Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Maidə surəsi

Əl-Maidə surəsi

Əl-Maidə surəsi

 

     Uca Allah buyurur:

   «Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dir­­səklərə qə­dər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib na­tə­miz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə ol­sanız, yaxud siz­lər­dən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuz­sa (cinsi əlaqədə olmuşsunuz­sa), su tapmasanız, təmiz torpaqla təyəm­müm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə sal­maq istəməz, lakin O sizi pak etmək və sizə olan ne­mətini tamam­lamaq istər ki, bəlkə şükür edəsiniz»

                                                                         (6-cı ayə)

   Buxari «Səhih» əsərində (1-ci cild, səh. 448)  de­miş­­dir­: «Aişə (radiyallahu anhə) rəvayət edir ki, biz Pey­ğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə sə­fə­rə çıxdıq. Beyda və ya Zətul-Ceyş deyilən yerə çatdıqda bo­yunbağım qırılıb düşd­ü. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dayanıb onu ax­tar­mağa başladı. Onun yanında olan səhabələr də dayanmağa məcbur oldular. Ətrafda su olma­dı­ğından səhabələrdən bə­ziləri Əbu Bəkrin (radiyallahu anhu) yanına gəlib dedilər: «Aişənin nə et­diyini görürsən? Allahın elçisi və bu qədər camaat ona görə dayanıb. Onlarda olan su ehtiyatı qurtarıb, özləri də su ol­mayan yerdə dayanıblar». Əbu Bəkr (radiyallahu anhu) mənim yanıma gəldi. Bu vaxt Peyğəmbər (sallallahu aleyhi və səlləm) ba­şını dizimin üstünə qoyub yatmışdı. Əbu Bəkr (radiyallahu anhu) dedi: «Allahın el­çi­sini və bu qədər camaatı su olmayan yerdə saxlamısan?» Son­ra o, barmağı ilə böyrümdən vura-vura məni bir az da tənbeh edib getdi. Bu vaxt Peyğəmbərin (sallallahu aleyhi və səlləm) başı dizimin üstündə olduğuna görə mən tərpənmədim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayıldıqda (paklanıb namaz qılmaq üçün) su tapmadı və Uca Allah təyəmmüm ayəsini nazil etdi:

 «Ey iman gətirənlər! Namaza durarkən……» Onlar da təyəmmüm etdilər.

     Useyd ibn Xudeyr (radiyallahu anhu) dedi: «Ey Əbu Bəkrin əhli-əyalı! Sizin bu hərəkətiniz camaat üçün necə də bərəkətli oldu».

     Sonra biz boyunbağını mindiyim dəvənin altından tap­dıq».

     Buxari bu hədisi həmçinin (9-cu cild, səh. 321, 341, 342; 11-ci cild, 135; 15-ci cild, səh. 189) rəvayət etmişdir.

     Orada qeyd olunur ki, Aişə (radiyallahu anhə) boyunbağını bacısı Əsmadan (radiyallahu anhu) taxmaq üçün götürmüşdü.

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (4-cü cild, səh. 58-59), Əbu Davud «Sünən» əsərində (1-ci cild, səh. 145), Nəsai «Sünən» əsərində (1-ci cild, səh. 133), İbn Macə «Sünən» əsərində (565-ci hədis), Əhməd «Müsnəd» əsə­rində (6-cı cild, səh. 57, 179), Malik «Muvatta» əsərində (1-ci cild, səh. 75), Abdurrəzaq «Mü­sənnəf» əsərində (1-ci cild, səh. 228) və İbn Cərir «Təf­sir»ində (5-ci cild, səh. 106, 108) rəvayət etmişlər.

     Hakim «Mustədrək» əsərində (4-cü cild, səh. 9) bu hədisi istinad edərək ibn Abbasdan (radiyallahu anhumə) rəvayət etmiş və onun «səhih» olduğunu qeyd etmişdir. Zə­hə­bi də bunu təsdiqləmişdir.

     Uca Allah buyurur:

   «Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fit­nə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, ya çarmıxa çəkilmək, ya əl və ayaq­larını çarpazvari kəsmək və ya­xud da yaşadıqları yer­dən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüs­vayçılıqdır. Axirətdə isə onları böyük bir əzab göz­lə­yir».

