Ana səhifə / Hədis / Səhih Müsnəd / Ən-Nur surəsi

Ən-Nur surəsi

Ən-Nur surəsi

 

     Uca Allah buyurur:

   «Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müş­rik bir kişiyə ərə gedə bi­lər. Möminlərə isə bu, haram edilmişdir».                                                                                                                           

                                             (3-cü ayə)

     Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 152) demişdir: «Amr ibn Şueyb atasından, o da baba­sından rəvayət edir ki, Mərsəd ibn əbi Mərsəd adlı bir kişi əsirləri Məkkədən Mə­dinəyə aparırdı. Bu kişinin Məkkədə Ənaq adlı əxlaqsız bir qadın tanışı var idi. Bir dəfə o, Məkkədə olan əsirlərdən bi­rini Mədinəyə aparmağa söz verdi. Mərsəd deyir ki, o, aylı bir gecədə Məkkədəki divarlardan birinin kölgəsində otu­rub onu (əsiri) gözləyirdi. Bu vaxt Ənaq gəldi və divarın dibin­də­ki qaraltıya nəzər saldı. Sonra yaxınlaşıb məni tanıdı və dedi: «Mər­səd, bu sənsən?» Mən dedim: «Bəli, mənəm!» O dedi: «Xoş gör­dük. Gedək bir gecə bizdə qal». Mən dedim: «Ey Ənaq, Allah zinanı haram etdi!» Bu zaman Ənaq: «Ey şəhər əhli! Bu kişi sizin əsirlərinizi qaçırır!»- deyib qışqırdı. Onlardan səkkiz nəfər məni təqib etməyə başladı. Mən gəlib «Xəndəmə» deyilən yerə çatdım və oradakı mağaraya daxil oldum. Onlar gəlib məni axtarmağa başladılar. Allah onların gözlərini bağladı və onlar məni görmədi­lər. Onlar çıxıb get­dikdən sonra mən söz verdiyim adamın yanına gəlib onu apardım. Əzxərə gəlib çatdıqda ona vurulmuş qandalla­rı aç­dım. Mən onu çox çətinliklə gətirib Mədinəyə çat­dırdım və sonra Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedim: «Ey Allahın el­çi­si, məni Ənaqla evləndir!» O susdu və mənə heç bir cavab vermədi. Uca Allah da bu ayəni nazil etdi:

   «Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müş­rik bir kişiyə ərə gedə bi­lər...». Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni mənə oxuyub dedi: «Onunla evlənmə!»

     Bu hədis «həsən, ğərib»dir.

     Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 176), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 54), ibn Cərir «Təfsir»ində (18-ci cild, səh. 71) və Hakim «Mus­tədrək» əsərində (2-ci cild, səh. 166) rəvayət etmişlər.

     İbn Cəririn rəvayət etdiyi isnadda «mübhəm» ravi vardır.

     Hakim bu hədisin isnadının «səhih» olduğunu demiş, Zəhəbi də onu təsdiqləmişdir.

     Uca Allah buyurur:

   «Arvadlarını zinada günahlandırıb özlərindən başqa şa­hid­ləri ol­mayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şa­hid tutması, beşinci dəfə isə: “Əgər yalan danışanlar­dandırsa, Allah ona lənət eləsin!”- deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”- deməlidir».

                                                                  (6-9-cu ayələr)

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 64) demişdir: «Səhl ibn Səd (radiyallahu anhu) rəvayət edir ki, (Bənu İclan tayfasından olan) Uveymir (radiyallahu anhu) tayfa başçısı olan Asim ibn Adiyin (radiyallahu anhu) yanına gəlib dedi: «Bir kişi öz qadınını baş­qa bir kişi ilə zi­na edərkən tutsa, nə etməlidir? O həmən kişini öl­dürməli, siz də onu öldürməlisiniz? Yoxsa bunun başqa bir yolu var? Bu barədə mənə aydınlıq gətirmək üçün bunu Allahın elçi­sindən soruş». Asim (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib: «Ey Allahın elçisi!»- deyərək bu barədə ondan soruşdu, la­kin bu suallar Peyğəmbərin xoşuna gəlmədi. Uveymir (radiyallahu anhu) bunun cavabını Asimdən (radiyallahu anhu) soruşduq­da o dedi: «Həqiqətən, bu sual­lar Peyğəmbərin xoşuna gəlmədi və bunu çox pis əməl saydı!» Uveymir (radiyallahu anhu) : «Allaha and olsun ki, gedib özüm bu barədə Pey­ğəmbərdən (sallallahu aleyhi və səlləm) soru­şacağam!» - deyib onun yanı­na getdi. O, Asimə (radiyallahu anhu) verdiyi sualları Peyğəmbərə (sallallahu aleyhi və səlləm) ver­dikdə o dedi: «Artıq Allah sənin və zövcənin barəsində ayə nazil etdi!». Sonra o onlara Allahın kitabında oldu­ğu kimi1 lənətləşməyi2 əmr etdi. Onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmrini ye­rinə yetirdikdən sonra o: «Ey Allahın elçisi! Mən onu boşa­ma­sam, ona zülm etmiş olaram»- deyib onu boşadı. Bundan sonra bu hökm sünnə olaraq hər bir lənətləşən ər-arvada tətbiq olundu. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Əgər doğulacaq uşaq qara dərili, gözləri qara, iri yanlı və kök baldırlı olarsa, mən Uveymi­rin haqlı olduğunu hesab edərəm. Yox, əgər uşaq qırmızı dərili, cılız doğulmuş olarsa, mən Uveymirin öz zövcəsi­nə böh­tan və iftira atdığını sanaram».

