Ana səhifə / Hədis / Səhih Müsnəd / Əl-Əhzab surəsi

Əl-Əhzab surəsi

Əl-Əhzab surəsi

 

     Uca Allah buyurur:

   «Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınları­nızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir»

                                                                                            (5-ci ayə)

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 136; 11-ci cild, səh. 34)  de­miş­­dir­: «Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Uca Allah:

   «Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir...» ayəsini nazil edənə qədər biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) oğulluğa götürdüyü Zeyd ibn Harisəni (radiyallahu anhu) Zeyd ibn Məhəmməd adı ilə ça­ğı­rır­dıq».

     İbn Kəsir «Təfsir»ində (3-cü cild, səh. 466) demişdir: «Hədisi Muslim, Nə­sai və Tirmizi1 öz əsərlərində rəvayət etmişlər». 

     Bu hədisi həmçinin Əbu Davud «Sünən» əsərində (2-ci cild, səh. 181), Nə­sai «Sünən» əsərində (6-cı cild, səh. 53), Əhməd «Müsnəd» əsərində (6-cı cild, səh. 271), Abdur­rəz­zaq «Müsən­nəf» əsərində (7-ci cild, səh. 460-461) və Dari­mi «Sünən» əsərində (2-ci cild, səh. 158) rəvayət etmişlər.  

     İbn əl-Carud «Müntəqa» əsərində (səh. 231) bu hədisi nəql edib de­miş­­dir­: «Aişə (radiyallahu anhə) rəvayət edir ki, (Əbu Hu­zey­fə ibn Ütbə­nin (radiyallahu anhu) zövcəsi) Səhlə bint Suheyl ibn Amr (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Mən ev paltarında ol­duqda belə Salim sərbəst bizim yanımıza (otağa) daxil olur! Biz onu öv­ladımız hesab edirik». 

     O zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) Zeydi (radiyallahu anhu) oğulluğa götürdü­yü kimi Əbu Huzeyfə də (radiyallahu anhu) Salimi (radiyallahu anhu) oğulluğa gö­tür­müş­dü. Uca Allah da bu ayəni nazil etdi:

   ««Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir...»

     Ola bilsin ki, bu ayə onların hər ikisi barəsində nazil olmuşdu. Daha doğrusu­nu isə Allah bilir!

      Uca Allah buyurur:

   «Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qa­lan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını göz­ləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər».

                                                                       (23-cü ayə)

     Buxari «Səhih» əsərində (6-cı cild, səh. 361) de­miş­­dir­: «Ənəs ibn Malik (radiyallahu anhu) deyir ki, əmim Ənəs ibnən-Nədr (radiyallahu anhu) Bədr döyüşündə iştirak etməmişdi. Ona görə də o, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: «Ey Allahın elçisi! Mən müşriklərlə olan ilk döyüşdə iştirak etməmişəm. Allah onlarla döyüş­mə­yi mənə nəsib edərsə, mə­nim necə vuruşacağımı görər».

     Uhud döyüşündə müsəlmanlar məğlub olarkən o dedi: «Alla­hım! Həqiqə­tən, mən bunların – səhabələrin – etdikləri (xətalara) görə Səndən üzr istəyi­rəm və bunların – müşrik­lə­rin – etdikləri (günahlardan) Sənə sığınıram».

     Sonra o, döyüşə atılarkən Sə'd ibn Muazla (radiyallahu anhu) rastlaşdı və ona dedi: «Ey Sə'd ibn Muaz! Mən cənnəti və Nədrin Rəbbini2 istəyirəm. Mən Uhudda cənnət iyi­ni duyuram». Sə'd dedi: «Ey Allahın elçisi! Mən onun döyüşdüyü kimi döyüşə bilmə­dim».

     Döyüşdən sonra biz onu ölənlərin arasında tapdıq. Onun üzərində səksən­dən çox qılınc, nizə və ox yarası var idi. Müşriklər onun cəsədini (bəzi əzaları­nı kəsməklə) elə tanın­maz hala salmış­dılar ki, bacısından başqa heç kəs onu ta­nı­madı. O, Ənəs ibn Nədri (radiyallahu anhu) barmaqlarının ucun­dan tanıdı. Biz də,

   «Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qa­lan kişilər vardır...»  ayəsinin onun və onun kimilərinin barəsində nazil olduğunu güman edirdik.

     Hədisi Muslim, Tirmizi3 və Nəsainin rəvayət etdiklərini ibn Həcər «Fət­hul Bari» əsərində (6-cı cild, səh. 361) və ibn Kəsir «Təf­sir»ində (3-cü cild, səh. 475) nəql etmişlər.

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 136) Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 194), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 22), ibn Cərir «Təfsir»ində (21-ci cild, səh. 147), Əbu Nueym «Hilyə» əsərində (1-ci cild, səh. 121) və Abdullah ibn əl-Mübarək «Cihad» əsərində (səh. 68) rəvayət etmişlər.  

