Ana səhifə
 / Sual-cavab


572
Salam aleykum qardaş. Mənim sualım həzrəti Aişə anamıza qarşı gətirilən bir şübhəyə aiddir. Hz. Aişə anamız cəməl döyüşünə qatıldı amma halbuki Quranda rəsulullahın zövcələrinə evlərində oturmaq əmr olunurdu. Bizim bu hadisəyə münasibətimiz necədi? Bu barədə ətraflı məlumat versəz çox sevinərəm.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. İslam tarixində ən dəhşətli hadisələrdən biri hesab olunan üçüncü raşidi xəlifə Osman ibn Əffanın (Allah ondan razı olsun) xavariclər tərəfindən qətlə yetirilməsindən sonra xilafətə gələn dördüncü raşidi xəlifə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) Xavariclərin sayının çox olmasını əsas gətirərək Osmanın qisasını almaq üçün bir az gözləməyin gərək olduğunu bildirmişdi. Tarixi faktlar sübut edir ki, Əlinin bu qərarı ilə razılaşmayan Talhə, Zübeyr, möminlərin anası Aişə (Allah onlardan razı olsun) və onlarla birgə olanlar Məkkədən İraqa döyüş üçün və ya Əlini (Allah ondan razı olsun) xilafətdən uzaqlaşdırmaq üçün çıxmamışdılar. Onların çıxışlarının əsas məqsədi ixtilafa son qoymaq, islah etmək, müsəlmanların sözlərini birləşdirib onları cəm etmək, müsəlmanların xəlifəsi Osman ibn Əffanı (Allah ondan razı olsun) qətlə yetirənlərdən intiqam alınması və qatilləri İraqdan, müsəlmanların sıralarından uzaqlaşdırmaq idi. Çünki vəziyyət olduqca gərgin idi. Təsəvvür edin ki, dünyanın dörd bir tərəfinə rəhbərlik edən böyük İslam xilafətinin haqq xəlifəsi bir qrup xavaric və münafiq tərəfindən evində Quran oxuyarkən vəhşicəsinə qətlə yetirilmişdi. Əli ilə Talhə və Zübeyr öz aralarında xavaricləri ordudan kənarlaşdırmaq və onlara qarşı vuruşmaq barədə bir ittifaqa gəldikdən sonra hər camaat öz düşərgəsinə döndü. Lakin bu mübarək həmrəylik və birlik xavariclərə xoş getmədi. Çünki bu birlik onlara qarşı vuruşmağa gətirib çıxaracaqdı. Ona görə onlar məkr və hiylə ilə iki ordu arasında fitnəni alovlandırdılar. Gecə vaxtı hər iki tərəfdən bəzilərini hazırladılar ki, səhər savaş yaratsınlar. Hətta hər iki tərəf digərinin onu aldatması qənaətinə gəldi və onlara qarşı hazırlanmış bu hiylədən xəbərsiz oldu. Nəticədə iki ordu arasında özləri də bilmədən müharibə oldu. Müsəlmanlar gərək səhabələrin arasında baş vermiş ixtilaf barəsində danışmayıb sussunlar. Çünki onlar bu ümmətin ən xeyirliləridir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Canım əlində olan Allaha and olsun ki, sizlərdən biriniz Uhud dağı boyda sədəqə vermiş olsa, onlardan (səhabələrdən) birinin bir ovuc, hətta yarım ovuc belə verdiyi sədəqəyə çata bilməz.” Həmçinin Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Mənim səhabələrim zikr olunduğu zaman dilinizi saxlayın.” Unutmaq lazım deyil ki, İslamın düşmənləri bu hadisələrin səbəblərini başqa cür qələmə verərək İslamın əsaslarını şübhə altına almağa çalışırlar. Uca Allah müsəlmanları fitnədən və fitnəkarlardan uzaq etsin.

