Ana səhifə / Hədis / Səhih Müsnəd / Səhih Müsnəd

Səhih Müsnəd

Səhih Müsnəd

Muqbil ibn Hadi əl-Vadii

Ayələrin nazil olma səbəblərindən

Tərcümə - Əlixan Musayev

Bakı  -  2003

Tərcüməçi:                  Əlixan Musayev                     

İxtisas redaktoru:      M. Qarayev

Redaktorlar:              F. Allahverdiyev                                      

                                  X. Rəfili

www.burhan.az

 

 

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Ön söz

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsus­dur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlan­ma və bizi haqq yoluna yönəltməyi diləyirik, nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yo­lu­na yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisi­dir.

«Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!»1

«Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özün­dən zövcəsini yaradan və onlardan da bir çox kişi və qa­dın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cür­bəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələri­ni kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.»2

 «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz da­nışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı ba­ğışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.»3

Bizi müsəlman kimi yaradan, düz yola yö­nəldərək hida­yət verən, aləmlə­rin Rəbbi, haqq-hesab gününün Hökm­darı olan Allaha şükürlər və həmd-sənalar olsun!

     Həqiqətən, müsəlman olub Uca Allahın tələb etdiyi şəkildə ya­şamaq böyük xöşbəxtlikdir. Şübhəsiz ki, mömin olub gələcəyə ümidlə baxmaq ölüm qorxusu ilə yaşamaqdan üstündür. Çünki həqiqi mömin ona verilən vədi heç zaman unutmur, daim Allahın nəzarəti altında olduğunu bilib həyatını xeyirli işlər görməyə sərf edir. Xöşbəxt sonluğu qazanmaq heç də asan deyildir. Bunun üçün Allahın və Onun rəsulunun (sallallahu aleyhi və səlləm) bizə bəxş etdiyi əmanətə xəyanət etmə­dən, ondan lazımınca və buyuruldu­ğu kimi istifadə etmək lazımdır. Uca Allahın bizə bəxş etdiyi əma­nət İslam dininin əvəzsiz mənbəyi sayılan Qurandır. Peyğəm­bəri­mizin (sallallahu aleyhi və səlləm) bizdə olan əmanəti isə Qura­nı – Allahın ayələrini izah edən, buyuruqların necə yerinə yetiril­məsini anla­dan sünnədir (səhih hədislərdir). Əlimizdə olan bu ki­tab məhz bir-birini tamamlayan bu iki əmanətlə bağlı  məsələlər ba­rəsində­dir. Bildiyimiz kimi Quran ayələrdən ibarətdir. Bəzi ayələ­rin nazil olması isə müəyyən bir hadisə və səbəblə bağlı olub. En­diril­miş bəzi ayələrdəki hökmlərin, əmrlərin, qadağaların və s. icrasının keyfiyyətinin anlamı bu hadisə və səbəblərin mahiyyətini tam təfsilatı ilə bilməklə bağlıdır. Elə bu səbəb­dən də müəllifin əsərini xalqımızı dini maarifləndirmə yolunda çox faydalı mənbə hesab edib onu tərcümə etmək qərarına gəldim.

     Dəyərli müsəlman qardaş və bacılarım! Bildiyimiz kimi mü­qəddəs kitabımız olan Qurani Kərim Uca Allahın bəşə­riyyətə na­zil etdiyi ən böyük möcüzələrdən biri olmaqla ya­naşı, insan yaşa­mının mənasını da heç bir kitabın ona anlada bilmədiyi halda Adəm övladına izah edən, ona qəlb rahatlığı gətirən, dünya və axirətdə səadətə qovuşduran, ecazkar kəl­mələrə malik olan bir mənbədir. Bir kitab həcmində olan bu mənbədə insanı düşündü­rəcək bütün suallara cavab vardır. Bu kitab yaşadığı yerindən və zamanından asılı olmayaraq tələblərinə riayət edən insanı işıqlı sonluğa aparıb çıxarır. Quranın ilahi kəlam olmasını sübut edən amillərdən biri də budur. Bu kitabda həqiqətən heç bir şey unu­dulmamışdır. Bu barədə Uca Allah belə buyurur:

