Ana səhifə
 / Sual-cavab


514
Əs-sələmu Aleykum. Əxilərim. Bunu oxuyun və bu barədə bir fikir bildirin inşəAllah. Allah razı olsun. İyi ama nasıl oluyor, (Kafirler için hazırlanmış olan ateşten sakının!) [Al-i İmran 131] ayeti muhkem açık net iken; Cehenneme girecek olan müslümana ŞEFAAT edildikten sonra oradan çıkarılacaklar hadisi sahih olabilir...Ve yine hadiste Kalbinde zerre kadar iman olana cehennem ateşi haramdır Hadisi varken Yine hadiste Günahları sevablarından çok gelen müminler bir süre yandıktan sonra hayat nehrinde yıkandıktan sonra cennete girecekler hadisi SAHİH oluyor... HANİ ZERRE İMANI OLANA ATEŞ HARAM DI ? Ve dikkat ederseniz kuranı kerimde hiç yerde MÜMİN olan cehennemde bir süre veya uzun süre yanıp çıkacaktır demiyor... Öyle ya Bir çok AYETTE belirtildiği üzere cehennem kafirler için hazırlanmıştır.. Mesela : (İçinde ebedi kalacağınız Cehenneme girin! Kibirlenenlerin yeri ne kötüdür.) [Nahl 29] (Biz, Cehennemi kafirler için bir zindan yaptık.) [İsra 8] (Tartıları hafif gelip hüsrana uğrayanlar, Cehennemde ebedi kalır.) [Müminun 102,103] (Allaha ve Resülüne inanmayan o kafirler için çılgın bir ateş hazırladık.)
Və aleykumus-salam. Adamın söylədiyi bu əqidə batil əqidədir. Bu daha çox Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) hədislərini qəbul etməyən Quranilərin fikirləridir. Həmçinin bu xəvariclərin və mötəzillərin əqidəsidir. Onlar Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) səhih hədislərini qəbul etməyib özlərinin naqis ağıllarına görə təfsirlər verirlər. Elə isə Uca Allahın bu ayələri barədə nə deyirlər: “Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır.” əz-Zəlzələ surəsi, 7-8. “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər.” ən-Nisa, 40. “Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.” əl-Ənbiya, 47. “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar.” ən-Nisa, 48. O ki, qaldı şəfaət məsələsinə. Şəfaətə layiq olan insanların Cəhənnəmdən çıxarılması üçün mələklər, peyğəmbərlər, əməlisaleh insanlar, sonda isə Uca Allah özü şəfaətçi olacaqdır. Bəs Uca Allah kimlər üçün şəfaətçi olacaqdır. Uca Allahın kimlər üçün şəfaətçi olacağını Peyğəmbər (səlləllahu aleyhi və səlləm) hədislərdə qeyd etmişdir. Əbu səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “...Nəhayət, möminlər oddan xilas olduqları zaman – canım Əlində olan Allaha and olsun ki – sizlərdən heç kəsin, haqqı araşdırmaq xüsusunda Allaha yalvarıb-yaxarması, Qiyamət günü möminlərdən Cəhənnəmə düşmüş qardaşları üçün Allaha yalvarması qədər şiddətli ola bilməz. Onlar: “Ey Rəbbimiz! (Bu zavallılar) bizimlə bərabər oruc tutar, namaz qılar və həcc ziyarətini yerinə yetirərdilər”– deyəcəklər. Onda onlara: “Tanıdığınız kimsələri (oddan) çıxardın, onların vücudu Cəhənnəm oduna haram edilir!”– deyiləcək. Beləliklə, onlar, ayağının yarısına qədər, habelə dizinə qədər atəşə giriftar olmuş bir çox insanları (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən Cəhənnəmdə heç kəs qalmadı”. Onda Allah buyuracaq: “Geri qayıdın, qəlbində dinar ağırlığında iman olan (hər) kəsi (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oddan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən heç kəsi Cəhənnəmdə buraxmadıq, (hamısını çıxartdıq)”. Allah buyuracaq: “Geri dönün, qəlbində yarım dinar ağırlığında iman olan bir kimsə tapsanız, onu da (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən heç kəsi orada buraxmadıq”. Allah buyuracaq: “Geri dönün, qəlbində zərrə ağırlığında iman olan bir kimsə tapsanız, onu da (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Biz orada bir nəfər xeyirxah adam qoymadıq”. Əbu Səid əl-Xudri deyərdi: “Mənim danışdığım bu hədisə inanmırsınızsa, (bu ayəni) oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən ona böyük mükafat verər”. Bundan sonra İzzətli və Qüdrətli Allah: “Mələklər şəfaət etdilər, peyğəm¬bərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. (Şəfaət etməyən) bircə rəhmlilərin Rəhmlisi qaldı”– deyə buyuracaq. Sonra da heç vaxt yaxşılıq etməmiş, (odda) yanıb kömürə dönmüş bir toplumu ovuclayıb Cəhənnəmdən çıxaracaq və onları Cənnətin yollarında axan, Həyat çayı deyilən bir çaya atacaq. Beləliklə, onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Məgər (o, yabanı toxumların) istər daşın, istərsə də ağacın dibində necə cücərdiyini görmürsünüz?! Günəş (şüaları) altında qalanı sarı və yaşıl, kölgədə qalanı isə ağ olur”. (Səhabələrdən bəziləri) dedilər: “Ya Rəsulullah! Sən sanki səhrada çobanlıq etmisən”. (Peyğəmbər (səlləllahu aleyhi və səlləm) davam edib) dedi: “Onlar boyunlarında (gözoxşayan) halqalar olduğu halda, özləri də mirvari tək gözəl görkəmdə (Həyat çayından) çıxacaqlar. Cənnət əhli onları tanıyacaq (və deyəcək ki): “Nə bir (yaxşı) əməli, nə də özləri üçün əvvəlcədən tədarük gördükləri xeyirləri olmadığı halda, Allahın Cənnətə daxil etdiyi, azadlığa buraxdığı kimsələr bunlardır!” Sonra Allah (onlara) belə buyuracaq: “Cənnətə girin! Gözünüzün gördüyü hər nə varsa, sizindir”. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən aləmlərdən heç kəsə vermədiyin nemətləri bizə verdin!” Allah buyuracaq: “Sizə bundan da üstün olanını hazırlamışam!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bundan üstün nə ola bilər ki?” Allah buyuracaq: “Mənim rizam! Artıq bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq”. Hədisi Muslim rəvayət etmişdir.