     Sonra qadın Peyğəmbərin təsvir etdiyi şəkildə olan və Uvey­mirin (radiyallahu anhu) haqlı olduğunu sübut edən bir uşaq dünyaya gətirdi. Ona görə də uşaq anasına mənsub oldu».

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (11-ci cild, səh. 282, 369, 376; 17-ci cild, səh. 40), Muslim «Səhih» əsərində (10-cu cild, səh. 120, 123), Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 241), Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 140), ibn Macə «Sünən» əsərində (2066-cı hədis), Əhməd «Müsnəd» əsərin­də (5-ci cild, səh. 334, 337), Malik «Müvatta» əsərində (2-ci cild, səh. 89), Darimi «Sünən» əsərində (2-ci cild, səh. 150), Daraqutni «Sünən» əsərində (3-ci cild, səh. 274) və ibn Cərir «Təfsir»ində (18-ci cild, səh. 85) rəvayət etmişlər.

    Buxari «Səhih» əsərində (10-cu cild, səh. 65) demişdir: «İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki,  Hi­lal ibn Ümeyyə (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gə­lib, zövcəsini Şureyk ibn Səhma ilə zina etməkdə günahlandırdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Ya dediyini sübuta yetir, ya da cəzalandırılacaqsan». Hilal (radiyallahu anhu) dedi: «Ey Allahın elçisi! Biz­dən birimiz arvadı ilə yataq­da bir kişi görərsə sübut axtarmalı­dır?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dediyini bir daha təkrar etdikdə Hilal (radiyallahu anhu) dedi:  «Səni haqq ilə gön­dərənə and olsun ki, mən doğru danışıram və Allah məni bu cəzadan qurtar­maq üçün ayə nazil edəcək». Bu zaman Cəb­rail (aleyhis salam)

   «Arvadlarını zinada günahlandırıb….» ayəsindən «“Əgər yalan danışanlardandırsa, Allah ona lənət elə­sin!”- deməsidir» ayəsinə qədər olan Allahın ayələrini endirdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) qadının yanına bir nəfər göndərib onu çağırtdırdı. Qadın əri Hilal (radiyallahu anhu) ilə birgə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hüzuruna gəldi və Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Həqiqətən, Allah sizdən birinizin yalan danışdığını bilir. O şəxs tövbə etmək istəmirmi?»

     Sonra qadın ayağa qalxıb ərinin yalan danışmasına dair dörd dəfə şəhadət verdi. Beçinci dəfə şəhadət vermək is­tədikdə, səhabə­lər onu dayandırıb dedilər: «Diqqət et! Bu sonuncu şəhadətin sənin üçün pis nəticələnə bilər».

     Qadın bir anlıq tərəddüd etdi və biz onun bu inadkar­lı­ğından əl çəkəcəyini zənn etdik. Sonra qadın: «Mən heç vaxt qövmümü rüs­vay edib, adımı bədnam edə bilmərəm» - deyib (lənətləşməni başa çatdırdı və) getdi.

     Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bu qadına diqqət edin! Əgər o, qara göz, iri yanlı və kök baldırlı bir uşaq dünyaya gətirsə, de­məli o Şureyk ibn Səhmadandır!» Qadın Peyğəmbərin (sallallahu aleyhi və səlləm) təsvir etdiyi kimi bir uşaq dünyaya gətirdi. Sonra Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: «Allahın Öz kitabın­da nazil etdiyi hökm («ne­mət və mərhəmət») olmasaydı o qadınla hesab­laşardım. (yə­ni onu daş-qalaq edərdim).»

     Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 154), Əbu Davud «Sünən» əsərində (4-cü cild, səh. 243), ibn Ma­cə «Sünən» əsərində (2067-ci hədis), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 238, 273), Daraqutni «Sünən» əsərində (3-cü cild, səh. 277), ibn Cərir «Təf­sir»ində (18-ci cild, səh. 83) və Hakim «Mustədrək» əsə­rin­də (2-ci cild, səh. 202) rəvayət etmiş­lər.

  Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «sə­hih» olduğunu demiş, Zəhəbi isə bu barədə susmuşdur.

   Muslim «Səhih» əsərində (10-cu cild, səh. 123) demişdir: «Səid ibn Cubeyr deyir ki, lənət­lənmiş ər-arvadın - Musab və onun arvadının - ayrılıb-ayrıl­maması barədə məndən so­ruşdular. Nə cavab verəcəyimi bilmə­dim. Odur ki, Mək­kə­yə, ibn Ömərin (radiyallahu anhumə) mənzilinə gəldim və qapıda duran uşa­ğa dedim: «Onun yanına daxil olmağım üçün izn istə». Uşaq: «O indi istirahət edir»- deyə cavab verdikdə ibn Ömər (radiyallahu anhu) mənim səsimi eşidib dedi: «Cubeyrin (radiyallahu anhu) oğ­lu­san?» Mən «bəli!»- deyə cavab verdikdə o dedi: «İçəri gəl. Allaha and olsun mən bilirəm ki, sənin bu saatda gəlməyin yalnız ciddi eh­tiyacdan irəli gələ bilər». Mən içəri daxil ol­duqda onu ağac lif­lərindən düzəldilmiş yastığa söykəndiyini gördüm və dedim: «Ey əbu Abdurrəhman! Lənətləşən ər-arvad ayrılmalıdırlarmı?» O de­di: «Sübhanəllah! Əlbəttə, həqiqətən, ilk dəfə bu barədə filankəsin oğlu filankəs soru­şub demişdi: «Ey Allahın elçisi! Bizdən birimiz zövcəsini zina edərkən yaxalasa, nə etməlidir? Əgər o bu barədə xəbər versə böyük bir günahı ifşa etmiş olur, bunu gizlətsə isə onu ört-basdır etmiş olur». Peyğəmbər (sallallahu aleyhi və səlləm) susdu və ona heç bir cavab vermədi. Bir müddət sonra o, yenə gəlib dedi: «Sən­dən hökmü barəsində soruşduğum o müsibətə düçar olan mən özüməm». Uca Allah da Nur surəsində olan bu ayələri nazil etdi.

