Ana səhifə
 / Sual-cavab


600
"SALAM" "ALLAH" sizdən Razı Olsun, bu şəraiti yaratdığınıza görə. Sizə bəzi suallarım var. 1. Burclərin xasiyyətinə inanmaq olarmı? 2. Əgər Namazlarımı qılmışamsa da şahmat oynamaq olmaz? 3. Mişkalar haramdır? 4. Fotoaparatla şəkil çəkdirmək olarmı? Əgər olmazsa axı rəssamlıq deyil. Aparat cəkir oldugu kimi. Çox sual verdim üzrlər.
Və aleykumus-salam. 1. Ulduz elmi iki qismə bölünür: Birinci: “Təsir” elmi; Yəni kainatda (göydə) baş verən bəzi hadisələrin yerdə baş verəcək hadisələrlə əlaqələndirmək. Məsələn: Bürclərin hərəkətləri ilə hər hansı bir hadisənin baş verəcəyini söyləmək, və ya hər hansı bir bürcdə anadan olan uşağın xoşbəxt və ya bədbəxt olacağını söyləmək, ya da yağışın yağmağını hər hansı bir ulduzla bağlamaq, yaxud da insanın başına gələcək bəzi şeyləri əvvəlcədən söyləmək. Bu cür elm öyrənmək küfrdür, haramdır və sanki qeyb aləmini bilməyi iddia etməkdir. Qeybi (gələcəkdə olacaqları) isə yalnız uca Allah bilir. Uca Allah buyurur: “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (əl-Ənam surəsi 59-cu ayə). Hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) uca Allahın ona xəbər verdiyi bəzi qeyblərdən başqa heç bir qeybi bilmirdi. Əgər Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qeybi bilsəydi özü üçün daha çox xeyir tədarük edərdi. Uca Allah buyurur: “De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”. (əl-Əraf surəsi 188-ci ayə). Həmçinin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “...Kim desə ki, yağış filan ulduza görə yağdı, o artıq Allaha küfr etmiş və ulduza iman gətirmiş olar. Kim də desə ki, Allahın lütfü və rəhmi ilə yağış yağdı, o Allaha iman gətirmiş və ulduza küfr etmiş (yəni iman gətirməmiş) olur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Başqa bir hədisdə isə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Kim ulduz elmindən bir parça öyrənərsə sehr elmindən bir parça öyrənmiş olur. Bu nə qədər artarsa sehri də o qədər artar.” (Bu hədisi Əbu Davud rəvayət etmişdir). Bütün bu dəlillər onu göstərir ki, bu elmi öyrənən və öyrədən şəxs həmin elmə nə qədər gözəl don geyindirsə də belə küfr, sehr və falçılıqla məşğul olmuş olur. İkinci: “Təsyir” elmi; Yəni ulduzlar və bürclər vasitəsilə hər hansı bir cihəti (şimalı, cənubu və s.), qibləni fəsillərin vaxtını və bu kimi şeyləri öyrənmək. Bu elmi öyrənmək caizdir. Uca Allah buyurur: “O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı. Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər.” (ən-Nəhl surəsi 15-ci və 16-cı ayələr). Ümumiyyətlə uca Allah ulduzları (və bürcləri) üç şey üçün yaratmışdır: - Hər hansı bir cihəti (şimalı, cənubu və s.) öyrənmək üçün; Uca Allah buyurur: “...İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər.” (ən-Nəhl surəsi 16-cı ayə). - Göy üzünü bəzəmək üçün; Uca Allah buyurur: “Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik...” (əl-Mulk surəsi 5-ci ayə). - Şeytanları ulduzlar vasitəsilə daş-qalaq etmək üçün; Uca Allah buyurur: Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.” (əl-Mulk surəsi 5-ci ayə). 2. Əgər namazı qılmısınızsa boş vaxtda şahmat oynaya bilərsiniz. Çünki şahmatın haram olması barəsində açıq-aydın bir dəlil yoxdur. Lakin onun məkruh olması barəsində Əli İbn Əbi Talibdən əsər varid olmuşdur. Bir dəfə Əli İbn Əbi Talib şahmat oynayan bir dəstənin yanından keçərkən onlara deyir: “Bu nə heykəllərdi ki, özünüzü ona bağlamışsınız”. (Bu rəvayəti Beyhaqi və başqaları rəvayət etmişlər). Əli İbn Əbi Talibin həmin şəxslərə olan etiraz forması onu göstərir ki, bu oyun məkruhdur (yəni, bəyənilmir). Həmçinin bu oyun insanın boş vaxtlarını almaqla onu Allahı zikr etməkdən yayındırır. Axı hər bir insan boş vaxtları barəsində sorğu-sual olunacaqdır! Odur ki Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “İki nemət vardır ki, insanların əksəriyyəti onlarda ziyana uğramışlar: Bunlar sağlamlıq və boş vaxtdır”. Biz boş vaxtlarımızı Allahın razı qaldığı və sevdiyi əməllərə sərf etməliyik ki, ölüm bizə yetişən zaman etmədiyi yaxşı əməllərə görə peşman olan və yenidən bu dünya həyatına qayıtmasını arzulayan şəxslər kimi olmayaq. Uca Allah buyurur: “Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır.” (əl-Muminun; 99-100). Allah bizi öz vaxtlarını Allahın razı qaldığı və sevdiyi əməllərə sərf edənlərdən etsin! Amin!!! 3. Mişkalar dedikdə yəqin ki, ayı oyuncaqlarını nəzərdə tutursunuz. Əgər belədirsə bu yalnız kiçik qız uşaqlarına oyuncaq kimi istifadə etməyə icazə verilir. Başqa hallarda isə həmin oyuncaqları evlərdə saxlamaq düzgün deyildir. 4. Fotoaparatla şəkil çəkmək barəsində müasir alimlər ixtilaf etmişlər. Bir qrup alimlər onu əllə çəkilən şəkilə aid edərək haram saymış, digər qrup alimlər isə onu əllə çəkilən şəkilə aid etmədiklərindən caiz görmüşlər. Daha doğrusunu isə Allah bilir.

