Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / III mövzu. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) tövhidin toxunulmazlığını qoruması.

III mövzu. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) tövhidin toxunulmazlığını qoruması.

III mövzu.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm)  tövhidin toxunulmazlığını qoruması.

 

Peyğəmbər (sallallahu aleyhi və səlləm) ümmətinə ürəkdən qayğı göstərər və əlindən gə­ləni edərdi ki, ümməti qüdrətli və sarsılmaz ol­ub tövhiddən möhkəm yapışsın və ona zidd olan, onu puç edən bütün vasitələrdən və səbəb­lərdən çəkinsin. Uca Allah buyurur: “Sizə özünüzdən elə bir Elçi gəl­di ki, sizin əziyyətə düş­mə­yi­niz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəf­qətli, rəhm­lidir” (ət-Tovbə, 128).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəfələrlə (ümmətinə) Allaha şərik qoşmağı qada­ğan etmiş, (onları) şirkdən çəkindirmiş və əzabla qorxutmuşdur. O, bunu təkrar-təkrar yada salmış, həm xüsusi, həm də ümumi şəkildə həzər edərdi ki, təkAllahlığı – İbrahimlə u göndərilmiş pak və hənif dinini, onu alçaldacaq və hörmətdən salacaq hər bir sözdən və əməl­dən qorusun. Bu haqda Sünnədə çoxlu dəlillər vardır. Bunları sayəsin­də Peyğəmbər (sallallahu aleyhi və səlləm) (ümmətinə) hüc­cət qaldırmış, şübhələri dəf etmiş, üzrləri yox etmiş və özün­dən sonra aydın bir yol qoyub getmişdir.

Növbəti fəsildə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) tövhidi necə qoruduğunu və şirkə və batilə aparan yolların qabağını necə aldığını qeyd edəcəyik.

 

Birinci məsələ. Ovsun.

a) Tərifi. Ovsun dedikdə, şəfa tapmaq və sağalmaq məqsədilə Quran ayələri və ya Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) varid olmuş dualar vasitəsilə oxuyub üfürmək nəzərdə tutulur.

b) Hökmü. Ovsun oxumaq caizdir və buna aşağıdakıları dəlil göstərmək olar:

Auf ibn Malik (radiyallahu anhu) demişdir: “Biz cahiliyyə dövründə ovsun oxu­yardıq. (İslama gəldikdən sonra) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm): “Ya Rəsulullah, bu haqda nə deyə bilərsən?”– deyə soruşduq. Dedi: “Ovsunlarınızı mənə göstərin görüm. Tərkibində şirk olmayan ovsunu oxumaqda heç bir eyib yoxdur.” Hədisi Muslim rəvayət etmişdir.1

Ənəs ibn Malik (radiyallahu anhu) demişdir: “Rəsulullah (sallallahu aleyhi və səlləm) gözdəymədən, zə­hər­lənmədən və bədəndə çıxan yaralardan qorunmaq üçün ovsun oxu­mağa icazə verdi.” Hədisi Muslim rəvayət etmişdir.2

Cabir ibn Abdullah (radiyallahu anhumə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmiş­dir: “Qardaşına fayda verə bilən hər kəs bunu ondan əsir­gə­mə­sin.” Hədisi Muslim rəvayət etmişdir.3

Aişə O demişdir: “Bizlərdən birimizin bir yeri ağrıyanda Rəsu­lul­lah (sallallahu aleyhi və səlləm) sağ əlini ağrıyan yerə sürtər və deyərdi: “Ey insanların Rəb­bi, bu xəstəliyi aradan qaldır və şəfa ver. Axı Sənsən Şəfa verən! Sənin verdi­yin şəfadan başqa bir şəfa yoxdur. Elə bir şəfa ki, bundan sonra heç bir xəstəlik qalmaz.” Hədisi Buxari və Muslim rəvayət etmişlər.4

v) Şərtləri. Ovsun oxumağın düzgün və caiz olmasının üç şərti vardır:

1. Gərək ovsun oxuyan kəs oxuduğunun özü-özlüyündə faydalı olduğuna yox, yalnız Allahın şəfa verəcəyinə etiqad etsin. Ovsunun özü­nün faydalı olmasına etiqad etmək haram və şirk hesab olunur. Əksinə, etiqad etməlidir ki, ovsun sadəcə səbəbdir, və bu, yalnız Allah izni ilə fayda verə bilər.

2. Gərək ovsunda şəriətə müxalif sözlər olmasın. Misal üçün, Allahdan başqasına dua etmək, yaxud cinlərdən mədəd dilə­mək və ya başqa bu kimi ovsunlar haram və şirk sayılır.

3. Gərək ovsunun sözləri aydın və anlaşılan olsun. Tilsim oxu­maq və ya şarlatanlıq etmək qadağandır.

Bir dəfə İmam Malikdən soruşurlar ki, ovsun oxumaq, yaxud oxutmaq olarmı? O belə cavab verir: “Əgər gözəl sözlərlədirsə, olar.”

q) Qadağan olunmuş ovsun. Yuxarıdakı şərtləri özündə cəm etməyən bütün digər növ ovsunlar qadağan və haramdır. Yəni ovsu­nun özü­nün faydalı olduğunu etiqad edərək oxumaq, yaxud şirk, küfr və bidət söz­lərindən ibarət olan ovsunları oxumaq, yaxud da başa düşülməyən tilsimləri oxumaq haramdır.

İkinci məsələ. Həmail.

a) Tərifi. Fayda gətirmək və ya pislikdən qorunmaq üçün bo­yundan asılan dua, sümük və sairəyə deyilir. Ərəblər cahiliyyə döv­ründə övladlarını gözdəymədən qorumaq iddiası ilə onların boyun­larından həmail asardılar.

b) Hökmü. Haramdır.

Burada Allahdan başqasına bağlılıq olduğuna görə bu, şirkin bir növü sayılır. Çünki qoruyan yalnız Allahdır və pisliklərdən yalnız Allah, bir də Onun ad və sifətləri vasitəsilə qorunmaq olar.