      «Arvadlarını zinada günahlandırıb….»

   Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayələri ona oxuyub, nəsihət etdikdən sonra dünya əzabının axirət əzabından daha yüngül olacağı barədə ona xəbər verdi. O dedi: «Xeyr! Səni haqq ilə gön­dərənə and olsun ki, mən ona böhtan atmıram!» Peyğəmbər (sallallahu aleyhi və səlləm) qadını çağırtdırdı, ona nəsihət edib dünya əzabının axirət əzabından daha yüngül olacağını ona xəbər verdi. Qadın dedi: «Xeyr! Səni haqq ilə göndərənə and olsun ki, o yalan danışır!»

   Əvvəlcə kişi doğru danışdığına dair dörd dəfə Allahın adı ilə şəhadət verdi və beşinci dəfə: «Əgər yalan deyirəmsə, Allah mənə lənət etsin»- dedi. Sonra qadın onun yalan deməsi barəsində dörd dəfə Allahın adı ilə şəhadət gətirdi və beşinci dəfə: «Əgər o doğru deyirsə, Allahın qəzəbi məni tutsun»- dedi. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) onları ayırdı. (bir-birindən boşadı.)

   Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (2-ci cild, səh. 224; 4-cü cild, səh. 154), Nəsai «Sünən» əsərində (6-ci cild, səh. 144) Əhməd «Müsnəd» əsərində (2-ci cild, səh. 19, 42), Darimi «Sünən» əsərində (2-ci cild, səh. 150), ibn Carud «Müntəqa» əsərində (səh. 252) və ibn Cərir «Təf­sir»ində (18-ci cild, səh. 84) rəvayət etmişlər.

   Tirmizi bu hədisin «səhih» olduğunu demişdir.

   Bu hədisdə sual verən və lənətləşən şəxsin kim olduğu bəlli deyildir, lakin Muslim və Nəsainin rəvayət etdiyi hə­disdə onun İclani (radiyallahu anhu) olduğu qeyd olunmuşdur.

   Muslim «Səhih» əsərində (10-cu cild, səh. 127) demişdir: «Abdullah (radiyallahu anhu) rəvayət edir ki, cü­mə gecəsi məsciddə idik. Ənsarlardan bir kişi gəlib dedi: «Əgər bir kişi həyat yol­da­şını başqa bir kişi ilə zina edərkən tutsa və bu ba­rədə xəbər versə onu şallaqlayacaqsınız, yaxud öldürübsə onu öl­dü­rə­cəksiniz? Yox əgər susarsa, günahı gizlətmiş olar? Alla­ha and olsun ki, bu haqda Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) mütləq soruşa­ca­ğam».

   Ertəsi gün o, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dünən dedik­lə­rini ona dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) : «Allahım, bunun hökmünü bi­zə bəyan et!»- deyib dua etməyə başladı və lənət ayələri na­zil oldu:

   «Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahid­ləri ol­mayanların …..»3

   Həmən kişi bu müsibətə düçar oldu və sonra arvadı ilə Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib, onun hüzurunda lənətləşdi. Kişi doğru dediyini sübuta yetirmək üçün Allahın adı ilə dörd dəfə şəhadət gətirdi və beşinci dəfə: «Yalan danı­şı­ram­sa, Allah mənə lənət etsin!»- dedi. Sonra qadın lənət etmək istədikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona bir az düşünməyi əmr etdi. O isə lənət edərək dönüb getdi. O getdikdən sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Ola bilsin ki, onun dünyaya gətirəcəyi uşaq qara dərili, qıvrımsaç (yaxud barmaqları qısa) olsun».

    Uşağın əlamətləri Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dediyi kimi də oldu».

    Bu hədisi həmçinin əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 242), ibn Macə «Sünən» əsərində (2068-ci hədis), Əhməd «Müs­nəd» əsərində (1-ci cild, səh. 448) və ibn Cərir «Təfsir»ində (18-ci cild, səh. 84) rəvayət etmişlər.

     Muslim «Səhih» əsərində (10-cu cild, səh. 128) demiş­dir: «Məhəmməd rəvayət edir ki, mən Ənəs ibn Malikin (radiyallahu anhu) lənətləşmə barəsində elmli olduğunu bilib bu haqda ondan soruşdum. O dedi: «Doğrudan da Hilal ibn Ümeyyə (radiyallahu anhu) zövcəsini Şureyk ibn Səhma ilə zina etməkdə ittiham etdi. O, Bəra ibn Malikin (radiyallahu anhu) qardaşı və İslamda ilk lə­nət­ləşən kimsə idi. O, zövcəsi ilə lənətləşdikdən sonra Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: «Bu qadına nəzarət edin! Əgər onun dünyaya gətirəcəyi uşaq ağbəniz, boy-buxunlu və qaragöz olarsa, de­məli uşaq Hilal ibn Ümeyyədəndir (radiyallahu anhu). Yox əgər uşaq qa­ra, qıvrımsaç (yaxud  barmaqları qısa) arıq baldırlı olarsa, de­məli uşaq Şureyk ibn Səhmadandır».

     Mənə bəlli oldu ki, qadının dünyaya gətirdiyi uşaq Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) Şureykdən olacaq uşağı vəsf etdiyi şəkildə do­ğuldu».

   Bu hədisi həmçinin Nəsai «Sünən» əsərində (6-cı cild, səh. 141) rəvayət etmişdir.

