Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / IV mövzu. Şirk, küfr və onların növləri.

IV mövzu. Şirk, küfr və onların növləri.

IV mövzu.

Şirk, küfr və onların növləri.

 

Heç şübhəsiz ki, hər bir müsəlmana şirk və küfr anlayışını, on­ların yaranma səbəb­lərini, onlara aparan yolları və onların növlərini öyrən­­mək çox faydalıdır. Bunları bilən kəs onlardan yaxa qurtarmağa çalı­şır, nəticə etibarilə isə şərdən qorunmağa və salamatlığa qovuş­mağa nail olur. Pak və müqəddəs Allaha xoş gəlir ki, insan haqqa aparan yolu öyrənib onu sevsin və ona yönəl­sin, habelə xoşuna gəlir ki, in­san batil yolları öyrənib ondan uzaqlaşsın və ona nifrət etsin. Hər bir mü­səl­mandan haqq yolunu öyrənmək tələb olunduğu kimi, şər yolunu öyrənmək də tələb olunur. Bu­xari və Muslimin "Səhih" əsərlərində Huzeyfə ibn Yə­mə­nin (radiyallahu anhu) belə dediyi rəvayət olunur: “İn­sanlar Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) xeyirxah işlər barədə soruşardılar, mən isə ondan şər əməllər barəsində so­ru­şardım ki, xətəri mənə dəyməsin.”1

Ömər ibn Xəttab (radiyallahu anhu) demişdir: “İslamda cahilliyyin nə oldu­ğu­nu bilmə­yən insanlar yetişdiyi zaman, İslamın ipi lif-lif qırılıb dağılacaq.”

Qurani Kərim şirk və küfrün nə olduğunu izah edən, onlar­dan çəkinməyi əmr edən və bunlara uyan kimsələrin aqibətinin həm bu dünyada, həm də axi­rətdə pis olduğunu göstərən ayələrlə doludur. Hətta deyə bilərik ki, Qurani Kərimin və pak Sünnənin əsas məramı da məhz budur. Uca Allah buyurur: “Günahkarların tutduğu yo­lun ay­dınlaşdırılması üçün Biz ayə­lərimizi be­ləcə bir-bir izah edirik” (əl-Ənam, 55).

Aşağıda bununla bağlı bəzi məsələləri qeyd etmək istəyirik.

Birinci məsələ. Şirk.

a) Tərifi. Lüğəti mənada şirk iki şeyi bir-birinə bərabər tutmağa deyilir.

Şəriətdə isə bunun iki mənası vardır: ümumi və xüsusi mənası.

1. Ümumi məna. Pak və müqəddəs Allaha xas olan məsələlərdə başqalarını Ona tay tutmaq. Bunun da üç növü vardır:

Birinci növü Rübubiyyətdə şirkdir. Bu, yaratmaq, ruzi vermək, öldürmək, diriltmək və başqa bu kimi rübubiyyətə xas məsələlərdə Allaha şərik qoşmağa deyilir.

Uca Allah buyurur: “Allah­dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? On­dan başqa ibadə­tə la­yiq olan heç bir mə­bud yoxdur. Siz necə də haq­­dan döndə­ri­lir­si­niz!” (Fatir, 3).

İkinci növü Ad və sifətlərdə Allaha şərik qoşmaqdır. Bu barədə Uca Allah buyurur: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görən­dir” (əş-Şura, 11).

Üçüncü növü üluhiyyətdə şirkdir – namaz, oruc, dua, kömək istəmək, qurban kəsmək, nəzir demək və başqa bu kimi üluhiyyətə xas məsələlərdə Allaha şərik qoşmağa deyilir.

Uca Allah buyurur: “İnsanlardan elələri də var­­dır ki, Allah­dan qeyrilərini Ona tay tutur, on­ları da Allahı sev­dik­ləri kimi sevirlər” (əl-Bəqərə, 165).

2. Xüsusi məna. Allahdan qeyrisini tanrı qəbul edib ona Allaha dua etdiyi kimi dua etmək, ondan Allahdan şəfaət dilədiyi kimi şəfa­ət diləmək, ona Allaha ümid bəslədiyi kimi ümid bəsləmək və onu Allahı sevdiyi kimi sevməkdir. Quran və Sün­nədə "şirk" kəlməsinə rast gəldikdə, ilk əvvəl bu məna başa düşülür.

b) Allaha şərik qoşmağın pis əməl olduğuna dair dəlillər və onun təhlükəli olmasına izahı.