İbn Məsud (radiyallahu anhu) demişdir ki, mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşit­­mi­şəm: “Şübhəsiz ki, tilsimlər, həmaillər və tivələ5şirkdir.” Hə­disi Əbu Davud və Hakim rəvayət etmişdir.6

Abdullah ibn Ukeym (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə de­mişdir: “Kim (boynundan, paltarından və s.) bir şey assa, elə ona da həvalə edilər.” Hədisi Əh­məd, Tirmizi və Hakim rəvayət etmişdir.7

Uqbə ibn Amir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə de­mişdir: “(Boynundan) həmail asan kimsəyə Allah salamatlıq nəsib eləmə­sin, balıqqulağı asan kimsəyə də Allah rahatlıq verməsin!” Hədisi Əhməd və Hakim rəvayət etmişdir.8

Uqbə ibn Amir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə de­mişdir: “Həmail asan kimsə Allaha şərik qoşmuş olur.” Hədisi Əhməd rəva­yət etmişdir.9

Bütün bu dəlillər cahiliyyə dövründə ərəblərin oxuduqları və içərisində şirk olan ovsunlara aiddir. Bunlarda Allahdan qeyri­lərinə bağlılıq və şirk olduğuna görə qadağan edilmişdir.

v) İçində Quran ayələri yazılmış həmaillərə gəlincə, bu xüsusda İslam alimləri ixtilaf etmişlər. Bəziləri bunu caiz hesab etmiş, digərləri isə haram saymış və: “Şəfa tapmaq məqsədilə boyundan Quran asmaq olmaz”– demişlər. Bu rəy aşa­ğıdakı əsaslara görə daha doğru hesab edilir:

Birincisi, həmail asmağı qadağan edən dəlillər ümumidir (hər cür həmailə aiddir) və bunu xüsusiləşdirən (hansısa həmailin daşın­masına rüsxət verən) bir dəlil yoxdur.

İkincisi, daha böyük günaha aparan yolun qarşısını kəsmək üçün: belə ki, bu gün boynundan Quran ayəsi asan kimsə, sabah baş­qa həmailləri də asa bilər.

Üçüncüsü, Quranı boynundan asan kimsə onunla ayaqyoluna getdikdə və orada təbii ehtiya­cını rəf etdikdə, yuyunduqda və başqa bu kimi natəmiz işlərdə Allahın ayələrinə qarşı hörmətsizlik etmək məcburiyyətində qalacaq.

Dördüncüsü, şəriətə görə Quran oxumaq vasitəsilə şəfa dilə­mək yalnız müəyyən formada caizdir. Bu da, xəstəyə Quran oxumaq­dır ki, bundan artığını etmək olmaz.

Üçüncü məsələ. Həlqə, sap və buna bənzər şeylər taxmaq.

a) Həlqə dedikdə dəmir, qızıl, gümüş və ya misdən olan dairə nəzərdə tutulur. Sap isə məlumdur – yundan da ola bilər, kətandan da. Cahiliyyə dövründə ərəblər gözdəymədən qorunmaq, xeyir əldə etmək və şərdən qorunmaq üçün bunları asardılar. Uca Allah buyu­rur: “De: –Bir deyin gö­rək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah­dan başqa ibadət et­dikləriniz Onun zə­rərini ara­dan qaldıra bi­lər­lər­­mi? Ya da O mə­nə bir mərhəmət göstərmək is­tə­sə, onlar Onun mər­həməti­nin qar­şısını ala bilərlərmi?” De: –Mənə Allah yetər. Tə­vək­kül edənlər yalnız Ona təvək­kül edirlər!” (əz-Zumər, 38); “De: –Allahdan başqa mə­bud say­dıq­larınızı çağırın. On­lar bə­lanı sizdən nə uzaq­laş­dır­mağa, nə də onu başqasına yö­nəlt­məyə qa­dir deyillər” (əl-İsra, 56).

İmran ibn Husayn (radiyallahu anhu) demişdir: “(Bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir ki­şinin qolunda misdən bir həlqə gördü və (ondan): “Bu nədir belə?”– deyə soruşdu. O dedi: “Taxıram ki, ağrılarımı azaltsın.” Peyğəm­bər (sallallahu aleyhi və səlləm) buyurdu: “Çıxart onu, çünki o sənin ancaq zəifliyini artırır, onu at getsin, əgər o sənin üzərində olduğu halda ölsən, heç vaxt nicat tapmayacaqsan.” Hədisi Əhməd rəvayət etmişdir.10

Bir dəfə Hüzeyfə ibn Yəmən (radiyallahu anhu) bir kişinin qızdırmadan qorun­maq üçün əlinə bağladığı bir ipi qırdı və bu ayəni oxudu: “Onların çoxu ancaq şə­rik qoşa­raq Allaha iman gə­ti­rir” (Yusuf, 106).

b) Həlqə, sap və s. taxmağın hökmü haramdır. Əgər bunu edən kəs bunların öz gücü ilə təsir etdiyini etiqad edərsə, həmin şəxs Rü­bubiyyət tövhi­dində böyük şirk etmiş olur. Çünki bu zaman o Allah­dan başqa işləri səhmana salanın olduğuna etiqad etmiş olur. Allah ona qoşduqları şəriklərdən ucadır və uludur.

Yox, əgər etiqad etsə ki, təsir edən yalnız Allahdır, lakin bu həlqə, sap və s. sadəcə bir səbəbdir, bu zaman həmin şəxs kiçik şirkə yol vermiş olur. Çünki o səbəb olmayan bir şeyi səbəb hesab edərək qəlbini Allahdan qeyrisinə yönəltmiş olur. Bir də ki, insan buna öy­rəş­dikcə, bu onun sonralar böyük şirkə yol ver­məsinə də gətirib çıxaracaqdır.

Dördüncü məsələ. Daşlardan, ağaclardan və başqa bu kimi digər şeylərdən bərəkət diləmək.

Təbərrük etmək bərəkət diləmək deməkdir. Bərəkət diləmək isə iki cür ola bilər:

1. Şəriətin buyurduğu məlum bir şeylə, məsə­lən Quranla təbər­rük etmək. Uca Allah buyurur: “Bu, Bizim nazil etdiyi­miz mü­ba­rək bir Kitabdır” (əl-Ənam, 92, 155). Quranın bərəkəti ondadır ki, bu Ki­tab insanlara doğru yol göstərir, qəlblərə şəfa verir, nəfsləri islah edir, əxlaqı gözəl­ləşdirir və s.

2. Və ya şəriətin buyurmadığı qaydada – daşlar, ağaclar, qəbir­lər, məqbərələr, xüsusi yerlər və sairə ilə təbərrük etməkdir ki, bun­ların hamısı şirk sayılır.