                                                                      (33-cü ayə)

     Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 228)  de­miş­­dir­: «Ənəs ibn Malik (radiyallahu anhu) Ura­nilərin hədisini rəvayət etdikdən sonra de­miş­dir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların arxasınca bir dəstə göndərdi və onları tutub gətirdilər. Uca Allah da bu ayəni nazil etdi»:

   «Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fit­nə-fəsad törətməyə səy göstərənlərin cəzası…..»

     Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad etdiyi ra­vi­lərdir. Hədisin özü (ayənin nazil olduğu qeyd olunmadan) Buxarinin «Səhih» əsərində Qətadədən rəvayət olumuşdur. Qəta­də demişdir ki, bu ayə onların barəsində nazil olmuşdur.

     (Bu hədisi Buxari «Səhih» əsərində (12-ci cild, səh. 111)  de­miş­­dir­: «Ənəs ibn Malik (radiyallahu anhu) rəva­yət edir ki, Ukl qə­bi­lə­sindən olan bir dəstə Pey­ğəm­bə­rin (sallallahu aleyhi və səlləm) yanına gəlib İslamı qə­bul etdilər. Xəstə ol­duq­la­rı üçün Mədinədə qalmaq istə­mə­dilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də onlara əmr etdi ki, sədəqə malından olan dəvələrin oldu­ğu yerə gedib onların sü­dündən və si­di­yindən içsinlər. Onlar Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) əm­rini yerinə yetir­di­lər və şəfa tap­dılar. Sonra onlar mürtəd olaraq dindən dön­dü­lər, dəvələri ota­ran çobanı öldürüb dəvələri sürüb apar­dı­lar. Bu xə­bər Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) çatdıqda onların ardıyca bir dəstə gön­dərdi və onları tutub gətirdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) on­la­rın əllərini və ayaqlarını kəsdirdi, gözlərini çıxartdırdı və ölənə qədər yaraya dağ basmaqla qanaxmanın qarşısını al­mağa onlara izn vermədi».)

     Əbu Qilabənin Ənəsdən (radiyallahu anhu) rəvayət etdiyi hədisi həm­çinin Nəsai «Sünən» əsərində (7-ci cild, səh. 92) və ibn Cərir «Təf­sir»ində (6-cı cild, səh. 208) rəvayət etmişlər. İbn Kəsir «Təf­sir»ində qeyd etmişdir ki, bu hədis bir çox sə­ha­bədən rəvayət olunmuşdur.

     Uca Allah buyurur:

   «Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”- deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərlən­dirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanı­na gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: “Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu gö­türün. Yox əgər o verilməsə, çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axi­rət­də isə böyük bir əzaba düçar olacaqlar. Onlar yalana hə­vəslə qulaq asanlar və daima haram yeyən­lərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya on­lardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zə­rər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir. İçində Allahın hökmü olan Tövrat özlərində olduğu halda onlar səni necə hakim tə­yin edirlər? Hələ bir bundan sonra da verdiyin hökmdən üz çevirirlər. Onlar mömin deyillər. Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər üçün bunun­la, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qo­ru­nub saxlanılanlarla hökm verirdilər. Onlar ha­mısı buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qor­xun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir. Biz Töv­rat­da onlara yazıb buyur­duq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, vurulmuş yaralara da ya­ralar qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə (qi­sas­dan vaz keçsə), bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır».

                                                                    (41-45-ci ayələr)

