Ana səhifə / Hədis / Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xislətləri / Rəsulullahın (səlləllahu əleyhi və səlləm ) vəsfi

Rəsulullahın (səlləllahu əleyhi və səlləm ) vəsfi

Rəsulullahın (səlləllahu əleyhi və səlləm ) vəsfi

 

Rəsulullah (səlləllahu əleyhi və səlləm ) nə çox hündür­boy, nə də bəstəboy – ortaboylu, enli­kü­rək, başı və ağzı iri, yanaqları nə şiş, nə də batıq – üzündə bir qə­dər girdəlik olan bir adam idi. Onun üzü bədr gecə­sindəki ay kimi par­la­yırdı. Qa­ragözlü, uzunkirpikli, qabaq dişləri gözəl, əlləri və ayaq­ları sərt, əzaları orta ölçülü, özü də cüssəli, gözəl vü­cu­du olan bir adam idi. Gözləri xilqətcə sürməli idi. La­kin buna rəğmən yatmazdan əvvəl gözlərinə tək sayda ismid çəkərdi. Qözlərinin ağlığında qır­mızılıq var idi. Saçları da nə tama­mi­lə qıvrım, nə də dümdüz – azacıq dalğavarı idi. Onun saçları bəzən qulaqlarının yarısına, bəzən qula­ğı­nın mərcəyi­nə, bəzən mərcəyindən aşağı, bəzən çiyninə yaxın, bəzən də çiyinlərinə çatırdı. Saç­la­rını tağ ayır­­ar və səbəbsiz olaraq onları qırxmazdı. Da­ra­dıqda isə sağ tərəfdən başlayar və saçlarını tağ ayı­rar­dı. Saçlarını dara­maq xüsusunda isə nə həddi aşar, nə də buna səh­­lənkar yanaşar – yəni nə dəqiqəbaşı sa­çını düzəldər, nə də onları baxımsız qoyar, əksinə, vaxt­dan-vaxta onları darayaıb gözəl şəklə salardı. Üstəlik onları həmi­şə təmiz saxlayar və vaxtdan-vaxta başına yağ sürtərdi. Saqqalını da habelə. Onun saqqalı sıx idi. Onun saç-saq­qa­lın­da iyirmiyə yaxın ağ tük var idi. Bu tüklərin bir neçəsi onun hər iki gicgahında, bir neçəsi alt dodaq şırımında, bir neçəsi də tağında idi. Libasını çıxaranda bə­də­ni nur saçırdı. Sanki də­risinə gümüş ör­tük çəkilmişdir. Peyğəmbərlik mö­hü­­rü onun kürəkləri arasında idi. Məf­səl­ləri böyük, bazula­rı uzun, əl pən­cə­si də iri idi. Dabanları çox ətli deyildi. Qarnı sinəsi ilə bərabər idi. Sinəsi­nin tükü uzun­sov idi. Sinə­sin­də və qarnında bü tüklərdən başqa tük yox idi. Yeridikdə də lən­gər­lənirdi, vüqarla və iri addımlarla yeriyərdi, sanki hündür bir yer­dən enir­miş kimi. Döndüyü zaman tam vücudu ilə dönərdi. Adətən başı aşağı olar və çox vaxt nəzərlərini göyə deyil, yerə yö­nəl­dərdi. Baxışları çox vaxt ötəri olardı. Qarşısına çıxan hər kəsə salam ve­rər­di. Başqaları kimi danışanda tələm-tələsik və qat­ma-qa­rışıq danışmaz, ək­sinə, həm aydın, həm də aramla da­nışardı. Hət­­ta yanında oturanlar onun dediklərini yad­da saxlayardılar. Bir söz söylədiyi za­man söylə­di­yi ba­şa düşülsün deyə sözü üç kərə təkrar edər­di. Çox vaxt su­sar və ancaq lazım gəldikdə danışardı. Nitqini Uca Allahın adı ilə başlayar  və Onun adı ilə bitirərdi. Yığ­cam kəlmələrlə danışar və dediyi sözləri aydın tələffüz edərdi. Bu sözlər nə uzun yorucu, nə də ki qısa fay­da­sız olardı. Özü də nə kobudluq edər, nə də bir kimsə­nin mənliyinə toxunardı. Allahın ver­diyi nemət az ol­duğu təqdirdə belə onu dəyər­lən­dirər və onu əsla mə­zəm­mət etməzdi. Yeməyi də nə pisləyər, nə də tərif­lə­yərdi. O, nə söyüşcül, nə kobud, nə də bazarda qışqır-bağır salan bir adam deyildi, həm də pisliyi pisliklə dəf et­məz, əksinə, əfv edər və bağışlayardı. O, hücrə­sinə çəkil­miş baki­rə qız­dan daha həyalı idi. Onun nə isə xo­şuna gəl­mədikdə, bunu onun üzündən anla­maq olardı. Nə bu dünya, nə də dünyaya aid işlər onu əsla qəzəb­ləndir­məz­di. Allahın qoyduğu qanunlar po­zulduğu təqdirdə isə, haqqı bər­qərar edənədək heç bir şey onun qəzəbinin qa­bağını ala bilməzdi. O, əsla öz nəfsinə görə qəzəblənməz və buna görə heç kəs­­dən intiqam al­maz­dı. Bi­ri­sinə acığı tutduğu zaman ondan üz çevirər və narazılığını ona hiss etdi­rər­di. Hərdən də xo­şuna gəl­mədiyi bir şeyə narazılığını bi­ruzə verməzdi. Rəsu­lul­lah (səlləllahu əleyhi və səlləm ) çox vaxt adamın nöqsanını üzünə deməzdi.

