Ana səhifə / Məqalələr / Məmləkətdə əmin-amanlığı təmin edən 10 səbəb

Məmləkətdə əmin-amanlığı təmin edən 10 səbəb

Əziz müsəlmanlar, hamınıza, eləcə də özümə Allahdan qorxmağı və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yolunu tutub getməyi nəsihət edirəm!

Dinlər, məzhəblər və təriqətlər arasında həmişə fikir ayrılıqları və çəkişmələr olub. Bəzən bu fikir ayrılıqları kütləvi qırğınlara səbəb olub, qan su yerinə axıb və heç kəs də, heç vaxt, heç bir fayda əldə etməyib, əksinə, qarğış yiyəsi olub və məsələni bir qədər də qəlizləşdirib. Bu gün bir çox ölkələrdə müharibələr və qarşıdurmalar baş alıb gedir, qan su yerinə axır, zalım insanlar qocaya, qadına və uşağa baxmadan, haqsız yerə dinc əhalini qırır, halbuki hamımızı yaradan, Allah başda Qurani Kərim olmaqla bütün səmavi kitablarda haqsız yerə qan tökməyi haram buyurmuştur. Bu xüsusda Quranda belə buyurulur: “Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.” (əl-Ənam, 151)

Qurandan xəbəri olan insanların hamısına - yəhudisinə də, nəsranisinə də, atəşpərəstinə də, bütpərəstinə də, hətta dinsizinə belə, məlumdur ki, İslam din sülh əmin-amanlıq dinidir və bəşəriyyətə qarşı zorakılıq etməyin əleyhinədir. Allahın Mübarək Kitabı, həqiqətən də, insanları ancaq əmin-amanlığa çağırır. Bu xüsusda Uca Allah buyurur: “Allah, Onun rizasını arayan şəxsləri bu Quranla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.” (əl-Maidə, 16)

Lakin xüsusilə qeyd etmək lazımdır ki, qocaların, qadınların və körpələrin haqqını tapdalayan azğınlarla vuruşmaq lazımdır. Bu xüsusda Uca Allah belə buyurur: “Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.” (əl-Bəqərə, 190)

Diqqət edin, Uca Allah nə buyurur “Sizinlə vuruşanlara qarşı siz də vuruşun.” Demək, vuruşmayanlarla işiniz olmasın. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) apardığı istənilən döyüşə nəzər salsanız görərsiniz ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) düşmənə həmişə, ilk əvvəl sülh təklif etmişdir. Düşmən bununla razılaşmadıqda onlarla vuruşmuşdur. Lakin düşmənlə vuruşanda belə ədalət prinsipini pozmamış, qarşı tərəfdə olan zəiflərə - qadınlara, uşaqlara və s. dəyməmişdir. İbn Abbas (Allah ondan razı olsun) bu ayədəki “həddi aşmayın” sözünü belə izah etmişdir: “Qadınları, uşaqları, qocaları və sizə salam verən kimsələri öldürməyin. Onları öldürsəniz həddi aşmış olacaqsınız.”

Yaxşı bəs nə edək ki, ümumiyyətlə silaha əl atmaq lazım gəlməsin? Bunun üçün, insanlar əmin-amanlığı bərpa edən amilləri özlərinin həyatında tətbiq etməlidirlər. Bu amillər aşağıdakılardır:

Birincisi, Allaha doğru-dürüst iman gətirməkdir;

İman, əmin-amanlığın əsasını təşkil edir. İmansız əsil əmin-amanlığın olması mümkün deyil. Uca Allah buyurur: “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları (Allaha şərik qoşmayanları) əmin-amanlıq gözləyir. Doğru yola yönəlmiş kəslər də, məhz onlardır.” (əl-Ənam, 82)

Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) hər dəfə hilalı (yəni təzə ayı) gördüyü zaman dua edib deyərmiş:

اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالأَمْنِ وَالإِيمَانِ وَالسَّلاَمَةِ وَالإِسْلاَمِ رَبِّي وَرَبُّكَ اللَّهُ

Allahım, bu ayı bizim üzərimizə əmin-amanlıq, iman, salamatlıq və İslam üzərə doğdur. Ey Hilal, mənim də Rəbbim, sənin də Rəbbin Allahdır.”

Hər hansı bir yerdə əmin-amanlığın və salamatlığın olması üçün iman olması gərəktir.

Gəlin müsəlmanın qeyri-müsəlmandan fərqli olan səciyyəvi xislətinə diqqət yetirək. Bu xüsusda Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə buyurmuştur: “Müsəlman o kəsdir ki, onun dilindən və əlindən başqa insanlara zərər dəyməsin. Mömin də o kəsdir ki, insanlar özlərinin qanına və mallarına görə ondan arxayın olsunlar.”

