiyallahu anhə) mal-dövləti sayəsində və müşriklərlə cihadda əldə etdikləri qənimətlər sayəsində varlandırdı. Lakin buna baxmayaraq Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bunların hamısını Allah yolunda xərcləyirdi. Ona görə də əksər hallarda onun evində yeməyə sudan və xurmadan başqa heç nə olmurdu. Həmçinin Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) və səhabələrə görə varlı və zəngin olmaq məfhumu bizim qəsd etdiyimiz varlı və zəngin olmaq məfhumu ilə eyni deyildir. Çünki Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Zənginlik var-dövlətin çoxluğu ilə bağlı deyil, əsil zənginlik nəfsin zəngin olmasıdır”. Hədisi Buxari və Muslim rəvayət etmişdir.

462
As-salamu aleykum! Qardaş mən bir qızla danışıram, amma qızın anasının xəbəri var. Yəni məni tanıyır, belə olan halda haramdırmı mənim qızla danışmağım?
Və aleykumus-salam. Əgər həmin qız sizə naməhrəmdirsə onda sizin onunla danışmağınız haramdır, hətta onun anasının bundan xəbəri olsa belə. Bir də ananın haram olan şeydən xəbər tutması onu halallaşdırmır.

461
S.A. Müşrikin bismilləh deyib kəsdiyi ət yeyilir? Məgər müşrikin bismilləhi qəbuldur?
A.S. Müşrikin kəsdiyi ət yeyilmir, hətta o bismilləh deyib kəssə belə.

459
Salam aleykum. 1. Qardaş, bir nəfər var idi mənə dedi ki, Allah hər şeyi bilir? Dedim: Bəli, ayələr də var.. Amma o dedi ki, Allahın şeytanın əməllərindən xəbəri yoxdur və hər şeyə rəğmən bunda israr etdi. Bu insan kafir sayılırmı? 2. İkincisi, elə həmin insan dedi ki, mənə də sual veriblər cavabını tapa bilməmişəm və düşünürəm ki, məntiqli sualdır.. Sual belədir: Allah hər şeyə qadirdirsə özündən daha güclü bir varlıq yarada bilərmi? Mən isə cavabında dedim ki, Allah ən böyük qüvvət sahibidir, yəni Ondan daha böyük bir qüvvə düşünülə bilməz. Həmçinin belə bir şey Allaha yaraşmaz, cunki ayədə buyrulur ki, belə olsa tarazlıq itər.. Bilmık istəyirəm ki, mən cavabımda hər hansı bir xəta etmişəmmi? Xatırladım ki, bu sözü deyən kəs namaz qılır və özünü müsəlman sayır.. Allah razı olsun. Salam aleykum.
Və aleykumus-salam. 1. Bəli, Allahın şeytanın əməllərindən xəbərsiz olduğunu iddia edən həmin insan kafir sayılır. 2. Xeyir, siz cavabınızda heç bir xətaya yol verməmisiniz. Bu cür etiqadda olan insan namaz qılsa belə onun namazı ona fayda verməyəcəkdir və həmin insan Allah qatında kafir sayılır.

458
Salamu aleykum qardas. Bu yaxınlarda qaynatam qəzaya düşüb masında 5 nəfər olub. Əlhamdulillah heç birinə heç nə olmayıb. Mənim yoldaşım cahildir, bu söhbəti eşidən kimi niyyət edib ki, qurban kəssin Allaha. Mənə belə izah etdi ki, eşidəndə şükür etdim atama heç nə olmadığı üçün Allaha qurban kəsmək istədim. Mən bilmirəm belə bir niyət etmək olar yoxsa yox. Çünki mənə dedilər ki niyət etmək ki, filan işim düzəlsin qurban kəsəcəm olmaz. Allahla şərt kəsmiş olursan. Amma belə niyət etmisənsə birdə belə niyət etmə, heyvanı kəs etini yemə. Başqa birisi də dedi olar çünki Quran ayəsində İbrahim peyğəmbər dua edir ki ey Rəbbim mənə bir övlad ver onu sənin üçün qurban kəsərəm. Sualım belədir: Belə niyətlər etmək olarmı? Xahiş edirəm ətraflı izah edərdiz. Bir də şiyələrin kəsdiyi əti yemək olarmı? Allah sizdən razı olsun və aleykumus-salam.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Bəli nəzir etmək doğru deyildir. Çünki Buxari və Muslimin “Səhih” əsərlərində varid olan bir hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Nəzir etməyin, çünki nəzir Allahın qədərində olan bir şeyi dəyişmir.” Lakin əgər nəzir artıq deyilibsə və əgər yaxşı əməldirsə onu etmək vacibdir. Uca Allah buyurur: “Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar.” (əl-İnsan, 7) Həmçinin Buxarinin “Səhih” əsərində varid olan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Kim Allaha itaət edəcəyini nəzir edərsə, həmin nəziri yerinə yetirsin. Allaha asilik etməyə nəzir edən isə bunu etməsin.” Sizin yoldaşınızın dediyi qurbana gəldikdə isə bu heç də əvvəldə qeydetdiyimiz nəzirdən hesab olunmur. Çünki, yoldaşınız həmin qurbanı hadisə baş verdikdən və atası həmin hadisədən salamat qurtardıqdan sonra demiş və bunu şükür əlaməti olaraq etmək istəmişdir. Odur ki, yoldaşınız bunu deyibsə gərək həmin qurbanı kəssin. Ət məsələsinə gəlincə isə müsəlmanın kəsdiyi əti yemək olar.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”