Peyğəmbər (səlləllahu əleyhi və səlləm ) yeməyə başladıqda “Bis­mil­ləh”, onu bitirdikdə isə “Əlhəmdulillah” – deyərdi. Rəsulullah (səlləllahu əleyhi və səlləm ) yeməyi üç barmağı ilə yeyər və yeməkdən sonra bu barmaqlarını yalayardı.

Çox vaxt təbəssüm edərək gülər və heç vaxt qəh-qə­hə çəkib gül­məzdi. Bəzən səhabələri ilə zarafatlaşar və deyərdi: “Bəli, mən də zara­fat edirəm, lakin mən haq­dan başqa bir söz danışmıram!” O, həm daim gü­lər­üz­lü, həm həlim xasiyyətli, həm də olduqca lütfkar insan idi. O, nə kobud, nə daş qəlbli, nə eyib tutan, nə də ta­mahkar adam idi. Habe­lə ehtitacı üzün­dən ona mü­ra­ciət edən adam naümid qal­mazdı, çünki o, həmin ada­mın ümidini qır­maz­dı. Peyğəmbər (səlləllahu əleyhi və səlləm ) üç ya­ra­maz xis­lə­tə yaxın durmazdı: mü­bahisəyə, dünya malını artırma­ğa və özünə aid ol­mayan işlərə qarışmağa. O, yad ada­mın istər danışı­ğında, istərsə də verdiyi sual­da kobud­luq etməsinə səbir edərdi. Pey­ğəmbər (səlləllahu əleyhi və səlləm ) olduqca təva­zökar insan idi.

Peyğəmbər (səlləllahu əleyhi və səlləm ) ifrata varmayan kimsənin təri­fini qə­bul edərdi. O, heç kəsin sözünü kəsməz, danışan adam həddini aş­dıqda isə bunu ona qadağan edər və ya du­rub gedərdi. Habelə iki şeydən bi­rini seç­mək təklif edil­dikdə, – günah işlər istisna olmaqla, – həmişə daha asan ola­nı­nı seçərdi. O, peyğəmbərlərin sonuncusu, üs­təlik in­san­la­rın ən geniş­ürəklisi, ən düzdanışanı, ən mülayimi və dostluqda onla­rın ən co­mər­di idi. Pey­ğəmbər (səlləllahu əleyhi və səlləm ) ətir vurmağı sevər və  heç vaxt ətirdən imti­na etməzdi.

Kim onunla yaxından ünsiyyət qurardısa, onu se­vərdi. Rəsulullah (səlləllahu əleyhi və səlləm ) evinə gəldikdə vaxtını üç qis­mə bö­lərdi. Bir qismini Allaha ibadət edər, bir qismini əhli-əyalına həsr edər, bir qismini də özünə sərf edərdi. O, ye­ri­nə yetirdiyi ibadətlərin hamısını davamlı yerinə ye­tirərdi.

Ayaq üstə o qə­dər ibadət edərdi ki, axırda, ayaqları şişər və ona: “Ya Rəsulullah, niyə belə edirsən?! Axı Allah sənin keçmiş və gələ­cək günahlarını bağışla­mış­dır?!”– de­yildikdə o: “Şükür edən bir qul ol­ma­yım­mı?!”– deyə cavab verərdi. Peyğəmbər (səlləllahu əleyhi və səlləm ) namazları vaxrlı-vax­tında qılar, üstəlik ratibə namazlarını, ələl­xü­sus da gecə namazlarını da­vam­lı yerinə yetirərdi. Hətta hansısa üzrdən dolayı gecə namazını qıl­ma­dıqda, ertəsi gün onun əvəzinə cüt sayda namaz qılardı. Fərz na­mazla­rını məsciddə camaatla birgə, nafilələri isə çox vaxt evində və hər­dən də məsciddə qılardı. Quranı da uzadaraq ara verə-verə oxu­yardı.

