Ana səhifə / Hədis / Səhih Müsnəd / Ən-Nisa surəsi

Ən-Nisa surəsi

Ən-Nisa surəsi

 

     Uca Allah buyurur:

   «Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qor­xursunuzsa, onda xoşunuza gələn halal qadınlardan iki­si, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınız­dan qorxursunuzsa, onda onlardan bi­ri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızdıq et­məməyə daha yaxındır».

                                                                                               (3-cü ayə)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 307)  demiş­dir­: «Aişə (radiyallahu anhə) rəvayət edir ki, bir kişi hi­mayəsində saxladığı, xurma ağacına (yaxud xurmalığa) sahib ye­tim bir qızla evləndi. Bu kişinin könlündə qıza istək olmadığı hal­da, onu məhz xurma ağacına görə saxlayırdı. Uca Allah da bu ayəni nazil etdi:

   «Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qor­xursunuzsa ….»

     Elə hesab edirəm ki, qız həm xurma ağacında, həm də kişinin başqa malında onunla şərik idi.1

     Bu hədisi həmçinin İbn Cərir «Təfsir»ində (4-cü cild, səh. 232) və Muslim «Səhih» əsərində (18-ci cild, səh. 155) rəvayət etmişlər.

     Uca Allah buyurur:

   «Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israf­çılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytar­dığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər»

                                                                         (6-cı ayə)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 309)  demiş­dir­: «Aişə (radiyallahu anhə) rəvayət edir ki, bu ayə

   «Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin» yetimi himayə edən şəxsin kasıb olması təqdirdə, çəkdiyi əziyyətin müqabilində onun malından ehtiyacı olduğu qədər istifadə edə biləcəyini bəyan etmək üçün na­zil ol­muşdur».

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (18-ci cild, səh. 165,166) rəva­yət etmişdir.

     Uca Allah buyurur:

   «Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; ki­şiyə, iki qadının payı qədər pay düşür. Əgər övladların hamısı ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qo­yub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər tək­cə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideyn­lərinin hər birinə qoyub get­diyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun ana­sı­na mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qar­daş­ları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yeti­ril­dikdən və ya borcu ödənil­dikdən sonra aparılır. Vali­deynlərinizdən və övladlarınızdan hansının fayda baxı­mından sizə daha yaxın olduğunu siz bilmir­siniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müd­rikdir. Əgər vəfat etmiş zövcə­ləri­ni­zin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetiril­dik­dən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yeti­rildik­dən və ya borcunuz ödənildikdən sonra, qoyub getdi­yi­niz malın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın səkkizdə bir hissəsi onlara çatır. Əgər vəfat etmiş kişinin və ya qa­dının valideyni və övladı yoxdursa, eyni anadan bir qar­daşı və ya bir bacısı varsa, onda onların hər birinə mi­ra­sın altıda bir hissəsi düşür. Əgər onlar sayca bun­dan ar­tıq olsalar, mirasın üçdə birinə şərikdirlər. Bu bölgü, və­rəsələrə zərər yetirməmək şərti ilə vəsiyyətin yerinə ye­ti­rilməsindən və ya borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir töv­siyədir. Allah Biləndir, Həlimdir».

                                                                                                         (11-12-ci ayələr)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 311)  demiş­dir­: «Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) və Əbu Bəkr (radiyallahu anhu) məni ziyarət etmək üçün Bənu Sələmə qəbiləsinə gəldilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) məni halsız, heç nəyi dərk etmədiyim bir hal­da görüb su gətirməyi tələb etdi. O, dəstəmaz alıb onun su­yunu üzərimə səpdikdən son­ra mən ayıldım. Bu zaman (Pey­ğəmbəri (sallallahu aleyhi və səlləm) qar­şımda görüb) ondan malımı necə sərf edəcəyim barədə soruşdum. Uca Allah da bu ayələri nazil etdi:

   «Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; kişiyə, iki qadının payı qədər pay düşür …»

     Bu hədisi həmçinin Buxari (1-ci cild, səh. 313; 12-ci cild, səh. 218; 15-ci cild, səh. 4), Muslim «Səhih» əsərində (11-ci cild, səh. 55, 56), Tirmizi «Sünən» əsərində (3-cü cild, səh. 179; 4-cü cild, səh. 86), ibn Carud «Müntəqa» əsərində (səh. 319)  və İbn Cərir «Təfsir»ində (14-cü cild, səh. 276) rəvayət etmişlər.

     Tirmizi «Sünən» əsərində (3-cü cild, səh. 179)  demiş­dir­: «Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, Sə'd ibn ər-Ra­bi­nin (radiyallahu anhu) həyat yoldaşı iki qızını Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gə­ti­rib dedi: «Ey Allahın elçisi! Sə'd (radiyallahu anhu) səninlə birlikdə Uhud döyüşündə iştirak edib şə­hid ol­muş və iki qızı yetim qal­mış­dır. Uşaqların əmisi onların payına düşən malları götürüb on­lara heç nə saxlamamışdır. Onlar yalnız mal-dövlətləri ol­duqları halda ərə gedə bilərlər. Bu haqda nə deyə bilərsən?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) : «Bunun hökmünü Allah verəcək» dedikdən sonra «miras» ayəsi nazil oldu.

     Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrdən biri ilə qı­zların əmi­si­nə xəbər göndərdi ki: «Mirasın üçdə iki hissəsini Sə'din (r.a.) qızlarına, səkkizdə bir hissəsini onların anasına versin! Yer­də qalan hissəsini isə özünə götürsün!»

     Bu hədis «həsən-səhih»dir.

     Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 80), ibn Macə «Sünən» əsərində (2720-ci hədis), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 352), ibn Sə'd «Təbəqat» əsə­rində (3-cü cild, səh. 78) və Hakim «Mustədrək» əsərində (4-cü cild, səh. 370) rəvayət etmişlər.

     Hakim bu hədisin isnadının «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiq etmişdir.   

     Cabir ibn Abdullahın özü barəsində rəvayət etdiyi (radiyallahu anhu) hədisi Buxari və Muslim rəvayət etmişdir. Həmçinin Sə'd ibn ər-Rabinin (radiyallahu anhu) qızları barəsində rəvayət etdiyi hədisin isnadında olan Ab­dullah ibn Məhəmməd hafizəsi zəif olan «səduq» ravidir. Odur ki, birinci rəvayət ikincisindən daha etbarlı sayılır. Lakin qeyd et­mək lazımdır ki, ayənin hər iki səbəbə görə nazil olduğu ehtimal olunur.

     Uca Allah buyurur:

   «Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, on­lara verdiklərinizin bir hissəsini geri al­maq üçün onları sıxışdır­mayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşla­ma­dı­ğınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun».

                                                    (19-cu ayə)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 314)  demiş­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, ca­hiliyyə dövründə bir kişi öldükdə, qohumları zorla onun həyat yoldaşına varis çıxaraq ya özlərindən biri onunla evlənir, ya istə­diklərinə ərə verir, ya da ona istədiyinə ərə getməkdə mane olur­du­lar. Bu məsələdə kişinin qohumları qadının qohumlarından da­ha çox hüquqlara malik idilər. Uca Allah da bu ayəni nazil etdi.

   «Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, on­lara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdır­mayın».

     Bu hədisi həmçinin Buxari «İkrah» fəslində (15-ci cild, səh. 353), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 193) və İbn Cərir «Təfsir»ində (4-cü cild, səh. 305) rəvayət et­mişlər.

