Ana səhifə
 / Sual-cavab


817

Salam aleykum. Zəhmət deyilsə mənə imanla, kufrun anlayışını deyərdiz. Allah razı olsun!

Və aleykumus-salam.

İman: Qəlblə etiqad etmək, dillə demək və bədən üzvləri ilə əməl etməkdir. Bunların hər üçünün olması labüddür.

Küfr: Lüğəti mənada küfr örtmək deməkdir.

Şəriətdə isə təkzib edib-etməməkdən asılı olmayaraq Allaha və Onun rəsuluna iman gətirməməyə, həmçinin onlara şəkk və şübhə içində iman gətirməyə, habelə həsəd, təkəbbürlük və risalətə tabe olmaqdan yayındıran bəzi nəfsani istəklər üzündən Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) imandan üz döndərməyə küfr deyilir.

Küfrün növləri. Küfr iki növdür: böyük küfr və kiçik küfr. Böyük küfr, sahibini əbədi Cəhənnəmə vasil edir. Kiçik küfr edən isə əbədi olmayan əzaba layiqdir.

Daha geniş məlumatı isə saytımızın “Yükləmələr” bölümündəki “İmanın əsasları” və “İman və Küfr” kitablarını oxumaqla əldə edə bilərsiniz.


816

Əs-sələmu aleykum və rahmətullahi və bərakətuh. İslam Şəriətinə uyğun Nişanlanmaq olar? Və Şərtləri necədir? Nişan hökmü varsa, nişanlı neçə müddət qalmaq olar? Cəzakə Allahu xayran. Əs-sələmu aleykum və rahmətullahi və bərakətuh.

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

İslam dininə görə nişanlanma mövcuddur. Nişanlanmanın iki şərti vardır.

1. Gərək nişanlanmaq istədiyin qız şəriətə görə sənə halal sayılsın. Uca Allah buyurur: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda onların qızları ilə evlənməyiniz sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Hikmət sahibidir.” (ən-Nisa surəsi, 23-24).

2. Nişanlanmaq istədiyin qıza sən elçi göndərdiyin zaman başqası ilə nişanlı olmasın və ya başqası ona elçi göndərmiş olmasın. Rəvayət edilir ki, ibn Ömər (radiyallahu anhu) demişdir: “Peyğəmbər (səllallahu aleyhi və səlləm) birinizin qardaşının alveri üstündən alver etməsini, habelə qardaşının nişan qoyduğu qıza, əvvəlki nişanlısı ondan imtina edənədək və ya ona izn verənədək nişan aparmasını qadağan etmişdir.” (əl-Buxari, 5142).

Nişanlı qalmağa gəldikdə isə bunun üçün xüsusi bir müddət yoxdur. Yəni nişanlı qalmaq üçün şəriətimiz nə az, nə də çox müddət təyin etməmişdir. Bu haqqda da heç bir dəlil yoxdur. Şəriət bunu insanların öz ixtiyarlarına buraxılmışdır.


815

Əs-salamu aleykum va rahmatullah.  Kəbinsiz qadınla cinsi əlaqədə olmamaq, sadəcə ona toxunmaq və s. sonradan onu kəbinlə almaq halaldırmı? Allah sizdən razı olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Kəbinsiz hər hansı bir naməhrəm qadına toxunmaq haramdır və bu zina hesab olunur. Uca Allah Qurani Kərimdə buyurur: “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!” (əl-İsra, 32) Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar.” Hədisi Buxari (6243)və Muslim (2657) rəvayət etmişlər.


814

Assalamu aleykum.

1) Səhər və axşam zikrlərini etməyin savabı və faydası barədə xahiş edirəm məlumat verəsiniz.

2) Fotoaparatla şəkil çəkmək haramdırmı? Bəziləri bunun halal, digərləri isə haram olduğunu söyləyirlər. Əgər biz uşağın şəklini çəksək günahmı olar?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

1. Bu zikrləri etməyin ən birinci faydası möminin bununla rahatlıq tapmasıdır. Uca Allah buyurur: “ Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (ər-Rəd, 28) Bundan əlavə  Peyğəmbər (səlləllahu aleyhi və səlləm)  demişdir: “Mənim üçün sübh namazından gün çıxana qədər Allahı zikr edən camaatla oturmaq İsmail övladından dörd qulu azad etməkdən daha sevimlidir. (Həmçinin) əsr namazından günbatana qədər Allahı zikr edən camaatla oturmaq mənim üçün dörd qul azad etməkdən daha sevimlidir”. (Əbu Davud, 3667. Bu hədisi əl-Albani «həsən» hesab etmişdir. “Səhih Əbu Davud”, 2/69) Həmçinin bu zikrlərin ayrılıqda fəzilətləri barədə bir sıra dəlillər varid olmuşdur.