Əbu Vaqid əl-Leysi (radiyallahu anhu) demişdir: “Biz Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə Huneyn deyilən yerə getdik. Həmin vaxt biz hələ islamda təzə idik. Müşriklərin orada başına toplanıb silahlarını üzərindən asdıqları za­tul-Anvat adlı bir tikanlı ağacı var idi. Biz onun yanın­dan keçərkən Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedik: “Ya Rəsulullah, onların zatul-Anvat ağacı oldu­ğu kimi, bizim üçün də belə bir ağac seç.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Allahu Əkbər! Bu, əvvəlkilərin yoludur. Allaha and olsun ki, siz İsrail oğullarının Musaya de­diyi kimi dediniz: “On­la­rın mə­budları ol­duğu ki­mi, bi­zim üçün də bir məbud düzəlt. Musa de­di: “Hə­qi­qətən, siz cahil bir tayfasınız” (əl-Əraf, 138). Heç şübhəsiz ki, siz özü­nüzdən əvvəlkilərin yolunu tutub gedəcəksiniz.” Hədisi Tirmizi sə­hih olaraq rəvayət etmişdir.11

Bu hədisdən bəlli olur ki, ağaclardan, qəbirlərdən, daşlardan və sairədən bərəkət ummaq, habelə onların ətrafında toplaşmaq və qur­ban kəsmək şirkdir. Elə buna görə hədisdə onların dediyi, İsrail oğul­larının “On­la­rın məbudları ol­duğu ki­mi, bi­zim üçün də bir məbud düzəlt” dediyinə bənzədilir. Bunlar müşriklər kimi sidr ağacı ilə tə­bər­rük etmək istəyirdilər. İsrail oğulları da həmçinin müşriklərin ilahı ki­mi bir ilah istəmişdilər. Bu tələblərin hər ikisi tövhidə ziddir. Çünki ağacdan bərəkət diləmək şirkin bir növüdür, Allahdan qeyri­sini ilah seçmək isə açıq-aydın şirk hesab olunur.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm): “Siz özünüzdən əvvəlkilərin yo­lunu tutub ge­dəcəksiniz” sözlərinə gəlincə, bu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öz üm­mətinin başı­na gələcək bir şeyi əvvəlcədən xəbər verməsidir və o, həm xəbərdar­lıq, həm də qadağan etmişdir.

Beşinci məsələ. Qəbirlərlə bağlı bəzi əməllərin qadağan olması barədə.

İnsanlar cahiliyyətdən yeni çıxdıqları üçün, habelə tövhidin qo­run­ma­sı naminə İslamın ilk dönəmində qəbirləri ziyarət etmək qəti qa­dağan olunmuşdu. İman insanların qəlbinə yeridikdə və hər tərəfə yayıl­dıq­da, tövhidin dəlilləri aydın olduqda və şirkin şübhələri ara­dan qalx­dıqda, şəriət müəyyən qaydalar, hədəflər və məqsədlər çərçi­vəsində qəbirləri ziyarət etməyə icazə verdi.

Bureydə ibn Husayb (radiyallahu anhu) rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə onları ziyarət edin.” Hədisi Muslim rəvayət etmişdir.12

Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qəbirləri ziyarət edin, çünki onlar sizə ölümü xatırladır.”13

Əbu Səid əl-Xudri (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət et­miş­dir: “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə onları ziyarət edin, çünki bunda ibrət vardır.”14

Ənəs ibn Malik (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmiş­dir: “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə on­ları ziyarət edin, çünki bu qəlbləri yumşaldır, gözləri yaşardır və axirəti yada salır. Lakin orada artıq-əskik söz danışmayın.”15

Bureydə (radiyallahu anhu) demişdir: “Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) bizlərə qəbirləri ziyarət etməyə gedərkən bu sözləri deməyi öyrədərdi: “Ey bu diyarın mömin və müsəlman sakinləri! Sizlərə salam olsun! İnşəAllah biz də sizlərə qo­vuşacağıq. Allahdan həm özümüzə, həm də sizlərə salamatlıq dilə­yi­rəm.” Hədisi Muslim rəvayət etmişdir.16

Bu mənada varid olan bütün hədislər qəbirləri iki məqsədlə ziyarət etməyin lazım olduğunu bildirir:

Birincisi, dünyaya könül bağlamamaq, axirəti, ölümü və çürü­məyi xatır­lamaq, habelə qəbirdəkilərdən ibrət almaq üçündür. Bu da insanın imanını möhkəmləndirir, onun yəqinliyini və Allaha olan bağ­lılığını daha da artırır, üstəlik onu Allahdan üz çevirməkdən və qafil olmaqdan qoruyur.

İkincisi, ölülər üçün dua etmək, Allah­dan onlar üçün rəhmət, bağışlanma və əfv diləməklə (mömin) ölülərə yaxşılıq etmək.

Qeyd etdiyimiz dəlillər məhz bunları əmr edir. Kim bundan başqa bir şeyi iddia edərsə, ondan bunu əsaslandırması və dəlil-sübut gətirməsi tələb olunar.

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) sünnəsi tövhidi qorumaq üçün qəbirlərlə bağlı bir sıra məsələləri qadağan etmişdir ki, hər bir müsəlman zəla­lətə düşməsin və batilə yol verməsin deyə bunları öyrənməlidir. Bu qadağalara aşağıdakılar aiddir:

1. Ziyarət əsnasında artıq-əskik sözlər danışmaqdan çə­kinmək.

Az öncə qeyd etdiyimiz hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Ar­tıq-əksik sözlər danışmayın.” Burada artıq-əksik sözlər deyildikdə, şə­­riətin qa­da­ğan etdiyi sözlər nəzərdə tutulur ki, bunların da önündə qəbirlərə dua edib onlardan istəməklə Allaha şərik qoşmaq, onlardan mədəd və yardım diləmək gəlir. Bunlar açıq-aşkar şirk və küfrdür. Bir çox hədislərdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunları qadağan etmiş, bu yara­maz­lıqları edənləri isə lənətləmişdir. Muslimin "Səhih" əsərində Cundəb ibn Ab­dullahın (radiyallahu anhu) belə dediyi rəvayət olunur: “Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) vəfa­tın­dan beş gün əvvəl onun belə dediyini eşitdim: “Bi­ləsiniz, sizdən əv­vəlkilər pey­ğəmbərlərinin və aralarındakı əməlisa­leh insanların qə­bir­lərini məbəd etmiş­lər. Nəbadə qəbirləri məscidlərə çevirəsiniz! Mən sizə bunu qadağan edirəm.”17

Demək, ölülərə dua etmək, onlardan nə isə istəmək, habelə hər hansı bir ibadəti onlara yönəltmək böyük şirkdir. Qəbirlərin ətrafına toplanıb, onların yanında Allahdan onların dualarını qəbul etməsini diləmək, habelə içərisində qəbir olan məsciddə namaz qıl­maq – bun­ların hamısı dində inkar edilən bidət və yeniliklərdir.