599
As-salamu Aleykum qardaş. Sizin ana səhifədə saqqal haqqında yazdığınız dəlilləri oxudum. Sualım belədir. Əgər bir nəfər işə düzəlirsə həmin işdə saqqala icazə vermirlərsə o zaman qardaş nə etməlidir? İndiki zamanı nəzərə almaq lazımdır. Saqqalı olana iş verilmir, yalnız öz biznesin ola gərək, yalnız müsəlmanın birinin əlinin altında işləyəsən ki, saqqal saxlamaq problem olmasın. Qardaş bu zaman nə etmək lazımdır? Əgər işləməsək bəs evə gündəlik yemək içməyi haradan əldə edək? Öz istəkləri ilə qırxmırlar ki, işdə problem olur deyə qırxırlar. Əxi Allah rizası üçün belə hallarda nə etmək lazımdır?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Uca Allaha dua edin sizə daha xeyirli olanı nəsib etsin. Uca Allah Qurani Kərimdə buyurur: “Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.” (ət-Talaq, 2-3) Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Kim Allah üçün bir şeyi tərk edərsə Allah ona həmin şeydən daha xeyirlisini nəsib edər.” Hədisi İmam Əhməd “Müsnəd” əsərində rəvayət etmiş, şeyx Albani də onun Səhih olduğunu bildirmişdir.

598
Assalamu aleykum. Sizə belə sualım var. Mən dövlət işində işləyirəm və burada saqqal saxlamağa icazə vermirlər. Kənarda nə qədər iş axtarsam da iş tapa bilmirəm. Bir dəfə məni sələf əqidəsində olduğum üçün işdən qovublar. Özümün dörd övladım var. Tək olsaydım heç nəyə baxmazdım. Uşaqlar da balacadır. Mənə məsləhət verin. Saqqalı məcburiyyət olanda qırxmaq olarmı?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Uca Allaha dua edin sizə daha xeyirli olanı nəsib etsin. Uca Allah Qurani Kərimdə buyurur: “Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.” (ət-Talaq, 2-3) Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Kim Allah üçün bir şeyi tərk edərsə Allah ona həmin şeydən daha xeyirlisini nəsib edər.” Hədisi İmam Əhməd “Müsnəd” əsərində rəvayət etmiş, şeyx Albani də onun Səhih olduğunu bildirmişdir.

597
Əs-salamu aleykum va rahmatullahi va barakatuhu qardaşım. Namazda 2-ci surəni unudub (yəni fatihədən sonra oxunan surəni unudub) rükuya gedəndə səhv səcdəsi düşürmü. Allahın xeyri sizin üzərinizə olsun.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Fatihə surəsindən sonra oxunan surə namazın müstəhəblərindəndir. Odur ki, onu bilərəkdən və ya unudaraq oxumayan şəxs heç bir səhv səcdəsi etməməlidir.