2.  Fotoaparatla şəkil çəkmək barəsində müasir alimlər ixtilaf etmişlər. Bəzi alimlər bunu əllə çəkilən şəkillə eyni tutaraq haram saymış, digər alimlər isə onu əllə çəkilən şəkilə aid etmədiklərindən caiz görmüşlər. Daha doğrusunu isə Allah bilir. Lakin zərurət yoxdursa bundan çəkinməniz tövsiyə olunur.


813

Assalamu aleykum va rahmatullahi va barakatuh.

1) Allahın zatı sifəti nədir, aydın başa salın.

 2) Peyğəmbərin adını çəkdikdə salavat demək vacibdirmi?

3) Fərzlə vacibin fərqi nədir?

4) Hər şey Allahın izni ilə olur. Bəs günah edən necə? Yəni burada Allah seçim verir, Amma günahdan razı deyil, doğrudurmu?

5) Səhabələrin sayı dəqiq nə qədər olub?

6) Raşidi xəlifə nə deməkdir? Raşidi sözünün mənası nədir? Allah sizdən razı olsun. Assalamu aleykum va rahmatullahi va barakatuh.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

1. Allahın zatı sifətləri deyildikdə Onun zatı ilə bilavasitə bağlı olan, əzəldən, hər zaman vəsf olunduğu sifətlər nəzərdə tutulur. Misal üçün Həyat, Elm, Qüdrət, İzzət, Hikmət, Əzəmət kimi sifətlər buna aiddir. Yəni Allah hər zaman Diridir, Elmlidir, Qadirdir, İzzətlidir, Hikmətlidir və Əzəmətlidir. Bəzən bu sifətlərə Xəbəri sifətlər də deyilir. Feli sifətlər isə belə deyildir və Allahın iradəsinə bağlıdır. Misal üçün Ərşə İstiva etmək sifəti kimi. Yəni Uca Allah əzəldən deyil, Ərşi yaratdıqdan sonra onun üzərinə istiva etmişdir.

2. Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) adı çəkildikdə salavat demək bəzi alimlərə görə vacib, digərlərinə görə isə müstəhəbdir. Lakin hər bir halda gərək müsəlman Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) adı zikr edildikdə salavat desin. Çünki bu ilk növbədə uca Allahın əmridir. O buyurur: “Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın.” (əl-Əhzab, 56) Həmçinin Hüseyn ibn Əli ibn Əbu Talibdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm)   demişdir: “Paxıl o kəsdir ki, yanında adım çəkildikdə mənə salavat deməsin.” Hədisi Tirmizi, Nəsai, İbn Hibban və Hakim rəvayət etmiş, Şeyx Muhəmməd Nasir əd-Din Albani də onun səhih olduğunu bildirmişdir. 

3. Əksər alimlərə görə fərzlə vacib arasında heç bir fərq yoxdur və bu iki termin sinonim hesab olunur. Bəzi alimlər, o cümlədən İmam Əbu Hənifə Fərzlə vacibi fərqləndirərək, qəti dəlillə sabit olan əmri fərz, zənni dəlillə buyurulan əmrləri isə vacib adlandırmışdır.

4. Bəli yer üzərində baş verən hər bir şey Allahın izni ilə olur. Uca Allah buyurur: “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (əl-Ənam, 59). Lakin insan günahı öz ixtiyarı və istəyi ilə edir. Günahlardan isə Allah razı olmur. O, buyurur: “Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar.” (əz-Zumər, 7).

5. Səhabələrin dəqiq sayı bizlərə məlum deyildir. Bəzi alimlər onların sayının yüz mindən çox, bəziləri yüz on dörd min, digərləri isə bundan az və ya çox olduğunu bildirmişlər.