   «Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə ola­raq nazil etdik.» 4

     Quranın ayələri iyirmi üç il ərzində Cəbrailin (aleyhis salam) vasitə­silə endirilərək toplum halına gətirilmişdir. Ayələrin iyirmi üç il ərzində nazil olub bitməsinin hikmətlərindən biri də ondakı buyu­ruqların icrasını insan üçün asanlaşdırmaq idi. Quranı əlinə alıb oxuyan kəs onun çox maraqlı üslubda olduğunun şahi­di olur. Quranın gücünün, ecazının, əzəməti­nin daha bir göstəricisi də onun sonuncu səmavi kitab olma­sındadır. Təbii ki, yer üzərinə bundan sonra heç bir peyğəm­bər göndərilməyəcəyindən heç bir ayə də nazil olmayacaq­dır. Bu kitabın möhtəşəmliyinin digər gös­təricisi də budur ki, məhz onunla, Adəmdən (aleyhis salam) Məhəm­mədə (sallallahu aleyhi və səlləm) qədər yaşa­yıb vəfat etmiş peyğəmbərlə­rin və elçilərin şəriəti tamamlanır. Uca Allah məhz Qu­rani Kə­rimdə bütün peyğəmbərlərin dini olan İslamı (təslim olmağı) ka­milləşdi­rir. Bu barədə Uca Allah belə buyurur:

   «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.».5

   «İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.»6

    Uca Allah Qurani Kərimdə peyğəmbərləri müsəlman ad­landı­rır. Çünki onların hər biri Allaha təslim olmaqla gön­dərilmişdi­lər. Qoy bir qədər məlumatsız oxucumuz bu gün müxtəlif «din» adları ilə rastlaşdığı üçün bu fikrə təəccüb­lənməsin. Əvvəla ona görə ki, bütün peyğəmbərlərin eyni etiqadda olmasını, Tək Allaha ibadət edib bütün başqa inanclardan qaçmasını və Allaha təslim olan kimsələrdən olmasını Uca Allah özü Qurani Kə­rimdə bizə bəyan edir:

   «Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”- deyə, elçi göndərdik.»7

   «Mənə müsəlmanlardan olmaq əmr edilmişdir»8

   «İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyil­di.»9

«Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətir­miş­si­nizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!»10

   «Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gə­tirin!”- deyə təlqin etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”- demişdilər.»11

     İkincisi də bəndənin Rəbbinə münasibətində təslimçilik­dən – müsəlman olmaqdan başqa nə ola bilər? Beləliklə Adəm peyğəm­bərdən (aleyhis salam) başlayan təslimçilik anlamı pey­ğəmbərimiz Mə­həmmədə (sallallahu aleyhi və səlləm) endirilən Quran vasitəsilə ka­illəş­di. Quranın bu böyük və möcüzəli qayəsi ondakı ayələ­in hansı səbəblə nazil olmasına marağı daim artırıb. Bu möv­zu ilə bağlı ərəb mənbələrində kifayət qədər əsərlər mövcud olsa da bizim ana dilimizdə olan əhatəli kitablar çox azdır. Mənim bu mövzuya müraciət etməyimin bir sə­bəbi də budur.

     Tarix boyu ayələrin nazil olma səbəbləri ilə bağlı təh­rif­çiliyə, uydurmaya, xurafatçılığa söykənən «əsərlər» də ya­zılmışdır. Təbii ki, yazılar hansısa sonradan uydurulan fir­qələrin, siyasi cərəyan­ların maraqlarını təmin etdiyi üçün müxtəlif dillərə o cümlədən də azərbaycan dilinə tərcümə edilmişdir. Bu da dində fikir ayrılığına və parçalanmalara gətirib çıxaran bir amildir. Belə hallardan qaç­maq üçün dini maarifləndirmə işini «səhih isnadlı» mənbələr üzərin­də qur­maq lazımdır. Din çox incə bir sahədir. Dinə düzgün ya­naş­ma yollarını bilməyən şəxs dərhal xurafatçıların, siyasət­bazla­rın, radikal fikirli insanların təsirinə məruz qalır. Bu tə­sirlər üçün ən münbit şərait məhz elmsizlik və cahillikdən doğur.

     Quran bütün peyğəmbərlərin mənsub olduqları bir dini kamil­ləşdirdiyi üçün o eyni zamanda özündən əvvəlki Töv­ratı, Zəburu, İncili, və s. adları bizə məlum olmayan kitab­la­rı da təsdiq edir. Elə təkcə bu faktın özü kifayət edir ki, bu kitab dönə-dönə oxu­nub sevilsin. Quranın özündən əvvəlki kitabları təsdiq etməsi ba­rədə Uca Allah belə buyurur:

   «Əlif. Ləm. Mim. Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur. O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləmə­i üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi».12