513
Əssələmu aleykum va rahmatullah. Sizə bir sualım var. Facedə bir bacı çox üzür istəyirəm alt paltarları qrupu yaradıb və hərdən açıq saçıq geyimli qadınların səklini paylaşır. Mən də ona deyirəm ki, bunu onsuz da qrupunda paylaşırsan da, istəyən girib baxır. Nə vacibdir ki, dostlarına bunu paylaşırsan. Bəlkə də bunu görmək istəməyən var. Özün həm günah paylaşırsan, həm də günaha baxmağa insanı vadar edirsən. Tembole də faceyə uşaqlarımın yanında oturub girmişəm, onlar da bu səkli görür. Mənə deyir ki, sənə halallıq verməyəcəm vallahi. Sən mənə niyə gizlində demədin bu sözü. Deyirəm ki, paylaşdığın şəklə reysam da. Ola bilər ki, o düz deyir, amma həmin anda elə əsəbləşdim ki. Hələ üstəlik məni günahkar cıxarır ki, sən niyə uşaqlarının yanında girirsən ki? Deyirəm mən nə pis iş görürəm ki, hədislər paylaşırıq habelə elm adamlarının söhbətlərini. Nə bilim ki, belə şey ola bilər. Zatən mən elə qruplara üzv olmuram ki, günah qazanmayım. Nə isə. Məni borclu cıxardı. İndi bilmək istərdim onun haqqı varmı mənim boynumda? O düzdürmü?
Və aleykumus-sələmu və rahmətullah. Şübhə yoxdur ki, həmin bacı etdiyi həmin əmələ görə günah qazanır. Amma o bir tərəfdən haqlıdır ki, gərək siz nəsihəti təkbə-tək edərdiz. Bu baxımdan bacı haqlıdır. Müsəlman digər bir müsəlmanın eyiblərini gördükdə ona hamının yanında deyil, əksinə gizlində nəsihət etməlidir. Əgər gizlində nəsihət etdikdən sonra adam buna məhəl qoymadan yenə günahına davam edərsə, və bu günahın zərəri digər müsəlmanlara da olacaqsa, onda bu halda həmin əməlin günah olduğunu digər müsəlmanlara bildirmək və onların da bu əməldən uzaqlaşmalarını tələb etmək lazımdır.

512
as-Salamu aleykum əxi. Mən bir neçə dəfə and içib pozmuşam və onların sayını bilmirəm çox pozmuşam mən nə edim?
Və aleykumus-salam. Əgər bir insan andını pozarsa o öz ailəsinə yedirtdiyinin orta hesabı dəyərində ya 10 nəfər kasıb yedirtməli və ya onları geyindirməli, yaxud da bir qul azad etməlidir. Adam bu üç əməldən hansı birini istəsə onu da edə bilər. Yalnız bunlara gücü çatmayan kimsə üç gün oruc tutmalıdır. Odur ki, siz neçə dəfə and içib sonra onu pozmusunuzsa həmin kəffarəni bir o qədər təkrarlamalısınız. Əgər hər dəfə and içib sonra onu pozduğunuzun sayını bilmirsinizsə onda onları təxmini olaraq götürə bilərsiniz.

509
Salam aleykum. Bu hədisi açıqlayardız zəhmət olmasa. 1). Имран ибн Хасын: «Посланнику Аллаха был ниспослан аят о временном браке, и не было ниспослано аята, упраздняющего его. Посланник Аллаха повелевал нам придерживаться данного указания и в его эпоху мы заключали временный брак. Посланник Аллаха покинул этот мир, и он не запрещал нам заключение временного брака» (Сахих, Бухари, т.2, стр.168, а также т.6, стр.33; Сунан, Насаи, т.5, стр.155). 2). Bu hədisi zövcənin əhlibeytdən olmadığına dəlil kimi gətirirlər. Təbii ki, o insana qurandan, hələ öz kitablarından dəlil gətirəndə bu hədisi yazırlar ki, bəs bu nədir??? “Zeyd ibn Arkamadan soruşurlar: Zövcələr əhlibeytdəndir?? Cavab verir. Xeyir. Cünkü necə ola bilər belə şey. Axı kişi arvadını boşaya bilər və o atasının evinə qayıda bilər.” (Səhih Muslim. Səhabələrin fəziləti babı. Əli ibn Əbu Talib barədə.) Muslimdə var belə hədis??
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Yenə də zəlalət əhli öz iftiralarından əl çəkib haqqa gəlmək istəmirlər. Üstəlik əksinə olaraq haqq yolunda olan elmsiz müsəlmanlara şübhələr salmaq istəyirlər. 1. Əvvəla onu qey edək ki, bu hədis Səhih Buxari əsərində mövcuddur. Lakin sizin qeyd etdiyiniz tərcümə təhrif olunmuşdur. Belə ki, hədisdə mutə deyildikdə həccin üç növündən biri olan Təməttu həcci nəzərdə tutulur və burada müvəqqəti nikahdan ümumiyyətlə söhbət getmir. Görünür hədisi qeyd edənlər isə Səhih Buxari əsərindəki bu hədisi öz batillərinə don geyindirmək üçün istifadə etmək istəmişlər. Hədisin dəqiq tərcüməsi isə aşağıdakı kimidir: Rəvayət edilir ki, İmran ibn Husayn (radiyallahu anhu) demişdir: “Allahın Kitabında təməttu (həcci) barəsində ayə nazil olmuş və biz Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanında ona əməl etmişik. Peyğəmbər (sallallahu aleyhi va səlləm) vəfat edənədək bu ayəni haram buyuran və ya onu qadağan edən bir ayə nazil olmamışdır. Bu haqda bir adam yalnız öz fikrini söyləmişdir.” (əl-Buxari, 4518). 2. Muslimin “Səhih” əsərində belə bir hədis yoxdur. Bu bidət əhlinin növbəti iftiralarından biridir. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) xanımları əhli beytdən hesab olunur. Uca Allah buyurur: “Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır” (əl-Əhzab, 32-34). İmam İbn Kəsir demişdir: “Quran oxuduğumuz zaman hər birimizə aydın olan məsələlərdən biri də odur ki, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) xanımları Uca Allahın: “Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir”– ayəsinə daxildirlər. Ayədə söhbət məhz onlardan gedir, belə ki Uca Allah qadın cinsində (yəni, ayədəki fel ərəbcədə qadın cinsindədir) xitab edərək buyurur: “Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın.” Yəni evlərinizdə Allahın rəsuluna (sallallahu aleyhi va səlləm) nazil etdiklərinə – Quran və Sünnəyə riayət edin.” Qatədə və başqaları demişlər: “Digər qadınlardan fərqləndirildiyiniz bu neməti xatırlayın.”

