Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / I mövzu. Ad və sifətlər tövhidinin tərifi və dəlilləri.

I mövzu. Ad və sifətlər tövhidinin tərifi və dəlilləri.

 

I mövzu.

Ad və sifətlər tövhidinin tərifi və dəlilləri.

 

1. Tərifi.

Ad və sifətlər tövhidi – Allah və Onun elçisinin Allaha aid isbat etdiyi bütün ad və sifətləri isbat etmək, inkar etdiklərini isə inkar etmək, onların düzgün mənalarını, nəyə dəlalət etdiklərini, məxluqa­ta göstərdiyi təsirini və tələblərini etiraf etməkdir.

2. Onu isbat etməyin yolu.

Ad və sifətlər tövhidi məsələsində düzgün mövqe onların ha­mısına kamil şəkildə iman gətirib, Allah və Onun rəsulunun Allaha aid isbat etdiyi bütün ad və sifətləri təhrif və inkar etmədən, keyfiy­yət vermədən və heç nəyə bənzətmədən əzmlə təsdiqləməyə deyilir.

Təhrif: bir şeyin mənasının dəyişdirilməsinə deyilir. Bu da iki qismə bölünür:

1) Ləfzi təhrif. Bu, kəlməyə bir və ya daha artıq hərif əlavə etmək, yaxud ondan bir və ya daha çox hərif əksiltmək, ya da sözün hərəkəsini dəyişməyə deyilir. Buna misal olaraq Uca Allahın: “Mər­həmətli Allah Ərşə ucaldı” (Ta Ha, 5) ayəsindəki “istəva”, yəni ucaldı sözünün “istəvlə”, yəni hökmü altına aldı məna­sına dəyiş­dirilməsini göstərmək olar. “Nuniyyə” qəsidəsinin müəllifi demişdir:

Yəhudilərin “nun”u1, cəhmilərin də “ləm”i2

Ərşin Rəbbinin ayəsində, artıq olan şeylərdi.

2) Mənəvi təhrif. Bu, bir sözün mənasını Allah və Onun rəsu­lunun buyurduğu mənadan qeyrisinə dəyişməyə deyilir. Buna misal “əl” sözünü qüvvət və nemət mənasına dəyişənləri göstərmək olar. Bu cür açıqlamalar batil olub, nə şəriət, nə də dil baxımından heç bir əsasa söykənmir.

İnkar. Bu, Allahın sifətlərini inkar etməyə deyilir. Necə ki, bəzi­ləri Allahın heç bir sifətlər vəsf olunmadığını iddia edirlər.

Təhriflə inkar arasındakı fərq ondan ibarətdir ki, təhrif dəlil­lərdə göstərilən düzgün mənanı inkar edib onu başqa bir səhv məna ilə əvəz etməyə, inkar isə bir sözün düzgün mənasını başqası ilə əvəz etmədən ümumiyyətlə inkar etməyə deyilir.

Keyfiyyət vermək. Bir sifətin keyfiyyətini və onun hansı for­ma­da olduğunu təyin etməyə deyilir. Bəzi yolunu azmışlar Allahın si­fət­lə­rinə keyfiyyət verərək, məsələn: “Allahın əli belədir, ucalmağı bu şəkildədir”– deyirlər. Bütün bunlar batildir, çünki Allahın sifətlərinin necəliyini Ondan savayı heç kəs bilmir. Məxluq­lara gəlincə onlar bunu dərk etmək iqtidarında deyillər.

Bənzətmək. Bu, Allahın sifətlərini yaradılmışların sifətlərinə oxşat­mağa deyilir. Məsələn: bəziləri iddia edirlər ki, Allah bizim kimi eşidir, yaxud Onun Üzü insanın üzü kimidir. Halbuki, Allah bu çür oxşatmalardan pakdır, uzaqdır.

Ümumiyyətlə, ad və sifətlər məsələsində haqq yolunu tutmaq üçün insan üç qaydaya diqqət yetirməlidir. Bunlara riayət edən kəs bu mövzuda azmaqdan salamat qalar:

Birinci qayda. Allahın sifətlərindən hər hansı birisinin məx­lu­­qatın sifətinə oxşatmaqdan çəkinmək.

İkinci qayda. Allah və Onun rəsulunun Allaha aid isbat et­dikləri bütün ad və sifətlərinə Allahın böyüklüyünə və əzəməti­nə layiq olan bir şəkildə iman gətirmək.

Üçüncü qayda. Allahın sifətlərini dərk etməyə cəhd göstər­mə­mək. Çünki yaradılmışların bunu dərk etməsi qeyri-mümkündür.

Bu üç qaydaya riayət edən kəs alimlərin buyurduqları şəkildə ad və sifətlərə iman gətirmiş olar.

3. Bu qaydaların dəlilləri.

Allahın kitabında bu qaydaların düzgünlüyünü təsdiqləyən ki­fa­yət qədər dəlillər vardır:

Birinci qaydaya dəlillər.

Allahı məxluqlara bənzətməkdən həzər etmək. Uca Allah buyu­rur: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir” (əş-Şura, 11).

