Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Bəqərə surəsi

Əl-Bəqərə surəsi

Əl-Bəqərə surəsi

 

     Uca Allah buyurur:

   «Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!”- deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıq­ları şeyə görə vay onların halına!»                                                                       (79-cu ayə)

     İbn Abbas (radiyallahu anhumə) rəvayət edir:

   «Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!”- deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər» ayəsi kitab əhli üçün na­zil olmuşdur.

     Bu hədisin isnadında olan Abdurrəhman ibn Alqəmədən baş­qa ravilərin hamı­sı Buxari və Muslimin istinad etdiyi mötəbər ra­vilərdir. Buna baxma­ya­raq, Nəsai, ibn Hibban və İcli onu da «si­qa» ravilərdən biri hesab etmişlər. İbn Şahin deyir ki, ibn Mehdi onun «əsbatus-siqat» ravi olduğunu söyləmişdir. Bax: «Təhzibut-Təhzib» əsərinə.

     Uca Allah buyurur:

   «Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələ­bə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar et­dilər. Allah kafirlərə lənət etsin!»                                                                                         

                                                                       (89-cu ayə)

     İbn İshaq rəvayət edir ki, Asim ibn Ömər ibn Qətadə öz qövmündən olan bir dəstə kişinin ona danışdığı hekayəni mənə rəvayət etdi. Onlar deyirdilər ki, biz müşrik və bütpərəst olarkən «kitab əhli» bizdən daha elmli idi. Bizim İslamı qəbul etməyimizə əsas səbəb də Allahın mərhəməti və hidayətindən sonra yəhudilərdən eşitdi­yimiz xəbər oldu.

     Bizimlə yəhudilər arasında tez-tez çaxnaşmalar baş verir və hər dəfə biz qalib gəldikdə onlar belə deyirdilər: «Artıq sonuncu pey­ğəm­bərin gəlişi yaxınlaşıb. O gələndə, biz onunla birlikdə sizə qarşı vuruşub Ad və İrəm qövmünün məhv edildiyi kimi sizi məhv edəcəyik». Biz bunu onlardan çox eşidirdik. Allah Öz elçi­sini göndərdiyi zaman o, bizi İslama dəvət etdi və biz də dərhal onun dəvətini qəbul etdik. Çünki onlar bizi hədələdikləri zaman xatırladıqları peyğəmbərin Məhəmməd (sallallahu aleyhi və səlləm) ol­duğunu yəqin etdik və ona iman gətirdik. Onlar isə ona inanma­yıb küfr etdilər. Bizim və onların barəsində bu ayə nazil oldu.

   «Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələ­bə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar et­dilər. Allah kafirlərə lənət etsin! »

     Bu hədis «həsən»dir, (çünki sənədində olan ibn İshaq «müdəl­lis­»dir və bu rəvayəti o «mənə rəvayət etdi» deməklə Asim ibn Ömərdən eşitdiyini təsdiq etmişdir). Çünki Zəhəbi «Mizan» əsə­rində qeyd etmişdir ki, əgər ibn İshaq açıq-aydın «mənə rəvayət etdi»- deyərək rəvayət edərsə hədis «həsən» hesab olunur.

     Uca Allah buyurur:

   «De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”».

                                                                        (97-ci ayə)

     İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, yəhudilər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedilər: «Ey Əbul-Qasim! Həqiqətən, biz sən­dən beş şey barəsin­də soruşacağıq. Əgər soruşduqlarımız barəsində bizə xəbər ver­sən, sənin Peyğəmbər olduğunu yə­qin edərik və sənin ardınca gə­lərik». Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlar­dan, İs­ra­­­il (Yəqub (aleyhis salam)) öz övladlarından and içdirib əhd al­dı­ğı kimi əhd aldı. Belə ki, onlar dedilər: «Allah bizim de­dikləri­mizə şahiddir!» Odur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «So­ruşun!». On­lar dedilər: «Bizə Peyğəmbərin əlaməti haqqın­da xəbər ver!» O dedi: «Peyğəmbərin gözləri yatır, qəl­bi isə oyaq qa­lır». Onlar de­dilər: «Ana bətnində uşağın hansı səbəbdən qız və ya oğlan ol­ması barədə bizə xəbər ver!» O dedi: «Kişinin belindən və qadının kök­sün­dən gələn su bir-birinə qarışdıqda kişidən gələn su üstün­lük təşkil etsə oğlan, qadından gələn su üstünlük təşkil etsə qız olar». Onlar de­di­lər: «İsrailin (Yəqubun (aleyhis salam)) nəyi özü­nə haram etməyi barə­də bi­­­zə xəbər ver!» O dedi: «O oturaq sinirin­dən şikayət edirdi və buna əlac tapmadıq­dan sonra dəvə ətini və südünü özünə haram etdi». Onlar bunun doğ­ru olduğunu təsdiq et­dik­dən sonra dedilər: «Bizə ildırım haqqında xəbər ver!» O dedi: «Bu, Allahın bu­ludları idarə etmək üçün müvəkkəl et­di­yi bir mə­ləkdir ki, əlindəki oddan olan «mixraqla»1 bu­ludları dağı­daraq Allahın əmr etdiyi yerə aparır». Onlar dedilər: «Bəs eşidi­lən o gurultu nədir? O dedi: «Onun səsi­dir». Onlar bu xəbəri də təsdiq etdikdən sonra dedilər: «Ar­tıq bir sualı­mız qaldı. Onun haqqında da bizə xəbər versən, sənə beyət2 edərik. Hər bir Pey­ğəm­­bərə vəhyi çatdıran mə­lək vardir. Bəs sənin (vəhy çatdıran) dostun kimdir?». O de­di: «Cəbraildir». Onlar dedilər: «Bizim düş­mə­ni­miz olan, əzab, ölüm və mühari­bə gətirən Cəb­rail?! Əgər rəh­mət, bitgi və yağış gətirən Mikaili desəydin doğru olardı». Bu vaxt Uca Allah bu ayəni nazil etdi:

   «De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”».

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (8-ci cild, səh. 242) de­mişdir: «Bu hədisi Əhməd və Təbərani rəvayət etmiş və hər iki hə­disin mətni­ni bir-birinə xəbər verən ravilərin hamısı «siqa» ravi­lərdir.

    Həmçinin Əbu Nueym «Hilyə» əsərində (4-cü cild, səh. 305) bu hədisi başqa isnadla qeyd etmiş­dir. Bu isnadda olan Bukeyr ibn Şihab haqqında ibn Həcər «Təqribut-Təhzib» əsərində demiş­dir: «məqbul» ravidir. Yəni hədisi nəql edən şəxs o zaman  «məq­bul» ravi hesab olunur ki, onun rəva­yə­tini gücləndirən başqa rə­vayət nəql olunsun. Əks halda isə o, «leyyin» ravi he­sab olunur. Bu qay­da­nı ibn Həcər əsərin müqəddimə­sində qeyd et­mişdir. La­kin ibn Cərir Təbərinin «Təfsir»ində ibn Abbasdan (radiyallahu anhumə) rəva­yət olu­nan bu hədisin bir neçə başqa isnadı da mövcud­dur ki, onlar­dan bəzisini Əhməd ibn Həmbəl «Müsnəd» əsərin­də qeyd etmiş­dir.

     İmam Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh.278)  de­miş­dir: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, bir gün bir dəstə yəhudi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Ey Əbul-Qasim! Yalnız Peyğəm­bər­lərə məlum olan xüsusiyyət­lər haqqında soruşacaqlarımız barəsində bizə xəbər ver!». O dedi: «İstə­diyiniz şey barəsində soruşun, ancaq Yə­qub (aleyhis salam) öv­ladla­rın­dan vəd aldığı kimi siz də Allah qarşı­sında vəd verin ki, əgər görsəniz dediklərim doğrudur, mənə tabe olub İslam dinini qəbul edəcəksiniz!». Onlar dedilər: «Qoy sən de­yən olsun». O dedi: «İstədiyinizi soruşun!». Onlar dedilər: «Dörd xüsusiyyət barəsin­də bizə xəbər ver: Tövrat nazil ol­mamışdan əvvəl İsrail (aleyhis salam) özünə hansı yeməyi haram etmişdi? Kişinin belindən və qadının köksündən gələn suyun keyfiyyəti necədir və necə olur ki, uşaq oğlan olur? Yazıb - oxumağı bacarmayan Pey­ğəmbər necə yatır və hansı mə­lək onun sevimli dostudur?

     O dedi: «Dediklərinizə doğru cavab versəm Allah qar­şısında ver­di­yi­niz vədi yerinə yetirmək və mənə tabe olmaq sizə vacib olacaqdır». Onlar bir daha çoxlu vədlər verdilər. O dedi: «Sizi Tövratı Musaya (aleyhis salam) nazil edən Allaha and verirəm, deyin görək, bilirsinizmi ki, İsrail - Yəqub  (aleyhis salam) çox şiddətli xəstə­liyə tutulmuş və xəstəliyi uzun müddət davam etdiyinə görə Alla­ha nəzir etmişdir ki, əgər Allah ona şəfa versə, ən sevimli yeməyi­ni və ən sevimli iç­kisini özünə haram edəcək. Onun ən sevimli yeməyi dəvə əti, ən sevimli içkisi də, onun südü idi». Onlar de­dilər: «Allaha And olsun ki, belə olub». O dedi: «Allahım! Sən onların dediklərinə şahid ol! Sizi Tövratı Musaya (aleyhis salam) nazil edən, heç bir şəriki olmayan Allaha and verirəm, deyin gö­rək, bilirsinizmi kişinin belindən gələn su ağ rəngli qatı ma­ye, qadının kök­sündən gələn su isə sarı rəngli duru ma­yedir. Bunlardan hansı üstün­lük təşkil etsə uşaq da Allahın izni ilə üstünlük təşkil edənin cinsindən olar və ona oxşayar. Ki­şi­nin be­lin­dən gələn su üstünlük təşkil etsə Allahın izni ilə oğlan uşa­ğı, qadının köksündən gələn su üstünlük təşkil etsə Allahın izni ilə qız uşağı doğular». Onlar dedilər: «Allaha and olsun ki, belədir». O dedi: «Allahım! Sən onların de­dik­lərinə şa­hid ol! Sizi Tövratı Musaya (aleyhis salam) nazil edən Allaha and veri­rəm, deyin görək, bilirsinizmi ki, yazıb – oxu­mağı bacar­ma­yan Peyğəmbərin gözləri yatır, qəlbi isə oyaq qalır». Onlar dedilər: «Allaha and olsun ki, be­lə­dir». O dedi: «Allahım! Onların dediklərinə şahid ol!». Onlar dedilər: «İndi isə mə­ləklər­dən hansının sənin sevimli dostun olduğu barədə bizə xəbər ver, bununla da biz ya sənə tabe olaq, ya da səni tərk edək». O dedi: «Həqiqə­tən, mənim sevimli dostum Cəb­rail­dir (aleyhis salam) və Allah elə bir peyğəmbər gön­dər­məyib ki, Cəbrail (aleyhis salam) onun dostu olmasın». Onlar dedilər: «Bu yerdə səni tərk etməli olacağıq. Əgər sənin dostun o yox başqa bir mələk olsaydı dediyini təsdiq edər­dik və sənə tabe olardıq». O dedi: «Si­zə, dediyimi təsdiq etməyə mane olan nədir?» Onlar dedilər: «O bizim düşmənimizdir». Bu zaman Uca Allah bu ayəni nazil etdi:

    «De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”» ayəsindən «Allahın Kitabına arxa çevirdilər» ayəsinə qə­dər.3 Bununla onlar özlərinə qarşı Allahın qəzəbi üs­tünə bir qə­zəb də artırdılar.