505
As-salamu aleykum! Bir nəfər var mən onu dəvət etməyə çalışıram. Mənə deyir ki dindən danışma mənim ürəyim sıxılır. Amma mən ona çox mülayim şəkildə başa salıram. Bir də həmişə danışıb onu bezdirmirəm. Söz düşəndə danısıram. Elə deyir ki, ürəyim sıxılır dindən danışanda. İndi qardas mən bilmək istərdim ki bu şeytanın vəsvəsəsidir elə deyilmi? Belə adamları necə dəvət etməliyik?
Və aleykumus-salam. Bəli bu vəsvəsə şeytandandır. Onsuz da ki, şeytan öz vəsvəsələri ilə insanları Allah yolunda yayındırmağa çalışı və çalışacaqdır. Kim onun vəsvəsələrinə uyaraq Allahdan üz döndərəcəksə Cəhənnəm əhli olacaq, kim də onun vəsvəsələrinə uymayıb Allaha itaət edəcəksə Cənnətə düşəcək. Odur ki, siz öz dəvətinizdə davam edin ki, bəlkə həmin adam hidayətə gələr.

503
Salam aleykum Şeyx. Mən rusiyada oluram inşaAllah. Buradakı işim mebel dasdafka eləməkdir. Maqazinlərə də paylayırıq inşaAllah. İşim elədir ki maşınla şəhərdə oluram amma maşını mən sürmürəm. Namazları çox vaxt maşında qılıram inşaAllah. Burada nə isə səhvim varmı. Bir də ki burada cüməyə getmirəm. Çünki məsciddə qabaqda duranın əqidəsini bilmirəm. Maraqlanıram kimdi deyə. Tatar olduğunu bilirəm, başqa heç nə. Sən bu haqda nə deyə bilərsən mənə?
Və aleykumus-salam. Fərz namazlarını maşında qılmağı səhv edirsiniz. Namaz qəzaya getsə belə fərz namazlarını maşında gedə-gedə qılmaq olmaz. Çünki, siz maşından düşüb onu ayaq üstə qılmağa qadirsiniz. Ayaq üstə qılmağa qadir olduğunuz təqdirdə buna can atmadan fərz namazını maşında oturaraq qılmaq olmaz. Abdullah ibn Omər rəvayət edir ki, “... Peyğəmbər minik üzərində fərz namazını qılmazdı.” (Hədisi Buxari və Muslim rəvayət etmişdir). Həmçinin cümə namazına gəldikdə də səhv fikirdəsiniz. Siz müsafir hökmündə olduğunuz təqdirdə cümə namazlarını tərk edə nilərsiniz. Başqa bir halda isə bu yol verilməzdir. Eləcə də sizin həmin imam barəsində olduğunuz fikir də düzgün deyildir. Əgər cümə namazına əqidəsini bilmədiyiniz həmin imama görə getmirsinizsə bu xətadır. İnsan yalnız əqidəsində küfr, şirk olan şəxsin arxasında ona hüccət qaldırılıb başa salındıqdan sonra namaz qılmaya bilər. Əqidəsi barəsində heç bir məlumatınız olmayan bir şəxsin arxasında hansı dəlilə əsasən namaz qılmayırsınız??? Belə bir etiqad doğru deyildir. Əgər imam əhli sünnədirsə və onun barəsində başqa heç nə bilmirsinizsə onun arxasında namaz qılmalısınız.

501
Salam Aleykum şeyx. Bağışlayın sizi narahat edirəm. Belə bir sualım var: Mən bir bacıyla ailə qurmaq istəyirəm Allahın izniylə. O artıq neçə ildir ki ayrılmışdır. Təxminən 4 ildir. 14 yaşlı bir oğlu var. Amma məhkəmə ilə bu yaxında boşandı. Atası narazı idi. Ona görə indi ona deyə bilmir yenidən mənimlə ailə qurmaq istədiyini. Onun atasından xəbərsiz icazəsiz özünə vəli seçib mənimlə kəbin kəsdirməyə ixtiyarı varmı? Bu sualıma cavab mənə mütləq lazımdır şeyx. Allah sizdən razı olsun. Salam Aleykum.
Və aleykumus-salam. Xeyir, onun atasından başqa kimi isə özünə vəli tutması və sonra da kəbin kəsdirməsi haramdır. Bu cür kəbin batil sayılır. Çünki qadın öz istəyi ilə istədiyi şəxsi vəli seçə bilməz. Qadın üçün vəli, Allahın və Peyğəmbərinin (səlləllahu aleyhi və səlləm) buyurduğu şəxslər ola bilər. Odur ki, qadın evlənmək istədiyini atasına bildirməli və kəbini də atasının vasitəsi ilə kəsdirməlidir.

