Ana səhifə
 / Sual-cavab


545
Salam aleykum. Xahiş edirəm mənim sualımı cavablandırasınız. forex-lə bağlı (internetdə vertual ticarət). Allah razı olsun.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Forex - kimi tanınan qiymətli kağızlar, qızıl, neft, səhmlər və sairənin ticarəti haramdır. Çünki bu növ ticarətdə ilk öncə sələm vardır. Çünki kreditdən əlavə rüsum olaraq alınan məbləğ ribadır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.” (əl-Bəqərə, 278-279). Bundan əlavə dünya birjalarında baş verən ticarət növləri əksər hallarda haram müqavilələr əsasında həyata keçirilir. Həmçinin Forexdə vasitəçilik edən dəllallar vardır ki, onlar da malik olmadıqlar bir şeyi satdıqlarını iddia edirlər. Bu da şəri baxımdan haramdır.

543
Salamu Aleykum əziz qardaş. Sualım belədir inşəAllah. 1. Qadının qaşının alması barədə bilmək istərdim. 2. Qadın öz övrət yerini ərindən başqa heç kəsə göstərməməlidir. Bildiyimiz kimi hamiləlik vaxtlarında, bəzi qadın xəstəlikləri ucbatından genikoloq yanına gedirlər. Buna görə bir günah yazılırmı. Allah sizlərdən razı olsun, imanınızı kamil etsin. AMİN.
Və aleykumus-salam. 1. Qadının qaşını alması haramdır. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) qaş alan və aldıran qadınları lənətləmişdir. Bu da həmin əməlin Allah qatında böyük günah olduğunu göstərir. Rəvayət edilir ki, bir gün Abdullah ibn Məsud (radiyallahu anhu) dedi: “Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin.” Bu xəbər Bənu Əsəd qəbiləsindən olan Ummu Yaqub adlı bir qadına çatdıqda, o, İbn Məsudun yanına gəlib dedi: “Mənə xəbər çatdı ki, sən belə-belə lənətlər oxuyursan.” İbn Məsud dedi: “Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) lənət oxuduğu və Allahın Kitabında zikr olunan kimsəyə mən necə lənət oxumayım!?” Qadın dedi: “Mən bu iki lövhə arasında (yəni Quranda) olanları oxudum, amma sənin dediklərinə rast gəlmədim.” İbn Məsud dedi: “Əgər sən onu diqqətlə oxusaydın, rast gələrdin. Məgər sən: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin” ayəsini oxumamısan?” Qadın dedi: “Bəli, oxumuşam.” İbn Məsud dedi: “Bu əməlləri də məhz Peyğəmbər (səlləllahu aleyhi və səlləm) qadağan etmişdir.” Qadın dedi: “Axı mən sənin zövcənin bunları etdiyini görmüşəm.” İbn Məsud dedi: “Get, yaxşı-yaxşı bax!” Qadın gedib baxdıqda, onun zövcəsinin qaşlarında heç bir dəyişiklik görmədi. İbn Məsud dedi: “Əgər bu qadının dediyi kimi olsaydı, mən zövcəmlə yaxınlıq etməzdim.” (Bu hədisi Buxari rəvayət etmişdir.) 2. Bəli, qadın öz övrət yerini ərindən başqa heç bir kəsə göstərməməlidir. Lakin sizin qeyd etdiyiniz kimi zəruri səbəblərdən qadın övrət yerini həkimlərə göstərə bilər. Bu halda qadına günah yazılımır.

