Ana səhifə / Fiqh / Ramazan fətvaları / Oruc tutanlar.

Oruc tutanlar.

Oruc tutanlar.

 

Birinci: Uşaq, ruhi xəstə, yaşlılar və zəiflər.

Sual: Uşağa nə vaxtdan oruc tutmaq vacibdir?

Cavab: Uşaq həddi buluğa çatdıqdan sonra ona oruc tutmaq vacibdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demiş­dir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...”1

Sual: Uşaq oruc tutarsa onun bu orucu səhihdirmi? Bu orucun savabı kimə yazılır?

Cavab: Onun orucu səhihdir və bu orucun savabı həm uşağa həm də valideynə yazılır.

Sual: Yaşlı insanlara oruc tutmaq hansı yaşlarından vacib deyildir?

Cavab: Yaşlı insan, oruc tutmağı bacarmadığı gün­dən etibarən orucunu tərk edir və oruc tutmadığı hər günün əvəzinə bir kasıb yedizdirir. Uca Allah buyu­rur: “Oruc tutmağa taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər.”2

Sual: Əgər insan ağlını itirərsə, ona oruc tutmaq vacibdirmi, tutmadığı günlərin əvəzi­nə fidyə verməlidirmi?

Cavab: Xeyr, bu halda ona nə namaz, nə də oruc vacibdir. Eləcə də oruc tutmadığına görə fidyə ver­mək ona vacib deyildir. Amma bu cür şəxslərə öz mallarından zəkat vermək vacibdir. Çünki zəkat malın özü ilə bağlıdır. Ona görə də bu cür insanları himayə edən hər bir şəxs onların mallarından zəkat verməlidir. Uca Allah buyurur: “Onların malların­dan sədəqə (zəkat) al. Bununla onları (günahlardan) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan.”3

İkinci: Xəstələr.

Sual: Xəstəyə oruc tutmaq vacibdirmi?

Cavab: Əgər bu şəxsin xəstəliyi xroniki (sağalma­yan) xəstəlikdirsə və oruc tutmaq ona zərər verirsə, o, orucu tərk etməli və tutmadığı hər günün əvəzinə bir kasıb yedizdirməlidir. Əgər onun xəstəliyi xro­niki deyilsə, onda o, xəstə olduğu müddətdə oruc­larını tərk etməli və sağaldıqdan sonra həmin gün­lərin qəzasını tutmalıdır. Uca Allah buyurur: “Müəy­yən sayda olan günləri [oruc tutmalısınız]. Sizlər­dən xəstə və ya səfərdə ola­nı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirt­məklə fidyə verməlidir­lər.”4

Sual: Əgər həkim hər hansı bir xəstəyə bir neçə il oruc tutmağa icazə vermirsə bu şəxs nə etməlidir?

Cavab: Əgər bu həkim öz ixtisasında mahirdirsə və eyni zamanda e'tibarlı həkimdirsə onun dediklərinə tabe olmaq lazımdır. Tuta bilmədiyi günlərin qəza­sına gəlincə, əgər bu şəxsin xəstəliyi sağalan xəstə­likdirsə o, həmin günlərin qəzasını sağaldıqdan son­ra dərhal tutmalıdır. Hətta bu günlərin sayı bir neçə ay olsa da belə. Əgər bu şəxs sağaldıqdan sonra qarşıdan gələn Ramazan ayına qədər qəzalarını tut­mayıbsa qəzalarla bərabər həmin günlərin sayı qə­dər kasıb da yedizdirməlidir.

   Əgər bu şəxsin xəstəliyi xroniki xəstəlikdirsə, onda o, oruc tutmadığı günlərin sayı qədər kasıb yedizdirməlidir.

Sual: Hansı xəstəliklərə görə orucu tərk etmək olar?

Cavab: Əgər oruc tutmaq insanın hər hansı bir xəs­təliyini artırarsa, və ya xəstəliyinin sağalmasına əngəl törədərsə, yaxud həmin şəxsə əziyyət verərsə, və yaxud da xəstəliyin sağalmasını gecikdirərsə bu şəxs sağalana qədər orucu tərk edir.

Üçüncü qisim: Müsafir.

Sual: Müsafir üçün oruc tutmaq əfzəldir, yoxsa onu tərk etmək? Xüsusən də heç bir çətinlik olmayan səfərdə.

Cavab: Ümumiyyətlə, səfər ağır da olsa, yüngül də olsa müsafir üçün oruc tutmamaq daha əfzəldir. Həmzə bin Amr əl-Əsləmi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) belə dedi: “Ey Allahın elçisi! Mən səfərdə olar­kən özümdə oruc tutmağa qüvvə hiss edirəm. Əgər oruc tutsam mənə günah olarmı?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə cavab verdi: “Bu Allahdan (müsəlmanlara olan) rüsxətdir. Kim onu götürərsə yaxşı iş görmüş olar. Kim də oruc tutmaq istəyərsə ona heç bir günah olmaz.”5 La­kin kim səfərdə olar­kən oruc tutarsa, heç bir ziyanı yoxdur. Çünki Pey­ğəmbərdən (sallallahu aleyhi və səlləm) səfər­də olarkən həm oruc tutmağı, həm də tut­mamağı varid olmuşdur. Səhabələr də belə etmişlər. Ənəs bin Malik demişdir: “Biz Ramazan ayında Peyğəm­bərlə (sallallahu aleyhi və səlləm) birgə səfərdə idik və bizlərdən bəziləri oruc tutmuş, digərləri isə tutma­mışdı. Nə oruc tutan tutmayanı, nə də tutmayan tutanı qına­yardı.”6

   Lakin səfər ağır və məşəqqətli olarsa müsafirin oruc tutması məkruh sayılır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir dəfə səfərdə ikən oruc tutan və is­tinin şiddətindən əziyyət çəkən bir kişini görüb belə dedi: “Səfərdə oruc tutmaq heç də yaxşı əməl deyil­dir.”7

Sual: Ramazan ayında səfərdə olarkən günorta vaxtı həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olarmı?