500
ən-Nisa 4 və ən-Nisa 24 mənə açiqla zəhmət olmasa orda mehrlərini verin deyir başa düşmürəm orasını.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Uca Allah ən-Nisa surəsinin 4-cü ayəsində buyurur: “Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!” Göründüyü kimi burada söhbət mehrdən gedir. Uca Allah ən-Nisa 24-də buyurur: “Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin.” Burada da söhbət qadınla nikaha girdikdə onun mehrini verməkdən gedir. Uca Allah başqa bir ayədə buyurur: “Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar.” ən-Nisa, 21. Ayədə göstərilir ki, yaxınlıq etmək mehri tam şəkildə verməyi vacib edir. Yuxarıdakı ayələr də bu qəbildəndir. Uca Allah buyurur: “Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin!” ən-Nisa, 4. Başqa bir ayədə buyurur: “Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz.” əl-Bəqərə, 229. Əlqərəz bu ayə bəzilərinin iddia etdiyi kimi müvəqqəti nikah (siğə) haqqında deyil evlilik barəsindədir. Əgər desələr ki, ayədəki “ucur” sözü müvəqqəti nikahdan söhbət getdiyini deməyə əsas verir. Belə ki əcr deyildikdə mehr qəsd olunmur. Onlara cavab olaraq bildiririk ki, Quranda əcr sözü mehr mənasında işlənmişdir. Çünki mehr kişinin öz xanımı ilə yaxınlıq etməsinin müqabilində verilir. Necə ki, Uca Allah buyurur: “Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar.” ən-Nisa, 21. Buradakı əcr sözü müxtəlif mənfəətlərin müqabilində verilən haqlara bənzədiyi üçün belə adlanmışdır. Əcr kəlməsinin mehr mənasında işləndiyi ayə isə belədir. Uca Allah buyurur: “Bu kənizlər namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini şəriətə müvafiq qaydada verin.” ən-Nisa, 25. Başqa bir ayədə Uca Allah buyurur: “İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır.” əl-Maidə, 5. Beləliklə də aydın olur ki yuxarıdakı ayədə müvəqqəti nikah deyil evlənmək nəzərdə tutulur. Birdən desələr ki; İbn Abbas, Ubey ibn Kab, Səid ibn Cubeyr və əs-Suddi bu ayəni belə oxuyurdular: “Evləndiyiniz qadınlardan müəyyən vaxtadək zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin.” ən-Nisa, 24. Deməli ayədə söhbət müvəqqəti nikahdan gedir. Buna üç cür cavab vermək olar: Birinci: “müəyyən vaxtadək” sözünün Quranda olması sabit deyildir. Çünki səhabələr icma edərək bunu Osmanın nəşr etdiyi Quran nüsxələrinə yazmamışlar. Əksər Üsul alimlərinə görə də, hər hansı bir səhabənin Quran kimi oxuduğunun həqiqətən də Quran olduğu sübut olunmazsa onu nəyəsə dəlil gətirmək olmaz. Çünki həmin əlavə əslən batil hesab olunur. İkinci: Əgər biz həmin qiraətin doğruluğunu təsdiq edərək onun Əhəd rəvayət və ya təfsir olduğunu desək belə həmin qiraət özündən daha qüvvətli olan qiraətə müxalifdir və əksər alimlərin rəyi belə deyildir. Belə ki müvəqqəti nikahın haram olmasını açıqlayan saysız-hesabsız səhih dəlillər mövcuddur. Muslimin “Səhih” əsərində Səbra ibn Məbəd əl-Cuhənidən (radiyallahu anhu) rəvayət olunan hədisdə deyilir ki, Məkkənin fəthi günü o, peyğəmbərlə (səlləllahu aleyhi və səlləm) birlikdə döyüşdə ikən o buyurdu: “Ey insanlar, vaxtilə mən sizlərə qadınlarla müvəqqəti nikah bağlamağa icazə vermişdim. Artıq Uca Allah bu əməli Qiyamət gününədək haram buyurmuşdur. Qadınlarla müvəqqəti nikahda olanlar həmin qadınları buraxsınlar. Onlara verdiklərinizi isə geri almayın.” Muslimin “Səhih” əsərində varid olan digər bir rəvayətdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Vida həcci zamanı bunu demişdir. Bu iki rəvayət arasında heç bir ziddiyyət yoxdur, belə ki, Üsul və hədis elmlərinin qaydalarına əsasən bu iki rəvayəti cəm etmək mümkündür. Yəni ola bilsin ki, peyğəmbər (səlləllahu aleyhi və səlləm) bu sözləri həm Məkkənin fəthi günü, həm də Vida həcci zamanı demiş olsun. Üçüncü: Fərz edək ki, həqiqətən də ayə müvəqqəti nikahın halal olmasına dəlildir. Lakin həmin dəlil səhihliyinə ittifaq olunmuş dəlillər vasitəsilə iki kərə nəsx edilərək hökmü salınmışdır. Birinci dəfə səhih hədisdə deyildiyi kimi Xeybər günü, ikinci dəfə isə yenə səhih hədisdə deyildiyi kimi Məkkənin Fəthi günü. Bəzi alimlər demişlər: “Müvəqqəti nikah yalnız bir dəfə Məkkənin Fəthi günü haram edilmişdir. Xeybər günü yalnız ev eşşəklərinin əti haram buyurulmişdur. Sadəcə hədisin ravilərindən bəziləri burdakı zərfin müvəqqəti nikaha da şamil olunduğunu zənn etmişlər. İbn əl-Qeyyim də bu rəyə üstünlük vermişdir. Lakin buna baxmayaraq Xeybər günü müvəqqəti nikahın haram buyurulması barədə səhih hədislər varid olmuşdur. Odur ki, daha məqsədəuyğun rəy bir çox alimlərin dedikləri kimi onun iki dəfə haram buyurulmasıdır. Daha doğrusunu Allah bilir. Dördüncü: Uca Allah Qurani Kərimdə möminləri vəsf edərək onların zövcələri və cariyələri istisna olmaqla öz övrət yerlərini qoruduqlarını bildirir. Uca Allah buyurur: “O kəslər ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar.” əl-Muminun, 5-6. Bundan savayı başqa bir şey istəyənləri isə O, həddi aşanlar adlandırır. Uca Allah buyurur: “Bundan artığına can atanlar isə həddi aşanlardır.” əl-Muminun, 7. Məlum məsələdir ki, müvəqqəti nikaha girən qadın nə zövcə deyil, nə də ki cariyə. Deməli Quranın göstərdiyi kimi bu əməli edən kəs həddini aşmış hesab olunur. Həmin qadının kəniz olmaması aydın məsələdir. Onun zövcə olmamasına dəlil isə onun müvəqqəti nikaha girdiyi kişinin mirasından pay almaması, onun gözləmə müddətinin olmaması, onun boşanmaması və kişinin ona malından xərcləməklə qayğısına qalmamasıdır. Çünki qadın həmin kişinin zövcəsi olsaydı, o zaman onun mirasından paya malik olar, gözləmə müddətində olardı, boşanardı və kişi öz malından xərcləyərək onun qayğısına qalardı. Uca Allahın: “O kəslər ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. Bundan artığına can atanlar isə həddi aşanlardır.” ayəsi isə nəsx olunmuş müvəqqəti nikahın haram olmasını bir daha sübut edir. Deməli aydın olur ki, barəsində söhbət açdığımız ayə müvəqqəti nikah barəsində deyil, əsl evlilik barəsindədir. Çünki burada söhbət kimlərlə nikaha girməyin haram olmasından bəhs edir: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda onların qızları ilə evlənməyiniz sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.” ən-Nisa, 23. Sonra da Uca Allah bəyan edir ki, sadalananlardan savayı hər kəslə nikah bağlamaq girmək olar. Uca Allah buyurur: “Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən evlənməyiniz sizə halal edildi.” ən-Nisa, 24. Bütün bunları qeyd etdikdən sonra Uca Allah buyurur ki, bunlardan kiminləsə nikah bağlasanız onların mehrlərini verin. Uca Allah buyurur: “Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər.” ən-Nisa, 25. Burada azada qadınlara verilən cəzanın nədən ibarət olduğu açıqlanmasa da digər bir ayədıə bu bəyan olunur. Uca Allah buyurur: “Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun.” ən-Nur, 2. Beləliklə də bəlli olur ki, kənizlər zina etdikdə onlara əlli çubuq vurulmalıdır. Kölələr də eyni hökmədirlər.