İkinci səbəb, ixlaslı (səmimi) olmaqdır;

Bu ikinci səbəb birinci ilə bağlı olsa da, onun ayrıca, özünəməxsus məziyyəti vardır. Belə ki, Uca Allah səmimi-qəlbdən Ona iman gətirən və yalnız Ona ibadət edən mömin bəndələrinə əmin-amanlıq bəxş edəcəyini vəd edib buyurur: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər - məhz onlar fasiqlərdir.” (ən-Nur, 55) Ayəyə diqqət edin, baxın görün, Uca Allah iman gətirib yaxşı işlər görən möminlər üçün qorxunu nə ilə əvəz edəcəyini vəd edir: Əmin-amanlıqla!

Hədislərin birində Rəsulullah (səllallahu aleyhi və səlləm) belə buyurmuştur: “Vaxt gələcək zülmət gecəyə bənzər fitnələr baş qaldıracaq. Həmin vaxt günün əvvəlində mömin olan adam axırında kafirə çevriləcək, habelə, əvvəlində kafir olan kimsə də günün axırında iman gətirəcək. O vaxt oturan adam ayaq üstə duran adamdan, ayaq üstə olan adam fitnəyə gedən adamdan daha xeyirli olacaq.” Səhabələr: “Ya Rəsulullah, belə olduğu halda, bizə nə etməyimizi əmr edirsən?” deyə soruşdular. Rəsulullah (səllallahu aleyhi və səlləm) da onlara belə buyurdu: “Evlərinizdə qərar tutun!”

Digər hədisdə o demiştir: “Hərc-mərclik baş qaldırdığı zaman ibadətlə məşğul olan adam, mənim yanıma hicrət edən kimsəyə bənzəyir.”

Nədir hərc-mərclik? Yəni əmin-amanlıq, qayda-qanun olmadığı vəziyyət, fitnələrin baş qaldırması, ölüm hadisələrinin çoxalması, qarışıqlıq, nizamsızlıq, qarmaqarışıqlıq, anarxiya.

Aşağıdakı ayəyə diqqət yetirsək, ibadətin, ələlxüsus da, namaz qılmağın, əmin-amanlığı təmin edən ən əsas amillərdən olduğunu görə bilərik:

Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər. Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.” (Qureyş, 3-4)

Yuxarıdakı iki hədisə diqqət edin, baxın görün, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) belə ağır vəziyyətlərdə, bizə nəyi tövsiyə edir. Hədsidən açıq-aydın görünür ki, səmimi-qəlbdən Allaha ibadət edən insanlar sülhsevər olur və həmişə fitnə-fəsaddan kənar dururlar. Çünki Allahın dini onlara belə buyurur və təbii ki, ixlasla bu dini yaşayanlar da, qan tökməyin əleyhinədirlər. Allah Rəsulu (səllallahu aleyhi və səlləm) hərc-mərclik olduqda, ibadətlə məşğul olmağı tövsiyə edir. Təəssüflər olsun ki, bir çox avam insanlar belə hallarda dərhal silaha əl atır, düşüncəsiz hərəkətlərə yol verir və təbii ki, sonunda peşman olurlar.

Üçüncü səbəb, çoxlu dua etməkdir;

Dua, bu dünya və axirəttə mövcud olan hər bir xeyir qapısının açarı sayılır. Öz qulunu dua etməyə müvəffəq edən, sonra da onu qəbul edən Allahdır. Yaradılanların heç biri bu işlərə təsir göstərə bilməz. Belə ki, Allah gördüyü bir işi, görəcəyi bir iş üçün səbəb edir. Möhtərəm tabiinlərdən biri Mutarrif ibn Abdullah ibn əş-Şixxir (Allah ona rəhmət etsin) demişdir: “Görəcəyim bütün işlərə nəzər saldım, gördüm ki, bunların başlanması da, tamamlanması da, Allahın istəyinə bağlıdır və yəqin etdim ki, bunlara müvəffəq olmağın çarəsi ancaq dua etməkdir.”

Odur ki, əgər özümüzün, valideynlərimizin, ailəmizin, qardaş və bacılarımızın, xalqımızın və bütün sülhsevər insanların dünyada və axirəttə xeyirə nail olmalarını, səadətə çatmalarını və əmin-amanlıqda yaşamalarını istəyirsinizsə, bunları bəxş edən Allaha yalvarmalıyıq. Bu xüsusda Uca Allah buyurur: “...Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!...” (Ğafir, 60)

Həmçinin, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) buyurur: “Rəbbiniz, həm həyalı, həm də səxavətlidir. Ona tərəf əllərini açıb dua edən bəndəsinin əllərini boş qaytarmağa utanır.”

