Ana səhifə / Hədis / Səhih Müsnəd / Əsas qaydalar

Əsas qaydalar

Əsas qaydalar

 

     Ayələrin nazil olma səbəbləri ilə əlaqəli bir çox əsas qaydalar mövcuddur ki, bun­lardan yalnız bəzilərini qeyd etmək istəyirəm. Müxtəsər olsun deyə şeyx Mahmu­d ibn Abdulvəhhab Faidin – Allah onu qorusun – tərtib etdiyi qaydalardan məşhur və labüd olanlarını qeyd edəcəyəm.

     Birincisi, ayənin nazil olma səbəbini öyrənməkdir. Bu da iki hissədən ibarətdir;

 a) Baş vermiş hər hansı hadisəyə aid Quran ayəsinin nazil olması. Buna «əl-Məsəd» surəsinin nazil olmasını mi­sal çəkmək olar. Bu surənin nazil olma sə­bə­binin izahı barəsində inşə-Allah aşağıda da­nışacağıq.

 b) Hər hansı bir məsələnin hökmü barəsində Peyğəmbərə (sallallahu aleyhi və səlləm) veri­lən suala cavab olaraq Quran ayəsinin nazil olma­sı; Buna «ən-Nur» surəsinin 6-9-cu ayələrinin na­zil olmasını mi­sal çəkmək olar. Bu ayələrin nazil olma sə­bə­binin izahı barə­sində də inşə-Allah aşağıda danışacağıq.

     İkincisi, Ayələrin nazil olma səbəblərinin doğru olub- olmadı­ğını bilməyin yolları. Alim­­­lər ayələrin nazil olma səbəbini bilmək üçün hədislərin «səhih» olmasını, onların həqiqətən Pey­ğəm­­­bər­dən (sallallahu aleyhi və səlləm) və onun səhabələrindən varid olmasını əsas tuturlar. Həqiqətən, səhabənin də bu mövzu­da dedikləri əsas gö­tü­rü­lür.

     İbnus-Səlah «Ülumul-Hədis» əsərində (səh. 46) demiş­dir: «Üçüncü hissə: həqiqətən səhabənin (Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanına aid edərək) hər han­sı bir ayəni təfsir etməsi «müs­nəd» hədisə bən­zə­yir ki, bu da ayələrin nazil olma səbəbi və s. təfsir elmi ilə əlaqə­li olur». Buna Cabir ibn Abdullahın (radiyallahu anhu) aşağıdakı ayənin nazil olma sə­bəbi haqqında xəbər ver­mə­­­sini mi­sal göstərmək olar. O demişdir: «Yəhudilər deyər­dilər ki, əgər kişi həyat yoldaşı ilə arxa tərəf­dən, lakin Allahın halal buyurduğu yerdən cinsi əlaqədə olarsa onun uşağı çəpgöz olar». Uca Allah da, bu ayəni nazil etdi:

     «Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər is­təyirsinizsə, yaxınlaşın!»1

     Amma səhabələrin ayələri Peyğəmbərə (sallallahu aleyhi və səlləm) istinad et­mədən təfsir etməsi «məvquf» rəvayət sayılır. Ən doğru­sunu isə yal­nız Allah bilir!»

     Amma tabiinin:2 «Bu ayə filan səbəbə görə nazil olmuş­dur!»- deməsi «mürsəl» rəvayət sayılır. Mühəddislərin rəyi­nə görə, belə rəvayət yalnız bir neçə isnadla varid olduqdan sonra məqbul sa­yıla bilər.  

     Üçüncüsü, ibrət, ifadənin varid olmasında deyil, onun ümumi mə­na­sın­dadır. (Yəni ayə və hədislərdən çıxarılan nəticə­lər, hər hansı xüsusi sə­bəb­lə bağlı olub yalnız səbəb­kara şamil edilmir, əksinə bütün nəticələr ayə və hədislərin yalnız mənasın­dan çıxarı­lır.) Buna dəlil olaraq aşağıdakı hadisə­ni misal gətirmək olar.

     Ənsarlardan biri naməhrəm qadını öpdü və bu ayə nazil oldu:

    «Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır».3

    O, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: «Ey Allahın elçisi! Bu ayə yal­nız mənə aiddir?»- yəni, mənim bu hərəkətim ayənin nazil ol­masına səbəb olduğundan, bu ayənin hökmü yalnız mənə aid­dir? Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayənin hamıya şamil olundu­ğunu bə­yan etmək üçün ona belə dedi: «Xeyr, əksinə bütün üm­məti­mə aiddir!»

