Ana səhifə / Məqalələr / İmtahan

İmtahan

Ey müsəlmanlar, hamınıza, eləcə də özümə Allahdan qorxmağı nəsihət edirəm!

Yer üzündə olan insanların bir qismi Axirətə və əbədi səadətə qovuşmağa can atır, ölümü tez-tez yada salır və ölümdən sonrakı həyata tədarük görür, digərləri isə gəldi-gedər dünyaya bağlanıb nəfslərinin istəklərinə uyur və Uca Allahın hüzurunda sorğu-sual ediləcəklərini heç düşünmürlər də. Siz isə ey möminlər, TəkAllahlığı qəbul etmisiniz, namaz qılırsınız, zəkat verirsiniz və əlbəttə ki, Allahın mərhəmətinə qovuşacağınıza ümid edirsiniz. Lakin biləsiniz, tövhidi yaşayan və tövhidə dəvət edən elə bir kimsə olmamışdır ki, Allah Suhanəhu və Təalə onu imatahana çəkmiş olmasın. Bu xüsusda Uca Allah Quranda belə buyurur:

“İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” - demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də imtahan etmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.” (Ənkəbut, 2-3)

Demək, mömin bəndənin imtahan ediləcəyi labüddür.
Muhəmmədə (sallallahu aleyhi və səlləm) ilk vəhy nazil olduqdan sonra o, Xədicənin (Allah ondan razı olsun) yanına gəlir, başına gələnləri ona danışır. Xədicə (Allah ondan razı olsun) də ona Tövratı və İncili yaxşı bilən, əmisi oğlu Varaqa ibn Nofəlin yanına getməyi təklif edir. Diqqət edin, Xədicə (Allah ondan razı olsun) ona falçının, baxıcının, kahinin yanına yox, məhz dini bilən alimin yanına getməyi təklif edir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) başına gələnləri Varaqa ibn Nofələ danışdıqda Varaqa Muhəmmədə (sallallahu aleyhi və səlləm) peyğəmbərlik verildiyini yəqin edir və ona: “Kaş qövmün səni yurdundan qovacağı zaman sağ olaydım!” - deyir. Onda Peyğəmbər (sallallahu aleyhi və səlləm) təəccüblə soruşur: “Məgər onlar məni qovacaqlar?” Varaqa ona bildirib deyir: “Sənin gətirdiyinin bənzərini gətirən (yəni tövhidi təbliğ edən) elə bir kişi olmamışdır ki, onunla düşmənçilik etməsinlər.” Diqqət edin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) təəccüb edir, çünki heç vaxt qövmünə pislik etməmişdi, əksinə, hamı onu sevirdi, onu “əmin” (etibarlı olunası adam) adlandırırdılar. Niyə onu qovsunlar axı? Cavab isə artıq Varaqanın bildirdiyi kimi, daim tövhidi təbliğ edənlərlə düşmənçilik edənlərin olmasıdır.

Möhtərəm müsəlmanlar, biləsiniz, möminin bu həyatda imtahan olunması labüddür. Səhabələrdən biri Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib deyir: “Ya Rəsulullah, mən səni hamıdan çox sevirəm.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) də ona belə deyir: “Elə isə başına gələcək çətinliklərə hazır ol!”