     İbn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 465)  demiş­dir­: «İbn  Abbas (radiyallahu anhumə) rəvayət edir ki, cahiliy­yə dövründə qa­dı­nın əri öldükdən sonra bir nəfər (ərinin qohum­larından) gə­lib onun üzərinə paltar atmaqla ona sahib çıxardı. Buna görə də bu ayə nazil oldu».

     Əli ibn Bəziymədən başqa hədisin isnadında olan ra­vi­lə­rin ha­mısı Bu­xa­ri və Muslimin istinad etdiyi ravilərdir. Əli ibn Bəziymə­yə gəlincə, «Sünən» əsərinin müəllifləri (Əbu Davud, Tirmizi, Nə­sai və İbn Macə) ondan hədis rəvayət etmişlər və bu ravi «siqa» ravi hesab olunur.

     İbn Cərir Təbəri «Təfsir»ində (4-cü cild, səh. 305)  de­miş­dir­: «Əbu Umamə (radiyallahu anhu) rəvayət edir ki, Əbu Qeys ibnul Əslət vəfat etdikdən sonra oğlu onun ar­vadı ilə evlənmək is­tədi. Cahiliyyə dövründə bu cür evlənmə adi hal idi və ona görə də bu ayə nazil oldu».

     İbn Həcər «Fəthul Bari» əsərində (9-cu cild, səh. 305) və Suyuti «Lübabun-Nüqul» əsərində bu hədisin isnadının «həsən» olduğunu qeyd etmişlər.

     Uca Allah buyurur:

   «Olub-keçənlər istisna olmaqla bundan sonra ata­la­rı­nı­zın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqi­qətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yol­dur»

                                                                        (22-ci ayə)

     İbn Cərir «Təfsir»ində (4-cü cild, səh. 318)  demiş­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, İslam şəriətində evlənməsi haram olan qa­dın­lar İslamaqədərki ərəb cəmiyyətində də yasaq edilmişdilər. Lakin bu «hökm­də» ata­nın həyat yoldaşı və iki bacı ilə birlikdə evlənmə istisna idi. Uca Allah da bu ayəni nazil etdi.

   «Olub-keçənlər istisna olmaqla bundan sonra ata­ları­nı­zın evlənmiş olduğu qadınlarla evlənməyin …» ayə­sin­dən «…iki bacını birlikdə almaq haram edildi» ayə­sinə qədər.2

     Məhəmməd ibn Abdullah Məx­rə­midən başqa hədisin is­nadın­da olan ravilərin hamısı Buxari və Muslimin istinad et­diyi ravilər­dir. Həm­çi­­nin o da «siqa» ravidir.

     Uca Allah buyurur:

   «Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadın­ları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belə­dir. Bunlardan başqaları ilə, öz malınızla, nikah et­mək­lə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldı­ğı­nı­za görə onlara, vacib buyurulmuş mehrləri­ni verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaş­dı­ğı­nız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müd­rikdir»

                                           (24-cü ayə)

     Muslim «Səhih» əsərində (10-cu cild, səh. 35)  demiş­dir­: «Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Huneyn döyüşündə qoşun ha­zırlayıb Əvtasa göndərdi. Onlar düşmənə qalib gəldikdən sonra cariyələrə sahib oldular. Lakin səhabələrdən bir qismi elə zənn et­di ki, ərləri müşrik olan cariyələrlə evlənməklə günah qazana­caq­lar. Uca Allah da bu ayəni nazil etdi»:

   «Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadın­ları almaq da sizə haram edildi». Yəni gözləmə müddəti bitdikdən sonra həmin cariyə­lərlə evlənmək sizə halal buyuruldu.

     Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 86), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 213), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 91), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 72, 84) və İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 2) rəvayət etmişlər. Tirmizi bu hədisin «həsən-səhih» olduğunu qeyd etmişdir.

     Uca Allah buyurur:

   «Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”- deyirlər. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan»

                                                              (51-52-ci ayələr)

     İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 133)   demiş­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Kə'b ibn əl-Əşrəf Məkkəyə gəldikdə Qüreyş­li­lər ona belə dedi: «Sən Mədinə əhlinin arasında ən xeyirli və ən şərəfli şəxsiyyətsən! Qövmün­dən ayrılıb özünü bizdən də artıq sayan bu sənbur3 (Peyğəmbər (sallallahu aleyhi və səlləm)) barəsində nə deyə bilərsən? Bax­mayaraq ki, biz ziyarətgahda qulluq edirik, oranı ziyarət etməyə gələnləri su ilə təmin edirik və onlara digər xidmətlər göstə­ri­rik». O dedi: «Siz ondan da artıq xeyirxahsınız!» Uca Allah bu ayəni nazil et­di»:

   «Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur»4 Daha sonra Uca Allah bu ayələri nazil etdi:

   «Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”- deyirlər. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan» ayəsinə qədər.

     Bu hədisi ibn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 513) qeyd et­dikdən sonra demişdir ki, bu hədisi həmçinin İmam Əhməd «Müsnəd» əsərində və ibn Hibban «Məvariduz-Zaman» əsərində (səh. 428) rəvayət etmişlər.

     İsnadda olan ravilərin hamısı Buxari və Muslimin istinad et­diyi ravilər­­dir, lakin bu isnad «mürsəl»dir.

     Uca Allah buyurur:

   «Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə et­səniz, Allaha və Axirət gününə inanır­sınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır».

                                                                      (59-cu ayə)

   Buxari «Səhih» əsərində (9-cu cild, səh. 322) demiş­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, bu ayə Abdullah ibn Huza­fə ibn Qeys (radiyallahu anhu) barəsində nazil olmuş­dur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Abdullah ibn Huzafə ibn Qeysi (radiyallahu anhu) bir dəstə üçün başçı tə­yin edib göndərən zaman onun barəsində bu ayə nazil oldu».

Hədisin izahı

     İmam Buxari «Səhih» əsərində (9-cu cild, səh. 121) de­miş­­dir­: «Əli ibn Əbi Talib (radiyallahu anhu) rəva­yət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ənsarlardan olan bir nəfəri dəstəyə başçı təyin etdi və ona itaət etməyi onlara əmr etdi. O, səfərdə ikən qəzəbləndi və onların üstünə qışqırıb dedi: «Mə­gər Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə itaət etməyi sizə əmr etmə­yib?» Onlar: «Əksinə! (İtaət et­məyi bizə əmr edib.)» - deyə cavab verdilər. O, odun top­la­yıb tonqal qalamağı əmr et­di. Onlar da buna əməl etdilər. Sonra onlara odun içinə girməyi əmr etdi. Onlar əvvəl oda girmək istədilər, sonra isə öz aralarında dedilər: «Biz cə­hən­nəm oduna düşməmək üçün Peyğəmbərə (sallallahu aleyhi və səlləm) iman gətir­mi­şik!» Bu hal od sönənə və onun (əmirin) qəzəbi sakitləşənə qədər davam etdi. Bu xəbər Peyğəmbərə (sallallahu aleyhi və səlləm) gəlib çatdıqda o dedi: «Əgər onlar odun içərisinə daxil ol­saydılar, qiyamətə qədər oradan çıxmayacaqdılar. Allah və Pey­ğəmbərinin bu­yuruqlarına zidd olan heç bir əmələ itaət olun­mur!»