Allaha şərik qoşmağın pis və təhlükəli əməl olmasına dair, ha­belə ondan çəkinmək ba­rə­sin­də, üstəlik müşriklərin həm bu dünya­da, həm də Axirətdə aqi­bət­lə­ri­nin pis olmaları haqqında Quran və Sünnədə fərqli-fərqli dəlillər vardır.

1. Pak və müqəddəs Allah xəbər vermişdir ki, Ona şərik qoş­an kimsəni ölümündən qabaq tövbə etməyincə əsla bağışlamayacaqdır. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Özü­nə şərik qoşulmasını bağışla­maz, bun­­dan başqa olan günahları isə istə­diyi kimsəyə ba­ğışla­yar” (ən-Nisa, 48).

2. Başqa bir ayədə isə Allah şirkin ən böyük zülm olduğunu bildi­rərək buyurur: “Həqiqətən, Allaha şərik qoş­maq böyük zülm­dür!” (Loğman, 13).

3. Digər bir ayədə Uca Allah şirkin əməlləri batil etdiyini bildi­rərək buyurur: “Sənə və səndən əvvəlki­lərə belə vəhy olunmuşdur: “Əgər şə­rik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğra­yanlardan ola­caq­san” (əz-Zumər, 65).

4. Başqa bir ayədə Uca Allah bildirir ki, şirk, aləmlərin Rəbbi olan Allaha qarşı edilən bir haqsızlıqdır. Uca Allah buyurur: “Onlar orada höcətləşə­rək deyər­lər: “Allaha and olsun ki, biz açıq-ay­dın azğınlıq içində idik – o vaxt ki, biz sizi aləm­lərin Rəb­binə tay tuturduq” (əş-Şuəra, 96-98).

5. Allah həmçinin xəbər vermişdir ki, Ona şərik qoşduğu halda ölən kimsə əbədi olaraq Cə­hən­nəm odunda qalacaqdır: “Həqiqətən də, Allaha şə­rik qo­şan kimsəyə, Allah Cən­nə­ti haram etmiş və onun sığı­naca­ğı yer Od­dur. Za­­lımlara kö­mək edən olmaya­caqdır” (əl-Maidə, 72).

Bu mövzuya dair Qurani Kərimdə başqa növ neçə-neçə dəlillər vardır.

v) Şirkin meydana çıxma səbəbi.

Şirkin kökü və onun insanlar arasında yayılmasının əsas səbəbi onların əməlisaleh kəslər barədə ifrata varmaqları, onları mədh edib təriflərdikdə hədlərini aşmaları olmuşdur. Uca Allah buyurur: “On­lar özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk et­mə­yin; Vəddi, Suvaı, Yə­ğu­su, Yəuqu və Nəsri tərk et­mə­yin!” Artıq onlar çoxlarını az­dırmışlar. Sən də zalım­lara az­ğınlıq­dan başqa bir şey ar­tır­ma” (Nuh, 23-24).

Bu adlar Nuhun qövmündən olan əməlisaleh kəslərin adlarıdır. Onlar öldükdə qövmü onlara heykəl qoymuş, üstəlik onları uca tut­maq, xati­rələrini əbədiləşdirmək və onların fəzilətini hər zaman xatır­lamaq  üçün bu heykəllərə həmin şəxslərin adlarını vermiş­dilər. Nə­hayət, iş o yerə gəlib çatdı ki, onlar həmin heykəllərə sitayiş etməyə başladılar.