542
Əssəlamu aleykum va rahmətullahi va bərəkətuhu. Əlixan qardaş. Xahiş edirəm bu suallarıma cavab verəsiniz. 1) Facebook və s. şəbəkələrdə öz adın olmamağına baxmayaraq misal üçün Zubeyr ibn Avvam və s. səhabələrin adları kimi qoymaq olarmı? 2) Qadın maşın sürə bilərmi? (Şeyx Albaninin icazə verdiyini, lakin Səudiyyə Ərəbistanında qadına maşın sürməyə icazə verilmədiyini bilirəm. Xahiş edirəm bu rəylərdən hansının daha düzgün olduğunu dəlillərlə qeyd edərdiz.) Allah sizdən razı olsun və sizi Firdovs Cənnətinin sakinlərindən etsin. Əmin. Əssəlamu aleykum va rahmətullahi va bərəkətuhu.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. 1. Sosial şəbəkələrdə başqasının adını aşağıdakı şərtlərlə istifadə etmək olar: - Gərək istifadə olunan ad İslamda qadağan olunmuş adlardan olmasın. - Gərək istifadəçi istifadə olunan adda atasından qeyrisinə mənsub olunmasın. Çünki dinimiz bunu qadağan etmişdir. - Gərək istifadə olunan adda başqa bir şəxsin haqqına girməyəsən. Yəni ola bilsin ki sən elə bir ad seçəsən ki, insanlar səni həmin adın əsl sahibi ilə dəyişik salsınlar. Ona görə də yaxşı olar ki, o cür şəbəkələrdə öz adını qoyasan ki, sənin kim olduğunu tanısınlar. Çünki sən hər hansı bir xətaya yol verdikdə orada səhabənin haqqına girmiş olarsan. Həmçinin səhabələri üstün tutaraq onların adlarını bu cür yerlərdə dəyərsiz etməyək. 2. Qeyd etdiyiniz məsələ barəsində müasir alimlər ixtilaf etmişlər. Bəzi alimlər qadının müəyyən şərtlər və qaydalar çərçivəsində avtomobil sürməsinin caiz olduğunu bildirmişlər. Bəzi alimlər isə bu günkü gündə geniş vüsət almış fitnələri nəzərə alaraq qadının avtomobil sürməsinin caiz olmadığını bildirmişlər. Bu əməl özü-özlüyündə haram olmasa belə onlar bu hökmü “sədd əz-zərai” (Pisliyə aparan yolları qapamaq) baxımından vermişlər. Lakin zərurət varsa qadının avtomobil sürməsində bir qəbahət yoxdur. Çünki elə zəruri hallar olur ki, qadın avtomobili sürməzsə naməhrəmlə bir avtomobilə minmək, yaxud ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qala bilər. Daha doğrusunu isə Allah bilir.

541
Assalamu aleykum va rahmatullahi va barakatuhu. 1. Sünnət və fərz namazları arasınada yerdəyişmə nə deməkdir? 2. Gecə namazının vaxtını necə müəyyən edim? Və bu namaz davamlı olmalıdır? 3. Heyzli qadının quran oxuması mümkündürmü?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. 1. Fərz namazını qıldıqdan sonra nafiləni qılmaq istədikdə yeri dəyişmək müstəhəbdir. İbn Həcər “Fəthul Bari” əsərində demişdir: “Bu nafilə namazının fərzə birləşdirilməsi başa düşülməsin deyə belə edilir...” Əgər bu cür başa düşülməyiləcəksə onda nafiləni də elə həmin yerdə qılmaq olar. Çünki İbn Ömər (radiyallahu anhu) belə etmişdir. Nafi rəvayət edir ki, “İbn Ömər nafiləni fərz namazını qıldığı yerdə qılardı. Həmçinin Qasim də belə edərdi.” Hədisi Buxari rəvayət etmişdir. Deməli əgər insanlar nafilənin fərzə birləşdirilməsini başa düşməyəcəklərsə belə etmək olar. 2. Gecə namazının vaxtı işa namazından sonra sübh namazının vaxtı girənə qədərdir. Gecə namazı nafilə namazı olduğu üçün onu davamlı şəkildə və ya hərdən qılmaq olar. Gecə namazı fərz namazlarından sonra ən əfzəl namazdır. Odur ki, bu namazı davamlı şəkildə qılmaq daha yaxşı əməl hesab olunur. 3. Ehtiyac olan zaman heyzli və ya nifaslı qadının Quran oxuması icazəlidir. Lakin ehtiyac yoxdursa, sadəcə savab qazanmaq, ibadət və Allaha yaxınlaşmaq niyyəti ilə Quran oxumasına əksər alimlər icazə vermir. Buna görə də çəkinməsi daha üstündür.