 Uca Allah buyurur:

   «Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir».

                                                        (25-ci ayə)

     Nəsai «Sünən» əsərində (2-ci cild, səh. 15) demiş­dir: «Əbu Səid əl-Xudri (radiyallahu anhu) deyir ki, Xən­dək günü müşriklər bizi günbatana qə­dər zöhr namazından ya­yındırdılar. Bu hadisə hələ Allahın döyüş barəsində:

   «Döyüşdə Allah möminlərə kifayət etdi...» ayəsi nazil ol­mamışdan əvvəl baş verdi. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) Bilala (radiyallahu anhu) əmr etdi və o, zöhr namazı üçün iqamə oxudu. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bu namazı vaxtında qıldığı kimi qıldı. Sonra o, yenə iqamə ver­di və Peyğəmbər (sallallahu aleyhi və səlləm) əsr namazını vaxtında qıldığı kimi qıldı. Daha sonra o, azan verdi və Peyğəmbər (sallallahu aleyhi və səlləm) məğrib namazını da vax­tında qıldığı kimi qıldı.

     Hədisin isnadında olan ravilərin hamısı Buxari və Mus­limin istinad etdiyi ravilərdir. Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (21-ci cild, səh. 149) rəvayət etmişdir.

     Uca Allah buyurur:

   «Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya hə­yatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla məmnun edib gö­zəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsi­nizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir müka­fat hazırlamışdır”».

                                                                                                 (28 və 29-cu ayələr)

     Buxari «Səhih» əsərində (6-cı cild, səh. 39) de­miş­­dir­: «Abdullah ibn Abbas (radiyallahu anhumə) deyir ki, mən çox istəyirdim ki, Ömərdən (radiyallahu anhu)

   «Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir….»4 ayəsində xatırlanan Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) iki zövcəsi barə­sin­də soruşum. Elə buna görə də onunla birlikdə həcc ziyarətinə getdim. O, həcc ziyarətini bitirib geri qayıtdıqda subaşına çıxmaq üçün yoldan kənara (uzaq bir yerə) çə­kildi. Mən də əlimdəki bir tuluq su ilə kənara çəkilib onu gözlədim. Nəhayət o gəlib çıxdı. Mən tuluqdakı sudan onun əlinə tökdüm və o dəstə­maz aldı. Sonra mən soruşdum: «Ey mö­minlərin əmiri!

   «Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir….» ayəsində xatırlanan Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) iki zövcəsi kimlər­dir?» O dedi: «Ey ibn Abbas! Sənin sualın çox təəccüblü­dür! Bu Aişə ilə Həfsədir!» Sonra o, hədisi danışmağa başlayıb dedi: «Mən və ənsarlardan olan bir qonşum Bənu Ümeyyə ibn Zeyd tay­fasında – Mədinənin yaxınlığında yerləşən bir kənddə – qa­lırdıq. Biz növbə ilə Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gedərdik. Bir gün mən gedib Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) eşitdiklərim əmrlər və s. (qa­dağalar, əvvəlki ümmətlə­rin başına gələnlər) barədə ona xəbər gətirərdim, bir gün də o bütün bunlar barədə mənə xə­bər gətirər­di. Biz qüreyşlilər qadınlarımızı üstələyən bir tay­fa idik. Mədinə­yə gəldikdə isə ənsar qadınların ərlərini üstə­ləyən (onlara cavab qaytaran) bir qövm olduğunu gördük. Bizim qadınlar onların ədəblərindən təsirləndilər. Bir gün mən həyat yoldaşımın üstünə qışqırdım və o mənə cavab qaytardı. Mən cavab qaytarmağı ona qadağan etdikdə o de­di: «Sən cavab qaytarmağı mənə niyə qada­ğan edirsən? Allaha and olsun ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcələri ona cavab qaytarırlar. Bəziləri hətta bu gün gecəyə qədər ondan üz döndərib». Onun bu sözləri məni çox həyəcanlan­dırdı. Mən: «Doğrudan da onlardan bu günahı edən müvəffəqiy­yətsizliyə uğramış­dır!» - dedim. Sonra libasımı geyib Həf­sənin yanına getdim. Mən onə dedim: «Ey Həfsə! Sizlərdən biri Allahın elçisini (sallallahu aleyhi və səlləm) bu gün gecəyə qədər qəzəblən­dirib­mi?» O: «Bəli» - deyə cavab verdi. Mən dedim: «O şəxs bədbəxt olmuş və xəsarətə uğramışdır! Sən əminsən ki, Rə­sulullahı qəzəblən­dirməklə Allahın qəzəbinə gəlib həlak ol­mayacaqsan? Allahın el­çisindən çox şey (artıq xərclik və s.) istəmə, ona cavab qaytarma, ondan üz döndərmə və nə ehti­yacın varsa məndən istə! Və qonşu­nun (yəni, Aişənin) Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) səndən daha gözəl və daha sevimli olması əsla səni aldatmasın!»