    Bəzzar «Kəşful-Əstar» əsərində (3-cü cild, səh. 60) de­mişdir: «Huzeyfə ibn əl-Yəmən (radiyallahu anhu) rəva­yət edir ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) Əbu Bəkrə (radiyallahu anhu) dedi: «Əgər sən, Ummu Ruman­la birgə yad kişi görsən, nə edərsən?» O dedi: «Allaha and olsun ki, ona pislik edərəm». Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bəs sən nə edərsən ey Ömər?» Ömər (radiyallahu anhu) dedi: «Allaha and olsun ki, mən onu öldürərəm. Allah aciz olana (zinaya meyl edənə) lənət etsin! Həqiqətən, o alçaqdır!» Uca Allah bu ayəni nazil etdi:

   «Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahid­ləri ol­mayanların …..»4

   Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 74) demiş­dir: «Bu hədisin isnadında olan ravilərin hamısı «si­qa» ravilər­dir».

    Huzeyfənin (radiyallahu anhu) hədisini əvvəlki iki hədislə cəm etməyə ehtiyac yoxdur. Çünki bu rəvayəti, ibn Kəsirin «Təfsir»ində göstə­rildiyi kimi Zeyd ibn Yəsirdən yalnız Əbu İshaq rə­va­yət etmişdir. Onu da yalnız ibn Hibban və İcli (ibn Həcərin «Təhzibut-Təh­zib» əsərində qeyd olunduğu kimi) etibarlı ravi hesab etmişlər. Lakin onlar «mütəsahil»dirlər. Həmçi­nin bu hədisin «məvsul» və ya «mürsəl» isnadla rəvayət olunmasında ixtilaf etmişlər. Lakin «mürsəl» olduğunu de­yənlər daha çox üstünlük təşkil edir. Bununla belə Əbu İs­haq «mü­dəllis»dir və hədisi «eşitdim»- deməklə rəvayət et­məmişdir.

    Əvvəlki iki hədisə gəlincə isə onları cəm edib demək olar ki, Hilal ibn Ümeyyə (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) bu barədə so­ruşmuş, ardınca İclani gəlib soruşduqda bu ayə nazil ol­muşdur. Daha doğrusunu isə Allah bilir.

     Uca Allah buyurur:

«Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gəti­rənlər özü­nüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. O dəs­tədən olan hər bir şəxsin qa­zandığı günahın cəzası var­dır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yax­şı fikirdə olub: “Bu, açıq-aydın bir böh­tandır!”- demə­dilər? Nəyə görə onlar buna dair dörd şahid gətir­mədi­lər? Madam ki, şa­hid gətirmədilər, deməli, onlar Allah yanında əsil yalançıdırlar. Əgər Allahın dünyada və axi­rətdə sizə lütfü və mərhəməti olma­saydı, dedi-qodu­ları­nıza görə sizə böyük bir əzab toxu­nardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!”- demədiniz? Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. Allah Öz ayələrini sizə belə izah edir. Allah Bi­lən­dir, Müdrikdir. Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağ­rılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı yaydığınız şayiələrə görə sizi məhv edərdi. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və ya­ramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskin­lərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi ba­ğışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhm­lidir»

                                                             (11-22-ci ayələr)

     Buxari «Səhih» əsərində (6-cı cild, səh. 198) demişdir: «Aişə (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) səfərə çıxmağa ha­zır­laşdıqda zövcələri arasında püşk atardı. Püşk kimə düş­səydi onu da özü ilə səfərə aparardı. Döyüşlərin birində o yenə bizim aramız­da püşk atdı və bu dəfə mənə düşdü. Mən onunla birgə səfərə çıxdım. Bu vaxt ar­tıq hicab ayəsi nazil olduğundan məni kəcavə­nin içərisində apar­dılar. Səfər biz döyüşü başa vurub geri dönənə qədər davam etdi. Biz Mədinəyə qayıtdıqda ona yaxın bir yerdə (dincəlmək üçün) dayandıq. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) orada gecələməyib sə­fərə çıxmağı əmr etdi. Mən (zəruri ehtiyacımı ödəmək üçün tək­başına) qoşundan uzaqlaşmışdım. Ehti­yacımı ödəyib geri qayıt­dıqda yolda əlimi sinəmə toxundurub Yəmən muncuğundan olan boyunbağımın qırılıb düşdüyünü gör­düm və onu axtarmaq üçün yenidən geri qayıtdım. Elə onu axtar­maq da məni yol­dan saxladı. Kəcavəni aparanlar mənim onun içərisində ol­duğumu güman edərək onu götürüb dəvənin üstünə qoy­du­lar. O zamanlar qadın­lar az yedikləri üçün yüngül çəkili olurdular və elə bu səbəbdən də onlar kəcavəni qaldırarkən onun çəkisindəki fərqi hiss etmədi­lər. Mən o zamanlar çox gənc idim və onlar beləcə dəvəni sürüb apar­dı­lar.