Bunu İbn Abbasın N bu rəvayəti təsdiq edir: “Nuh qövmü­nün ta­pın­dığı bütlər sonradan ərəblər arasında meydana gəldi. Vədd, Kilab və Dovmətul-Cən­dəl qəbilələrinin, Suva isə Huzeyl qəbi­lə­sinin tapındığı bütlərə çevrildi. Yə­ğusa gəlincə, ona əvvəlcə Murad qəbilə­si­, sonra isə Səba yaxınlığındakı Couf deyilən yerdə yaşayan bənu Ğətif qəbiləsi tapınmağa başladı. Yəuqa isə, Həmdan qəbilə­si sitayiş edirdi. O ki qaldı ­Nəsrə, o da himyərlilərdən Zul-Kəla ailə­si­nin tapın­dığı bütə çevrildi. Bunlar Nuh qövmündən olan əməli­sa­leh kəslərin adları idi. Onlar öldükdə şeytan onların qövm­lərinə vəs­və­sə etdi ki, heykəl düzəldib onların oturub-durduqları yerlərə qoysunlar və bu heykəllərə onların adlarını versinlər. O zaman insanlar hələ onlara ta­pın­mır­dılar. Həmin nəsil ölüb getdikdən və elm2 aradan qalxdıqdan sonra insanlar həmin heykəllərə tapınmağa başladılar.”3

İbn Cərir ət-Təbəri Nuhun qövmü ilə bağlı “Öz məbudlarınızı tərk et­mə­yin...”4 ayəsi barəsində Muhəmməd ibn Qeysin belə dediyi­ni nəql etmişdir: “Onlar Adəm oğullarından olan əməlisaleh kimsələr idilər və onların yolunu tutub gedən ardıcılları var idi. Onlar öldükdə onların yolunu gedən dostları: “Biz onların rəsmlərini çəksək, hər də­fə onları gördükdə bu bizi ibadət etməyə həvəsləndirər”– dedilər və onların rəsmlərini çəkdi­lər. Onlar öldükdən sonra növbəti nəsil gəldi və İblis yavaş-yavaş onlara yaxınlaşıb dedi: “Sizdən əvvəlkilər bu hey­kəllərə tapınar və bunun sayəsində göydən onlara yağış yağardı.” Beləliklə, onlar həmin heykəllərə ibadət etməyə başladılar.”5 Bununla da iki cür fitnəni cəm etmiş oldular:

Birinci: Onlar bu əməlisaleh bəndələrin qəbirlərinin başına yı­ğışmağa başladılar.

İkinci: Onların rəsmlərini çəkib (sonra da heykəllərini düzəl­dib) məclislərinə qoyar və onla­rın yanında oturardılar.

Beləliklə də bəşəriyyət tarixində ilk dəfə olaraq insanlar Allaha şərik qoşmuş oldular. Bu iki amil hər bir zamanda və hər bir məkan­da şirkə aparan əsas yollar sayılır.

q) Şirkin növləri. Şirk iki qismə bölünür: Böyük şirk və kiçik şirk.

1. Böyük şirk.

Allahla yanaşı başqa bir tanrı qəbul edib ona Allaha ibadət etdi­yi kimi ibadət etməyə deyilir. Bu növ şirk insanı İslamdan çıxarır və əməlləri batil edir. Və əgər Allaha şərik qoşan adam bu vəziyyətdə ölərsə, əbədi olaraq Cə­hənnəmdə qalacaq və orada nə öləcək, nə də əzabı yüngülləşəcəkdir.

Böyük şirk dörd növdür:

Birinci növü duada şirkdir. Belə ki, dua ibadətin ən böyük növ­lə­rindəndir, hətta ibadətin özəyidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Dua iba­dətin elə özüdür.” Hədisi Əhməd və Tirmizi rəvayət etmiş və Tirmizi bu hədisin “həsən səhih” olduğunu söyləmişdir.6 Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab ve­rim. Hə­qiqə­tən, Mənə ibadət etmə­yə təkəbbür gös­tə­rənlər Cə­hən­nəmə zə­lil ola­raq girə­cək­lər” (Ğafir, 60).

Əgər duanın ibadət olması məlumdursa, deməli onu Allahdan başqasına etmək də şirk sayılır. Peyğəmbərə, övliyaya, mələyə, qəbirə və ya digər məxluqlara dua edən kəs müşrik və kafir hesab olunur. Uca Allah buyurur: “Kim Allahla yanaşı, haq­qında özünün heç bir dəlili ol­ma­dı­ğı başqa bir məbuda iba­dət edərsə, onun cəzasını Rəb­bi Özü ve­rə­­cəkdir. Şübhə­siz ki, ka­firlər nicat tapmazlar!” (əl-Muminun, 117).