596
Salam aleykum və rahmətullahi və bərakətuhu. 1. Qadının ev geyimi dizdən olsa altdan da qalın kalqotka geyib namaz qıla biler?
Aleykumassalam. Sünnədə bizə varid olan hədislərdən görünür ki, qadının paltarı namazda onun bütün əzalarını örtməlidir. Heç bir səhabə qadın sizin dediyiniz halda və ya ona oxşar bir halda namaz qılmamışdır. Əgər siz həmin halda namaz qılarsınızsa həmin namaz səhih ola bilər lakin savabı naqis olar. Necəki məhrəmi olmayan qadın həcc edərsə onun həcci düzgün sayılır, məhrəminin olmamasına görə isə günah qazanır. Sizin dediyiniz kimi geyinib namaza durmaqdan çəkinmək daha yaxşıdır.

593
Salam aleykum. Bəzi insanlar var ki, anasının bişirdiyi, atasının kəsdiyi heyvan ətini yemirlər. Deyirlər ki siz ibadət etmirsiz, siz kafirsiz. Halbu ki ana, ata namaz qilmasa da, Allahı inkar etmirlər. Bu haqqda bilmək istərdim. Ana və ata müqəddəs kəlməsi nəyə görədir?
Və aleykumus-salam. Ət barədə biz əvvəlki cavablarımızda qeyd etmişdik ki, heyvanı kəsən şəxs ya müsəlman olmalı, ya da kitab əhli olmalıdır ki, həmin əti yemək halal sayılsın. Anasının bişirməyinə gəldikdə onu deyə bilərik ki, əgər ət halaldırsa onu anasının və ya başqa birisinin bişirməsi heç vaxt haram etmir. Odur ki, həmin adam ətin kimin tərəfindən bişirilməsinə deyil, kimin tərəfindən kəsilməsinə fikir verməli, bundan sonra ona uyğun əməl etməlidir. Valideynlərinin ibadət etməmələrinə gəldikdə isə bu namaz qılmayan şəxsin kafir olub olmaması məsələsinə qayıdır. Bildiyimiz kimi, bu məsələdə alimlər arasında ixtilaf vardır. Əgər həmin qardaş namaz qılmayanları kafir görən alimlərin fikirləri ilə qane olursa onda o atasının kəsdiyi heyvanı yeməməsində düzgün edir. Yox əgər adam o biri qrup alimlərin rəyini dəstəkləyirsə onla atasının kəsdiyi heyvanı yeməməkdə xəta edir. Daha doğrusunu isə Allah bilir.

592
Salam aleykum. Sizə bir sualım var idi. Dünyaya müsəlman olaraq gəlmək (yəni sünnət olunmuş halda) gəlmək nəyəsə işarətdir, yoxsa yox?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Bunun nəyəsə işarət olduğunu söyləmək mümkün deyil. Çünki buna dəlil yoxdur. Həm də dünyaya gələn hər bir uşaq müsəlman hesab olunur. Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) buyurur: “Hər bir doğulan uşaq fitrət üzrə doğulur. Bundan sonra ana və atası (yəhudi isə) onu yəhudi, (xristian isə) onu Xristian, (məcusi isə) onu məcusi edirlər.” (Hədisi Buxari və Muslim rəvayət etmişlər.)

591
Salam aleykum. Bilmək istərdim Cənnətə girməyin ən gözəl, ən mükəmməl yolları hansılardır. Allah sizdən və bütün möminlərdən razı olsun, amin. Salam aleykum va rahmatullahi va barakatuhu.
Va aleykumus-salam va rahmatullahi va barakatuh. İlk növbədə müsəlman olmaq lazımdır. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.” (Ali İmran, 85.) Sonra tövhid, əməllərdə ixlaslı olmaq, valideyinlərlə gözəl rəftar etmək, qadınların öz ərlərinə itaət etmələri, Allah yolunda vuruşub şəhid olmaq və bir sıra başqa əməlləri misal göstərmək olar.

590
Assalamu aleykum. Üzr istəyirəm sualım ət ilə bağlıdır. Şiyələrin kəsdiyi əti yemək olarmı? Bakıda mağazalarda satılan ət və broyler toyuqları almaq olarmı?
Və aleykumus-salam. Ümumiyyətlə Allahdan başqasından yardım diləyən, Allahdan başqasını çağıran, Allahdan başqasına qurban kəsən, Quranın naqis olmasına etiqad edən, möminlərin anası Aişə (radiyallahu ənhə) baradə nalayiq ifadələr işlədən, səhabələri söyən bir insanın kəsdiyi heyvanın ətini yemək olmaz. Bakıda mağazalarda satılan ər və broylerlərə gəldikdə isə onu deyə dilərik ki, əgər yəqin bilsən ki, həmin ət və broylerləri müsəlmanlar və ya kitab əhli kəsib onda onlardan alıb yemək olar. Əgər broylerləri toka (elektrikə) verib sonradan kəsiblərsə onda həmin broylerləri yemək haramdır.