     O zaman biz, «Ğəssanlılar bizim üstümüzə yürüş etmək üçün atlarının ayaqlarını nallayırlar!» - deyə öz aramızda danışırdıq. (Bir gün Bənu Umey­yəli) yoldaşım öz növbə­sin­də Rəsulallahın (sallallahu aleyhi və səlləm) yanına getdi və gecə geri döndükdə qapı­mı bərk-bərk döyüb dedi: «O (yəni, Ömər) oyaqdırmı?». Mən həya­canlandım və onun yanına çıxdım. O dedi:

   – Dəhşətli bir hadisə baş verib!

   – Nədir, Ğəssanlılar hücum edib?  

   – Xeyr! Əksinə, bundan da artıq dəhşətli hadisə baş verib. Alla­hın elçisi (sallallahu aleyhi və səlləm) zövcələrini boşayıb.

   – Artıq Həfsə həlak oldu və ziyana uğradı. Mən bunun ya­xın zamanlarda baş verəcəyini zənn edirdim.

      Mən libasımı geyib Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına getdim və onunla birgə fəcr namazını qıldım. Sonra o, öz eyvanı­na qalxıb təkliyə çəkildi. Mən Həfsənin yanına gəldim və onu ağ­layan görüb dedim: «Nə üçün ağlayırsan, məgər mən səni bu iş­dən çəkindirməmişdim? Allahın elçisi (sallallahu aleyhi və səlləm) sizi boşa­yıb­mı? Həfsə dedi: «Mən bilmirəm, odur bax o, eyvan­dadır».

     Sonra mən minbərin ətrafında oturan bir toplum səha­bə­nin yanına gəldim. Onlardan bəziləri ağlayırdı. Mən bir müddət on­larla oturduqdan sonra döz­məyib onun yanına, oturduğu eyva­nın önünə gəldim və orada dayanan Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) balaca, zənci xidmətçisinə dedim: «Ömər üçün izn istə (onun yanına daxil olum)». O, içəri daxil olub Pey­ğəm­bərlə (sallallahu aleyhi və səlləm) danışdı. Sonra bayıra çıxıb dedi: «Sənin xahi­şini ona çatdırdım, lakin o susdu». Mən minbərin ətrafında otu­ran səhabələrin yanına gayıtdım. Bir az onlarla oturduqdan sonra döz­məyib yenə onun yanına gəl­dim və bu dəfə də o, eyni cavabı verdi. Mən bir daha minbərin ətrafında oturan səha­bələrin yanı­na gayıtdım. Bir az onlarla oturduqdan son­ra döz­məyib yenə onun yanına gəl­dim. O bu dəfə də eyni cavabı verdi. Mən çıxıb getdikdə o, məni çağırıb dedi: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) sənə onun yanına daxil olmağa izn verdi». Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına da­xil olduqda gördüm ki, o, ye­rə sə­rilmiş həsirin üstünə uzanıb, altına heç bir döşək qoy­mayıb və yerdəki qum da onun böyrünə iz salıb. Özü də içə­risi xurma lifi ilə doldurulmuş, dəridən hazırlanan yastığa söykənmişdi. Mən ayaq üstə duraraq ona salam verdikdən sonra de­dim: «Ey Alla­hın elçisi, sən zövcələrini boşamı­san­mı?» O mənə nəzər salıb: «Xeyr!» - deyə cavab verdi. Mən yenə ayaq üstə duraraq de­dim: «Ey Allahın elçisi! Təsəvvür et, biz qüreyşlilər qadın­larımızı üstə­ləyən bir qövm idik. Sonra qadınları ərlərini üstələyən bir qöv­mün yanına gəl­dik». Peyğəmbər (sallallahu aleyhi və səlləm) gülümsədi. Mən dedim: «Təsəvvür et, mən Həf­sənin yanına gəlib: «Qonşu­nun (yəni, Aişənin) Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) üçün səndən daha gözəl və daha sevimli olması əsla səni aldatmasın!»- dedim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) yenə təbəssüm etdi. Mən onun təbəssüm etdiyini görüb oturdum və evinə nəzər saldım. Allaha and olsun ki, orada mən aşılanmış üç heyvan dərisindən başqa gözə çarpan bir şey görmə­dim. Mən dedim: «Allaha dua et ki, ümmətinin imkanlarını ge­nişlətsin! Həqi­qətən, farsların və rumlu­ların imkanları çox genişləndirilib, onlara dünya­nın naz-nemət­lərindən verilib. Halbuki onlar Alaha ibadət etmirlər». O, dikəlib oturdu və dedi: «Ey ibn əl-Xəttab! Sən şəkk edirsən? Onlar o qövm­dür ki, cah-cəlal onlara dünya həyatında verilmiş və onlar üçün tezləşdirilmişdir». Mən dedim: «Ey Allahın elçisi, mə­nim üçün (Allahdan) bağışlanma dilə!»