     Qurandan lazımınca faydalanmaq və Onun ecazkar təsi­rin­dən həzz almaq üçün bu əvəzsiz kitabın izahını özündə ehtiva edən bir çox elmləri də bilmək lazımdır. Bu elmlərə hədis, təfsir, ravilərin həyatını öyrənməklə məşğul olan sa­hə­lər və s. göstərmək olar. Qurana düzgün baxış bu elmlərlə tanışlıq olduqdan sonra möv­cud olduğu üçün onların öyrə­nilməsi aktual bir problemdir. Çün­ki bu sahələrin verdiyi bi­liklər olmasa Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) sünnəsinin təhrif olunma­sı asanlaşır. Qurana da sün­nəsiz (hədislərsiz) yanaşmaq in­sanı zəlalətə aparıb çıxarır. Məsə­lən, Uca Allah Qurani Kə­rim­də insanlara namaz qılmağı əmr etsə də İslamın bu rük­nünü nə cür həyata keçirməyin izahını Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) həva­lə edib. Və ya zəkat verilməsi kimi digər bir əzəmətli əmrin şərtləri də Quranda izah edilmir. Çünki bu izahlar Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) hədisləri vasi­təsilə insanlara çatdırılıb. Əgər bütün İslam şəriətini kitablara cəm et­mək mümkün olsaydı onda sayı bizə məlum olmayan kitabxana­lara ehtiyac yaranardı. Deməli Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) hədislərinin öyrənilməsi də mö­min olan insan üçün vacibdir. Bir də axı Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) dedikləri yəni, hədislər də vəhydir. Bu barədə Uca Allah belə buyurur:       

   «O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.»13

     Göründüyü kimi ayələr bizə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) itaət edib onun sünnəsinə riayət etməyi əmr edir.  Hədis elminin va­cibliyi də buradan meydana gəlir. Bu əsərin özündə də kifa­yət qədər «səhih» isnadlı hədislər mövcuddur. Hədislərin bi­zə çatdı­rılmasında isə Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) səhabələrinin və tabiinlərin əvəzsiz xidməti olmuşdur. Hədisin bu və ya digər səhabədən rəvayət olunmasını dəqiqləşdirmək və digər elmi məsə­lələri düzgün qiymətləndirmək üçün isə səhabələrin həyatını bil­mək lazımdır. Səhabələrin həyatını araşdırmaq bu sahədə xətalar­dan qaçmağa imkan verir.

     Bu əsərdə həmçinin oxucu üçün asan olsun deyə mötəri­zələrdə bəzi şərhlər verildmişdir. Qeyd edim ki, şərhlər müəllifə deyil mə­nə – tərcüməçiyə aiddir. Bundan başqa oxucumuzu yormamaq və sətirlərə qənaət etmək üçün hə­disi Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) eşidib onu bir-birinə ötürən ravilərin adlarını hədisin isna­dındakı ardıcıllıqla verilməmişdir. Müəllifin özünün istifadə et­diyi  hədis terminlərinin izahı­nın kitabın arxasında  verilməsi bi­zim müsəlman olaraq şə­riətimizlə bağlı dini terminlərin tədricən öyrə­nilməsinə şəra­it yaratması məqsədini daşıyır.

     Dəyərli qardaş və bacılarım! Həqiqətən, bizə həm bu dünyada, həm də gələcək həyatda bizi xoşbəxt edəcək bir di­nin elmi əsasla­rını öyrənmək olduqca vacibdir. İnanıram ki, bu tərcümə əsərim sizin üçün faydalı olacaq və sizi daha da pak olan dinimizə bağla­yacaq, İslam elmini və tarixini öyrənməyə həvəsləndirəcək. Uca Allahdan diləyirəm ki, O, bizim hamımızın gunahlarını ba­ğışlasın və millətimizə, dövlətimizə və ümumən müsəlman xalqına kömək olsun! Amin!

Şübhəsiz ki, bu tərcümə insan əməyinin bəhrəsidir. Odur ki, onun nöqsanlardan və xətalardan xali olmadığı üçün, bu barədə qeyd və mülahizələrini bildirəcək oxuculara əvvəlcə­dən təşəkkür edirik. Onların dəyərli məsləhətləri bu kitabın gələcək nəşrlərində nəzərə alınacaqdır. Kamillik təkcə Alla­ha məxsusdur, məsum olan isə insanların ən şərəflisi Mə­həmməd peyğəmbərdir.

 

                                                                         Tərcüməçidən

 



1 [ «Ali İmran» surəsi, 102. ]

2 [ «ən-Nisa» surəsi, 1. ]

3 [ «əl-Əhzab» surəsi, 70-71. ]

4 «ən-Nəhl» surəsi, 89.

5 «əl-Maidə» surəsi, 3.

6 «Ali-İmran» surəsi, 85.

7 «ən-Nəhl» surəsi, 36.

8 «Yunus» surəsi, 72.

9 «Ali-İmran» surəsi, 67.

10 «Yunus» surəsi, 84.

11 «əl-Maidə» surəsi, 111.

12 «Ali-İmran» surəsi, 1-3.

13 «ən-Nəcm» surəsi, 3-4.

 


Baxılıb: 16828


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”