     Alimlər hədisin sənədində olan Şəhr ibn Həvşəb adlı ravinin etibarlı olub-olmaması barədə  ixtilaf etmiş və doğru rəyə əsasən onu hafizəsinin zəif­li­yinə görə «daif» ravi say­mışdılar. Lakin onun rəvayət etdiyi hədislər digər bu kimi rəvayətlərlə birlikdə qüvvəyə minir və mötəbər sayılır. Belə ki, Şəhr ibn Həvşəbin, İbn Abbasdan (radiyallahu anhumə) rəvayət etdiyi bu hədisi Tayalisi «Müsnəd» əsərin­də (2-ci cild, səh.11), ibn Cərir «Təfsir»ində (1-ci cild, səh.431) və ibn Səd «Təbəqat» əsərində (1-ci cild, səh.116) rəvayət etmişlər.

     İbn Cərir bu ayənin Mikaili (aleyhis salam) özlərinə sevimli dost, Cəbraili (aleyhis salam) isə düşmən hesab edən İsrail övladlarından olan yə­hu­dilərə cavab olaraq nazil olması barədə İslam alimlə­rinin həmrəy ol­duq­la­rını rəvayət etmişdir. Elə isə bu həmrəyli­yin özü də bir-birini qüvvət­lən­di­rən bu iki «daif» rəvayət üçün bir dəstəkdir.4 Birinci rəvayətin «daif» olması sənədində Bu­keyr ibn Şihabin olduğuna görə5, ikinci rəvayətin «daif» olması isə sənə­dində Şəhr ibn Həvşəbin olduğuna görədir.

     Uca Allah buyurur:

   «Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlin­cəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir!»

                                                                     (109-cu ayə)

     Əbu Şeyx «Əxlaq» əsərində demiş­dir: «Üsamə ibn Zeyd (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) uzunqulağa minib Səd ibn Ubadənin (radiyallahu anhu) ya­nına getdi və ona dedi: «Eşitdin Əbul-Hubəb, yəni Abdullah ibn Ubey ibn Səlul nə dedi?!» Sonra onun dediklərini Səd ibn Ubadə­yə (radiyallahu anhu) xəbər verdi. Səd ibn Ubadə (radiyallahu anhu) dedi: «Onu əfv et və qı­nama!» Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu əfv etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun səhabələri kitab əhlini və müşrikləri əfv edərdilər və Uca Allah da, bu ayəni nazil etdi:

   «Allah Öz əmri ilə gəlin­cəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir!»

     Hədisin sənədində olan ravilərin hamısı «siqa» ravilər­dir. Bax: Zəhəbinin «Təzkirətul-Huffaz» əsəri (2-ci cild, səh. 640) və ibn Həcərin «Təh­zibut-Təhzib» əsəri. Hədisin əsli, yəni nazil olma sə­bəbi qeyd olunmadan, Buxarinin «Səhih» əsərində (8-ci cild, səh.78) və həmçinin ibn Kəsirin «Təfsir»ində (1-ci cild, səh.135) yazılıb.

     Uca Allah buyurur:

   «Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəl­səniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir!»

                                                                      (115-ci ayə)

     İmam Muslim «Səhih» əsərində (5-ci cild, səh.209)  de­miş­dir: «İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mək­kədən Mədinəyə gedərkən minik üzərində getdiyi istiqamətə tərəf üz tutaraq namaz qıldı və bu vaxt bu ayə nazil odlu:

   «Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəl­səniz, Allahın Üzü orada olar … »

   Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 68), Nəsai «Sünən» əsərində (1-ci cild, səh. 196), Əhməd «Müs­nəd» əsərində (2-ci cild, səh. 20) və ibn Cərir «Təfsir»ində (1-ci cild, səh. 503) rəvayət etmişlər.

     Tirmizi bu hədisin «həsən-səhih» olduğunu qeyd etmişdir.

     Uca Allah buyurur:

   «Biz Evi insanlar üçün ziyarət və əmin-aman­lıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girən­lər, rüku və səcdə edən­lər üçün təmizləyin!”- dedik». 

                                                                             (125-ci ayə)

     İmam Buxari «Səhih» əsərində (2-ci cild, səh.51)  demiş­dir: «Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Ömər ibn əl-Xəttab (radiyallahu anhu) de­miş­dir: «Mən üç ayədə Rəbbimə mü­vafiq oldum». Mən: «Ey Allahın elçisi! Bəlkə İbrahimin (aleyhis salam) durdu­ğu yeri özü­müzə namazgah edək?»- deyə təklif etdik­də, Uca Allah bu ayəni nazil etdi:

   «İbrahimin dayandığı yeri namazgah edin!».  

     Yenə mən: «Ey Allahın elçisi! Bəlkə zövcələrinə hicab geyməyi əmr edə­sən?»- deyə təklif etdikdə Uca Allah «Hi­cab» ayəsini6 na­zil etdi. Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) zövcə­lə­rindən narazı olarkən mən onları hədələyib dedim: «Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən də yaxşı sövcələr versin». Bu zaman Uca Allah bu ayəni7 nazil etdi.

     Bu hədisi həmçinin imam Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 235), Muslim «Səhih» əsərində (15-ci cild, səh. 166) başqa ləfz ilə, Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 69) müxtəsər şə­kildə, ibn Kəsir «Təfsir»ində Nəsai və ibn Macədən, Təbəri «Təf­sir»ində (1-ci cild  səh. 534) rəva­yət etmişlər.

     Tirmizi bu hədisin «həsən-səhih» olduğunu qeyd etmiş­dir.

     İbn Həcər «Fəthul-Bari» əsərində Buxarinin «Təfsir» fəs­lində rəvayət etdi­yi hədisin şərhində belə demişdir: Onun tədlis etmə­məsi aydın oldu. («Yəhya ibn Səidin bu rəvayəti Huşeymin (2-ci cild, səh. 51 olan) rəvayətinin daha mötəbər olmasına bir dəstək­dir. Buxari «Səhih» əsərində bundan başqa iki yerdə əv­vəlki hədi­si «müəlləq» formada rəvayət etmişdir ki, bunun da fay­dası is­nadda olan Humeydə qayı­dır. Belə ki, o, «müdəllis»dir və bu hə­disi «Ənəsdən (radiyallahu anhu) eşitdim» deyərək rəvayət etmiş­dir. Bu­xarinin digər iki «müəlləq» sənədlə rəvayət etdiyi hədislərində Hu­mey­din «Ənəs (radiyallahu anhu) mənə xəbər verdi» deməsi bu hədisi hə­qi­qətən Ənəs­dən (radiyallahu anhu) eşitməsinə dəlalət edir.         

     Uca Allah buyurur:

    «Səfeh adamlar deyəcəklər: “Onları üz tut­duqları qiblədən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”».

                                                                      (142-ci ayə)

    Suyuti «Lübabun-Nüqul» əsərində və ibn Kəsir «Təf­sir»ində  belə deyiblər: «Bəra ibn Azib (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) «Beytülməq­disə» (Qüdsə) tərəf namaz qılır, tez-tez göyə baxıb Allahın əmrini gözləyirdi. Bu vaxt Uca Allah bu ayəni nazil etdi:

    «Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir!» 8

    Müsəlmanların bir qismi belə dedilər: «Hərgah bilsəydik, ölüb gedənlərin «Beytülməqdis»ə tərəf qıldıqları namazlar necə ola­caq?» Bu vaxt Uca Allah bu ayəni nazil etdi:

   «Allah sizin imanınızı puç etməz».8 

     Səfehlər isə belə dedilər: «Bunları əvvəlki qiblədən dön­dərən nədir?». Bu vaxt Uca Allah bu ayəni nazil etdi:

   «Səfeh adamlar deyəcəklər: “Onları üz tut­duqları qiblədən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”».

     Uca Allah buyurur:

   «Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz in­san­la­ra şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əv­vəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərq­ləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç et­məz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir».

                                                                     (143-cü ayə)

     İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh.237)  de­mişdir­: «Bəra ibn Azib (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) 16 və ya 17 ay Beytülməq­disə tərəf namaz qıldı. Lakin o, çox istəyirdi ki, qiblə Kəbəyə tərəf olsun. Bir gün o, ca­maatla bərabər əsr nama­zı­nı qıldı. Sonra onunla namaz qıl­mış səhabələrdən biri çıxdı, məsciddə namaz qı­lan və rüku halında olan bir qöv­mün yanından keçərkən dedi: «Allaha and olsun ki, Pey­ğəm­bərlə (sallallahu aleyhi və səlləm) birlikdə Məkkəyə tərəf namaz qıl­dım». On­lar da namazda ikən Məkkəyə tərəf döndülər.

   Qiblə dəyişməmişdən qabaq namaz qılanların və artıq ölüb ge­dənlərin qıldıqları namazın necə olacağını bilmirdik. Uca Allah bu ayəni nazil etdi:

   «…Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir».

   Hədisi həmçinin imam Buxari «İman» fəslində (1-ci cild, səh. 103), Əbu Davud Təyalisi «Müsnəd» əsərində, (1-ci cild, səh. 85), ibn Səd «Təbəqat» əsərində (1-ci cild, səh. 5) və ibn Cərir «Təf­sir»ində (2-ci cild, səh. 17) rə­va­yət et­miş­lər. İbn Cərir bu hədisi həmçinin ibn Abbasdan da (radiyallahu anhumə) rə­vayət etmişdir.