Yüz illərlə Ovs və Xəzrəc qəbilələri arasında müharibələr getmiş olduğu və onların heç vaxt barışmayacağı ehtimal edildiyi bir dövrdə hər şeyə Qadir olan Allah Öz xəlilini - Muhəmmədi (səllallahu aleyhi və səlləm) aləmlərə rəhmət olaraq, yəni yer üzündə əmin-amanlığı bərpa edən, Allahın mərhəmətilə müjdələyən və Onun əzabı ilə qorxudan peyğəmbər göndərdi. Və bu Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir-birinə düşmən olan həmin o iki qəbiləni barışdırdı. Sonra Uca Allah belə bir ayə nazil etdi: “Onların qəlblərini Allah birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını (bu barışıq üçün) sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.” (Ənfal, 63)

Demək, qəlblər insan əlində deyildir. Ən imanlı, əxlaqlı, ən nümunəvi, ən təqvalı, ən abid, ən bəlağətli danışan, ən gözəl təbliğatçı olmuş Rəsulullah (səllallahu aleyhi və səlləm) belə qəlbləri çevirməyə qadir deyildi.

Demək, öz məmləkətində hərc-mərcliyi aradan qaldırıb əmin-amanlığı bərpa etmək itəyən hər bir dövlət başçısı, istəyini təmin etmək üçün ilk əvvəl onu yaradan və onun işlərini yoluna qoyan Rəbbinə yalvarmalıdır. Necə ki, peyğəmbərlərin atası və Allahın xəlili İbrahim (ona Allahın salamı olsun) dua etmişdir:

...“Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır!” (İbrahim, 35)

Həmçinin, necə ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) dua etmişdir. İbn Ömər (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Rəsulullah (səllallahu aleyhi və səlləm) hər səhər və hər axşam belə dua edərdi:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ، وَأَهْلِي وَمَالِي. اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي. اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي

Allahım, dünyada və Axirətdə Səndən əfv və salamatlıq diləyirəm! Allahım, dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Allahım, eyiblərimi ört və qorxularımdan məni xatircəm et! Allahım, məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru. Ayağımın altının qazılmasından Sənin əzəmətinə sığınıram!

Rəvayət edilir ki, bir gün Abbas ibn Abdulmuttəlib (Allah ondan razı olsun) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ya Rəsulullah, hansı dua daha fəzilətlidir?” O buyurdu: “Ey Abbas, Allahdan dünyada və Axirətdə bağışlanmağını və salamat olmağını dilə!” Abbas (Allah ondan razı olsun) ertəsi gün yenə gəlib dedi: “Ey Allahın peyğəmbəri, hansı dua daha fəzilətlidir?” O buyurdu: “Allahdan dünyada və axirətdə bağışlanmağını və salamat olmağını dilə. Əgər dünyada və axirətdə sənə salamatlıq nəsib olsa, nicat tapmış olarsan.”

Digər bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Allahdan salamatlıq diləyin. Çünki heç kəsə yəqinlikdən sonra salamatlıqdan daha xeyirli bir şey verilməmişdir!”

Fitnədən Allaha sığınmaq da, həmçinin, bu mövzuya aiddir.

Huzeyfə ibnul Yəmən deişdir: “Vaxt gələcək fitnə baş qaldıracaq. Həmin vaxt bu fitnədən yalnız dua edən kimsə - özüdə dənizdə batan kimsə tək dua edən kimsə qurtulacaq.”

Zeyd ibn Sabit (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbər (səllallahu aleyhi və səlləm) öz səhabələrinə: “Aşkara çıxan və gizlində qalan fitnələrdən Allaha sığının!”- deyə buyurdu, onlar da dərhal: “Aşkara çıxan və gizlində qalan fitnələrdən Allaha sığınırıq!”- dedilər.”

Rəsulullah (səllallahu aleyhi və səlləm) dünyada və axirəttə uğur qazanmaq və səadətə qovuşmaq üçün belə dua edərmiş:

اللَّهُمَّ حَبِّبْ إِلَيْنَا الْإِيمَانَ، وَزَيِّنْهُ فِي قُلُوبِنَا، وَكَرِّهْ إِلَيْنَا الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ وَاجْعَلْنَا مِنَ الرَّاشِدِينَ، اللَّهُمَّ تَوَفَّنَا مُسْلِمِينَ وَأَحْيِنَا مُسْلِمِينَ وَأَلْحِقْنَا بِالصَّالِحِينَ غَيْرَ خَزَايَا وَلَا مَفْتُونِينَ

Allahım, bizə imanı sevdir və qəlbimizdə onu gözəlləşdir, bizdə küfrə, günaha və asiliyə qarşı nifrət oyat və bizi doğru yolda gedənlərdən et. Allahım, bizim canımızı müsəlman olduğumuz halda al, bizi müsəlman olduğumuz halda dirilt və bizi rüsvay etmədən, fitnəyə salmadan əməlisalehlərə qovuşdur.”

