Ana səhifə / Hədis / Səhih Müsnəd / Ət-Tövbə surəsi

Ət-Tövbə surəsi

Ət-Tövbə surəsi

 

     Uca Allah buyurur:

«Doğrudanmı siz hacılara su verməyi və Məscidulha­ra­mı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz»                                                                                                                                                                                   (19-cu ayə)

     Muslim «Səhih» əsərində (13-cü cild, səh. 25) de­miş­­dir­: «Nu'mən ibn Bəşir (radiyallahu anhu) rəvayət edir ki, mən cümə günü Peyğəmbərin (sallallahu aleyhi və səlləm) minbərinin yanında olarkən bir kişi dedi: «Mən İslamın ərkanlarından sonra hacılara su paylamağı ən gözəl əməl hesab edirəm». Di­gər bir kişi isə: «Mənim üçün İslamın ərkanlarını yerinə yetirdikdən sonra ən gözəl əməl Məscidülhəramı təmir etməkdir» - dedi. Üçüncü kişi isə: «Allah yolunda cihad sizin dediklərinizdən də (hacılara su paylamaqdan və Məscidülhəramı təmir et­məkdən də) əfzəl sayı­lır» - dedikdə Ömər (radiyallahu anhu) onları danlayıb dedi: «Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) minbərinin yanında səsini­zi qaldırmayın! Cümə namazını qılıb qurtardıqdan sonra mübahisə etdiyiniz mə­sələ barəsində soruşub cavabınızı alarsınız». Uca Allah da bu ayəni nazil etdi:

   «Doğrudanmı siz hacılara su verməyi və Məscidulha­ramı abadlaşdırmağı Allaha və Axirət gününə iman gəti­rib Allah yolunda cihad edənlərlə eyni tutursunuz?...»

     Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 269), ibn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 342), ibn Cərir «Təf­sir»ində (10-cu cild, səh. 95) və ibn Əbi Ha­tim «Təfsir»ində (4-cü cild, səh. 35) rəvayət etmişlər.

     Uca Allah buyurur:

   «Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən ço­xu insanların mallarını haqsız olaraq yeyir və onları Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri üzücü bir əzabla müj­də­lə».

                                                                                                      (34-cü ayə)

     Buxari «Səhih» əsərində (4-cü cild, səh. 15)  de­miş­­dir­: «Zeyd ibn Vəhb (radiyallahu anhu) rəvayət edir ki, mən Rəbzədə1 Əbu Zər (radiyallahu anhu) ilə rastlaş­dım və ona dedim: «Bura gəlməyinin səbəbi nədir?» O dedi: «Şamda olarkən

   «Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyən­ləri üzücü bir əzabla müjdələ» ayəsinin nazil olma səbəbi barəsində Müaviyə ilə mübahisə etdim. Müaviyə bu ayənin əhli kitab barəsində, mən isə həm onlar, həm də bizim (mü­səl­manların) barəmizdə nazil olduğunu dedim. Elə buna gö­rə də aramızda narazıçılıq əmələ gəldi. O, Osmana (radiyallahu anhu) məktub yazıb mənim barəmdə ona şi­kayət etdi. Osman da mənə məktub yazıb Mədinəyə gəlməyimi tələb etdi. Mən Mədinəyə gəldiyim zaman ətrafıma çoxlu adam toplandı, sanki məni bi­rinci dəfə idi ki görürdülər. Bu barədə Osmana (radiyallahu anhu) xəbər verdikdə o dedi: «İstə­yirsənsə kənara çəkil, yaxın bir yerdə ol! (Rəbzə vilayətinə yaşa­mağa get!) Bura gəl­mə­yimin səbəbi də budur. Əgər mənim üzə­rimə həbəşi (qara dərili) bir kimsəni əmir təyin etsəydilər belə onu eşidib, ona tabe olardım».

     Buxari bu hədisi həmçinin «Təfsir» fəslində (9-cu cild, səh. 393), Vahidi «Əsbabun-Nuzul» əsərində, Təbəri «Təf­sir»ində (10-cu cild, səh. 122) və ibn Əbi Hatim «Təf­sir»ində (4-cü cild, səh. 45) rəvayət etmişlər.

     Uca Allah buyurur:

   «Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöq­san tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər».

                                                                        (58-ci ayə)

     Buxari «Səhih» əsərində (15-ci cild, səh. 320) de­miş­­dir­: «Əbu Səid əl Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) qə­ni­mətləri bölərkən Ab­dullah ibn zil-Xuveysira ət-Təmimi gə­lib ona dedi: «Ey Allahın elçisi, qənimətləri ədalətlə böl!» O dedi: «Vay sənin halına! Əgər mən ədalətlə bölmürəmsə, bəs onda kim ədalətlə bölə bilər?» (Əgər mən əda­lətli deyi­ləmsə, onda (ədalətsiz bir insana tabe ol­duğun üçün) sənin ümidlərin boşa çıxmış və ziyana uğramış­san.)2