   Boyunbağını tapıb geri qayıtdıqda qoşun artıq çıxıb get­miş, orada nə bir çağıran, nə də bir cavab verən qalmışdı. Mən on­ların məni yerimdə tapmadıqları üçün mütləq dönə­cəklərini gü­man edərək kəcavənin dayandığı yerə gəl­dim. Az sonra oturduğum yerdə yuxuladım. Bu vaxt Səfvan ibn Muattil əs-Suləmi əz-Zəkvani (radiyallahu anhu) (qoşundan qalan əşyaları toplayıb sahiblərinə qay­tarmaq üçün) qoşunun ardı ilə gə­lir­di. O mən olan yerə səhərə ya­xın gə­lib çatdı və yatmış bir insan qaraltısı görüb mənə yaxın­laşdı. O hicab ayəsi nazil olmamışdan öncə məni gör­düyü üçün dərhal məni tanıdı. Mən onun istirca5 etməsinə oyan­dım və çar­şabla üzümü örtdüm. O mənə heç bir söz demədi və mən də on­dan istir­cadan başqa bir kəlmə də eşitmədim. O dəvəsini diz çök­dür­dü və mən ona mindikdən sonra (üzəngisin­dən) tuta­raq sü­rüb apardı. Nəhayət biz şiddətli isti olduğundan çayın qıra­ğında otur­muş orduya ye­tişdik. Bu zaman bir çoxları (mənə iftira atmaqla) həlak oldu. Böhtan atanların başçısı Abdullah ibn Ubey ibn Səlul idi. Mədi­nəyə çatdıqdan sonra bir ay xəstə oldum. Bu andan camaat böh­tan atanların söz-söh­bət­lərini müzakirə edir, mən isə bütün bunlardan xəbərsiz idim. Həmişə xəstələndi­yim za­man Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) mənə göstər­diyi qayğını indi ondan görməməyim məni şübhələndirirdi. O (sallallahu aleyhi və səlləm) sadəcə olaraq yanıma gə­lir, salam ve­rib «vəziyyətin ne­cə­dir?»- deyir və gedirdi. Bütün bun­lar məni şübhələndirsə də mənə yönələn şərdən xəbərim yox idi.

   Sağaldıqdan sonra Ummu Mistahla (radiyallahu anhə) birgə Mədinənin kə­narında olan bir yerə getmək üçün evdən çıxdım. Bura bi­zim ge­cədən-gecəyə zəruri ehtiyaclarımızı ödəmək üçün gəldiyimiz yer­lər idi. O vaxt­lar hələ evlərin yaxınlığında ayaqyolular tikilmə­mişdi və bütün bunlar əvvəlki ərəblərin adətlərinə görə idi. Um­mu Mistahın (radiyallahu anhu) atası Əbu Ruhm bin Abdumənaf, anası Əbu Bək­rin (radiyallahu anhu) xalası Raita bint Səxr bin Amir, oğlu isə Mistah ibn Usasədir (radiyallahu anhu). Biz birgə evə yaxınlaşdıqda onun ayağı əbasına ilişdi və: «Mistah hə­lak olsun!»- dedi. Mən ona dedim: «Sənin dediyin necə də pisdir! Bədr döyüşündə iştirak etmiş bir kimsəni söyür­sən?!» O dedi: «Ey qafil! Məgər sən onun nə dediyini eşit­məmisən?» Mən: «O nə deyib ki?»- deyə soruşdum və o da iftira­çıların mənim haqqımda dediklərini mənə xəbər verdi. Xəstəliyim daha da şiddətləndi. Evə gəldik­dən sonra Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) yenə mənim yanıma gəldi. O əvvəlki tək salam verib əh­valımı soruşdu. Mən ondan valideynlərimin yanına getməyə izn istədim, o da etiraz etmədi. Mənim niyyətim bu xəbə­rin doğru olub-olmadığını valideynlərimdən dəqiqləş­di­r­ib əmin olmaq idi. Valideynlərimin yanına getdim və ana­ma: «Anacan camaat nə danışır?»- dedim. O dedi: «Qızım özünü üzmə (öz sağlığını düşün) çox na­dir hallarda rast gəl­mək olar ki, gözəl qadını əri sevsin və ortaqla­rı (ərin başqa zövcələri) onun əleyhinə danışma­sınlar». Mən: «Sübhanəl­lah! Demək insanlar bunu danışırlar­mış»- dedim. Mən bü­tün gecəni ağladım, səhərə qədər göz yaşım dayan­madı və bir anlıq belə yuxulaya bilmədim.

   Vəhy nazil olması gecikdiyi üçün Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əli ibn əbu Ta­libi (radiyallahu anhu) və Usamə bin Zeydi (radiyallahu anhu) zövcəsini tərk edib-etməməsi barədə məsləhət almaq üçün yanına dəvət et­di. Usamə bin Zeyd (radiyallahu anhu) Peyğəmbərə (sallallahu aleyhi və səlləm) mənim namuslu ol­duğumu və bizi ürəkdən istədiyini bildirərək dedi: «Ey Alla­hın elçisi! Mən onun barəsində zərrə qədər də pis bir şey eşitməmi­şəm!» Əli ibn əbu Talibin (radiyallahu anhu) cavabı isə belə ol­du: «Allah sənə heç bir hədd qoymayıb. Ondan başqa nə çox qadın­lar var. Əgər Aişənin (radiyallahu anhə) xidmətçisindən (Bəri­rə­dən (radiyallahu anhə)) soruş­san, o sənə dü­zünü deyər». Peyğəmbər (sallallahu aleyhi və səlləm) Bərirəni (radiyallahu anhu) çağırıb dedi: «Ey Bə­rirə! Səni şübhələndirəcək bir şey görmüsənmi?» Bərirə (radiyallahu anhu) : «Xeyr! Səni haqq ilə Göndərənə and olsun ki, ondan bir qəbahət iş görsəydim onu qınayardım. Yalnız onu deyə bilərəm ki, az yaşlı qız uşağı olduğu üçün mən yoğurduğum xə­miri qorumağı ona tapşırdıqda o yatırdı və qoyun gəlib xəmiri yeyirdi»- dedi.

   Abdullah ibn Ubey ibn Səlul dediyinə görə üzrxahlıq is­təsin de­yə həmin gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) minbərə qalxıb dedi: «Ey müsəlman­ camaatı! Sizlərdən kim mənim əhlimə əziy­yət ve­rən kimsənin ittihamla­rını rədd edərək əhlimə bəraət qazandıra bilər? Mən öz həyat yol­daşımdan heç bir pis hə­rəkət görməmi­şəm. Eləcə də ittiham olu­nan kişinin (Səfvan ibn Muattilin (radiyallahu anhu)) pis bir hərəkət etdiyi də mənə məlum deyil. O heç vaxt mənsiz bizim evə daxil olmayıb».

