Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / I mövzu. Onun dəlilləri və əhəmiyyətinin bəyan edilməsi.

I mövzu. Onun dəlilləri və əhəmiyyətinin bəyan edilməsi.

I mövzu.

Onun dəlilləri və əhəmiyyətinin bəyan edilməsi.

 

Birinci məsələ. Dəlilləri.

Allahı Üluhiyyətdə təkləşdirməyin vacib olması barədə bir çox müqəddəs yazılar və açıq-aydın dəlillər mövcuddur. Bunlar müx­təlif yollarla Üluhiyyətdə təkləşdirməyin vacib olmasına dəlalət edir:

1. Bəzən buna əmr olunur. Uca Allah buyurur: “Ey insanlar! Sizi və siz­dən ön­cə­kiləri yaratmış Rəb­bi­nizə iba­dət edin ki, bəlkə Allah­dan qorxasınız” (əl-Bəqərə, 21); “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşma­yın!” (ən-Nisa, 36); “Rəbbin yalnız Ona iba­dət etməyi buyur­muşdur...” (əl-İsra, 23). Buna bənzər digər ayələr də mövcuddur.

2. Bəzən yaradılışın qayəsini – insanların və cinlərin yaradılma­sında əsas məqsədin məhz ibadət olmasını bəyan edir. Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün ya­rat­dım” (əz-Zariyat, 56).

3. Bəzən peyğəmbərlərin məhz bunu etmək üçün göndərildiklə­rini bəyan edir. Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik” (ən-Nəhl, 36); “Sən­dən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə ibadət edin!”– deyə vəhy et­mə­yək” (əl-Ənbiya, 25).

4. Bəzən ilahi kitabların məhz buna görə nazil olduğunu bəyan edir. Uca Allah buyurur:Allah Öz hökmü ilə qul­la­rından is­tə­diyi kimsəyə mə­lək­ləri vəhy­lə gön­də­rib buyu­rur: “Qulla­rımı qorxudub xə­bər­dar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yox­dur. Mən­dən qor­xun!” (ən-Nəhl, 2).

5. Bəzən, ona əməl edənlərin savab qazanacaqlarını, onlar üçün həm bu dünyada, həm də axirətdə böyük mükafatlar və bol-bol ne­mətlər hazırlandığını bəyan edir. Uca Allah buyurur: “İman gətirdik­dən sonra iman­la­rına zülm qatışdırma­yan­ları əmin-aman­­lıq gözlə­yir. Doğ­ru yola yönəl­mişlər də məhz on­lardır” (əl-Ənam, 82).

6. Bəzən də buna qarşı çıxanların qarşılaşacaqları təhlükə və onu tərk edənlərin düçar olacaqları ağrılı-acılı əzab barədə xəbər verilir. Uca Allah buyurur: “Həqiqə­tən, Allaha şə­rik qo­şan kimsəyə Allah Cən­nə­ti haram etmiş və onun sı­ğı­­naca­ğı yer Od­dur. Za­­lımlara kömək edən olmaya­caqdır” (əl-Mai­də, 72). O həmçinin buyurur: “Allah­la ya­naşı başqa mə­buda iba­dət et­­mə, yox­sa qınanmış və qo­­vul­muş hal­da Cəhənnəmə atı­lar­san” (əl-İsra, 39).

Tovhidin bu növünü təsdiqləyən, ona dəvət edən, fəzi­lətinin fərqli olduğunu, ona riayət edənlərin böyük savaba nail olacaqlarını, müxalif olanların isə təhlükəyə giriftar olacaqlarını bəyan edən neçə-neçə başqa dəlillər də mövcuddur.

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) sünnəsi də tövhidin bu növünü və onun əhə­miy­yətini göstərən dəlillərlə doludur:

1. İmam Buxari "Səhih" əsərində Müaz ibn Cəbəldən (radiyallahu anhu) Pey­ğəmbə­rin (sallallahu aleyhi və səlləm) ona belə dediyini rəvayət etmişdir: “Ey Müaz, bilirsən Allahın qulları üzərindəki haqqı nədir?” O dedi: “Allah və Onun rə­sulu daha yaxşı bilir.” O buyurdu: “Qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır. Bəs bilirsənmi qulların Allah üzərindəki haqqı nədir?” O dedi: “Allah və Onun rəsulu daha yaxşı bilir.” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Ona heç nəyi şərik qoşmayan qullarına əzab ver­məməsidir.”1

