Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-İsra surəsi

Əl-İsra surəsi

Əl-İsra surəsi

     Uca Allah buyurur:

    «De: “Allahdan başqa tanrı saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu baş­qasına yönəltməyə qadir deyillər”. Onların yalvardıqları tanrıların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabın­dan qorxurlar. Həqiqətən, Rəbbinin əzabın­dan qorun­maq gərəkdir»

                                                          (56-57-ci ayələr)

     Muslim «Səhih» əsərində (18-ci cild, səh. 164) demiş­dir: Abdullah ibn Məsud (radiyallahu anhu)

   «Onların yalvardıqları tanrıların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar...» ayəsi barədə demişdir: «O zamanlar bir dəstə insan cinlər­dən olan bir topluma tapınırdılar. Həmən cinlər İslamı qə­bul et­dilər, onlara tapınan insanlar isə öz ibadətlərinə davam et­dilər və Uca Allah da bu ayəni nazil etdi:

   «Onların yalvardıqları tanrıların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar...»

     Bu hədisi Buxari «Səhih» əsərində (10-cu cild, səh. 13) rəvayət etmiş, lakin ayənin nazil olduğunu qeyd etməmişdir.

     Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (15-ci cild, səh. 104-105) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 362) rəvayət etmişlər.

     Hakim bu hədisin Muslimin şərtlərinə görə «səhih» ol­du­ğunu de­miş, Zəhəbi də bunu təsdiqləmişdir. Burada o hər iki ayənin (56 və 57-ci ayələrin) nazil olduğunu qeyd et­miş­dir.

     Uca Allah buyurur:

   «Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yal­nız qorxutmaq üçün göndəririk».              

                                                                       (59-cu ayə)

  Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 258) demişdir: «İbn Abbas (radiyallahu anhumə) deyir ki, Məkkə əhli Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) tə­ləb etdi ki, Səfa dağını onlar üçün qızıla çevirsin və digər dağları da kənarlaşdırsın ki, boş sahədə əkib-becərə bil­sin­lər. Peyğəmbərə (sallallahu aleyhi və səlləm) deyildi: «İstəyirsənsə fikirlə­şib haqq yo­luna qayıtmaq üçün onlara möhlət ver, istəyirsənsə də onla­rın tələblərini yerinə yetir. Hərgah bundan sonra küfr etsə­lər, əvəlki həlak olmuş ümmətlər kimi onlar da həlak olacaq­lar».

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) : «Xeyr! Əksinə, mən onlara möhlət ver­mək istəyirəm»- dedi və Uca Allah da bu ayəni nazil etdi:

   «Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə sə­bəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik…»

     Bu hədisi həmçinin Nəsai «Sünən» əsərində (1-ci cild, səh. 111) (ibn Kəsirin «Bidayə vən-Nihayə» əsərində (3-cü cild, səh. 52) qeyd olunduğu kimi), ibn Cərir «Təfsir»ində (15-ci cild, səh. 108) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 362) rəvayət et­miş­lər.

     İbn Kəsir bu hədisin isnadının «ceyyid» olduğunu demiş­dir.

     Hakim: «Bu hədisin isnadı «səhih»dir, lakin Buxari və Muslim onu rəvayət etməmişlər» - demiş, Zəhəbi də onu təs­diqləmişdir.

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 50) de­mişdir: «Bu hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravi­lərdir».

     Uca Allah buyurur:

   «Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbi­min əmrindən­dir. Sizə yalnız az bir bilik verilmişdir”».

                                                                    (85-ci ayə)

     Buxari «Səhih» əsərində (1-ci cild, səh. 235) demişdir: «Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəm­bərlə (sallallahu aleyhi və səlləm) birgə Mədinənin boş əkin sahələrindən birində idim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) xurma ağacından olan bir əsaya söykənmişdi. Bu vaxt bir dəstə yəhudi ya­nımızdan keçərək öz aralarında: «Ondan ruh barəsin­də soruşun»- dedilər. Onlardan bəziləri: «Soruşmayın! Ola bilsin ki, onun verdiyi cavab sizin xo­şu­nuza gəlməsin (sizdə şübhə oyat­sın)», digərləri isə: «Yox! Mütləq soruşacağıq»- dedilər. Bir kişi ayağa qalxıb dedi: «Ey Əbul-Qasim! Ruh nədir?» Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) susdu. Mən öz-özümə: «Şübhəsiz ki, ona vəhy nazil olur»- dedim və ayağa qalxdım. Vəhy nazil olduq­dan sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni onlara oxudu:

«Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindən­dir. Sizə yalnız az bir bilik verilmişdir”».

     Ə'məş dedi: «Bu ayə bizim qiraətimizdə də bu cürdür».

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 15; 17-ci cild, səh. 33, 217, 221), Muslim «Səhih» əsə­rində (17-ci cild, səh. 137), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 138), Əh­məd «Müsnəd» əsərində (1-ci cild, səh. 389, 410, 445), ibn Cərir «Təfsir»ində (15-ci cild, səh. 155) və Təbərani «Mucəmus-Səğir» əsərində (2-ci cild, səh. 86) rəvayət etmişlər.

     Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

     Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 137)  demişdir: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, qü­reyşlilər yəhudilərə: «Bi­zə elə bir şey öyrədin ki, onun ba­rəsində bu kişidən (Pey­ğəmbərdən (sallallahu aleyhi və səlləm)) soruşaq»- dedikdə onlar: «Ruh ba­rə­sində so­ruşun!»- dedilər. Qüreyşlilər ondan ruh barəsində so­ruşduq­da Uca Allah bu ayəni nazil etdi:

  «Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindən­dir. Sizə yalnız az bir bilik verilmişdir”».

     Yəhudilər dedilər: «Bizə çox elm verilib. Bizə Tövrat verilib. Kimə Tövrat verilmişsə, ona çoxlu xeyr veril­miş­dir!» Odur ki, bu ayə nazil oldu:

   «De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtar­madan öncə dənizin suyu qurtarardı”».1

     Bu hədis «həsən, səhih, ğərib»dir.

     Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 255), ibn Cərir «Təfsir»ində (15-ci cild, səh. 155) və Hakim «Mus­tədrək» əsərində (2-ci cild, səh. 531) rə­va­yət etmişlər.  

     İbn Kəsir «Təfsir»ində (3-cü cild, səh. 60) birinci hədisi izah edərkən demişdir: «Baxmayaraq ki, bu surə Məkkə su­rəsi hesab olunur, lakin hədisdən görünür ki, Mədinədəki yəhudilər Pey­ğəmbərdən (sallallahu aleyhi və səlləm) ruh barəsində soruşmuş və bu ayə orada nazil ol­muşdur. Bu anlaşılmazlığın cavabı odur ki, ayə bir dəfə Mək­kədə, bir dəfə də Mədinədə nazil ol­muş­dur. Yaxud da bu ayə on­ların sualına cavab olaraq nazil ol­muşdur».

     Uca Allah buyurur:

   «De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut»

                                                                (110-cu ayə)

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 19)  demişdir: «İbn Abbas (radiyallahu anhumə)

   «Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl…» ayəsi ba­rədə demişdir: «Bu ayə İslamın əvvəllərin­də, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkədə gizli dəvət apararkən nazil olmuşdur. O, səha­bə­lə­ri ilə birlikdə namaz qıldığı zaman Quranı uca səslə oxuyar­dı. Müşriklər də bunu eşitdikdə həm Qu­ranı, həm onu na­zil edəni, həm də onu gətirəni söyərdilər. Uca Allah da Pey­ğəm­bərinə (sallallahu aleyhi və səlləm) bu ayəni nazil etdi:

   «Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut».

     Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (4-cü cild, səh. 165), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 139), Nəsai «Sü­nən» əsərində (2-ci cild, səh. 138), Əhməd «Müs­nəd» əsərində (1-ci cild, səh. 23, 215), ibn Cərir «Təf­sir»ində (15-ci cild, səh. 184-186), Əhməd ibn Məniy' (ibn Həcərin «Mətalibul Aliyə» əsərində (səh. 441) qeyd olun­du­ğu kimi), Bəzzar «Müsnəd» əsərində və ibn Hişam «Si­ra» əsərində (1-ci cild, səh. 314) rəvayət etmişlər.

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 20), Muslim «Səhih» əsərində (4-cü cild, səh. 165) və ibn Cərir «Təf­sir»ində (15-ci cild, səh. 183) bu hədisi istinad edərək Aişə­dən (radiyallahu anhə) rəvayət etmiş və ayənin Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dua edərkən nazil olduunu qeyd etmişlər.

     Tirmizi bu hədisi Huşeymdən iki isnadla (ibn Abbasdan (radiyallahu anhumə)) rəvayət etmiş və demiş­dir: «Bu hədisin hər iki isnadı «həsən-sə­hih»dir.   

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində demişdir: «İbn Abbas (radiyallahu anhu) və Aişədən (radiyallahu anhu) rəvayət olunan hər iki hədisin ravilərinin ha­mısı Buxari və Muslimin istinad etdiyi ravi­lər­dir».

     İbn Cərir «Təfsir»ində (15-ci cild, səh. 185) demişdir: «İbn Abbas (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) namaz qıldı­ğı zaman Quranı uca səslə oxuyardı. Müşriklər ona qulaq asmayaraq dağılıb getdikdə, içərilərindən bir kişi oğrun-oğ­run ona qulaq asardı. O görəndə ki, müşriklər onun Pey­ğəmbə­ri (sallallahu aleyhi və səlləm) dinlədiyini başa düşüb ona əziyyət verə­cəklər, qorxusundan dərhal oradan uzaq­laşardı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Qu­ranı yavaş səslə oxu­duqda isə ona qulaq asmaq istəyənlər heç nə eşitmirdilər. Uca Allah da bu ayəni nazil etdi:

«Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut».

     Bu iki hədis arasında heç bir ziddiyyət yoxdur. Ola bilsin ki, müşriklər həm Quranı, həm onu nazil Edəni, həm də onu gətirəni söyür və həmçinin ona qulaq asana əziyyət verirdilər. Həmçinin Uca Allah: «namaz qılarkən»- dedikdə, təşəhhüddə dua edərkən də nəzərdə tutula bilər. Necə ki, ibn Cərir bunu «Təfsir»ində (15-ci cild, səh. 187) rəvayət etmiş­dir. Daha doğru­sunu isə Allah bilir.



1 [ «əl-Kəhf» surəsi, 109. ]

 


Baxılıb: 16348


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”