588
Salam aleykum. Əvvəlcədən hər birinizə təşəkkür edirəm verilən sualları cavablandırdığınız üçün. Allah hər birinizdən razı olsun. Mənim zinakar bir qadın haqqında 2 sualım var. Əgər zina edən qadın tövbə edərsə sözsüz ki Allah onu bağışlayar. Bəs o Cənnətə düşəsi olsa belə bir şey olmamış kimi düşəcək? (Yəni zina etməmiş kimi pak təmiz qadın kimi) və o orda vicdan əzabı çəkməyəcək ki? Bu verdiyim sual həm də zina etmiş kişiyə də aiddir. Cavablandırsanız çox sevinərəm. Əvvəlcədən təşəkkürlər.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Şəkk yoxdur ki, zinakarlıq ən böyük günahlardan hesab olunur. Uca Allah Qurani Kərimdə buyurur: “Zinaya yaxınlaşmayın. Həqiqətən, bu, iyrənc bir əməl və murdar bir yoldur!” (əl-İsra, 32) Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim dodaqlarının arasındakını (dilini) və cinsiyyət üzvünü qorusa Cənnətə daxil olar.” (Hədisi Əhməd va başqaları rəvayət etmişdir.) İnsan zina etdikdən sonra tutduğu əmələ peşman olaraq səmimi qəlbdən tövbə edərsə Uca Allah onun günahını bağışlayar. Cənnətə daxil olacağı təqdirdə də həmin şəxs pak və təmiz bir halda düşəcəkdir.

586
Salam aleykum qardaşlar. Tanıdığım bir qadın övladı olması üçün əri ilə yaxınlıq etdikdən sonra qüsl vermir ki hamilə qala bilsin. Yəni sübh namazı vaxtı belə həkimin göstərişinə əsasən yerindən durmur ki, guya çimmək hamiləliyə mane olur. Mən ona dedim ki, bunun hamiləliyə heç bir dəxli yoxdur. Lakin o bildirdi ki, ürəyində şübhə qalır. Bilmək istəyir ki, o təyəmmüm edə bilər və qaydası necədir? Allah razı olsun.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Qüslü təyəmmümlə əvəz etmək üçün müəyyən şərtlərin olması vacibdir. Bunlardan: 1. Suyun olmaması və tapılmasının qeyri mümkün olması. 2. Suyun isidilməsinə heç bir vasitənin olmaması. 3. Qüsl almağın insana zərəri olarsa. Yəni qüsl aldıqdan sonra xəstəlik baş vermə ehtimalı böyük olarsa. 4. Bədəndə su vurulması təhlükəli olan yara və ya xəstəlik olarsa. 5. İnsanın yataqdan qalxa bilmədiyi xəstəlik olarsa. Əgər bu cür hallar olarsa qüslü təyəmmümlə əvəz etmək olar. Sizin dediyiniz halda isə üzr olmadığı üçün təyəmmüm etmək düzgün deyil. Odur ki, həmin qadın namaz qılmaq üçün qüsl almalıdır. Lakin onun sübh namazına qədər cənabət halında qalmasında bir qəbahət yoxdur. Sübhə qədər olan müddət isə onun hamilə qala bilməsi üçün kifayət edəcək bir müddətdir. Əgər qadının hamilə qalması uzanarsa və bu səbəbə görə də namazı tərk edərsə və ya vaxtını çıxardarsa böyük günah qazanır. Qüsl almağın hamiləliyə ziyan olub olmaması barədə başqa bir neçə savadlı həkimlərə müraciət etmək daha yaxşı olar. Çünki dində bu barədə bir şey varid olmayıb.