571
Salam aleykum əxi, necəsən? Əxi bir qardaş var xərçəng xəstəliyi var Allah ona kömək olsun! Deyir mən namazı qarşıma tabletka qoyub qılıram və secdəyə gedə bilmirəm. Çünki dizlərimi çox incidir və həkim də o cür oturmağa icazə vermir. Deyir ki bu xəstəlik mənim bütün mədə bağırsaq və qara ciyərimi normal iş rejimindən kənara cıxarıb. Bunun üçün tabletkada da qılanda belə qarnımda hava yaradır daje belə qaz cıxmağa qədər o hava belə yaxın olur. Bu da məni çox incidir və fikrimi yayındırır! İki amili də qeyd edim ki, bu qardaş yataq xəstəsi deyil! Bir də özünü namazdan qabaq boşaltsa da belə o fəsadlar onda olur! Mən də ona belə nesihət etdim ki, uzanıqlı qılsın. Sizcə bu doğrudurmu! Salam aleykum.
Və aleykumus-salam. Allah qardaşa şəfa versin. Onun üçün hansı halda rahat qıla biləcəyini o özü daha gözəl bilir. Nə cür gücü çatırsa o halda əda etsin. Allah Təala insanı bacardığından artıq yükləmir. Və buyurur ki: “Allahdan bacardığınız qədər qorxun” Təğabun-16. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurur: “Mən sizə bir işi əmr etdikdə ondan bacardığınızı edin”.

570
Əs-salamu aleykum va rahmatullahi va barakatuhu. Allah sizə kömək olsun. İşa namazını girən kimi qılsam yaxşıdır yoxsa uzatsam, yəni sünnəti, vitri, hamısını bir yerdə.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. İlk öncə qeyd edək ki, İşa namazının vaxtı gecə yarıya qədərdir. O ki qaldı İşa namazını vaxtının sonuna qədər gecikdirməyə, bəli gecənin ilk üçdə birindən gecənin yarısınadək olan vaxt İşa namazının ən əfzəl vaxtıdır. Peyğəmbər (sallallahu aleyhi va səlləm) həmin vaxta işarə edərək demişdir: “Bu onun (yəni İşa namazının) vaxtıdır. Ümmətimə çətin olacağını bilməsəydim insanlara (İşa namazını) həmin vaxtda qılmağı əmr edərdim.” Başqa bir hədisdə Aişə (radiyallahu anhə) rəvayət edir ki, bir gecə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) gecənin çox hissəsi keçənə qədər işa namazını gecikdirdi. Hətta məsciddəkilər belə yatmışdılar. Sonra Peyğəmbər (səlləllahu aleyhi və səlləm) evindən çıxıb namazı qıldı və belə dedi: “Doğrusu bu namazın əsl vaxtıdır, əgər ümmətimə çətin olmasaydı onlara bunu əmr edərdim.” Hədisi Muslim və Nəsai rəvayət etmişdir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Hərgah ümmətimi əziyyətə salmış olmasaydım, onlara işa namazını gecənin üçdə birinə qədər və ya yarısına qədər gecikdirməyi əmr edərdim.” Hədisi Əhməd, ibn Macə və Tirmizi rəvayət etmişdir. Tirmizi bu hədisin “səhih” olduğunu demişdir. Hədis səhihdir. Səhih ət-Tirmizi, 167. Əbu Səid (radiyallahu anhu) rəvayət edir ki, bir gecə biz işa namazını qılmaq üçün Peyğəmbəri (səlləllahu aleyhi və səlləm) gecə yarısı düşənə qədər gözlədik. Nəhayət o gəlib bizə namaz qıldırdı və sonra dedi: “Yerinizdə qalın! Şübhəsiz ki, sizdən başqa bütün insanlar artıq bu an öz yataqlarındadırlar. Siz isə namazı gözlədiyiniz müddət ərzində namazda olmuş sayılırsınız. Əgər zəifin zəifliyi, xəstənin xəstəliyi və ehtiyaclının ehtiyacı olmasaydı bu namazı gecənin yarısına qədər gecikdirərdim.” Hədisi Əhməd, Əbu Davud, ibn Macə, Nəsai və ibn Xüzeymə səhih isnadlarla rəvayət etmişdir. Hədis səhihdir. Səhih Əbu Davud, 449.

569
Salam aleykum qardaş. ALLAH sizdən razı olsun. Sizə bir sualım var: İki qadın namaz qılarsa imam hansı tərəfdə dayanmalıdır, mümkündürsə dəlili ilə.
Və aleykumus-salam. Bir qadın, digər qadınlara imam olaraq fərz və ya təravih namazı qıldıra bilər. Ancaq kişilərdə olduğu kimi qadın imam olaraq səfin önündə dura bilməz. Imamlıq edən qadın birinci səfin ortasında durur. Aişə (radiyallahu anhə) fərz namazında qadınlara imamlıq etdi və onların ortasında durdu. (Beyhəqi 3/131).