 İmam Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 70)  demiş­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Kəbəyə tərəf namaz qıl­mağa başladıqdan sonra səhabələr dedilər: «Ey Allahın elçisi! Bizim Bey­tül­məqdisə tə­rəf namaz qılıb, ölüb getmiş qardaş­ları­mı­zın halı necə ola­caq?». Bu vaxt Uca Allah bu ayəni nazil etdi:

   «Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir».

   Sonra imam Tirmizi demişdir: «Bu hədis «həsən-sə­hih»dir.    

   Bu rəvayətin isnadının mötəbər olmasına şübhə olsa da əvvəl­ki rəva­yət­lərlə bir yerdə bu da mötəbər hesab olunur. Bu hə­disi həmçinin Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 354), Tə­yalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 12) və Hakim «Mustəd­rək» əsərində (2-ci cild, səh. 269) rəvayət etmişlər. Hakim bu hə­disin isnadının «səhih» olduğunu demiş, Zəhəbi isə bu barədə sus­muşdur.

     Uca Allah buyurur:

   «Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyil­dir».                                                                                                   

                                                                     (144-cü ayə)

   İmam Buxari «Səhih» əsərində (2-ci cild, səh. 48)  demiş­dir­: «Bəra ibn Azib (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Bey­tülməqdisə tərəf 16 və ya 17 ay namaz qıldı. Bununla belə o, Kəbəyə tərəf namaz qılmaq istə­yirdi və bu ayə nazil oldu:

   «Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! ….»                                                                                                  

     O, Kəbəyə tərəf namaz qılmağa başladıqda yəhudilər de­dilər: «Öz qiblələ­rin­dən onları döndərən nədir?». Uca Allah bu ayəni nazil etdi.

     «De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”».

     Səhabələrdən biri Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə na­maz qıldıqdan sonra çıxıb getdi və Bey­tülməqdisə tərəf əsr nama­zını qılan, ən­sarlar­dan olan bir qöv­mün yanından keçərkən dedi: «Mən, Pey­ğəmbər­lə (sallallahu aleyhi və səlləm) Kəbəyə tərəf namaz qıldı­ğıma şəhadət edirəm!». Bu qövm də dərhal, namazda ikən Kəbə­yə tərəf döndü».

     Bu hədisi həmçinin müxtəlif ləfzlərlə Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 79), ibn Macə «Sünən» əsərində (1010-cu hədis), Əhməd «Müsnəd» əsərin­də (4-cü cild, səh. 274), Daraqutni «Sü­­nən» əsərində (1-ci cild, səh. 274), ibn Kəsir və ibn əbi Hatim «Təfsir»lərində və ibn Səd «Təbə­qat» əsərində (4-cü cild, səh. 2) rəvayət etmişlər.

     Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

    İmam Muslim «Səhih» əsərində demişdir­: «Ənəs ibn Ma­lik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Beytül­mə­q­disə tərəf namaz qılardı və bu ayə nazil oldu:

   «Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir!»                                                                                                  

     Sonra səhabələrdən biri, artıq fəcr namazının birinci rə­kətini qılmış, rükuda olan «Bənu Sələmə» qövmünün yanın­dan keçər­kən dedi: «Həqiqətən, qiblənin istiqaməti (Kəbəyə tərəf) dəyişil­di!». Onlar da dərhal həmin istiqamətə tərəf dön­dülər».

     Bu hədisi həmçinin ibn Səd «Təbəqat» əsərində (1-ci cild, səh. 4) rəvayət etmişdir.

     Uca Allah buyurur:

   «Həqiqətən, Səfa və Mərva Allahın qoyduğu nişanələr­dəndir. Kim Evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah əvəzini verəndir, Biləndir».

                                                                      (158-ci ayə)

     İmam Buxari «Səhih» əsərində (4-cü cild, səh. 244)  demişdir­: «Urva (radiyallahu anhu) Aişədən (radiyallahu anhə) so­ruşub dedi: «Bu ayəni görürsən?

   «Həqiqətən, Səfa və Mərva Allahın qoyduğu nişanələr­dəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə zi­ya­rət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz…»

 Allaha and olsun ki, heç kəsə Səfa və Mərvəni təvaf etməməkdə günah yoxdur!»

     Aişə (radiyallahu anhə) dedi: «Ey bacım oğlu! Sənin dediyin necə də pisdir! Əgər bu ayə sənin dediyin kimi təfsir olunsaydı, əlbəttə onları tə­vaf etməmək günah sayıl­maz­dı. Lakin bu ayə ənsarlar barəsin­də nazil olmuşdur. Onlar İslamı qəbul etməmişdən əvvəl ibadət et­dikləri Mənatı10 ziyarət etmək üçün «Müşəlləl»11 adlanan yer­dən yola düşürdülər. Və kim (Mənatı ziyarət etmək üçün) yola düşər­disə Səfa və Mərvəni təvaf etməyi özünə günah sayardı. İslamı qəbul etdikdən sonra isə onlar bu barədə Peyğəm­bər­dən (sallallahu aleyhi və səlləm) soruşub dedilər: «Ey Allahın elçisi! Biz cahiliyyə döv­ründə Səfa və Mərvəni təvaf etməzdik». Bu vaxt Uca Allah bu ayəni nazil etdi:

   «Həqiqətən, Səfa və Mərva Allahın qoyduğu nişanələr­dəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə zi­yarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz…»

     Aişə (radiyallahu anhə) dedi: «Artıq Peyğəmbər (sallallahu aleyhi və səlləm) Səfa və Mər­və­ni təvaf et­məyi vacib buyurdu və heç kəs (ziyarət vaxtı) onu tərk edə bil­məz».

     Sonra mən (yəni Zuhri) bu barədə Əbu Bəkr ibn Abdurrəh­mana xəbər verdim və o dedi: «Mən bu haqda heç eşitməmişəm, lakin bir qism alimdən eşitdi­yim yalnız odur ki, onlar deyirdilər: «İnsanların hamısı Səfa və Mərvəni təvaf edərdilər». O zaman ki, Uca Allah Kəbəni təvaf etməyi Qurani Kərimdə əmr etdi, Səfa və Mərvə barəsində isə heç nə demədi, onlar dedilər: «Ey Allahın el­çisi! Biz, Səfa və Mərvəni təvaf edərdik. Uca Allah da Kəbəni tə­vaf etmək barəsində ayə nazil etdi, Səfa və Mərvə haqqında isə heç bir şey demədi. Məgər Səfa və Mərvənı təvaf etməyimiz gü­nahdır?». Bu za­man Uca Allah bu ayəni nazil etdi:

   «Həqiqətən, Səfa və Mərva Allahın qoyduğu nişanələr­dəndir….».

     Əbu Bəkr ibn Abdurrəh­man dedi: «Mən bilən bu ayə cahiliyyə dövründə Səfa və Mərvəni təvaf etməyi günah hesab edən və bir də cahilliyə döv­ründə Səfa və Mərvani təvaf edib, İslama gəl­dikdən sonra isə Kəbəni təvaf etmək barəsində nazil olan ayəyə əsaslanaraq bunu günah hesab edən iki dəstəyə cavab olaraq na­zil olmuşdur».

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (4-cü cild, səh. 364 və 10-cu cild, səh. 236), Muslim «Səhih» əsərində (9-cu cild, səh. 21-24) müxtəsər şəkildə, Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 70), əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 121), Nəsai «Sünən» əsərində (5-ci cild, səh. 190), ibn Macə «Sünən» əsərində (2986-cı hədis), Əhməd «Müsnəd» əsərində (6-ci cild, səh. 144, 162, 227), Malik «Muvatta» əsərində (1-ci cild, səh. 338), Hümey­di «Müsnəd» əsərində (1-ci cild, səh. 107) rəvayət etmişlər.

    İmam Buxari (9-cu cild, səh. 242)  demişdir­: «Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, biz Səfa və Mərvəni təvaf etməyi cahiliyyə dövrünə aid olan əməllərdən he­sab edirdik və hətta İslama gəldikdən sonra belə bu ayə nazil ola­na qədər onları təvaf etməzdik».

     Bu hədisi həmçinin Muslim (9-cu cild, səh.24) və Tirmizi (4-cü cild, səh.71) rəvayət ediblər.

     Tirmizi bu hədisin «səhih» olduğunu demişdir.

     Ayənin hər iki hadisəyə görə nazil olmasına mane olan bir sə­bəb yoxdur.    

     Uca Allah buyurur:

    «Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. On­lar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə ya­xınlıq edirsiniz). Elə buna görə də O, töv­bənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için».

                                                                      (187-ci ayə)

     İmam Buxari «Səhih» əsərində (5-ci cild, səh. 31)  de­mişdir­: «Bəra ibn Azib (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələri oruc tutduqları za­man iftar etmə­miş yatsaydılar, sonradan bütün gecəni və növbəti günü axşam düşənə qədər yemək yeməzdilər. (Həmçinin zövcələ­rilə yaxınlıq etməz və su da içməzdilər).

     Qeys ibn Sirmə əl-Ənsari (radiyallahu anhu) bir gün iftar zamanı gəlib zövcə­sinə dedi: «Yeməyə bir şey varmı?» o dedi: «Xeyr, ancaq bu də­qiqə bir şey hazırlayaram». O, gün ərzində çox işlədiyi üçün (yor­ğunluğa dözmədi və) yuxu onu üstələdi. Qayıdıb onu bu vəziyyət­də görən həyat yoldaşı ona dedi: «Sən ziyana uğradın!». Günorta üstü o huşunu itirdi və bu barədə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) söylədi. Bu vaxt Uca Allah bu ayəni nazil etdi:

   «Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. On­lar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxın­lıq edirsiniz). Elə buna görə də O, töv­bənizi qəbul edib si­zi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Alla­hın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığın­dan) seçilənə qədər yeyin-için». Bu ayə nazil olduqdan sonra səhabələr çox sevindilər.

     Bu hədisi həmçinin imam Buxari «Təfsir» fəslində (8-ci cild, səh. 30), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh.265), Nəsai «Sünən» əsərində (4-cü cild, səh.121), Əh­məd «Müsnəd» əsərində (4-cü cild, səh.295), Darimi «Sü­nən» əsərində (2-ci cild, səh. 5) rəvayət etmişlər. Lakin bu rəvayətdə xüsusi qeyd olunur ki, oruc ayəsi nazil olduqda səhabələr bütün Ramazan ayını qadın­ları ilə yaxınlıq etməzdilər. Onlardan bəziləri isə nəfslərinə xəyanət edir­dilər və Uca Allah bu ayəni nazil etdi:

    «Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. On­lar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxın­lıq edirsiniz). Elə buna görə də O, töv­bənizi qəbul edib si­zi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Alla­hın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığın­dan) seçilənə qədər yeyin-için». Bu iki rəvayətdən bizə aydın olur ki, ayə hər iki səbəbə görə nazil olmuşdur.

