Ana səhifə / Fiqh / Ramazan fətvaları / Orucun hökmü

Orucun hökmü

Orucun hökmü

 

Sual: Oruc nə deməkdir?

Cavab: Oruc - niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq demək­dir.

Sual: Ramazan ayında oruc tutmaq vacibdirmi?

Cavab: Bəli vacibdir. Uca Allah buyurur: “Ey iman gəti­rənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməl­lərdən) çəkinəsi­niz.”1 “(Oruc günləri) Ramazan ayı­dır ki, onda (həmin ayda) insanlara doğru yol gös­təricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı oruc tutmalıdır.”2

Sual: Oruc tutmaq kimlərə vacibdir?

Cavab: Oruc tutmağa qadir olan hər bir həddi bulu­ğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının oru­cunu tutmalıdır. Xəstə və müsafir olanlar isə başqa günlər­də tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.”3

Sual: Bütün oruclar eyni hökmdədirmi?

Cavab: Xeyr! Hər orucun öz hökmü vardır. Oruc hökmlərə görə aşağıdakı qisimlərə bölünür:

- vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəf­farə orucları;

- qadağan olunmuş oruclar: Ramazan və qurban bayramla­rın­da, heyz və nifas halında tutulan oruclar. Həmçinin şəkk edilən gün,4 həcc ziyarətin­də Ərafa günü,5 təşriq günləri6 tutulan oruclar və xəstənin halını ağırlaşdıran oruc da buna aiddir. Habelə ərin izni olmadan qadının tutduğu nafilə orucu, cümə və şənbə günlərini xüsusiləşdirib oruc tutmaq;

- müstəhəb oruclar: Birinci və dördüncü günlər, hicri ayları­nın 13-ü, 14-ü və 15-i, Məhərrəm ayının 9-u, 10-u və 11-i, Şəvval ayının istənilən altı günü, zil-Hiccə ayının ilk doq­quz günü və hədislərdə varid olan başqa bu kimi oruclar;

- məkruh oruclar: Xəstəyə çətinlik törədən oruc;

- mübah oruclar: Müsafirin orucu;



1 “əl-Bəqərə” surəsi, 183.

2 “əl-Bəqərə” surəsi, 185.

3 “əl-Bəqərə” surəsi, 185.

4 Şaban ayının 30-u yoxsa Ramazan ayının 1-i ol­duğunu yəqin bilmə­mək və həmin gün oruc tutmaq.

5 Zil-Hiccə ayının 9-u.

6 Zil-Hiccə ayının 11-i, 12-si və 13-ü.

 


Baxılıb: 16505


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”