568
Salam aleykum qardas. Sualıma görə çox üzr istəyirəm. Amma bir ailəli bacı soruşur ki, çox üz kremlərinin tərkibində mənidən istifadə olunur. Elə kremləri istifadə etmək olarmı və ya öz yoldaşının mənisini üzə sürtmək nə dərəcədə düzgün olar? İslamda belə şey bəyənilirmi? Allah razı olsun.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Məninin üzə sürtülməsi qadağandır. Çünki bu ilk növbədə insanın fitrətinə zidd bir əməldir. Sonra da məni ilə birlikdə ondan əvvəl və ya sonra nəcis hesab olunan məzinin çıxması da istisna olunmur. Odur ki buna bənzər əməllərdən çəkinmək lazımdır. Uca Allah qurani Kərimdə buyurur: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər.” (əl-Əraf, 157). Tərkibində məni olan kremlərə gəldikdə isə o da yuxarıda qeyd etdiyimiz hökmdədir.

567
Salam aleykum və rahmətullahi bə bərakətuhu. Sizdən Allah rizası üçün xahiş edirəm mənə Zumər surəsinin 42-ci ayəsini açıqlayardız. Salam aleykum və rahmətullahi və bərakətuhu.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Uca Allah əz-Zumər surəsinin 42-ci ayəsində buyurur: “Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır.” Bu ayədə Uca Allah vəfatı iki qismə bölür: Böyük vəfat yəni ölüm və Kiçik vəfat yəni yuxu. Uca Allah buyurur: “Gecələr sizi yatızdıran, gün-düzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir. O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi mə¬ləklər göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz mələklər onun canını alırlar və heç bir səhvə yol vermirlər.” (əl-Ənam, 60-61) Bəzi sələflər demişlər: İnsan həm öldükdə, həm də yatdıqda onun ruhu bədənindən çıxır. Ola bilsin ki yatmış adamın ruhu heç bədəninə qayıtmasın. Ona görə də Buxari və Muslimin “Səhih” əsərlərində rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) yatmamışdan öncə bu duanı etməyi tövsiyə etmişdir: “Ey Rəbbim! Sənin adınla böyrümü yerə qoydum, Sənin sayəndə də qaldırıram. Ruhumu tutub saxlasan ona rəhm et! Onu buraxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru.”

566
Salam aleykum. Bilmək istərdim ki, ruzinin artması üçün hansı duanı oxumaq lazımdır. Əvvəlcədən təşəkkür edirəm.
Və aleykumus-salam. Ruzinin artmasına dair xüsusi bir dua yoxdur. Ümumiyyətlə günahlardan çəkinmək və saleh əməllər etmək ruzinin artmasına səbəbdir. Uca Allah buyurur: “Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq.” əl-Əraf 96. “Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. “ Talaq 2-3. Qohumlarla əlaqə saxlamaq, sədəqə vermək ruzinin artmasına səbəbdir. Uca Allah buyurur: “Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar.” əl-Bəqərə-245. Ənəs ibn Malik (radiyallahu anhu) demişdir: “Mən Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Qoy ruzisinin artmasını və ömrünün uzanmasını istəyən kəs, qohumları ilə əlaqə saxlasın.” (əl-Buxari, 2067).