Ayə, həm Yaradanla məxluqları istənilən şəkildə bir-birinə ox­şat­maqdan çəkinməyi, həm də Allahın eşitmək və görmək sifətini isbat edir. Bu iki məsələnin ardıcıl qeyd olunması onu göstərir ki, məxluqatın əksəriyyətinin eşitmə və görmə sifətlərinə ma­lik olmaları­na baxmayaraq Allahın eşitmə və görmə sifətləri on­la­rın eyni adlı sifətlərinə əsla bənzəmir. Eşitmə və görmə sifətləri barə­sin­də deyilən­lər digər sifət­lərə də şamil olunur. Uca Allah buyurur: “Əri barəsin­də səninlə mü­bahisə edən və Allaha şikayət edən qa­dı­nın sözünü Allah eşit­di. Allah sizin söhbə­tinizi eşi­dir. Hə­qi­qə­tən, Allah Eşi­dən­dir, Görən­dir” (Mücadələ, 1). İbn Kəsir bu ayənin təfsirində bu hədisi qeyd etmişdir: Buxari tövhid kitabında, İmam Əhməd isə Müs­nəd əsərində Aişənin O belə dediyini rəvayət et­miş­lər: “Hər bir şeyi eşidən Allaha həmd olsun! Əri barəsində mübahisə edən qadın gəlib Peyğəmbərə (sallallahu aleyhi və səlləm) şikayət edər­kən mən evin digər tə­rə­fində olduğum üçün heç nə eşitmirdim.Amma Uca Allah : “Əri barəsində səninlə mü­bahisə edən və Allaha şikayət edən qa­dı­nın sözünü Allah eşit­di” ayəsini nazil etdi.”3

Həmçinin dəlil olaraq aşağıdakı ayəni göstərmək olar: “Heç kəsi Allaha oxşat­ma­yın” (ən-Nəhl, 74).

Təbəri bu ayənin təfsirində demişdir: “Yəni Allahı heç kimə və heç nəyə bənzətməyin, Onun tayı-bərabəri yoxdur.”4

Uca Allah buyurur: “Heç Ona ox­şarını tanıyır­san­mı?!” (Mər­yəm, 65). İbn Abbas (radiyallahu anhumə) bu ayənin təfsirində demişdir: “Yəni Rəb­bimizin oxşarını və ya bənzərini tanıyırsanmı?!”

Bu qaydaya digər bir dəlil Uca Allahın bu ayəsidir: “Onun bənzəri də yox­dur” (əl-İxlas, 4). Təbəri demişdir: “Yəni onun oxşarı və Onun mislində heç bir şey yoxdur”.

İkinci qaydaya dəlillər.

Yəni Allahın Quran və Sünnədə varid olan bütün ad və sifət­lə­ri­nə iman gətirmək. Uca Allah buyurur: “Allah, Ondan başqa iba­də­tə layiq olan məbud yoxdur, əbə­­di Ya­şayandır, bü­tün ya­rat­dıqları­nın Qəy­yumudur. Onu nə mürgü, nə də yu­xu tu­tar. Göy­lərdə və yer­də nə varsa, Ona məx­susdur. Onun iz­ni ol­madan Onun yanında kim ha­vadarlıq edə bi­lər? O, məxlu­qa­tın gələcə­yini və keç­mi­şi­ni bi­lir. Onlar Onun el­min­dən, Onun is­tə­di­yin­dən başqa heç bir şey qavraya bil­məzlər. Onun Kür­süsü göy­lə­ri və ye­ri əhatə edir. Bun­la­rı qo­ruyub sax­la­maq Ona ağır gəlmir. O, Uca­dır, Ulu­dur” (əl-Bə­qərə, 255). Həmçinin buyurur: “Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir” (əl-Hədid, 3). Həmçinin buyurur: “O, Özün­dən başqa heç bir mə­bud olmayan, qeybi və aşkarı Bi­lən Allah­dır. O Mər­hə­mətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir mə­bud olmayan, Hökm­ran, Mü­qəd­dəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşa­hidə edən, Qüdrətli, Qa­dir, Məğrur Allah­dır. Allah onların Ona şərik qoş­duq­la­rından uca­dır. O, Xaliq, yoxdan Yara­dan, Surət­verən Allahdır. Ən gözəl ad­lar yalnız Ona məx­sus­dur. Göylərdə və yerdə olan­la­rın hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrik­dir” (əl-Həşr, 22-24).

Sünnədən isə buna dəlil olaraq Muslimin "Səhih" əsərində Əbu Hureyradan (radiyallahu anhu) rəvayət etdiyi hədisi göstərmək olar. Əbu Hureyra (radiyallahu anhu) rə­vayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) biri­miz yatağına uzandıqda belə demə­yi bu­yurardı: “Allahım! Yeddi qat səmanın Rəbbi, yerin Rəbbi, böyük Ər­şin Rəbbi, bizim Rəbbimiz və hər şeyin Rəbbi! Toxumu və çəyirdəyi cü­cər­dib çatladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tut­du­ğun (idarə etdiyin) hər bir heyvanın şərin­dən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Sən­dən üstə heç nə yox­dur. Sən Batinsən, Səndən batində heç nə yoxdur, