Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Ənfal surəsi

Əl-Ənfal surəsi

Əl-Ənfal surəsi

 

     Uca Allah buyurur:

   «Səndən qənimətlər haqqında soruşurlar. De: “Qəni­mətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin»

                                                                         (1-ci ayə)

 

     Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 110)  de­miş­­dir­: «Sə'd (radiyallahu anhu) rəvayət edir ki, Bədr dö­yüşü günü qənimətdən olan bir qılınc götürüb Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedim: «Ey Allahın elçisi! Artıq Allah məni müşriklərdən intiqam almaq kimi arzuma çatdırdı. Bu qılıncı mə­nə bağış­la!» O dedi: «Bu nə sənə, nə də mənə məxsusdur!». Mən öz-özümə fikirləşdim ki, ola bilsin ki, o bu qılıncı məndən az əziy­yət çəkənə verəcək. Bu vaxt Peyğəmbər (sallallahu aleyhi və səlləm) mə­nim yanıma gəlib dedi: «Sən bu qılıncı məndən is­tə­diyin vaxt o mənə məxsus deyildi. İndi isə o mənimdir və mən onu sənə hədiy­yə edirəm». Uca Allah da bu ayəni nazil etdi:

   «Səndən qənimətlər haqqında soruşurlar..» - Bu hədis «həsən-səhih»dir».

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (12-ci cild, səh. 53, 54), Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 30, 31), Təyalisi «Müsnəd» əsərində (1-ci cild, səh. 239), ibn Əbi Hatim «Təfsir»ində (3-cü cild, səh. 222), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 132), Beyhəqi «Sü­nən» əsərində (6-cı cild, səh. 229), ibn Cərir «Təfsir»ində (9-cu cild, səh. 173) və əbu Nueym «Hilyə» əsərində (8-ci cild, səh. 312) rəvayət etmişlər.

     Hakim bu hədisi «səhih» hesab etmiş, Zəhəbi də bunu təsdiq­ləmişdir.

     Əhməd «Müsnəd» əsərində (5-ci cild, səh. 324) de­miş­­dir­: «Ubadə ibn Samit (radiyallahu anhu) rəvayət edir ki, biz Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə Bədr dö­yüşündə iştirak etdik və Uca Allahın kö­məyi ilə düşmənə qalib gəldik. Bizlərdən bəziləri düşməni məhv etmək üçün onun ardıyca getdi, bəziləri döyüş meydanında qənimət topladı və bəziləri də Peyğəm­bəri (sallallahu aleyhi və səlləm) düşmənin qəfil hücumundan mühafizə etdi. Gecə hamımız bir yerə toplaşdıqda qənimət topla­yanlar dedilər: «Bu qəni­məti biz topladığımız üçün bunlar yalnız bizə məxsusdur». Düşmənin ardıyca gedib onu məhv edənlər isə dedilər: «Bu qənimətə sahib olmaq üçün bizim haqqımız sizlərdən daha çoxdur. Çünki düşməni qənimətdən uzaqlaşdırıb, onları məğlub edən biz olmuşuq». Pey­ğəmbəri (sallallahu aleyhi və səlləm) mü­hafizə edən dəstə isə dedi: «Bu qənimət­lə­rə yiyələnməyə bizim haq­qı­mız sizlərdən daha çoxdur. Çünki biz Peyğəmbəri (sallallahu aleyhi və səlləm) düş­mə­nin qəfil hücumundan qorumuşuq və qənimət yığmağa vax­tımız olmayıb». Bu zaman Uca Allah bu ayəni nazil etdi:

   «Səndən qənimətlər haqqında soruşurlar. De: “Qəni­mətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin» - və Allahın elçisi bu qənimətləri müvafiq şəkildə müsəlmanlar arasında böldü.

     Bu hədisi həmçinin ibn Hibban «Səhih» əsərində (Hey­səminin «Məvariduz-Zaman» əsərində (səh. 410) qeyd olunduğu kimi), Hakim «Mustədrək» əsə­rində (2-ci cild, səh. 135, 136, 326) və Beyhəqi «Sünən» əsərində (6-cı cild, səh. 292) rəvayət et­miş­lər.