6. Raşidi xəlifələr deyildikdə Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yolunu davam etdirən, onun sünnəsinə tabe olan xəlifələr nəzərdə tutulur. Səfinədən (radiyallahu anhu) ravayət olunan hədisdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir: “Məndən sonra xilafət otuz il olacaqdır.” Hədisi Tirmizi, Əhməd, Hakim və İbn Hibban rəvayət etmiş və Şeyx Albani onun səhih olduğunu bildirmişdir.


812

Assalamu aleykum şeyx! Cümə günü qüsl almaq vacibdirmi? Allah razı olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh

Əksər alimlərə görə cümə günü qüsl almaq müstəhəbdir. Lakin bəzi alimlər hədislərə əsaslanaraq bunun vacib olduğunu da söyləmişlər.  Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Cümə gününün qüslü hər bir həddi buluğa çatana vacibdir”. Hədisi Buxari (879)və Muslim (1954) rəvayət etmişlər. Hər bir halda Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmrinə riayət etmək məqsədəuyğun hesab olunur. 


810

Assalamu aleykum.

1. Muhəmməd (səlləllahu aleyhi və səlləm)in Mariya adında zövcəsi olubmu?

2. Muhəmməd (səlləllahu aleyhi və səlləm)in bütün övladları Xədicədəndir (radiyallahu anha) yoxsa başqa zövcəsindən də övladı olub?

3. Kəusər surəsində Muhəmməd (səlləllahu aleyhi və səlləm)in nəslindən danışılırmı?  Mümkünsə bu surənin qısa da olsa təfsirini qeyd edin. Allah yardımçınız olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh

1. Xeyr  Muhəmməd (səlləllahu aleyhi və səlləm)in Mariya adında zövcəsi olmamışdır. Lakin Mariya onun cariyəsi olmuş, ondan İbrahim adlı uşağı olmuşdur.

2. Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) İbrahimdan savayı bütün övladları Xədicədən olmuşdur. Yalnız İbrahimi onun cariyəsi Mariya dünyaya gətirmişdir. Yəni  Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) Xədicədən başqa digər zövcələrindən övladı olmamışdır.

3. Uca Allah əl-Kəusər surəsində buyurur: 1. Həqiqətən, Biz Kovsəri sənə bağışladıq.” Kəusər Cənnətdə olan bulağın və ya çayın adıdır. “2. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!” İbn Abbas, Əta, Mücahid, İkrimə və Həsən belə demişlər: "Burada dəvə və bu kimi heyvanların qurban kəsilməsi nəzərdə tutulur.” “3. Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur.” Bu ayənin kimin barəsində nazil olması barədə müxtəlif rəylər  vardır. Bəziləri onun Utbə ibn Əbu Muit, bəziləri Kəb ibn Əşrəf, digərləri isə As ibn Vail və başqaları barədə nazil olunduğunu demişlər. Onlar Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) oğulları öldükdə elə zənn etmişdilər ki, onun soyu kəsildi. Halbuki əsla belə deyil! Əksinə Allah təala onun nəslini diriliş və məhşər gününə kimi həmişəyaşar etmiş, ona bu sözləri deyənləri isə məhv edərək onların nəsillərini kəsmişdir.


808

Assalamu aleykum. Mən (dəstəmazda) burnuma su alıb təmizlədiyim zaman arada bir burnumdan qan açılır. Bu zaman qüsl almalıyam yoxsa qanı təmizləyib dəstəmazı tamamlamalıyam? (Yenidən qan gələcəyindən ehtiyat edib təyəmmüm etmək olarmı?) Allah sizdən razı olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Dəstəmaz aldığınız zaman burnunuzdan qan gəldikdə qanı təmizləyib dəstəmazı davam etməniz kifayətdir. Qüsl almağa isə lüzum yoxdur. Təyəmmümə gəldikdə isə o, su olmadıqda və ya xəstələndikdə edilir. 