540
Assalamu aleykum. Mən 25 ildir güclü baş ağrılarından əziyyət çəkirem. Hər gün 3-4 tablet dərman içirəm. Bu səbəbdən oruc tutanda çox vaxt yarımçıq kəsirəm. Mən oruc tutmağın əvəzinə sədəqə verə bilərəmmi. Ya mənim üçün oruc tutmaq daha əfzəldir?
Və aleykumus-salam. Əgər sizın xəstəliyiniz xronikidirsə (yəni, sağalmayan xəstəlikdirsə) və hər gün dərman qəbul etmədən dayana bilmirsinizsə onda oruc tutmursunuz və tutmadığınız hər günün əvəziyə bir yoxsul, kasıb müsəlman yedirtməlisiniz. Əgər sizin xəstəliyiz xroniki deyilsə və dərmanı yalnız baş ağrıları olanda qəbul etmək məcburiyyətindəsinizsə onda siz ramazan orucunu tutursunuz və ağrı olduğu təqdirdə isə onu pozursunuz. Pozduğunuz həmin günlərin qəzalarını isə sonradan baş ağrıları olmayan günlərdə tutursunuz. Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə buraxdığı hər gününün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.” əl-Bəqərə surəsi, 184.

539
Salam Va, Rahmatullahi Va, Barakatuhu. Şeyx mən bilmek istəyirəm, əgər bir cahil məndən saqqal, balaq barəsində soruşanda mən deyirəm Məsələn Peygəmbərin (səlləllahu aleyhi və səlləm) əmridir. Əgər o yenə öz dediyini desə nə demək lazımdır?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Həmin şəxsə deyirsiniz ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) nəyi əmr edirsə o Allah tərəfindəndir. Çünki o öz istəyi ilə danışmır. Uca Allah buyurur: “O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.” ən-Nəcm surəsi, 2-3. Həmçinin ona deyin ki, əgər kim Peyğəmbərin əmrinə qarşı çıxacaqsa onu şiddətli bir əzab gözləyir. Uca Allah buyurur: “Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.” ən-Nur surəsi, 63.

538
Əs-sələmu aleykum. Qardaş xahiş edirəm bu sualımı cavablandırın. Tutaq ki, tmin yağına ruqya oxuyub qoymuşam. Hər səhər içirəm, bilirəm ki bu olar. Sualım isə budur ki həmin tmin yağından övrət yerinə vurmaq günah sayılmaz ki? Yəni ayələr oxunan tmin yağını vurmaq olarmı, səfa üçün övrət yerinə? Allah razı olsun.
Və aleykumus-salam. Suya Quran ayələrini oxuyub sonra onunla çimmək caizdir. Belə olduğu təqdirdə həmin adam o su ilə övrət yerini də yumuş olur. Bu da onu göstərir ki, Quran ayəsi oxunan suyu və ya başqa bir şeyi övrət yerinə sürtmək olar.