Dördüncü səbəb, böyüklərlə, alimlərlə və müdrik insanlarla məsləhətləşərək əmin-amanlığı bərpa etmək, sonra da onu qorumaqdır;

Dünyanın bir çox ölkələrində, İblisə qulluq edən fasiqlər fitnə-fəsad yayır, “uf” demədən qocaların, qadınların və uşaqların qanını tökür və məmləkətləri viran qoyurlar. Belə vəziyyətlərdə ağıllı addım atmaq və bu fəsadın qarşısını almaq üçün Müdrik Allah bizə belə tövsiyə edir: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız.” (Nisa, 83)

Ayədən açıq-aydın başa düşülür ki, millətin başına gələcək biləcək bir təhlükə haqqında hər kəsin danışıb qərar verməsi qəti adağandır. Bu haqda qərarı ancaq alimlər və müdrik nüfuz sahibləri verə bilər. Savadsız kütlə isə yalnız bu qərara tabe olmalıdır. Belə olmadığı təqdirdə hərc-mərcliklər baş verir.

Hədislərin birində Peyğəmbər (səllallahu aleyhi və səlləm) üç dəfə təkrar-təkrar demişdir: “Xöşbəxt o kimsədir ki, fitnə baş qaldırdığı zaman kənarda dursun!”

Yenə bir hədisdə o belə buyurur: “Allah, Ondan qorxan, aza qane olan və xəlvətə çəkilib öz işi ilə məşğul olan qulunu sevər.”

Həmçinin, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Tələskən, şayiələr yayan və sirr saxlamayan kimsələrdən olmayın! Yoxsa başınıza şiddətli, məyusedici bir bəla gələr və uzun sürən, böyük bir fitnəyə məruz qalarsınız.”

Həmçinin, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Vaxt gələcək çoxlu fəsadlar və qarma-qarışıq işlər baş verəcək. Belə olduğu təqdirdə sən tələsmə! Beləliklə, xeyirli işə tabe olmaq sənin üçün şər əməlin başında durmaqdan daha xeyirli olar.”

Beşinci səbəb, ixtiyar sahiblərinə itaət etməkdir;

Bu xüsusda Rasulullah (səllallahu aleyhi və səlləm) belə buyurmuştur: “Kim mənə itaət edərsə, Allaha itaət etmiş olar, kim də mənə asi olarsa, Allaha asi olmuş olar. Habelə, kim mənim dinimdə olan ixtiyar sahibinə itaət edərsə, mənə itaət etmiş olar, ona asi olarsa, mənə asi olmuş olar.”

Başqa bir hədisdə Rasulullah (səllallahu aleyhi və səlləm): “Din nəsihətdir”- demişdir. Səhabələr ondan: “Kimin üçün, ya Rəsulullah?”- deyə soruşduqda, o belə buyurmuşdur: “Allah üçün, Onun Kitabı üçün, Onun rəsulu üçün, habelə, müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün.”

Bu möhtəşəm hədisdə “Müsəlmanların rəhbərləri üçün nəsihət” deyildikdə idarəçilikdə onlara dəstək vermək, onların doğru qərarlar vermələri üçün dua etmək, bixəbər olduqları məsələlərdən onları agah etmək, səhvlərini gördükdə onlara bildirmək, onların şəriətə müvafiq olan bir sözünü iki etməmək, onları camaata sevdirmək, hikmətlə və gözəl tərzdə onları zülm etməkdən çəkindirmək qəsd edilir. Qeyd etmək lazımdır ki, rəhbərlər deyildikdə bura alimlər də aid edilir və onlara nəsihət etmək deyildikdə elmlərinə ehtiram göstərmək, onların yaxşı əməlləri barədə danışmaq və barələrində yaxşı zənn etmək nəzərdə tutulur.

Altıncı səbəb, insalara haqqı öyrətmək, onları maarifləndirməkdir;

Haqq” deyildikdə, insanlara Allahı tanıtmaq və onlara Onun dinini öyrətmək, onlara yaxşı işləri buyurmaq və onları pis işlərdən çəkindirmək nəzərdə tutulur. Şübhə yoxdur ki, əgər insanlar arasında doğru elm, xeyirxahlıq və hidayət yayılarsa, o yerdə əmin-amanlıq da təmin olunlar. Bu vəzifəni isə dini bilən alimlər icra etməlidilər.