     Həfsə (radiyallahu anhə) Aişəyə (radiyallahu anhə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sirrini bildir­dik­dən sonra o, zövcələrini tərk etmiş və qəzəbindən: «Bir ay mən onlara yaxınlaşma­yacağam!» - demişdi. O zaman Uca Allah da onu qı­namışdı.5 İyirmi doqquz gün keçdikdən sonra o, ilk əvvəl Aişə­nin yanına daxil oldu. Aişə (radiyallahu anhə) isə ona dedi: «Axı sən bir ay bizə ya­xınlaşmayacağına and iç­misən! Mən bir-bir bu günləri saymışam. Artıq bu iyirmi doqquzuncu gündür». Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) : «Ay iyirmi doqquz­dandır!»

     Bu ay doğ­rudanda iyirmi doqquz oldu. Aişə dedi: «Təx­yir (seç­mək, üstünlük vermək)6 ayə­si nazil oldu və o, zöv­cələrindən ilk əvvəl mənim yanıma daxil olub dedi: «Doğ­rusu, mən sənə bir məsələni xatırlamaq istəyirəm. Sən gərək tələsməyəsən və ata-ananla məs­ləhətləşəsən». Aişə dedi: «Mən bilirəm ki, valideynlə­rim sən­dən ayrılmağı mənə heç vaxt nəsihət etməmişlər». Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: «Allah demiş­dir:

   «Ey Peyğəmbər! Zövcələrinə de:...» ayəsindən «…bö­yük bir müka­fat hazırlamışdır» ayəsinə qədər. 

     Mən dedim: «Buna görə ata-anamla məsləhətləşim?! Axı mən həqiqətən də Allahı, Onun elçisini və axirət yur­du­nu istəyirəm!»

     Sonra o (sallallahu aleyhi və səlləm) digər zövcələrinə də eyni təklifi etdi və on­lar­da Aişə (radiyallahu anhə) kimi cavab verdilər.

     Bu hədisi həmçinin Buxari  (11-ci cild, səh. 188), Mus­lim «Sə­hih» əsərində (10-cu cild, səh. 93), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 163, 203), Nə­sai «Sünən əsərində (6-cı cild, səh. 46, 130), ibn Macə «Sünən» əsə­rində (2053-cü hədis), imam Əhməd «Müs­nəd» əsə­rində (1-ci cild, səh. 33; 6-cı cild, səh. 87, 163, 185, 212, 248, 264), ibn Carud «Müntəqa» əsərində (səh. 274) və ibn Cərir «Təfsir»ində (21-ci cild, səh. 158) rəvayət etmişlər. Tirmizi hər iki yerdə hədisin «səhih» olduğunu qeyd etmişdir.   

     Muslim «Səhih» əsərində (10-cu cild, səh. 80) de­miş­­dir­: «Cabir ibn Abdullah (radiyallahu anhu) deyir ki, Əbu Bəkr (radiyallahu anhu) gəlib Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına da­xil olmaq üçün izn istədikdə, onun (sallallahu aleyhi və səlləm) qapısının yanında bir dəstə adamın oturduğunu gördü. Onlardan heç bir kimsəyə içəri daxil olmağa izn veril­mə­mişdi. Əbu Bəkrə (radiyallahu anhu) isə izn verildi və o içəri daxil oldu. Sonra Ömər (radiyallahu anhu) gəlib izn istədi və ona da izn verildi O, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) və ət­ra­fında sükut içində oturmuş zövcələrini görüb dedi: «Mən bir söz deyəcəyəm və Peyğəmbəri (sallallahu aleyhi və səlləm) gül­dürəcəyəm».    

   Sonra o dedi: «Ey Allahın elçisi! Hərgah (ərinə qarşı) çı­xan qız mən­dən xərclik istəsəydi onun boynuna (şillə və ya yumruq) iliş­dirər­dim!» Peyğəmbər (sallallahu aleyhi və səlləm) güldü və dedi: «Gör­dü­yün kimi onlar mənim ətrafımda oturub məndən xərclik istəyir­lər». Bu vaxt Əbu Bəkr (radiyallahu anhu) Aişəni (radiyallahu anhə), Ömər (radiyallahu anhu) də Həfsanı (radiyallahu anhu) cəzalandırmaq üçün ayağa qalxıb dedi: «Siz Allahın elçisin­də (sallallahu aleyhi və səlləm) olmayan bir şeyi ondan istəyirsiniz?!» Onlar dedilər: «Biz heç zaman Allahın elçisində (sallallahu aleyhi və səlləm) olmayan bir şeyi ondan istəmərik?». Peyğəmbər (sallallahu aleyhi və səlləm) otuz və ya iyirmi doqquz gün onlardan ayrı qaldı. Sonra ona bu ayələr nazil oldu:

   «Ey Peyğəmbər! Zövcələrinə de:...» ayəsindən «…yaxşı işlər görənlər üçün böyük bir müka­fat hazırlamışdır» ayəsinə qədər. 