     Uca Allah buyurur:

   «Sübh açılınca»

                                                                      (187-ci ayə)

     İmam Buxari «Səhih» əsərində (5-ci cild, səh.35) de­miş­dir­: «Səhl ibn Səd (radiyallahu anhu) rəvayət edir ki: «ağ sap qara sap­dan fərqlənincəyə qədər yeyib için» ayəsi nazil olanda, «sübh açılınca» ifadəsi hələ nazil olmamışdı. Səhabələr­dən bəziləri oruc tutmaq istədikdə ayaqlarına ağ və qara sap bağ­layar, onların rəngi aydın seçilənə qədər yeyib-içərdilər. Odur ki, Uca Allah:

     «sübh açılınca» ayəsini nazil etdi. Bundan sonra onlar başa düş­dülər ki, Uca Allah ağ sap qara sap dedikdə gündüz və gecə­ni qəsd edir».

     Bu hədisi həmçinin imam Buxari «Təfsir» fəslində (8-ci cild, səh. 31), Muslim «Səhih» əsərində (7-ci cild, səh. 220) rəvayət et­mişlər.  

     Uca Allah buyurur:                                                                                                         

   «Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl de­yildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəl­kə nicat tapasınız!»

                                                                     (189-cu ayə)

     İmam Buxari «Səhih» əsərində (4-cü cild, səh.370)  de­miş­dir­: «Bəra ibn Azib (radiyallahu anhu) deyir ki, bu ayə bizim üçün (ən­sar­lara) nazil olub. Ənsarlar həcc ziyarətin­dən qayıtdıqdan son­ra evlərinə qapılardan yox, əksinə, arxa tərəf­dən daxil olar­dı­lar. Lakin onlardan biri evinə qapısından daxil ol­du və buna görə də başqaları onu danladı­lar. Uca Allah bu ayəni nazil etdi:

   «Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxs­dir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız!»

     Bu hədisi həmçinin imam Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 249), Muslim «Səhih» əsərində (18-ci cild, səh. 161), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 12) rəva­yət etmişlər.

     Hakim «Mustədrək» əsərində (1-ci cild, səh.483)  demiş­dir­: «Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, «o zaman Qü­reyş qəbiləsi Hims əhli adlanırdı. Onlar həcc vaxtı (niyyət edib ihrama daxil olduqdan sonra) evlərinə qapıla­rından daxil olardılar. Ənsarlar və digər ərəblər isə həcc vaxtı (niy­yət edib ihrama daxil olduqdan sonra) evlərinə qa­pı­larından daxil olmazdılar. Bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) bağda idi. O, Qatiy­yə ibn Amir əl-Ənsari (radiyallahu anhu) ilə bir yerdə qapıdan çıxdı və onlar dedilər: «Ey Allahın elçisi! Qatiyyə ibn Amir (radiyallahu anhu) günah­kardır, çünki səninlə bir yerdə bağın qapısından çıxdı». O (sallallahu aleyhi və səlləm) dedi: «Bunu etməyə səni nə vadar etdi?» Qatiy­yə (radiyallahu anhu) dedi: «Sənin belə etdiyini gör­düm mən də belə et­dim». Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Axı mən Hims əhlindənəm?» O dedi: «Dinimiz ki birdir!» Uca Allah da bu ayə­ni nazil etdi

   «Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız!»

     Hakim deyir ki, bu hədis Buxari və Muslimin şərtlərinə görə «səhih»dir, lakin onlar hədisi bu əlavə ilə rəvayət etməmişlər.

     Əbul Cəvab əl-Əhvəs ibn Cəvab və Ammar ibn Zureyq Buxa­rinin əsaslandığı ravilərdən deyildir. Bu hədis yalnız Muslimin şərtinə görə rəvayət olunub. İbn Həcər «Fəthul Bari» əsərində (4-cü cild, səh. 371) demişdi: «Bu hədisin isnadı Muslimin şərtinə uyğun olmasına baxmayaraq hədis alimləri, ravilər arasında bağ­lılığın olub-olmadığı barədə ixtilaf etmişlər».

     Uca Allah buyurur:

   «Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünü­zü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir».

                                                                                           (195-ci ayə)

   İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 251)  de­mişdir­: «Hüzeyfə ibn əl-Yəmən (radiyallahu anhu) rəvayət edir ki, bu ayə Allah yolunda xərcləmək barəsində nazil olub».

     İmam Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 72)  demişdir­: «Əsləm əbu İmran ət-Tucibi deyir ki, biz Rumda olarkən rumlular bizə qarşı böyük bir qo­şun çıxardılar. Biz müsəlmanların sayı isə onlar qədər və ya on­lardan da bir az artıq idi. Misirdən olan camaata Uqbə ibn Amir, digər camaata isə Fədalə ibn Ubeyd başçılıq edirdi. Bu vaxt müsəlman­lardan biri rumluların üzərinə hücum edib özünü qoşu­nun içəri­sinə atdı. Müsəlmanlar isə qışqırıb dedi: «Sübha­nəllah! O öz əli ilə özünü təhlükəyə atdı!» Bunu eşidən  Əbu Əy­yub əl-Ənsari (radiyallahu anhu) qalxıb dedi: «Ey insanlar! Siz bu ayə­ni beləmi izah edirsiniz? Hal­buki bu ayə biz ənsarlara aid nazil olmuşdur. Uca Allah İslam di­nini izzətləndirən və bu dinin kö­məkçiləri çoxalan zaman, biz Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) gizlin bir-birimizə dedik: «Doğrudan da var-dövlətimiz azalıb. Artıq Uca Allah İslam dini­ni izzətlən­di­rib və bu dinin köməkçiləri də çoxalıb. Odur ki, var-dövlətimizi xərcləmə­yib saxlasaq və əskilmiş olanı bərpa etsək yaxşı olar». Bu vaxt Uca Allah bizə cavab olaraq Öz Peyğəmbəri­nə (sallallahu aleyhi və səlləm) bu ayəni nazil etdi:

«Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünü­zü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir». Təhlükə isə var-dövləti xərcləməyib saxlamaqda, əskilmiş ola­nı bərpa eməkdə və Allah yolunda olan ci­ha­dı tərk etməkdə idi. Əbu Əyyub əl-Ənsari (radiyallahu anhu) isə Rum torpağında dəfn olunana qə­dər Allah yolunda canı və malı ilə əzmkarlıq göstərdi».

     Bu hədis «həsən, ğərib, səhih»dir.

     Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində rəvayət et­miş, lakin «di­gər camaata isə Fədalə ibn Ubeyd başçılıq edirdi» ifadəsini «digər camaata isə Abdurrəhman ibn Xalid ibn Valid (radiyallahu anhu) rəhbərlik edirdi» ifadəsi ilə əvəz et­miş­dir.

     Tirmizinin rəvayət etdiyi hədisi həmçinin ibn Hibban «Səhih» əsərində (Heysəminin «Məva­riduz-Zaman» əsərin­də (səh. 401) qeyd olunduğu kimi), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 13), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 275) rəvayət etmişlər.

     Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu de­miş­dir.

     Zəhəbi isə bu hədisin hökmü barədə susmuşdur.

     İmam Buxari və Muslim Əsləm əbu İmrandan hədis rəvayət etməmişlər və bu hədis də onların şərtlərinə uyğun deyildir. Buna baxmayaraq Əsləm əbu İmran «siqa» ravidir. «Təhzibut-Təhzib» əsərinə bax.

     Təbərani «Mucəmul Kəbir» əsərində (22-ci cild, səh. 390)  demişdir­: «Əbu Cubeyra ibn əd-Dahhak rəvayət edir ki, ənsarlar Allah yolunda çoxlu sədəqə verirdilər. Onlara qıtlıq üz verdikdə isə var-dövlətlərini xərcləmə­yib saxladılar və Uca Allah da, bu ayəni nazil etdi:

   «Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özü­nü­zü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir». Əbu Cubeyranın səhabə olması isbat olunduğu təqdirdə hədis «səhih» hesab olunur. Onun haqqında inşəallah «əl-Hucurat» su­rəsi­nin izahında danışa­ca­ğam.

   Təbərani «Mucəmul Kəbir» və «Mucəmul Əvsət» əsər­lə­rində demişdir­: «Numən ibn Bəşir rə­vayət edir ki, müsəl­manlardan biri gü­nah edib, «Allah məni ba­ğışlamayacaq!» dedikdən sonra Uca Allah bu ayə­ni nazil etdi.

   «Öz əllərinizlə özünü­zü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir». Hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin isti­nad etdiyi ravilərdir.

     İbn Həcər «Fəthul Bari» əsərində (9-cu cild, səh. 251) Bəra ibn Azibdən (radiyallahu anhu) rəvayət olunan hədisin şərhində demişdir: «Bu ayə­ «(Malınızı) Allah yolunda xərcləyin» - ifadəsilə başladığı üçün onun nazil olma səbəbinin Allah yolunda sədəqə verməklə bağlı olması daha doğrudur».

     Mənim fikrimcə Numən ibn Bəşir (radiyallahu anhu) və Bəra ibn Azibin (radiyallahu anhu) «səhih» rəvayətlərini ləğv etməyə lüzum yoxdur, çünki bu ayə həm Allah yolunda cihadı tərk edib paxıllığından sədəqə vermə­yənə, həm də gü­nah iş görüb Allahın onu bağışlamaya­cağını zənn edənə aiddir. Daha doğrusu­nu isə Allah bilir.

     Uca Allah buyurur:

«Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər si­zin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq ve­rin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxma­yın».

                                                                      (196-cı ayə)

     Təbərani «Məcməul-Bəhreyn min Zəvaidil-Mucəmeyn» əsərin­də (2-ci cild, səh. 141)  demişdir­: «Yə'lə ibn Ümeyyə (radiyallahu anhu) rəvayət edir ki, o Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Ey Allahın elçisi, ümrə ziyarətini necə yerinə yetirim!» Uca Allah bu ayə­ni nazil etdi:

   «Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxma­yın».

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Ümrə barəsində soruşan kim idi?» Yə'lə : «mən» - deyə cavab verdikdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Paltarını də­yiş, bacardığın qədər yuyunub tə­mizlən (ihram paltarını gey) və sonra həccdə etdiyini ümrədə də et!»

     Bu hədis Buxarinin «Səhih» əsərində ayə qeyd olunma­dan rə­vayət olun­muş­dur.