Cavab: Ramazan ayında səfərdə olan şəxs orucunu, orucu pozan amillərdən hər hansı biri ilə poza bilər. Çünki oruc tutmaq onun üçün heç də vacib deyildir. Uca Allah buyurur: “Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tut­malıdırlar.”8 Lakin bu şəxs sonradan həmin gü­nün qəzasını tutmalıdır.

Sual: Oruc tutan şəxs həmin gün ərzində səfərə çıxarsa, orucunu poza bilərmi?

Cavab: Bəli, poza bilər.

Sual: Səfər üçün müəyyən bir müddət varmı? Bu müddət bitdikdən sonra oruc tutmaq vacibdirmi?

Cavab: Səfər üçün müəyyən bir müddət yoxdur. Odur ki, müsafir səfərdən qayıdana qədər Allahın ona verdiyi rüsxətdən istifadə edə bilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ramazan ayının iyirmisi Məkkəyə daxil olmuş və (müsafir olduğu üçün) bu ayın axı­rına qədər oruc tutmamışdır.9

Sual: Oruc tutmayan müsafir gün batmamışdan əv­vəl səfərdən qayıtsa, günün qalan hissəsini oruc tut­malıdırmı?

Cavab: Xeyr, tutmamalıdır. Lakin həmin günün qəzasını tutmalıdır.

Sual: Orucu pozmaq niyyəti ilə səfərə çıxmağın hökmü nədir?

Cavab: Bu, hiylə olduğu üçün haram sayılır.

Dördüncü qisim: Heyz və ya nifas halında olan qadın.

Sual: Heyz və nifasa görə orucunu tərk edən qadın onun qəzasını tutmalıdırmı?

Cavab: Bəli tutmalıdır. Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Biz heyzli olarkən orucu və namazı tərk edərdik. Sonra isə bizə yalnız orucun qəzasını tutmaq əmr olunardı.”10

Sual: Heyz və nifas halında olan qadın gündüz vax­tı bundan təmizlənsə, günün qalan hissəsini oruc tutmalıdırmı?

Cavab: Xeyr, tutmamalıdır. Lakin həmin günün qəzasını tutmalıdır.

Sual: Qadın gün batmamışdan əvvəl heyz və ya nifas olarsa, həmin günün qəzasını tutmalıdırmı?

Cavab: Bəli, tutmalıdır.

Sual: Qadın dan yeri ağarmamışdan əvvəl heyz və ya nifasdan təmizlənib oruc tutsa və gün ərzində paltarında sarı ləkə görsə həmin günün qəzasını tutmalıdırmı?

Cavab: Xeyr! Ummu Atiyyə (radiyallahu anhu) rəvayət edir ki, “Biz (heyzdən) təmizləndikdən sonra bulanıq və ya sarı ləkəni bir şey saymazdıq.”11

Beşinci qisim: Hamilə və ya süd verən qadın.

Sual: Hamilə və ya süd verən qadın məşəqqətə görə tutma­dığı orucların qəzasını tutmalıdır, yoxsa buna görə kəffarə ödəməlidir?

Cavab: Hamilə və süd verən qadının halı xəstənin və müsa­firin halına bənzəyir. Odur ki, o, sonradan bu orucların qəzasını mütləq tutmalıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Həqi­qətən, Allah müsa­firə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.”12 Bu rəyi dəstəklə­yən alimlər:

   Mücahid,13 İkrimə,14 Həsənul-Basri və İbrahim ən-Nəxəi,15 əl-Əvzai,16 Malik, Şafii və Əhməd,17 ibnul-Qeyyim,18 Xətta­bi,19əl-Mubarakfuri,20 ibn Baz,21 Useymin və başqala­rı.22

Sual: Doğuşdan əvvəl hamilə qadından gələn su orucu pozurmu?

Cavab: Xeyr, pozmur.



1 Bu hədisi Əbu Davud rəvayət etmişdir.

2 “əl-Bəqərə” surəsi, 184.

3 “ət-Tövbə” surəsi, 103.

4 “əl-Bəqərə” surəsi, 184.

5 Bu hədisi Muslim rəvayət etmişdir.

6 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

7 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

8 “əl-Bəqərə” surəsi, 184.

9 Bu hədisi Buxarı rəvayət etmişdir.

10 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

11 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

12 Bu hədisi Əhməd və “Sünən” əsərlərinin müəllifləri rəva­yət etmişlər.

13 Beyhəqinin “Sunən” əsəri, 4/230-231.

14 Abdurrəzzaqın “Musannəf” əsəri, 7564;

15 “Fəthul-Bari” 8/225 – “əl-Bəqərə” surəsi, 184-cü ayənin təfsiri; Beyhəqinin “Sunən” əsəri, 4/230-231.

16 “Fəthul-Bari” 8/226 – “əl-Bəqərə” surəsi, 184-cü ayənin təfsiri;

17 Şövkaninin “Neylul-Əvtar” əsəri, 4/273; Tirmizinin “Sunən” əsəri, 3/94.

18 “Zadul-Məad” 2/30-31.

19 “Avnul-Məbud” 6/309.

20 “Töhvətul-Əhvvəzi” 3/329-331.

21 Useyminin fətvaları, 1/540-541.

22 Ləcnənin fətvaları, 1/540-541.

 


Baxılıb: 17277


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”