Buxari və Muslimin "Səhih" əsərlərində Aişədən O rəvayət edilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ölümündən qabaq belə demişdir: “Allah yəhu­dilərə və xris­tianlara lənət eləsin! Onlar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər.”18

2. Qəbirlərin yanında qurban kəsmək.

Əgər bu əməl, qəbirdəkilər onların istəklərini yerinə yetirsin deyə edilirsə, bu böyük şirk sayılır. Yox əgər başqa məqsədlə edilirsə, onda bu, ən təhlükəli bidətlərdən – şirkə aparan ən böyük vasitələr­dən hesab edilir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “İslamda (cahiliyyə dövrün­də olduğu kimi) qurban kəsmək yoxdur.” Abdur-Rəzzaq demiş­dir: “O zaman müşriklər qəbirlərin yanında inək və ya qoyun kəsərdilər.”19

3, 4, 5, 6, 7. Qəbirin içərisindən çıxan torpaqdan əlavə torpaq qoymaqla onu hündür etmək, onu gipslə suvamaq, üzərində yazı yazmaq, üzərində tikili ucaltmaq və üzərində oturmaq barədə.

Bütün bu sadalananlar həmin o bidətlərdir ki, yəhudilər və xaç­pərəstlər bunların vasitəsilə azğınlığa düşmüşlər. Bunlar şirkə aparıb çıxaran ən böyük vasitələrdən sayılır. Cabir (radiyallahu anhu) demiş­dir: “Peyğəm­bər (sallallahu aleyhi və səlləm) qəbrləri gipslə suvamağı, onların üzərində oturmağı, üzəri­lərində tikili bina etmə­yi, yer səviyyəsindən hündür etməyi və üzə­rin­də yazı yazmağı qadağan etmiş­dir.” Hədisi Muslim, Əbu Davud və Hakim rəvayət etmişdir.20

8. Qəbirlərə tərəf və ya onların yanında namaz qılmaq.

Əbu Mərsəd əl-Ğənəvi (radiyallahu anhu) demişdir: “Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Qəbirlərə tərəf namaz qılmayın və onların üzə­rində oturmayın.” Hədisi Muslim rəvayət etmişdir.21

Əbu Səid əl-Xudri (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət et­miş­dir: “Məzarlıq və hamam istisna olmaqla, bütün yer üzü səc­də­gah­dır.” Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişlər.22

9. Qəbirlərin üzərində məscid tikmək barədə.

Bu əməl də yəhudi və xaçpərəstlərin gətirdikləri bidətlərdəndir. Əvvəldə qeyd etmişdik ki, Aişənin O rə­vayət etdiyi hədisdə deyilir: “Allah yəhudi və nəsranilərə lənət etsin, onlar öz peyğəm­bər­lərinin qəbirlərini məscidlərə çevirdilər.”

10. Qəbirləri ziyarət etməyi adət halına salmaq.

Bu da, o bidətlərə aiddir ki, özündə böyük zərər olduğuna görə barəsində açıq-aydın qadağalar varid olmuşdur. Əbu Hureyra (radiyallahu anhu) Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) be­lə dediyini rəvayət etmişdir: “Mənim qəbrimi ziyarətga­ha çevir­mə­yin, evlərinizi də qəbirstanlığa döndərməyin, harada olsanız mənə sa­la­vat deyin və bilin ki, sizin sala­vatınız mənə çatdırılır“. Hədisi Əbu Da­vud və Əhməd rəvayət etmişlər.23

11. Ziyarətgahları ziyarət etmək məqsədilə səfərə çıxmaq.

Bu da qadağan edilmiş əməllərdəndir. Çünki bu əməl şirkə apa­ran vasitələrdəndir. Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rə­vayət etmişdir: “Üç məsciddən başqa heç bir yerə (ibadət məqsədi ilə) səfər etmək olmaz: (bu) – Məscidül-Həram, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidi və Məscidül-Əqsadır.” Hədisi Buxari və Muslim rəvayət etmişlər.24

Altıncı məsələ. Təvəssül.

a) Tərifi. "Təvəssül" vəsilə sözündən əmələ gəlmişdir – insanın öz muradına çatması üçün səy göstərməsinə deyilir.

Şəriətdə isə Allahın buyurduqlarını yerinə yetirib, qadağan et­diklərindən çəkinməklə Onun razılığını və Cənnəti qazanmağa deyilir.

b) Qurani Kərimdə vəsilə sözünün mənası.

Qurani Kərimdə iki yerdə vəsilə sözü işlənmişdir:

1. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allah­dan qor­xun, Ona yaxınlaş­maq üçün vasitə axta­rın və Onun yo­lunda cihad edin ki, bəl­kə nicat ta­pa­sı­nız” (əl-Maidə, 35).

2. Uca Allah buyurur: “Onların yalvardıqları mə­budların öz­ləri də Rəbbinə – hansı daha yaxın ola­caq deyə vəsilə ax­tarırlar, Onun rəh­mə­tini umurlar, əzabından qor­xur­lar. Həqiqətən, Rəbbi­nin əza­bın­dan qo­run­maq gə­rəkdir” (əl-İsra, 57).

Hər iki ayədə vəsilə sözünün mənası Allahı razı salacaq əməllə­ri yerinə yetirməklə Ona yaxınlaşmaq deməkdir. Hafiz İbn Kəsir bi­rinci ayənin təfsirində İbn Abbasın (radiyallahu anhumə) belə dediyini rəvayət etmiş­dir: “Vəsilə yaxın­laş­maq deməkdir.” Bunun bənzəri Mücahid, Əbu Vail, Həsən əl-Bəs­ri, Abdullah ibn Kəsir, əs-Siddi, İbn Zeyd və başqa­la­rından da nəql olunmuşdur.25

İkinci ayəyə gəlincə, möhtərəm səhabə Abdullah ibn Məsud (radiyallahu anhu) onun nazil olması və mənası barədə demişdir: “Bu ayə bir dəstə cinə ibadət edən bir dəstə ərəb barəsində nazil olmuşdur. Həmin şəxslər özləri də hiss et­mədən cinlər İslamı qəbul etmişdilər.”26

Bundan aydın olur ki, vəsilə deyildikdə, saleh əməllər və şanlı iba­dətlər vasitəsilə Allaha yaxınlaşmaq nəzərdə tutulur. Uca Allahın: “Onların yalvardıqları mə­budların öz­ləri də Rəbbinə – hansı daha yaxın ola­caq deyə, vəsilə ax­tarırlar.” Yəni onların özləri də Allaha ya­xınlaşmaq və Onun razılığını qazan­maq üçün, onları Allaha yaxınlaş­dıracaq əməlləri vasitə götürürlər.

v) Təvəssülün növləri:

Təvəssül iki qisimdir: icazə verilən və qadağan olun­an təvəssül.