499
As-Salam Aleykum və Rahmatullahi və Barakatuhu. Qardaş, sualım əqiq barədədir. Məndə 2 oğlan və 1 qız uşağı var Əlhəmdulillah. Bildiyiniz kimi sünnədə oğlan uşağına inşəAllah 2, qız uşağına 1 əqiq kəsmək lazımdır! Mən oğlan uşağına 2 əqiq qurban kəsmişəm, ancaq onu inşəAllah ki, İsmayil qurbanı kimi paylamışam. Növbəti kəsmək niyyətində olacağım qurban necə kəsilməlidir? Əvvəl kəsdiklərim kimi, yoxsa başqa cür? Bu barədə mənə yol göstərərdiniz. Allah rizası üçün. As-Salam Aleykum və Rahmatullahi və Barakatuhu!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Əqiq üçün kəsilən heyvanı kəsdikdən sonra onu həm müsəlmanlara paylaya bilərsən, həm də onu bişirib müsəlmanlar üçün ziyafət verə bilərsən. Odur ki, bu işdə sən ixtiyar sahibisən, hər ikisi doğrudur deyə istədiyini edə bilərsən.

498
Salam aleykum va rahmatullahi va barakatuhu. Evlənmək niyyəti ilə bir qıza yaxınlaşmaq və izdivac təklif etmək olarmı ya bu necə qaydada olmalıdır? İlk tanımaq necə olar bir qızı inşəAllah bu sualı vermək istərdim? Cəzakallahu xayran. Salam aleykum va rahmatullahi va barakatuhu.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Evlənmək niyyəti ilə bir qıza yaxınlaşmaq və ona evlənmək təklifi etmək olmaz. Çünki həmin qız kiminsə həyat yoldaşı və ya nişanlısı ola bilər. Bu da böyük fitnəyə səbəb olar. Həmçinin şəriətdə bu cür üslub da gəlməmişdir. Evlənmək fikrinə düşən oğlan əvvəlcə hər hansı bir qızı görüb onun zahiri gözəlliyini bəyənir, sonra onun haqqında həmin qızı tanıyan tanışlarından soruşur. Yəni, onun evli və ya nişanlı olub olmadığını, yaxud dul və ya bakirə olduğunu və sair onu maraqlandıran bütün məlumatları öyrənir. Sonra xoşuna gəlsə qızın atasına elçi göndərir. Razılıq cavabı aldıqdan sonra isə nişan edir, sonra da kəbin kəsdirib həmin qızla ailə qurur.