     Bu zaman Ömər ibn əl-Xəttab (radiyallahu anhu): «İzn ver onun boy­nunu vurum» - deyə­ Peyğəmbərə (sallallahu aleyhi və səlləm) müraciət etdi. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: «Ona toxunma! Həqiqətən, onun tərəfdarları olacaq və sizlərdən biri onların ibadətlərinə nis­bətdə öz namazına və orucuna həqarətlə baxacaq. (Yəni onlar siz­dən də çox namaz qılacaq və oruc tutacaq­lar. Onlar Quran oxu­yacaqlar, lakin oxuduqları Quran onların boğazların­dakı körpü­cük sümüklərindən o yana keçməyəcəkdir)».3

     Onlar, ox şikara bir tərəfdən daxil olub, digər tərəfdən çıxdığı kimi dindən çıxacaqlar. O oxa baxdıqda, onun nə ucunda, nə gövdəsində, nə də arxasında ovun nə qanı, nə də başqa bir əlamə­ti görünməz. Onların əlamətləri bunlardır: əl ilə çi­yin və ya çiyinlə dirsək arasında olan əzələsi və ya si­nəsi qadın sinəsinə bən­zər, ya­xud titrəyən, gedib-gələn ət parçası kimi olacaq. Onlar insanlar arasın­da ixtilaf olduğu zaman meydana çıxacaqlar».

     Əbu Səid əl-Xudri (radiyallahu anhu) dedi ki, mən bütün bunları Pey­ğəmbər­dən (sallallahu aleyhi və səlləm) eşitdiyimə və Əlinin (radiyallahu anhu) onları məhv etdiyi zaman onun yanında olduğuma şəhadət verirəm. O vaxt on­lardan birini Əlinin (radiyallahu anhu) yanına gətirdilər və mən Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) vəsf etdiyi əlamətləri onun üzərində gördüm. Elə:

   «Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar..» ayəsi də onlar barəsində nazil olmuş­dur».

     Bu hədisi həmçinin Abdurrəzzaq «Müsənnəf» əsərində (10-cu cild, səh. 147), ibn Cərir «Təfsri»ində (10-cu cild, səh. 157), Vahi­di «Əsbabun-Nuzul» əsərində və ibn əbi Ha­tim «Təfsir»ində (4-cü cild, səh. 57) rəvayət etmişlər.

     Uca Allah buyurur:

   «Onlardan nə üçün istehza etdiklərini soruşsan, de­yər­lər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?”»

                        (65-ci ayə)

   İbn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 63) de­miş­­dir­: «Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Təbuk döyüşündə olarkən bir kişi məclisdə dedi: «Bizim aramızdakı qari­lər­dən acgöz, yalançı və döyüşdə qorxaq olan bir kimsə gör­mədim». Bu zaman səhabələrdən biri dedi: «Yalan danışır­san! Sən münafiqsən! Bu haqda mütləq Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xə­bər verəcəm». Bu xəbər Peyğəmbərə (sallallahu aleyhi və səlləm) çatdıqda ayə4 nazil oldu: «Abdullah ibn Ömər (radiyallahu anhumə) deyir ki, mən onu Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) dəvəsinin yüyəninə sarılıb yalvararaq: «Ey Allahın el­çisi, biz ancaq söhbət edib zarafatlaşır, əylənir­dik!» - de­di­yini gördüm. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də ona bu ayəni oxudu:

   «De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə isteh­zamı edirsiniz?”»

     Bu hədisin isnadında olan ravilərin hamısı – Hişam ibn Sə'd­dən başqa – Buxari və Muslimin istinad etdiyi ravi­lər­dir. Hişam ibn Sə'də gəlincə, Təbəri «Təfsir»ində (10-cu cild, səh. 172) ona istinad edərək bu hədisi qüvvətləndirən bir hədis rəvayət etmişdir. Həmçinin ibn Əbi Hatim «Təf­sir»ində (4-cü cild, səh. 64) başqa bir «həsən» isnadla Kə'b ibn Malikdən (radiyallahu anhu) bu hədisi gücləndirən bir hədis rəvayət etmişdir.   

     Uca Allah buyurur:

   «Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çə­tinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məs­xərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır. Onları sarsıdıcı bir əzab gözləyir».

                                                                       (79-cu ayə)

     Buxari «Səhih» əsərində (4-cü cild, səh. 25)  de­miş­­dir­: «Əbu Məsud (radiyallahu anhu) rəvayət edir ki, sədəqə barəsində ayə5 nazil olduğu zaman biz bir-birimizə borc verirdik. Bir nəfər (Əbu Hil (radiyallahu anhu)) kasıblara çoxlu sədəqə verdi və münafiqlər: «O riyakardır!»- dedilər. Başqa bir kimsə də gətirib bir «saa» sədəqə verdikdə onlar: «Allahın bir «saa» sədəqəyə eh­tiyacı yoxdur!»- dedilər. Uca Allah da bu ayəni nazil et­di:

   «Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çə­tinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məs­xərəyə qoyanları..»