Duanın ibadət və Allahdan qeyrisinə edilməsinin isə şirk olma­sına başqa bir dəlil Uca Allahın bu ayəsidir: “Onlar gəmiyə mindik­lə­ri zaman dini yalnız Allaha məx­sus edə­rək, Ona yalvarır­lar. Allah onları xilas edib qu­ruya çıxaran ki­mi, yenə də Ona şərik qo­şurlar” (əl-Ənkəbut, 65).

Bu ayədə Allah müşriklərin xoş günlərində Allah şərik qoşduq­larını, bəla gəldikdə isə Allaha dua etdiklərini bildirərək bunu pislə­yir. Bəs görəsən həm xoş gündə, həm də bəla gəldikdə Allaha şərik qoşanların halı necə olacaqdır?!

İkinci növü niyyətdə, istəkdə və qəsddə şirkdir. Bu da insanın, etdiyi əməlləri Allahın Üzü xatirinə və axirəti qazanmaq üçün yox, müna­fiqlər kimi, dünyanı əldə etmək, özünü göstərmək və şan-şöhrət qazanmaq naminə etməsidir. Bunu da etmək böyük şirk sayılır.

Uca Allah buyurur: “Kim dünya həyatını və onun bər­-bəzə­yini istəyərsə, on­lara əməllərinin əvə­zini orada tam verərik və onlar ora­da zə­rər çək­məz­lər. Onlar, axirətdə özləri üçün od­dan başqa heç bir şeyi ol­ma­yan kim­sə­lərdir. Onların dün­yada gör­dükləri iş­lər boşa çı­xar və tut­duq­ları əməllər puç olar.” (Hud, 15-16).

Şirkin bu növü çox incə və çox təhlükəlidir.

Üçüncü növü itaətdə şirkidir. Kim İslama zidd olduğunu bilə­rək, halal olanları haram, haramları isə halal edənlərə bu işdə tabe olar­sa, onların həqiqətən bunu etməyə səlahiyyətlərinin çatdı­ğını və onla­ra həm özünün, həm də başqalarının itaət etməsinin icazəli olduğunu etiqad edərsə, həmin şəxs böyük şirklə Allaha şərik qoşmuş olur. Uca Allah buyurur: “Onlar Allahı qoyub baş ke­şiş­lə­ri­ni və rahiblə­rini, bir də Mər­yəm oğlu İsa­nı tanrılar qə­bul et­­dilər. Hal­buki, on­la­ra an­caq tək olan İlaha ibadət et­mək əmr olun­muşdu. Ondan başqa iba­də­tə la­yiq olan məbud yox­­dur. O, bunların şərik qoş­duq­ları şeylər­dən uzaq­dır” (ət-Tövbə, 31).

Ayənin təfsirində alimlərə və abidlərə ibadət etmək deyil, Allahın hökmünü dəyiş­məklə olan asi işlərdə onlara itaət etmək nəzərdə tutu­lur. Adiy ibn Hatim (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) “Axı biz onlara ibadət etmirik?”– deyə soruşduqda Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayəni məhz bu cür təfsir etmişdir. O Adiyə “Onların ibadətləri Allahın hökmünü dəyiş­məklə olan asi işlərdə onlara tabeçilik göstərmələridir”– deyə xəbər vermiş və demişdir: “Mə­gər onlar Allahın halal buyurduğunu haram saydıqda siz də onu ha­ram sayır, haram buyurdu­ğunu halal saydıqda siz də onu halal say­mırsınız?!” Onlar: “Bəli” – deyə cavab verdikdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyur­muşdur: “Bu onlara ibadət etmək sayılır.” Hədisi Tirmizi Həsən ola­raq, Təbərani isə "Mucəmul Kəbir" əsərində rəvayət etmişdir.7

Dördüncü növü məhəbbətdə şirkdir. Burada ehtiram göstər­mə­yi, təzim etməyi, zəlil və müti olmağı vacib edən ibadətdə olan mə­həb­bət nəzərdə tutulur ki, bu da yalnız heç bir şəriki olmayan Allaha yönəlməlidir. Bu məhəbbəti insan Allahdan qeyrisinə bəslədikdə, bö­yük şirklə Allaha şərik qoşmuş olur. Uca Allah buyurur: “İnsanlar­dan elələri də var­­dır ki, Allahdan qeyrilərini Ona tay tutur, on­ları da Allahı sev­dik­ləri kimi sevirlər. İman gə­ti­rən­lə­rin isə Allaha olan sev­gisi daha güclüdür” (əl-Bəqərə, 165).