     İslam hüququ qaydalarını öyrənən alimlərin böyük əksəriyyə­ti bu fikirlə həmrəydirlər. Onlar, müəy­yən bir səbəbə görə nazil ol­muş ayənin və ya Pey­ğəm­bərdən (sallallahu aleyhi və səlləm) va­rid olmuş hədisin qətiy­yətlə ümumiliyə aid olduğunu dəs­təkləyirlər. Onların fikrincə, belə ayə və hədisləri ümu­milik­dən yalnız onları xüsusi­ləş­di­rən dəlillər çıxara bilər. Yalnız imam Malikdən bu­nun əksi rəvayət olunmuş­dur.

     Üçüncü bölməyə aid olan məlumatı, Məhəmməd əl-Əmin əş-Şinqi­ti­nin «Üsulil-Fiqh» adlı qeydlər dəftərindən (səh. 209-210) nəql etmi­şəm.    

     Dördüncüsü, a) Müxtəlif səbəblərə görə eyni ayənin nazil ol­ması.

     Bu qaydaya dəlil olaraq aşağıda qeyd olunmuş lənət ayəsini4 və digər ayələri5 misal göstərmək olar.

      b) Eyni səbəbə görə müxtəlif ayələrin nazil ol­ması;

     Bu qaydaya dəlil olaraq aşağıda qeyd olunmuş Müseyyi­bin (radiyallahu anhu) rəvayət et­­­­di­yi hədisi misal gətirmək olar.

     Bu hədisdə xəbər verilir ki, Əbu Talibin ölümqa­bağı Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) ona demişdir: «Mənə qadağan olunana qədər sənin uçun ba­ğış­lan­ma diləyəcəyəm!» Uca Allah da bu ayə­ni nazil etdi:

    «Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün  bağışlanma diləmək yaraş­maz!»6

    «Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməz­sən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğ­ru yolda olanları da daha yaxşı tanıyır».7

   Ayələrin nazil olma səbəblərini oxuduqca buna aid misalla­ra çox rast gələ­cək­sən.

     Beşincisi, ayənin nazil olma səbəbinin ya açıq-aydın, ya da iki­mənalı formada ifadə olunması.  

     Ravi hədisi danışarkən ayənin hansı səbəbə görə nazil olduğu­nu ya açıq-aydın, ya da ikimənalı formada rəvayət edir. Aşağıda­kı ifadələr açıq-aydın formada olan rəvayətlərə aiddir:

    «Bu ayə filan səbəbə görə nazil olmuşdur», «filan hadisə baş verdi və bu ayə nazil oldu», «Pey­ğəm­bərdən (sallallahu aleyhi və səlləm) filan şey barəsində so­ruş­­dular və bu ayə nazil oldu».

     İkimənalı formada rəvayət olunan hədislərə gəlincə, on­lara da aşağıdakı ifadələr aiddir:           

    «hesab edirəm ki, bu ayə filan şeyə aid nazil olmuşdur»,  «he­sab edirəm ki, bu ayə yalnız filan şeyə görə nazil olmuş­dur», «bu ayənin yalnız filan şeyə görə nazil olduğunu he­sab edirəm».

     Doğrusu, ravi bu ifadəni deməklə ayənin hansı səbəbə görə nazil olduğunu qətiyyətlə bildirmir. Bu iki ifadə ya ayənin hər hansı səbəbə görə nazil olmasına ehtimal olunur, ya da başqa bir şey bildirir. Ayələrin ayrı-ayrı izahlarında, yuxarıdakı ifadələrlə rəvayət olunmuş hə­dis­lərə rast gələ­cəksiniz.

     Beşinci bölməyə aid olan məlumatı, əl-Qəttaninin «Mə­bahis fi ulumil-Quran» əsərindən nəql etmi­şəm.



1 [ «əl-Bəqərə» surəsi, 223. ]

2 [ Səhabələrin ardıcılları. Suyutinin «Tədribu-r-Ravi» əsəri, 2/213; Təhha­nın «Təysirul Mustalə­həl Hədis» əsəri, səh. 202. ]

3 [ «Hud» surəsi, 114. ]

4 [ «ən-Nur» surəsi, 6-9-cu ayələrin nazil olma səbəbinə bax. ]

5 [ Misal olaraq «əl-Bəqərə» surəsi, 195-ci ayənin nazil olma səbəbinə bax. ]

6 [ «ət-Tövbə» surəsi, 113. ]

7 [ «əl-Qəsəs» surəsi, 56. ]

 


Baxılıb: 16377


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”