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (3-cü cild, səh. 205) hə­disi Yə'lə ibn Ümeyyəyə (radiyallahu anhu) istinad edib demişdir­: «Bir kişi (radiyallahu anhu) ihram paltarını geyindikdən sonra onu ətirləyib Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi…..»  sonra bu hədisi əvvəlki hədis kimi axıra qədər rəvayət etdi».

     Təbərani bu hədisi «Mucəmul Əvsətdə» mötəbər isnadla rəva­yət etmişdir.

     İbn Həcər isə bu hədisi «Fəthul Bari» də qeyd etdikdən sonra hökmü barə­də susmuşdur.

     Qaldı ki, İbn Kəsirin bu hədisə təəccüblənməsinə, buna heç bir gərək yox­dur, çünki Təbəraninin rəvayət etdiyi bu hədisdəki «Uca Allah

 «Allah üçün həcc və ümrəni tam yerinə yetirin» ayəsini ona (sallallahu aleyhi və səlləm) nazil etdi»- ifadəsi Bu­xari və Muslimin rəvayət etdiyi «Sonra ona (sallallahu aleyhi və səlləm) vəhy nazil oldu» rəvayətini açıq­layır. İbn Əbi Hatimin istinadla Səfvan ibn Ümeyyədən gətirdiyi rəva­yətin əsli, Səfvan ibn Yə'lə ibn Ümeyyənin atasından rəvayət et­di­yi kimi izah olu­nur. Elə bu sonuncu isnadla da Buxari, Muslim, Təbərani və başqaları hədis əsərlərində bu hədisi rəvayət etmişlər».

       Uca Allah buyurur:

   «Siz­lər­dən xəstələnən və ya başındakı xəstəlikdən əziy­yət çəkən varsa, fidyə olaraq ya oruc tut­malı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin olduğunuz təq­dirdə üm­rəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməli­dir. Qurbanlıq tapmayanlar isə həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşama­yanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şid­dətli cəza verəndir».

                                                                            (196-cı ayə)

   Buxari «Səhih» əsərində (4-cü cild, səh. 387)  demişdir­: «Kə'b ibn Ucra (radiyallahu anhu) deyir ki, Hüdey­biyyədə12 Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında dayanmışdım və saçımda çoxlu bit var idi. O dedi: «Bitlər sənə əziyyət verirmi?» Mən: «bəli» - deyə ca­vab verdim. O mənə dedi: «Saçını qırx!». Bu zaman mənim barəmdə Uca Allah bu ayəni nazil etdi:

     «Siz­lər­dən xəstələnən və ya başındakı xəstəlikdən əziy­yət çəkən varsa…»

     Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Ya üç gün oruc tut, ya altı kası­ba xırda-xuruşdan sə­dəqə ver, ya da imkanın çatan qurbanı kəs!»

     Bu hədisi həmçinin İmam Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 252), «Məğazi» fəslində (8-ci cild səh. 451, 463), Muslim «Sə­hih» əsərində (8-ci cild, səh. 119, 120), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 73), əbu Davud «Sü­nən» əsərində (2-ci cild, səh. 111), İbn Macə «Sünən» əsərində (3079-cu hədis), Əhməd «Müs­nəd» əsərində (4-cü cild, səh. 231, 242, 243), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 13), Daraqutni «Sünən» əsərində (2-ci cild, səh. 298), və ibn Cərir «Təfsir»ində rəvayət etmişlər. Tirmizi deyir ki, bu hədis «həsən-sə­hih­»dir. 

     Uca Allah buyurur:

   «Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həc­ci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsna­sın­da qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqla­rı Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!»

                                                                      (197-ci ayə)

      İmam Buxari «Səhih» əsərində (4-cü cild, səh. 127)  de­mişdir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Yəmən əhli həccə gedərkən özləri ilə yol azuqəsi götür­məz­dilər və belə de­yər­di­lər: «Biz Allaha təvəkkül edirik». Mədi­nə­yə gəlib çatdıq­dan sonra isə dilənərdilər. Uca Allah da bu ayəni nazil et­di:

   «Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!»

     Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 75) və ibn Cərir «Təfsir»ində (2-ci cild, səh. 279) rəvayət et­mişlər. İbn Kəsir və Şəvkani demişdir ki, bu hədisi Abd ibn Hu­meyd və Nəsai rəvayət etmişdir.

     Uca Allah buyurur:

   «Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) si­zə günah deyildir. Ərəfatdan axışıb gəldikdə Məşərulha­ram­da Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmış­lardan idiniz».

 (198-ci ayə)

     İmam Buxari «Səhih» əsərində (5-ci cild, səh. 224)  de­mişdir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, cahiliyyə dövründə Ukaz, Məcənnə və Zül-Məcaz ticarət mərkəzləri idi. İslam gəldikdən sonra isə günah qazanma­maq üçün tövbə edib o yerlərdə ticarət etməkdən əl çəkdilər və Uca Allah bu ayəni nazil et­di:

   «Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir …».   

     Bu hədisi həmçinin İmam Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 252), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 75), Ha­kim «Mustədrək» əsərində (1-ci cild, səh. 449 və 2-ci cild, səh. 277) və ibn Cərir «Təfsir»ində (2-ci cild, səh. 273) rəvayət etmiş­lər.

     Hakim bu hədisin Buxari və Muslimin şərtinə görə «səhih» ol­du­ğunu demiş, Zəhəbi də bunu təsdiq etmişdir.

     Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh.75)  demiş­dir­: «Əbu Umamə ət-Teymi deyir ki, mən,  həcc mövsü­mündə muzdla pul qazanırdım. Camaat isə bu əməlimə görə həccimin qəbul olmayacağını deyir­di­lər. Mən ibn Öməri (radiyallahu anhumə) görüb dedim: «Ey Əbu Abdurrəhman! Mən həcc möv­sümündə muzdla pul qazanıram. Camaat isə bu əməlimə gö­rə həccimin qəbul olmayacağını deyir­?» İbn Ömər (radiyallahu anhumə) de­di: «Sən ihram geyirsən? Təlbiyə edirsən? Kəbəni təvaf edirsən? Ərə­fadan (Müzdəlifəyə) yollanırsan? Şeytana daş atırsan?» Mən onun bütün suallarına: «bəli» - deyə cavab verdikdə o dedi: «Həc­cin doğrudur. Belə ki, bir kişi Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi və sənin mənə verdiyin bu sualı ona verdikdə o susdu və Uca Allah bu ayəni nazil etdi:

«Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir …».    

     Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni ona bildirmək üçün bir nəfəri onun yanına göndərdi və həccinin qəbul olduğunu ona bildirdi».

     Bu hədis «səhih»dir.

     Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (2-ci cild, səh. 155), Daraqutni «Sünən» əsərində (2-ci cild, səh. 292) və ibn Cərir «Təfsir»ində (2-ci cild, səh. 282) rəvayət etmişlər.

     Uca Allah buyurur:

   «Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı dilə­yin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhm­lidir».

                                                                     (199-cu ayə)

     İmam Buxari «Səhih» əsərində (3-cü cild, səh. 515) de­mişdir­: «Urva (radiyallahu anhu) deyir ki, cahiliy­yə dövründə Humsdən – Qüreyş tayfası və onun törəmələ­rindən - başqa hamı Kəbənin ətrafını lüt təvaf edirdi. Humslular savab qazanmaq məqsədilə təvaf edən insanlara paltar verirdilər. Onla­rın kişiləri kişilərə, qadınları da qadınlara paltar verir və bu pal­tarda da təvaf edirdilər. Humslular kimə paltar verməsəydi o şəxs lüt təvaf edirdi. O zaman camaat Ərəfadan, Humslular isə Müz­dəlifədən dönürdü. Aişə (radiyallahu anhə) deyir ki, Humsa görə bu ayə nazil oldu:

   «Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin və onlar da Ərə­fa­dan dön­məyə başladılar.     

    Buxari «Səhih» əsərində (8-ci cild, səh. 186)  demişdir­: «Aişə (radiyallahu anhə) rəvayət edir ki, o zaman­lar Qüreyş və onların dinindən olanlar Müzdəlifədə daya­nardılar. Onları «Hums» adlandırırdılar. Digər ərəb­lər isə Ərəfa­da daya­nardılar. İs­lam dini gəldikdən sonra isə Allah pey­ğəmbərinə (sallallahu aleyhi və səlləm) Ərəfaya gəlib orada dayanmağı, sonra oradan dönməyi əmr etdi. Uca Allah bu ayədə belə buyu­rur:

   «Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin

   Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (8-ci cild, səh. 197), Əbu Da­vud «Sünən» əsərində (2-ci cild, səh. 132), Tirmizi «Sünən» əsərində (3-cü cild, səh. 625), Nəsai «Sünən» əsərində (5-ci cild, səh. 255), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 13), ibn Hibban «Məvaridiz-Zə­man» əsərində (səh. 425) və ibn Cərir «Təfsir»ində (2-ci cild, səh. 291) rəvayət etmişlər. Lakin ibn Cərir «Təf­sir»ində (2-ci cild, səh. 292) istinad edərək ibn Abbasdan (radiyallahu anhumə) rəvayət etdiyi hədis «daif»dir, çünki hədi­sin silsilə­sin­də olan ravilərdən biri - Hüseyn ibn Abdullah «daif» ravidir.

     Uca Allah buyurur:

   «İnsanların eləsi də var ki, Allahın razılığını qazan­maq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir».                          

                                                                  (207-ci ayə)

     İmam Əbu Abdullah Hakim «Mustədrək» əsərində (3-cü cild, səh. 398)  demişdir­: «İkrimə rəvayət edir ki, Süheyb (radiyallahu anhu) Məkkə­dən Mədinəyə hicrət13 etdikdə Məkkə əhli onu təqib etməyə başladı. O, ox qa­bı­nı götürüb içəri­sindən qırx ədəd ox çıxardı və dedi: «Mənə yaxın gəlsəniz, hər bi­rinizə bir ox vuraram, sonra qılıncımı çıxarıb vuruşaram və mə­nim mərd oldu­ğu­mu görərsiniz. Artıq mən, Məkkədə iki kölə qa­dın tərk etmişəm, qoy onlar sizin olsun!» Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bu ayə nazil oldu.

   «İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir». Peyğəmbər (sallallahu aleyhi və səlləm) Sü­heybi (radiyallahu anhu) gördükdə: «Əbu Yəhya ti­ca­rət­də (canını fəda etməklə) qazanc əldə etdi!»- deyib bu ayəni ona oxudu.                         