1. İcazə verilən təvəssül. Burada Quran və Sünnədə əsası olan və şəriətin icazə verdiyi formada təvəssül etmək nəzərdə tutulur. Qu­ran və Sünnədə göstə­rilən təvəssül formaları caiz, qeyriləri isə qada­ğan olunmuş hesab olunur.

İcazə verilən təvəssül də üç növdür:

Birincisi, Allahın gözəl adları və əzəmətli sifətləri ilə təvəssül etmək. Müsəlman kəs dua etdikdə deyir: “Allahım, Səndən bağışlan­mağımı diləyirəm! Axı Sən Mərhəmətlisən, Rəhmlisən!” və ya deyir: “Allahım! Səndən hər şeyi əha­tə edən mərhəmətinlə məni bağış­la­ma­nı diləyirəm!”

Təvəssülün bu növünə dəlil Uca Allahın bu ayəsidir: “Ən gözəl adlar Allahın­dır. Ona bu adlar vasitəsilə dua edin” (əl-Əraf, 180).

İkincisi, insanın, hər hansı bir yaxşı əməl vasitə­silə təvəs­sül et­məsidir. Belə olduqda məsələn adam deyir: “Allahım, Sənə olan ima­nıma görə, Sənə olan sevgimə görə, Sənin elçinə etdi­yim itaətə görə məni bağışla!”, yaxud deyir: “Allahım, Sənin peyğəm­bərin Muhəm­mədə (sallallahu aleyhi və səlləm) olan sev­gimə, bir də ona olan imanıma görə mə­nim işimi avand et.” Ya da ki, insa­nın nə vaxtsa etdiyi bir yaxşı əməli xatırlatmaqla təvəssül etmə­sidir. Bu­na dəlil olaraq üç nəfərin mağarada qalması hə­disini qeyd edəcəyik.

Bu növ təvəssülə dəlil Uca Allahın bu ayələridir: “O kəslər ki: “Ey Rəbbi­miz! Həqi­qətən, biz iman gə­tir­dik, bi­zim günah­larımızı ba­ğışla və bi­zi Od əzabından qo­ru!”– deyir­lər” (Ali-İmran, 16); “Ey Rəbbimiz! Biz sənin na­zil et­diyinə iman gətirdik və gön­­dər­diyin el­çinin ardınca get­dik. Bizi də şahidlərlə bir yer­də yaz!” (Ali-İmran, 53).

Həmçinin dəlil olaraq mağara hədisini də misal göstərmək olar. Rəvayət edilir ki, Abdullah ibn Ömər (radiyallahu anhumə) demişdir: “Mən Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Sizdən əvvəl yaşamış ümmətlərdən üç nəfər səfərə çıxdı və yolda yağışdan daldalanmaq üçün bir ma­ğa­ra­ya çəkildilər. Onlar mağaraya da­xil olduqdan sonra dağdan böyük bir qaya parçası yu­varlanıb yerə düşdü və mağaranın ağzını qapadı. On­lar bir-bir­lə­ri­nə dedilər: “Sizi bu qaya par­çasından ancaq etdi­yi­niz yax­şı əməllərini­zin vasitəsilə Allaha dua etmə­yi­niz qurtara bilər. Onlardan birisi dedi: “Ey Allahım! Mənim qoca ata-anam var idi. Mən hər ax­şam onlara süd içirtməmiş nə ailəmə, nə də xidmət­çi­lə­ri­mə süd ver­məz­dim. Bir gün mən bir iş dalınca çox uzağa getdim, evə qayıt­dıqda ata-anam ar­tıq yatmışdı; mən onlar üçün süd sağıb gə­tir­dım, lakin gəlib onları yat­mış gördüm. Mən onlara süd içirt­məmiş ailəmə və xid­mətçilərimə süd ver­mək istəmədim. Odur ki, sübh açı­la­nadək əlimdə süd dolu bardaq onla­rın yuxu­dan oyanmasını göz­lə­dim. Nəhayət, on­lar yuxudan oyanıb südlə­rini içdi­lər. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmi­şəmsə, bi­zi bu qaya par­ça­­sına görə düş­düyümüz çətinlikdən qurtar!” Bundan son­ra mağa­ra­­nın keçidi bir ba­la­ca açıldı, lakin onlar bayıra çıxa bilmədilər”. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Digəri dedi: “Ey Allahım! Mənim hamıdan çox sevdiyim bir əmim qızı var idi. Mən onun könlünü ələ almaq istə­dim, lakin o mənə kö­nül vermədi. Aradan illər keçdi. Nəhayət, qu­raq­lıq ilində o mə­nim ya­nıma gəldi və mən ona mənimlə yaxınlıq et­mək şərtilə yüz iyirmi di­nar təklif etdim. O da buna razılıq verdi. Mən onu ağuşuma aldıqda o dedi: “Haqsız yerə bakirəliyimi poz­ma­ğa sə­nə halal­lıq vermirəm”. Mən onu ələ al­maqla günah qazana­cağımdan qorx­dum, onu buraxıb getdim, ona verdi­yim qızılı da ona bağış­la­dım. Halbuki o mənim üçün ən əziz insan idi. Alla­hım, əgər mən bu­nu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düş­dü­yümüz çə­tinlikdən qurtar!” Bundan son­ra qaya parçası yerindən bir az da tər­pən­di, lakin onlar mağaradan çı­xa bilmədilər.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu­yur­du: “Üçüncüsü dedi: “Ey Allahım! Bir dəfə mən bir dəstə işçi tut­dum və onların hamısının zəhmət haq­qını verdim. Yalnız biri öz zəhmət haqqını almadan çıxıb getdi. Mən onun zəhmət haqqını işə qoy­dum və onun malları artdı. Xeyli vaxt keçdikdən sonra həmin adam gəlib de­di: “Ey Allahın qulu, mənim zəhmət haqqımı ver!” Mən ona dedim: “Gör­dü­yün bu dəvələr, inək­lər, qoyunlar və kölələr sə­nin zəhmət haqqındır.” O dedi: “Ey Allahın qulu, mənə istehza et­mə!” Mən dedim: “Mən sənə istehza et­mi­rəm.” Bundan sonra adam malların hamısını sürüb apardı və onlardan heç bir şey saxlamadı. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə gö­rə etmişəmsə, bizi bu düşdüyümüz çətinlikdən qurtar!” Beləliklə, qaya par­ça­sı ta­mamilə aralandı və onlar oradan çıxıb getdilər.” Hədi­si Buxari rə­va­yət etmişdir.27

Üçüncüsü, dualarının qəbul olacağı güman olunan əməlisaleh bir şəxsin duası ilə təvəssül etmək. Məsələn, biri əməlisaleh, təqvalı bir şəxsin yanına gedib ondan düşdüyü çətinlikdən qurtulması üçün dua etməsini istəyir.