     O, ilk əvvəl Aişənin (radiyallahu anhə) yanına gəlib dedi: «Ey Aişə! Doğ­rusu, mən sənə bir təklif etmək istəyirəm. Və istəyirəm ki, sən bu təklifi qəbul etməyə tələsməyəsən və ata-ananla məsləhətləşəsən». Aişə dedi: «O nədir ey Allahın elçisi?» Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) Allahın ona nazil etdiyi ayələri oxudu. Aişə dedi: «Ya Rəsu­lullah! Məgər sə­nə görə (səninlə birgə ol­maqdan ötrü) valideynlə­rimlə məsləhət­ləşməliyəm?! Əksi­nə, mən Allahı, onun elçisini və axirət yurdunu seçirəm! Səndən də xahiş edirəm ki, həyat yoldaş­larından heç bi­rinə bu barədə xəbər verməyəsən!» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «O qa­dınlardan hansı birisi məndən (bu məsələ barəsində) soruşsa mən ona xəbər verəcəyəm. Allah məni nə (insanlara nə isə etməyi) zorla məcbur edən, nə də hər şeyə irad tutan bir kimsə olaraq göndər­məmişdi, lakin O məni (onlara bil­mə­diklərini) öyrədən, (bacarmadıqlarını) müyəssər edən bir kimsə olaraq göndərmişdi.

     Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 328) rəvayət etmişdir.

     Uca Allah buyurur:

   «Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadın­lar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədə­qə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qa­dınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır».

                                                                      (35-ci ayə)

     Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 116) de­miş­­dir­: «Ummu Əmmara əl-Ənsariyyə (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Mən, hər şe­yin yalnız kişilər üçün olduğunu və qadınların heç bir şeylə xatır­lanmadığını görü­rəm!». Odur ki, bu ayə nazil oldu: 

   «Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar...».

     Tirmizi bu hədisin «həsən, ğərib» olduğunu demişdir.

     Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 416) (istinad edərək) Ummu Sələmədən (radiyallahu anhu) rəva­yət etmiş və demişdir: «Hədis Buxari və Muslimin şərtlərinə görə «səhih»dir, lakin onlar bunu rəvayət etməmişlər». Zə­həbi də bunu təs­diqlə­mişdir. Lakin (isnadında olan) Müca­hid «mürsəl» isnadla bir çox hədislər rəvayət edib. Belə ki, mən bilmirəm o, Ummu Sələ­mədən (radiyallahu anhu) bu hədisi eşidib ya yox. Mən bu hədisi əvvəlki hədisi qüvvət­ləndirən bir amil kimi nəql etmişəm. Hədisi həmçi­nin Təbərani «Mucəm» əsərində istinad edərək ibn Abbasdan (radiyallahu anhumə) rəvayət etmişdir. Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 91) demişdir: «Bu hədisin isnadında olan Qabus «daif» ra­vidir, lakin bəziləri onu «siqa» ravi hesab etmişlər». Sonra mən ibn Kəsirin «Təfsir»ində (3-cü cild, səh. 47) bu hədisi Um­mu Sələ­mədən (radiyallahu anhu) iki isnadla rəvayət etdiyini gör­düm.         

     Uca Allah buyurur:

   «Bir zaman Allahın nemət verdiyi və sənin özünün ne­mət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanın­da saxla, Allahdan qorx!”- deyirdin. Allahın aşkar edə­cəyi şeyi ürəyində gizli saxlayır və insan­lardan çəkinir­din. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır».

                                                                      (37-ci ayə)

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 142) de­miş­­dir­: «Ənəs ibn Malikdən (radiyallahu anhu) rəvayət olunur ki, bu ayə

   «…Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır...» - Zeynəb bint Cəhş və Zeyd ibn Harisə barəsində nazil olmuşdur.

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (17-ci cild, səh. 184), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 168), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 150) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 417) rəvayət etmişlər. Zəhəbi Hakimin bu rəvayətinin Buxari və Muslimin şərt­lə­ri­nə uyğun olduğunu demiş­dir.

     Uca Allah buyurur:

   «Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir».