     İbn Kəsir «Təfsir»ində qeyd edir ki, bu hədisi İbn Ma­cə­dən başqa «Altı kitab»ın müəlliflərinin (Buxari, Muslim, Əbu Davud, Tirmizi və Nə­sai) hamısı rəvayət etmişlər. Bundan başqa hədisi həmçinin Əhməd «Müsnəd» əsə­rin­də (1-ci cild, səh. 337), İbn Ca­rud «Müntəqa» əsərində (səh. 346) və İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 147-148) rə­vayət etmişlər.

     Uca Allah buyurur:

   «Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətir­diklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istə­yirlər. Halbuki onlara tağuta inanmamaq əmr olun­muş­dur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir. Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”- deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevir­diklə­ri­ni görürsən. Öz əlləri ilə törətdikləri əməllərə görə onla­ra müsibət üz verdikdən son­ra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istədik!”- deyə Allaha and içdikdə onla­rın halı necə ola­caq?»

                                                                                                                                                               (60, 61, 62-ci ayələr)                            

     İbn Kəsir «Təfsir»ində ( 1-ci cild, səh. 519) qeyd edir ki, Təbə­rani «Mucəm» əsərində  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, yəhudilər öz araların­da baş vermiş mübahi­sə­lə­ri həll etmək üçün kahin olan əbu Bərzə əl-Əs­ləmiyə müraciət edirdilər. Müşriklərdən olan bir dəstə də öz ara­larında baş vermiş mübahi­sə­ni həll etmək üçün ona müraciət et­dikdə Uca Allah bu ayəni nazil etdi:

   «Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətir­diklərini iddia edənləri görmədinmi ayə­sin­dən «Öz əlləri ilə törətdikləri əməllərə görə onlara mü­si­bət üz verdikdən son­ra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istə­dik!”- deyə Allaha and içdikdə onla­rın halı necə ola­caq?» ayəsi­nə qədər.                                                    

     Hədisi bu sənədlə Vahidi «Əsbabun-Nuzul» əsərində qeyd et­mişdir. Heysə­mi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 6) Təbəraninin bu rəva­yə­tini qeyd etdikdən sonra demişdir: «Bu hədisin isnadında olan ravilərin hamısı Bu­xari və Muslimin əsas­landıqları ravilərdir.

     Uca Allah buyurur:

   «Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz arala­rın­da baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim ol­mayınca iman gətirmiş ol­maz­lar».

                                                                                                                         (65-ci ayə)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 323 və 5-ci cild, səh. 431, 438)  de­miş­­dir­: «Abdullah ibn əz-Zubeyr (radiyallahu anhumə) rə­vayət edir ki, ənsar­lar­dan olan bir kişi Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) ya­nında Zubeyr (radiyallahu anhu) ilə xurma ağaclarının suvarılması üçün istifadə olunan arx barəsində mü­ba­hisə etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə dedi: «Ey Zubeyir! Öz ağac­la­rı­nı suladıqdan sonra suyu burax qonşunun bağına axsın! Bunu eşidən ənsar qəzəblənib dedi: «Ey Allahın elçisi o sə­nin əmin oğlu ol­du­ğu üçün belə hökm verdin?» Peyğəmbərin (sallallahu aleyhi və səlləm) (qəzə­bin­dən) rəngi dəyişdi və dedi: «Ey Zu­beyr, su divarın dibinə çatana qədər öz ağaclarını sula, yalnız sonra suyu qonşunun bağına burax!» Zubeyr (radiyallahu anhu) deyir ki, Alla­ha and olsun ki, bu ayə həmin hadi­sə­yə görə nazil olub.

   «Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz arala­rın­da baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim ol­mayınca iman gətirmiş olmaz­lar».

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (15-ci cild, səh. 107), Tirmizi «Sünən» əsərində (2-ci cild, səh. 289; 4-cü cild, səh. 89), Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 352), İbn Macə «Sünən» əsərində (15 və 2480-cı hədis), Əh­məd «Müsnəd» əsərin­də (4-cü cild, səh. 5), İbn Cərir «Təfsir»ində (5-ci cild səh. 158) və ibn Ca­rud «Müntəqa» əsərində (səh. 339) rəvayət et­mişlər.

     Tirmizi bu hədisin «həsən» olduğunu demişdir.

     Uca Allah buyurur:

   «Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə ola­caqlar. Onlar necə də gözəl dostlardır»

                                                                      (69-cu ayə)

     Təbərani «Mucəmus-Səğir» əsərində (1-ci cild, səh. 26)  de­miş­­dir­: «Aişə (radiyallahu anhə) rəvayət edir ki, səhabələrdən biri Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Ey Allahın elçisi! Həqiqə­tən, sən mənim üçün özümdən, ailəmdən, övladımdan və var-dövlətimdən də sevimli­sən. Mən evimdə olarkən səni xatırlayıram və səni görməyənə qədər qəlbim rahatlıq tap­mır. Hər ikimizin öləcəyini xatırlayanda isə düşünü­rəm ki, sən Cənnətə daxil olduqda peyğəmbərlərə xas olan ən yük­sək mərtəbədə olacaqsan. Mən isə ora daxil olsam qorxuram bir daha səni görməyim». Cəbrail (aleyhis salam) Uca Allahın

   «Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə ola­caqlar ….» ayəsini nazil edənə qədər Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona bir cavab vermədi.

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 7) bu rə­vayəti qeyd etdikdən sonra demişdir: «Abdullah İbn İmrandan başqa hədisin isnadında olan ravilərin hamısı Buxari və Mislimin istinad etdiyi ravilərdir. Abdullah İbn İmrana gəlincə, o da «siqa» ravidir».

     Bu hədisi həmçinin Əbu Nueym «Hilyə» əsərində (4-cü cild, səh. 240 və 8-ci cild, səh. 125) və Vahidi «Əsbabun-Nuzul» əsərin­də rəvayət etmişlər.

     Şəvkani deyir ki, Məqdisi bu hədisi «həsən» hesab etmişdir.

     İbn Kəsirin «Təfsir»ində (1-ci cild, səh. 523) bu hədisi güclən­dirən bir çox rəvayətlər vardır. 

     Uca Allah buyurur:

   «Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”- deyilən kəsləri görmədinmi? On­lara vuruşmaq va­cib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorx­duqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruş­mağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”- dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz”»

                                                                                    (77-ci ayə)

     Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 3)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Abdur­rəhman İbn Auf (radiyallahu anhu) və onun yoldaş­ları Məkkəyə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedilər: «Ey Allahın elçisi! Müşrik ol­du­ğumuz zaman hör­mət, izzət içində idik. İman gətirdikdən sonra isə zəlil, hör­mətsiz olduq». Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Artıq (onları) əfv etmək mənə əmr olundu, elə isə mühari­bədən əl çəkin!»

     Mədinəyə hicrət etdikdən sonra müharibə etmək bizə əmr olundu, mühari­bə­dən yayındıqda isə Uca Allah bu ayəni nazil etdi:

   «Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”- deyilən kəsləri görmədinmi ….»

     Bu hədisi Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 66; 307) rə­vayət etdikdən sonra onun Buxarinin şərtinə uy­ğun olduğunu qeyd etmiş, Zə­həbi də bunu təsdiq etmişdir.