2. İkinci növ şirk isə kiçik şirkdir.

Burada kiçik şirk deyildikdə böyük şirkə aparıb çıxaran, onun baş verməsi üçün vasitə olan, habelə ayələrdə və hədislərdə şirk ad­lanan, lakin böyük şirkin dərəcəsinə çatmayan əməllər və deyilən söz­lər qəsd edilir. Bunu edən şəxsin aqibəti, böyük günah sahibinin aqibəti kimi Allahın istəyinə bağlıdır. Buna bəzi misalları göstərək:

a) Az miqdarda riyakarlıq etmək. İmam Əhməd və digərləri Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişlər: “Sizin üçün ən çox qorx­du­ğum şey kiçik şirkdir.” Onlar soruşdular: “Kiçik şirk nədir, ya Rəsulullah?” Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu: “Bu, riyakarlıqdır. Uca Allah Qi­yamət günü insanları mükafatlandıracağı zaman belə buyuracaq: “Dün­ya həyatında ikən əməllərinizi göstərdiyiniz kəslərin yanına ge­din, qoy sizin mükafa­tınızı onlar versin.”8

b) “Allah və sən istədin“ ifadəsidir. Əbu Davud "Sünən" əsə­rində Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allah və filan­kəs istədi”– deməyin, “Allah, sonra da filankəs istədi”– deyin.”9

v) “Allah və filankəs olmasaydı” və ya, məsələn, “ördək olma­saydı, oğrular gələrdi”– deməkdir. İbn Əbu Hatim öz "Təfsir"ində İbn Abbasdan Uca Allahın “Siz də bu­nu bil­di­yiniz halda heç kəsi Allaha tay tut­ma­yın” (əl-Bəqərə, 22) ayəsi barəsində demişdir: “Bu ayədə tay deyildikdə, qaranlıq bir gecədə qara daşın üzərindəki qarışqanın yeri­şindən də gizli olan şirk nəzərdə tutulur. Məsələn, biri deyir: “Ey filankəs, sənin və mənim canıma and olsun”, yaxud “bu it və ya ör­dək olmasaydı, evimizə oğrular gələrdi”. Bir də insanın öz dostuna: “Allah və sən istədin”, yaxud “Allah və filankəs olmasay­dı”– deməsi­dir. Odur ki, filankəsi bu işə aid etmə. Çünki bütün bunlar kiçik şirk hesab olunur.10

Böyük şirklə kiçik şirk arasında olan fərq.

Böyük şirklə kiçik şirk arasında bir çox fərqlər vardır. Onların ən mühüm olanlarını qeyd edirik:

1) Böyük şirki Allah yalnız tövbə vasitəsilə bağışlayır, kiçik şirk isə Allahın istəyinə bağlıdır.

2) Böyük şirk bütün əməlləri batil edir, kiçik şirk isə yalnız hə­min əməli batil edir.

3) Böyük şirk insanı İslam ümmətindən çıxarır, kiçik şirk isə çı­xarmır.

4) Böyük şirk sahibi əbədi olaraq Cəhənnəmdə qalacaq və Cən­nətdən məhrum olacaq, kiçik şirk isə digər günahlar kimidir.

İkinci məsələ. Küfr.

a) Tərifi. Lüğəti mənada küfr örtmək deməkdir.

Şəriətdə isə təkzib edib-etməməkdən asılı olmayaraq Allaha və Onun rəsuluna iman gətirməməyə, həmçinin onlara şəkk və şübhə içində iman gətirməyə, habelə həsəd, təkəbbürlük və risalətə tabe ol­maqdan yayındıran bəzi nəfsani istəklər üzündən Allaha və Peyğəm­bərinə (sallallahu aleyhi və səlləm) imandan üz döndərməyə küfr deyilir.

b) Küfrün növləri. Küfr iki növdür: böyük küfr və kiçik küfr.

Böyük küfr, sahibini əbədi Cəhənnəmə vasil edir. Kiçik küfr edən isə əbədi olmayan əzaba məhkumdur.

