Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xislətləri / Son söz

Son söz

Son söz

 

Əziz müsəlmanlar!

Allahın izni ilə bir neçə ay ərzində ərsəyə gə­tir­di­yi­miz bu kitab bir çox məqsədləri əhatə edir. İlk növbədə məqsəd, yer üzərində insanla­rın ən kamili olan Mu­həmməd Peyğəmbəri (səlləllahu əleyhi və səlləm ) yaxından tanımağın va­cib­liyini hər bir müsəlmana çatdırmaqdır. Allah Muhəmməd Peyğəm­bə­ri (səlləllahu əleyhi və səlləm ) bütün insanlar arasından seçmiş, ona başqa adamlarda olmayan ali xüsusiyyətlər və yalnız ona xas üstünlüklər bəxş edərək aləmlərə nümunə ola­raq şərəfləndirmişdir. Məgər biz müsəlmanlar Allahın ən çox sevdiyi və bütün bəşəriyyətə nümunə seçdiyi Muhəmməd Pey­ğəm­bəri (səlləllahu əleyhi və səlləm ) tanımaqda, onun həyatını ən xırda detalları ilə öyrənməkdə israrlı olmamalıyıq? Uca Allah Onu sevməklə yanaşı Muhəmməd Pey­ğəm­bəri (səlləllahu əleyhi və səlləm ) də ən yaxın əzizlərimizdən, valideynlərimizdən, övladları­mızdan, hətta canımızdan belə çox sevməyi tövsiyə edərək buyurur: “De: “Əgər atalarınız, oğul­la­rınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğu­nuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihad­dan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəlt­məz” (ət-Tövbə, 24).

Uca Allah həmçinin buyurur: “Peyğəmbər mömin­lərə onların özlərin­dən daha yaxındır” (əl-Əhzab, 6).

Müqəddəs Kitabımız olan Qurani-Kərimdə buyu­rulduğu kimi Mu­həmməd (səlləllahu əleyhi və səlləm ) Peyğəmbərin sözünü öz sözümüzdən, əməlini öz əməli­miz­dən daim üstün tut­malıyıq.

Məqsədimiz həmçinin imanın şirinliyinin və hər iki dünyada səadətin məhz Muhəmməd Peyğəmbərə (səlləllahu əleyhi və səlləm ) tam itaətdə olmasını gös­tərməkdir.

Uca Allah buyurur: Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qa­dın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür” (əl-Əhzab, 36).

Deməli, Muhəmməd Peyğəmbərə (səlləllahu əleyhi və səlləm ) olan  həqiqi sevgi ona itaətdir.  Muhəmməd Peyğəmbərə (səlləllahu əleyhi və səlləm ) itaət bü­tün insanlara və bütün zamanlarda vacibdir. Bu yol heç bir zaman köhnəlmir və əksinə həmişə aktuallığı­nı sax­layaraq nicatın yeganə yolu olaraq qalır. Ən əsası da odur ki, Muhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və səlləm ) bizə qoyduğu sünnəsinə hər hansı bir əla­vəyə və ya kimlər tərə­fin­dənsə yenilənməsinə qəti olaraq ehtiyac yox­dur və bu­nu etməyə çalışanlar da bidət-zəlalət-Cəhənnəm yolun­dan qorxmalı və ən kamil insandan kamil olmağa can atmağın ağılsızlığ ol­mağını bilməlidirlər.

Məqsədimiz, həmçinin, özünü mömin sayan hər bir şəxsin ibadətlə­rində, həyat tərzində, fiziki və mənəvi xüsusiyyətlərində, əxlaqında, təmizlik məsələlərində, ailə münasibətlərində, dost və düşmənlə necə rəftar et­məsində və başqa həyati məsələlərdə Muhəmməd Pey­ğəmbəri (səlləllahu əleyhi və səlləm ) rəhbər tutmasıdır. Biz müsəlmanlar bu gün yalnız əqidə məsələlərinə fi­kir verib sevimli Pey­ğəm­bə­rimizin (səlləllahu əleyhi və səlləm ) əxlaqından uzaq olsaq, insanlar­da özümüzə qarşı nifrət və ən qorxulusu isə dinimizə qarşı qəzəb yaratmış olarıq. Bu səbəbdən Muhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və səlləm ) bütün həya­tını, xislətlərini, sözlərini, davranışlarını diq­qətlə öyrənib öz həyatı­mızda tətbiq etməliyik. Kitabda bütün bu məsələlər, hədislər vasitəsilə ətraflı qeyd edilmişdir. Sizin Allaha olan məhəbbətinizin göstəricisi Muhəmməd Peyğəmbərə (səlləllahu əleyhi və səlləm ) nə dərəcədə itaət etmə­yi­nizdən bilavasitə asılıdır. Sevimli  Peyğəmbərimizin (səlləllahu əleyhi və səlləm ) yolu iman əhlini Cənnətə aparan, onları Cəhənnəm əzabından qoruyan və heç bir başqa alternativi olma­yan bir yoldur. Əgər siz Muhəmməd Peyğəmbərdən (səlləllahu əleyhi və səlləm ) başqa bir yol ilə Allaha yaxınlaşmağı düşünsəniz bilin ki, münafiqlərin yolundasınız.

Bu barədə Uca Allah buyurur: Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? On­lar mühakimə olun­maları üçün tağuta müraciət etmək istəyirlər. Hal­buki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir. Onlara: "Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!"– de­yildikdə, münafiqlərin səndən nifrətlə üz çevir­dik­lə­rini görürsən” (ən-Nisa, 60-61).

Məqsədlərimizdən biri də möminləri küfr, bidət və nifaqdan uzaq edib onları “Yüksək əxlaq sahibi” ad­lan­dırılmış Muhəmmədə (səlləllahu əleyhi və səlləm ) onun özünün öyrətdiyi kimi tabe olmaq və onu bütün işlərində hakim tut­mağa də­vətdir. Ümid edirik ki, bu kitabı oxuyan xalqımızın hər bir nümayəndəsi sevimli Muhəmməd Pyğəmbərimizi (səlləllahu əleyhi və səlləm ) daha da mükəm­məl tanıyacaq və onu özünə həyat­la­rı­nın hər sahəsində nümunə edən müsəlmanlara qəribə nəzərlərlə, qorxu, kin və nifrət hissi ilə deyil, əksinə dərin hörmət və məhəbbətlə münasibət bəsləyəcəkdir. Axı əgər bizim gənclərimiz özlərinə örnək olaraq məhz Muhəmməd Peyğəmbəri seçiblərsə bundan daha gözəl və şərəfli nə ola bilər ki?! Kitabın yazılmasında  məq­sədlərdən biri də insanlara izah etməkdir ki, “O zaman dində olmayan şeylər bu gün də dində olmamalıdır” fikri qüvvədən düşməyib. Məqsədlərimizdən biri də bütün müsəlmanları məzhəb və təriqətlərdən asılı ol­mayaraq yalnız Muhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və səlləm ) bizə öy­rət­diyi yolunda birləşdirməyə bir cəhddir. Belə ki, Pey­ğəmbərin (səlləllahu əleyhi və səlləm ) şərəfli həyatını dərindən öyrənsək bilərik ki bu  yol insanları qardaş olmağa və fitnədən uzaq ol­mağa dəvət edir.

“Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bil­mir­lər...” (əl-Münafiqun, 8).


Baxılıb: 16337


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”