     Lakin qeyd etmək lazımdır ki, Hüseyn İbn Vaqid Buxa­ri­nin istinad etdiyi ravilərdən deyildir. Hüseynə gəlincə o, Muslimin is­tinad etdiyi ravilərdəndir.

     Bu hədisi Həmçinin ibn Cərir «Təfsir»ində (5-ci cild, səh. 171)

     Uca Allah buyurur:

   «Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayar­lar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız».  

(83-cü ayə)

     Muslim «Səhih» əsərində (10-cu cild, səh. 82)  de­miş­­dir­: «Ömər ibn əl-Xəttab (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) zövcələrini müvəqqəti olaraq tərk etmişdi. Mən məscidə da­xil olduqda orada olanların kədərlə: «Allahın elçisi zövcə­lə­rini boşayıb!»- dediklərini eşitdim. Bu zaman hələ qadınlara hicab geyinmək əmr olunmamışdı. Mən öz-özümə dedim: «Bu gün mən bu məsələni mütləq öyrənəcə­yəm!» Sonra Aişənin (radiyallahu anhə) yanına gə­lib dedim: «Ey Əbu Bəkrin qızı! Sən o həddə çatmısan ki, Allahın elçisinə (sallallahu aleyhi və səlləm) əziy­yət verirsən?» O dedi: «Mənim etdiklərimin sənə heç bir aidiy­yatı yoxdur. Yax­şı olar ki, sən öz qızına nəsihət verəsən». Mən Həfsənin (radiyallahu anhə) yanına gəlib dedim: «Ey Həfsə, sən o həddə çat­misan ki, Allahın el­çisinə (sallallahu aleyhi və səlləm) əziyyət verirsən? Allaha and olsun ki, Pey­ğəm­bə­rin (sallallahu aleyhi və səlləm) səni sevmə­diyini bilirsən və mən olmasay­dım o səni  boşayardı!» Həfsə (radiyallahu anhə) bunu eşitdikdə ağladı. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) harada olduğunu  soruşduqda o dedi: «O öz eyvanın­dadır».

     Mən içəri daxil olduqda Peyğəmbərin (sallallahu aleyhi və səlləm) balaca xid­mət­çi­si Rəbah (radiyallahu anhu) eyvanın astanasında oturub, ayaq­larını da Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) söykənmək üçün isti­fadə etdiyi kötüyün üzərinə uzatmışdı. Mən onu çağırıb dedim: «Ey Rəbah, Allahın el­çi­sindən (sallallahu aleyhi və səlləm) izn istə onun yanına daxil olum. O əvvəl eyvana, sonra da mənə  ba­xıb heç nə demədi. Mən yenə onu çağırıb dedim: «Ey Rəbah, Allahın elçi­sindən (sallallahu aleyhi və səlləm) izn istə onun yanı­na daxil olum». O əvvəl eyvana, sonra da mənə  ba­xıb heç nə demədi.  Mən onu uca səslə çağırıb dedim: «Ey Rəbah, Allahın elçisindən (sallallahu aleyhi və səlləm) izn istə onun yanına daxil olum. Mən zənn edirəm ki, Allahın elçisi mənim Həfsəni (radiyallahu anhə) müdafiə etmək üçün gəldiyimi güman edir. Allaha and ol­sun ki, o mənə əmr etsəydi, Həfsənin (radiyallahu anhə) boynunu vurardım». Bu dəfə Rəbah (radiyallahu anhu) başı ilə işarə edib Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına daxil olmağa izn verdi. Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına da­xil olduqda, o, həsirin üzərində uzanmışdı. Sonra o qalxıb otur­du və onun  əy­­nin­də  izardan5başqa heç nə yox idi. Həsirin izi onun çiynində və böyründə qal­mışdı. Mən onun ey­va­nı­na nəzər salıb gördüm ki, orada təqribən bir «saa»6ar­pa, bir o qədər akasiya ağacının qa­bığı və bir də  aşılanmış dəri­dən başqa heç bir şey yoxdur. Bu halı gördükdə mənim göz­lərim yaşla doldu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Ey ibn əl-Xəttab, sə­ni ağladan nədir?» Mən de­dim: «Ey Allahın elçisi! Nə üçün də ağlamayım. Mən görürəm ki, həsir sənin bə­də­nini bu hala salıb, eyvanında da gördüklərimdən başqa bir şey yox­dur. Qey­sər (Rum İmperatoru) və Xosrov (Fars İm­peratoru) isə cah-cəlal içərisində  yaşayırlar. Sən isə Allahın elçisi və sevimlisi, bu da sənin eyvanın!» O dedi: «Ey ibn əl-Xəttab, istəmirsən ki, dünya onlara, axirət isə bi­zə nəsib olsun?» Mən: «Əksinə! (İstəyirəm)» deyə cavab verdim. Sonra mən onun qəzəb­lən­mə­sinin səbəbini soruşub dedim: «Zövcələrin nəyə görə nara­zılıq edir? Əğər sən onları boşasan, həqiqətən Uca Allah, onun mələkləri, Cəbrail (aleyhis salam), Mi­ka­il (aleyhis salam), mən, Əbu Bəkr (radiyallahu anhu) və bütün möminlər səninləyik!» Mən çox na­dir hallarda dediklərimin Allah tərəfindən təsdiq olunmasını Ondan istəyir­dim. Uca Allah da bu barədə  ayə nazil etdi:

   «Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versə­niz, bilin ki, Allah, Cəbrail və əməli­saleh möminlər onun dostu və yardımçısıdır. Bun­lardan başqa mələklər də onun yardımçılarıdır. Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr - müsəlman, mömin, itaətkar, tövbə edən, iba­dət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər»7

     Aişə (radiyallahu anhə) və Həfsə (radiyallahu anhə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) di­ğər zöv­cə­lərini də ona qarşı  çıxmağa sövq etməkdə bir-birinə  kö­mək edirdilər. Mən dedim: «Ey Allahın elçisi, sən onları boşamı­san?» O: «Xeyr»- deyə cavab verdi. Mən de­dim: «Ey Alla­hın el­çisi! Mən məscidə daxil olduqda orada olanların kə­dərlə: «Alla­hın elçisi zövcələrini boşayıb!»- dediklərini eşit­dim. Bunun doğru  olma­dı­ğını onlara xəbər verimmi?» O dedi: «İstəyirsən xəbər ver!» Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəzəbi soyu­yub, üzündə təbəs­süm hiss olunana qədər mən onunla söh­bət etdim. O, oturduğu kötüyün üstündən qalxıb getdikdə mən dedim: «Ey Allahın elçisi, iyirmi doqquz gündür ki, otağındasan». O dedi: «Ay da iyirmi doqquz gündən ibarət olur». Mən məscid qapısının önündə da­yanıb uca səslə car çə­kib dedim: «Allahın elçisi  zövcələrini boşa­mayıb!» Uca Allahda bu ayəni nazil etdi:

   «Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayar­lar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər…..»

     Mən də o xəbərin mahiyyətinə varan şəxslərdən idim».

     Uca Allah buyurur:        

   «Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ay­rıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə ge­riyə (küfrə) qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi is­təyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bil­məzsən».