Qardaşlar, sizə Allah yolunda əziyyətlərə məruz qalmış böyük bir şəxsiyyəti, məşhur səhabə - Xəbbab ibnul-Əratı (Allah ondan razı olsun) misal çəkmək istəyirəm. Xəbbab ibnul Ərat (Allah ondan razı olsun) hələ uşaq ikən düşmənlər onu əsir götürür və kölə edib xüzaəli Ummu Ənmar adlı bir qadına satırlar. Nəhayət, Muhəmədə (sallallahu aleyhi və səlləm) peyğəmbərlik verildikdən sonra Xəbbab (Allah ondan razı olsun) İslamı qəbul edir. Ummu Ənmar bundan xəbər tutduqda əmr edir, Xəbbabın (Allah ondan razı olsun) əl qolunu qandallayıb səhraya gətirirlər, qaynar qumun üstünə uzadıb ona özündən gedənədək işgəncələr verirlər. Təpikləyirlər, dəmiri qızdırıb bədəninə dağ basırlar, lakin Xəbbab (Allah ondan razı olsun) dinindən dönmür ki, dönmür. Bu işgəncələr aylarla davam edir, onun bədənində salamat yer qalmır, vücudunun demək olar ki, hər yerinə dağ basırlar. Nəhayət, bir gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) libasına bürünüb Kəbənin kölgəsində dincəldiyi zaman Xəbab (Allah ondan razı olsun) onun yanına gəlib deyir: “Ya Rəsulullah, bizim üçün Allahdan kömək diləməyəcəksənmi, bizim üçün dua etməyəcəksənmi?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: “Sizdən əvvəl əqidəsində möhkəm olan elə kişilər var idi ki, kafirlər onları tutub torpağa basdırar, sonra da mişarla onları iki hissəyə bölərdilər, və ya dəmir daraqlarla onların başlarını sümüyədək darayardılar. Lakin bu işgəncələr onları dinlərindən döndərə bilməzdi. Vallahi, Allah bu dini tamamlayacaq, hətta iş o yerə gəlib çatacaq ki, atlı Sənadan Hədrəmövtə səfər edəcək və yolda Allahdan başqa heç kəsdən və heç nədən qorxmayacaqdır. Lakin siz tələsirsiniz.”
Diqqət edin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) əvvəlcə ona, daha çox əzab-əziyyətə məruz qalmış insanları yada salıb öz gününə şükür etməyi yəni səbirli olmağı tövsiyə edir. Sonra ona Allahın bu dini tamamlayacağını xəbər verir. Hələ Məkkə dövründə bunu deyir, və nəhayət, hicrətin 10-cu ilində Uca Allah bu ayəni nazil edir:

“...Bu gün kafirlər sizi dininizdən döndərməkdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...” (Maidə, 3)

Heç on il keçmir ki, artıq müsəlmanlar əminamanlıq içində olurlar, ərəb yarımadasında müsəlmanlar isədikləri kimi tövhidi yaşaya bilirlər. Səhabələr tövhidi bütün dünyaya yayırlar. Ömər ibn Xəttabın (Allah ondan razı olsun) xilafəti dövründə bir gün o, bir məclisdə Xəbbab ibnul-Əratı (Allah ondan razı olsun) yanına çağır, öz yanında otuzdurur və deyir: “Mənim yanımda oturmağa bir sən bir də Bilal layiqdir. Siz Allah yolunda çox əziyyətlər çəkmisiniz.” Onda Xəbab (Allah ondan razı olsun) deyir: “Düzdür, ey möminlərin əmiri. Lakin sən bilirsən ki, o vaxt Bilalı müdafiə edən onu köləlikdən azad edən tapıldı. Məni isə zalımların əlindən almağa heç kəsin gücü çatmırdı.” Ömər (Allah ondan razı olsun) ondan başına gələnləri danışmağı xahiş edir, lakin Xəbbab (Allah ondan razı olsun) acı günlərini yada salmaq istəmir. Ömər (Allah ondan razı olsun) təkid etdikdə Xəbbab (Allah ondan razı olsun) sadəcə köynəyini qaldırıb bədənində olan yanıqları onlara göstərir. Ömər (Allah ondan razı olsun) buna baxa bilmir, üzünü tutub ağlamağa başlayır.

Möhtərəm müsəlmanlar, əgər biz Peyğəmbəri (sallallahu aleyhi və səlləm) həqiqətən seviriksə bizim də başımıza müsibətlərin gəlməsi labüddür. Bəs müsibət gəldikdə nə düşünməli, nə deməli və nə etməliyik?