Birinci növ: Böyük küfr. Böyük küfr beş növdür:

1. Təkzib küfrü. Bu növə peyğəmbərləri yalan saymaq aiddir. Kim zahiri və ya batini olmasından asılı olmayaraq, peyğəmbərlərin gətir­dikləri vəhyi yalan sayarsa, küfr etmiş olur. Uca Allah buyurur: “Allaha qarşı yalan uy­du­ran və yaxud özünə haqq gəl­dikdə onu yalan sayan kəs­dən daha zalım kim ola bilər? Cə­hənnəmdə ka­firlər üçün yermi yox­dur?(əl-Ənkəbut, 68).

2. İmtina və təkəbbürlük küfrü. Bu, peyğəm­bərlərin düzdanı­şan ol­duqlarını və onların gətirdiklərinin Allah tərəfindən haqq oldu­ğunu bilə-bilə inadkarlıq və təkəbbürlük üzündən onlara itaət etmə­məyə de­yilir. Uca Allah buyurur: “Bir zaman Biz mələk­lə­rə: “Adə­mə səcdə edin!”– de­dikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib tə­kəbbür göstərdi və kafir­ oldu(əl-Bəqərə, 34).

3. Şübhə və tərəddüd küfrü. Bu, peyğəmbərlərə yəqinliklə iman gətirməməyə deyilir. Buna yəqinliyin əksi olan zənn küfrü də deyilir. Uca Allah buyurur: “O özünə zülm edərək ba­ğına daxil olub dedi: “Bunun nə vaxt­sa yox ola bi­ləcəyini dü­şün­mürəm. O Saatın gələcəyini də zənn etmi­rəm. Rəbbimin ya­nı­na qay­tarılmalı ol­sam, söz­süz ki, bundan daha firavan bir hə­yat qis­mə­tim ola­caq!” Onunla söhbət edən yol­daşı isə dedi: “Səni torpaqdan, son­ra nütfədən yaratmış, daha sonra səni kişi qiya­fə­si­nə sal­mış Rəb­bi­nə küfr­mü edirsən? Lakin Allah mənim Rəb­bim­dir və mən heç kəsi Rəb­bi­mə şə­rik qoşmaram!(əl-Kəhf, 35-38).

4. Üz döndərmə küfrü. Burada dindən bütövlükdə üz dön­dər­mək, yəni Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gətirdiyi vəhydən bilərəkdən və qəlbən üz çevir­mək nəzərdə tutulur. Uca Allah buyurur: “Ka­firlər isə xə­bərdar edil­dikləri şeylər­dən üz döndərdilər” (əl-Əhqaf surəsi, 3).

5. Nifaq küfrü. Burada etiqadi nifaq, yəni insanın imanı büruzə verib küfrü gizlətməsi nəzərdə tutulur. Uca Allah buyurur: “Bu ona gö­rədir ki, onlar iman gə­tirdikdən sonra kafir ol­du­lar. Sonra da on­la­rın qəl­binə möhür vuruldu. Artıq on­lar an­la­mır­lar“ (əl-Münafiqun, 3).

Nifaq da iki növdür:

1) Etiqadda nifaq. Bu böyük küfr sayılır və sahibini İslam üm­mə­tindən çıxarır. Bunun da altı növü vardır: Peyğəmbəri (sallallahu aleyhi və səlləm) təkzib etmək, onun gətirdiyi bəzi şeyləri yalan saymaq, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nifrət etmək, onun gətirdiyi şeylərə nifrət bəsləmək, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dininin al­çal­masına sevinmək, bir də Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dininin qələbə çalması­nı is­təməmək.

2) Əməldə nifaq. Bu kiçik küfrdür və sahibini islam ümmətin­dən çıxarmır. Lakin bu böyük bir günah və cinayətdir. Bu barədə Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Dörd xislət var­dır ki, bunlar kimdə olarsa, əsl münafiq sayılar və hər kimdə bunlardan biri ol­arsa, onu tərk edənə qədər özündə münafiqlik xisləti qalmış sayı­lar: ona əma­nət verildiyi zaman xəyanət edər; danışdığı zaman yalan danışar; əhd bağ­la­dı­ğı zaman əhdini pozar; mübahisə etdiyi zaman haqsızlıq edər.” Hədisi Buxari və Muslim rəvayət etmişlər.11

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Münafiqin üç əlaməti var: danışanda yalan danışar, vəd verəndə vədinə xilaf çıxar və özünə əmanət veril­diyi zaman xəyanət edər.” Hədisi Buxari rəvayət etmişdir.12