      Bu hədisi həmçinin Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 400), Muslim «Səhih» əsərində (7-ci cild, səh. 105), ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 73), ibn Cərir «Təf­sir»ində (10-cu cild, səh. 197), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 19) ibn Hibban «Səhih» əsərində (Hey­sə­mi­nin «Məvariduz-Zaman» əsə­rində (səh. 471) qeyd olunduğu kimi) və Vahidi «Əsbabun-Nuzul» əsərində rəvayət etmiş­lər.

     Uca Allah buyurur:

   «Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öl­dü­lər».

                                                                       (84-cü ayə)

     Buxari «Səhih» əsərində (3-cü cild, səh. 381)  de­miş­­dir­: «İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Ab­dullah ibn Ubey vəfat etdikdə oğlu Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Ey Allahın elçisi! Libası­nı ver onu kəfənləyək və onun üçün cənazə na­mazı qılıb Allahdan ona ba­ğış­lanma dilə!» Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz libasını ona verdi və onun cənazə namazını qılmaq istə­dikdə Ömər (radiyallahu anhu) onu saxlayıb de­di: «Məgər Allah münafiqlərin cənazə namaını qılma­ğı sənə qadağan etməyib?» Peyğəm­bər (sallallahu aleyhi və səlləm) də «Mən (onların cənazə namazını qılıb-qılmamaqda) ixtiyar sahibi­yəm!» - deyib

   «Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır»6 ayəsini oxudu və onun cənazə namazını qıldı. Bu zaman Uca Allah bu ayəni nazil etdi:

   «Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öl­dü­lər».

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (3-cü cild, səh. 471; 9-cu cild, səh. 403, 407, 409; 12-ci cild, səh. 380), Muslim «Səhih» əsərində (15-ci cild, səh. 167; 17-ci cild, səh. 121), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 118-119), Nəsai «Sünən» əsə­rində (4-cü cild, səh. 13), ibn Macə «Sünən» əsərində (1523-cü hə­dis), Əhməd «Müsnəd» əsə­rində (1-ci cild, səh. 16; 2-ci cild, səh. 18), ibn Cərir «Təf­sir»ində (10-cu cild, səh. 205), ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 76-77) və ibn İshaq (ibn Hişamın «Sira» əsə­rində (2-ci cild, səh. 552) qeyd olunduğu kimi) rəvayət et­mişlər.

   Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

     Uca Allah buyurur:

   «Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları gü­nahların cəzası olaraq sığınacaqları yer Cəhənnəm ola­caqdır. Qarşınızda and içəcəklər ki, onlardan razı qa­la­sınız. Siz onlardan razı olsanız da, Allah fasiq cama­at­dan razı qalmaz».

                        (95 və 96-cı ayələr)

     İbn Cərir «Təfsir»ində (11-ci cild, səh. 3) de­miş­­dir­: «Kə'b ibn Malik (radiyallahu anhu) demişdir: «Təbuk döyüşündən sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrilə bir yerdə oturmuşdu. Bu vaxt dö­yüşdən yayınan səksəndən çox kişi onun yanına gəldi və (bəhanələrini doğrultmaq üçün) and içərək üzrxahlıq etməyə başladılar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) on­ların camaat arasında dediklərini qəbul etdi, onlardan bir daha vəd aldı, onlar üçün Allahdan bağışlanma dilədi və qəlblərin­də gizlətdiklərini Allaha hə­valə etdi. Mən isə həqiqəti gizlətmədim və ona düzünü dedim. Allaha and olsun ki, mənim üçün İslam ne­mətindən sonra Allahın əta etdiyi ən əzəmətli nemət Peyğəmbərə (sallallahu aleyhi və səlləm) düz danışmaq idi ki, yalan danışıb həlak olan­lardan olmayım. Həqiqətən, Allah yalan danışanların dedikləri­nin necə də pis olması barədə bu ayəni nazil etdi:

   «Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları gü­nahların cəzası olaraq sığınacaqları yer Cəhənnəm ola­caqdır...»

  Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir.

     Uca Allah buyurur:

   «Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəl­li olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün  bağışlanma diləmək yaraş­maz».

                                                                     (113-cü ayə)

     Buxari «Səhih» əsərində (3-cü cild, səh. 465; 8-ci cild, səh. 194)  de­miş­­dir­: «Museyyib (radiyallahu anhu) rəva­yət edir ki, Əbu Talibin ölümqabağı Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun yanına gəldi və de­di: «Ey əmi! «Lə iləhə illəllah!» kəlməsini  de, Allah ya­nın­da sənin dediyinə şəhadət ve­rim (sənə şəfaətçi olum)». Orada olan Əbu Cəhl və Abdullah ibn Əbi Ümeyyə isə dedi: «Ey Əbu Talib! Abdulmüttəlibin  millətindən üz çevirmək istəyirsən. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir neçə dəfə dediyində təkid etdi və onlar da öz növbələrində etirazlarını bil­dirdilər. Nəhayət Əbu Talibin axır sözü Abdulmüttəlibin millə­tində qalaca­ğı­nı israr etməsi oldu və «lə iləhə illəllah» deməkdən imtina etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də ona dedi: «Allaha and olsun ki, mənə qadağan olunana qədər sənin üçün bağışlan­ma diləyəcəm». Uca Allah da bu ayəni nazil etdi:

   «Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəl­li olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün  bağışlanma diləmək yaraşmaz».