Bu xüsusda Rəsulullah (səllallahu aleyhi və səlləm) demişdir: “Alimimizin haqqını bilməyən kimsə mənim ümmətimdən deyildir.”

Digər hədisdə o demişdir: “Bərəkət, böyüklərinizin yanındadır.”

Bu xüsusda İbn Məsud (Allah ondan razı olsun) demişdir: “İnsanlar Muhəmmədin (səllallahu aleyhi və səlləm) səhabələrinin təbliğ etdiyi elmdən, habelə, böyük alimlərinin elmindən möhkəm yapışdıqları müddətcə əməlisaleh qalar, balacalarından elm aldıqları təqdirdə isə həlak olarlar.”

Rəvayət edir ki, İbnul-Əşəs Həccac ibn Yusufa qarşı çıxdığı zaman, Uqbə ibn Abdul-Ğafir, Əbul-Covza, Abdullah ibn Ğalib və onlarla həmrəy olan bir neçə nəfər Həsən əl-Bəsrinin yanına gəlib dedilər: “Ey Əbu Səid, haqsız yerə camaatın qanını axıdan, onların mallarını qəsb edən, namazı buraxan və neçə-neçə haram işlər görən bu tağuta qarşı vuruşmaq barədə nə deyirsən?” Həsən əl-Bəsri onlara belə cavab verdi: “Mən sizə ona qarşı vuruşmağı məsləhət görmürəm. Çünki əgər bu, Allahın göndərdiyi bir bəladırsa, siz öz qılınclarınızla bu bəlanın qarşısını ala bilməyəcəksiniz. Yox əgər bu, bir sınaqdırsa, onda Allah Öz hökmünü verincəyədək (zalımları cəzalandırıncayadək) səbir edin! Allah hökm verənlərin ən yaxşısıdır!” İbnul-Əşəsin adamları Həsənin evindən çıxanda Həccacı qəsd edərək: “Biz bu tağuta itaət etməyəcəyik?!”- dedilər, sonra gedib İbnul-Əşəsə qoşuldular və nəhayət, hamısı Həccac tərəfindən qətlə yetirildilər.”

Baxın, alimin nəsihətinə baxmadıqlarına görə hamısı məhv oldu.

Bir nəfər İbn Ömərə: “Mənə elm öyrət”- deyə məktub yazır. İbn Ömər də ona belə cavab yazır: “Qardaş oğlu, elm bir dəryadır. (Onun hamısını balaca bir məktuba yerləşdirmək mümkün deyil.) Lakin bacarırsansa, boynunda heç bir müsəlmanın qanı olmadığı, habelə, onların malına əl qoymadığın, qeybətlərini qırmaqdan uzaq durduğun və nəhayət, camaatla bir yerdə olduğun halda Allahın hüzuruna çıx!”

Yəhya ibn Muaz ər-Razi demişdir: “Üç şeylə müsəlmanlara yaxşılıq etməyə çalış: ona fayda verə bilmirsənsə, heç olmasa, zərər vermə; onu sevindirə bilmirsənsə, heç olmasa, kədərləndirmə; onu tərifləmirsənsə, heç olmasa, pisləmə.”

Yeddinci səbəb, müsəlmançılığı qorumaqdır;

Uca Allah buyurur:

Möminlər, həqiqətən də, qardaşdırlar...” (Hucurat, 10)

...Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!...” (Şura, 42)

...Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın...” (Həcc, 78)

Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Sizdən biriniz özü üçün istədiyini mömin qardaşı üçün istəmədikcə kamil şəkildə iman gətirmiş sayılmaz.”

O (səllallahu aleyhi və səlləm) həmçinin demişdir: “Sən möminlərin bir-birinə mərhəmət göstərməkdə, bir-birini sevməkdə və bir-birinə can yandırmaqda bir bədən kimi olduğunu görürsən. Belə ki, bədənin bir əzasına xəstəlik üz verdikdə bütün bədən yuxusuzluqdan və qızdırmadan əziyyət çəkir.”

Bu ayələrdən və hədislərdən belə nəticə çıxır ki, hərc-mərcliyi və fitnə-fəsadı aradan qaldırmaq üçün, İslam dinini doğru-düzgün şəkildə yaşamaq, namaz qılmaq və zəkat vermək, bir-birimizə mərhəmət göstərməyimiz, bir-birimizi sevməyimiz, bir-birinə can yandırmağımız, habelə, Rasulullahın (səllallahu aleyhi və səlləm) göstərdiyi doğru yolla getmək, özümüzə “müsəlman” adından başqa adlar qəbul etməklə firqələrə bölünməmək və “Mən müsəlmanam” deməklə kifayətlənmək gərəktir.