     Hakim bu hədisi həmçinin istinadla Ənəsdən (radiyallahu anhu) də rəvayət et­miş və demişdir: «Bu hədis Muslimin şərtinə görə «səhih»dir.

   Bu hədisin əksər isnadlarının «mürsəl» olması ibn Hə­cərin «İsa­bə» əsərində ibn Sə'din «Təbəqat» əsərində qeyd olun­muşdur. Bu isnadların hamısı bir-birini qüvvətlən­di­rə­rək hə­disin sabit olmasına dəlalət edir.

     Uca Allah buyurur:

   «Səndən sərxoşedici içki və qumar barəsində soruşur­lar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət var­dır. Amma günahları mənfəətlərindən daha böyükdür”».                

                                                                     (219-cu ayə)

 Bu ayənin nazil olma səbəbinə dair hədis «əl-Maidə» surəsin­də, 90-91-ci ayələrin nazil olma səbəbində qeyd olunacaq. Bu ayə­nin nazil olma səbəbinə dair Əbu Meysərə Amr ibn Şərəhbilin Ömər­dən (radiyallahu anhu) rəvayət etdiyi hədisə rast gəldim, lakin onun bu hədisi Ömərdən (radiyallahu anhu) eşitmədiyini Əbu Zuranın xəbər verməsi ilə təsdiq etdik­dən sonra burada qeyd etmədim.

     Uca Allah buyurur:

   «Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziy­yət­verici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da».

                                                                      (222-ci ayə)

    Muslim «Səhih» əsərində (3-cü cild, səh. 203)  demişdir­: «Ənəs (radiyallahu anhu) rəvayət edir ki, yəhudi­lər, qadınları heyz olduqda on­lar­la bir yerdə çörək yeməz və cinsi əlaqəyə girməzdilər. Səhabələr bu haqda Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşduqda Uca Allah bu ayəni nazil etdi:

   «Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziy­yət­verici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”».

 Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Qadınlarınızla cinsi əla­qədən baş­qa is­tədiyinizi edin!» Bu xəbər yəhudilərə çatdıqda on­lar dedi­lər: «Bu adam hər bir işdə bi­zim etdiklərimizin əksini edir!». Useyd ibn Hudeyr (radiyallahu anhu) və Abbad ibn Bişr (radiyallahu anhu) onların de­diklərini peyğəmbərə (sallallahu aleyhi və səlləm) xəbər verib dedilər: «Bəs cinsi əla­qəyə girməkdə onlara müxalif olmayaq?» Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sifəti dəyişdi və biz elə zənn etdik ki, o, bu iki nəfərə qə­zəb­ləndi. Sonra onlar çıxıb getdilər. Bu vaxt onlar üçün hədiy­yə olaraq Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına bir qab süd gətirdilər. O da bu südü onların ardınca göndərdi. Onlar da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) onlara acığı tutmadığını başa düşdülər».

     Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 74), əbu Davud «Sünən» əsərində (1-ci cild, səh. 107), Nəsai «Sü­nən» əsərində (1-ci cild, səh. 125; 135), ibn Macə «Sünən» əsə­rində (644-cü hədis), Əhməd «Müsnəd» əsərin­də (3-cü cild, səh. 246) və Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 14) rəvayət et­mişlər. Tirmizi demişdir ki, bu hədis «həsən-səhih»dir.

     Uca Allah buyurur:

    «Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər is­təyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaq­sınız. Möminləri müjdələ».

                                                                     (223-cü ayə)

     İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 257)  demişdir­: «Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, yəhudilər belə deyirdilər: «Qadına arxa tərəfdən yaxınlaşıb (Allahın buyurduğu yerdən) cinsi əlaqədə olduqda, do­ğulan uşaq çəpgöz olur. Uca Allah bu ayəni nazil etdi:

   «Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər is­təyirsinizsə, yaxınlaşın».

   Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (10-cu cild, səh. 6-7)14, Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 75), əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 215), ibn Macə «Sünən» əsərində (1925-ci hədis) və Humeydi «Müsnəd» əsərində (2 ci cild, səh. 532) rəvayət etmişlər.

     Tirmizi demişdir ki, bu hədis «həsən-səhih»dir.

     İmam Əhməd «Müsnəd» əsərində (6-ci cild, səh. 305)  demişdir­: «Abdurrəhman ibn Sabit rə­vayət edir ki, mən, Həfsə bint Abdurrəhmanın yanına gəlib de­dim: «Mən sən­dən bir məsələ barəsində soruş­maq istəyirəm, an­caq utanı­ram». O dedi: «Ey qardaşım oğlu, utanma soruş!» Mən on­dan arxa tərəfdən (Allahın halal buyurduğu yerdən) qadın­la­ra yaxınlaşmaq barədə soruşduqda o de­di: «Ummu Sələmə (radiyallahu anhu) mə­nə rəvayət edib ki, ənsarlar öz qadınlarına arxa tə­rəfdən yaxınla­şıb cinsi əlaqədə olmazdılar. Yəhudilər də be­lə deyərdilər: «Arxa tərəfdən qadına yaxınlaşdıqda doğulan uşaq çəpgöz olur». Mu­hacirlər Mədinəyə gəl­dik­dən sonra onlardan ənsar qadınlarıyla evlənənlər oldu. Onlar qadın­la­rına ar­xa tərəfdən yaxınlaşmaq istədikdə ənsar qadınları buna yol verməyib dedilər: «Peyğəmbər­dən (sallallahu aleyhi və səlləm) soruşmayana qədər bunu etməyəcək­siniz!». Qadınlardan biri Ummu Sələ­mənin (radiyallahu anhu) yanına gəlib bu barədə ondan soruşdu. O dedi: «Otur gözlə! Peyğəmbər (sallallahu aleyhi və səlləm) gələndə ondan soruşarsan». Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) gələndə qadın bu sualı ona verməyə utandı və bayıra çıxdı. Ummu Sələmə (radiyallahu anhu) özü bu barədə Peyğəm­bərdən (sallallahu aleyhi və səlləm) soruşduqda o, əmr etdi ki, həmin qadını çağır­sın­lar. Sonra o bu ayəni ona oxudu;

   «Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər is­təyirsinizsə, yaxınlaşın». Allahın buyurduğu yerdən.

     Ummu Sələmənin (radiyallahu anhu) hədisinin zahiri mənası Cabir ibn Ab­dullahın (radiyallahu anhu) hədisinə ziddir. Hər iki hədisin «səhih» olmasına baxmayaraq, Cabirin (radiyallahu anhu) hədisi Buxari və Muslimin «Səhih» əsərlərində rəvayət olunduğuna görə daha mötəbər sayılır. Həm­çinin Həfsə bint Abdurrəhmanın «siqa» ravi olduğunu yalnız İcli və ibn Hibban qeyd etmişlər. Onlar isə «mütəsahil»dir­lər.

     Qaldı ki, «Fəthul-Bari» əsərində (9 cu cild, səh. 255-256) ibn Ömərdən (radiyallahu anhumə) bu ayənin nazil olma səbəbinin qadınlarla arxa tərəfdən yaxınlıq etməklə əlaqəli olmasına dair rəvayət olunan hədisə, başda ibn Abbas (radiyallahu anhumə) olmaqla, alimlər bu səbəbi inkar et­mişlər.

     İbn Cərir Təbəri də «Təfsir»ində (2-ci cild, səh. 398) Cabir (radiyallahu anhu) və ibn Abbasın (radiyallahu anhumə) rəvayət­lə­rini qeyd edərək bu ayənin yə­hudilərə cavab olaraq nazil olduğunu de­miş­dir.

     Şəvkani bu ayənin «Təfsir»ində arxadan (Allahın haram bu­yurduğu yerdən) yaxınlıq etməyə rüxsət verənlərin dediklərini qeyd etdikdən sonra de­miş­dir: «Onların dediklərində heç bir əsas yoxdur və bu əməli onların dediklərini əsas götürərək etmək ha­ram­dır. Çünki onlar bu əməlin caiz olduğunu heç bir dəlillə əsas­landır­ma­mış­lar. Bu ayənin qadınla arxadan yaxınlıq etməyə rüx­sət verdiyini iddia edən şəxs kim­­liyindən asılı olmayaraq xəta et­miş olur. Həmçinin onlardan hər kimsə iddia etsə ki, bu ayə kişi­nin öz qadını ilə arxa tərəfdən (Allahın haram buyurduğu yerdən) yaxınlıq etməsinə görə nazil olub o kimsə bilməlidir ki, ayənin na­zil olma səbəbi heç də ayənin bu əməli halal etməsinə dəlalət et­mir. Bunu iddia edən şəxs də xəta etmiş sayılır. Əksinə, ayə bu əməlin haram olmasına dəlalət edir. Ümumiyyətlə ayələrin hər hansı bir səbəbə görə nazil olması o demək deyil ki, ayə məhz bu əməli halal etmək üçün nazil olub. Çünki ayələr hərdən əməli ha­lal etmək, hərdən də onu haram etmək üçün nazil olurdu».

     İbn Kəsir «Təfsir»ində ibn Ömərdən (radiyallahu anhumə) bu ayənin nazil olma səbəbi haqqında rəvayət olunan rəyi qeyd etdikdən sonra demiş­dir: «İbn Ömərin (radiyallahu anhumə) dediyi, əvvəldə qeyd etdiyimiz kimi qadınla arxa tərəfdən, Allahın buyurduğu yerdən, yaxınlıq et­mə­yə aiddir. Çünki Nəsainin «Sünən» əsərində istinadla rəvayət etdiyi hədisdə Nafidən: «sən, qadınlarla arxadan (Allahın haram buyurduğu yerdən) yaxınlıq etməyin caiz olduğu barədə ibn Ömərin (radiyallahu anhumə) fətva verdiyini iddia edirsən?!» soruşduqda o dedi: «Yalan deyir­lər. Həqiqət belədir ki, bir gün ibn Ömər (radiyallahu anhumə) Quran oxuyub

     «Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər is­təyirsinizsə, yaxınlaşın» ayəsinə gəlib çat­dıqda, mənə dedi: «Ey Nafi! Bu ayənin nəyə görə nazil olduğunu bilirsənmi?» Mən: «Xeyr!»- deyə cavab verdim. O dedi: «Biz Qü­reyşlilər qadınlarımıza arxa tərəfdən yaxınlaşıb, Allahın izn ver­diyi yerdən cinsi əla­qə­də olardıq. Mədinəyə gəldikdə ənsar qadın­larla evləndik. Onlarla bu cür yaxınlıq etmək istədikdə, onlar bu­na icazə vermədilər və bunu böyük günah hesab etdilər. Çünki onlar yəhudilər kimi yanı üstə yaxınlıq edirdilər. Uca Allah da bu ayəni nazil etdi.