Bu növ təvəssülün caiz olmasına dəlil səhabələrin Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) yanına gələrək ondan dua etməsini istəmələri, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) də onlar üçün ümumi və xüsusi şəkildə dua etməsidir.

Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümə günü xütbə verər­kən bir nəfər min­bərin qarşısındakı qapıdan içəri daxil oldu və Pey­ğəmbərlə (sallallahu aleyhi və səlləm) üzbəüz durub dedi: “Ya Rəsulullah, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağmur endirsin.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) əllərini göyə qaldırıb dedi: “Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur en­dir!” Vallahi, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də baş­qa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma var­dı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gə­lib gö­­yün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Val­la­hi, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Peyğəmbər (sallallahu aleyhi və səlləm) xütbə ve­rər­kən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) üz­bə­üz durub dedi: “Ya Rəsulullah, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayan­dırsın. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) əllərini göyə qaldırıb dedi: “Allahım, ya­ğışı üstümüzə deyil, ətrafımıza yağ­dır. Allahım, onu təpələrə, dağlara, bağlara, ya­maclara, vadilərə və ağac bitən yerlərə yağdır!” Yağış kəsdi və biz günəşli ha­vada gəzişmək üçün bayıra çıxdıq.”

Şureyk dedi: “Mən Ənəsdən: “(Bir həftədən) sonra gələn adam birinci dəfə gələn həmin adam idimi?”– deyə soruşdum. Ənəs: “Bilmi­rəm”– dedi.”28

Peyğəmbər (sallallahu aleyhi və səlləm) ümmətindən yetmiş min nəfərin sorğu-suala çə­kilmədən və əzaba düçar olmadan Cənnətə girəcəyini bildirərkən de­mişdir: “Bunlar özlərinə ovsun oxunmasını tələb et­məyən, hər hansı bir hadisəni uğursuzluq əlaməti saymayan, mü­a­li­cə məqsədilə bədə­ninə dağ basmayan və yalnız Rəbbinə təvəkkül edən kim­sələrdir.” Bu vaxt Ukkaşə ibn Mihsən ayağa qalxıb dedi: “Ya Rə­su­lullah, Allah dua et ki, məni onlardan etsin!” Peyğəmbər (sallallahu aleyhi və səlləm): “Sən onlardansan”– dedi.”29 Həm­­çinin, Uveys əl-Qərani barəsində olan hədis də buna dəlildir. Hə­min hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Ondan sizlər üçün bağış­lanma dilə­məsini istəyin.”30

Bu növ təvəssül yalnız diri olan kimsədən istənilə bilər, ölü­lərə gəlincə isə, onlardan bunu diləmək olmaz. Çünki buna aid heç bir dəlil-sübut yoxdur.

2. Qadağan olunmuş təvəssül. Burada təvəssülün şəriətdə bu­yu­rulmayan əməllərlə edilən növü nəzərdə tutulur. Bu növ təvəssül metod­larının biri digərindən daha təhlükəlidir. Onlardan bəzi­lərini qeyd edirik:

Birincisi, Allaha, ölülər və mövcud olmayan şəxslər vasitəsilə dua edib, onlardan kömək istəmək, yardım diləmək, sıxıntıları ara­dan qaldırmaq və sairədir ki, bu da böyük şirk olub adamı İslam üm­mətindən çıxarır.

İkincisi, Allaha, qəbirlərin və məqbərələrin yanında dua edib onlara tapınmaq, onların üstünü tikib ucaltmaq, üzərinə lampa qoy­maq, örtük salmaq və s. ilə olan təvəssüldür ki, bu da tövhidin kamil­liyinə zidd olan kiçik şirkdir. Bu isə böyük şirkə aparan bir yoldur.

Üçüncüsü, Allaha, peyğəmbərlərin və əməlisaleh insanların Allah yanında olan hör­mətləri, yüksək məqamları və dərəcələri vasitəsilə təvəssül etməkdir ki, bu da haram sayılır, daha dəqiq desək, bu, son­radan meydana çıxmış bidətlərdəndir. Çünki bu növ təvəssülü Allah nə qanuniləşdirmiş, nə də buna izn vermişdir. Uca Allah buyurur: “Allahmı sizə icazə vermişdir?” (Yunus, 59). Bir də ki, peyğəmbərlə­rin və əməlisaleh şəxslərin hörmətləri yalnız on­ların özlərinə fayda verir. Uca Allah buyurur: “İnsan can atdığı şeyə nail olar” (ən-Nəcm, 39). Odur ki, Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) və onun səhabələrinin dönəmində bu növ təvəssül olmamışdır. Bir çox elm əhlindən bunun qadağan və ha­ram olmasına dair rəvayətlər nəql olunmuşdur.

Əbu Hənifə – Allah ona rəhmət eləsin! – demişdir: “Dua edən kəs belə sözlər deməməlidir: “Səndən filankəsin xatirinə, yaxud Sənin övliyalarının və peyğəmbərlərinin hörmətinə, yaxud Beytul Həramın və ya Məşərül həramın xatirinə diləyirəm.”

q) Təvəssüllə bağlı şübhələr və onlara cavab.

Əhli-Sünnə vəl-Cəmaəyə müxalif olanlar özlərinin yanlış möv­qeyini əsaslandırmaq və avam adamları özlərinə tərəf çəkmək üçün təvəssül məsələsində şübhəli sitatlar və etiraz doğuran fikirlər gətirir­lər. On­ların şübhələrini iki qismə bölmək olar:

Birincisi. Bəzən onlar zəif və uydurma hədislərə əsaslanır ki, bunların zəif və əsassız olduğunu sübuta yetirmək mümkündür. On­ların bəzilərini qeyd edirik:

1. “Mənim hörmətimlə təvəssül edin, şübhəsiz ki, Allah ya­nın­da mənim hörmətim böyükdür” və ya “Allahdan bir şey dilə­dikdə, mənim hörmətim vasitəsilə diləyin, şübhəsiz ki, Allah yanında mə­nim hörmətim böyükdür.” Bu batil hədisdir, elm əhlindən heç kəs onu rəvayət etməmişdir və hədis kitablarından heç birində keçmir.