585
Salam aleykum. Mənim artıq 27 yaşım var. Valideynlərimin təkidinə baxmayaraq mən evlənməyi ağlıma belə gətirmirəm. Sanki elə bir dərin yuxudayam ki, elə bilirəm hələ də uşağam. Evlənmək adı gələndə mənə dəhşətli dərəcədə həyacan-qorxu gəlir. Elə bilirəm nişan mərasimində, toy mərasimində mənə nə isə olacaq və mən qonaqlar içində biyabır olacam. Heç cürə özümü toparlaya bilmirəm. Sanki elə bilirəm evlənsəm, ailəmi dolandıra bilməyəcəm, onların problemlərinə şərik ola bilməyəcəm. Bir sözlə özümü çox dəyərsiz hesab edirəm. Ancaq əvvəllər belə deyildim. Cahil dövründə evlənmək istəyirdim. Maddiyyat üzündən evlənə bilmirdim. İman etdikdən sonra evlənmək asanlaşdı, yəni dəb-dəbəli toy filan olmayacağı üçün. Eyni zamanda işim də oldu. Evlənmək üçün maddi çəhətdən problemlər də çözüldü. Lakin yuxarıda qeyd etdiyim səbəblərə görə evlənə bilmirəm. Heç cürə özümü toparlayıb evlənirəm deyə bilmirəm. Sanki sinəmdə ürəyim partlayır. Hətta elə bir əminlik var ki içimdə "mən evlənməyəcəm" deyə qəti şəkildə israrlıyam. Ancaq əslində evlənmək də istəyirəm. Amma bu addımı ata bilmirəm. Mənə nə isə olacaq, biyabır olacam, birdən ölərəm, birdən belə olar, helə olar və sairə. Heç özüm də bilmirəm nədir bu! Deyirlər senə cadu ediblər, nə bilim bərk qorxmusan və s. Ancaq onu da deyim ki dəfələrlə ciddi qorxularım olub. Stres, əsəb, ölüm qorxusu və başıma gələn bir neçə hadisə, qeza və s. Qorxmağına qorxmuşam. Özümü ümumiyyətlə daxilən qorxaq kimi hiss edirəm. Ancaq danışanda elə danışıram ki, öz-özümə deyirəm, yəni bu mənəm?! Ürəyim partlayır, qardaş nə edim, necə edim, bu nə bəladırmı deyim bilmirəm. Evdə də dinimlə bağlı sıxıntılarım yoxdur. Yəni deyən yoxdur, toy elə, musiqi və içki ilə, deyən yoxdur niyə saqqal saxlayırsan və s. Valideynlərim deyir necə istəyirsən elə də evlən, təki evlən. Ancaq bacarmıram. Səbəb yalnız içimdəki qorxudur. Nədən qorxduğumu isə bilmirəm. Allah üçün mənə nəsihət edin, nədir bu halım?
Va aleykumus-salam va rahmatullahi va barakatuh. Sizə tövsiyəmiz budur ki, bütün şeytani vəsvəsələrdən uzaqlaşaraq tezliklə evlənəsiniz. Çünki yaşınız artdıqca bu vəsvəsələr arta bilər. Əsas məqsədiniz Allahın və onun rəsulunun əmrlərinə tabe olmaq olmalıdır.Uca Allah buyurur: “Aranızdakı subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah hər şeyi Əhatəedəndir, Biləndir!” (ən-Nur, 32) Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Ey cavanlar! Sizlərdən kim bacarırsa evlənsin.” Hədisi İbn Macə rəvayət etmiş, şeyx Albani də onun səhih olduğunu bildirmişdir. Buxari və Musimin Ənəs ibn Malikdən (Allah ondan razı olsun) nəql etdikləri başqa bir hədisdə isə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “...Mən qadınlarla nikah bağlayıram, kim mənim yolumu tərk edərsə məndən deyildir.”