807

Assalamu aleykum va rahmətullahi va barakatuhu. Qardaş əvvəla Allahdan sizi ve digər elmli qardaşlarımızı qorumasını diləyirəm. Qardaş profilə şəkil qoymaq məsələsinə İslam necə baxır? Əksər qardaşların profillərində şəkillərini qoyduqlarını görürük və şəkillərlə bağlı hədislər də var, xahiş edirəm qardaş bu məsələyə ətraflı cavab bildirəsiniz. Allah razı olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Fotoaparatla şəkil çəkmək barəsində müasir alimlər ixtilaf etmişlər. Bəzi alimlər bunu əllə çəkilən şəkillə eyni tutaraq haram saymış, digər alimlər isə onu əllə çəkilən şəkilə aid etmədiklərindən caiz görmüşlər. Lakin zərurət olmadan şəkil çəkdirməkdən və ya profilə şəkil qoymaqdan çəkinmək lazımdır.


806

Assalamu aleykum. Əxican mənim belə bir sualım var, mən ayətul kursi duasını dəhşətli dərəcədə sevirəm. Lakin onu namazda davamlı şəkildə oxumaqdan qorxuram. Namazda ayətul kursini davamlı oxumaq olarmı? Allah sizdən razı olsun.

Va aleykum as-salam va rahmatullahi va barakatuh

Bəli namazda davamlı olaraq ayətul kursini oxuya bilərsiniz.  Peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcəsi Aişə (radıyallahu anhə) rəvayət etmişdir ki, (bir dəfə) Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir nəfəri qoşuna başçı təyin edib (döyüşə) göndərdi. Həmin adam dostlarına qıldırdığı namazı hər dəfə: “De: “O Allah Təkdir!” (surəsi) ilə bitirərdi. Əshabələr geri döndükdə bu haqda Peyğəmbərə (səllallahu aleyhi və səlləm) xəbər verdilər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Nə üçün belə etdiyini ondan soruşun.” Onlar bunun səbəbini ondan soruşduqda o dedi: “Çünki bu surə ər-Rəhmanı vəsf edir. Mən də onu oxumağı çox sevirəm.” Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: “Ona bildirin ki, Allah da onu sevir.” (əl-Buxari, 7375).


805

Assalamu aleykum  va rahmətullahi va barakatuhu. Allah elminizə bərəkət versin. Amin!!! Allaha həmişə dua etmişəm ki, mənə ev nəsib etsin və bir müddətdən sonra zövcəmin atası bizə ev hədiyyə etdi. Amma ev təmirsizdir yəni heç nəyi yoxdur. Evi təmir etmək mənim öhdəmdədir. Zövcənin atası dövlət işində işləyir. Bu evi halal pulla almaq qeyri mümkündür. Daim məni narahat edən sual budur ki, həmin ev bizə halaldır yoxsa yox?

Va aleykum as-salam va rahmatullahi va barakatuh.

Əgər hədiyyə verən şəxsin gəlirləri tamamilə haramdan ibarətdirsə (misal üçün əgər o, şərab istehsal edirsə, yaxud gəlirini yalnız sələmdən götürürsə) bu zaman həmin hədiyyəni qəbul etmirsiniz. Yox əgər qeyd etdiyiniz kimi qazancın bir hissəsinin halal, bir hissəsinin isə haram olduğunu bilsəniz, o zaman bu hədiyyəni qəbul etmənin hökmü sizin niyyətinizlə bağlıdır. Əgər məqsədiniz yalnız dünya nemətini əldə etməkdirsə bundan çəkinməniz tövsiyə olunur. Çünki ən azından bu şübhəli məsələdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Günah o şeyə deyilir ki, o sənin nəfsində qərar tutur və sən istəmirsən ki, insanlar ondan xəbər tutsun.” Muslim (2553). Lakin əgər niyyətiniz hədiyyəni qəbul etməklə onu İslama dəvət etmək və İslamı ona sevdirməkdirsə bu zaman hədiyyəni qəbul edə bilərsiniz. Daha doğrusunu Allah bilir. 


803

Əs-salamu aleykum, valideynlərim Allaha inansalar da, Onun Təkliyini gəbul etsələr də, ibadət etmirlər. Atam ancaq orucu tutur. Bir şeyə başlayanda ALLAH Muhəmməd ya Əli deyirlər. Bunlar bu halda olsələr, onlar ucun ALLAHDAN bağışlanma diləyə bilərəmmi? Yəni vəfatlarından sonra?