     Heysəmi Əhmədin istinad etdiyi ravilərin hamısının «siqa» ra­vilər ol­du­ğunu «Məcməuz-Zəvaid» əsərində (6-cı cild, səh. 92; 7-ci cild, səh. 26) qeyd etmişdir. Hakim isə bu hədisin Muslimin şər­tinə görə «səhih» olduğunu demiş, Zə­həbi də bunu təsdiqləmiş­dir.

     Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 29) de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Bədr dö­yüşündə dedi: «Kim filan əməli etsə, qənimətdən ona filan qədər düşəcək!» Cavanlar bunu eşidən kimi düşmənin üzə­rinə hücuma atıldılar, yaşlılar isə bay­raqların yanında qal­dı­lar. Müsəlmanlar qalib gəldikdən sonra ya­şlılar dedilər: «Biz arxada dayanıb sizə dayaq olmuşuq ki, məğlub olsanız qayıtma­ğa yeriniz olsun. Ona görə də qənimətdə bizim də payımız var!» Cavanlar bunu qətiyyətlə inkar edib dedilər: «Alla­hın elçisi bunu bizə məxsus etmişdir!» Uca Allah da bu ayələri nazil etdi:

   «Səndən qənimətlər haqqında soruşurlar. De: “Qəni­mətlər Allaha və Peyğəmbərə aiddir”..»1 - Sonra o dedi: «Bu onların xeyrinə idi. Elə isə mənə itaət edin, çünki mən bunun aqibətini sizdən da­ha yaxşı bilirəm».

     İbn Abbasdan (radiyallahu anhumə) rəvayət olunan başqa hədisdə isə Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) Bədr döyüşündə demişdir: «Kim bir düş­mən öl­dürsə, ona qəni­mətdən filan qədər pay düşəcək. Kim düş­mən­dən bir nəfər əsir götürsə, ona qənimətdən filan qədər pay düşəcək».

     Bu hədisi həmçinin Nəsai «Sünən» əsərində (1-ci cild, səh. 75), İbn Hibban «Səhih» əsərində (Heysəminin «Mə­va­riduz-Zaman» əsərində (səh. 431) qeyd olunduğu kimi), Hakim «Mustədrək» əsə­rində (2-ci cild, səh. 132, 171, 221, 326), ibn Cərir «Təfsir»ində (9-cu cild, səh. 171), Beyhəqi «Sünən» əsərində (6-cı cild, səh. 291) və ibn Kəsir «Təf­sir»ində (2-ci cild, səh. 284) rəvayət etmiş­lər.

     Hakim bu hədisi «səhih» hesab etmiş, Zəhəbi də onu təs­diqlə­mişdir.

     Bu iki rəvayətin arasında heç bir ziddiyyət yoxdur və bu ayə hər iki ha­di­sə­yə şamil edilə bilər. Daha doğrusunu isə Allah bilir.

     Uca Allah buyurur:

   «O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”- deyə duanızı qəbul etmişdi».

                                  (9-cu ayə)

   İmam Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 30)  de­mişdir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Ömər ibn əl-Xəttab (radiyallahu anhu) demişdir: Bədr döyüşündə Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) nəzər salıb gördü ki, səhabələrinin sa­yı üç yüzdən bir az çox, müş­rik­lə­rin sayı isə min nəfərdən bir az çoxdur. Sonra o üzünü qib­ləyə tərəf çevirdi və əllərini açıb dua et­di: «Allahım, mənə verdiyin vəd nə oldu! Allahım, mənə verdiyin vədini doğ­rult! Allahım, əgər bu müsəlmanlar həlak olsa, yer üzündə Sənə kim ibadət edəcək?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) uzun müddət bu duanı edərək Rəbbindən kömək istədi, hətta üst geyimi yerə düşdü. Əbu Bəkr (radiyallahu anhu) onu götürüb yenidən Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) çiyninə atdı və ona dedi: «Ey Allahın elçisi! Sən ki, bu qədər dua edirsən, Rəbbin sənə verdiyi vədi doğ­ruldacaq və sənə kömək olacaq!» Uca Allah da bu ayəni nazil et­di:

