Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / II mövzu. Tək Allaha ibadət etməyin vacibliyi.

II mövzu. Tək Allaha ibadət etməyin vacibliyi.

II mövzu.

Tək Allaha ibadət etməyin vacibliyi.

 

Birinci məsələ. İbadət sözünün mənası və üzərində qurul­duğu əsaslar.

İbadət sözünün lüğəti mənası: zəlil olmaq və alçalmaq demək­dir. Məsələn ərəbcə uzanmış halda olan dəvəyə “bəirun muəbbə­dun”, ayaq­lar altında tapdanaraq düzəlmiş yola isə “tariqun muəbbə­dun“ deyilir.

İbadət sözünün istilahi mənası isə belədir: Allahın sevdi­yi və razı qaldığı hər bir zahiri və batini söz və əməl ibadət adlanır.

İbadətin bəzi növləri haqda söhbət açdıqda bunun izah edəcəyik.

İbadət üç sütun üzərində qurulur:

1. Pak və müqəddəs olan Allahı kamil şəkildə sevmək. Uca Allah buyu­rur: “İman gə­ti­rən­lə­rin Allaha olan sev­gisi isə daha güclüdür” (əl-Bəqərə, 165).

2. Allahın mərhəmətinə tam şəkildə ümid bəsləmək. Uca Allah buyurur: “Onlar Allahın rəh­mə­tini umurlar...” (əl-İsra, 57).

3. Nöqsansız və qüsursuz Allahdan layiqincə qorxmaq. Uca Allah buyurur: “və Onun əza­bın­dan qor­xur­lar” (əl-İsra, 57).

Pak və müqəddəs Allah bu üç əzəmətli əsası “əl-Fatihə” surə­sində cəm etmişdir: “Həmd olsun aləmlərin Rəb­bi Allaha, Mərhə­mətli və Rəhmliyə, Haqq-hesab gününün Hökm­da­rına!” Birinci ayədə məhəbbət vardır. Belə ki, Allah nemət verəndir, elə buna görə də O, sevilməlidir. İkinci ayədə ummaq vardır, Mərhəmətli olanın da rəhm edəcəyinə ümid bəsləmək lazımdır. Üçüncü ayədə isə qorxu vardır, haqq-hesab çəkən və cəza verəndən isə qorxmaq gərəkdir.

Sonra Uca Allah buyurur: “Biz yalnız Sənə ibadət edir...”, yəni ey Rəbbim, mən sənə üç duyğu ilə ibadət edirəm: “Həmd olsun aləm­lərin Rəb­bi Allaha” ayəsinin dəlalət etdiyi məhəbbətlə, “Mər­həmətli və Rəhmliyə” ayəsinin dəlalət etdiyi ümid bəsləməklə və bir də “Haqq-hesab gününün Hökm­da­rına!” ayəsinin dəlalət etdiyi qor­xu ilə.

İbadət yalnız iki şərtlə qəbul olunur:

1. İbadət olunanın qarşısında ixlaslı olmaq. Uca Allah buyu­rur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, hənif­lər ki­­mi ibadət et­mək əmr olun­muş­du” (əl-Beyyinə, 5); “Doğrusu, əsl din ancaq Allaha məx­susdur” (əz-Zumər, 3); “De: “Mən dinimi məhz Allaha məx­sus edərək yalnız Ona iba­dət edi­rəm” (əz-Zumər, 14).

2. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yolunu tutub getmək. Belə ki, Uca Allah yalnız Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yoluna uyğun olan əməlləri qəbul edir. Uca Allah buyurur: “Pey­ğəmbər si­zə nə verirsə, onu gö­türün, nə­yi də qada­ğan edirsə, ondan çə­kinin” (əl-Həşr, 7). O həmçinin buyurur: “Xeyr! Sənin Rəbbinə and ol­sun ki, onlar öz aralarında baş verən çəkiş­mə­lərdə səni hakim hesab etməyincə, sonra da ver­di­yin hökmlərə görə öz­lə­rində bir sıxıntı duymadan tam təslim ol­ma­yınca, iman gə­tir­miş olmazlar” (ən-Nisa, 65).

Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Kim bizim bu işimizə (dini­mizə) ondan olmayan bir şeyi əlavə edərsə, o rədd olunar.”1Yəni onun özünə qayıdar

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə mü­vafiq olan, lakin Allah üçün ixlas­la edilməyən bir əməl faydasız hesab olunur. Fudeyl ibn İyad S Uca Allahın “Hansı­nızın daha yaxşı olduğunuzu sı­na­maq üçün“ (Hud, 7; Mulk, 2) ayəsi barəsində demişdir: “Yəni ən ixlaslı və ən dürüst olanını.” Soruşdular ki, ey Əbu Əli! Ən ixlaslı və ən dürüst olanı nə deməkdir? Dedi: “Əgər bir əməl ixlasla yerinə yetirilsə, lakin düzgün olmazsa qəbul olunmaz. Həmçinin əgər dürüst olsa, ancaq ixlasla yerinə yetirilməzsə, yenə də qəbul olunmaz. Gərək həm ixlasla yerinə yetirilə, həm də dürüst ola. İxlasla deyildikdə, yalnız Allah üçün edi­lən əməllər, dürüst deyildikdə isə Sünnəyə müvafiq olan əməllər nə­zərdə tutulur.”2

Uca Allahın “əl-Kəhf” surəsinin axırındakı ayəsi bu iki şərti özündə ehtiva edən ayələrdəndir: “De: “Mən də sizin kimi bir in­sa­nam. Mənə vəhy olu­nur ki, si­zin məbu­dunuz Tək olan İlah­dır. Kim Rəbbi ilə qar­şılaşaca­ğına ümid bəslə­yirsə, yaxşı iş­lər gör­sün və yerinə yetirdiyi ibadət­lə­rin­də Rəb­bi­nə heç kəsi şərik qoşmasın!” (əl-Kəhf, 110).

İkinci məsələ. İbadətin bəzi növləri haqqında.

İbadətin bir çox növləri vardır. Allahın sevdiyi və razı qaldığı hər bir zahiri və batini söz və ya əməl özlüyündə bir ibadət sayılır. Aşağıda ibadətin bəzi növlərini qeyd edəcəyik:

1. Dua.  Bu da iki qismə bölünür: istək duası və ibadət duası.

Uca Allah buyurur: “Di­ni məhz Allaha aid sa­yıb, Ona dua edin!” (Ğafir, 14); “Şübhəsiz ki, məscidlər Allahın­dır. Allahdan başqa heç kəsə dua etmə­yin!” (əl-Cinn, 18); “Allahı qoyub Qiyamət gü­nünədək özünə cavab verə bil­mə­yən əşyalara yalvaran kim­sədən daha çox azmış kim ola bilər? Hal­buki, o bütlər onların yal­varı­şın­dan xəbər­sizdirlər. İnsanlar bir yerə toplanı­lacaqları zaman bütlər onlara düş­mən kə­siləcək və onların ibadətini inkar edə­cəklər” (əl-Əhqaf, 5-6).

Kim Allahdan başqasına dua edərək ondan yalnız Allahın qadir olduğu bir şeyi istəyərsə – dua edilənin diri və ya ölü olma­sın­dan ası­lı olmayaraq – həmin şəxs kafir və müşrik sa­yılar. Diri bir şəxsə mü­raciət edərək onun edə biləcəyi bir şeyi, mə­sə­lən: “Ey filankəs mənə yemək ver!” və ya “Mənə su ver!”– deyə istəyənə gəl­dik­də isə, onun əməlində bir qəbahət yoxdur. Bu istəyi ölüyə və ya hə­min yerdə ol­mayan bir şəxsə ünvanlayan kəs isə müşrik sayılır. Çün­ki ölü və ya həmin müraciəti eşitməyən kəs onun istəyini yerinə ye­tirə bilməz.

Qeyd edildiyi kimi, duanın iki qismi vardır: istək duası və iba­dət duası.

İstək duası Allahdan dünya və axirətin xeyrini diləməyə deyi­lir. İbadət duasına isə bütün zahiri və batini yaxşı əməllər daxil­dir. Çünki Allaha ibadət edən kəs dili və qəlbi ilə Allahdan onun iba­də­tini qəbul etməsini və ona savab yazmasını diləyir.

Qurani Kərimdə dua etməyə aid varid olan əmrlər, Allahdan qeyrisinə dua etməyə dair qada­ğalar və dua edənlərin əldə etdikəri savablar barəsindəki ayələr həm istək dualarına, həm də ibadət dua­larına şamil edilir.

2, 3, 4. Sevgi, qorxu və ümid bəsləmə də ibadətin növlərindən­dir. Yuxarıda qeyd etmişdik ki, bunlar ibadətin sütunlarıdır.

5. Təvəkkül də ibadətin bir növüdür. Bu, kiməsə və ya nəyə isə arxayın olmaq deməkdir. Allaha təvəkkül etmək: xeyir qazanmaq və zərəri dəf etmək üçün Allahın buyurduğu və izn verdiyi səbəblərdən tutaraq hər bir işi ürəkdən Uca Allaha həvalə etmək, Ona arxayın olmaq və Ona inanmaq deməkdir. Uca Allah buyurur: “Əgər mömin­siniz­sə, Allaha tə­vək­kül edin!” (əl-Maidə, 23). O həmçinin buyurur: “Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər” (ət-Talaq, 3).