                                                                        (37-ci ayə)

     İbn Səd «Təbəqat» əsərində (8-ci cild, səh. 73)  demişdir: «Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Zeynəb bint Cəhş (radiyallahu anhu) barəsində

   «Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki,..» ayəsi nazil oldu. O, Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) digər zövcələrinin yanında fəxr edərək deyirdi: «Sizin hamınızı öz əhliniz ərə verib. Məni isə Allah yeddi səmanın üzərindən (Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) ilə) evləndirib». Hədisin isnadında olan ravilərin hamı­sı Buxari və Muslimin istinad etdiyi ravilərdir. 

    İbn Səd başqa isnadla  deyir ki, Ənəs ibn Malik (radiyallahu anhu) de­mişdir: «Zeynəb bint Cəhşin (radiyallahu anhu) iddəti7 qur­tardıqdan son­ra Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) Zeyd ibn Harisəyə (radiyallahu anhu) dedi: «Mən öz ya­nımda səndən daha etibarlı və daha inanınlmış bir kimsə gör­mürəm. Odur ki, Zeynəbin yanına get və onu mənə ni­şanla». Zeynəb (radiyallahu anhu) xəmir yoğurarkən Zeyd (radiyallahu anhu) onu götü­rüb (Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına) gə­tirdi. Mən Zeynəbi gördükdə onun hörməti mənim qəlbimdə bir az da artdı. Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) onu xatırladığını bildikdə isə artıq mən onun üzünə baxa bilmədim. Mən üzümü ondan çevirdim və dedim: «Ey Zey­nəb sevin! Həqiqətən, Allahın elçisi səni xatırlayır!» O dedi: «Mən heç bir şey etməmişəm. Bu Rəbbimin buyu­ruq­ları­dır!». Sonra o qalxıb məscidə getdi və bu ayə nazil oldu:      

   «Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki,..»

     Hədisin isnadında olan ravilərin hamı­sı Buxari və Mus­li­min istinad etdiyi ravilərdir.

     Hədisi həmçinin Muslim «Səhih» əsərində (9-cu cild, səh. 228) və Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 195) rəvayət etmiş­lər.

     Uca Allah buyurur:

   «Onlardan dilədiyinin səninlə gecələmək növbə­sini tə­xirə sala bilərsən, dilədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən sənə heç bir günah olmaz. Bu, onların se­vinmələri, kədərlənməmələri və sənin onlara verdiklə­rindən razı qalmaları üçün daha münasibdir. Allah qəl­binizdə olanları bilir. Allah Biləndir, Həlimdir».

                                                              (51-ci ayə)

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 144)  ­demişdir: «Aişə (radiyallahu anhə) rəvayət edir ki, mən öz nəfsləri­ni Pey­ğəm­bərə (sallallahu aleyhi və səlləm) bağışlayan (heç bir təmənnasız ona ərə getməyə razılıq ve­rən) qadınları danla­yıb de­yərdim: «Heç qadın da öz nəf­si­ni bağışlayarmı? Uca Allah

   «Onlardan dilədiyinin səninlə gecələmək növbə­sini tə­xirə sala bilərsən, dilədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən sənə heç bir günah olmaz…» ayəsini nazil etdikdə mən (Pey­ğəm­bərə (sallallahu aleyhi və səlləm)) dedim: «Mən görürəm ki, Rəbbin yalnız sənin istəyini tezliklə yerinə yetirir».

   Hədisi həmçinin Muslim «Səhih» əsərində (1-ci cild, səh. 49), Əhməd «Müsnəd» əsərində (6-cı cild, səh. 158), ibn Cərir «Təf­sir»ində (22-ci cild, səh. 26) və Hakim «Mustəd­rək» əsə­rində (2-ci cild, səh. 436) rəvayət etmiş­lər. Hakim bu hədisin Bu­xari və Mus­limin şərtlərinə görə «səhih» ol­du­ğunu demiş, Zəhəbi də bunu təsdiqləmişdir.

   Qeyd etmək istəyirəm ki, Buxari Muhadir ibn əl-Muvar­ri­dən yal­nız «müəlləq» isnadla rəvayət etmişdir. Muslim isə ondan yal­nız bir hədis rəvayət etmiş və bunu da başqa bir hədisi qüvvətlən­dirmək üçün belə etmişdir. Bütün bunlar ibn Həcərin «Təhzibut-Təhzib» əsərində izah olunub. Odur ki, bu hədis onların şərtlərinə müvafiq deyildir. Daha doğ­rusunu isə Allah bilir!        

      Uca Allah buyurur:

   «Ey iman gətirənlər! Sizə yeməyə izn veril­məyib süf­rə­yə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərə­kətiniz Pey­ğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. Pey­ğəmbərin zövcələ­rin­dən bir şey istədikdə, pərdə ar­xa­sından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini na­razı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah dərgahında böyük günahdır».