     Bu hədisin isnadı «səhih»dir. İbn Kəsir qadınla arxadan (Alla­hın haram buyurduğu yerdən) əlaqədə olmağın haram olmasına dair bir neçə hədis qeyd etdikdən sonra demişdir: «İbn Məsud (radiyallahu anhu), Əbud-Dərda (radiyallahu anhu), Əbu Hüreyrə (radiyallahu anhu), ibn Abbas (radiyallahu anhumə) və Abdullah ibn Amr (radiyallahu anhumə) bunun haram olduğunu rəvayət etmişlər. Şübhəsiz ki, ibn Ömər də (radiyallahu anhumə) bunun haram olduğunu təsdiq et­mişdir».

     Darimi «Sünən» əsərində  demişdir­: «Səid ibn Yəsar ibn Ömərdən (radiyallahu anhu) qadınla arxadan ya­xınlıq etmək barədə soruş­duqda o demişdir: «Heç müsəlman da belə şey edərmi?».

     Bu ibn Ömərdən (radiyallahu anhumə) açıq-aydın bu əməlin haram olmasına dair varid olan «səhih» isnadlı rəvayətdir. Odur ki, İbn Ömərdən (radiyallahu anhumə) varid olmuş və bu əməlin halal və ya haram olmasına şübhə doğuran bütün rəvayətlər qeyd olunan «səhih» rəvayətə görə rədd edilir.    

     Uca Allah buyurur:

   «Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət günü­nə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz».

                                                                      (232-ci ayə)

     İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 258)  demişdir­: «Həsən rəvayət edir ki, Mə'­qəl ibn Yəsarın bacısını əri boşamışdı. Onun gözləmə müddəti bitdikdən sonra əri təkrar onunla nigah etmək is­tə­dik­də Mə'qəl buna razı olmadı və Uca Allah bu ayəni nazil etdi:

   «Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın».

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (11-ci cild, səh. 91, 408), Tir­mi­zi «Sünən» əsərində (4-cü cild, səh. 76), əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 192), Təyalisi «Müsnəd» əsərində (1-ci cild, səh. 305), Daraqutni «Sünən» əsərində (3-cü cild, səh. 223, 224), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 174) və ibn Cərir «Təfsir»ində (2-ci cild, səh. 448) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu, Hakim isə onun Buxari və Muslimin şərtlərinə uyğun olduğunu demişdir.

      Uca Allah buyurur:

     «Namazları, xüsusən də günortadan sonrakı orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun».

                                                                       (238-ci ayə)

     İmam Əhməd «Müsnəd» əsərində (5-ci cild. səh. 183)  demişdir­: «Zeyd ibn Sabit (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) zöhr namazını günorta qılardı. Səhabələrə ən çətin gələn namaz bu namaz idi. Uca Allah bu ayəni nazil etdi:15

   «Namazları, xüsusən də günortadan sonrakı orta na­ma­zı qoruyun və Allah qarşısında mütiliklə durun». Belə ki, bu namazdan əvvəl də, sonra da iki namaz var.  

     Amr ibn Əbi Hukeym və Zəburqanidən başqa bu hədisin ravi­lərinin hamısı Buxari və Muslimin istinad etdiyi ravilər­dən­dir. Onlar da «siqa» ravilərdir.

     Bu hədisi həmçinin əbu Davud «Sünən» əsərində (1-ci cild, səh. 159) Buxari «Tarixul-Kəbir» əsərində (3-cü cild, səh. 434) Tə­bə­ra­ni «Mucəmul Kəbir» əsərində (5-ci cild, səh. 131) rəvayət et­mişlər.

     Orta namaz dedikdə Buxari və Muslimin «Səhih» əsərlərində qeyd edildiyi kimi əsr namazı nəzərdə tutulur.

      Uca Allah buyurur:

   «Və Allah qarşısında mütiliklə durun».

                                                                      (238-ci ayə)

     İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 265)  de­mişdir­: «Zeyd ibn Ərqam (radiyallahu anhu) rə­vayət edir ki, biz namaz qı­larkən, ehtiyac olduqda, bir-birimizlə danışırdıq. Uca Allah da bu ayəni nazil etdi:

     «Namazları, xüsusən də günortadan sonrakı orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun». Beləliklə də na­mazda susmaq (Allaha aid olma­yan sözlər danışmamaq) bizə əmr olundu.

     Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 77), əbu Da­vud «Sünən» əsərində (1-ci cild, səh. 358) və İmam Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 368) rəvayət etmişlər.

     Təbərani «Məcməuz-Zəvaid» əsərində (6-cı cild, səh.320)  demişdir­: «İbn Abbas (radiyallahu anhumə) bu ayənin təfsirini belə vermişdir: «Səhabə­lər namaz qılarkən danı­şardılar. Onlardan birinin xidmətçisi gələrkən ona tap­şı­rıqlarını verər və namazda ikən danışardı. Sonra namazda danışmaq qa­dağan olundu». Bu hədisin isnadında olan ravilə­rin hamısı Buxa­ri və Muslimin istinad etdiyi ravilərdir.

     Qeyd: İbn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 294) de­mişdir: «Bu hədis bir qisim alimlərdə anlaşılmazlıq yarat­mışdır. Çünki onlar namazda danışmağın qadağan olunma­sının sabit qaldığını hələ Məkkə şəhərində – səhabələr Mə­dinəyə hicrət etməmişdən əvvəl və Həbəşistana hicrət etdikdən sonra - Abdullah ibn Mə­suddan (radiyallahu anhu) Buxarinin «Səhih» əsərində rəvayət olunan səhih hə­dislə əsaslandırır­lar. O, rəvayət edir ki, biz Həbəşistana hicrət et­məmişdən əvvəl namaz qılarkən  Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salam verər, o da bi­zim salamımızı alardı. Həbə­şis­tan­dan qayıt­dıqdan sonra mən, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) (o, namaz qı­larkən) salam verdim, an­caq o mənim salamımı almadı. Bu mənə hərtə­rəf­li təsir etdi. O, salam verdikdən sonra (yəni namazı bitir­dikdən sonra) dedi: «Mən namazda olduğum üçün sənin salamını alma­dım. Həqiqətən, Allah is­tə­di­yi zaman hökmlərini dəyişdirib yeni hökmlər verir. Bu hökmlərdən biri də namazda danış­ma­maqdır».

  «İbn Məsud (radiyallahu anhu) İslamı ilk qəbul edənlərdən olmuş, Həbə­şis­tana hicrət etmiş, sonra Məkkəyə qayıdıb bir daha Mədi­nəyə hic­rət etmişdir. Bu ayənin Mədinə ayəsi olmasında heç bir ixtilaf yoxdur. Bəzi alimlər də deyirlər ki, Zeyd ibn Ər­qam (radiyallahu anhu) «biz na­maz qılarkən ehtiyac olduqda bir-birimizlə danışardıq» dedikdə, ümumən danışıq haqqında xəbər verir və bu ayəni özü başa düş­düyü kimi dəlil gətirir. Daha doğ­rusunu isə Allah bilir! Bəziləri də deyirlər ki, bu ayə Mə­di­nəyə hicrət etdikdən sonra nazil olmuş­dur. Beləliklə də na­mazda da­nış­maq iki dəfə icazə verilib, iki dəfə də qadağan olunmuşdur. Birinci rəy daha doğru hesab olunur, la­kin daha ən doğrusunu bilən yalnız Allahdır».

     Mənim fikrimcə ibn Məsudun (radiyallahu anhu) hədisinə əsasən namazda danışmağı Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkədə qadağan etmiş, Mədinəyə hicrət etdikdən sonra isə namazda danışmağın qadağan olması barədə dəlil-sübut çatmayan Müaviyə ibn əl-Hə­kəm əs-Suləmi (radiyallahu anhu) kimi şəxslər namazda danışmağa başladı­lar və Uca Allah bu ayəni nazil etdi. Ən doğrusunu bilən isə Allah­dır.

     Daha geniş məlumat üçün Şəvkaninin «Neylul-Əvtar» əsərinə (2-ci cild, səh. 329, 330) və ibn Həcərin «Fəthul-Bari» əsərinə (9-cu cild, səh. 265) baxa bilərsiniz.

     Uca Allah buyurur:

   «Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğın­lıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstək­dən yapışmış olar. Allah Eşidəndir, Biləndir».

                                                                      (256-cı ayə)

     İmam əbu Cə'fər ibn Cərir Təbəri «Təfsir»ində (3-cü cild, səh. 24) demişdir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, ca­hiliyyə dövründə uşaqları bir müddət yaşa­dıqdan sonra tələf olan bəzi ənsar qadınları özlərinə borc bilərək əhd edirdilər ki, (nəzir edirdilər) əgər uşaqları yaşasa, onları yəhu­di­ləş­di­rə­cəklər. Bənu-Nadir (yəhudi qəbiləsi) Mədinədən köçüb ge­dərkən, onların arasında ənsar uşaqları da var idi. Odur ki, on­lar dedilər: «Biz övladlarımızı burada tərk edə bilmərik!». Uca Allah da bu ayəni nazil etdi:

   «Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıq­dan aydın fərqlənir».16

     Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad edərək əsaslan­dığı ravilərdir.

     Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 11) və ibn Hibban «Məvariduz-Zaman» əsərində (səh. 427) rəvayət etmişlər. Suyuti «Lü­­­babun-Nüqul» əsə­rində Nəsainin də bu hədisi rəvayət etdiyini qeyd et­miş­dir.

     Uca Allah buyurur:

   «Ey iman gətirənlər! Qazandığınız və sizin üçün tor­paqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yo­lunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngin­dir, Tərifəlayiqdir».

                                                                      (267-ci ayə)

     Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 77) demiş­dir­: «Bə­ra ibn Azib (radiyallahu anhu) rəvayət edir ki, bu ayə biz ənsarlar haqqında nazil olmuşdur. O zaman bizim xur­ma ağaclarımız var idi və hər kəs özündə olan xurmanın miqda­rına görə az və ya çox xurma gətirərdi. Bizlərdən bəziləri bir və ya iki salxım xurma gətirib məscidin yanından asardıq. Suffə əhli­nin17 isə yeməyə heç nəyi yox idi. Odur ki, onlar gəlib həmin sal­xımı ağacla vurar və yerə düşmüş yetişmiş və tam yetişməmiş xur­malardan yeyərdilər. Xeyirxah işlərə can atmayan bəzilərimiz isə bir salxım bürüşmüş və keyfiyyət­siz xurmanı gəti­rib məscidin qa­pısından asardı və Uca Allah da bu ayəni nazil etdi:

   «Ey iman gətirənlər! Qazandığınız və sizin üçün tor­paqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yo­lunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yu­mub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın». Pey­ğəm­­bər (sallallahu aleyhi və səlləm) de­di: «Sizdən birinizə, verdiyiniz xurmalar ki­mi keyfiyyətsiz bir şey verilsə idi, siz onu gözünüzü yumaraq və ya uta­na­raq götürər­diniz!»