565
As-Salamu Aleykum və Rahmatullahi və Barakatuhu. 1. Qardaş bağışla, yenə sualım əqiq barədə olacaq, mənə dediniz ki, Əqiq üçün kəsilən heyvanı kəsdikdən sonra onu həm müsəlmanlara paylaya bilərsən, həm də onu bişirib müsəlmanlar üçün ziyafət verə bilərsən. Mən bilmək istəyirəm Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bunu necə edib? Yəni sünnə necə olmalıdır? Çünki, mənə başqa bir elm tələbəsi dedi ki, kəsdiyin əvvəlki, əqiqləri bilməyib paylamısansa problem yoxdur, ancaq kəsəcəyin qurban əqiq üçün ziyafət halında olmalıdır. Sözün düzü mənə rahah olanı əqiq üçün kəsilən qurbanın kasıblara paylanmasıdır, ancaq yenə deyirəm, mənim rahatçılığım vacib deyil, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bunu necə edib? Xahiş edirəm köməklik göstərin! Əgər dəlil varsa dəlil olaraq deyin. 2. Ev, maşın bunlar zəkata düşürmü? Və ya bundan sonra əlavə alacağım ev və ya maşın olsa bunlar necə? As-Salamu Aleykum və Rahmatullahi və Barakatuhu.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. 1. Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) özü əqiqi necə etməsi barədə xüsusi bir hədis varid olmamışdır. Ona görə də alimlər əqiq barədə varid olan bütün hədisləri bir yerə yığdıqdan sonra belə bir nəticəyə gəlmişlər ki, əqiqi həm kəsib ətini kasıblara paylamaq olar, həm onu bişirib ziyafət təşkil etmək olar, həm də onu yarı bölüb yarısını paylamaq, qalan yarısını isə bişirib ziyafət təşkil etmək olar. Bunu müasir alimlərdən şeyx Albani və Useymin söyləmişdir. Bax: “Nurun aləd-dərb” 247-ci kaset, birinci üz və “silsilətul-hudə vən-nur” 442-ci kaset. 2. Sayından asılı olmayaraq ev və maşına zəkat düşmür.

563
Əs-salamu aleykum. 1. Quranda Hicr surəsinin 9-cu ayəsində Uca Allah deyir ki “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” Bir də məşhur hədis var ki elə vaxt gələcək ki, kəlmeyi tövhidi demək insanı Cənnətə salacaq. O vaxt insanlar bu sözü deyəndə deyəcəklər ki biz ata babamızdan belə eşitmişik. O hədisdə o vaxt Quranın da qaldırılacağı deyilir. Sonra başqa bir hədisdə Cəbrail yer üzündən ardıcıllıqla 10 şeyi qaldıracaq deyilir. Onların arasında Quran da var. Bu səhih hədislərlə ayəni necə başa düşməliyik? 2. İbrahim surəsinin 7-ci ayəsində “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar”- deyilir. Bu ayəni Quran və Sünnə işığında imanın əsasları kitabında müsəlmanın qəbr əzabı görməyəcəyinə dəlil gətirilir, amma bir hədisdə Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) deyir ki hamı qəbr əzabı görəcək. Səhabələr soruşurlar ya Rəsulullah sən də. O da deyir ki, Mən də. Bunu necə anlamaq lazımdır? 3. Dua insanın şəxsi qədərinə, şəri qədərə təsir edə bilərmi? 4. Mən qədərə imanı belə başa düşmüşəm. Allah bizə dua edib əməl etməklə Allahın bizim üçün yazdığını dəyişməyi şansını verib. İnancımda xəta varmı?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. 1. Uca Allah Qiyamətədək Quranı qoruyacağına vəd vermişdir. Quranın qaldırılması və Kəbənin viran qalması kimi hadisələr isə axır zamanda Qiyamətdən öncə yenə də Allahın istəyi ilə baş verəcəkdir. Yəni Bu hadisələr Qiyamətin ən son əlamətlərindəndir. Quran qaldırılanadək isə onu yer üzündə heç kəs təhrif edib dəyişdirə bilməyəcəkdir. 2. Elə bir hədis yoxdur. Hər kəs (bərzəx) qəbir həyatını yaşayacaqdır, o cümlədən də peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi va səlləm). Lakin qəbir həyatı qəbir əzabı demək deyildir. Qəbir əzabını buna layiq olanlar çəkir. Bəzi insanlara isə hədislərdə bildirildiyi kimi, Cənnətdən bir guşə açılır. 3-4. Sövban (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Qədəri yalnız dua dəyişir” (Sunən İbn Macəh, 90; Musnəd Əhməd 5/277. Albani hədisin «Səhih» olduğunu bildirmişdir. Bu hədisdən də belə nəticəyə gəlmək olar ki, əgər qədərində hansısa dəyişə biləcək bir bəla varsa dua etməyin bəla gəlməzdən əvvəl ondan qorunmaq üçün ən böyük səbəbdir.

562
As-salamu aleykum. Bir insanın yaxın adamlardan birinə qarşı qəlbində nifrət hissi yaranıb. O insan nə danışsa, nə etsə ona qəzəblənir. O bu nifrətin səbəbini belə anlamır. Daim vəsvəsələr gəlir. Allah ən düzünü bilir. Bəlkə nə isə sehrmi var. Əgər belədirsə sehrdən qurtulmaq üçün nə nəsihətlər mövcuddur.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Heç bir səbəb olmadan kiməsə nifrət bəsləmək olmaz. Ələxüsus da əgər həmin şəxs müsəlmandırsa. Buxari və muslimin “Səhih” əsərlərində Əbu Hureyradan rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət bəsləməyin.” Vəsvəsələrdən isə Allaha sığınmaq lazımdır.