Va aleykumussəlam, hələ gec deyil, onlar üçün Allahdan hidayət dilə, yoxsa sonra artıq gec ola bilər. Əgər bu halda ölsələr və alimlərin əksəriyyətinin rəyinə görə kafir sayılırlarsa, sən onlar üçün bağışlanma diləsən də onlara heç bir faydası olmayacaq, yox əgər o biri rəyi götürrüsənsə, onda onlar üçün bağışlanma diləyə bilərsən, lakin unutma ki, bu çox təhlükəlidir. 


802

Əs-salamu aleykum əxican. Sualım budur ki, səhər durub qüsl almaq istəyirsən, amma isti su tapmırsan, təyəmmüm alib namaz qılmaq olarmı?

Əs-salamu aleykum əxican. Sualım budur ki, səhər durub qüsl almaq istəyirsən, amma isti su tapmırsan, təyəmmüm alib namaz qılmaq olarmı?


801

Əs-salamu aleykum və ramatullah. Qardaş sizə bir sualım var. Xahiş edirəm kömək edin. Mən evli idim, zövcəmlə 8 ay ayrı yaşadıqdan sonra rəsmi olaraq boşandıq, amma mən talaq verməmişdim. Məhkəmədə də heç birimiz iştirak etməmişik, təkcə mənim vəkilim olub. İndi isə zövcəmlə barışmaq istəyirik. Bilmək istəyirəm, yenidən dini nigah lazımdırmı? Rəsmi boşanma zamanı talaqın biri gedirmi? ALLAH sizdən razı olsun.

Va aleykumussəlam. Əgər niyyətində boşamaq olubsa, və buna dəlalət edən bir söz – məsələn, çıx get, səninlə yaşamaq istəmirəm və s. demisənsə, bu artıq boşanma sayılır və gözləmə müddəti ərzində onu qaytarmaq istəsəydin qaytara bilərdin. Lakin artıq o, tam boşanmış sayıldığından, yenidən onu qaytarıb-qaytarmamaq məsələsini bilmirik.


800

Əs-salamu aleykum və rəhmətullahi və bərəkətuh. Suallarım:

1) Qadınların camaat namazının necə qılması ilə əlaqəlidir, zəhmət olmasa geniş şəkildə məlumat verərdiniz. Yəni necə niyyət edilir, ancaq fərzlərmi qılınmalıdır, hansı namazda sözləri imam deməli camaat susmalıdı, hansında imamla bə­rabər camaat deməlidi, qiraətdə susmalıyıqmı, imam təkbirləri, təsmiləri deyərkən camaat da deməlidirmi ya səssiz deməlidi, təsmidən sonra Rabbənə və ləkəl həmd imam yoxsa camaat və necə yəni, səsli yoxsa səssiz deməlidimi? Çox xahiş edirəm tam dəqiqliklə geniş şəkildə yazardınız.

2) Səsli səssiz dedikdə yəni səslidə pıçıltı ilə, səssizdə sadəcə dodaqları tərpətməkmi deməkdi bu təkbaşına namaz qılanadamı aiddir?

3) Əsr və işa namazının sünnətləri varmı və nə qədərdir?

4) Təhəccüd namazının niyyəti necədir və məsələn: 4-6 rükət qılmaq istədikdə 2 rükətdən bir salam verib yenidənmi niyyətsiz təkbirlə subhanəkə duası ilə başlanmalıdır?

5) Namaz vaxtları bir birinə bitişikdirmi, məsələn: axşam namazını işa namazının vaxtı girənə kimi qılmaq olarmı və işa namazını sübh namazının vaxtına kimi qılmaq olarmı, yəni unutduqda, yatıb qaldıqda, yolda olan evə gəlib çıxan kimi və s.

6) Kərahət vaxtlarında məcburiyyət halında fərz və qəza namazı qılmaq olarmı?

7) Namazlarda 2 səcdə arasında təşəhüddə kişilər kimi oturmaqda çətinlik çəkirəm buna görə namaz pozularmı və ən azından necə oturmaq olar?

8) Çox üzr istəyirəm bu sualıma görə dəstəmazı batil edən şeylərdən məsələn: yel çıxdıqda yuyunub sonramı dəstəmaz alınmalıdı, yoxsa yuyunmadan dəstəmaz almaq olarmı?

9) Sağlığımla əlaqədar namazı sıxışıq qılmayım deyə zöhr və əsri bir birinə yaxın qılıram, işa namazını da gec qılıram. Bu günahdırmı?