                                                                        (88-ci ayə)

     İmam Buxari «Səhih» əsərində (8-ci cild, səh. 359)  de­miş­­dir­: «Zeyd İbn Sabit (radiyallahu anhu) rəva­yət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Uhud döyüşünə get­dikdə onunla olanların bir qismi (Ab­dul­lah ibn Ubey ibn Səlul və onun tərəfdarları) geri qayıtdı. Beləliklə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələri iki dəstəyə bölündülər. Bir dəstə kafirlərlə vu­ruşmağı, digəri isə vuruşmamağı təklif etdikdə Uca Allah bu ayə­ni nazil etdi:

   «Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə (küfrə) qaytarmışdır ….»

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Həqiqətən Mədinə «Tey­bə»dir8 və od dəmirin pasını təmizlədiyi kimi o da günahları tə­mizləyir».9

     Bu hədisi həmçinin Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 325), Muslim «Səhih» əsərində (17- ci cild, səh. 123), Tirmizi «Sü­nən» əsərində (4-cü cild, səh. 89), Əhməd «Müsnəd» əsərində (5-ci cild, səh. 184, 187, 188), İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 192) və Təbərani «Mucəmul Kəbir» əsərində (5-ci cild, səh. 129) rəvayət etmişlər.

     Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

     Uca Allah buyurur:

      «Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən­fəətinə can ataraq: “Sən mömin deyil­sən!”- deməyin. Allah yanında çox qə­nimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yə­qin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbər­dar­dır.»

                                                                       (94-cü ayə)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 327)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edirdi ki, bir kişi bir dəstə mü­səl­manla qarşılaşdı və salam verdi. Onlar isə onu öldürdülər və əlində olan qənimətini götür­dü­lər. Uca Allah da bu ayəni nazil etdi.

   «Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən­fəətinə can ataraq: “Sən mömin deyil­sən!”- deməyin. Allah yanında çox qə­nimətlər vardır.

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (18-ci cild, səh. 161), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 90), Əhməd «Müs­nəd» əsərində (1-ci cild, səh. 229, 324), Hakim «Mustədrək» əsə­rində (2-ci cild, səh. 235) və İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 223) rəvayət etmişlər.

     Tirmizi bu hədisin «həsən» olduğunu demişdir. Hakim bu hədisin isnadının Buxari və Muslimin şərtlərinə uyğun olduğunu demiş, Zəhəbi isə bu barədə susmuşdur. Sus­ma­ğı­nın səbəbi isna­dın Buxari və Muslimin şərtlərinə uyğun ol­maması olmuşdur.

     Tirmizi, Əhməd, Hakim və İbn Cəririn rəvayətlərində öldürü­lən şəxsin Bənu Sələmə qəbiləsindən olduğu qeyd olunmuşdur.

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 9) Bəzza­rın istinad etdiyi sənədin «ceyyid» olduğunu de­miş­dir. Bu rəva­yətdə qatilin Miqdad10 olduğu qeyd olunmuşdur (Əh­mə­­­din rəva­yətində isə qatilin Mihləm İbn Cusəmə ol­du­ğu qeyd olunmuş­dur).

     İmam Əhməd «Müsnəd» əsərində (6-cı cild, səh. 11)  de­­miş­­dir­: «Abdullah ibn Əbi Hədrəd (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) məni, Əbu Qətadə Haris İbn Rib'ini (radiyallahu anhu), Milhəm İbn Cusəmə ibn Qeysi (radiyallahu anhu) və digər müsəlmanları İdəmə11 göndərdi. Biz ora­da olarkən Amir əl-Əşcəi bizim yanı­mız­dan keçdi və bizə salam verdi. Onun əlin­də bir tuluq süd və başqa şeylər var idi. Biz onu saxladıq və Milhəm İbn Cü­sə­mə (radiyallahu anhu) aralarında baş vermiş narazıçılığa görə onu öldürüb dəvəsini və digər əş­ya­la­rını götürdü. Biz Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) yanına gəldikdən sonra bu barədə ona xəbər verdik və Uca Allah da bu ayəni nazil etdi:

        «Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam ve­rən şəxsə, dünya həyatının fani mən­fəətinə can ataraq: “Sən mömin deyil­sən!”- deməyin. Allah yanında çox qə­ni­mətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yə­qin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbər­dar­dır.»

     Bu hədisi həmçinin ibn Carud «Müntəqa» əsərində (səh. 263) rəvayət et­miş­dir.

     Bu hədis «həsən li-ğeyrihi»dir. Qa'qa ibn Əbi Hədrədın necə ravi olduğu müəmmalıdır. Buxari «Tarix» əsərində onun səhabə olduğu ehtimalını vur­ğulamış lakin bunu əsas­landırmaq üçün heç bir dəlil gətirməmişdir. İbn Əsakir isə «Tə'ci­lul Mənfəə» əsərində onun səhabə olduğunu inkar et­miş­dir. De­mə­li o «məsturul-hal» qisminə aid olan ravidir. Çünki iki ravi ona istinad etmiş, mö­təbər alimlərdən isə heç biri öz əsərin­də onun «siqa» ravi olduğu­nu qə­tiy­yət­lə qeyd etməmişdir. Yuxarıda deyilənlərdən belə nəticə çı­xarmaq olar ki, onun rəvayətləri digər rəvayətləri qüvvətləndirə bi­lər.

     İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 327) deyir ki, məna eti­ba­ri­lə hər iki rəvayəti cəm edib demək olar ki, bu ayə hər iki hadisəyə şamil edilir.

     Uca Allah buyurur:

   «Möminlərdən – üzürlülər istisna olmaqla – evdə otu­ranlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə ci­had edənləri evdə oturanlardan dərəcə etibarilə üstün et­di. Allah on­ların hamısı­na ən gözəl nemət vəd etmişdir. Allah müca­hidləri evdə oturan­lardan böyük bir müka­fatla üstün etmişdir».

                                                                                    (95-ci ayə)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 329)  de­miş­­dir­: «Bəra İbn Azib deyir ki,

   «Möminlərdən evdə oturanlarla…..» ayəsi nazil ol­duq­da Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) Zeyd İbn Sabiti (radiyallahu anhu) ça­­­­ğı­­rıb bu ayəni ona yazdırdı. Bu vaxt ibn Ummu Məktum (radiyallahu anhu) gəlib Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) kor olduğu və vuruşmağa qadir olmadığı barədə şi­kayət etdikdə Uca Allah bu ayəni nazil etdi:

   «Möminlərdən – üzürlülər istisna olmaqla – evdə oturanlarla...»

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (13-cü cild, səh. 16), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 91), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 10), Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 282, 284, 290, 299, 300), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 17), Darimi «Sünən» əsərində (2-ci cild, səh. 209), ibn Sə'd «Təbəqat» əsərində (4-cü cild, səh. 154), İbn Cərir «Təf­sir»ində (5-ci cild, səh. 228) və Beyhəqi «Sünən» əsərində (9-cu cild, səh. 23) rəvayət etmişlər.

     Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

     Buxari «Səhih» əsərində (6-cı cild, səh. 385)  de­miş­­dir­: «Zeyd İbn Sabit (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona bu ayəni:

   «Möminlərdən – üzürlülər istisna olmaqla – evdə otu­ranlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar ….» - diktə edib yazdırdı. Bu vaxt İbn Ummu Məktub (radiyallahu anhu) gəlib dedi: «Ey Allahın elçisi! Əgər vuruşa bilsəydim, mən də vuruşardım». İbn Ummu Məktub (radiyallahu anhu) kor olduğu üçün belə dedi. Bu zaman Uca Allah bu ayəni nazil etdi:

   «Üzürlülər istisna olmaqla ….» Bu ayə nazil olarkən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ayağı mənim ayağımın üstündə idi və onun ağırlığından az qaldı ki, ayağım sın­sın».