559
Salam aleykum va rahmatullahi va barakatuhu. Mənim sualım belədir. Atam məscidə getmeyimə razı deyilsə ona başqa yerə gedirəm deyə yalan danışmağım günahdırmı?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Əgər siz atanıza dediyiniz yerə getməyəcəksinizə bu yalan sayılır və bu cür yalan danışmaq günahdır. Əgər siz atanıza dediyiniz yerə gedib sonra məscidə gedəcəksinizsə onda bu halda siz yalan danışmış hesab olunmursunuz və məscidə getdiyinizə görə də sizə günah yazılmayacaq, əksinə savab qazanacaqsınız.

558
Allahın salamı olsun sizlərə. Seyidlər barəsində bizə məlumat verə bilərsinizmi? Minnətdaram.
Sizə də Allahın salamı olsun. “Seyid” ərəb sözü olub cənab deməkdir və bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki, nə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm), nə də ondan sora gələn səhabələrin dövründə İslam dinində belə bir titul olmamışdır. Lakin hal hazırkı dövrdə özlərini seyid adlandıran bir qrup insanlar bu cür adlardan istifadə edib bəzi avam insanlardan pul qoparırlar. Həmin özlərini seyid adlandıran insanlar iddia edirlər ki, guya Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslindəndir. Əgər biz kiçik Azərbaycan dövlətinə baxsaq görərik ki, əksər insanlar iddia edirlər ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) nəslindəndirlər. Biz 6 il Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) şəhəri olan Mədinə şəhərində qaldıq, lakin bir nəfər də olsun belə özünə seyid deyən və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslindən olduğunu iddia edən şəxsə rast gəlmədik. Əgər Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) şəhərində belə bir insan tapmaq çox çətindirsə, necə olur ki, Azərbaycanda belə insanlar doludur. Bir az düşünsək bunu daha yaxşı başa düşərik. Bir şeyi də qeyd edək: Özlərini seyid adlandıran bu cür şəxslər, insanlardan nəzir yığmağa, dilənməyə və s. bu kimi Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslinə yaraşmaz işlər görməyə başlayırlar. Axı Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) öz hədislərində demişdir ki, “Onun Nəslinə sədəqə yemək haramdır.” Bəs onda nə üçün bu özlərini seyid adlandıran şəxslər belə edirlər. Əlbəttə ki, ağıl sahibləri başa düşürlər ki, bunların hamısı pula görədir.

557
Salam aleykum! Qardaşlar sualım budur: Feezbookda bir neçə səhifə var, "Azerumma yardım fondu" "aya 2 azn sədəqə" və s. Bu sədəqələr hətta konturla həyata keçirilir. Kontur şifrəsi göndərilir, şifre satılıb pula çevrilir və lazım olan, ehtiyacı olan insanlara sədəqə verilir. Bu cur sədəqə doğrudurmu? Ümumiyyətlə bu cür fəaliyyətlərdən xəbərdarsınızmı? Salam aleykum!
Və aleykumus-salam. Bəli, bu cür sədəqə doğrudur. Bu cür fəaliyyətlərə gəldikdə isə onların bəziləri barəsində yaxın qardaşlardan eşitmişik.

555
Salam aleykum əxican. Bəzi qardaşlar Azərbaycanda dini elm alırlar. Məsələn Mədinədəki İslam məktəbini bitirib gəlmiş bir qardaşdan elm öyrənirlər. Həmin bu elm alan qardaş elm əhli sayılırmı, onlara bu cür yanaşmaq doğrudurmu. Biliyindən asılı olmayaraq. Cəzakəllahu xayran.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Əsas olan həmin şəxsin harada təhsil alması deyil, onun elmi səviyyəsi və yiyələndiyi elmin nə dərəcədə olmasıdır. Əgər birisi Mədinə Universitetini bitirsə belə əgər elmdə zəifdirsə, elmini davam etdirmirsə, əqidəsi və mənhəci səhih deyilsə və sair. elm əhli sayılmır. Elə türk və başqa dövlətlərdən olan tələbələr olub ki, Mədinə Universitetini bitirdikdən sonra belə Əşari əqidəsində qalmışdır. Belələri elm əhli sayılmırlar. Misal üçün şeyx Muhəmməd Nasirəddin əl-Albani heç bir universiteti bitirməmişdir. Lakin malik olduğu elmlərin sayəsində əsrimizin mühəddisi səviyyəsinə gəlib çatmışdır.