   Bu vaxt Səd ibn Muaz (radiyallahu anhu) ayağa qalxıb dedi: «Ey Alla­hın elçi­si, mən sənə haqq qazandırmaq istəyirəm. Əgər itti­ham edən şəxs Əvs qəbiləsindəndirsə biz onun boynunu vurarıq, yox əgər qar­daşlarımız olan Xəzrəc qəbi­ləsindən­dirsə əmr et, sənin əmrini ye­rinə yetirək».

   Bu vaxt Xəzrəc qəbiləsinin başçısı - əvvəl əməlisaleh olan, sonra isə yolunu azmış - Səd ibn Ubadə Səd ibn Mua­za (radiyallahu anhu) dedi: «Alla­ha and olsun ki, sən yalan danışdın! Sən onu nə öldürənsən, nə də öldürməyə qadirsən!» Bu sözdən sonra - Səd ibn Muazın (radiyallahu anhu) əmi­si oğlu - Useyd ibn Xudeyr (radiyallahu anhu) qalxıb Səd ibn Ubadəyə dedi: «Allaha and olsun ki, sən yalan danışdın! Biz onu mütləq öldürərik. Həqiqə­tən, sən münafiqsən və münafiqləri müdafiə edirsən». Beləliklə Xəzrəc və Əvs qəbilələri arasında elə çaxnaşma düşdü ki, az qala bir-birləri­ni öldürəcəkdilər. Bu vaxt Peyğəmbər (sallallahu aleyhi və səlləm) min­bərdə da­yanıb onları sakitləşdirirdi. Onlar susana qədər Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) onları sakitləşdirdi. Mən daha bir gün dayanma­dan ağladım və yatmadım. Səhərisi gün valideynlərim mə­nim bir gün yarım da­yanmadan ağladığımın şahidi olduqda elə zənn etdilər ki, ciyərim parça-parça olacaq. Onlar mə­nim yanımda olarkən ənsar qadın­lardan biri mənim yanıma daxil olmaq üçün izn istədi və gəlib mənimlə bərabər ağladı. Elə bu zaman Peyğəm­bər (sallallahu aleyhi və səlləm) içəri daxil oldu və salam verib oturdu. Bu söz-sohbət başlanandan o mənim yanımda da­yan­mamışdı. Bir ay keçməsinə baxmayaraq mənim ba­rəmdə heç bir ayə nazil olmurdu. O (sallallahu aleyhi və səlləm) , Allaha həmd-səna et­dikdən sonra dedi: «Ey Aişə! Sənin barəndə mənə filan-filan xəbər­lər çatıb. Əgər günahkar deyilsənsə Allah səni təmizə çıxar­dacaq. Yox əgər günah iş görmüsənsə Allahdan bağışlanma dilə, tövbə et! Həqiqətən, bəndə günahını etiraf edib tövbə edərsə Allah onun tövbəsini qəbul edər». Peyğəmbər (sallallahu aleyhi və səlləm) sözünü qurtardıqdan sonra mənim göz yaşım kəsildi və gö­zümdən bir damla yaş belə çıxmadı. Mən atama: «Allahın elçisinə cavab ver!»- dedim. O dedi: «Allaha and olsun ki, ona nə deyəcəyimi bilmi­rəm». Sonra mən anama: «Allaın el­çisinə cavab ver»- dedim. O dedi: «Mən bilmirəm Allahın elçisinə nə deyim». Mən az yaşlı qız uşağı olduğum üçün, Qurandan da çox dəlil-sübut bilmədiyimə görə dedim: «Hə­qiqətən, hər şey mənə bəlli oldu. Siz insanların danışdıqları bütün bu söhbətləri eşit­diniz, bu sizin qəlbinizdə özünə yer tapdı və siz onu təsdiq etdiniz. Əgər mən sizə günahsız ol­duğumu desəm, Allah da bilir ki, həqiqətən, mən günah­sı­zam, siz mənə inanmayacaqsınız. Yox əgər günahkar ol­du­ğumu etiraf etsəm, Allah da bilir ki, mən o günahdan uza­ğam, siz buna inanacaqsınız. Allaha and olsun ki, Yusifin (aleyhis salam) atası Yaqubun (aleyhis salam) dediyindən başqa misal çəkə bilmə­rəm:

   «Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabi­lində Allahdan kömək diləmək lazımdır».6

     Bunları deyib dönüb getdim və yerimə uzandım. O za­man mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxardacaq. Mən ümid edirdim ki, Allahın elçisi (sallallahu aleyhi və səlləm) mə­nə bəraət qazandıracaq bir yuxu görəcək. Lakin mən heç vaxt inan­mazdım ki, Uca Allah mənim günahsız­ olduğum barədə qiyamətə qədər oxunacaq ayələr nazil edəcək.

   Vallahi Rəsulullah (sallallahu aleyhi və səlləm) heç yerindən qalxmamış və ev əh­lin­dən də hələ çolə bir kəs çıxmamış ona vəhy nazil oldu. O hər dəfə vəhy nazil olduğu zaman düşdüyü görkəmi aldı. En­dirilən kəlamın ağırlığından o çox şiddətli sıxıntı keçirir və qış günündə belə ondan mirvari dənəsi kimi damla-damla tər tökü­lürdü. Vəhy nazil olduqdan sonra o sevincindən gü­lürdü. Dediyi ilk söz isə bu oldu: «Ey Aişə, Allaha həmd et! O səni təmizə çıxartdı».