     Muslim «Səhih» əsərində (11-ci cild, səh. 209) de­miş­­dir­: «Bəra ibn Azib (radiyallahu anhu) rəvayət edir ki, yəhudilər üzünü his-pasla qaraltdıqları və şal­laqladıqları bir yəhudi ilə Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanından keçib get­dikləri zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) onları çağırıb dedi: «Sizin kitabınızda zinakarı bu cür cəza­landırmaq əmr olunub?» Onlar: «Bəli» -deyə cavab verdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların alimlərindən birini çağırıb dedi: «Səni Musaya (ə.s) Töv­ratı nazil edən Allaha and verirəm! De gö­rüm sizə kitabınızda zi­nakarı belə cəzalandırmaq əmr olu­nub?» O dedi: «Xeyr! Əgər sən, Allaha and verməsəydin, mən sənə bu barədə xəbər verməz­dim. Həqiqətən, zina­ka­rın daş-qalaq olunması bizə əmr edilib. Lakin zina edənlərin çoxu bizim şə­rəf­li­lərimizdən olduğu üçün biz onları cəzasız buraxır və yalnız zəifləri cəzalan­dı­rı­rdıq. Sonra qərara gəl­dik ki, elə bir hökm çıxaraq ki, hamıya şamil edilsin. Elə buna görə də daş-qalağın hökmünü üzün his-pasla qaral­dılması və şal­laq­la­nma ilə əvəz etdik. Peyğəmbər (sallallahu aleyhi və səlləm) : «Alla­hım! Həqiqətən, mən sənin ləğv edilmiş əmrini qüvvəyə mindirən ilk şəxsəm» - dedi. Sonra o, yə­hudini daş-qalaq etməyi əmr etdi və onlar da onun əmrini yerinə yetirdilər. Uca Allah da bu ayəni nazil etdi:

   «Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”- deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərlən­dirməsin…..» ayəsindən «Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün» ayəsinə qədər.

   O (yəhudilərin alimi) dedi: «Məhəmmədin (sallallahu aleyhi və səlləm) yanına gedin! Əgər sizə zinakarı his-pasa bulayıb şallaqlamağı əmr edərsə, onun dediyini qəbul edin, yox, əgər daş-qalaq et­mə­yə fətva verərsə, qaçının!» - Uca Allah da kafirlər ba­rə­sində bu ayə­ləri nazil etdi:

    «Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir»1

    «Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır».2

   «Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir».3

     Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 263), Əh­məd «Müsnəd» əsərində (4-cü cild, səh. 286), Bey­həqi «Sünən» əsərində (8-ci cild, səh. 246), İbn Cərir «Təfsir»ində (6-cı cild, səh. 233, 254) və ibn Əbi Hatim «Təfsir»ində (3-cü cild, səh. 3) rəvayət etmişlər.

     Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 286)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, cahiliyyə dövründə yəhudilərdən olan Bənu Nədir qəbilə­sinin sakinləri Bənu Qureyzə qəbiləsinin sakinlərindən daha şə­rəfli sayılırdılar. O zaman Bənu Qureyzə qəbiləsindən olan bir şəxs Bənu Nə­dir qəbiləsindən olan hər hansı bir şəxsi öldürsəydi, bunun müqabilində onu öldürərdilər. Əks halda isə Bənu Nədir qəbiləsi onlara qanbahası ola­raq yüz «vəsəq»4 xurma verərdi. İslam dini gəldikdən sonra Bənu Nədirdən olan bir şəxs Bənu Qureyzədən olan bir şəxsi öldürdü və onlar da: «Onu bizə təslim edin oldürək!» deyə qatili tələb etdilər. Bənu Nədirdən olanlar dedilər: «Bizimlə sizin aranızda hakim Məhəmməd (sallallahu aleyhi və səlləm) olacaq». Onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldikləri zaman bu ayə nazil oldu:

   «Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver».5 Ədalət o deməkdir ki, canın qisası can olsun! Sonra Uca Allah bu ayəni nazil  etdi:

   «Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər?»6

     Bu hədisi Əbu Davud həmçinin «Sünən» əsərində (3-cü cild, səh. 330), Nə­sai «Sünən» əsərində (8-ci cild, səh. 17), İbn Hibban «Səhih» əsərində (Hey­sə­mi­nin «Məvaridu-z-Zaman» əsərində (səh. 430) qeyd edildiyi kimi) ibn Carud «Müntəqa» əsərində (səh. 261), Daraqutni «Sünən» əsərində (3-cü cild, səh. 198), ibn Cərir «Təfsir»ində (6-cı cild, səh. 243), ibn Əbi Hatim «Təf­sir»ində (3-cü cild, səh. 4), ibn İshaq (ibn Hişamın «Sira» əsərində (1-ci cild, səh. 566) qeyd olunduğu kimi) və Ha­kim «Mustədrək» əsərində (4-cü cild, səh. 367) rəvayət etmişlər.