497
Salam aleykum va rahmatullahi va barakatuhu. Sübh namazının sünnəti vacibdir deyə bir qardaş dəlil gətirmədən mənə xəbərdarlıq etdi. Soruşmaq istərdim inşəAllah, bu nə dərəcədə vacibdir, dogrudur ya necə?? Cəzakallahu xayran, salam aleykum va rahmatullahi va barakatuhu.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Bu doğru deyildir. Uca Allahın gün ərzində fərz etdiyi namazların sayı beşdir. Onlardan başqa digər namazlar isə vacib deyildir. İbn Muheyriz rəvayət edir ki, bir dəfə Kinanə qəbiləsindən Muxdəci adlanan bir kişi Şamda Əbu Muhəmməd adlı birisinin “vitr namazı vacibdir”- dediyini eşitdi. Muxdəci Ubadə bin Samitin (radiyallahu anhu) yanına gedib bu barədə ona xəbər verdikdə Ubadə dedi: “Əbu Muhəmməd yalan danışır. Mən Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Uca Allah qullarına beş vaxt namaz fərz etmişdir. Kim bu namazlara laqeyd yanaşmazsa və heç bir şey əskiltmədən onları tam olaraq yerinə yetirərsə, onun üçün Cənnətə daxil olmasına dair Allah yanında əhd vardır. Kim də bu namazları yerinə yetirməzsə Allah yanında onun üçün heç bir əhd yoxdur. Allah istəsə ona əzab verər, istəsə də onu bağışlayar.” Hədisi Əhməd, Əbu Davud, Nəsai, və ibn Macə rəvayət etmişdir. Hədis səhihdir: Səhih Əbu Davud 1276-cı hədis. İbn Macənin rəvayətində isə belə deyilir: “Kim bu namazlara laqeyd yanaşar və onlardan bir şey əskildərsə...” Təlhə ibn Ubeydullah (radiyallahu anhu) rəvayət edir ki, saçları dağınıq bir bədəvi Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Allahın elçisi! Allahın mənə fərz etdiyi namazlardan xəbər ver.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Beş vaxt namazı fərz etmişdir. Könüllü olaraq qıldığın namazlar isə istisnadır.” Kişi dedi: “Allahın mənə fərz etdiyi orucdan xəbər ver.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Ramazan orucunu fərz etmişdir. Yalnız könüllü olaraq tutduğun oruclar istisnadır.” Kişi dedi: “Allahın mənə fərz etdiyi zəkatdan xəbər ver.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dinin bütün ərkanları barəsində ona xəbər verdi. Kişi: “Səni hörmətli edən Allaha and olsun ki, könüllü olanlardan heç nə etməyəcəm və Allahın mənə fərz etdiklərindən də heç bir şey əskiltməyəcəyəm”– dedi və dönüb getdi. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Əgər doğru deyirsə, nicat tapacaqdır (və ya Cənnətə daxil olacaq).” Hədisi Buxari və Muslim rəvayət etmişdir.Lakin müsəlman əlavə sünnət namazlarını da qılmalıdır ki, daha çox savab qazansın və Cənnətin ən uca mərtəbəsinə nail olsun.

496
Əxi ləcnədə hansı Alim deyib ki, biz Səudiyyədə namaz qılmayana ona görə kafir hökmü veririk ki, tənbəllik etməsinlər. Ümumiyyətlə belə qayda varmı??
Ləcnədə bu cür söz deyən heç bir alim tanımırıq və cür qaydanın da olduğunu bilmirik.

495
əs-Səlamu aleykum qardaşlar. Mənim sualım Azərbaycanda ümumiyyətlə dünyada artan internetlə alış veriş, yəni ki mən internetdən bir məhsul alıram və bunu ən yaxın 2 adamlarıma tanıtdırıram və onlar da bu məhsulu alırlar. Onlar bu məhsulu aldığı zaman mən şirkətin malını reklam elətdirdiyim üçün şirkət mənə konfensasiya haqqı verir. Bilmək istəyirəm bu iş halaldırmı?
Və aleykumus-salam. Siz qeyd etdiyiniz ticarət növünə müasir dildə şəbəkə marketinq deyilir. Bu növ ticarətlə məşğul olan firmanın məhsulları ilə ticarət etmək isə caiz deyildir. Çünki bu növ ticarətin caiz olması üçün aşağıdakı şərtlər olmalıdır: 1. Gərək marketinqə başlamaq istəyən şəxsə hansısa malı almaq şərti qoyulmasın. 2. Məhsul real qiymətindən baha satılmasın. 3. Marketinqə başlamaq üçün müəyyən bir məbləğin ödənilməsi şərti qoyulmasın. Lakin bu gün tam əminliklə deyə bilərik ki, şəbəkə matketinqlə məşğul olan firmalar bu şərtlər olmadan fəaliyyət göstərə bilməz. Odur ki, belə bir marketinqlə məşğul olmaq caiz deyildir və bu insanların mallarını haqsız olaraq mənimsəmək hesab olunur. Uca Allah buyurur: “Mallarınızı öz aranızda haqsızlıqla yeməyin.” (əl-Bəqərə, 188)

494
əs-Sələmu aleykə və rahmətullah. Əxi əgər 1 əxi Allah üçün oxumağa (dini təhsil almağa) getmək istəyirsə, ancaq valideynləri ondan xaricdə oxumağını davam etdirməyini tələb edirsə o, nə etməlidir. Valideyinlərinin sözünü tərk edib Allah üçün gedə bilərmi? Zəhmət olmasa əxi cavab yazardız. əs-Sələmu aleykə və rahmətullah.
Və aleykəs-sələmu və rahmətullah. Əgər valideynlərinin ondan xaricdə oxumasını tələb etdiyi təhsil növü İslam şəriətinə zidd deyilsə onda həmin qardaş valideyinlərinə tabe olmalıdır. Çünki şəriətə müxalif olmayan dünya işlərində valideynlərə tabe olmaq vacibdir.

493

əs-Sələmu aleykum. Şeyx mənim sualım Bankdan kredit götürmək haqdadır. Mən hal hazırda kirayədə yaşayıram ayı (250) azn. Ya Şeyx evim də var amma təmir etmək üçün maddi imkanım çatmır. Deməli ayda 250 azndən ildə 3000 azn edir. Şeyx mənim 3000 azn imkanım olsa inşəAllah evə köçə bilərəm. İki variantım var. Bankdan pul faizə götürmək, ya da 3000 pul tapana qədər kirayədə yaşamaq. O da Allahu Alim. Xahiş edirəm  mənə məsləhət verəsiniz.

 

Və aleykumus-sələm.