    (53-cü ayə)

     Buxari «Səhih» əsərində (10-cu cild, səh. 149) demişdir: «Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) Zeynəb bint Cəhş (radiyallahu anhu) ilə evlənəndə ziyafət verdi. O, camaata doyunca çörək və ət verdi. Sonra isə adəti üzrə evləndiyi günün səhərisi di­gər zövcələrinin otaqlarını bir-bir ziyarət etdi, onlara salam verdi və onlar üçün dua etdi. Onlar da qarşılıqlı olaraq sa­lam verib onun üçün dua etdilər. Daha sonra o evinə qayıtdı və iki kişinin (onun evində oturub) bir-birilə söhbət etdiyini gördükdə evdən çıxıb getdi. Onlar Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) evdən çıxıb getdiyini gördükdə dərhal ayağa qalxıb tələ­sik oranı tərk etdilər. Bilmirəm, onların evdən çıxdıqlarını Pey­ğəm­bərə (sallallahu aleyhi və səlləm) mən xəbər verdim, ya başqa birisi (məni qabaqlayıb bu barədə ona xəbər verdi). Odur ki, o, geri qayıdıb evə da­xil oldu və mənimlə öz arasına pərdə çəkdi. Bu vaxt hicab ayəsi8 nazil oldu.      

     Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 148; 11-ci cild, səh. 134, 139, 519; 13-cü cild, səh. 259, 305) və «Ədəbul Mufrad» əsərində (səh. 632), Muslim «Səhih» əsərində (9-cu cild, səh. 229, 230, 232, 233), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 168-169), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 105, 168, 196, 242, 246), ibn Səd «Təbəqat» əsərində (1-ci cild, səh. 75), ibn Cərir «Təf­sir»ində (22-ci cild, səh. 37-38) və Hakim «Mustədrək» əsə­rində (2-ci cild, səh. 418) rəvayət etmiş­lər. Tirmizi rəvayət etdiyi birinci hədisi «həsən», ikincisini isə «həsən-səhih» adlandırmış­dı. Hakim bu hədisin isnadının «səhih» olduğunu demiş, Zəhibə də bunu təs­diqləmişdir.

     Qeyd etmək istəyirəm ki, hədis Buxari və Muslimin şərt­lərinə uyğundur, lakin Muslim hədisi həmin isnadla (9-cu cild, səh. 233) rəvayət etmişdir. Odur ki, hədisin «Mustəd­rək» əsərinə əlavə olunmasının mənası yox­dur.   

     Buxari «Səhih» əsərində (1-ci cild, səh. 259) demişdir: «Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) zövcələri gecə vaxtı ayaqyoluna - böyük bir sahəyə su başına - çıxardılar. O zaman Ömər (radiyallahu anhu) gəlib Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: «Zövcə­ləri­nə hicab örtməyi əmr et!» O zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) zövcələ­ri­nə bunu əmr etmədi. Bir gecə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hündürboylu, Səudə bint Zəm'a (radiyallahu anhu) adlı zövcəsi bayıra çıxdıqda, Ömər çox istəyirdi ki, hicab ayəsi nazil olsun. Odur ki, o Səudəni (radiyallahu anhu) çağırıb dedi: «Ey Səudə! Biz səni tanıdıq!»

   Bu hədisi həmçinin Buxari «Sünən» əsərində (13-cü cild, səh. 260), Muslim «Sə­hih» əsərində (14-cü cild, səh. 152) və ibn Cərir «Təfsir»ində (22-cü cild, səh. 39) rəvayət et­mişlər.

   Təbərani «Mucəmus-Səğir» əsərində (1-ci cild, səh. 83)  demişdir: «Aişə (radiyallahu anhə) rəvayət edir ki, mən Peyğəm­bərlə (sallallahu aleyhi və səlləm) birgə camda xurma hal­vası9 yeyirdik. Bu vaxt Ömər (radiyallahu anhu) gəlib bizim yanımızdan keç­dikdə Peyğəm­bər (sallallahu aleyhi və səlləm) onu da ye­məyə də­vət etdi. Yemək yeyərkən onun barmağı mənim barmağıma dəydi və o  (təəssüflənərək) dedi: «Ax, ax, əlim dəydi! Əgər barənizdə hökm nazil olsaydı heç bir göz sizi görməzdi!» Sonra isə hicab ayəsi nazil oldu».

   Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 93) demiş­dir: «Musa ibn Əbi Kə­sirdən başqa hədisin isnadında olan ravilə­rin hamısı Buxari və Muslimin istinad etdiyi ra­vi­lərdir. Musa ibn Əbi Kə­sirə gəlincə, o da «siqa» ravidır.