     Həmçinin bu ayə də nazil oldu:

   «Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməz­sən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğ­ru yolda olanları da daha yaxşı tanıyır»7

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (9-cu cild, səh. 411; 10-cu cild, səh. 124), Muslim «Səhih» əsərində (1-ci cild, səh. 214), Nəsai «Sünən» əsərində (4-cü cild, səh. 74), Əhməd «Müs­nəd» əsərində (5-ci cild, səh. 433), ibn Cərir «Təfsir»ində (11-ci cild, səh. 41), Beyhəqi «Əsma vəs-Sifat» əsərində (səh. 97-98) və ibn Əbi Hatim «Təf­sir»ində (4-cü cild, səh. 102) rəvayət etmişlər.      

     Uca Allah buyurur:

   «Allah, müsəlmanlardan bəzilərinin qəlbi cihaddan ya­yınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki Allah onlara müsəlmanlara qarşı Şəfqətlidir, Rəhmlidir. Geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürək­ləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar de­yə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah töv­bə­ləri qəbul Edəndir, Rəhmlidir. Ey iman gətirənlər! Allah­dan qorxun və düz danışanlarla birlikdə olun».

                                                          (117-119-cu ayələr)

     Buxari «Səhih» əsərində (9-cu cild, səh. 176)  de­miş­­dir­: «Kə'b ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Təbuk döyüşündən başqa Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) iştirak etdiyim döyüşlərin heç bi­rin­dən yayınmamış­dım. Bədr döyüşün­dən yayınmağıma gə­lin­cə, ondan yayınanları Peyğəmbər (sallallahu aleyhi və səlləm) qınamamışdı. Çün­ki o zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) döyüşə yox, Qüreyş karvanının yolunu kəsmək üçün çıx­mışdı. Allah da onları vədələş­mə­dikləri bir yerdə düşmənləri ilə üz-üzə gətirdi.

     Əqəbə8 beyətində hamımız Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) bərabər İs­lamı yaşatmağa söz verdik. İnsanlar arasında Bədr döyü­şü­nün Əqəbə beyətindən daha üztün sayılmasına baxmaya­raq mənim üçün Əqəbə beyəti daha sevimli idi. Təbuk döyü­şünə gəlincə, bu döyüşdən yayındığım zaman özümü başqa döyüşlərdə olduğundan daha qüvvətli və gümrah hiss edir­dim. Allaha and olsun ki, bundan öncə heç vaxt mənim bir dəvədən artıq miniyim olma­mışdı. Bu döyüş vaxtı isə mə­nim iki dəvəm var idi. Hər hansı bir döyüşə getmək istə­dik­də iyham (iki mənalı ifadə) etməklə həqiqi məqsədini bil­dir­mək Peyğəmbərin (sallallahu aleyhi və səlləm) adəti idi.9  

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) Təbuk döyüşünə şiddətli bir isti zamanı yo­la düşdü. Bu səfər çox uzun və təhlükəli, qarşılaşacaq­ları düşmənin isə sayı çox olduğundan o, müsəlmanlar bunları nəzərə alıb hazırlıq gör­sünlər deyə, məqsədini açıqlayıb, ge­dəcəyi istiqaməti onlara xəbər verdi. O za­man Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında olan müsəlmanların sayı çox idi, ancaq o, onların adlarını xüsusi bir kitabda qeyd etmədi.

     Heç kim döyüşdən yayınmaq istəmirdi. Yalnız döyüşdən ya­yınmaq istəyən az sayda müsəlman elə zənn edirdi ki, vəhy nazil olmayınca onların bu hərə­kətindən Peyğəmbər (sallallahu aleyhi və səlləm) kim xəbər tutmayacaq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) mü­səlmanlarla birgə hazırlıq görüb meyvələrin yetişdiyi və ağac köl­gələrinin xoş olduğu bir zamanda (isti payız günündə) bu döyüşə çıxdı. O zaman onlar döyüşə hazırlaşarkən, mən də hər səhər dö­yüşə hazırlaşmaq məqsədilə evdən çıxır və hər axşam heç bir hazırlıq görmədən evə qayıdıb öz-özümə deyirdim: «Ha­zırlıq gör­mək üçün kifayət qədər vaxt var».

     Camaat döyüşə tam hazır olana qədər bu səhlənkarlıq məndə davam etdi. Səhəri gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) və mü­səl­man­lar artıq səfərə yola düşdülər. Mən isə hələ də hazırlıq gör­məmişdim. Mən yenə öz-özümə de­dim: «Bir-iki günə ha­zır­lıq gördükdən sonra gedib onlara çataram».