     Bu hədisi həmçinin Buxari (9-cu cild, səh. 328), Tirmizi «Sü­nən» əsərində (4-cü cild, səh. 92), Əbu David «Sünən» əsərində (2-ci cild, səh. 319), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 9), Əh­məd «Müsnəd» əsərində (5-ci cild, səh. 184, 191), ibn Carud «Müntəqa» əsərində (səh. 344) Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 82), ibn Sə'd «Təbəqat» əsərində (4-cü cild, səh. 155), İbn Cərir «Təfsir»ində (5-ci cild, səh. 329), Beyhəqi «Sünən» əsərində (9-cu cild, səh. 23) və Təbərani «Mucəmul-Kəbir» əsə­rində (5-ci cild, səh. 144) rəvayət etmişlər.

     İbn Hibban «Səhih» əsərində (Heysəminin «Məvariduz-Za­man» əsərində (səh. 329) qeyd olunduğu kimi)  de­miş­­dir­: «Fəltan İbn Asim (radiyallahu anhu) rəvayət edir ki, biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında olar­kən ona ayə nazil oldu. Biz ayənin nazil ol­ma­sı­nı onun halının dəyişməsindən bildik. Çünki o bu zaman gözlərini, qulaqlarını və qəlbini yalnız Allahdan na­zil olana doğru yönəldər, kənar şeylərə diqqət yetir­məzdi. O, katibinə ayəni yazmağı əmr etdi. Bu vaxt kor bir kişi ayağa qalxıb dedi: «Ey Allahın elçisi, bəs mənim günahım nədir?» Bu za­man Peyğəmbərə (sallallahu aleyhi və səlləm) yenə ayə nazil oldu və biz o kişiyə: «Allahın elçisinə ayə nazil olur»- deyə səbr et­mə­yi tövsiyə etdik. O öz növbəsində ayaq üstə dayanıb belə dedi: «Alla­hın elçisini qəzəbləndirməkdən Allaha sığınıram!» Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) katibinə bu ayəni yazmağı əmr etdi.

   «Üzürlülər istisna olmaqla ….»

     Bu hədisi Bəzzar «Kəşful Əstar» əsərində (3-cü cild, səh. 54) qeyd etdikdən sonra onun isnadının «həsən» olduğunu demişdir.

     Bu hədisi həmçinin ibn Əbi Şeybə «Müsənnəf» əsərində (ibn Həcərin «Mətalibul-Aliyə» əsərində (3-cü cild, səh. 117) qeyd olunduğu kimi) və Heysəmi «Məvariduz-Zaman» əsərində (5-ci cild, səh. 28) rəvayət etmişlər.

     Heysəmi bu hədisin isnadında olan ravilərin hamısının «siqa» ravilər ol­du­ğunu demişdir.

     Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 91)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhuməm) rəvayət edir ki, Bədr döyüşünə gedənlərin fəziləti barəsində ayə nazil olduqda Abdullah ibn Cəhş (radiyallahu anhu) və ibn Ummu Məktum (radiyallahu anhu) dedi­lər: «Ey Allahın elçisi! Bizim kor olmağımız döyüşdə iştirak etməməyimi­zə rüxsət verirmi?» Uca Allah da bu ayəni nazil etdi:

   «Möminlərdən – üzürlülər istisna olmaqla – evdə otu­ranlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar ….»

     Tirmizi bu hədisin «həsən, ğərib» olduğunu demişdir.

     Bu hədisi həmçinin Təbərani rəvayət etmiş və Heysəmi (7-ci cild, səh. 9) onun isnadında olan ravilərin «siqa» ravilər olduğunu təsdiqləmişdir.

     Uca Allah buyurur:

   «Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”- deyəcəklər. Mələklər də onlara: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”- deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir. Ancaq zülmə qarşı çarə tapmağa qadir olmayan və hicrət etməyə yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır».

    (97-98-ci ayələr)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 331)  de­miş­­dir­: «Əbul Əsvəd rəvayət edir ki, Mədinə əhli Şam əhlinə qarşı döyüşə çıxmağa məcbur edilən zaman12 mən İkrimənin yanına gəlib ondan nəsihət istədim və o, təkid edərək mə­nə bu döyüşdə iştirak etməməyimi tövsiyə edib dedi: «İbn Abbas (radiyallahu anhumə) mənə rə­vayət etmişdir ki, bir zamanlar (Məkkədə olan bəzi) müsəlmanlar (məcbur olunduqlarına görə) müşriklərlə birgə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) qarşı döyüşürdülər. O vaxt onlar (müsəlmanlar tərəfindən) ox və qılıncla vurulub öldürüldü və Uca Allah da bu ayəni nazil etdi:

   «Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər?..»

     Bu hədisi həmçinin ibn Kəsir «Təfsir»ində (1-ci cild, səh. 542), Təhavi «Muş­­kilul-Əsar» əsərində (4-cü cild, səh. 327) və Təbəri «Təfsir»ində (5-ci cild, səh. 234-235) rəvayət etmişlər.

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 10) hədi­sin isnadında olan ravilərin hamısının - Məhəmməd ibn Şu­rey­k­dən başqa - Buxari və Muslimin istinad etdiyi ravilər olduğunu, Məhəm­məd ibn Şureykin də «siqa» ravi olduğunu qeyd etmişdir.

     Uca Allah buyurur:

    «Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sı­ğı­nacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tə­rəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağış­la­yandır, Rəhmlidir».

                                                (100-cü ayə)                                                                                                                                                                                   

     İbn Cərir «Təfsir»ində (5-ci cild,  səh. 240)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, bu ayə

   «Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər?..»13 - nazil olduqdan sonra  Məkkədə yaşayan Bənu Bəkr qəbiləsindən olan Damra adlı bir şəxs xəstə olduğuna baxmayaraq öz əhli-əyalına belə dedi: «Məni Məkkədən çıxarın! Bədənimə istilik gəlir». On­lar dedilər: «Səni hara aparaq?» O, əli ilə Mədinəyə tərəf işarə etdi və bu ayə nail oldu:

   «Kim evindən çıxıb Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etsə…..»

     Şureyk ibn Abdullahdan başqa hədisin isnadında olan ravilə­rin hamısı «siqa» ravilərdir. Şureyk ibn Abdullaha gəlincə, onun hafizəsində zəiflik var, lakin bu hədisi qüvvətləndirən digər hədis­lər də mövcuddur.

     Bax: İbn Həcərin «Mətalibul Aliyə» əsəri (səh. 433), Heysəmi­nin «Məc­məu-z-Zəvaid» əsəri (7-ci cild, səh.10) və ibn Kəsirin «Təfsir»i (1-ci cild, səh.543)

     Uca Allah buyurur:

   «Sən səhabələrinin arasında olub onlara namaz qıl­dır­dığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da özləri ilə götürsünlər. Bunlar səc­də etdikləri zaman (birinci rükəti tamamlayanadək o bi­ri dəstə) arxanızda olsun. Sonra namazını qılmamış di­gər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyat­la­rı­nı tutsunlar və silahlarını da özləri ilə götürsünlər. Kafir­lər istərdilər ki, siz silahlarınızdan və əşyalarınızdan xə­bərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hü­cum etsinlər (bir həmlədə sizi məğlub etsinlər)».