Rasulullahın (səllallahu aleyhi və səlləm) dövründə, bir gün o, Abdullah ibn Məsuda (Allah ondan razı olsun) camaata nəsihət etməsini buyurur. İbn Məsud (Allah ondan razı olsun) da qalxıb camaata belə nəsihət edir:

- Ay camaat! Rəbbimiz Allahdır, dinimiz İslamdır, Kitabımız Qurandır, qibləmiz Kəbədir və Peyğəmbərimiz Muhəmməd səllallahu aleyhi və səlləmdir! Allah və Onun Rəsulu (səllallahu aleyhi və səlləm) nədən razıdırsa, biz də ondan razıyıq, Allah və Onun Rəsulu (səllallahu aleyhi və səlləm) nəyə nifrət edirsə, bizdə ona nifrət edirik.” Peyğəmbər (səllallahu aleyhi və səlləm) də onun bu sözünü təsdiqləyib demişdir: “İbn Məsud doğru söylədi, İbn Məsud doğru söylədi. İbn Məsud nədən razıdırsa, biz də ondan razıyıq, nəyə nifrət edirsə, biz də ona nifrət edirik.”

Diqqət edin, səhabələr Rasulullahın (səllallahu aleyhi və səlləm) vəfatından sonra düz otuz il, yəni Raşidi Xəlifələrin dövründə özlərinə heç bir ad götürmədilər. Halbuki, lazım olsaydı, dini hamıdan yaxşı bilən o insanlar özlərinə: “Biz Muhəmmədilərik” deyərdilər. Lakin demədilər, çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) bunu onlara qadağan etmişdi. Rəvayət edilir ki, bir gün Rasulullah (səllallahu aleyhi və səlləm) evində ikən səs-küy eşitdi. Bayıra çıxıb gördü ki, səhabələrindən ikisi mübahisə edir və az qala bir-birilə əlbəyaxa davaya çıxsınlar. Baxır ki, onlardan biri fəxrlə: “Mən mühacirəm” deyir, o birisi də fəxrlə: “Mən də ənsaram” deyir. Düzdür onlar bu adlarla fəxr olunası insanlardır. Necə ki, Quranda buyurulur: “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.” (Tövbə, 100) Lakin Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu deyişmənin ədavətə səbəb olduğunu və dava-dalaşa gətirib çıxaracağını görəndə bunu onlara qadağan edib deyir: “Mən sizin aranızda ola-ola siz cahillik dövründə olduğu kimi adlarla fəxr edirsiniz. Hər kim cahilliyyət dövründə olduğu kimi özünə ad götürsə, əlbəttə o, cəhənnəmlik olar.” Səhabələr soruşdular: “Namaz qılsa, oruc tutsa belə.” Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: “Bəli, namaz qılsa, oruc tutsa belə.”

Adama qəribə gələn budur ki, xristianlar ümumi bir iş naminə: “Hamımız xristianıq!” deyərək birləşir, sonra da lazımi işləri görürlər. Allah da onlara dünyalarını verir. Müsəlmanlar isə hələ də keçmişlə yaşayır, keçmişdəki müsəlmanlar arasında baş vermiş ixtilafları yada salmaqla araya ədavət salır və sonda bu mübahisələri silahlı qarşıdurmalara çevirirlər. Halbuki Uca Allah keçmiş nəsil haqqında belə buyurur: “Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri əməllər barədə sorğu-sual olunmayacaqsınız.” (əl-Bəqərə, 134) Bu ayədən aydın olur ki, mömin adam keçmişin ağrılı günlərini yada salmaqla hazırki dövrdə hərc-mərclik yaratmamalı, keçmişdən sadəcə ibrət almalıdır ki, onların səhflərini təkrar etməsin. Üstəlik o dövrdə yaşamış möminlərin ünvanına pis söz söyləməməli, onlara nifrət etməməlidir və onlar üçün Allahdan bağışlanma diləməlidir. Bu xüsusda Uca Allah buyurur: “Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən olduqca şəfqətlisən, rəhmlisən!” (Həşr, 10)

Səkkizinci səbəb, şər əməllərdən çəkinmək və heç kəsə əziyyət verməməkdir;

Hədislərin birində Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Altı şeyi yerinə yetirəcəyinizə dair mənə zəmanət verin, Cənnətə girəcəyinizə dair sizə zəmanət verim: danışdığınız zaman düz danışın, vəd verdikdə onu yerinə yetirin, sizə əmanət verilərsə, onu yiyəsinə qaytarın, ayıb yerlərinizi zinadan qoruyun, gözünüzü haram buyurulanlardan çevirin və bir də əlinizlə heç kəsə əziyyət verməyin.”