     Onlar Mədinədən çıxdıqdan sonra mən yenə də hazırlıq gör­mək üçün evdən çıxdım və heç bir iş görmədən axşam evə qayıt­dım. Bu hal məndə, onların tez bir zamanda düş­mənlə qarşılaş­dıqları anacan davam etdi və mən bu döyüşdə iştirak etmək für­sətini əldən buraxdım. Bütün bunlara bax­mayaraq, mən yenə də onlara çatmaq fikrində idim. Kaş ki, bu fikrimi doğrul­daydım. Lakin bu mənə müyəssər olmadı.

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinədən çıxıb döyü­şə get­dikdən sonra insanlar arasına çıxdıqda məni ən çox kədərləndirən o idi ki, burada yalnız münafiqlikdə ittiham olunanlar və Allahın dö­yüşə getməmə­yə rüsxət verdiyi zəiflər qalmışdı.

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) Təbuka gəlib çatana qədər mənim ba­rəmdə düşünmədi. Təbukda ikən səhabələr arasında ol­duqda məni xatırla­yıb dedi: «Kə'b nə etdi?» Bənu Sələmə qəbilə­sindən olan bir kişi dedi: «Ey Allahın elçisi! Kə'bi iki gözəl libası və yan-yörəsinə özündən razı halda baxması Mədi­nədə sax­ladı».

     Muaz ibn Cəbəl (radiyallahu anhu) dedi: «Sənin dediyin necə də pis­dir! Ey Allahın elçisi! Allaha and olsun ki, biz Kə'bdən yax­şılıqdan başqa bir şey görməmişdik». Peyğəmbər (sallallahu aleyhi və səlləm) heç nə de­mədi.

     Onların Mədinəyə qayıtma xəbərini eşitdikdə kədər məni bü­rüdü, artıq yalan danışmaq barəsində düşünməyə baş­la­dım və öz-özümə dedim: «Mən nə edim ki, sabah onun qə­zəbindən xilas olum?» Sonra mən bu iş barəsində təc­rübəsi olan yaxınlarımla məsləhətləşdim.

     Peyğəmbərin Mədinəyə yaxınlaşması xəbəri mənə çat­dıqda bü­tün batil fikir­ləri özümdən uzaqlaşdırdım və başa düşdüm ki, uy­durduğum yalan fikirlərlə özümə bəraət qa­zandıra bilməyəcəyəm. Ona görə də qərara gəldim ki, hər şeyi olduğu kimi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) söyləyim.

     Səhəri gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinəyə gəldi və adəti üzrə məscidə daxil olub iki rəkət namaz qıldı. Sonra da orada olan camaatla (hal-əhval tutmaq üçün) birgə oturdu. Bu vaxt Təbuk döyüşündən yayınan səksəndən artıq kişi gəlib Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) müxtəlif bəha­nələr gətirməklə və and içməklə üzrxahlıq etməyə başladılar. Allahın elçisi on­ların camaat arasında dediklərini qəbul etdi, onlardan bir daha vəd aldı, onlar üçün bağışlanma dilədi, qəlblərində gizlətdiklərini isə Allaha hə­valə etdi.

     Bu zaman mən də Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hüzuruna gəlib ona salam verdim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) məni gör­cək gülümsə­di, lakin qəzəbli olduğu hiss olunurdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) : «Gəl!» - deyə məni çağırdı. Mən yaxınlaşıb onun qarşısında oturduqda o mə­nə dedi: «Bu döyüşdən yayınma­ğının səbəbi nə idi? Mə­gər sən bundan öncə beyət etməmişdin? (İslamı yaşatmağa söz verməmişdin?)»

     Mən dedim: «Doğrudur, ey Allahın elçisi! Allaha and ol­sun ki, həqiqətən, mən başqa birisinin hüzurunda olsaydım, bir bəhanə gətirməklə onun qəzəbindən canımı necə qur­ta­racağımı görərdin. Doğrudan da mənim çox fəsahətli da­nı­şıq qabiliyyətim var. La­kin - and olsun Allaha - mən başa düşdüm ki, əgər mən bu gün yalan danışmaqla səni razı sal­sam, sonra Allah sənə həqiqəti bil­dirdikdə mənə qəzəb­lə­nə­cəksən. Ancaq sənə həqiqəti söyləsəm, sənin mənə qəzəbin tutsa da Allahın məni bağışlayacağına ümid edəcəm.

     Xeyr! Allaha and olsun ki, mənim bu döyüşdən yayın­dı­ğıma bəraət qazan­dıracaq heç bir üzürlü səbəbim yoxdur. Çünki mən heç vaxt özümü indiki kimi qüv­vətli və gümrah hiss etməmiş­dim».

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Buna gəlincə, həqiqətən doğru söy­lədi. Ey Kə'b, get və Allah sənin barəndə hökm verənə qə­dər səbr et».

   Mən çıxıb getdikdə Bənu Sələmə qəbiləsindən olan bir dəstə kişi tələsik ar­xamca gəlib mənə dedi: «Allaha and ol­sun ki, biz səni bundan əvvəl günahkar bir şəxs kimi ta­nı­mırdıq. Sən döyüşdən yayınan şəxslər kimi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) üzr­xahlıq etməyib aciz qaldın. Halbuki sə­nin bu günahın üçün Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bağışlanma diləməyi kifayət edərdi.

     Allaha and olsun ki, onlar məni o qədər taqsırlandırdılar ki, qayıdıb yalan söylədiyimi bildirmək istədim. Sonra mən: «Mən­dən başqa belə hərəkət edən bir kimsə varmı?» - deyə soruşdum. Onlar dedilər: «Bəli, iki kişi də sən dediyin kimi həqiqəti söylədi və sənə söylənilənlər onlara da deyildi». Mən onların kim olduğu­nu soruşduqda onlar: «Bu Murara ibn Rəbi əl-Amri (radiyallahu anhu) və Hilal ibn Ümeyyə əl-Vaqifidir (radiyallahu anhu) - deyib Bədr döyüşündə iştirak et­miş, nümunəvi olan iki səhabəni mənə bildirdilər. Onlar bunu mənə söylədikdən sonra (fikrimdən dönməyib) çıxıb getdim.

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) döyüşdən yayınanlar arasında yalnız bizim üçümüzlə danışmağı müsəlmanlara qadağan etdi. Camaat bizdən uzaq­laşdı və onların bizə qarşı olan münasibəti də­yişdi. Hətta bu yerlər mənim üçün qəribləşdi. Bu vəziyyət əlli gün davam etdi. Bu müddət ərzində Murara (radiyallahu anhu) və Hi­lal (radiyallahu anhu) Allahın qədərinə boyun əyməklə evlərində oturub ağlayırdılar. Mən isə onlardan daha gənc və dözümlü ol­du­ğum üçün müsəl­manlarla birlikdə namazlarda iştirak edir və bazarlarda gəzib do­laşırdım. Lakin mə­nimlə heç kəs danış­mırdı. Namazdan sonra Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib salam verər və öz-özümə deyərdim: «Görəsən onun dodaqları tər­pəndimi, mənim salamımı aldımı?» Sonra onun yaxın­lığın­da na­maz qılar və gizlincə ona nəzər salardım. Namaza gəl­diyim zaman Peyğəm­bər (sallallahu aleyhi və səlləm) mənə tərəf baxardı, ancaq mən ona tərəf bax­dıqda o məndən üz çevirərdi.

     İnsanların məndən üz çevirməsi və mənə qarşı olan so­yuq mü­nasibətləri o qədər davam etdi ki, mən bir gün əmim oğlu Əbu Qəta­dənin (radiyallahu anhu) həyət divarını aşıb onun yanına gəl­dim. Əbu Qətadə (radiyallahu anhu) ən çox sevdiyim insanlardan biri idi. Mən ona salam verdim, an­caq Allaha and olsun ki, o mə­nim salamımı almadı. Mən dedim: «Ey Əbu Qətadə! Sə­ni Allaha and verirəm, de görüm mənim Allah və Rəsulunu (sallallahu aleyhi və səlləm) sevən bir bəndə olduğumu bilirsənmi?»

     O susdu. Mən bir daha Allaha and verib soruşduqda o yenə də cavab vermədi. Mən üçüncü dəfə Allaha and verib soruşdum. O dedi: «Allah və rəsulu daha yaxşı bilir!» 

     Bu cavabdan sonra gözlərim yaşla doldu, sonra hasarı aşıb oradan uzaq­laşdım.

     Bir gün mən Mədinə bazarında gəzib dolaşdığım zaman ora ticarət üçün gəlmiş, Şam əhlindən olan bir nəsrani əkin­çi: «Mən Kə'b ibn Maliki (radiyallahu anhu) necə tapa bilərəm?» - deyə soruşduqda, bazardakılar məni işarə ilə ona göstərdilər. O yaxınlaşıb Ğəssan vilayətinin hökmdarının məktubunu mə­nə təqdim etdi. Orada bu sözlər yazılmışdı: «Həqiqətən, mə­nə çatmış məlumatlara görə dos­tun (Peyğəmbər (sallallahu aleyhi və səlləm)) səninlə çox sərt davranır. Doğrudan da Allah səni təhqir olunacağın və sıxıntı çəkəcəyin bir yerdə qalmaq üçün yaratmamışdır. Elə isə bizim yanımıza gəl, sənə layiqincə hörmət edək». Bu məktubu oxuduqdan sonra mən: «Bu da bir imtahandır» - deyib onu təndirə atıb yandırdım.

     Qırx gün keçdikdən sonra Peyğəmbərin (sallallahu aleyhi və səlləm) göndərdi­yi şəxs, (Xuzeymə ibn Sabit (radiyallahu anhu))10 gəlib mənə dedi: «Allahın elçisi sənə həyat yoldaşından uzaqlaşmağı əmr edir». Mən dedim : «Onu boşayım, ya yox?» O dedi: «Xeyr! Ondan uzaqlaş və onunla yaxınlıq etmə!»

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu xəbəri Murara (radiyallahu anhu) və Hilala (radiyallahu anhu) da göndərmişdi. Mən həyat yoldaşıma dedim: «Atan evinə get və Allahın hökmü gələnə qədər orada qal!»