   «O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”- deyə duanızı qəbul etmişdi».2

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (12-ci cild, səh. 84, 85), Tir­mizi «Sünən» əsərində (4-cü cild, səh. 111-112), Əbu Davud «Sünən» əsərində (ibn Kəsirin «Təfsir»ində (2-ci cild, səh. 286) qeyd olunduğu kimi), ibn Əbi Hatim «Təfsir»ində (3-cü cild, səh. 230) və ibn Cərir «Təfsir»ində (9-cu cild, səh. 189) rəvayət etmişlər.

     İbn Kəsir «Təfsir»ində demişdir ki, bu hədisi Əli ibn əl-Mədini «səhih» say­mışdır.

     Uca Allah buyurur:

   «Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna ol­maq­la, kim belə bir gündə özününkülərə arxa çevirərsə, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer Cəhən­nəmdir. O, necə də pis dönüş yeridir».

                                                                      (16-cı ayə)

     Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 349) de­miş­­dir­: «Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki,

   «Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən….» ayəsi - Bədr döyüşündə nazil olub».

     Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 327) və ibn Cərir «Təfsir»ində  (9-cu cild, səh. 201) rəvayət etmişlər.

     Hakim bu hədisin Muslimin şərtinə görə «səhih» olduğunu de­miş, Zəhəbi də bunu təsdiqləmişdir.

     İbn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 295) Nəsai və ibn Mərdə­veyhin bu hə­disi rəvayət etdiklərini qeyd etmiş və demişdir: «Bü­tün bu dəlillər məhz Bədr döyüşünə aid olub, digər döyüşlərdən qaçmağın haram olmamasına dəlalət etmir. Belə ki, əvvəldə qeyd etdiyimiz Əbu Hüreyrənin (radiyallahu anhu), döyüşdən qaçmağın böyük gü­nahlardan olması barədə rəvayət etdiyi hədis buna dəlildir. İslam alimlərinin böyük əksəriyyətinin fikrinə görə bu hökm hamıya şamil edilir və döyüşdən qaçmaq böyük günahlardan hesab olu­nur. Daha doğru­su­nu isə Allah bilir». 

     Uca Allah buyurur:

   «Onları siz öldürmədiniz, Allah onları öldürdü. (Düş­mənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən at­madın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Bilən­dir.»

                                                                                                                (17-ci ayə)

     Təbərani «Mucəm» əsərində (3-cü cild, səh. 227)  de­miş­­dir­: «Hukeym ibn Hizam (radiyallahu anhu) rəvayət edir ki, Bədr döyüşündə Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir ovuc çınqıl (və ya torpaq) götürüb bizə tərəf atdı. Gözlərimiz toz-tor­paqla doldu və biz məğlub olduq. Uca Allah da bu ayəni nazil et­di:

   «(Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı …»

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (2-ci cild, səh. 84) bu hədisin isnadı­nın «həsən» olduğunu demişdir. Ola bilsin ki, Hey­səmi bununla isnadın «həsən li-ğeyrihi» ol­ma­sını qəsd etmişdir. 

     Heysəmi bu hədisi qüvvətləndirmək üçün başqa bir hədis də qeyd etmiş və demişdir: «Bu hədisi Təbərani rəvayət et­mişdir və isnadında olan ravilərin ha­mısı Buxari və Mus­li­min istinad etdiyi ra­vilərdir».

     Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 327) başqa isnadla, Səid ibn Museyyibin atasından rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ovucundakı çınqılı Ubey ibn Xələfə tərəf atmışdır. O bu hədisi rəvayət etdikdən son­ra isnadının Buxari və Muslimin şərtlərinə uy­ğun olduğunu de­miş, Zəhəbi də bunu təsdiqləmişdir.

     İbn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 229) Hakimin bu rəvayə­tini və həm­çi­nin Zuhridən olan rəvayəti qeyd etdik­dən sonra de­mişdir: «Bu iki imamın (Səid ibn Museyyibin və Zuhrinin) rəvayət etdiyi hadisənin məhz ona (Ubey ibn Xələfə) aid olması mümkün deyil. Ola bilsin ki, onlar ayə­nin ümumi mənasından bu nəticəni çıxarmışlar».