10) Məni və məzini tam dəqiq necə ayırd etmək olar?

11) Corab üzərinə məst necə çəkilməlidir və məst çəkərkəndəmi hər iki ayağı sol əllə etməliyikmi yoxsa sağ əllə sağ ayağa sol əllə sol ayağa məst çəkilməlidir?

12) Kalqotka geyindikdə tam çıxarmamaqla təharətdən yuyunarkən, məstin hökmü pozulurmu? çox sag olun Allah razı olsun Allah elminizə bərəkət versin. Allah rizası üçün cavablandırardız. Bəzi suallarıma görə bir daha üzr istəyirəm.  Əs-salamu aleykum.

Va aleykumussəlam,

1) Niyyətin yeri qəlbdir. Yəni qəlbinizdən camaat namazı qılmağı keçirməyiniz kifayətdir. Dildə bunu deməyə lüzum yoxdur. Və yalnız fərz namazı camaat şəklində qılınır. O ki qaldı, namazdakı sözlərin deyilməsinə, səssiz namazlarda (zöhr və əsr namazlarında habelə, məğribin və işanın üçüncü və dördüncü rükətlərində) qiyamda oxunan əl-Fatihə surəsini imamın arxasında duranlara da oxumaq vacibdir. Bunsuz namaz batil sayılır. Səsli namazların əl-Fatihə surəsi səslə oxunan rükətlərində isə imamdan sonra əl-Fatihəni oxuyub-oxumamaq barəsində müxtəlif rəylər olduğundan, bu hər kəsin dəlillərə görə seçiminə qayıdır. İmam təkbirləri (Allahu Əkbər) və təsmiləri (Səmi Allahu limən həmidəh) deyərkən isə camaat bunu səssiz deməlidir. Təsmidən sonra həm imam, həm də camaat “Rabbənə və ləkəl həmd”i səssiz deməlidir.

2) Səssiz dedikdə pıçıltı ilə deməklə dodaqları tərpətmək nəzərdə tutulur. Tamamilə səssiz – yəni ürəkdə demək namazı batil edir. Bu isə həm imama, həm camaata, həm də təkbaşına namaz qılana da aiddir.

3) Əsr namazından əvvəl dörd rükət (2+2) və işa namazından sonra iki rükət sünnət namazı var. Lakin qeyd etmək lazımdır ki, əsrdən əvvəl qılınan namaz davamlı qılınan 12 rükət (ratibə) sünnə namazlarına aid deyil, işadan sonra qılanan namaz isə buna aiddir. Ümumiyyətlə gündəlik ratibə namazları belə qılınır: Sübhdən əvvəl 2 rükət, zöhrdən əvvəl 4 (2+2) rükət və zöhrdən sonra 2 rükət, məğribdən sonra 2 rükət və bir də işadan sonra 2 rükət. 

4) Təhəccüd namazının yalnız əvvəlində niyyət etmək kifayətdir. Və hər iki rükətdən bir salam vermək, axırda da bir rükət qılmaq, və bunların sayını on birə çatdırmaq sünnədir. Hər dəfə başlanğıc duasını oxumaq vacib deyil, bir dəfə lap əvvəldə oxumaq yetərlidir. Xüsusilə qeyd edək ki, Peyğəmbər səllallahu aleyhi və səlləm gecə namazında “Subhanəkəllahummə və bihəmdik” yox, aşağıdakı  “istiftah” duasını oxuyardı. Aişə radıyallahu anhə demişdir: “Rəsulullah səllallahu aleyhi və səlləm gecə namazına bu dua ilə başlayardı:

 

اللَّهُمَّ رَبَّ جِبْرَائِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ فَاطِرَ السَّمَوَاتِ وَالأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ اهْدِنِى لِمَا اخْتُلِفَ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِكَ إِنَّكَ تَهْدِى مَنْ تَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ

 

“Allahummə Rabbə Cibrailə və Mikailə və İsrafil, fatirəs-səmavati vəl-ərd, aliməl-ğeybi vəş-şəhadə, əntə təhkumu beynə ibadikə fimə kənu fihi yəxtəlifun, ihdini liməxtulifə fihi minəl-həqqi bi iznik, innəkə təhdi mən təşau ilə siratin mustəqim”

Tərcüməsi: Allahım, Ey Cəbarilin, Mikailin və İsrafilin Rəbbi. Yerləri və göyü yaradan, qeybdə və aşkarda olanı Bilən Rəbbim! Sən Öz qullarının ixtilafa düşdükləri işlərdə onların arasında kökm verirsən. İxtilaflı işlərdə Öz izninlə məni haqqa yönəlt. Həqiqətən də, Sən istədiyini doğru yola yönəldirsən.