Heç bir halda faizlə (sələmlə) istər bankdan, istər də şəxsi insandan kreditə pul götürmək olmaz. Bu Allah qatında ən böyük günahlardan biridir. Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Həlakedici yeddi günahdan çəkinin!” Soruşdular: “Ya Rəsulullah, nədir onlar?” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “Allaha şərik qoşmaq, sehirbazlıq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, yetimin malını yemək, sələm yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək”. Hədisi Buxari və Muslim rəvayət etmişdir. Həmçinin sələm yeyəni və yedirdəni Peyğəmbər (səlləllahu aleyhi və səlləm) lənətləmişdir. Cabir və atası Abdullah (radiyallahu anhumə) demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) sələm yeyəni və yedirdəni lənətləmişdir.” Hədisi Muslim rəvayət etmişdir. Uca Allah buyurur: “Sələm yeyənlər, qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar” (“əl-Bəqərə” surəsi, 275).

Məsələn Allah subhanəhu və təalə ölüm təhlükəsi olduğu halda haram etdiyi donuz ətini yeməyə icazə verir. Lakin sələm üçün heç bir çıxış yeri qoymamışdır. Sələm üçün heç bir zəruri səbəb buyurmamışdır. Sizin qeyd etdiyiniz səbəb isə ümumiyyətlə heç zəruri səbəb də deyildir.


492

As-salamu aleykum va rahmatullahi va barakatuhu. Əgər ata cahildirsə və möminlə ailə qurmağıma qarşıdırsa halallıq vermirsə onun evəzinə mömin qardaşımın razılığı ilə ailə qura bilərəmmi?

 

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Kəbin kəsiləndə qızın atasının razılığı mütləqdir. Yəni atanın razılığı olmadan qızı başqasına ərə vermək olmaz. Odur ki, hər bir yolla atanın razılığını almaq lazımdır. Əgər ata qızını yalnız qeyri müsəlmana ərə verəcəyini bildirmişsə və bu fikrində israrlıdırsa onda bu halda qızın qardaşı həmin qızın vəlisi ola bilər.


491

Salam aleykum. Qardaş belə bir sualım var. Qardaşlar camaat namazı qılanda kimin imam duracağını müəyyənləşdirmək üçün “kim daha çox surə bilir” sualını verirlər. Olarmı ki, çox surə bilən adam sussun və ixlasını qorumaq üçün heç nə deməsin. Bu ona günah yazılmaz ki?

 

Və aleykumus-salam.

Camaat namazı qıldıqda kimin imam durması barədə müxtəlif hədislər varid oluşdur. Hədislərin birində belə deyilir. Əbu Suleyman Malik ibn Huveyris (radiyallahu anhu) demişdir: “(Bir dəfə) biz Pey­­ğəm­bərin (səlləllahu aleyhi və səlləm) yanına gəldik. O vaxt biz həmyaşıd cavanlar idik. Biz iyirmi gecə onun yanında qaldıq. Nəhayət, bizim ailələrimiz üçün darıx­dı­ğımızı görüb bizdən onla­rın yanında kimi qoyub gəldiyimizi xəbər aldı.” Biz (vəziyyətimizi) ona bildirdik. Pey­­ğəm­bər (səlləllahu aleyhi və səlləm) mülayim və rəhmli adam idi. Odur ki, o, buyurdu: “Ailə­­lə­rinizin yanına qayıdın! (Bu dini) onlara öyrədin və onlara (yaxşı işlər görmə­yi) əmr edin. Mə­nim namaz qıldığımı necə gördünüzsə, elə də namaz qılın. Namaz vaxtı yetişdiyi za­man, qoy biriniz azan versin və ən yaşlınız si­zə namaz qıldırsın.”

Digər hədisdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) səhabələrinə namaz qılmağı öyrədərkən belə buyur­muşdur: “Namaz vaxtı ye­tiş­dik­də, qoy biriniz azan versin və Qurandan ən çox (ayə) bilə­niniz sizə namaz qıldırsın” (Səhih əl-Buxari, 4302); başqa bir hədisdə “Quranı bilənlərini­zin səviyyəsi eyni olarsa, Sünnəni daha yax­şı biləniniz sizə namaz qıldırsın” deyilir (Su­nən Əbu Davud, 584; Sunən ət-Tirmizi, 235; Səhih əl-Cami, 8011). Bəs nə üçün Pey­ğəm­bər (səlləllahu aleyhi və səlləm) birinci hədisdə cavanlara əvvəlki şərtləri buyurmadı? Çünki onların Quran və Sünnə xüsusun­dakı savadları eyni idi.

Odur ki, aranızda imamı təyin etmək istədikdə bunlara riayət etməniz gərəklidir. Qurandan nə qədər surə bilmənizi kiməsə bildirmək ixlasa xələl gətirmir.


490

Salam aleykum əxi. Kəbin kəsiləndə mütləqdir ki, atanın rizası olsun? Ata öz rizasını oğluna həvalə etsə olarmı? Yəni ki oğul atasının yerinə kəbin üçün öz halallığını verə bilərmi? Allah (s.t) əxi sizi və bütün mömin bacı və qardaşlarımızı xeyirlə mükafatlandırsın. Amin.

 

Və aleykumus-salam.

Kəbin kəsiləndə qızın atasının razılığı mütləqdir. Yəni atanın razılığı olmadan qızı başqasına ərə vermək olmaz. Ata razılığını verdikdən sonra müəyyən səbəblər üzündən kəbin mərasimində iştirak edə bilməyəcəyi təqdirdə öz yerinə qızının vəlisi olaraq öz oğlunu təyin edə bilər.


489

Salam aleykum şeyx. Sualıma görə çox-çox üzr istəyirəm. Əgər normalda heyz vaxtım 1 həftə davam edirsə, lakin soyuqlama və ya hormonal pozğunluq nəticəsində 7 gündən sonra 3 gün də qara rəngli qana bənzər ifrazat namazın qılınmaması üçün səbəbdirmi? Bu 3 gün ərzində hər gün qüsl etmişəm. Lakin bu səbəbdən qüslumu pozulmuş hesab edib yenidən səhəri qüsl etmişəm. Allah razı olsun.

 

Və aleykumus-salam.