6, 7, 8. Rəğbət bəsləmək, qorx­maq və müti olmaq da ibadətin növləridir. Rəğbət bəsləmək – istədi­yin bir şeyə nail olmaq üçün çalışmaqdır. Qorxmaq – qorxduğun bir şeydən çəkin­mə­dir. Müti olmaq isə Allahın əzəməti qarşısında zəlil olmaq və boyun əyməkdir ki, bununla insan Allahın həm kainata, həm də şəriət qayda-qanunlarına aid qə­zavü-qədərinə boyun əymiş olur. Uca Allah bu üç növ ibadət barə­sin­də belə bu­yu­rur: “Həqiqətən, onlar yax­şı iş­lər görməyə tələ­sər, ümid və qor­xu ilə Bizə yalva­rardılar. Onlar Bi­zə müti qullar idilər” (əl-Ənbiya, 90).

9. Qorxu. Qorxduğu şeyin hökm sahibi olduğunu və əzəmətini dərk edərək ondan qorxmaq. Uca Allah buyurur: “On­lar­­dan qorx­mayın, Mən­dən qor­xun...” (əl-Bəqərə, 150); “Onlardan qorx­ma­yın, Mən­dən qorxun” (əl-Maidə, 3).

10. Yönəlmək. Allahın buyruqlarını yerinə yetirmək və qada­ğan etdiyi əməllərdən çəkinməklə, Allaha üz tutmaq deməkdir. Uca Allah buyurur: “Rəb­binizə üz tutun və Ona ita­ət edin” (əz-Zumər, 54).

11. Yardım diləmək. Bu, həm dini, həm də dünyəvi işlərin hə­yata keçirilməsi üçün Allahdan kömək diləməkdir. Uca Allah buyu­rur: “Biz yal­nız Sənə ibadət edir və yalnız Səndən kömək dilə­yi­rik” (əl-Fatihə, 5). Peyğəmbər (sallallahu aleyhi və səlləm) İbn Abbasa belə tövsiyə etmişdir: “Kö­mək diləmək istəsən, onu yalnız Allahdan dilə...”3

12. Sığınmaq. Bu, xoşa gəlməyən bir şeydən qorunmaq üçün Allah­dan himayə və sığınacaq istəməyə deyilir. Uca Allah buyurur: “De: –Sığınıram sübhün Rəb­binə! Məxluqa­tı­nın şərindən” (əl-Fələq, 1-2). O həmçinin buyurur: “De: –Sığınıram insanların Rəb­binə, insanların Hökmdarına, insanların məbu­duna! Vəsvəsə verənin, Allahın adı çəki­ləndə isə hövlündən geri çəki­lən şeyta­nın şərindən” (ən-Nas, 1-2).

13. Kömək diləmək. Bu, əzabdan və həlak olmaqdan qurtul­maq üçün yardım istəməkdir. Uca Allah buyurur: “O vaxt siz Rəbbi­nizdən kö­mək di­ləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mə­ləklə yardım edə­cə­yəm”– deyə du­anızı qəbul etmiş­di” (əl-Ənfal, 9).

14. Qurban kəsmək. Bu, Allaha yaxınlaşmaq məqsədilə xüsusi bir qaydada heyvanı kəsib qanını axıtmağa deyilir. Uca Allah buyu­rur: “De: “Şübhəsiz ki, mə­nim nama­zım da, qurbanım da, hə­ya­tım da, ölü­müm də aləm­lə­rin Rəbbi Allah üçün­dür!” (əl-Ənam, 162). O həmçinin buyurur: “Sən də Rəbbin üçün na­maz qıl və qurban kəs!” (əl-Kovsər, 2).

15. Nəzir. Bu, insanın hər hansı bir işi görməyi və ya vacib olmayan xeyirxah bir əməli yerinə yetirməyi özünə vacib etməsidir. Uca Allah buyurur: “Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsı­dacaq gün­dən qor­xarlar” (əl-İnsan, 7).

Burada ibadətin bəzi növlərini qeyd etdik. Bütün bu ibadətlər yalnız Allaha yönəlməli və Ondan qeyrisinə aid edilməməlidir.

İbadət, hansı əzalarla yerinə yetirilməsi baxımından üç qismə bölünür:

Birinci qism – qəlblə olunan ibadətlərdir ki, buna sevgi, qorxu, ümid bəsləmək, yönəl­mək, qorxmaq, təvəkkül etmək və s. aiddir.

İkinci qism – dillə olunan ibadətlərdir ki, buna həmd etmək, lə ilahə illəllah demək, subhanallah demək, bağışlanma diləmək, Quran oxumaq, dua etmək və s. aiddir.

Üçüncü qism – bədən üzvləri ilə olunan ibadətlərdir ki, buna da namaz, oruc, zəkat, həcc, sədəqə, cihad və s. aiddir.



1 "Hilyətul-Övliya", 8/95.

2 "Səhih Buxari", 2697.

3 "Sünən Tirmizi", 2516; "Müsnəd Əhməd", 1/307. Bu hədisi Tirmizi “hə­sən”, Hakim isə “səhih” hesab etmişdir.

 


Baxılıb: 17064


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”