5) Namaz vaxtlarının bəzisi bir-birinə bitişik, digərləri isə belə deyil.

Sübh namazının vaxtı dan yeri söküləndən gün çıxanadək davam edir, gün çıxandan sonra onu qılmağın heç bir faydası yoxdur. Yalnız yatıb qaldıqda və ya unutduqda, yadınıza düşən kimi buraxdığınız namazı qılmalısınız. Zöhrün vaxtı isə günəş (bir qaytan qədər) zeniti keçdikdən sonra ta əşyanın kölgəsi öz misli qədər oluncayadək davam edir. Əsrin vaxtı isə əşyanın kölgəsi öz misli qədər olan vaxtdan  ta əşyanın kölgəsi iki misli qədər oluncayadək davam edir. Bundan da aydın olur ki, zöhrün vaxtı əsr namazına kimi davam edir. Əsr namazını yalnız zəruri halda günbatanadək, hətta günün batmağına bir rükət qılınacaq vaxt qalanadək gecikdirmək caizdir. Məğrib namazının vaxtı isə gün batanda başlayır və günəşin şəfəqi itdikdə bitir. İşanın vaxtı isə günəşin şəfəqi itdiyi andan ta gecə yarısınadək davam edir. İşa namazını yalnız zəruri halda dan yeri sökülənədək gecikdirmək caizdir.

6) Kərahət vaxtlarında, ununtduğun fərz namazını və s. səbəbi olan namazları qılmaq olar.

7) Namazlarda 2 səcdə arasında təşəhüddə kişilər kimi oturmaq sünnədir. Belə otura bilmirsinizsə, bacardığınız kimi oturun. Buna görə namazınıza xələl gəlməz.

8) Adamdan yel çıxdığı zaman onun ayaqyolunda yuyunmağına lüzüm yoxdur. Birbaşa dəstəmaz almaq kifayətdir.

9) Namazları əvvəl vaxtında qılmaqda xeyir-bərəkət vardır. Lakin müstəsna hallarda siz dediyiniz kimi, vaxtında qılmaq şərtilə bir-birinə yaxın qılmaq, habelə, işa namazını da gecənin yarısından o yana keçirməmək şərtilə gec qılmaq caizdir.

10) Qadınlara aid bu sualın cavabını bilmirəm.

11) Corab üzərinə hər ikisinə bərabər məst çəkmək də olar, bir-bir əvvəlcə sağ ayağa, sonra da sol ayağa məst çəkmək də olar. Bu iki növdən biri ilə məst çəkərkən sağ əllə sağ ayağa, sol əllə də sol ayağa məst çəkməyiniz məqsədə daha uyğundur.

12) Kalqotka geyindikdə onu tam çıxarmamaqla təharətdən yuyunarkən, topuqdan aşağı düşmürsə məstin hökmü pozulmur.


799

Əs-salamu aleykum və rahmətullahi və bərəkətuhu.

Şeyx mənim bir sualım var. Biz bilirik ki, kəbin kəsildiyi zaman qadının haqqıdır ki öz mehrini istəsin. Bəs qadın öz yoldaşından mehr olaraq həcc ziyarəti istəyə bilərmi? ALLAH sizi Cənnətlə mükafatlandırsın. Amin.  Əs-salamu aleykum.

Va aleykumussəlam, Abdul-Muhsin əl-Abbad demişdir: “Qadına mehr olaraq, pul verməkdən və ya onu azad etməkdən savayı, ona Quran oxumağı öyrətmək də bu məsələyə aid edilir” (Şərh Sunən Əbu Davud, 10/457). Şeyxin bu fitvasından aydın olur ki, qadın mehr olaraq nikaha girdiyi adamdan, onu həcc ziyarətinə aparmağı istəyə bilər.