     Hakim bu hədisin isnadının «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. İbn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 61) deyir ki, ola bilər ki, hər iki hadisə eyni vaxtda baş versin və ayə də onların hər ikisi barəsində nazil olsun. Daha doğrusunu isə Allah bilir!

     Sonra mənə məlum oldu ki, ibn Abbasın (radiyallahu anhumə) rəvayəti «daif» rəvayətdir, çünki bu rə­va­yətin isnadında, yəni Simakın İkrimədən olan rəvayəti «müttərib» rəvayətdir. Başqa bir rə­vayət isə, yəni  Davud ibn Hüseynin İkrimədən olan rəvayəti «münkər»dir.

     Uca Allah buyurur:

   «Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə et­məsən, Onun göstərişini (sənə tapşırdığı elçilik və­zifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insan­lar­dan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz»

                                                                       (67-ci ayə)

     İbn Hibban «Səhih» əsərində (Heysəminin Məvariduz-Zaman əsərində (səh. 430) qeyd olun­duğu kimi)  de­miş­­dir­: «Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bir yerə getdikdə səhabələr ona ora­da olan ən böyük ağacın kölgəsi altında dincəlməyi təklif edərdilər və o da ora­da dincələrdi. Səhabələr də o ağacın kölgəsində, Pey­ğəmbərin ət­ra­fında dincələrdilər. Bir gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) qılıncını ağac­dan asıb dincəlirdi. Bu vaxt bir bədəvi ərəb gəlib onun qılıncını gö­türdü və yaxınlaşıb Peyğəmbəri (sallallahu aleyhi və səlləm) oyatdıqdan sonra ona dedi: «Ey Məhəmməd! İndi səni mənim əlimdən kim xilas edə bilər?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) : «Allah!» - deyə cavab verdi və Uca Allah da bu ayəni nazil etdi:

   «Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə et­məsən, Onun göstərişini (sənə tapşırdığı elçilik və­zifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insan­lar­dan qoruyar…..»

     Bu hədis «həsən»dir, çünki Zəhəbi «Mizan» əsərində bu hə­disin isnadında olan Məhəmməd ibn Amrın «həsən» hə­dis rəva­yət etdiyini qeyd etmişdir. Həm­çi­nin isnadında olan Muəmməl ibn İsmayılın hafizəsinin zəif olması barəsində alimlərin rəyləri mövcuddur. Lakin bu rəvayəti qüvvət­ləndi­rən başqa isnadın ol­duğunu İbn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 79) qeyd etmişdir. Belə ki, Muəmməl ibn İs­ma­yı­lın rəvayətini Adəm ibn Əbi İyasın rəvayəti qüvvətləndirir.

    ( Hədisin özü (ayənin nazil olduğu qeyd olunmadan) Bu­xarinin «Səhih» əsərində (6-cı cild, səh. 213-215; 7-ci cild, səh. 390-391) Muslimin «Səhih» əsərində (15-ci cild, səh. 45) rəvayət olumuş­dur. «Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, biz Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə Nəcdə tərəf yürüş etdik. Nəhayət biz gəlib çoxlu tikanlı ağaclar olan yerə çatdıq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) qılıncını ağaclardan birinin budağından asıb dincəlmək üçün onun kölkəsində uzandı.  Camaat da ağac­ların kölgəsində dincəlmək üçün vadiyə dağılışdılar. Bir qə­dər sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizi çağırıb dedi: «Mən yatan vaxt bir kişi gəlib qılıncımı götürdü. Oyandıqda isə mən onu əlində qılınc hazır və­ziyyətdə başımın üstündə dayandığını gördüm. O dedi: «İndi səni mənim əlimdən kim xilas edə bilər?» Mənə: «Allah!» - deyə cavab verdim. O bir daha: «Səni mənim əlimdən kim xilas edə bilər?» deyə soruşdu. Mən yenə «Allah!» - deyə cavab verdkdən sonra o, qılıncı qınına taxdı. Budur o, sizin qarşınızdadır!

     Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu cəzalandırmadı. )

     Uca Allah buyurur:

   «Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu gö­rər­sən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gə­tir­dik, bizi də şahidlərlə bir yerə yaz!»

                                                                                                                        (83-cü ayə)

     İbn Əbi Hatim «Təfsir»ində (3-cü cild, səh. 23) de­miş­­dir­: «Abdullah ibn əz-Zubeyr (radiyallahu anhumə) rə­vayət edir ki,

   «Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu gö­rər­sən…..» ayəsi - Nəcaşi7 və onun tə­rəf­dar­ları ba­rə­sində nazil olub».

     Məhəmməd ibn İdrisdən başqa bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad etdiyi mötəbər ravilərdir. Məhəmməd ibn İdrisə gəlincə, o «hafiz» ravidir. İbn Kəsir bu hədisi Nəsainin də8 bu is­nadla qeyd etdiyini demişdir. 

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (9-cu cild, səh. 419) de­yir ki, Bəzzar bu hədisi rəvayət etmiş və Məhəmməd ibn Osman­dan başqa sənədində olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir.

     Məhəmməd ibn Osmana gəlincə, o da «siqa» ravidir.

     Hədisi bu isnadla həmçinin ibn Cərir «Təfsir»ində (7-ci cild, səh. 5)  rə­va­yət etmişdir.

     Uca Allah buyurur:

   «Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandır­maz, lakin O, sizi qəsd­lə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bu­nun kəf­farəsi ailənizə yedirtdiyinizin or­ta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vemək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozdu­ğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoru­yun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz»

                                                                      (89-cu ayə)

     Əbu Abdullah ibn Macə «Sünən» əsərində (1-ci cild, səh. 682)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rə­vayət edir ki, bəziləri ailəsini yemək-içməklə təmin etməkdə həd­dindən artıq əliaçıqlıq edir, bəziləri isə bu işdə xəsislik göstərir­dilər. Uca Allah da bu ayəni nazil etdi»:

   «…ailənizə yedirtdiyinizin or­ta hesabı dəyərində…..»

     Süleyman ibn əbu Muğirədən başqa bu hədisin ravilərinin ha­mısı Buxa­­­­ri və Muslimin istinad etdikləri mötəbər ravilərdir. La­kin Yəhya ibn Main onu da «siqa» ravi hesab etmişdir.

     Buseyri «Misbahuz-Zucacə» əsərində demişdir ki, bu, «məv­quf, səhih» is­naddır.

     Qeyd etmək istəyirəm ki, bu hədis «mərfu» hökmündədir.

     Uca Allah buyurur:

   «Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qu­mar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əmə­lindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapa­sınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə si­zin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və na­mazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?»

                                                            (90, 91-ci ayələr)

     İbn Cərir «Təfsir»ində (7-ci cild, səh. 34)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, şərabın haram olmasına dair ayələr (Əl-Maidə 90-91) ənsarlardan olan iki qəbilə ba­rə­sində nazil olmuşdur. Bir gün onlar sər­xoş olana qədər şərab içdilər və bir-birilərinə qarşı ko­budluq etdilər. Səhərisi gün ayıldıqda isə onladan biri axşamkı kobudluğun əla­mətini üzündə və saq­qalında görüb dedi: «Bunu filankəs edib!» Əvvəllər onlar qardaş kimi mehriban idilər və qəlblərində bir-bi­rilərinə qarşı nif­rət və kin-küdurətləri yox idi. O dedi: «Allaha and olsun ki, əgər o mənə qarşı rəhmli və şəfqətli olsaydı belə et­məzdi». Beləliklə də onların qəlblərində bir-birilərinə qarşı nifrət, kin-küdurət oyandı və Uca Allah da bu ayəni nazil etdi»:

   «Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qu­mar da….» ayəsin­dən «Siz buna son qoyacaqsınızmı?» ayəsinə qədər.