1) Düşünməlyik ki, Allah (Subhənahu və Təalə) bizi sevir və bizə xeyir nəsib etmək istəyir. Çünki, hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurur: “Allah bir qövmü sevdiyi zaman onları imtahana çəkər. Kim səbir edərsə, bu səbir onun lehinə, kim də gileylənərsə, bu giley onun əleyhinə olar.”

2) Həmçinin, düşünməlyik ki, getdikcə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) oxşayırıq. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm): demişdir: “İnsanlar arasında ən çox sınağa çəkilən kəslər peyğəmbərlərdir. Sonra onlara oxşarlar və oxşarlar. Adam dininə görə sınağa çəkilir. Və əgər dinində möhkəm olarsa, müsibətləri artar. Yox əgər zəif olarsa, onda dininə uyğun sınağa çəkilər. Mömin bəndənin günahları silinənədək bu müsibətlərin ona üz verməsi davam edər.”

3) Habelə, düşünməlyik ki, bu imtahan günahlarımızın silinməsi üçün kəffarədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta ayağına batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah həmin müsəlmanın günahlarını bağışlamasın.”

4) Eləcə də, düşünməlyik ki, bu imtahana səbir etməklə bizim savabımız artır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, müsibət artdıqca savab da artır.”

5) Və bir də, düşünməlyik ki, bu müsibətdən sonra yollar açılacaq, işlər yoluna qoyulacaq. Çünki Uca Allah bizə belə vəd edir:

“...Allah hər bir çətinlikdən sonra asanlıq verir.” (Talaq, 7)

Bəs nə deməliyik?

1) Müşriklər İbrahimi (ona Allahın salamı olsun) oda atdıqları zaman o nə demişdirsə, həmçinin, müttəfiqlər ordu toplayıb möminlərin üstünə gəldiyi zaman möminlər nə demişdirlərsə, biz də həmin sözü deməliyik: “Həsbunəllahu və niməl-Vəkil (Allah bizə yetər, O, nə gözə Qoruyandır)!”

2) Həmçinin, deməliyik: “İnnə lilləhi və innə iləyhi raciun!” Bu xüsusda Uca Allah belə buyurur:

“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “İnnə lillahi və innə iləyhi raciun (Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq)!” - deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Bəqərə, 155-157)

Bu xüsusda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Hansı bir müsəlmanın başına müsibət gəldikdə:

إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ، اللَّهُمَّ أْجُرْنِى فِى مُصِيبَتِى وَأَخْلِفْ لِى خَيْرًا مِنْهَا

“Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım, başıma gəlmiş bu müsibətə görə mənə savab yaz və mənə bundan xeyirlisini nəsib et!” - desə, Allah onun savabını artırar və ona bundan da xeyirlisini nəsib edər.”

3) Sıxıntı anında Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dua edərdi:

لاَ إِلَهَ إِلاَّ اللَّهُ الْعَظِيمُ الْحَلِيمُ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ رَبُّ الْعَرْشِ الْعَظِيمِ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ رَبُّ السَّمَاوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ الْعَرْشِ الْكَرِيم

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi olan Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi olan Allahdan başqa (haqq) məbud yoxdur!”

4) Həmçinin, rəvayət edilir ki, xoşagəlməz bir hadisə baş verdikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) “Əlhəmdulilahi alə kulli həl (Hər bir halda  Allaha həmd olsun)!” deyərdi.

Müsibət gəldiyi zaman isə edəcəklərimiz aşağıdakılardır:

1) Bu xüsusda Uca Allah belə buyurur:

“Səbr etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir.” (Bəqərə, 45)

İbrət üçün əvvəlkilərin başlarına müsibət gəldikdə nə etdiklərinə baxaq ki, biz də onlar kimi hərəkət edək.

1) Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə o, Rəsulullaha (sallallahu aleyhi və səlləm) baş çəkməyə gəldi. Rəsulullah (sallallahu aleyhi və səlləm) xəstələnmişdi, üstünə də xovlu yun parça salmışdı. Əbu Səid (Allah ondan razı olsun) əlini onun üstünə qoydu və qızdırmanın istiliyini parçanın üstündən hiss etdi. O, dedi: “Hərarətin nə çoxdur, ya Rəsulullah!” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Biz peyğəmbərlərin halı belədir. Bizə gələn sınaqlar artır, beləliklə də, savabımız qat-qat olur.” Əbu Səid (Allah ondan razı olsun) dedi: “Ya Rəsulullah, ən çox sınağa çəkilən insanlar kimlərdir?” O, dedi: “Peyğəmbərlər, sonra da əməlisaleh insanlar. Onlardan kimisi kasıblıqla sınağa çəkilər və iş o yerə gəlib çatardı ki, geyməyə bir şey tapmadığından əbanı kəsib geyərdi. Kimisi bitlərlə sınağa çəkilər və axırda bu bitlər onu öldürərdi. Kimisi də, sizlərdən birinin hədiyyəyə sevinməsindən daha çox müsibətə sevinərdi.”
İmtahana çəkilmiş mömin adam başına gəlmiş müsibətə görə sevinirsə, Allahın qəzavü-qədirinə razı qalırsa və buna görə Rəbbinə həmd edirsə, deməli, o, əsl mömindir.

2) Qazı Şureyh (Allah ona rəhmət etsin) demişdir: “Mənim başıma müsibət gəldikdə, buna görə mən dörd kərə Allaha həmd edirəm: həmd edirəm ki, başıma bundan daha böyük müsibət gətirmədi; həmd edirəm ki, bu müsibətə səbir etməyi mənə nəsib etdi; həmd edirəm ki, bu müsibət gəldikdə məni: “İnnə lillahi və innə iləyhi raciun!” deməyə müvəffəq etdi; və bir də, həmd edirəm ki, bu müsibəti mənim dinimə yox, dünyama aid etdi.”

3) Müsəlmanlardan bir sıxıntı içində olan mömin qardaşına təsəlli vermək üçün ona belə bir məktub yazır: “Əgər Allah sənə dost olsa heç bir düşmən sənə zərər yetirə bilməz. Yox əgər Allaha düşmən olsan, onda heç bir dost sənə kömək edə bilməz.”

Möhtərəm müsəlmanlar, biləsiniz, bu həyatda mömin adamın başına hər cür çətinlik gələ bələr. Lakin biz bilirik ki, Allah hər kəsi onun daşıya biləcəyi yüklə yükləyir. Deməli, mömin adam başına gələcək müsibətlərə dözməyə qadirdir, əlbəttə ki, əgər həqiqi mömindirsə. Belə mömin barədə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Möminin işi çox qəribədir! Həqiqətən də, onun hər bir işində xeyir vardır. Bu xüsusiyyət də yalnız möminə məxsusdur. Belə ki, ona xoş bir şey nəsib olduqda şükür edər və bu onun xeyrinə olar, habelə, başına bir müsibət gəldikdə səbir edər və bu da onun xeyrinə olar.”
Hədisdən aydın olur ki, mömin adam müsibətlərə sinə gərə bilər. Lakin elə bir dəhşətli müsibət vardır ki, o müsibət dənizi təlatümə gətirir, camaat arasına nifaq salır, onlarda bir-birinə qarşı nifrət oyadır və beləliklə də, dini kökündən zəiflədir. Bu böyük müsibət, bidətlərin meydana gəlməsidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər xütbəsinin, hər söhbətinin əvvəlində səhabələrə bidətlərdən çəkinməyi tövsiyə edib deyərdi: “Ən xeyirli kəlam Allahın Kəlamı, ən xeyirli yol isə Muhəmməd səllallahu aleyhi və sələmmin yoludur. Əməllərin ən pisi dinə əlavə edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət zəlalət, hər bir zəlalət isə Cəhənnəm oduna aparan yoldur.” Məgər səhabələr bidətçi idilər? Əlbəttə ki, yox, sadəcə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) blirdi ki, müsəlmanlar arasında ən tez yayılacaq və onları parçalayacaq şey bidətlər olacaq. Odur ki, bu böyük təhlükəni tez-tez onların yadına salırdı.
Yəqin ki, Huzeyfə ibnul-Yəməni (Allah ondan razı olsun) tanıyırsınız. Peyğəmbər (sallallahu aleyhi və səlləm) istisna olmaqla, bu səhabə Qiyamətədək baş verəcək fitnələr barədə ən çox məlumatı olan səhabədir. Bu məlumatları o, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) öyrənmişdir. Rəvayət edilir ki, bir gün Huzeyfə ibnul-Yəməni (Allah ondan razı olsun) yerdən iki daş götürüb onları bir-birinin üstünə qoyur, sonra, tələbələrinə deyir: “Bu iki daş arasından işıq görürüsünüzmü?” Onlar: “Cüzi bir işıq görürük” - deyə cavab verdikdə, Huzeyfə (Allah ondan razı olsun) dedi:  “Vaxt gələcək bidətlər ayaq açıb hər tərəfə yayılacaq və Peyğəmbərinizin (sallallahu aleyhi və səlləm) sünnəsi o bidətlər arasında, bu iki daş arasında görünən işıq kimi görünəcək. İş o yerə gəlib çatacaq ki, haqq yolda olan möminlər bidəti tərk etdikdə, bidətçilər və avamlar onları qınayıb deyəcəklər: “Bunlar haqq yoldan azmışlardır.”