Əsma bint Yezid (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbər (səllallahu aleyhi və səlləm) səhabələrinə dedi: “Sizə ən xeyirliniz barədə xəbər verimmi?” Səhabələr: “Bəli!”- deyə cavab verdikdə, Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: “O kəslər ki, onları görəndə Allah yada düşər! Sizə ən pisiniz barədə xəbər verimmi?” Onlar: “Bəli!”- deyə cavab verdikdə, o, buyurdu: “Söz gəzdirənlər, dostların arasını vuranlar və təmiz adamları şərə salanlardır.”

İnsanların bir qisminin yaxşı, bir qisminin də pis olduğu barədə digər bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “İnsanlar arasında elələri vardır ki, onlar xeyir qapılarını açan və şər qapılarını bağlayan açardırlar. Onların arasında elələri də vardır ki, onlar şər qapılarını açan və xeyir qapılarını bağlayan açardırlar. Xeyir qapılarının açarları əlində olan kimsənin xoş halına! Şər qapılarının açarları əlində olan kimsənin də vay halına!”

Yenə bir hədisdə o demişdir: “Yaxşınız o kəsdir ki, ondan yaxşılıq umulur və şər əməllər gözlənilmir. Pisiniz də o kəsdir ki, ondan yaxşılıq umulmur, üstəlik, şər əməllər gözlənilir.”

Həqiqətən, şeytan, pis nəfs və pis dostlar insana pis işlər görməyi buyurur. Mömin adam isə bu şərlərin hamısından Allaha sığınmalıdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) həmişə xütbələrinin və söhbətlərinin başında dua edib deyərdi:

وَنَعُوذُ بِاللَّهِ مِنْ شُرُورِ أَنْفُسِنَا وَسَيِّئَاتِ أَعْمَالِنَا

Nəfsimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq!”

Həmçinin hər səhər və hər axşam dua edib deyərmiş:

اللَّهُمَّ فَاطِرَ السَّمَوَاتِ وَالْأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ لَا إِلَهَ إِلَّا أَنْتَ رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكَهُ أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا أَوْ أَجُرَّهُ إِلَى مُسْلِمٍ

Qeybdə və aşkarda olanı Bilən, göyləri və yeri yoxdan yaradan, Allahım, hər şeyin Rəbbi və Hökmdarı! Mən şahidlik edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən, özümə pislik etməkdən, yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!

Doqquzuncu səbəb, məzluma da yardım etmək və zalımın zülmünün qabağını almaqdır;

Qoy başqasına zülm etmək, onun qocasına, qadınına və uşağına əziyyət vermək istəyən adam əvvəlcə, özünü və özününküləri düşünsün. Belə olduğu halda adam həm özü zülm etməkdən çəkinər, həm də başqalarını bu yaramaz əməldən çəkindirər. Bu xüsusta Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə buyurmuşdur: “İstər zalım, istərsə məzlum olsun din qardaşınıza kömək edin!” Səhabələr soruşdular: “Ya Rəsulullah, məzluma kömək etməyi başa düşdük. Bəs zalıma necə kömək etməliyik?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: “Əlindən tutub saxlamaqla!”

Əgər zalım adam sözə baxmazsa, nəsihət qəbul etməzsə və nəticədə zülm etdiyi kimsələr ona bəd dua edərsə, Allah onu cəzalandırar və bu zülmlər çoxaldıqca məmləkətdə hərc-mərcliyi də artırar.“

Peyğəmbər (səllallahu aleyhi və səlləm) öz səhabəsi Muaz ibn Cəbəli (Allah ondan razı olsun) Yəmənə göndərərkən, ona belə buyurmuşdur: “Məzlumun bəd duasından çəkin. Çünki bu dua ilə Allah arasında heç bir pərdə yoxdur.”

O həmçinin demişdir: “Üç növ dua vardır ki, onların qəbul olunmasına heç bir şəkk-şübhə yoxdur: məzlumun duası, müsafirin duası və valideynin öz övladı üçün etdiyi dua.”

Bu mövzuda Nizami Gəncəvinin də gözəl şeir parçası var. Deyir ki:

Bəd duadan saqın, mehriban danış,
Pusquda durmasın yolunda qarğış.

Birdən qoca qarı, cavan ah çəkər,
Hədəfə ox vurar, erkən, bir səhər.
Onda dinləməzlər ahü-zarını,
Yelə vermiş olar, qarğış varını.
Şahların əlində çox ayna, baxsan,
Qaralıb getmişdir məzlum ahından.