     İbn Həcər «Fəthul-Bari» əsərində (1-ci cild, səh. 260) bu hədis­ləri cəm edib demişdir: «Bu hədisləri cəm edib demək olar ki, hi­cab ayəsinin nazil olmasına dair baş vermiş ha­di­sələr müxtəlif cür olmuşdur. Lakin, Zeynəb (radiyallahu anhu) barəsindəki xəbər ayə ilə əlaqədar olan sonuncu xəbərdir. Yaxud demək olar ki, bəzi rəvayətlərdəki «hicab ayəsi» deyildikdə

   «…çarşabları ilə örtsünlər...» ayəsi qəsd olunur».

     Qeyd etmək istəyirəm ki, ibn Həcərin: «Yaxud demək olar ki, bəzi rəvayətlərdəki «hicab ayəsi» deyildikdə

      «…çarşabları ilə örtsünlər...» ayəsi qəsd olunur»- ifa­dəsi isə araşdırılmalıdır. Belə ki, rəvayətlər Zeynəb (radiyallahu anhu) ba­rəsində, həm­çinin Ömərin (radiyallahu anhu) diləyindən10 sonra (Təbə­ri­nin «Təfsir»in­də (12-ci cild, səh. 40) qeyd olunduğu kimi) məhz

   «Ey iman gətirənlər! Sizə yeməyə izn veril­məyib süf­rə­yə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin...» ayəsinin nazil olduğunu bəyan edir. Odur ki, bu ayənin nazil ol­masına dair baş vermiş hadisələr müxtəlif cür olduğunu demək daha doğrudur.

     Qeyd: Ömərin (radiyallahu anhu): «Ey Səudə! Biz səni tanıdıq!»- de­məsin­dən belə aydın olur ki, bu hadisə hicab ayəsinin nazil olmasından əvvəl, bəzi rəvayətlərdə isə sonra baş vermişdir. Bu rəvayətləri necə cəm etmək olar?

    İbn Həcər «Fəthul-Bari» əsərində (10-cu cild, səh. 150) demiş­dir: «Kərmani deyir ki, əgər desən ki, bu, hicab ayəsi nazil olduqdan sonra baş vermişdir, onda demək olar ki, həmçinin dəs­təmaz fəslində də bu hadisənin hicab ayəsi nazil olduqdan əvvəl baş verməsi qeyd olunmuşdur. Bunun isə cavabı belədir. Ola bilsin ki, o hadisə iki dəfə baş ver­mişdir».

      İbn Həcər – sözünə davam edib – deyir ki, əvvəlki ha­di­sədə nazil olmuş hicab ayəsi ilə sonrakı hadisədə nazil ol­muş hicab ayəsi arasında fərq var. Nəticə budur ki, yad kişi­lərin Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) zövcələrinə baxması Ömərin (radiyallahu anhu) qəl­bini narahat edirdi. Odur ki, o, açıq-aydın Peyğəm­bərə (sallallahu aleyhi və səlləm) : «Zövcələrinə hicab örtməyi əmr et!»- dedi. Bu da onunla təsdiqləndi ki, hicab ayəsi nazil oldu. Sonra onların ümu­miyyətlə örtünmüş halda belə gözə görünməmələrini məslə­hət etdi. Lakin Peyğəm­bər (sallallahu aleyhi və səlləm)  buna mane oldu və qadınlara əziyyət olmasın deyə ehtiyaclarını ödəmək üçün bayıra çıx­maqla­rına rüxsət verdi».



1 Tirmizi bu hədisi «Sünən» əsərində, 4/165 rəvayət etmiş və onun «həsən-səhih» olduğunu demişdir.

2 [ Burada ehtimal olunur ki, o, ya atası Nədr ilə, ya da oğlu Nədr ilə bir­likdə cənnətdə olmağı təmənna edir. «Fəthul Bari», 6/22. ]

3 Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 163) demişdir: «Bu hədis «hə­sən-səhihdir.

4 [ «ət-Təhrim» surəsi, 4. ]

5 [ «ət-Təhrim» surəsi, 1-4. ]

6 [ «əl-Əhzab» surəsi, 28-29. ]

7 [ Boşanan və ya dul qalan qadının yenidən ərə gedə bilməsinə qədər olan gözləmə müddətidir. ]

8 [ «əl-Əhzab» surəsi, 53.]

9 [ Bu, xurmadan, kəsmikdən və yağdan hazırlanmış yeməyə deyilir. Kəsmiyi isə un və ya çörək qırıntıları ilə də əvəz etmək olar. Buna ərəbcə «heys»  deyilir. «Nihayə fi Ğəri­bul-Hədis», səh. 245. ]

10 İbn Həcər «Fəthul-Bari» əsərində (1-ci cild, səh. 260) demişdir: «Əbu Əvanə «Səhih» əsərində Zubeydiyə isnad edərək ibn Şihabdan əlavə etmişdir ki, «Uca Allah hicab aysəni nazil etdi:   

«Ey iman gətirənlər! Sizə yeməyə izn veril­məyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin...»

 


Baxılıb: 17031


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”