2. “İşləriniz dolaşığa düşdükdə, qəbirdəkilərdən istifadə edin”, yaxud “Qəbirdəkilər vasitəsilə yardım diləyin.” Alimlərin yekdil rə­yinə görə, bu hədis uydurma və Peyğəmbərə (sallallahu aleyhi və səlləm) iftiradır.

3. “Bir kimsə daş barəsində belə yaxşı zənn etsə, həmin daş ona fayda verər” Bu hədis bəzi müşriklər tərəfindən uydurulmuş batil və İslama zidd bir hədisdir.

4. “Adəm xətaya yol verdikdən sonra belə demişdir: “Ey Rəb­bim Muhəmmədin xatirinə Səndən məni bağışlamağını diləyirəm.” Allah dedi: “Ey Adəm, Mən Muhəmmədi yaratmadığım halda sən onu haradan tanıyırsan?” O dedi: “Ey Rəbbim, Sən məni iki Əlinlə yaradıb mənə Öz ruhundan üfürdüyün zaman mən başımı qaldırıb ərşin da­yaqlarının altında: “Lə iləhə illəllah, Muhəmmədən rəsulul­lah” söz­lərini gördüm və bildim ki, Sən Öz İsminlə yanaşı yalnız ən sevimli məxluqunun adını qoyarsan.” Allah dedi: “Mən səni bağış­la­dım, əgər Muhəmməd olmasaydı, səni yaratmazdım.”31 Bu hədis də batil və əsassızdır. Buna bənzər digər bir hədis isə budur: “Əgər sən olmasay­dın, kainatı yaratmazdım.”

Bu kimi yalan və qondarma rəvayətlərə müsəlman nəinki əsas­lanmamalı, heç onlara tərəf nəzər belə salmamalıdır.

İkincisi. Bir sıra səhih hədislər vardır ki, həmin şəxslər onları düz başa düşmür, onların əsl mənasını təhrif edirlər. Həmin hədislər­dən bəziləri bunlardır:

1. Səhih bir hədisdə deyilir: “Quraqlıq zama­nında Ömər ibn Xəttab, Abbas ibn Abdulmüttəlibin vasitəsilə Allahdan yağmur dilə­yib dedi: “Allahım, əvvəllər biz Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) vasitəsilə Sən­­dən yağmur diləyərdik, Sən də bizə yağış göndərərdin. İndi isə biz Pey­ğəmbərimizin (sallallahu aleyhi və səlləm) əmisi vasitəsilə Sənə təvəssül edirik. Bizə yağmur endir.” Bundan sonra ya­ğış yağdı.”32

Müxaliflər bu hədisi başqa cür yozaraq bildirirlər ki, burada Ömər, Abbasın hörməti vasitəsilə Allahdan diləyirdi. Hədisdəki: “Allahım, əvvəllər biz Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) vasitəsilə Səndən yağmur diləyərdik“– sözünü Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hörməti vasitəsilə mənasına yo­zurlar, “indi isə biz peyğəmbərimizin əmisi vasitəsilə Səndən yağış istəyirik“ – yəni əmisinin hörməti vasitəsilə.

Şəkk yoxdur ki, bu səhv, hədisin mənasına nə yaxından, nə də uzaqdan uyğun gəlməyən bir açıqlamadır. Belə ki, səhabələr əsla Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) hörməti vasitəsilə Allaha təvəssül etməzdilər. Onlar sa­dəcə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həyatda olduğu müddətcə ancaq duası vasitə­silə Allaha təvəssül edərdilər. Bu hədisdə də Ömər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmisi ilə təvəssül dedikdə, onun hörmətini deyil, duasını nəzərdə tut­muşdu. Əgər hörmət vasitəsilə təvəssül etmək deyilən şey onlara mə­lum olsaydı, o zaman Ömər nə üçün Peyğəmbəri (sallallahu aleyhi və səlləm) qoyub, onun əmi­si ilə təvəssül edirdi?! Yaxud səhabələr ona irad tutardılar ki, biz bə­şəriyyətin ən xeyirli peyğəm­bərini qoyub niyə Abbasın vasitəsilə tə­vəssül etməliyik?! Buna isə heç kəs etiraz etmə­mişdi. Bu da onu göstə­rir ki, onlar hörmət xatirinə deyil, dua vasitəsi ilə təvəssül edirdilər.

Beləliklə aydın olur ki, hörmət vasitəsilə təvəssül etməyə caiz­dir deyənlər üçün bu hədisdə heç bir dəlil-sübut yoxdur.

2. Osman ibn Huneyf rəvayət etmişdir ki, bir dəfə gözü kor bir kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Allaha dua et məni sağalt­sın.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “İstəyirsən sənin üçün dua edim, ya da is­tə­yir­sən səbir et, bu sənin üçü daha xeyirlidir.” O dedi: “Yox dua et.” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) ona gözəl bir tərzdə dəstəmaz alıb bu duanı demə­yi bu­yurdu: “Allahım, mən rəhmət olaraq göndərilmiş peyğəmbərin Mu­həmməd (sallallahu aleyhi və səlləm) vasitəsilə Səndən diləyirəm, mən bu ehtiyacımın ödə­nil­mə­si üçün Allaha dua etdim, Allahım onu mənə şəfaətçi buyur.” Hədisi Tirmizi, Əhməd rəvayət etmiş, Beyhəqi isə səhih hədisdir demişdir.33

Müxaliflər bu hədisdən belə bir nəticə çıxarmışlar ki, Peyğəm­bərin (sallallahu aleyhi və səlləm), yaxud əməlisaleh insanların hörməti xatirinə təvəssül et­mək olar. Halbuki, bu hədisdə buna dəlil yoxdur. Burada kor bir kişi Pey­ğəmbərdən (sallallahu aleyhi və səlləm) Allaha dua etməsini istəyir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: “İstə­yir­sən sənin üçün dua edim, ya da istəyirsən səbir et”– deyə buyurur. O isə deyir ki: “Dua et.” Bu da sübut edir ki, təvəssül Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) hör­məti və ya özü ilə deyil, duası vasitəsilə olmuş­dur. Elm əhli buna əsas­lanaraq bu hədisi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) möcüzəsinə və duasının müstə­cəb ol­masına dəlil gətirmişlər. Belə ki, Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) duası sayəsin­də Allah o kişinin gözlərini açdı. Elə bu səbəbdən də Beyhəqi bu hə­disi “Dəlail ən-Nubuvvə (peyğəmbərliyin dəlilləri)” əsərində qeyd etmişdir.34

İndiki zamanda Peyğəmbər (sallallahu aleyhi və səlləm) dünyasını dəyişmiş olduğundan heç kəs üçün dua edə bilmədiyinə görə bunu etmək qeyri-mümkün­dür. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “İnsan öldükdən sonar, üç əməl istisna olmaqla, onun bütün əməlləri kəsilir: davamlı sədəqə, faydalı elm və ona dua edən əməlisaleh övlad.” Hədisi Muslim rəvayət etmişdir.35

Duanın özü də, ölüm gəldikdə kəsilən saleh əməl­lər­dən sayılır.