537
Salam aleykum şeyx! Bir bacı var ağ ciyər xəstəliyi var, soyuq dəyməsi var, bir də qan azlığı var! Loğmanı tərəfdən müalicə üçün donuzun iç piyi və qan azlığına görə xörək qaşığı ilə gündə bir dəfə vino içə bilərmi? Bir amili də vurğulayım məndən soruşdu mən dedim yox etmisənsə tövbə et dedim! Xahiş edirəm ətraflı cavab verəsiniz! Salam aleykum.
Və aleykumus-salam. Siz həmin bacıya doğru cavab vermisiniz. Hal hazırkı dövrümüzdə tibb elmi o qədər inkişaf etmişdir ki, haram vasitələrdən də daha güclü və daha effektli halal vasitələr mövcuddur. Elə isə nə üçün biz halalı qoyub harama getməliyik. Ağ ciyər, soyuqdəymə və qan artırmaq üçün saysız hesabsız halal müalicə üslubları mövcuddur. Həmçinin haramda müalicə də yoxdur. Rəvayət edilir ki, Tariq ibn Suveyd (radiyallahu anhu) Peyğəmbərdən (səlləllahu aleyhi və səlləm) sərxoşedici içki barəsində soruşduqda Peyğəmbər (səlləllahu aleyhi və səlləm) ona sərxoşedici içki düzəltməyi qadağan etdi. Onda Tariq dedi: “Mən onu ancaq dərman üçün düzəldirəm.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Şübhəsiz ki, sərxoşedici içki dərman deyildir, əksinə o xəstəlikdir.” Hədisi Muslim rəvayət etmişdir. İbn Macənin rəvayət etdiyi hədisdə isə belə deyilir. Tariq ibn Suveyd (radiyallahu anhu) dedi: “Ey Allahın elçisi! Biz yaşadığımız yerlərdə üzüm olur və biz onu sıxıb içki düzəldirik və ondan içirik.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) “Olmaz!”- deyə cavab verdi. Tariq deyir ki, mən bir daha soruşdum: “Biz onun vasitəsi ilə xəstələri şəfa etməkdə istifadə edirik.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Şübsəhiz ki, o şəfa deyildir, əksinə o özü xəstəlikdir.” İbn Məsudun (radiyallahu anhu) rəvayət etdiyi mualləq hədisdə isə belə deyilir: “Həqiqətin Allah sizin şəfanızı sizə haram edilənlərdə etməmişdir.” Hədis Buxaridədir.

536
Əssələmu aleykum va rahmatullahi va barakatuhu. Öndə gedən saytlar və məscidlərdə satılan təqvimlərdəki fəcrin vaxtından 30-35 dəqiqə ehtiyat edilib gec qılınması, yalançı və doğurçu fəcr deyilən anlamlar nə qədər düzgündür? Cəzakumullahu xayran...
Va aleykumus-salam va rahmatullahi va barakatuh. İslam fiqhində yalançı və doğruçu fəcr anlayışları həqiqətən də mövcuddur. Yalançı fəcrin vaxtında namazın vaxtı hələ girmiş olmur. Onların arasındakı fərqi qısa olaraq sizə təqdim edirik: 1. Yalançı fəcrin işığı üfüqi istiqamətdə (soldan-sağa), doğruçu fəcrin işığı isə şaquli formada olur. 2. Yalançı fəcrin işığı bir az görsəndikdən sonra itir, doğruçu fəcrin işığı isə artmaqda davam edir. 3. Yalançı fəcrin işığı üfüqdən azca aralı olur, doğruçu fəcrin işığı isə üfüqə bitişik olur. Siz qeyd etdiyiniz təqvimlərə gəlincə orada doğruçu fəcrin vaxtı yazılır. Yuxarıdakı şərtlərə əsasən siz özünüz fəcr namazının azanının vaxtını təyin edə bilərsinizsə onda ona etimad edərək namazınızı qılın. Bunu etmək sizə müyəssər olmazsa, o zaman təqvimdə göstərilən vaxta etimad edərək namazlarınızı qıla bilərsiniz. Daha doğrusunu Allah bilir.

535
Salam aleykum şeyx necəsiniz? Şeyx yadınızdadırsa mən İmişlidən yazıram cümə namazını qıla bilmirəm deyə sizə sual yazmışdım, siz də sağ olun gözəl cavablandırdınız, Allah sizdən razı olsun! Dediniz ki filan-filan səbəblərə görə onlarla camaat namazı qılmaq olmaz! Əxi mənə nə nəsihət verə bilərsiniz ki, mən nə edim, camaatdan ayrı düşmüş olmayım. Salam aleykum.
Və aleykumus-salam. Sizə nəsihətimiz budur ki, cümə günləri sizə ən yaxın olan əhli sünnə məscidlərində birinə gedin. Əgər uzaq olduğundan dolayı bunu hər cümə edə bilmirsinizsə, heç olmasa iki cümədən bir cüməyə gedin. Əgər bunu da edə bilməsəniz cümə namazı sizə vacib deyildir. Onda həftədə bir dəfə qardaşlarla bir yerdə yığışıb bir-birinizə dayaq olun. Əgər bunu da bacarmasanız onda çoxlu-çoxlu dini dərslərə qulaq asın.