584
Salam aleykum va rahmatullahi və bərəkətuhu. Qardaş fitnəkar bir insanın gətirdiyi bir şübhəyə aydınlıq gətirmək istəyirəm. Bunda mənə kömək olmanızı xahiş edirəm. Buxarinin səhih əsərindən bir hədisə şubhə gətirir, deyir guya belə bir hədis var ki Omər (radiyallahu anhu) Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) bir zovcəsini ayaqyoluna gedərkən açıq-saçıq geyindiyini ğörüb və Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) üstünə gedib ki bu niyə belə geyinir, bu hadisədən sonra hicab ayəsi nazil olub. Bu hədisə aydınlıq ğətirərdiz çox xahiş edirəm.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Zəlalət əhli yenə də şübhə salmaqdan, hədisləri təhrif etməkdən və böhtanlar yaymaqdan əl çəkmirlər. Əslində bu onların dediklərim kimi deyildir. Va aleykumus-salam va rahmatullahi va barakatuh. Qeyd olunan hədis aşağıdakı kimidir: Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) zövcələri gecə vaxtı əl-Mənasiyə – böyük bir sahəyə subaşına çıxardılar. (O vaxt) Ömər (radiyallahu anhu) Peyğəmbərə (sallallahu aleyhi va səlləm): “Zövcələrinə hicab örtməyi əmr et!”– deyərdi. Lakin Peyğəmbər (sallallahu aleyhi va səlləm) (onlara bunu əmr) etməzdi. Nəhayət, gecələrin birində, işa namazı vaxtı Peyğəmbərin (sallallahu aleyhi va səlləm) Səudə bint Zəma adlı zövcəsi bayıra çıxdı. O, ucaboylu bir qadın idi. Ömər hicab ayəsinin nazil olmasını çox arzulayırdı deyə, onu uca səslə çağırıb dedi: “Ey Səudə! Biz səni tanıdıq!” Odur ki, Uca Allah hicab ayəsini nazil etdi. (əl-Buxari, 146). Burada iddia olunduğu kimi, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) xanımı açıq-saçıq deyildi, sadəcə hicab fərz olunmadığı üçün Peyğəmbərin (sallallahu aleyhi va səlləm) qayınatası Ömər onu görüb tanımışdı. Ömər digər insanların da onları tanımaması üçün gəlib Peyğəmbərə (sallallahu aleyhi va səlləmə) qadınlarının örtünmələrini əmr etməsini istəyir. Uca Allah da hicab ayəsini nazil edir. Rəvayət edilir ki, Aişə (radiyallahu anhə) demişdir: “Hicab ayəsi nazil olduqdan sonra (bir gün) Səudə ehtiyacı üzündən bayıra çıxdı. O, irigövdəli qadın olduğundan onu görən adam onu o saat tanıyardı. Ömər ibn Xəttab onu görüb dedi: “Ey Səudə, vallahi, biz səni tanıdıq. Bayıra çıxanda bax gör necə çıxırsan.” Səudə geri qayıtdı. Həmin vaxt Peyğəmbər (sallallahu aleyhi va səlləm) mənim evimdə əlində sümüklü ət şam yeməyini yeyirdi. Səudə içəri daxil olub dedi: “Ya Rəsulullah! Mən ehtiyac üzündən bayıra çıxdım, lakin Ömər mənə belə-belə dedi.” (Aişə) dedi: “Elə bu vaxt Allah Peyğəmbərə (sallallahu aleyhi va səlləm) vəhy nazil etdi. Vəhy tam nazil olduqda sümüklü ət hələ Peyğəmbərin (sallallahu aleyhi va səlləm) əlində idi, yerə qoymamışdı. Sonra Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu: “Siz qadınlara ehtiyac üzündən bayıra çıxmağa izn verildi.” (əl-Buxari, 4795) Bu hədisdə də söhbət açıq-saçıqlıqdan getmir.

583
Salam aleykum. ALLAH sizlərdən razı olsun. ALLAH elminizi artırsın. Sizə sualım belədir ki, qadın heyz vaxtı quran oxuya bilərmi?
Və aleykumus-salam. Ehtiyac olan zaman heyzli və ya nifaslı qadının Quran oxuması icazəlidir. Lakin ehtiyac yoxdursa, sadəcə savab qazanmaq, ibadət və Allaha yaxınlaşmaq niyyəti ilə Quran oxumasına əksər alimlər icazə vermir. Buna görə də çəkinməsi daha üstündür.

582
Salam aleykum möhtərəm qardaşlar. 1. Dukana "Mədinə" adı qoymaq olarmı? 2. Qurani Kərimi tam təcvidlə oxuya bilmirəm, ancaq oxumağa başlamışam. Çətinliklə də olsa Quranı ərəbcədən oxumaq olarmı? 3. Allaha şərik qoşanların fikirlərində olmayan, səhabələrə söyməyin tərəfdarı olmayan, lakin namazlarını möhürlə qılan şiyələr kimi qılanların namazları qəbul ola bilərmi? 4. Kimsə faizə pul götürübsə,o puldan borc almaq, və ya bəxşiş kimi verirlərsə qəbul etmək olarmı? 5. Dində elm öyrənmək üçün ilk olaraq nədən başlamaq lazımdır, necə etmək lazımdır ki dində fəqihlərdən olasan, hər seydən az-az oxumaqla, dinləməklə qarışdırmışam hər şeyi. Dində elm öyrənmək üçün müəyyən ardıcıllıq varmı? Allah sizdən razı olsun. Salam aleykum!
Və aleykumus-salam. 1. Dükana “Mədinə” adı qoymaqda bir qəbahət yoxdur. 2. Çətinliklə də olsa Quranı ərəbcədən oxumaq sənin üçün ikiqat savabdır. Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Quran oxuyan və onu əzbərdən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir. Çətinlik çəkə-çəkə daim Quran oxuyan adam isə iki savab qazanır.” (əl-Buxari, 4937). 3. Ümid edirik ki, həmin adamın qıldığı namaz qəbul ola bilər. Amma bir şeyi də qeyd edək ki, namazın qəbul olunub olunmadığını Allahdan başqa heç kəs bilməz. 4. Bəli, faizə pul götürən şəxsdən borc almaq və ya onun verdiyi hədiyyəni qəbul etmək olar. 5. Dində elm öyrənmək üçün ilk növbədə Quran oxumağı öyrənmək və onu əzbərləmək lazımdır. Sonra isə ərəb dilini öyrənmək və bunula yanaşı tövhidlə bağlı olan kiçik və asan mətnləri əzbərləmək lazımdır. Bunlardan sonra isə hər hansı bir alimin yanında oturub onun keçdiyi dərslərdə iştirak etmək gərəkdir. Sonra isə başqa dini kitablara müraciət etmək olar.