     Səhabələrdən bəziləri dedilər: «Bu şərab iyrənc bir şeydir. Fi­lankəs Bədr döyüşündə, filankəs isə Uhud döyüşündə bətnində içki olduğu halda şəhid oldu». Uca Allah da bu ayəni nazil etdi:

   «İman gətirib yaxşı işlər görənlərə haram edilmə­miş­dən əvvəl daddıqları şeylərə görə heç bir günah gəl­məz….»9

     Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (4-cü cild, səh. 142) və Bey­həqi «Sünən» əsərində (8-ci cild, səh. 286) rəvayət etmişlər.

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 18) de­mişdir ki, bu hədisi Təbərani rə­vayət etmiş və is­na­dında olan ra­vilərin hamısı Buxari və Muslimin əsas­lan­dıq­ları ravilərdir. İbn Cəririn rəvayət etdiyi hədisin isnadına gəlincə, Hüseyn ibn Əli əs-Sədaidən başqa orada olan ra­vi­lərin hamısı  Buxari və Muslimin istinad et­dikləri ravilərdir. O da «siqa» ravidir.

     Uca Allah buyurur:

   «İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə Allahdan qorxaraq iman gətir­dikləri, sonra yenə də Allahdan qor­xaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmiş­dən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir».

                                                                                           (93-cü ayə)

    Buxari «Səhih» əsərində (6-cı cild, səh. 36)  de­miş­­dir­: «Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, bir dəfə mən Əbu Təl­hənin (radiyallahu anhu) mən­zi­lindəki məclisdə şərab pay­layırdım. O gün onların içdiyi «fədix» deyilən xur­ma şərabı idi. Bu vaxt Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrdən birinə əmr etdi ki, şərabın ha­ram olduğunu hamıya car çəkib desin. Bunu eşidən Əbu Təlhə (radiyallahu anhu) mənə dedi: «Apar bu şərabı bayıra tök!» Mən də şərabı kü­çə­yə axıtdım. O zaman Mədinənin küçələrindən şərab axırdı. Səhabələrdən bə­zi­ləri dedilər: «Elə qardaş­ları­mız var idi ki, bətnlərində içki olduğu halda öldülər». Uca Allah da bu ayəni nazil etdi:

   «İman gətirib yaxşı işlər görənlərə haram edilmə­miş­dən əvvəl daddıqları şeylərə görə heç bir günah gəl­məz….»

    Bu hədisi həmçinin Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 348), Muslim «Səhih» əsərində (13-cü cild, səh. 349), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 227) və Darimi «Sünən» əsərində (2-ci cild, səh. 111) rəvayət etmişlər.

    Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 98), ibn Cərir «Təf­sir»ində (7-ci cild, səh. 37), ibn Hibban «Səhih» əsə­rin­də (Heysə­minin «Məvariduz-Zəman» əsərində (səh. 333, 430) qeyd olundu­ğu kimi) və ibn Əbi Hatim «Təf­sir»ində (3-cü cild, səh. 30) bu hədisi Bəra ibn Azibə (radiyallahu anhu)10 istinad edərək rəvayət etmişlər.

    Həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 98), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 234, 272, 295), Hakim «Mus­tədrək» əsərində (4-cü cild, səh. 143) və ibn Cərir «Təf­sir»ində (7-ci cild, səh. 37) ibn Abbasa (radiyallahu anhumə) is­ti­nad edərək rəvayət etmişlər.

     Hakim bu hədisin «səhih» olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. Tirmizi isə hər iki hədisin «səhih» ol­duğunu qeyd etmişdir. Lakin qeyd etmək lazımdır ki, İk­ri­mənin ibn Abbasdan olan rəvayəti «müttərib»dir. 

     Uca Allah buyurur:

   «Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah Bağış­layandır, Rəhm­lidir»

                                                                  (101-ci ayə)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 349)  de­miş­­dir­: «Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, bir gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) elə bir xütbə verdi ki, bu vaxta qədər beləsini eşitməmişdim. O dedi: «Əgər mən bildiyimi bilsəydiniz, az gülüb çox ağ­la­yardınız!» Bu vaxt səhabələr üzlərini tutub inilti ilə ağla­ma­ğa başladılar. Bu zaman bir kişi Peyğəmbər­dən (sallallahu aleyhi və səlləm) : «Mənim atam kimdir?»- deyə soruşdu. O: «Filankəsdir» - deyə cavab verdikdən sonra bu ayə nazil oldu:

   «Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın ….»