533
Əs-sələmu aleykum va rahmətullahi va bərəkətuhu. Şeyx, bir yaxınım var 10 ildi xəstədir "nevroz" diaqnozudur. Bütün bədəni sıxılır. Çox narahatdır. Çarəsizdir, demək olar ki, müalicələrin də o qədər xeyri olmur. Xəstəlikdən də əvvəl, ta indiyə kimi həyatında hər şey uğursuz olur. Amma, çox mübarizə də aparır. Artıq, yorulub. Nə məsləhət görürsüz? İslama da dəvət edirəm, gələ bilmir. Məsuliyyətli gəlir deyə dəvətimi qəbul etmir. Cəzakumullahu xayran...
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Həmin şəxsə İslamın nə qədər asan bir din olduğunu hikmətlə çatdırmaq lazımdır. Həmin şəxs əmin olmalıdır ki, islama gəlməklə onun qəlbi rahatlıq tapacaqdır. Çünki Allahın dinindən uzaq düşmək qəlbin daim sıxıntı içərisində olmasına gətirib çıxarır. Uca Allah buyurur: “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirəcəyik”. (Taha, 124) Bundan əlavə müalicəni davam etdirərərk, Uca Allaha çoxlu dua etmək lazımdır. Çünki qədəri belə dəyişə biləcək yeganə şey duadır.

532
Əs-sələmu aleykum va rahmətullahi va bərəkətuhu. Şeyx məcburən verilən rüşvət günah sayılırmı? Çünki, Universitetdə imtahana hazirlaşsan belə pul istiyirlər. Cəzakumullahu xayran...
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Əgər imtahana tam hazır olduğunuz və suallara tam cavab verdiyiniz halda müəllim heç bir səbəb olmadan sizdən pul istəyər və pul vermədikdə sizi imtahandan kəsərsə, bu halda sizin verdiyiniz pul sizin üçün rüşvət hesab olunmur. Siz sadəcə həmin pulu öz haqqınızı bərpa etmək üçün vermiş sayılırsınız. Müəllimə gəldikdə isə onun aldığı rüşvət hesab olunur. Rüşvət barəsində isə Abdullah ibn Amr (radiyallahu anhu) demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) rüşvət verən və rüşvət alan şəxsə lənət etmişdir.” Hədisi Əbu Davud rəvayət etmişdir. Hədis səhihdir, Səhih və Daif Sunən Əbu Davud, 3580.

531
Salam aleykum qardaş. Sizdən məni maraqlandıran bir məsələ barəsində soruşmaq istəyirəm. İslam qadının işləməyinə necə baxır? Mən huquqşünasam və işimdən dolayı hər gün bir neçə yerə baş vurmalı oluram və iələdiyim ortamda da kişilərin olması labüddür. Bilmək istəyirəm ki mənim bu işimdə Allaha naxoş gedəcək bir şey var?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. İslam dini qadının işləməsinə aşağıdakı şərtlərlə icazə verir: 1. Həmin işdə Allahın buyurduqlarına asilik olmasın. (Məsələn: İşə hicabsız getməyin tələb olunması, kişilərin olduğu yerdə işləmək, yaxud məhrəmsiz səfərə getmək kimi əməllər). 2. Qadın gərək işlədiyi yerdə fitnənin olmamasından əmin olsun. 3. Valideyinləri və həyat yoldaşı buna icazə versin. 4. Qadının işləməsi övladlarının tərbiyəsində boşluğa səbəb olmasın. 5. Gördüyü iş qadının dininə mənfi təsir etməsin. 6. Qadın kişilərə aid olan işi görməsin.