Əgər qadının heyz müddəti yeddi və ya səkkiz gün olarsa, sonradan bu müddət müxtəlif səbəblərdən artıb doqquz, on və ya on bir günə keçərsə, qadın heyzdən qurtarmasını gözləyir və namaz qılmır. Çünki Peyğəmbər (səlləllahu aleyhi və səlləm) heyzin müddətində müəyyən bir hədd təyin etməmişdir. Uca Allah buyurur: "Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla yaxınlıq etməkdən uzaq olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın.” (əl-Bəqərə, 212). Elə ayədən də məlum olur ki, heyzin müəyyən bir müddəti yoxdur. Lakin sonrakı aylarda heyz günlərinin sayı azalarsa (beş və ya altı günə keçərsə), qadın heyzdən qurtardığı vaxtdan qüsl alıb namaza başlayır.


488

 

Salam Aleykum. Sizə 2 sualım var.

1. Müqəddəs Quran kitabında Kəhf surəsinin 21-ci ayəsində buyrulur ki: “Beləcə insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri "Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!" - dedilər. Mübahisədə üstün gələnlər isə: "Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!" - dedilər.” Sual belədir: Bu ayədə mübahisədə üstün gələn mominlərdirsə məzarın üstündə məscid tikmək olarmı? Və yaxud mübahisədə kafirlər qalib gəlibsə, onlar da Allaha ibadət etmək üçün məscid tikməzlər axı. Yəni, bu ayəyə aydınlıq gətirməyinizi çox xahiş edirəm.

2. Övladlığa götürülmüş oğulun yanında ana hicabsız ola bilərmi? (Ananın təxmini 70 yaşı var). Əvvəlcədən öz təşəkkürümü bildirirəm. Allah sizdən razı olsun. Salam Aleykum.

 

Və aleykumus-salam.

1. əl-Kəhf surəsinin 21-ci ayəsində Uca Allah belə buyurur: Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər.” Bəzi avam insanlar bu ayəni qəbirlərin üzərində məscid tikməyin caiz olmasına dəlil gətirirlər. Amma bu heç də belə deyildir. Ayə ona dəlalət etmir. Bu cür şübhəyə cavab belədir:

Birincisi: Ayədə söhbət bizdən əvvəl yaşamış qövmlərdən gedir. Fərz edək ki, onlar mağara əhlinin qəbirlərinin üzərində məscid inşa etdilər. Bu o demək deyil ki, bu əməli biz də edə bilərik. Çünki onlar bizdən əvvəl yaşamış bir qövm idi və onların şəriətinə görə bu əməl caiz ola bilərdi. Onların şəriətləri isə bizim üçün şəriət hesab olunmur. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: “... Hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm.” (əl-Buxari, 335).

Hədisdən görünür ki, bizdən əvvəlki peyğəmbərlərin şəriətləri öz qövmlərinə aid idi. Artıq bizim dinimizdə isə bu əməl qadağandır. Aişə və Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edirlər ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) ölümündən qabaq örtüyünü üzünə atmağa başlamışdı. (Ürəyi) sıxıldıqda isə onu üzündən götürürdü. Belə olduğu halda (Peyğəmbər (səlləllahu aleyhi və səlləm)) dedi: “Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirmişlər.” (Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bu sözləri ilə ümmətini) onların etdikləindən çəkindirmişdir.) (əl-Buxari, 435).

İkincisi: Ayədə deyilir ki, Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər.” Mağara əhlinin qəbirlərinin üzərində məscid tikmək istəyənlərin məhz möminlər olduğu ayədən bəlli deyildir. Çünki ayədə Mübahisədə üstün gələnlər”– deyilir. Üstün gələnlərin isə möminlər və ya kafirlər olduğu bizə bəlli deyildir. Deməli onların qəbirlərinin üzərində məscid tikmək fikrində olanlar qeyri möminlər də ola bilər. Qetri möminlərin əməlləri isə bizə dəlil deyildir. Siz sualınızda qeyd etmisiniz ki, axı qeyri möminlər (kafirlər) Allaha ibadət etmək üçün məscidlər tikməzlər. Bu doğrudur ki, kafirlər məscidləri Allaha ibadət etmək məqsədi ilə tikmirlər. Amma onlar məscidi başqa niyyətlərlə də tikə bilərlər. Məsələn, Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) zamanında bir qrup münafiqlər müsəlmanları parçalamaq niyyəti ilə məscid tikirlər. Uca allah buyurur: Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”– deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar.” ət-Tovbə, 107. Ayədən görünür ki, münafiqlər və kafirlər də məscidlər tikə bilər. Lakin onlar məscidləri sırf Allaha ibadət niyyəti ilə deyil, başqa niyyətlərlə tikirlər. Eləcə də mağara əhlinin qəbirlərinin üzərində məscid tikənlər bu məscidi Allaha ibadət məqsədi ilə tikmələrini iddia etsələr də bu onların qəsd etdikləri kimi qəbul edilməyəcəkdir. Əslində onlar bu məscidi Allaha şərik qoşmaq üçün tikmiş olacaqlar. Həmçinin Peyğəmbər (səlləllahu aleyhi və səlləm)) demişdir: “Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirmişlər.” Bu hədis də onu göstərir ki, kafirlər də məscid tikirlər. Amma onlar məscidləri Allaha ibadət niyyəti ilə tikmirlər.

Üçüncüsü: Ayədə deyilir ki, Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər.” Bu ayə mağara əhlinin qəbirlərinin üzərində məscidin tikildiyinə açıq-aydın dəlalət etmir. Çünki onların həmin məscidi tikib və ya tikmədikləri heç bir yerdə isbat edilməyib. Bu sadəcə onların fikirləri də ola bilər. İnsan müxtəlif fikirlər yürüdə bilər. Lakin yürütdüyü fikirin batil olduğunu bildikdən sonra ondan əl çəkir.

2. Əgər 70 yaşına çatmış həmin qadın şəhvət hissini itirmişsə, o halda qadın oğulluğa götürdüyü adamın yanında başını aça bilər. Uca Allah buyurur: Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir.” ən-Nur surəsi, 60.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”