554
Salam aleykum və rahmətullahi və bərakətuhu. Sual 1. Özünü tövhid əhli, sələfi məzhəbində olduğunu bəyan edən bir qardaş Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) sünnəsindən olan hər hansı bir əmri sevməsə və ya bəyənməsə, hətta əməl etsə belə İslamdan cıxaran küfr etmiş sayıla bilərmi? Sual 2. Acıq-aydın şirk işləyən birisinə etdiyi əməlin şirk olduğunu izah etsən belə inadlı olaraq əməlində davam etsə müşrik sayılırmı? Sual 3. Namaz qılmayanı kafir görən alimlər hansılardır? Allah razı olsun.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. 1. İlk öncə bu xətanı həmin qardaşa elmi səviyyəsi yüksək olan bir qardaş hikmətlə başa salmalıdır. Ola bilsin ki, onun belə bir rəydə olmasına müəyyən səbəblər vardır. Əmələ gəlincə isə Peyğəmbərin (sallallahu aleyhi va səlləm) hər hansı bir sünnəsinə nifrət bəsləmək küfr hesab olunur. 2. Açıq-aydın şirk edən kəslər ümumilikdə müşrik hesab olunurlar. Həmin hökmün xüsusi insanlara tətbiq olunması üçün isə həmin şəxsə bunu anlatmaq lazımdır. Buna isə yalnız elmli şəxslər hökm verə bilər. Müəyyən şəxs kafir olsa belə onunla gözəl bir tərzdə davranmaq gərəkdir. 3. Onlardan bəziləri: Şeyx Muhəmməd ibn Saleh əl-Üseymin, Şeyx Əbdül-Əziz Abdullah ibn Bəz və başqaları.

553
As-Salamu Aleykum. Bilmek isteyirem ki, bu hədis səhihdir? Alimlərin qədrini bilməyənlər üçün ibrətamiz bir hekayə: "Böyük alimlərdən olmuş Abdur-Rəhman əs-Sədi bir gün bədəvilərdən birinin yanından keçərkən görür ki, adam öz eşşəyini bərk döyür. Yaxınlaşır deyir: “Ay kişi, bu heyvanı niyə vurursan, yazıq deyil?” Kişi deyir: “Bu qanmaz heyvan sözümə baxmır. Yerindən tərpənmir ki, tərpənmir.” Şeyx ona deyir: “Heyvanla yumşaq rəftar etsən, sözünə baxar. Çəkil qırağa, mən onunla necə rəftar etməyi sənə öyrədim.” Sonra şeyx uzunqulağa yaxınlaşıb onun başına sığal çəkir, onu tumarlayır və ovsarından tutub kişinin yanına gətirir. Bunu görəndə kişi deyir: “Şeyx, eşşək də bilir ki, sən şeyxsən!”
Və aleykumus-salam. Bu hədis deyildir. Bu dövrümüzdə yaşayan “Təfsir əs-Sədi” kitabının müəllifi Abdurrəhman əs-Sədinin başına gələn əhvalatdır. O bu əhvalatı öz yxınlarına danışmış və beləliklə də həmin xəbər elm əhli arasında yayılmışdır. Bu əhvalatı şeyx Abdurrazzaq “Ədəbul-mufrad” kitabını şərh edərkən öz tələbələrinə danışır. Şeyx Abdurrazzaqın həmin dərslərini onun saytından yükləyib qulaq asmaq olar.