     Hilal ibn Ümeyyənin (radiyallahu anhu) zövcəsi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Ey Allahın elçisi! Həqiqətən, Hilal artıq qocalmış və əldən düşmüşdür. Ona xidmət edəcək bir kimsə yox­dur. Ona xidmət gös­tərməyimə də qadağa qoyursan?» O dedi: «Xeyr, lakin səninlə yaxınlıq etməsin». Hilalın (radiyallahu anhu) zövcəsi dedi: «Allaha and olsun ki, onun heç hərəkət etmə­yə taqəti qalmayıb. Bu hadisə baş verəndən bəri o, dayan­madan ağlayır».

     Mənim də yaxınlarımdan11 bəziləri mənə dedilər: «Bəl­kə sən də Peyğəm­bərdən (sallallahu aleyhi və səlləm) izn istəyəsən və o Hilal ibn Ümeyyənin zövcəsinə ona xidmət etmək üçün izn verdiyi kimi sənin zövcənə də izn versin». Mən dedim: «Allaha and olsun ki, bu barədə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) izn istəməyəcəm. Mən nə bilim ki, o nə cavab verəcək. Bundan başqa mən hələ gəncəm».

     Mən on gün də gözlədim və artıq Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qa­da­ğan etdiyi günlərin sayı əlliyə çatdı. Mən əllinci gün sübh namazını qılıb evlərimizdən biri­nin damının üstündə Alla­hın (ayədə) zikr etdiyi vəziyyətdə, yəni ürəyim təngə gəlib sıxılmış və gen dünya mənə dar olmuş kimi oturmuşdum ki, birdən Səl dağının üstünə çıxıb uca səslə çağıran carçının: «Ey Kə'b ibn Ma­lik, sevin!» - dediyini eşitdim.

     Mən dərhal səcdə etdim və anladım ki, artıq sevinc və fərəh gəlmişdi.

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) sübh namazını qıldıqdan sonra Allahın bi­zim tövbələrimizi qəbul etdiyini insanlara bəyan etmiş və onlar da bu şad xəbəri bizə çatdırmağa tələsmişlər. Onlar­dan bir qismi Muraranı (radiyallahu anhu) və Hilalı (radiyallahu anhu) müjdələmək üçün onların yanına getmişlər. Onlardan biri atını çaparaq məni müjdələməyə gəlmiş, digəri isə Səl dağına qalxıb ora­dan bu müjdəni mənə daha tez çatdırmışdı. Belə ki, səsin surəti atın surətindən daha tez çatır. Səsini eşitdiyim müj­də­çi mənim yanı­ma gəldikdə libasımı (rida və izarımı) ona verdim. Özümün isə bundan başqa libasım olmadığı üçün geyinmək məqsədilə (Əbu Qətadə­dən (radiyallahu anhu))12 libas aldım və onu geyib Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına getdim. Sə­habələr dəstə-dəstə məni qarşılayır və tövbəmin qəbul olunması müna­si­bətilə təbrik edib deyirdilər: «Allahın tövbəsi sənə xeyirli olsun!» Mən məscidə daxil ol­duqda Peyğəmbər (sallallahu aleyhi və səlləm) orada oturmuş və camaat da onun ətrafına toplaşmışdı. Təlhə ibn Ubeydullah (radiyallahu anhu) qalxaraq sürətlə mənə tərəf gəlib əlimi sıx­dı və məni təbrik etdi. Allaha and olsun ki, ondan başqa mü­hacir­lərdən heç kəs məni təbrik etmək üçün ayağa qalx­ma­dı. Mən onun bu münasibətini heç vaxt unutmaram. Mən Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) salam verdikdə o, sevinclə parlayan üzünü mə­nə tərəf çevirib dedi: «Anan səni dünyaya gətirdiyi gün­dən bəri sənin üçün ən xeyirli olan bu günün səadətiylə se­vin!» Mən: «Ey Alla­hın elçisi! Bu müjdə sənin tərə­fin­dən­dir, yoxsa Allahın?»- deyə so­ruşduqda o dedi: «Xeyr, əksinə bu Allah tərəfindən olan müjdə­dir».

     Adətən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) sevindikdə onun üzü ay parçası ki­mi parlayardı. Biz də onun sevindiyini bu görkəmin­dən hiss edərdik.

     Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qarşısında oturub de­dim: «Ey Alla­hın elçisi! Tövbəm qəbul olunduğu üçün var-dövlə­timi Allah və Onun rəsuluna sədəqə etmək istəyirəm». Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: «Var-dövlətinin bir hissəsini özündə saxla. Bu sənin üçün daha xeyirlidir». Mən dedim: «Xeybər13  döyü­şündə əldə olunmuş qənimətdən payıma düşən hissəni özüm üçün saxlayıram. Ey Allahın elçisi! Həqiqətən, Allah məni bu sı­xıntıdan yalnız doğru danışdığım üçün qurtardı. Elə buna görə də bundan sonra da yalnız doğru danışacağam».