                                                                      (102-ci ayə)

     Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 59)  de­miş­­dir­: «Əbu Ayyaş əz-Zərqi (radiyallahu anhu) belə rə­vayət edir: «Biz Asfən adlı yerdə Xalid ibn Validin (radiyallahu anhu) başçılıq etdiyi bir dəstə müşriklə rastlaşdıq. Onlar bizimlə qiblə arasında idilər. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bu vaxt bizə zöhr nama­zı­nı qıldırırdı. Müşriklər təəssüf edərək dedilər: «Müsəlmanlar elə vəziyyətdə idi­lər ki, biz onlara hücum edə bilərdik». Sonra arxayınlıqla belə dedilər: «İndi isə onları özlərindən də, övladla­rından da çox sevdikləri əsr namazı gözləyir». Uca Allah da bu ayəni nazil etdi:

   «Sən səhabələrinin arasında olub onlara namaz qıl­dır­dığın zaman….»

     Əsr namazının vaxtı gəlib çatdıqda Peyğəmbər (sallallahu aleyhi və səlləm) sə­ha­bələrə silahlarını götürməyi əmr etdi. Sonra biz onun arxa­sında iki cərgəyə düzəldik və hamımız əsr namazını qıldıq».

     Bu hədisi həmçinin Abdurrəzaq «Müsənnəf» əsərində (2-ci cild, səh. 505), Təyalisi «Müsnəd» əsərində (1-ci cild, səh. 150), Hakim «Mustədrək» əsərində (3-cü cild, səh. 337; 1-ci cild, səh. 30), Əbu Davud «Sünən» əsərində (1-ci cild, səh. 477), Nəsai «Sü­nən» əsərində (3-cü cild, səh. 145), Daraqutni «Sünən» əsərində (2-ci cild, səh. 59) və ibn Cərir «Təfsir»ində (5-ci cild, səh. 246, 256, 257) rəvayət etmişlər.

     Hakim bu hədisin isnadının Buxari və Muslimin şərt­lə­ri­nə uy­ğun olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. Həmçinin Daragutni də bu hədisin «sə­hih» olduğunu demiş­dir.

     Uca Allah buyurur:

   «Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəs­tə olsanız silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin eh­tiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldı­cı bir əzab hazırlamışdır»

                                                                      (102-ci ayə)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 333)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, bu ayə nazil olduqda Abdurrəhman ibn Auf (radiyallahu anhu) yaralı idi».

     İbn Həcər hədisin izahında deyir ki, yəni onun barəsində ayə nazil oldu.

     Doğrusu, Hakim bu hədisi: «Bu ayə nazil oldu» - ləfzi ilə «Mustədrək» əsə­rin­də (2-ci cild, səh. 308) rəvayət etmiş və onun «səhih» olduğunu, Buxari və Muslimin şərtlərinə mü­vafiq oldu­ğunu qeyd etmiş, Zəhəbi də bunu təsdiqlə­miş­dir.

     Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (5-ci cild, səh. 259) rəvayət et­miş­dir.

     Uca Allah buyurur:

   «Mən onları mütləq doğru yoldan azdıracaq və xül­ya­lara sala­cağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramış­dır».

                                                                   (119-cu ayə)

     İmam Təbəri «Təfsir»ində (9-cu cild, səh. 215)  de­miş­­dir­: «ibn Abbas (radiyallahu anhumə) axtalanmanı yara­maz əməl hesab edib demişdir: «Belə yaramaz işlər barəsində bu ayə nazil ol­muş­dur». Bu hədis Muslimin şərtinə müvafiq olan «səhih» hə­disdir.

     Uca Allah buyurur:

   «Səndən qadınlar barəsində hökm verməyini istəyirlər. De: “Onlar barəsində və həmçinin Kitabda sizə oxunan ayələrdə özlərinə müəyyən edilmiş mirası verməyərək ev­lənmək istədiyiniz yetim qızlar, zəif uşaqlar və yetim­lər­lə ədalətlə rəftar etməyiniz haqqında hökmü sizə Allah verir. Siz nə yaxşılıq edirsinizsə, şüb­həsiz ki, Allah onu  bilir”».

                                                                      (127-ci ayə)

     Buxari «Səhih» əsərində (6-ci cild, səh. 58)  de­miş­­dir­: «Urva ibn əz-Zubeyr (radiyallahu anhu) Aişədən (radiyallahu anhə)

   «Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qor­xursunuzsa..»14 ayəsi barəsində soruş­duqda o (surənin əv­vəlində bu ayə barəsində qeyd etdiyimiz hədi­si rəvayət et­dikdən sonra) demişdir: «Bəli, sə­habələr də bu ayə nazil ol­duqdan sonra Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) qa­dınlar barəsində fətva so­ruşdular, Uca Allah da bu ayəni nazil etdi»:

   «Səndən qadınlar barəsində hökm verməyini istəyir­lər….»

    Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (6-cı cild, səh. 320; 9-cu cild, səh. 308; 11-ci cild, səh. 39, 103), Muslim «Səhih» əsərində (18-ci cild, səh. 154, 155), Əbu Davud «Sü­nən» əsərində(2-ci cild, səh. 184), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 95), Daraqutni «Sünən» əsərində (3-cü cild, səh. 265) və ibn Cərir «Təf­sir»ində (5-ci cild, səh. 301) rəvayət etmişlər.

     Uca Allah buyurur:

   «Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz ara­la­rında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barış­maq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorx­sanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır»

                                                                                                                              (128-ci ayə)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 334)  de­miş­­dir­: «Aişə (radiyallahu anhə) rəvayət edir ki, bir kişi öz qadınına qarşı az məhəbbət bəslədi­yin­dən ondan ayrılmaq istəyir­di. Qadını ona dedi: «Məni boşamadan tərk et!» Uca Allah da bu ayəni nazil etdi:

   «Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa….»

   Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (8-ci cild, səh. 157) rəvayət etmişdir.

     Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 208), Tirmizi «Sü­nən» əsə­rin­də (4-cü cild, səh. 95), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 17), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 186) və ibn Cərir «Təfsir»ində bu ayənin Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcəsi Səudə (radiyallahu anhu) barəsində nazil ol­du­ğu­nu rəvayət et­mişlər. Tirmizi, Təyalisi və ibn Cərir ibn Abba­sa (radiyallahu anhumə) istinad edə­rək15 rəvayət etmişlər. Əbu Davud, Hakim və ibn Cərir isə həmin hədisi Aişəyə (radiyallahu anhə) istinad edərək rəvayət etmişlər. Hakim bu hə­disin «səhih» ol­du­ğu­nu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. Əbu Davudun rə­vayət etdiyi ləfzdə Aişə (radiyallahu anhə) Urva ibn əz-Zubey­rə belə de­mişdir: «Ey bacım oğlu! Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizim (zövcələrini) birimizi digərindən üstün hesab etmir və hər birimi­zin ya­nın­da müvafiq bölgüyə əsasən qalırdı. O hər gün bizim ha­mımızı ziyarət edir və növbəsi çatmış zövcəsinin yanında qalırdı. Səudə bint Zəm'ə (radiyallahu anhə) artıq ya­şa dolmuşdu və qor­xurdu ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu boşa­yar. Elə buna görə də o Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: «Ey Allahın elçisi, öz növbəmi Aişəyə (radiyallahu anhə) bağışlayıram!» Peyğəmbər (sallallahu aleyhi və səlləm) onunla razılaşdı və Uca Allah da bu ayəni nazil etdi:

   «Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa….»

     Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu de­miş, Zəhəbi də bunu təsdiqləmişdir.

     Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 308)  de­miş­dir­: «Rafi ibn Xadicin (radiyallahu anhu) zöv­cəsi artıq yaşa dolmuşdu. Buna görə də o baki­rə qızla evləndi və onun yanında qal­ma­ğa daha çox üstünlük verdi. Zövcəsi də onun bu hərəkətinə öz etirazını bildirdi. Bu zaman Rafi (radiyallahu anhu) ona talaq verdi. Göz­ləmə müddətinin bitməsinə az qalmış Rafi (radiyallahu anhu) ona de­di: «Səbr edə­cək­sənsə, talaqı geri götürüm, ya da əcəlin ça­tana qədər səni tərk edim». O dedi: «Səbr edəcəyəm, talaqı geri götür». Sonra o, yenə ərinin bu hərəkətinə səbr et­mə­dikdə Rafi (radiyallahu anhu) onu boşadı. Elə bu da nazil olmuş ayədən bizə məlum olan sülh­dür».16

     Bu rəvayətlər arasında heç bir ziddiyyət yoxdur və ayə onların hamısına şamil edilir.

     Uca Allah buyurur:

   «Səndən fitva istəyirlər. De: “Valideyni və övladı ol­mayan kəsin mirası barəsində fitvanı sizə Allah verir”. Əgər övladı ol­mayan şəxs öldükdə onun bacı­sı varsa, qo­yub getdiyinin yarısı bacıya çatır. Əgər onun öv­ladı yox­dur­sa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyi­nin üçdə iki hissəsi onlara ça­tır. Əgər varislər qardaş və bacılar­dırsa, kişiyə iki qadı­nın payı qədər pay dü­şür. Allah bunu sizə bəyan edir ki, doğru yoldan çıxmayası­nız. Allah hər şeyi bilir».     (176-cı ayə)

     Muslim «Səhih» əsərində (11-ci cild, səh. 55)  de­miş­­dir­: «Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, mən xəstə olarkən Peyğəmbər (sallallahu aleyhi və səlləm) və Əbu Bəkir məni ziyarət etdilər. Mən huşumu itir­dik­də Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəstamaz alıb suyundan mənim üstümə səpdi. Mən özümə gəldikdən sonra dedim: «Ey Allahın elçisi, malımı necə bölüm?» O mənə cavab ver­mədi və miras ayəsi nazil oldu:

   «Səndən fitva istəyirlər. De: “Valideyni və övladı ol­mayan kəsin mirası barəsində fitvanı sizə Allah ve­rir”…»

     Bu hədisi həmçinin Tirmizi «Sü­nən» əsərində (3-cü cild, səh. 180), Əbu Davud «Sü­nən» əsərində (3-cü cild, səh. 79), ibn Macə «Sünən» əsərində (2728-ci hədis), Əhməd «Müs­nəd» əsərində (3-cü cild, səh. 307, 372), Təyalisi «Müs­nəd» əsərində (2-ci cild, səh. 17), ibn Carud «Müntəqa» əsərində (səh. 320) və Əbu Nueym «Hilyə» əsərində (7-ci cild, səh. 157) rəvayət etmişlər.

     QEYD : Əvvəldə 11-12-ci ayələrin, burada isə bu ayənin Cabir ibn Abdullah (radiyallahu anhu) barəsində nazil olduğu qeyd olun­muşdur. İbn Kəsir 11-12-ci ayələrin Sə'd ibn Rəbinin (radiyallahu anhu) qızları barəsində na­zil olduğunu, bu ayənin isə Cabir ibn Abdullah (radiyallahu anhu) barəsində nazil olduğunu daha üstün hesab etmişdir. Çün­ki o zaman Cabir ibn Abdullahın (radiyallahu anhu) qızları yox yalnız bacıları var idi.

     İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 337) demiş­dir: «Bu hadisə əvvəlki hadisədən fərqlidir».

     Hər iki ayənin eyni vaxtda nazil olmasına maneçilik tö­rədən heç bir səbəb yoxdur. Çünki hədis eyni ravidən, Mə­həmməd ibn Munkədirdən müxtəlif ləfz­lərlə rəvayət olun­muşdur. Əgər etiraz olunsa ki, 11-12-ci ayələr Cabir (radiyallahu anhu) və Sə'd ibn Rəbinin (radiyallahu anhu) qız­ları barəsində nazil olub, o da Uhud döyü­şün­də şəhid olub, 176-cı ayə isə son nazil olmuş ayələrdəndir, cavab vermək olar ki, ümumiyyətlə «səhih» hədislə (yəni 11-12-ci ayələrin Cabir (radiyallahu anhu)  barə­sin­də nazil olmasını Buxari və Muslim rəvayət etmişdir) ha­fizəsində zəiflik olan Abdullah ibn Məhəmməd ibn Əqilin rəvayə­tini qarşı-qarşıya qoymaq düz­gün deyildir.

     Lakin ayənin nazil olması hər iki hadisəyə şamil edilir. Çünki demək olmaz ki, Cabir ibn Abdullahdan (radiyallahu anhu) qalmış miras onun ölümündən dərhal sonra bölünmüşdür.



1 [ Bu, Hişam ibn Yusifin şəkk etməsidir - «Fəthul Bari» 8/87. ]

2 [ «ən-Nisa» surəsi, 23. ]

3 Sənbur - sonsuz, zəif, zəlil və yardımçısı olmayana deyilir. («Qamus», 2/73.)

4 [ «əl-Kovsər» surəsi, 3. ]

5 [ Bədənin alt yarı hissəsini örtən geyim. «Mucəmul Vasit» səh. 16. ]

6 [ 1 saa: Dənli bitkiləri və ya ona bənzər bitkiləri ölçmək üçün təyin olu­nan öl­çü vahididir və dörd ovuca bərabərdir – bu da təqribən 2 kq. 40 qrama bərabərdir. «əş-Şərhul-Mumti alə Zadul-Mustəqnəi» 6/176; «Mucəmul Vasit» səh. 528. ]

7 [ «ət-Təhrim» surəsi, 4-5. ]

8 [ Mədinə şəhərinin digər adlarından biridir. «Səhih Muslim», 2942. ]

9 [ Abdullah ibn Ubey ibn Səlul və onun kimilərini oradan uzaqlaşdırır. ]

10 Qatilin Miqdad olması səhih deyildir, çünki bu rəvayət «mürsəl»dir. 

11 [ İdəm: Yer adıdır. ]

12 [ Abdullah ibn Zubeyrin Məkkənin əmi­ri olduğu vaxt. ]

13 [ «ən-Nisa» surəsi, 97. ]

14 [ «ən-Nisa» surəsi, 3. ]

15 Bu isnad zəifdir. Çünki Simakın İkrimədən rəvayət etməsində «ittirab» var. 

16 Süfyan ibn Uyeynə və Şueyb ibn Əbi Həmzə bu hədisi «mürsəl» isnadla, Mə'mər isə «məvsul» isnadla rəvayət etmişlər. «Mürsəl» isnadla rəvayət olunan hədis daha mötəbər sayılır.

 


Baxılıb: 16998


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”