551
Salam aleykum əxi. Əxi bir qızla görüşə bilmək üçün haram olmasın deyə kəbin kəsdirmək olarmı.Təbii ki atasının razılığı ilə. Amma kəbin kəsdirsək 2 ilə inşaAllah ailə həyatı quracağıq. Belə etmək olarmı? Allah sizdən razı olsun. Salam aleykum.
Və aleykumus-salam. Ümumiyyətlə kəbin hər hansı bir qızla görüşmək niyyəti ilə deyil, əksinə ailə qurmaq niyyəti ilə bağlanılır və kəbin bağlanıldıqdan sonra isə həmin qız onun halal həyat yoldaşı sayılır. Bundan sonra isə həmin kişi ilə qadın ər-arvad sayılırlar. Odur ki, sünnəyə görə həmin kişi kəbindən sonra kəbin kəsdirdiyi qadınla ər-arvad münasibətlərində ola bilər. Baş verə biləcək fitnələrin qarşısını almaq üçün yaxşı olar ki, kəbin kəsdirdikdən sonra dərhal ailə həyatı qurun.

549
Salam aleykum əxi. Deyirlər təharətə tüpürmək olmaz. Bu düzdür yoxsa yox?
Və aleykumus-salam. Təharətə tüpürməyin qadağan olunması barəsində heç bir hədis bilmirik.

548
Əssalamu aleykum. Qardaş 2 sualım var. Namaz qılmağın qadağan olunan vaxtları nə vaxtdı? Bir də mən duha namazını zöhr namazına bir saat qalmış qılıram. Belə olarmı? Allah razı olsun. Salam aleykum.
Və aleykumus-salam. 1. Sübh namazından sonra ta günəş doğana qədər, günəş doğduğu andan ta üfüqdə bir nizə hündürlüyünə qalxana qədər, günəş tam zenitdə olduğu andan batmağa meyl edənə qədər, əsr namazından sonra ta günəş batana qədər namaz qılmağın qadağan olması barədə hədislər varid olmuşdur. Əbu Səid (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Əsr namazından sonra ta gün batanadək namaz qılmaq olmaz və sübh namazından sonra da ta gün çıxanadək namaz qılmaq olmaz. Hədisi Buxari və Muslim rəvayət etmişdir. Amr ibn Əbəsə (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) dedim: “Ey Allahın peyğəmbəri, mənə namaz barəsində xəbər ver.” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Sübh namazını qıl. Sonra günəş doğub bir nizə hündürlüyünə qalxana qədər namazlarını saxla. Çünki günəş şeytanın buynuzları arasında doğur və bu vaxtda kafirlər günəşə səcdə edirlər. Sonra kölgə bir nizə hündürlüyünə bərabər olana qədər namaz qıl. Bu zaman namaz mələklər tərəfindən müşahidə olunur. Sonra yenə namazını saxla. Çünki bu zamanda Cəhənnəm alovlandırılır. Sonra kölgə uzanmağa başladığı andan əsr namazını qılana qədər namaz qıl. Bu zaman namaz mələklər tərəfindən müşahidə olunur. Sonra günəş batana qədər namazını saxla. Çünki günəş şeytanın buynuzları arasında batır və bu vaxt kafirlər günəşə səcdə edirlər.” Hədisi Əhməd və Muslim rəvayət etmişdir. Rəvayət edilir ki, Uqbə ibn Amir (radiyallahu anhu) demişdir: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) bizə üç vaxtda namaz qılmağı və ölülərimizi dəfn etməyi qadağan etdi: Günəş açıq-aydın doğduğu andan ta yüksələnə qədər; Günəş tam təpədə ikən; Günəş batmağa meyl etdiyi andan ta batana qədər.” Hədisi Muslim, Əhməd, Əbu Davud, Nəsai, Tirmizi və ibn Macə rəvayət etmişdir. Bu vaxtlarda ölüləri dəfn etməyin qadağan olunması o deməkdir ki, dəfni qəsdən gecikdirib bu vaxlara saxlamaq olmaz. Lakin heç bir qəsd olmaqan dəfn bu vaxtlara düşərsə bu qadağan sayılmır. 2. Duha namazının vaxtı: Günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan sonra (yəni, təqribən günəş çıxdıqdan on beş dəqiqə sonra) günəş səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələdək (təqribən on dəqiqə qabaq).

546
Əs-salamu aleykum va rahmatullahi va barakatuhu. Qardasım hansı namazlarda (fərz və sünnət) səcdədə dua etmək olar. Birdə mən namazı bitirdikdən sora müəyyən zikirləri etdikdən sonra əllərimi qaldırıb dua edirəm bu doğrudurmu?
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Həm fərz, həm də sünnət namazlarının səcdələrində dua etmək olar. Fərz namazını bitirib zikirləri etdikdən sonra əlləri qaldırıb dua etmək olar.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”