    Anam dərhal: «Qızım, Rəsulullaha doğru qalx və ona tə­şəkkür et!»-dedi. Mən isə dedim: «Vallahi mən nə ona tərəf qalxaca­ğam, nə də Allahdan başqa bir kimsəyə həmd edə­cəyəm!»

   «Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gəti­rənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin …..» (11- dən 22-yə qədər)

     Mənə bəraət qazandıran ayələr nazil olduqdan sonra, qo­hum­luq əlaqələrinin hörmətinə və ka­sıb olduğuna görə Mis­tah bin Usasəyə (radiyallahu anhu) öz malından xərcləyən Əbu Bəkr əs-Siddiq (radiyallahu anhu) dedi: «And olsun Allaha! Mistah Aişə barəsində belə dedik­dən sonra mən ona malımdan heç bir şey ver­mə­yəcəyəm. Uca Allah da bu ayəni nazil etdi:

   «Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohum­lara, miskin­lərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağış­lasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsi­nizmi? Allah Bağışlayandır, Rəhmlidir»7

     Əbu Bəkr (radiyallahu anhu) dedi: «Əksinə, vallahi mən istəyirəm ki, Allah məni bağışlasın!» O, yenə də malından xərcləməyinə davam etdi və dedi: «Vallahi Mən heç vaxt malımı ondan əsirgəməyəcəyəm!»

     Allahın elçisi (sallallahu aleyhi və səlləm) Zeynəb bint Cəhşdən (radiyallahu anhə) mənim ba­rəmdə soruşub dedi: «Ey Zeynəb! Sən (bu haqda) nə bi­lir­sən, yaxud nə görmüsən?» O dedi: «Ey Allahın elçisi! Mən gö­zümü, qulağımı (görmədiyim, eşit­mədiyim şeylərdən) qo­ruyu­ram! Mən onun barəsində xeyirdən başqa bir şey bil­mirəm».

     Bu o Zeynəbdir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcələri arasında gözəlliyi və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında olan mövqeyi ilə mə­nimlə rəqabət aparırdı. Lakin bunun pis aqi­bətindən qorx­du­ğuna və gözəl dindar olduğuna görə Allah onu qorudu. Ba­cısı Həmnə isə ona qarşı müharibəyə başladı (iftiraçı­ların Aişə barəsində söylədikləri böhtanları yaymağa başladı) və bu səbəbdən də iftiraçılardan həlak olanlarla birgə həlak ol­du».

     Bu hədisi həmçinin Buxari (8-ci cild, səh. 436; 10-cu cild, səh. 68, 106; və müxtəsər olaraq 14-cü cild, səh. 373; 17-ci cild, səh. 32), Muslim «Səhih» əsərində (17-ci cild, səh. 102), Tirmizi «Sü­nən» əsərində (4-cü cild, səh. 155), Abdurrəzzaq «Müsənnəf» əsə­rində (5-ci cild, səh. 410), Əhməd «Müsnəd» əsərində (6-cı cild, səh. 59, 103), ibn İs­haq (ibn Hişamın «Sira» əsərində (2-ci cild, səh. 297) qeyd olunduğu kimi), ibn Cərir «Təfsir»ində (18-ci cild, səh. 90) və «Tarix» əsərində (3-cü cild, səh. 67) rəva­yət etmişlər.

     Uca Allah buyurur:

   «Əgər kə­nizləriniz is­mətlərini qoru­maq istəsələr, fani dünya malı əldə edəcək­siniz deyə onları zinakarlı­ğa məcbur etməyin. Kim onları bu işə məc­bur etsə, bil­sin ki, onlar məcbur edildikdən sonra Allah onları bağış­layar və Rəhm­ edər».

                                                                                                                               (33-cü ayə)

     Muslim «Səhih» əsərində (18-ci cild, səh. 162) demişdir: «Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, Abdullah ibn Ubey ibn Səlul öz cariyəsinə deyərdi: «Get zina et, bizim üçün bir şey qazan!» Uca Allah da bu ayəni nazil etdi:

   «Əgər kə­nizləriniz is­mətlərini qoru­maq istəsələr, fani dünya malı əldə edəcək­siniz deyə onları zinakarlı­ğa məcbur etməyin. Kim onları bu işə məc­bur etsə, bil­sin ki, onlar məcbur edildikdən sonra Allah onları bağış­layar və Rəhm­ edər».

     Muslim bu hədisi başqa isnadla Əbu Süfyandan (radiyallahu anhu) rə­vayət edir ki, Abdullah ibn Ubey ibn Səlulun Museykə və Umeymə adlı iki cariyəsi var idi. O, cariyələri zinakarlığa məcbur etdiyinə görə onlar Peyğəmbərə (sallallahu aleyhi və səlləm) şikayət etdilər. Uca Allah da bu ayəni («ən-Nur», 33) nazil etdi.

     Bu hədisi həmçinin Əbu Davud «Sü­nən» əsərində (2-ci cild, səh. 264), ibn Cərir «Təfsir»ində (18-ci cild, səh. 132-133), Bəzzar «Müsnəd» əsərində (ibn Kəsirin «Təfsir»ində (3-cü cild, səh. 288) qeyd olunduğu kimi) və Hakim «Mus­tədrək» əsərində (2-ci cild, səh. 211, 397) rəva­yət etmişlər. Hakim hər iki yerdə hədisin Muslimin şərtlərinə uyğun ol­duğunu qeyd etmiş, Zəhəbi də bunu təsdiqləmişdir.

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 82) hədi­si nəql edib demişdir: «Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Abdullah ibn Ubey ibn Səlulun cariyəsi ca­hiliyyə dövründə zina edirdi. Zina haram buyurulduqda isə o: «Allaha and olsun ki, mən heç vaxt zina etməyəcəyəm!»- dedi və bu ayə («ən-Nur», 33) nazil oldu.