Və nəhayət onuncu səbəb, Allahın verdiyi nemətlərə, ələlxüsus da əmin-amanlıq nemətinə şükür etməkdir;

Bu xüsusda Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim əmin-amanlıq içində, canı sağlam, yanında da həmin günün yeməyi olduğu halda səhərə çıxmışsa, ona sanki dünya bəxş edilmişdir.”

Ağıllı adam bu üç nemətin - əmin-amanlığın, sağlamlığın və gündəlik əldə etdiyi ruzinin necə böyük nemət oldğunu dərk edir və bunlara görə gecə-gündüz Allaha şükür edir. Odur ki, səhərə sağ çıxacağına ümid etməyən adam, öz gələcəyini düşünərək nədənsə giley-güzar etməkdənsə, hazırkı günündə əlində olan nemətlərə görə Allaha şükür etməlidir. Nankor adamlar isə özündən yuxarı səviyyədə olanlara baxıb onlar kimi olmağı təmənna etməklə xam xəyallara dalır və Allahın onlara bəxş etdiyi nemətləri layiqincə dəyərləndirmirlər. Bu üç nemət barədə Azərbaycanın dahi şairi Nizami Gəncəvi belə demişdir:

Bir sağlıq, bir bolluq, bir də əmniyyət,
Üç nemət gərəkdir insana fəqət.

Yeməyin, geyməyin oldumu yetər,
Artıq dürrdür, ləldir, hədərdir hədər.
Nizami tərk eylə sən bu dünyanı,
Onun tikanları dalayar səni.
Beş günlük dünyadır sən düşün bunu,
Nə oldu Bəhramın ömrünün sonu?!

Qardaşlar, biləsiniz, insanın başına gələn bəlalar onun etdiyi günahlara görədir. İndi deyəcəyim ayəyə diqqət edin:

Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı məsəl çəkir. O diyara öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin həmin diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü.” (ən-Nəhl, 112)

Demək nankorluq, məmləkətləri böyrüstə qoyan amillərdəndir.

Sonda Allahdan istəyimiz budur ki, yer üzündə sülhün bərqərar olmasını istəyən sülhsevər insanlara yardım etsin, onlara əmin-amanlıq bəxş etsin, habelə, cahilləri hidayətə qovuşdursun, zalımların isə tezliklə layiqli cəzasını versin!

Allahım, xeyirxahlıq etməyi, pis əməllərdən çəkinməyi, miskinləri sevməyi, bizi bağışlamağını, bizə rəhm etməyini və hər hansı qövmə bəla göndərmək istədikdə o bəla bizə toxunmazdan əvvəl canımızı almağını Səndən diləyirik. Sənin məhəbbətini və Səni sevənin məhəbbətini qazanmağımızı, Sənin məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyimizi Səndən diləyirik.

Allahım, dözülməz bəladan, bədbəxt olmaqdan, xoşagəlməz aqibətdən və düşmənlərin sevinməsindən Sənə sığınırıq!

Ey Rəbbimiz, bizə kömək et, əleyhimizə olan işlərdə heç kəsə kömək etmə. Bizə qələbə bəxş et, heç kəsə bizim üzərimizdə qələbə qazandırma. Bizə düşmənlərimizə hiylə qurmağa kömək ol, başqasının bizə hiylə qurmasına yol vermə. Bizə hidayət ver və bizim üçün doğru yola yönəlməyimizi asanlaşdır. Bizə təcavüz edənə qalib gəlməyimizə yardım et. Ey Rəbbimiz, bizi yalnız Sənə çoxlu-çoxlu şükür edən, yalnız Səni tez-tez zikr edən, yalnız Səndən çox qorxan, yalnız Sənə çox itaət edən, yalnız Sənə boyun əyən, yalnız Sənə çox yalvaran və yalnız Sənə üz tutan bəndələr et. Ey Rəbbimiz, bizim tövbəmiiz qəbul et, günahlarımızı sil, duamızı qəbul et, dəlilimizi möhkəmləndir, qəlbimizi haqqa yönəlt, dilimizi doğruluğa öyrət və qəlbimizin qara ləkəsini yox et!

Ey aləmlərin Rəbbi olan Allahım, məmləkətimizə və digər müsəlman məmləkətlərinə əmin-amanlıq və arxayınlıq bəxş et! Allahım, məmləkətimizdə bizə əmin-amanlıq bəxş et! Allahım, bizə haqqı haqq olaraq göstər və bizi haqq yola yönəlt, habelə, bizə batili batil olaraq göstər və bizi ondan uza et!


Baxılıb: 1884


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”