581
Salam aleykum şeyx. Sualım isballa bağlıdır. Bilirəm ki topuqdan aşağı olan yer oddadır, amma bir dəfə oxudum ki səmail Muhammadiyyə adlı kitabdan “müəllifi M. Ziynudur” imam Nəvəvi və imam ibn Həcər bu haqda danışıb və kitabda yazılıb ki bu alimlərin dediklərini ümumiləşdirsək belə nəticə cıxır, əgər təkəbbürlükdən aşağıdırsa haramdır, böyük gunahdır. Yox əgər hər hansı bir səbəbdən aşağıdırsa məkruhdur. Buna aydınlıq gətirərdiz, hər halda siz bunları oxumusunuz. Allah razı olsun.
Və aleykumus-salam. Önzə isbalın haram olması barəsində varid olan hədisi sizin nəzərinizə çatdırmaq istəyirik. Əbu Zərr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Üç qisim insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Üstəlik onları üzücü bir əzab gözləyir”. Əbu Zərr dedi: “Peyğəmbər (səlləllahu aleyhi və səlləm) (buna dəlalət edən) ayəni (Ali İmran, 77) üç dəfə oxudu. Mən dedim: “Onların ümidləri boşa çıxdı, özləri də ziyana uğradılar. Kimlərdir onlar, ya Rəsulullah?” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: “(Libasının) ətəyini topuqdan aşağı uzadan, verdiyini başa qaxan və yalandan and içməklə malını sırıyan (kimsələrdir)”. Hədisi Muslim rəvayət etmişdir. Yenə başqa bir hədisdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Paltarın topuqdan aşağı düşən hissəsinə görə bu topuqlar Cəhənnəm odunda yanacaqdır” (“Səhih əl-Buxari”, 5787). Bu hədislər onu göstərir ki, isbal (yəni paltarı topuqdan aşağı geyinmək) haramdır və həmin şəxsi şiddətli əzab gözləyir. İbn Useymin (rahiməhullah) demişdir: “Bəziləri Əbu Bəkrin  hədisini dəlil göstərərək bu hökmü təkəbbürlüklə əlaqələndirirlər. Bunu iddia edənlərə belə cavab verilir: Birincisi: həmin hədisdə Əbu Bəkr (radiyallahu anhu): “İzarımın balağı aşağı düşdükcə mən onu yuxarı qaldırıram...”– deyir. Bu da onu göstərir ki, Əbu Bəkr (radiyallahu anhu) libasının ətəyini öz ixtiyarı ilə topuqdan aşağı salmırdı, əksinə o, öz-özünə aşağı düşürdü. Buna baxmayaraq Əbu Bəkr (radiyallahu anhu) onu yuxarı qaldırırdı. Lakin indiki vaxtda libaslarının ətəyini topuqdan aşağı salanlar bunu öz ixtiyarları ilə edir və: “biz bunu özümüzü dartmaq üçün etmirik” deyirlər. Onlara belə cavab vermək lazımdır: “Əgər təkəbbürlük etmək məqsədiniz olmadan libasınızın ətəyini topuqdan aşağı salsanız, onu aşağı saldığınıza görə Odda yanacaqsınız. Və əgər bununla yanaşı təkəbbürlük də göstərsəniz, onda daha böyük əzaba düçar olacaqsınız. Qiyamət günü Allah sizi danışdırmayacaq, üzünüzə baxmayacaq və sizi təmizə çıxarmayacaq. Üstəlik sizi üzücü bir əzab gözləyir. İkincisi: Həmin hədisdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Əbu Bəkrə: “Sən bunu təkəbbürlük üçün etmirsən”– deməklə onu təmizə çıxarmış və onun topuqlarının Cəhənnəm odunda yanmayacağına şahidlik etmişdir. Hazırki zamanda libasını topuqdan aşağı salan kimsələrdən hansı birini təmizə çıxarmaq və onun Cəhənnəmdə yanmayacağına əminliklə şahidlik etmək olar?! Lakin şeytan (qəlblərində əyrilik olan) bu kimsələrə, Quran və Sünnədən mənası özlərinə aydın olmayan ayə və hədislərin ardınca düşməyi təlqin etməklə pis əməllərini onlara yaxşı göstərmişdir. Allah isə istədiyi kimsəni doğru yola yönəldir” (“Məcmuə Fətavə”, 12/254).