2. İbn Abbas (radiyallahu anhumə) rəvayət etmişdiir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Müazı Yəmənə gön­də­rərkən ona belə buyurmuşdur: “Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsən. Elə isə ilk əvvəl onları Tək Allaha şahidlik etməyə dəvət et. Əgər bunu qəbul etsələr, onlara xəbər ver ki, Allah onlara gündəlik olaraq beş vaxt namaz qılmağı vacib buyur­muşdur....” Hədisi Buxari rəvayət etmişdir.2

3. İbn Məsud (radiyallahu anhu) rəvayət etmişdir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir: “Kim başqasını Allaha şərik qoşduğu halda ölərsə, Cəhənnəmə daxil olar.” Hədisi Buxari rəvayət etmişdir.3

4. Cabir ibn Abdullah (radiyallahu anhumə) rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Kim Allaha şərik qoşmadığı halda Ona qovuşarsa, Cən­nətə girər. Kim də Allaha şərik qoşduğu halda Ona qovuşarsa, Cə­hənnə­mə girər” Hədisi Muslim rəvayət etmişdir.4

Bu barədə digər hədislər də mövcuddur.

İkinci məsələ. Tövhidin bu növünün əhəmiyyəti və peyğəm­bərlərin dəvətinin əsa­sını məhz bunun təşkil etməsi barədə.

Şəkk yoxdur ki, Üluhiyyət tövhidi bəşəriyyəti islah etmək üçün ən əzəmətli, ən kamil, ən əfzəl və ən vacib əsaslardandır. Uca Allah cinləri və insanları yalnız bunun üçün yaratmış, məhz buna görə məxluqatı xəlq etmiş və qayda-qanunlar qoymuşdur. Bu tovhid oldu­ğu yerdə zahidlik və düzgünlük hökm sürür, aradan qaldırıldıqda isə şər və fitnə-fəsad meydana gəlir. Məhz buna görə də tövhid bütün peyğəm­bərlərin dəvətinin məğzini, peyğəmbərlik missiyasının qayə­sini və onların dəvətinin əsasını təşkil etmişdir. Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik” (ən-Nəhl, 36). O həmçinin buyurur: “Səndən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə ibadət edin!”– deyə vəhy et­mə­yək” (əl-Ənbiya, 25).

Qurani Kərim bir çox ayələrdə bildirir ki, üluhiyyə töv­hidi elçi­lərin dəvətinin açarı hesab edilir. Həmçinin onu da xəbər verir ki, Allahın göndərdiyi elçilərin hər biri öz qövmünü ilk əvvəl təkAllah­lığa və ixlasla Ona ibadət etməyə çağırmışlar. Uca Allah buyurur: “Ad qövmünə də qardaş­ları Hu­du göndərdik. O dedi: –Ey qöv­müm! Allaha ibadət edin. Si­zin Ondan başqa məbu­du­nuz yox­dur” (əl-Əraf, 65). Uca Allah həmçinin buyurur: “Səmud qövmünə də qar­daşları Sa­lehi göndərdik. O de­di: –Ey qöv­müm! Allaha iba­dət edin! Sizin Ondan başqa mə­budunuz yox­dur” (əl-Əraf, 73). O həmçinin buyurur: “Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa məbudu­nuz yox­dur” (əl-Əraf, 85).

Üçüncü məsələ. Üluhiyyə tövhidinin peyğəmbərlərlə onların qövmləri ara­sında ədavətə səbəb olmasının bəyan edilməsi.

Yuxarıda qeyd etdik ki, yalnız Allaha ibadət etmək peyğəmbər­lərin hamısının dəvəti­nin əsasını təşkil etmiş və bu elçilərin hər biri öz qövmünü ilk əvvəl təkAllah­lığa dəvət etmişlər. Elə bu səbəbdən də peyğəmbərlərlə onların qövmləri arasına ədavət düşmüşdür.  Pey­ğəmbərlər onları təkAllahlığa və ixlasla Allaha ibadət etməyə çağırır, qövmləri isə Allaha şərik qoşmaqda və bütlərə ibadət etməkdə israr edirdilər. Yalnız Allahın hida­yət ver­diyi kəslərdən başqa.

Uca Allah Nuhun qövmü barəsində buyurur:Onlar özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk et­mə­yin; Vəddi, Suvaı, Yə­ğu­su, Yəuqu və Nəsri tərk et­mə­yin!” Artıq onlar çoxlarını az­dırmışlar. Sən də zalım­lara az­ğınlıq­dan başqa bir şey ar­tır­ma” (Nuh, 23-24).