Hər bir halda bunların bütün iddiaları ya səhih olmadığı, ya da onların düzgün anlamadıqlarına görə əsassızdır.

Yeddinci məsələ. Həddi aşmaq.

a) Tərifi. Həddi aşmaq deyildikdə, bir şeyi layiq olduğundan artıq tərifləmək və ya pisləmək nəzərdə tutulur.

Şəriətdə isə bu istər əqidədə, istərsə də ibadətdə olsun, Allahın insanlar üçün qoyduğu hüdudları aşmağa deyilir.

b) Hökmü: haramdır. Bir çox dəlillər bunu qadağan edir, ondan çəkindirir və bunu edənin aqibətinin yaxşı olmayacağını bildirir. Uca Allah buyu­rur: “Ey Kitab əhli! Dini­niz­də ifrata varmayın və Allah ba­­rə­sin­də yalnız hə­qi­qəti deyin” (ən-Nisa, 171).

Uca Allah həmçinin buyurur: “De: –Ey Kitab əhli! Dini­­niz­də haq­sız yerə ifrata var­ma­yın. Ön­cə azmış, bir çoxlarını da az­dırmış və doğru yol­dan çıxmış bir dəstənin istəklərinə tabe ol­mayın” (əl-Maidə, 77).

İbn Abbas (radiyallahu anhumə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Həd­dinizi aşmaqdan çəkinin! Şübhəsiz, sizdən öncəkiləri həlak edən dinlərində həddi aşmaları olmuşdur.” Hədisi Əhməd, Hakim səhih ola­raq rəvayət etmiş, Zəhəbi də Hakimin bu rəyini dəstəkləmişdir. 36

İbn Məsud (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “İfrata varanlar həlak oldular.” O bunu üç dəfə təkrar etdi.” Hə­disi Muslim rəvayət etmişdir.37

Ömər ibn Xəttab (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmiş­dir: “Nəsranilər Məryəm oğlunu şişirtdikləri tək siz də məni şişirt­mə­yin, mən sadəcə Allahın qulu və elçisiyəm.” Hədisi Buxari rəvayət et­mişdir.39

Bu hədisin mənası odur ki, xaçpərəstlər İsanı ilahiləşdirdikləri kimi, siz də məni həddindən ziyadə tərifləməyin. Mən Allahın qulu­yam, odur ki, məni, Rəbbimin məni vəsf etdiyi kimi vəsf edin – Allahın qulu və elçisi deyin. Əfsuslar olsun ki, insanlar zəlalətə düşərək Peyğəmbər (sallallahu aleyhi və səlləm) barəsində həddi aşıblar. Nəsranilər İsanı şişirt­dikləri kimi, bəzi müsəlmanlar da Peyğəmbəri (sallallahu aleyhi və səlləm) şişirdərək ondan günahları­nın bağışlanmasını, xəstəliklərinə şəfa verməsini və başqa bu kimi, heç bir şəriki olmayan Tək Allaha xas olan digər əməlləri diləyirlər. Bütün bunlar sözsüz ki, dində həd­di aşmaq sayılır.



1 "Səhih Muslim", 2200.

2 "Səhih Muslim", 2196.

3 "Səhih Muslim", 2199.

4 "Səhih Buxari", 5743; "Səhih Muslim", 2191.

5 Tivələ – qadını ərinə sevdirmək üçün istifadə olunan sehr növü.

6 "Sünən Əbu Davud", 3883; "Müstədrək əl-Hakim", 4/241. Hakim hədisi səhih saymış, Zəhəbi də onunla razılaşmışdır.

7 "Müsnəd Əhməd", 4/310; "Sünən ət-Tirmizi", 2072; "Müstədrək əl-Hakim", 4/241. Hakim hədisi səhih saymışdır.

8 "Müsnəd Əhməd", 4/154; "Müstədrək əl-Hakim", 4/240. Hakim hədisi səhih saymış, Zəhəbi də onunla razılaşmışdir.

9 "Müsnəd Əhməd", 4/156; "Müstədrək əl-Hakim", 4/244. Hakim hədisi sə­hih saymış, Abdurrəhman ibn Həsən isə demişdir ki, hədisin raviləri eti­barlı­dır.

10 "Müsnəd Əhməd", 4/445.

11 "Sünən ət-Tirmizi", 2180.

12 "Səhih Müslim", 977.

13 "Səhih Müslim", 975.

14 "Müsnəd Əhməd", 3/38; "Müstədrək əl-Hakim", 1/531.

15 "Müstədrək əl-Hakim", 1/532.

16 "Səhih Müslim", 975.

17 "Səhih Müslim", 532.

18 "Səhih əl-Buxari", 1330; "Səhih Müslim", 531.

19 "Sünən Əbu Davud", 3222.

20 "Səhih Müslim", 970; "Sünən Əbu Davud", 3225; "Müstədrək əl-Hakim", 1/525.

21 "Səhih Müslim", 972.

22 "Sünən Əbu Davud", 492; "Sünən ət-Tirmizi", 317. Hakim hədisi səhih saymış, Zəhəbi də onunla razılaşmışdır.

23 "Sünən Əbu Davud", 2042; "Müsnəd Əhməd", 2/367.

24 "Səhih əl-Buxari", 1189; "Səhih Müslim", 1397.

25 "Təfsir ibn Kəsir", 2/50.

26 "Səhih Muslim", 3030; "Səhih əl-Buxari", 4714.

27 "Səhih əl-Buxari", 3465.

28 "Səhih əl-Buxari", 1013; "Səhih Muslim", 897.

29 "Səhih əl-Buxari", 5705; "Səhih Muslim", 218.

30 "Mişkat əl-Məsabih", 6257;

31 əl-Əlbani, "Silsilət əl-əhadis ad-daifə vəl-məuduə" (1/88/25).

32 "Səhih əl-Buxari", 1010.

33 "Sünən ət-Tirmizi", 3578; "Müsnəd Əhməd", 4/138.

34 Beyhəqi, "Peyğəmbərliyə dəlillər", 6/167.

35 "Səhih Muslim", 1631.

36 "Müsnəd Əhməd", 1/347; "Müstədrək əl-Hakim", 1/638.

37 "Səhih Muslim", 2670.

38 "Səhih əl-Buxari", 3445.

 


Baxılıb: 17547


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”