     Bəra ibn Azib (radiyallahu anhu) deyir ki, «bundan sonra biz, ən keyfiy­yət­li ma­lımızı Allah yolunda sərf etməyə başladıq». Hədis «həsən, sə­hih, ğərib­»dir.

     Bu hədisi həmçinin ibn Macə «Sünən» əsərində (1822-ci hədis), ibn Cərir «Təfsir»ində (3-cü cild, səh. 82), ibn Əbi Hatim «Təf­sir»ində (ibn Kəsirin «Təfsir»ində (1-ci cild, səh. 320) qeyd olun­duğu kimi) və Ha­kim «Mustədrək» əsərində (2-ci cild, səh. 285) rəvayət etmişlər. Hakim bu hədisin Muslimin şərtinə uyğun oldu­ğunu qeyd etmiş, Zəhəbi də onu təsdiq­lə­mişdir.

  Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 284)  demiş­dir­: «Səhl ibn Hənif (radiyallahu anhu) atasından be­lə rəvayət edir: «Bir gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrə Allah yolunda sədəqə verməyi əmr etdi. Onlardan biri bir sal­xım bürüşmüş xurma gətirdikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) : «Bunu kim gətirib?»- deyə soruşdu. Çünki hər bir xurma­nın kim tərəfin­dən gətirildiyi ona xəbər verilirdi. Odur ki, bu ayə nazil oldu:  

   «Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alaca­ğı­nız pis şeylərdən xərcləməyə çalışmayın». Sonra Peyğəm­bər (sallallahu aleyhi və səlləm) iki növ - solğun qəhvəyi (bürüşmüş, dəyməmiş və yarpıza oxşar rənglər­də olan xurmadan sədəqə ver­məyi qadağan etdi».

  Hakim buna oxşar hədisi Süleyman ibn Kəsirdən istinadla rəva­yət etmiş və demişdir ki, bu hədis Buxari və Muslimin şərtlərinə görə səhihdir, lakin onlar bu hədisi rəvayət etməmişlər. Qeyd et­mək lazımdır ki, bu rəvayət «daif»dir. Bu­xa­rinin Süleyman ibn Kəsirdən rəvayət etdiyi hədislər isə digər hədisləri qüv­vət­ləndir­ir. Bu rəvayəti həmçinin Dara­qut­ni «Sünən» əsə­rin­də (2-ci cild, səh. 31) rəva­yət etmişdir. Hakimin Süfyan ibn Hüseyndən is­­tinad­la rəvayət etdiyi birinci hədisi həmçinin Təbə­rani «Mucəm» əsərində (6-cı cild, səh. 93) rəvayət etmişdir. Bu hədis isə «həsən»dir.

     Uca Allah buyurur:

   «Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edir­siniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz».

                                                                      (272-ci ayə)

     Əbu Cə'fər ibn Cərir Təbəri «Təfsir»ində (3-cü cild, səh. 94) demişdir­: «İbn Abbas (radiyallahu anhumə) rə­vayət edir ki, səhabələr, müşrik olan qo­hum-əqrəbalarına maddi yardım göstərmir­di­lər və Uca Allah da bu ayəni na­zil etdi:

   «Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir....».

    Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad edə­rək əsaslan­dıq­la­rı ravilərdir. İbn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 323) Nəsainin bu hədisi rə­vayət etdiyini qeyd etmişdir. Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində, Təbə­ra­ni «Mucəm» əsə­rin­də, Heysəmi «Məcməuz-Zəvaid» əsərində (6-cı cild, səh. 324) və Bəzzar «Müs­­­­nəd» əsərində rəvayət etmişlər. Hakim və Zəhəbi bu hədisin Buxari və Muslimin şərtlərinə uyğun olduğunu təsdiq etmişlər.

     Uca Allah buyurur:

   «Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətir­dilər. On­lar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış­lanma diləyirik, dönüş də yalnız Sənədir!” Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qə­dər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbi­miz, unut­saq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əv­vəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücü­müz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”».

                                                     (285 və 286-cı ayələr)

     İmam Muslim «Səhih» əsərində (2-ci cild, səh. 145)  de­miş­dir­: «Əbu Hüreyra (radiyallahu anhu) rəvayət edir ki, Uca Allah:

   «Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir»18 ayəsini Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) na­zil etdikdən son­ra, onu eşidən səhabə­lər böyük sıxıntılar keçirərək Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib, diz üstə oturub de­dilər: «Ey Allahın elçisi! Biz ba­cardığımız, sə­də­qə vermək, cihad etmək, oruc tutmaq və namaz qılmaq kimi əməlləri yerinə yetirməyə mükəlləf olduq, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücü­müz çatmır». Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara dedi: «Sizdən əvvəlki kitab əhli kimi: «eşitdik və asi olduq» - demək istəyirsiniz? Əksinə, deyin ki, eşit­dik və ita­ət etdik! Ey Rəbbimiz, bizi bağışla, Sənin dərgahına qa­yıdacağıq!». Onlar: «Eşitdik və ita­ət etdik! Ey Rəbbimiz, bizi ba­ğışla, Sənin dərgahına qayıda­ca­ğıq!» dedikdən sonra Uca Allah bu ayəni nazil etdi:

   «Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələk­lə­rinə, kitablarına və elçilərinə iman gətirdilər. On­lar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış­lanma diləyirik, dönüş də yalnız Sənədir!”»- On­lar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmrini yerinə ye­tir­di­lər və Uca Allah bu ayəni nazil etdi:

 «Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəl­ləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qa­zan­dı­ğı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unut­saq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əv­vəlki­lərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbi­miz, gücü­müz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bi­zi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayə­da­rımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”».

  Möminlər bu ayəni oxuduqda, hər dəfə: «Ey Rəbbi­miz.»- deyə dua edərək Allaha müraciət etdikdə, O, «Bəli, istəyi­nizi yeri­nə yetirdim!»- deyə cavab ve­rir».

     Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (2-ci cild, səh. 412), ibn Cərir «Təfsir»ində (3-cü cild, səh. 143) və Beyhəqi «Şüa­bul-İman» əsərində (1-ci cild, səh. 221) rəvayət etmişlər.

     İmam Muslim «Səhih» əsərində (2-ci cild, səh. 146)  demişdir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Uca Allah:

   «Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir»19 ayəsini Peyğəmbərə (sallallahu aleyhi və səlləm) na­zil etdikdən son­ra, onu eşidən səhabələr bö­yük sıxıntılar keçirdilər və Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara dedi: «Deyin ki: Eşitdik, itaət etdik və təslim olduq!». Uca Allah onların qəlblərinə iman saldıqdan sonra bu ayəni nazil etdi:

«Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazan­dı­ğı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unut­saq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əv­vəlki­lərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbi­miz, gücü­müz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayə­darımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”».  

     Möminlər bu ayəni oxuduqda hər dəfə: «Ey Rəbbi­miz,…»- de­yə dua edərək Allaha müraciət etdikcə O: «Bəli, istəyinizi yerinə yetirdim!»- deyə cavab ve­rir».


1 [ Mixraq xüsusiyyəti bizə məlum olmayan alətdir. «Nihayətu fi Ğəribil hədis» 2/25. ]

2 [ Müqavilə bağlayaraq rəhbər seçmək. «Mucəmul Vasit» səh. 79. ]

3 [ «əl-Bəqərə» surəsi, 97-101. ]

4 [ Qeyd etmək istəyir ki, hər iki rəvayət mötəbər sayılır, çünki hər iki sə­nəd bir-birini tamam­la­maqla zəifliyi aradan qaldırır və üstəlik icma da bunu təs­diqləyir. ]

5 Buxarinin «Tarixul Kəbir» əsəri (2-ci cild səh. 114-115)

6 [ «əl-Əhzab» surəsi, 53. ]

7 [ «ət-Təhrim» surəsi, 5. ]

8 [ «əl-Bəqərə» surəsi, 144. ]

9 [ «əl-Bəqərə» surəsi, 143. ]

10 [ Bütün adıdır. ]

11 [ Məkkə ilə Mədinə arasında yerləşən «Qudeyn» adlı bol suyu olan kən­din yaxınlığındakı təpənin ətəyidir. «Fəthul Bari», 3/630. ]

12 [ Hüdeybiyyə quyunun adıdır. Elə buna görə də o vadiyə Hüdeybiyyə adı verilmişdir. «Fəthul Bari» 7/506. ]

13 [ Hicrət- lüğətdə tərk etmək, istilahi mənada isə Allahın qadağan et­­­di­yi şeyləri tərk etmək deməkdir. Hicrət iki qisimdir: təhlükəli yerdən əmin-aman­lıq olan yerə və küfr olan yerdən iman olan yerə hicrət. «Fəthul-Bari» 1/23. ]

14 No'mən ibn Raşidin bu rəvayətə etdiyi «istər üzü üstə, istərsə də arxası üstə uzanmış vəziyyətdə olan qadınla yalnız icazə verilən yerdən cinsi əlaqədə olmaq» əlavə isə mötəbər sayılmır, çünki o, zəif ravilərdəndir. Bu əlavənin zəif olduğunu ibn Həcər «Fəthul-Bari» əsərində (8-ci cild, səh.40) qeyd etmişdir.   

15 İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 262) demişdir: «Əhməd bu hədisi başqa ləfz ilə də rəvayət etmişdir. Bu hədisdə deyilir: «Peyğəmbər r Zöhr namazını günorta qılardı və bu namazda onun arxasında bir və ya iki səf olardı. Bu vaxt camaatın bir qismi günorta istirahə­tində [yat­maqda], digərləri isə ticarət etməkdə idi. Elə bu səbəbdən də ayə nazil oldu». 

16 [ «əl-Bəqərə» surəsi, 256. ]

17 [ Peyğəmbərin r yanına hicrət etmiş, ev-eşiyi olmadığın­dan məs­ciddə yaşayan muhacirlər. Qurtubinin «Təfsir»i 3/340. ]

18 [ «əl-Bəqərə» surəsi, 284. ]

19 ] «əl-Bəqərə» surəsi, 284. ]

 


Baxılıb: 18963


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”