O, özünə ayırdığı vaxtın bir qismini yanına gələn adamlara sərf edər, öz buyruqlarını xüsusi adamların vasitə­silə camaata bildirər və heç nəyi onlardan giz­lət­məzdi. Ümməti üçün ayırdı­ğı vaxt ərzində öz izni ilə fə­zilətli insanlara üstünlük verməsi onun xasiyyəti idi. Rəsu­lul­lah (səlləllahu əleyhi və səlləm ) dilini qoruyar və yalnız özünə aid olan sözü danışardı. Habelə insanlarla ülfət bağlamağa ça­lı­şar və on­larda özünə qarşı nifrət oyat­mazdı. Üs­tə­lik hər bir qövmün görkəmli şəx­siyyətlərinə hörmətlə ya­naşar və onları öz qövmlərinə başçı təyin edərdi. O, bə­zi insanlardan ehtiyat edər və özünü onlardan göz­lə­yər, lakin gülərüzlü­lüyünü və gözəl əx­laqını heç birin­dən gizlətməzdi. O, daim öz səhabələrin­dən xəbər tu­tar, eləcə də camaatdan hal-əhval soruşardı. Habelə yaxşı işi tə­rif­lə­yər və onu təsdiqləyər, qəbih əməli isə pisləyər və bunu qadağan edər­di. O, hər bir işdə əda­lətli mövqe tutar, düz yol seçərdi. Səhabə­lə­­rinin Allahı zikr etməkdən xəbərsiz olacaqlarından, yaxud arxayın­laş­­mağa meyl edə­cək­lə­rin­dən ehtiyat etdiyinə görə on­lara qarşı diq­qətsiz olmazdı. Onun hər bir vəziyyətə uyğun dəvət üslubu olardı. Nə haq­dan yayınar, nə də həddi aşardı. Rəsulullah (səlləllahu əleyhi və səlləm ) duranda da, otu­randa da, ancaq zikr edərdi. Peyğəmbər (səlləllahu əleyhi və səlləm ) yatağına uzandı­ğı za­man da Allahı zikr edər və sağ əlini sağ yanağının al­tı­na qoyub yatardı.

Hər hansı bir camaatın yanına gəldikdə, məclisdə olan boş yerdə oturar, səhabələrinə də be­lə etməyi bu­yurardı. Məclisdə iştirak edən hər kəsin haqqını ödə­yərdi. Be­lə ki, məclisdəkilərdən heç biri başqa birisinin, Peyğəmbərin (səlləllahu əleyhi və səlləm ) yanında özün­dən hörmətli olduğunu gü­man etməzdi. Ehtiyac üzündən onun yanına gələn və dərdini onunla bölü­şən adam özü çıxıb gedənək sə­bir edərdi. Kimsə on­dan bir şey istədik­də onu əliboş qaytarmaz, istədiyini ona verər, yaxud ona xoş söz de­yərdi. O, insanlara xoş üz və gözəl əxlaq göstərər, on­la­ra ata olar­dı. Ondan bir şey istə­dikdə o heç vaxt yox deməzdi. O, insanların ən səxavətli­si idi. Ramazan ayı­nı başdan-başa, həmçinin, birinci və dör­düncü günlər, Aşura gününü və ondan bir gün əvvəl və ya bir gün sonra, habelə hər ayın üç gününü və bəzən də bəzi ay­ların çox hissəsi­ni oruc tutardı.

Rama­zan ayında – ayın əvvəlindən axırınadək daha səxavətli olar­dı. O, sabahı üçün heç nə saxlamazdı. Nə­dənsə təsirləndikdə, ələlxü­sus da Quran oxuduqda və ya onu dinlədikdə için-için ağlayardı.

 Hədiyyəni götürər və əvəzinə onu verən adama bir şey hədiyyə edərdi. Ən çox sevdiyi libas – baş və ayaq­lar istisna olmaqla bədənin hər yerini örtən, iki qoldan və yaxalıqdan ibarət köynək idi və bu köynəyinin qol­ları biləklərinin oynağına çatırdı. Habelə hibərə (yəni pambıqdan və ya bəzəkli kətandan hazırlanan Yəmən bürüncəyini) geyməyi də xoşlayardı. Ələlxüsus da ağ rəngli libas geyməyi xoşlayar­dı. Hərdən yaşıl, hərdən qara, hərdən də rənginə başqa rəng qarışmış qırmızı rəngli libaslar geyərdi. İzarının ətəyi baldırının yarı­sı­na çatar və heç vaxt topuqdan aşağı düşməzdi. Ayaq­la­rına da səndəl, hərdən də məst geyərdi. Peyğəmbər (səlləllahu əleyhi və səlləm ) üzüyü sağ əlinin bar­­mağına  taxardı.

Onun üzüyü gümüşdən, qaşı da həbəş əqiqindən idi və üzərinə: “Muhəmmədun Rəsulullah” sözü həkk edilmişdi. Üzü aşılanmış dəri­dən, içi də xurma liflə­rin­dəni ibarət döşəyin üstündə yatardı.

Peyğəmbərə (səlləllahu əleyhi və səlləm ) vəhy nazil olduqdan son­ra on üç il Məkkədə, on il də Mədinədə yaşadı və nəhayət, altmış üç yaşında vəfat etdi.


Baxılıb: 18040


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”