Hudun qövmü barəsində isə Uca Allah belə buyurur: “Onlar isə dedilər: “Sən bizi məbudlarımızdan dön­dər­mə­yəmi gəl­din? Əgər doğru danışanlar­dan­sansa, bizə vəd et­di­yi­ni gətir!” (əl-Əhqaf, 22); “Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gə­tir­mə­­din, biz də sə­nin sözün­lə məbudlarımızı tərk edən deyi­lik. Biz sə­nə inanmırıq” (Hud, 53).

Salehin qövmü barəsində də Uca Allah belə buyurur: “Onlar dedilər: “Ey Sa­leh! Sən bun­dan əvvəl içərimizdə ümid edilən bir kim­sə idin. Doğ­rudan­mı atalarımızın iba­dət etdi­yinə ibadət etməyi bizə qadağan edirsən? Doğ­rusu, biz sənin biz­lə­ri dəvət etdi­yin əqidə barəsində şübhə doğu­ran şəkk içindəyik” (Hud, 62).

Şüeybin camaatı barəsində Uca Allah buyurur: “Onlar dedilər: “Ey Şueyb! Atala­rı­mızın ibadət etdikləri mə­bud­lardan, ya­xud mallarımı­zı istə­diyimiz kimi isti­fa­də et­məkdən vaz keçmə­yi­mizi sənə na­mazınmı əmr edir? Doğru­dan da, sən yum­şaq xasiyyət­li­sən, ağıllısan” (Hud, 87).

Qureyş kafirləri barəsində isə Uca Allah belə buyurur: “Öz arala­rından onlara xə­bərdarlıq edən bir peyğəmbər gəl­di­yi­nə təəccüb edərək ka­firlər dedilər: “Bu, yalançı bir sehr­bazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqi­qətən, bu, əcaib bir şeydir”. Onların adlı-sanlı adam­la­rı çıxıb gedərək dedilər: “Gedin öz mə­bud­ları­nız­la səbirlə dav­ranın. Doğrusu, bu siz­dən istə­nilən bir şey­­dir. Biz bunu axırıncı dində də eşit­mə­mişik. Bu, uydurma­dan baş­qa bir şey deyil” (Sad, 4-7).

Həmçinin buyurur: “Onlar səni gördükdə an­caq sənə lağ edir və deyirlər: “Bu­dur­mu Allahın elçi göndər­diyi kəs? Əgər biz məbudlarımıza tapın­maq­da səbirli olma­say­dıq, az qa­la o bizi on­lardan uzaq­laş­dıracaqdı”. Onlar əzabı gör­dük­ləri za­man kimin haqq yol­dan daha çox azdığını anlaya­caq­lar. Nəfsinin istəyini ilahi­ləş­dirən kim­səni gördünmü? Sən ona və­killikmi edəcəksən? Yoxsa elə hesab edirsən ki, onla­rın əksəriyyəti eşidəcək və ya anla­ya­caq? Onlar hey­van kimidirlər, hətta, haqq yoldan da­ha çox uzaq­laş­mışlar” (əl-Furqan, 41-44).

Bu ayələr açıq-aşkar onu göstərir ki, peyğəmbərlərlə qövmləri ara­sın­dakı qarşıdurmanın səbəbi onların qövmlərini tək Allaha ibadət etməyə və bu dini ixlasla Ona yönəltməyə dəvət etmələri olmuşdur.

(İmam Buxari və Muslimin) “Səhih” əsərlərində rəvayət edilir ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “İnsanlar Allahdan baş­qa haqq məbu­dun olmadığına və Mu­həm­mədin Onun el­çisi ol­du­ğu­na şə­ha­dət gətirməyincə, namaz qılıb zə­kat vermə­yincə, onlarla vu­ruş­maq mə­­nə əmr edildi. Əgər aş­kar­da bunu yerinə yetir­sələr – İslam haqqı is­tisna olmaqla – canlarını və mallarını məndən qo­rumuş olar­lar. On­la­rın gizli əməlləri­nin haqq-hesabı isə Allaha aiddir.”5

Həmçinin (imam Muslimin) “Səhih”ində rəvayət edilir ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Kim “Lə ilahə illəllah”– desə və Allahdan sava­yı ibadət olu­nan­ları inkar etsə, onun malı və canı haram toxunulmaz olar. Gizli əməllərinin haqq-hesabı isə Allaha aiddir.”6



1 “Səhih əl-Buxari”, 7373.

2 “Səhih əl-Buxari”, 7372.

3 “Səhih əl-Buxari”, 4497.

4 “Səhih Muslim”, 93.

5 "Səhih əl-Buxari", 25; "Səhih Muslim", 22.

6 "Səhih Muslim", 23.

 


Baxılıb: 16428


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”