580
Salam aleykum şeyx. Bir neçə suallarım var. 1. Hörmət əlaməti olaraq gələn adam üçün durub görüşmək olarmı, yaxud ümumiyyətlə ayağa qalxmaq olar? 2. Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) zövcələri möminlərin anasıdır, bəs qızlarına da ana demək olarmı?
Və aleykumus-salam. 1. Bəli, hörmət əlaməti olaraq gələn adam üçün durub görüşmək olar. Lakin bu bir gündə bir neçə dəfə baş verirsə və sən hər dəfə onun üçün ayağa qalxırsansa bu artıq hörmət əlaməti sayılmır. Bu əməl həmin şəxsi ucaltmaq kimi sayılır və bu halda onun üçün ayağa qalxılmamalıdır. 2. Bəli Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) zövcələri möminlərin analarıdır. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır.” əl-Əhzab surəsi, 6. Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) qızlarına gəldikdə isə onlar möminlərin analatı hesab olunmurlar. Bu baxımdan onlara ana demək olmaz. Laki hörmət əlaməti olaraq onların adlarını çəkərkən ana ifadəsini işlətməkdə bir qəbahət yoxdur.

579
As-Salamu Aleykum qardaş. Allah elminizi artırsın. Sualım belədir: 1. Şadlıq evində Orxanna işləmək olarmı? 2. Və mən əgər bir insanı ömür boyu danışdırmayacağıma görə əlimi Qurana qoyub and içərsəm andımı geri götürə bilərəmmi? Salam Aleykum.
Və aleykumus-salam. 1. Birinci sualınızı başa düşmədik. Daha doğrusu “Orxanna” sözünü başa düşmədiyimizə görə sualı cavablandıra bilməyəcəyik. Xahiş edirik sualınızı daha açıq və dəqiq şəkildə yazın. 2. Əgər bir şeyə görə and içmisinizsə və sonradan andınızı pozmağın daha əfzəl olduğunu düşünürsünüzsə bu zaman andınızı pozub həmin əmələ qayıda bilərsiniz. Lakin bir şərtlə ki, qayıtdığınız əməl günah əməl olmasın. Sualdan aydın olur ki, sizin qeyd etdiyiniz əməl günah deyildir, əksinə xeyirxah əməldir. Odur ki, siz andınızı pozub həmin şəxslə danışmalısınız. Andınızı pozduğunuza görə isə kəffarə düşür. Kəffarə isə belədir: Əgər insan andını pozarsa o öz ailəsinə yedirtdiyinin orta hesabı dəyərində ya 10 nəfər kasıb yedirtməli və ya onları geyindirməli, yaxud da bir qul azad etməlidir. Adam bu üç əməldən hansı birini istəsə onu da edə bilər. Yalnız bunlara gücü çatmayan kimsə üç gün oruc tutmalıdır. Uca Allah buyurur: “Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi öz ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutmalıdır. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.” İnsan andın kəffarəsini verdikdən sonra and içdiyi əməli - əgər günah deyilsə - yerinə yetirə bilər.

578
Əssalamu aleykum. Qardaş mənim bir sualım var: Mən tez nişanlanmışam. Qız da öz mehrini istəyib. Bilmək istəyirəm ki mən bu mehri nə vaxt olsa verə bilərəmmi?? Yoxsa mehri verib sonra ailə qurmalıyam. Yəni mehri verib sonra qıza toxunmalıyam? Əxi bunun haqqında izah edərdiz. Allah sizdən razı olsun. Salam aleykum.
Və aleykumus-salam. Siz mehri qızın tələbinə uyğun şəkildə etməlisiniz. Yəni qız sizə necə deyərsə o cür də etməlisiniz. Çünki mehr qızın haqqıdır və onun dediyi kimi də həyata keçirilməlidir. Odur ki, qızla razılığa gəldikdən sonra mehri istədiyiniz şəkildə verə bilərsiniz.

574
Salam aleykum. Əxican elm tələbəsi ilk növbədə neyləməlidir?
Və aleykumus-salam. Elm tələb etmək istəyən insan birinci onun ədəblərini öyrənməli, elm əhlinə qarşı olan əxlaqını gözəlləşdirməlidir. Daha sonra ərəb dilinə başlayaraq Quranı təcvidlə oxumağı və kiçik olan elmi mətnlərin əzbərinə başlamalıdır. Daha sonra ərəb dilini geniş bildikdən sonra, əzbər bildiyi mətnlərin şərhlərini oxumaqla elm əldə edə bilər.

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”