     Uca Allah buyurur:

   «Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər qayıtsanız (möminlərə qarşı vuruşsanız), Biz də qayıdarıq (sizi yenə məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, bu sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir»

                                                                                                                     (19-cu ayə)

     İbn Cərir «Təfsir»ində (9-cu cild, səh. 208) de­miş­­dir­: «Abdullah ibn Sələbə (radiyallahu anhu) rəvayət edir ki, Bədr döyüşündən əvvəl Əbu Cəhl dedi: «Allahım! O (Peyğəmbər (sallallahu aleyhi və səlləm)), bizi qohum-əqrə­ba­mızla düş­mən etdi, bizə dədə-babalarımızın bilmədiyi bir şeyi gətirdi. Sa­bah onu məhv et!» Uca Allah da bu ayəni nazil etdi:

   «Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir...»

     Bu hədisi həmçinin  Əhməd «Müsnəd» əsərində (5-ci cild, səh. 431), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 357) və Vahidi «Əsbabun-Nuzul» əsə­rin­də rəvayət etmişlər. Əhməd bu hədisi, ayənin nazil olma səbəbini qeyd etmə­dən rəvayət etmişdir.

     Hakim bu hədisin isnadının Buxari və Muslimin şərt­lə­ri­nə uy­ğun olduğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir. İbn kəsir «Təfsir»ində (2-ci cild, səh. 296) bu hədisi Nəsa­i­nin rəvayət etdi­yini qeyd etmişdir.

     Uca Allah buyurur:

   «Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir. Onlar Məscidul­hara­mın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. La­kin onların çoxu bunu bilmir».

             (33 və 34-cü ayələr)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 378)  de­miş­­dir­: «Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki,  Əbu Cəhl dedi: «Allahım! Əgər bu (Mə­həmmədin dedikləri) haq­dırsa, onda bizim üzərimizə göydən daş yağdır, ya da şiddətli bir əzab göndər». Uca Allah da bu ayəni nazil etdi.

    «Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir. Onlar Məscidulhara­mın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin?..»

     Bu hədisi Buxari həmçinin «Səhih» əsərində (9-cu cild, səh. 379), Muslim «Səhih» əsərində (17-ci cild, səh. 139), ibn Əbi Ha­tim «Təfsir»ində (3-cü cild, səh. 242)  və Vahidi «Əsbabun-Nu­zul» əsərində rəvayət etmişlər.

     İbn Cərir «Təfsir»ində (9-cu cild, səh. 235) de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, müşriklər Kəbənin ətrafını təvaf etdikdə de­dilər: «Ey Allah! Sənin dəvətini qəbul edib hüzuruna gəlmişik. Sənin heç bir şərikin yox­dur». Peyğəmbər (sallallahu aleyhi və səlləm)  də dedi: «Doğrudur! Doğ­rudur!». Onlar yenə dua edib belə dedilər: «Sənin heç bir şərikin yoxdur! Yalnız Sənin o şərikindən başqa ki, Sən ona və onun mülkünə sahibsən! Ey Allah! Bizi ba­ğışla! Ey Allah! Bizi bağışla!» Uca Allah da bu ayəni nazil etdi:

   «Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir» - ibn Abbas deyir ki, aralarında onları Allahın əzabından qoruyan iki vasitə var idi: «Allahın elçisi və istiğfar (bağışlanma diləmək). Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) aralarından getdi. Onlar isə hələ də bağışlanma diləyirdilər.

  Sonra ibn Abbas (radiyallahu anhumə):

   «Onlar Məscidulharamın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilmir» ayəsini oxuyub dedi: «Bu (ayə), onların axirətdə çəkəcəkləri əzaba, o (33-cü ayə) isə bu dünyadakı əzablarına aiddir».

     Bu hədisi həmçinin ibn Əbi Hatim «Təfsir»ində (3-cü cild, səh. 241) rəvayət etmişdir. Hədis «həsən»dir.