     Bu hədisi Təbarani və Bəzzar Rəvayət etmişlər. Təbə­ra­ninin rəvayət etdiyi hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir.

     Uca Allah buyurur:

   «Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi on­ları da yer üzünün varisləri edəcək, möminlər üçün on­la­rın Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və on­la­rın qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. On­lar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmur­lar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlər­dir».

(55-ci ayə)

     Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 401) de­miş­dir: «Ubey ibn Kəb (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrilə birgə Mədinəyə gəldikdə ənsarlar onlara sığı­na­caq verdilər. O zaman ərəblər müsəlman­lara qarşı əlbir idi­lər. Bu səbəbdən də müsəlmanlar silahla yatır və silah­la oyanırdılar. Odur ki, onlar: «Görəsən biz yalnız Allahdan qorxaraq rahat yaşayacaq və xatircəm olub ar­xayınlıqla yata biləcəyikmi?!»- dedilər və bu ayə nazil oldu:

   «Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi on­ları da yer üzünün varisləri edəcək, möminlər üçün on­la­rın Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və on­la­rın qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. On­lar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmur­lar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlər­dir».

    Hakim: «Hədisin isnadı «səhih»dir, lakin Buxari və Mus­lim onu rəvayət et­məmişlər»- demiş,  Zəhəbi də bunu təsdiq etmişdir.  

    Bu hədisin isnadında olan Əli ibn əl-Huseyn ibn Vaqid adlı ra­vini Əbu Hatim «daif» ravi, Buxari isə «mətruk» ravi hesab etmişlər. O demişdir: «İshaq barəsində pis fikirlər söy­lənilmişdir, lakin ibn Hibban onu «siqa» ravi hesab et­mişdir. Nə­sai isə belə demişdir: «Səduq» ravidir. (Bax «Təhzibut-Təhzib» əsərinə). Heysəmi isə «Məcməuz-Zə­vaid» əsərində (7-ci cild, səh. 83) demişdir: «Bu hədisi Tə­bərani «Mucəmul-Əvsət» əsərində rəvayət etmişdir və is­na­dında olan ra­vilərin hamısı «siqa» ravilərdir». Hədisi həm­çinin Təbəri «Təf­sir»ində (18-ci cild, səh. 159) Əbu əl-Ali­yəyə istinad edərək «mürsəl» isnadla rəvayət etmişdir.

    Uca Allah buyurur:

   «Kora günah gəlməz, çolağa günah gəlməz, bir də xəs­təyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, ya­xud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlə­rində, yaxud bacılarınızın ev­lərində, yaxud əmilərinizin evlərində, yaxud bibiləri­ni­zin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xa­la­larınızın evlərində, yaxud açarları əllərinizdə olan ev­lərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz».                                    

                                                                        (61-ci ayə)

     Bəzzar «Kəşful-Əstar» əsərində (3-cü cild, səh. 61) de­mişdir: «Aişə (radiyallahu anhə) rəvayət edir ki, müsəlmanlar Peyğəm­bər­lə (sallallahu aleyhi və səlləm) birgə səfərə çıxdıq­da evlərinin açarlarını etibar etdik­lə­ri kimsələrə verər və deyərdi­lər: «(Evdə olan yeməklərdən) dilədiyinizi yeməyi sizə halal edi­rik!» Onlar isə deyərdilər: «Onların könül xoşluğu olmadan izn verdiyi şeylərdən ye­mək bizə halal deyildir!» Uca Allah da bu ayəni nazil etdi:

   «Kora günah gəlməz, çolağa günah gəlməz, bir də xəs­təyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, ya­xud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlə­rində, yaxud bacılarınızın ev­lərində, yaxud əmilərinizin evlərində, yaxud bibiləri­ni­zin evlərində…» ayəsindən «...yaxud açarları əllərinizdə olan evlərdə...» ayə­sinə qədər.

     Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 84) de­mişdir: «Bu hədisi Bəzzar rəvayət etmişdir və isna­dında olan ravi­lərin hamısı Buxari və Muslimin istinad et­diyi ravilərdir.

     Suyuti «Lübabun-Nüqul fi Əsbabin-Nuzul» əsərində demişdir: «Hədisin isnadı «səhih»dir.



1 [ «ən-Nur» surəsi, 6-9. ]

2 [ Lənətləşmə o deməkdir ki, kişi öz arvadını zina etməkdə ittiham etdik­dən sonra, hər ikisi hakimin yanına gəlir və o, əvvəl kişiyə, sonra da qadına birinin di­gərinə lənət etməsini tələb edir. Kişi deyir: «Mən şəhadət verirəm ki, o, filankəslə zina etmişdir». Bunu dörd dəfə təkrar etdikdən sonra beşinci dəfə isə: «Əgər onu yalandan ittiham edirəmsə, Allahın mənə lənəti olsun!»- deyir. Qadın isə dörd dəfə: «mən şəhadət verirəm ki, o, məni zinada ittiham etməklə yalan danışır!» - dedikdən sonra beşinci dəfə: «Əgər o doğru danışırsa, Allahın lənəti mənə olsun!» - deyir. Bundan sonra qadın ondan boşanmış hesab olunur və heç vaxt ona halal olmur. [Təkrar ona ərə gedə bilməz.] Lisanul Ərəb (13-cü cild, səh. 388) ]

3 [ «ən-Nur» surəsi, 6-9. ]

4 [ «ən-Nur» surəsi, 6-9. ]

5 [ «İnna lilləhi və inna ileyhi raciun!» demək. Yəni, «Biz Allahın bəndələ­ri­yik və Ona tərəf qayıdacağıq!» ]

6 [ «Yusif» surəsi, 18. ]

7 [ «ən-Nur» surəsi, 22. ]

 


Baxılıb: 16278


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”