527
Salam aleykum. Əlixan qardaş mənim evdə belə bir problemim var ki o da isbal məsələsidi. Əslində evdə dinlə bağlı namazdan başqa hər şey problemdi. Saqqal hələlik yoxdu, amma isbal olduğundan çox üstümə gəlirlər. Topuqdan aşağı kəsdir deyirlər. Allah şahiddir ki hələ kəsdirməmiş bu söhbət açılanda ürəyim həddindən artıq çox sıxılır ki cahillər kimi görsənmək istəmirəm. Qardaş vAllahi basa salmışam amma ki... nə fayda. Hər dəfə xoş münasibət göstərdikdə, üzü yumuşaqlıq etdikdə bir o qədər də evdəkilər şəriətlə bağlı üstümə gəlir. Məsələn üzümü qırxdırdılar sonra keçirlər şalavra, sonra deyirlər ki toya get, amma təbii ki getmirəm. Məni yavaş yavaş azğınlığa sürükləyirlər. Vaxtında mən çox səhvlər etmişəm ki çox sərt olmuşam. İndi də özümü hörmətdən salmaq istəmirəm o barədə ki mən çox sərt olanda hörmət qoymurlar. İslam barədə, hətta Qurandan ayə gətirdik də məhəl qoymurlar. Qardaş qorxuram ki isbal da getsə axirətdə balağım od tutub yanar, qəbr əzabına düçar olaram. Bir tərəfdən də deyirəm ki belə edim dəvəti artırım. Amma qəlbim çox sıxılır. Qardaş sizdən öyüd nəsihət istəyirəm. Allah rizası üçün mənə ətraflı məsləhət verin. Salam aleykum və rahmətullahi və bərakətuhu.
Və aleykumus-salam. Əziz qardaşımız. Valideynlərə yalnız Allaha və rəsuluna asi olmayan şeylərdə tabe olmaq olar. Dəvəti fikirləşib günaha girmək də düzgün deyildir. Bunu nə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) nə də onun səhabələri etmişdir. Əgər siz Allahı razı salmağa çalışsanız uca Allah elə edəcək ki, sonda sizdən narazı olanlar özləri sizin doğru olduğunuzu təsdiqləyib Allahın yoluna gələcəklər. Demək olar ki, bizim hamımız bu etaplardan keçmişik və sonda ailə bütünlüklə İslama gəlib. Ümid edirik ki sizin də ailəniz nə vaxtsa bütünlüklə İslama gələcəkdir. Həmçinin ümid etməklə yanaşı bunun üçün Uca Rəbbimizə də dua edirik ki, sizinailənizə hidayət versin. Sonda sizin nəzərinizə isbal barəsində varid olan bir hədisi çatdırmaq istəyirik. Əbu Zərr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Üç qisim insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Üstəlik onları üzücü bir əzab gözləyir”. Əbu Zərr dedi: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) (buna dəlalət edən) ayəni (Ali İmran, 77) üç dəfə oxudu. Mən dedim: “Onların ümidləri boşa çıxdı, özləri də ziyana uğradılar. Kimlərdir onlar, ya Rəsulullah?” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “(Libasının) ətəyini topuqdan aşağı uzadan, verdiyini başa qaxan və yalandan and içməklə malını sırıyan (kimsələrdir)”. Hədisi Muslim rəvayət etmişdir.

526
Assalamu aleykum. Məscidə qirəndə salam vermək lazımdı yoxsa vermək olmaz?
Və aleykumus-salam. Məscidə girəndə oradakı adamlara salam vermək caizdir.

525
Salam aleykum va rahmatullahi va barakatuhu. Əxi bir qardaşımız bir qızı istəməyə gedib və ona qız verilib. Amma hələ kəbin kəsilməyib, qardaş da qızı iş yerinə aparmaq istəyir. Atası icazə verirsə, qardaş qızı işlədiyi yerə apara bilərmi?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Kəbin kəsilməyincə həmin qardaş qızı iş yerinə apara bilməz.