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (15-ci cild, səh. 11-12), Tir­mi­zi «Sünən» əsərində (4-cü cild, səh. 99), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 206) və ibn Cərir «Təfsir»ində (7-ci cild, səh. 80) rəvayət etmişlər.

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 351)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, bəziləri Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) : «Mənim atam kimdir? və ya «itmiş dəvəm haradadır?»- istehza ilə soruşardılar. Uca Allah da bu ayəni nazil etdi:

   «Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəl­məyəcək şeylər barəsində soruşmayın ….»

     Bu hədisi həmçinin ibn Əbi Hatim «Təf­sir»ində (3-cü cild, səh. 37) rəvayət etmişdir.

     Təbəri «Təfsi»ində (7-ci cild, səh. 82)  de­miş­­dir­: «Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bizə xütbə verib dedi: «Ey insanlar! Allah sizə həcc etməyi vacib bu­yur­muş­dur!» Mihsan əl-Əsədi (radiyallahu anhu) ayağa qalxıb dedi: «Ey Allahın elçisi! Hər il?» O dedi: «Əgər mən bəli desəm, hər il həcc etmək sizə vacib olacaq. Vacib olduqdan sonra onu tərk et­səniz, yolunuzu azacaqsınız. Elə isə susun və sizə əmr et­mə­diyim bir şeyin hökmü barəsində məndən heç nə soruş­ma­yın. Həqiqətən sizdən əv­vəlki ümmətləri yersiz sual ver­məkləri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi!» Bu zaman Uca Allah bu ayəni nazil etdi:

«Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlmə­yəcək şeylər barəsində soruşmayın ….»

     Bu hədisi həmçinin ibn Xuzeymə «Səhih» əsərində (4-cü cild, səh. 109) rəvayət etmişdir.

     İbn Cərir «Təfsir»ində (7-ci cild, səh. 82) de­miş­­dir­: «Əbu Umamə əl-Bahili (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir gün qalxıb insanlara dedi: «Həcc etmək sizə vacib bu­yu­rulmuşdur!» Bədəvi ərəblərdən biri ona sual verib dedi: «Hər il?»  Bu zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəzəblənərək səsini ucaltdı və sual verənin kim oldu­ğu­nu soruşdu. Bədəvi ərəb: «Mən» - deyə cavab verdi. O dedi: «Vay sə­nin halı­na! Əgər mən bəli desəm bunu yerinə yetirməyə kim sənə təminat verə bilər? Çünki bu zaman hər il həcc etmək vacib ola­caq. Vacib buyurulan bir şeyi tərk etməklə küfr edəcəksiniz. Hə­qiqətən sizdən əvvəlkiləri də din xadimlərinin Allahın hökmlərini camaat üçün çətinləşdirməkləri məhv etdi. Alla­ha and olsun ki, əgər mən sizə yer üzündə olan hər şeyi ha­lal və yalnız bir addım yeri haram buyursam, siz o harama meyl edəcəksiniz. Sonra Uca Allah bu ayəni nazil etdi: 

«Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlmə­yəcək şeylər barəsində soruşmayın ….»

     Bu hədisi həmçinin Təbərani «Mucəm» əsərində (8-ci cild, səh. 186) rə­va­yət etmişdir.

     İbn Həcər «Fəthul-Bari» əsərində (9-cu cild, səh. 351) demiş­dir: «Bu ayənin (yuxarıda qeyd olunan) səbəblərin hər birinə görə nazil olmasında heç bir zid­diyyət yoxdur. Daha doğrusunu isə Allah bilir!»  Sonra isə (səh. 352) demişdir: «Nəticə budur ki, bu ayə ya Peyğəmbərə (sallallahu aleyhi və səlləm) istehza etmək, onu sınağa çəkmək məq­sədilə verilən suallara, ya da dini hökmü çətinləşdir­mək üçün soruşulanlara etiraz olaraq nazil olmuşdur. Çünki (öy­rənmək məqsədilə) artıq sual veril­mə­dikdə hökm «mübah» olaraq qa­lır.