     Bu ayə hər iki hadisəyə şamil oluna bilər. Doğrusunu isə Allah bilir.

     Uca Allah buyurur:

   «İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər ara­nız­da min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir»

                                                                       (66-cı ayə)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 382)  de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki;

   «Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr…»3 ayəsi nazil olduqda hər on nəfər müşrikin müqabilində bir nəfər müsəlmanın olması fərz buyuruldu və bu əmr müsəlmanlar üçün çox ağır oldu. Bu zaman Uca Allah onlar üçün bu əmri asanlaş­dırdı və bu ayəni nazil etdi:

   «İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər ara­nız­da min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mi­ninə qalib gələr».

     Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 349), ibn Rahaveyh «Müsnəd» əsərində (ibn Hə­cərin «Mə­talibul Aliyə» əsərində (3-cü cild, səh. 336) qeyd olunduğu kimi), ibn Carud «Müntəqa» əsərində (shə. 350), ibn İshaq (ibn Hişa­mın «Sira» əsərində (1-ci cild, səh. 676) qeyd olunduğu kimi), ibn Cərir «Təfsir»ində (10-cu cild, səh. 40) və ibn Əbi Şeybə «Mü­sənnəf» əsərində (5-ci cild, səh. 324) rəvayət etmişlər.

     Uca Allah buyurur:

   «Peyğəmbərə yer üzündə çoxlu kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsi­niz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah Qüdrət­lidir, Müdrikdir»

                                                                        (67-ci ayə)

     Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 329) de­miş­­dir­: «İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allahın elçisi əsirlər barəsində Əbu Bəkrlə (radiyallahu anhu) məsləhətləşdi. O dedi: «Ey Alla­hın elçisi! Bu əsirlər hamısı bizim qar­daş­larımız, qohum-əq­rəbalarımız və yaxınları­mız­dır. Mən təklif edirəm ki, fidyə alıb onları azad edək». Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ömərlə (radiyallahu anhu) də məs­lə­hətləşdi və o dedi: «Onların boynunu vur!»

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) fidyə alıb onları azad etdi və Uca Allah bu ayələri nazil etdi:

    «Peyğəmbərə yer üzündə çoxlu kafir qırmayınca əsir götürmək yaraşmaz….» ayəsindən «Ələ keçirdiyiniz qə­nimətləri halal və təmiz olaraq yeyin …» ayəsinə qədər.

     Ertəsi gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ömərlə (radiyallahu anhu) rast­laşdı və ona dedi: «Sənin məsləhətinə müxalif olduğumuz üçün (əsir­lə­rin müqabilində götürülmüş fidyəyə görə) az qala müsibətə dü­çar olacağdıq!»

     Bu hədisin isnadı «səhih»dir.

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (12-ci cild, səh. 87), Əbu Da­vud «Sünən» əsərində (3-cü cild, səh. 3), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 31), ibn Əbi Ha­tim «Təf­sir»ində (4-cü cild, səh. 19) və Təbəri «Təf­sir»­ində (10-cu cild, səh. 44)  rəvayət etmişlər.

     Uca Allah buyurur:

   «Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm ol­masaydı aldığınız fidyə müqabilində sizə böyük bir əzab toxunardı. Ələ keçirdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən, Allah Ba­ğışlayandır, Rəhmlidir»

                                                              (68-69-cu ayələr)

     Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 19) de­miş­­dir­: «Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Bədr döyüşündən sonra səhabələr çoxlu qənimət topladılar. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) onlara de­di: «Sizdən əvvəlki ümmət­lərə döyüşdən qənimət götürmək halal olmamışdı. O zamanlar hər hansı bir peyğəmbər səha­bələrilə birlikdə döyüşdən sonra qə­nimət toplayardılarsa Allah göydən od endirər və bu qənimətləri məhv edərdi. Bu vaxt Uca Allah bu ayəni nazil etdi:

   «Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm ol­masaydı….»

     Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 113), ibn Carud «Müntəqa» əsərində (səh. 358), ibn Cərir «Təf­sir»ində (10-cu cild, səh. 46), ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 20), Beyhəqi «Sünən» əsərində (6-cı cild, səh. 290), Tə­havi «Müşkilul-Əsar» əsərində (4-cü cild, səh. 292), Əh­məd, Nə­sai və ibn Hibban (Heysəminin «Məvariduz-Zaman» əsərində (səh. 402) qeyd olunduğu kimi) rəvayət etmişlər.

    Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

    Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 329) de­miş­­dir­: «Xeysəmə rəvayət edir ki, bir dəfə Sə'd ibn Əbi Vəqqas (radiyallahu anhu) camaat ara­sında olarkən onların Əli ibn Əbi Talibi (radiyallahu anhu) söydüklərini eşitdi və dedi: «Dayanın! Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) sə­ha­bələrini söyməyin! Hə­qi­qətən, biz Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə dünyaya (qənimətə, var-dövlətə) sahib olduq. Uca Allah:

   «Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm ol­masaydı aldığınız fidyə müqabilində sizə böyük bir əzab toxunardı»  ayəsini nazil etdi. Allah­dan istəyim budur ki, qoy dünya malı Allah tərəfindən bizə verilmiş rəhmət ol­sun!»

     Onlardan bəziləri dedilər: «Allaha and olsun ki, o (Əli ibn Əbi Talib (radiyallahu anhu)) sənə nifrət edir və səni «fındıqburun» adlandırır!»

     Sə'd ibn Əbi Vəqqas (radiyallahu anhu) onların bu sözünə doyunca güldük­dən sonra de­di: «Belə ki, iki qardaş arasında söz-söh­bət ola bilər, lakin bu onların əmanətinə (dininə, etiqadına, qardaşlıq münasi­bətlərinə) xələl gətirməz!»

     Hakim bu hədisin «səhih», Buxari və Muslimin şərt­ləri­nə uy­ğun olduğunu de­miş­dir.

     Bu hədisi həmçinin İshaq ibn Rahaveyh «Müsnəd» əsə­rində (ibn Həcərin «Mətalibul Aliyə» əsərində (4-cü cild, səh. 150) qeyd olunduğu kimi) və ibn Əbi Hatim «Təf­sir»­ində (4-cü cild, səh. 20) rəvayət etmişlər.

     Uca Allah buyurur:

   «Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabı­na görə bir-birinə varis olmağa daha yaxındırlar. Həqi­qətən, Allah hər şe­yi bilir»

        (75-ci ayə)

     Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 19) de­miş­­dir­: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) sə­habələri (məkkəlilərlə mədinəli­lər) arasında qardaşlıq əlaqəsi yaratdı və bun­dan sonra onlar bir-birinə varis oldular.

   «Qohumlar Allahın Kitabına görə bir-birinə varis ol­mağa daha yaxındırlar…» ayəsi na­zil olduqdan sonra bu vərəsəlik tərk olundu və yalnız qohumlar bir-birlərinə varis olaraq qaldılar».

     Bu hədisi həmçinin Təbərani «Mucəm» əsərində (Heysə­minin «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 28) qeyd olunduğu kimi), ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 25) və Hakim «Mustədrək» əsərində (4-cü cild, səh. 384) rəvayət etmişlər.

     Heysəmi bu hədisin isnadında olan ravilərin hamısının Buxari və Muslimin istinad etdiyi ravilər ol­duğunu demiş­dir. Hakim bu hədisin isnadını «səhih» saymış, Zəhəbi də bu­nu təsdiqləmişdir.

     İbn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 24) və ibn Cərir «Təfsir»ində (10-cu cild, səh. 58) is­nad edərək  bu hə­disi Zubeyr ibn əl-Əvvama (radiyallahu anhu) istinad edərək rə­va­yət etmişlər.



1 [ «əl-Ənfal» surəsi, 1-5. ]

2 [ Bu hədis «Ali İmran» surəsi, 165-ci ayənin izahında tam şəkildə qeyd olunmuşdur. ]

3 [ «əl-Ənfal» surəsi, 65. ]

 


Baxılıb: 16295


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”