798

Əs-salamu aleykum və rəhmətullahi və bərəkətuh. Qardaş saqqal saxlamaq sünnətdir ya vacib? Dörd barmaqdan qısa və ya dörd barmaqdan uzun saqqal saxlamaq bidət sayılırmı?

Va aleykumussəlam.

1. Saqqal saxlamaq vacibdir. Bu xüsusda  Peyğəmbər səlallahu aleyhi və səlləm demişdir: “Müşriklərə müxalif olun – saqqal buraxın və bığları qısaldın” (Səhih əl-Buxari, 5892). Heç bir səbəb olamadan dörd barmaqdan az qısaltmaq haramdır. Belə ki, bu işdə  Peyğəmbər səlallahu aleyhi və səlləmin əmrinə müxalif olmaq olmaz. Bu xüsusda Uca Allah buyurur: “ Qoy  Peyğəmbərin əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar” (ən-Nur, 63). Dörd barmaqdan çox saxlamaq isə iki rəydən biridir və buna əməl etmək caizdir.


797

Əs-salamu aleykum. Məni valideynlərim cümə namazına, ümimiyyətlə məscidə buraxmır. Deyirlər ibadətini evdə et. Mən isə cümə namazının müsəlmana vacib olduğunu bilirəm. Valideyinlərimin etirazı üçün gedə bilmirəm. Bunun üçün nə etməyimi məsləhət gorürsünüz.  Əs-salamu aleykum.

Va aleykumussəlam, gündəlik namazlara gəlincə, qeyd edək ki, əgər sən azanı eşidirsənsə, namaza getməyin vacibdir. Əbu Hureyrə (radıyallahu anh) rəvayət etmişdir ki, bir dəfə kor bir adam Peyğəmbər səlallahu aleyhi və səlləm yanına gəlib dedi: “Ya Rəsulullah,  məni məscidə aparan bir kimsə yoxdur. Olarmı ki, mən namazlarımı evimdə qılım?” Əvvəlcə Peyğəmbər səlallahu aleyhi və səlləm ona rüsxət verdi. Kişi dönüb getdikdə isə onu geri çağırıb soruşdu: “Sən namaz üçün verilən azanı eşiirsənmi?” Adam: “Bəli!”- deyə cavab verdikdə, Peyğəmbər səlallahu aleyhi və səlləm ona: “Elə isə namaza getməlisən” (Səhih Muslim, 1518).

O ki qaldı cümə namazına, onun azanını eşitməsən belə, onu üç dəfə tərk etsən qəlbin möhürlənə bilər. Əbu Qətadənin (radıyallahu anh) rəvayət etdiyi hədisdə  Peyğəmbər səlallahu aleyhi və səlləmin belə buyurmuşdur: “Hər kim  səbəbsiz olaraq dalbadal üç kərə  cümə namazını buraxarsa, Allah onun qəlbini möhürləyər” (Musnəd İmam Əhməd, 5/300; Səhih əl-Cami, 6140).


790

Əs-salamu aleykum şeyx. Mədinə Universitetində təhsil almaq üçün hara müracət eləmək lazımdır, ətraflı məlumat üçün. Birdə orda başqa məzhəblərin əqidəsi üzrə təhsil almaq olarmı? Və təhsil neçə illikdir?

Va aleykumussəlam. Mədinə Universitetində təhsil almaq üçün həmin universitetin saytına müraciət edin. O ki qaldı, məzhəblərin tədrisinə, bəli,  Mədinə Universitetində digər məzhəbləri də öyrədirlər. Təhsilin müddəti isə 2 il hazırlıq + 4 il əsas kursdur.


789

Əs-salamu aleykum va rahmatullahi va barakatuhu, qardaş. Allah elmimizi artırsın. Mən belə bir şey xatırlayıram və dəqiqləşdirmək istəyirəm inşaAllah. Sünnə alimlərindən kiminsə belə bir sözü varmı? "Namaz qılmayan kafir olmaz, amma kafirlər na­maz qılmaz"?

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Belə bir sözün deyilib-deyilmədiyini bilmirik?

Sual ver

Diqqət: Suallar həddən artıq çox yığıldığından onlar cavablandırılana qədər sual vermək bölümü müvəqqəti dayandırılıb. Yığılan suallar cavablandırıldıqdan sonra bir daha cəhd edə bilərsiniz.



Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”