523
Namaz vaxtı yer sıxdısa səcdəyə gedəndə alnı qabaqdakı insanın belinə qoymaq olarmı?
Məsciddə sıxlıq olduğu zaman səcdənin necə ediləcəyi barədə alimlər ixtilaf etmişlər. Bir qrup alimlər sıxlıq zamanı qarşıdakı adamın belinə səcdə etməyi demiş və buna Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) hədisini dəlil gətirmişlər. Rəvayət edilir ki, bir gün Ömər xütbə verərkən dedi: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bu məscidi tikərkən biz mühacirlər və ənsarlar da onunla birlikdə idik. Odur ki, məsciddə sızlıq olduğu zaman qardaşınızın belinə səcdə edin...” Hədisi Əhməd və başqaları rəvayət etmişdir. Şeyx Şueyb Arnavut həmin hədisin səhih olduğunu demişdir. İkinci qrup alimlər isə sıxlıq olduğu zaman səcdəni bacarılan qədər əyilmək vasitəsi ilə etməyi bildirmişlər. Çünki, səcdə etməyi bacarmayan şəxs barəsində şəriətimiz qaydalar qoymuşdur. Bu məqamda həmin şəxs də səcdə etməyi bacarmayan insanlar sinfinə aid olur deyə səcdəni bacardığı qədər əyilməklə yerinə yetirir. Qarşıdakının belinə ona görə səcdə etmir ki, onu namazdan yayındırmasın. Bu rəylərə əsasən biz də qəti bir fikir söyləyə bilmirik. Amma siz bu rəylərdən hansı birini götürüb ona əməl edərsinizsə namazınız səhih sayılar.

522
Salam Aleykum va Rahmatullah. Əxican xala nəvəsi ilə ailə qurmaq olarmı? Allah razı olsun. Salam Aleykum.
Və aleykumus-sələmu və rahmətullah. Bəli, xala nəvəsi ilə ailə qurmaq olar.

519
Assalamu aleykum! Müsəlman kiməsə Quran öyrətdiyinə görə pul ala bilərmi?
Və aleykumus-salam. Əgər ehtiyacı varsa ala bilər.

515
Salam aleykum Əlixan qardaş! Bu yaxınlarda bir saytdan oxudum ki, nazik corabların üzərinə məsh çəkmək haqqında heç bir tutarlı dəlil yoxdu. Keçmiş sələf alimlərinin heç biri də bu cür işə əl atmayıb. Sizə həmin linki göndərirəm və xahiş edirəm ki, mənə bu məsələni dəlilləri ilə aydınlaşdırasınız. Allah sizdən razı olsun və sizi da Özündən razı salsın. Salam aleykum.
Və aleykumus-salam. Nazik corablara məsh etmək barəsində əvvəlki sualların cavablarında yazmışıq. Racih rəyə görə nazik corablara məsh çəkmək olar. Çünki nə Peyğəmbərin (sallallahu aleyhu va səlləm), nə də səhabələrin bunu qadağa etmələri barədə heç bir dəlil yoxdur. Əslində isə Şeyxul İslam ibn Teymiyyənin də dediyi kimi Peyğəmbərin (sallallahu aleyhu va səlləm) ümumi şəkildə xüflərə və corablara məsh çəkməyi buyurması hər növ xüf və corablara məsh çəkməyin caizliyinə dəlalət edir. Bəzi fiqh alimlərinin bunun caiz olması üçün müəyyən şərtlər qoymalarına baxmayaraq hər növ coraba məsh çəkməyin caizliyinə dəlalət edən hədislərə şərtlər qoymaq üçün dəlil lazımdır. Dəlil olmadığı halda bizim şərtlər qoymağımız Allahın asanlaşdırdığı bir şeyi çətinləşdirmək hesab olunur. Hətta İmam Nəvəvi “əl-Məcmu” əsərinin birinci cildində demişdir: “Əgər insan şüşədən bir xüf düzəltdirib ayağına geyinərsə və onunla gəzə bilirsə, ayağının dərisi görünsə belə istədiyi qədər ona məsh çəkə bilər.” Odur ki, hər hansı bir corabı geyinib gəzmək mümkündürsə ona məsh çəkmək olar.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”