     Uca Allah buyurur:

   «Ey iman gətirənlər! Sizlərdən bir kimsəyə ölüm gəl­di­yi zaman, vəsiyyət vaxtı içinizdən iki ədalətli kişi, bir ye­rə səfərə çıx­dığınız zaman başınıza ölüm müsibəti gəl­dikdə isə özünüzdən ol­mayan iki kişi aranızda şahidlik etsin. Əgər özünüzdən olmayan şahidlərə şübhə etsəniz, namazdan sonra hər ikisini saxlayın və qoy onlar: “Biz bu andımızı lap yaxın qohumlara belə heç bir qiy­mətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq”- deyə and içsin­lər. Əgər hər ikisinin günah iş tutduqları aşkar edilsə, o zaman onların yerini haqsızlığa məruz qalanlardan ölən şəxsə daha yaxın olan iki kişi tutar və onlar: “Əl­bəttə, bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğ­ru­dur və biz həddi aşmadıq. Əks halda biz, şübhəsiz ki, zalımlardan olarıq”- deyə and içərlər. Bu, onların oldu­ğu kimi şahidlik etmələri və ya andlarının sonradan va­rislər tərəfindən başqa andlarla rədd edilməsindən qorx­maları üçün daha münasibdir. Allahdan qorxun və qu­laq asın! Allah günahkar tayfanı doğru yola yönəltməz».

                                                           (106-108-ci ayələr)

     Buxari «Səhih» əsərində (6-cı cild, səh. 339)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Bə­nu Səhm qəbiləsindən olan bir kişi Təmim əd-Dari və Adiy ibn Bədda ilə birlikdə səfərə çıxdılar. Bu kişi müsəlmanlar olma­yan bir yerdə və­fat etdi. Onlar bu kişidən qalan miras malını geri gətirdikləri zaman üzərinə qızıl örtük çəkilmiş gümüş camı itir­dilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də onlara buna görə (doğ­rudan da camı itir­diklərinə görə) and içməyi əmr etdi. Sonra bu cam Məkkədə tapıldıqda onun sahibləri belə dedi­lər: «Biz bu ca­mı Təmim və Adiydən satın almışıq». Bu zaman ölən kişinin qo­hum­la­rından iki nəfər qalxıb and içərək dedilər: «Şübhəsiz ki, bi­zim şəhadətimiz onların şəhadətindən daha haqlıdır. Və bu cam əvvəlki sahiblərinə (Bə­nu Səhm qəbiləsindən olan ki­şi­nin varislə­rinə) çatmalıdır!» Onlara aid də bu ayə nazil oldu:

   «Ey iman gətirənlər! Sizlərdən bir kimsəyə ölüm gəl­di­yi zaman…..»

     Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 101), Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 337), ibn Cərir «Təfsir»ində (7-ci cild, səh. 115) və Beyhəqi «Sünən» əsərində (10-cu cild, səh. 165) rəvayət etmişlər.

     Tirmizi bu hədisi «həsən, ğərib» olduğunu qeyd etmişdir.



1 [ «əl-Maidə» surəsi, 44. ]

2 [ «əl-Maidə» surəsi, 45. ]

3 [ «əl-Maidə» surəsi, 47. ]

4 [ 1 vəsəq - 60 saaya bərabərdir. «Nihayə fi Ğəribul-Hədil», səh. 978. ]

5 [ «əl-Maidə» surəsi, 42. ]

6 [ «əl-Maidə» surəsi, 50. ]

7 [ Bu, Həbəşistan krallarının tituludur. Qeyd olunanın adı Əshəmədir. ]

8 «Sünən» əsəri - «Təfsir» fəsli, 1/61.

9 [ «əl-Maidə» surəsi, 93. ]

10 Əbu Yə'lənin «Müsnəd» əsərində (3-cü cild, səh. 265-266) rast gəldim ki, Şubə bu hədisi rəvayət edən Əbu İshaqdan soruşdu: «Bu hədisi Bəra ibn Azib­dən (radiyallahu anhu) eşitdinmi?» O: «Xeyr!» deyə cavab verdi».

 


Baxılıb: 17165


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”