İkinci növ: Kiçik küfr. Bu növ küfr sahibini İslam ümmətindən çıxarmır və onu əbədi Cəhənnəmlik də etmir, onu yalnız şiddətli bir əzaba düçar edir. Bu da nemətə qarşı olan küfrdür. Quran və hədislər­də qeyd olunan və böyük küfrün dərəcəsinə çatma­yan küfr ifadəsi bu növə aiddir. Buna aşağıdakıları dəlil göstər­mək olar:

Uca Allah buyurur: “Allah təhlükəsizlik və əmin-aman­lıq için­də olan bir diyarı (Mək­­kə­ni) məsəl çəkir. Ona öz ruzisi hər yer­dən bol-bol gəlirdi. La­kin o diyarın əha­lisi Allahın nemətlərinə nan­korluq etdi, Allah da onları et­dikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü“ (ən-Nəhl surəsi, 112).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “İnsanlarda iki xislət vardır ki, bunların onlarda olması küfrdür: əsil-nəcabətə tənə vurmaq və ölülərin üzə­rin­də vay-şivən salıb ağlamaq”. Hədisi Muslim rəvayət etmişdir.13

Həmçinin demişdir: “Məndən sonra bir-birinizin boynunu vu­raraq kafir olmayın”. Hədisi Buxari və Muslim rəvayət etmişdir.14

Bütün bu sadalananlar kiçik küfrdür və sahibini İslam ümmə­tindən çıxarmır.

Uca Allah buyurur: “Əgər möminlərdən iki dəs­tə bir-biri ilə vuruşsa, onları ba­rış­dı­rın. Əgər onlardan biri digərinə qarşı təcavüz et­sə, tə­cavüzkar dəs­tə ilə, o, Allahın əm­ri­ni yerinə yetirməyə qayı­da­nadək, vuru­şun. Əgər o qa­yıt­sa, hər iki dəstəni əda­lətlə ba­rış­dı­rın və insaflı olun. Söz­süz ki, Allah insaflıları sevir. Möminlər, həqi­qətən də qardaş­dırlar. Elə isə qardaşla­rınızı ba­rış­dırın və Allahdan qorxun ki, sizə rəhm edil­sin” (əl-Hucurat, 9-10). Möminlərin bir-biri ilə vuruşmalarına rəğmən Uca Allah onları mömin adlan­dırmışdır.

O, həmçinin buyurur: “Şübhəsiz ki, Allah Özü­nə şərik qoşul­ma­sını bağışla­maz, bun­­dan başqa olan günahları isə istə­diyi kim­sə­yə bağışla­yar. Alla­ha şərik qoşan kəs if­tira at­maq­la böyük bir gü­nah etmiş olur” (ən-Nisa, 48). Ayədən açıq-aydın görünür ki, şirkdən baş­qa bütün günahların əfv olunması Allahın istəyinə bağlıdır. Allah istə­sə, ona həmin günaha görə əzab verər, istəsə də onu bağışlayar. Lakin şirki Allah əsla bağışlamır. Uca Allah buyurur: “Həqiqətən də, Allaha şə­rik qo­şan kimsəyə, Allah Cən­nə­ti haram etmiş və onun sığı­naca­ğı yer Od­dur. Za­­lımlara kömək edən olmaya­caqdır” (əl-Maidə, 72).



1 "Səhih əl-Buxari", 7084; "Səhih Muslim", 1847.

2 Yəni bu heykəllərin nə məqsədlə qoyulduğu barədə olan elm.

3 "Səhih əl-Buxari", 4920.

4 "Nuh" surəsi, 23.

5 "Təfsir ət-Təbəri", 12/254.

6 "Müsnəd Əhməd", 4/267; "Sünən ət-Tirmizi", 2969.

7 "Sünən ət-Tirmizi", 3095; "Mucəmül kəbir", 17/92.

8 "Müsnəd Əhməd", 5/428.

9 "Sünən Əbu Davud", 4980.

10 "Təfsir İbn Əbu Hatim", 1/62.

11 "Səhih əl-Buxari", 34; "Səhih Muslim", 58.

12 "Səhih əl-Buxari", 33.

13 "Səhih Muslim", 67.

[14] "Səhih əl-Buxari", 121; "Səhih Muslim", 65.

 


Baxılıb: 18327


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”