Biz də hamımızın adından Allaha yalvarırıq ki, bizi tövhid əhlindən etsin, bizi başımıza gələcək müsibətlərə səbir etməyə, ələlxüsus da, “Həsbunəllahu və niməl-Vəkil!” və “İnnə lillahi və innə iləyhi raciun. Allahumməcurnə fi musibətinə və əxlif lənə xayran minhə!” deməyə, sonra da namaz qılıb Ondan kömək diləməyə müvəffəq etsin və bunun sayəsində bizim günahlarımızı bağışlasın, bizə yollar açsın və bizim kədərimizi sevinclə, çətinliyimizi də asanlıqlarla əvəz etsin.
Allah bizə başımıza gələn müsibətlərdə səbirli olmağı nəsib etsin.
Allahım, hidayət verdiyin kimsələr arasında bizə də hidayət ver! Salamatlıq bəxş etdiyin kimsələr arasında bizə də salamatlıq bəxş et! Dost qəbul etdiyin kimsələr arasında bizi də dost qəbul et! Bizə verdiklərini bərəkətli et! Qərar verdiyin şeylərin şərindən bizi qoru! Hər şeyə Sən qərar verirsən, Sənin üçün isə qərar verilməz. Dost qəbul etdiyin kimsə zəlil olmaz. Düşmənçilik etdiyin kəs isə qüdrətli olmaz. Ey Rəbbimiz! Sən xeyirxahsan və ucasan!
Allahım, İslamı və müsəlmanları izzətləndir, şirki və müşrikləri alçalt, dinin düşmənlərini darmadağın et və müvahhid qullarına zəfər bəxş elə! Allahım, bu məmləkətə və digər müsəlman ölkələrinə əmin-amanlıq və arxayınlıq bəxş et, ey aləmlərin Rəbbi! Allahım, ölkəmizdə bizə əmin-amanlıq bəxş et! Allahım, bizə haqqı haqq olaraq göstər və bizi haqq yola yönəlt, habelə, bizə batili batil olaraq göstər və bizi ondan uzaq et!
Allahım yer üzündə möminlərə hiylə quran, onlara qarşı insanların qəlbinə şübhələr salan, onları sevənləri onlardan uzaqlaşmağa və onlara nifrət etməyə çağıran hər kəsi dünyada və axirətdə rüsvay et, onları əzizlərindən ayır, onlara həm bu dünyada, həm qəbirdə, həm də Axirətdə tənhalıq nəsib et!

Əlixan Musayev

Baxılıb: 7119


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”