     Allaha and olsun ki, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) doğru söylədi­yim vaxtdan bəri Allahın kimi isə doğru danışmaqda məni imta­hana çəkdiyindən daha gözəl imtahana çəkdiyini bilmirəm. Bütün bunları Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) söylədikdən sonra heç vaxt yalan danışmaq ba­rəsində düşünmədim (niyyətində ol­ma­dım) və Allahdan istəyirəm ki, bundan sonra da bu işdə mə­ni qorusun. Buna görə də Allah Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) bu ayəni nazil etdi:

    «Allah, müsəlmanlardan bəzilərinin qəlbi cihaddan ya­yınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi...» ayəsindən «...düz da­nı­şanlarla birlikdə olun» ayəsinə qədər.

     Allaha and olsun ki, İslam nemətindən sonra Allahın mənə bəxş etdiyi nemətlərdən ən gözəli Peyğəmbərə (sallallahu aleyhi və səlləm) doğru danışmaqdır ki, yalan danışıb həlak olanlardan olma­yım. Həqiqətən, Uca Allah yalan danışanları məzəmmət edərək onlar barəsində bu ayəni nazil etdi:

    «Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz de­yə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz dön­dərin. Çünki onlar murdardırlar. Qazandıqları gü­nah­ların cəzası olaraq sığınacaqları yer Cəhənnəm ola­caq­dır. Qarşınızda and içəcəklər ki, onlardan razı qala­sınız. Siz onlardan razı olsanız da, Allah fasiq cama­at­dan razı qalmaz».14

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizim üçümüzdən başqa dö­yüşdən yayı­nanların hər birindən and içib, üzr diləmələrini qəbul etdi və onlarla beyət edərək onlar üçün bağışlanma dilədi. Lakin bi­zim barəmizdə olan hökmü Allahın əmri gələnə qədər təxirə saldı. Bu barədə Uca Allah belə buyurur:

    «Geri qalmış üç nəfəri də …»15

    Ayədə qeyd olunmuş «geri qalanlar» ifadəsi heç də bizim Tə­buk döyüşün­dən geri qalmağımıza işarə deyil. Əksinə bu bizim barəmizdə olan hökmün, digərlərindən, and içərək Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) üzr diləyən­lər barəsində olan hökmdən (əlli gün) geri qalmasıdır.

     Bu hədisi həmçinin Buxari «Təfsir» fəslində ixtisarla (9-cu cild, səh. 412), Muslim «Səhih» əsərində (17-ci cild, səh. 87), Tirmizi «Sünən» əsərində ixtisarla (4-cü cild, səh. 121), imam Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 457), Abdur­rəzzaq «Müsən­nəf» əsərində (5-ci cild, səh. 397), İbn İshaq (ibn Hişamın «Si­ra» əsərində (2-ci cild, səh. 531)  qeyd olunduğu kimi), ibn Cərir «Təf­sir»ində (11-ci cild, səh. 58) və ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 105) rəvayət etmişlər.



1 [ Məkkə və Mədinə arasında yerləşən yer adıdır. «Fəthul-Bari», 3/322. ]

2 [ «Səhihul-Buxari», 3610. ]

3 [ «Fəthul-Bari», 12/307; «Lisanul Ərəb», 3/292. ]

4 [ «ət-Tövbə» surəsi, 65. ]

5 [ «ət-Tövbə» surəsi, 103. ]

6 [ «ət-Tövbə» surəsi, 80. ]

7 [ «əl-Qəsəs» surəsi, 56. ]

8 [ Əqəbə – dağ yoluna deyilir. «ən-Nihayə», 1/226. ]

9 [ Yəni, hərəkət etdiyi istiqaməti və günü gizli saxlayardı. Buna ərəbcə «təvriyə» deyilir. ]

10 [ «Fəthul-Bari», 7/726. ]

11 [ Kiminsə Kə'b ibn Malik (radiyallahu anhu) ilə danışması Peyğəmbərin r qoyduğu qadağaya ziddir. Bunu belə izah etmək olar: ola bilsin ki, həmin şəxs onun ailə üzvlərindən biri olsun. Belə ki, Peyğəmbərin r qoyduğu qadağa zövcəyə aid edilmirdi. Ya da ona bu nəsihəti verən Peyğəm­bərin r əmrinə tabe olmayan münafiq idi. Yaxud da bu şəxs onun xidmətçisi idi ki, ona da qadağa aid deyildi. «Fəthul Bari», 7/727. ]

12 [ «Fəthul-Bari», 7/728. ]

13 [ Xeybər – böyük bir şəhərin adıdır. Bu şəhər Mədinədən səkkiz burd aralıda, Şam isti­qamətində yerləşir. Bir burd = dörd fərsəx və ya 23040m; bir fərsəx = üç mil və ya 5760 m; bir mil = dörd min dirsək və ya 1920m. «Fəthul-Bari», 7/530; «Nihayə fi Ğəribul-Hədis», səh. 71; «Bolğşoy Arabsko-Russkiy slovarğ», 2/589, 777. ]

14 [ «ət-Tövbə» surəsi, 95-96. ]

15 [ «ət-Tövbə» surəsi, 118. ]

 


Baxılıb: 16865


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”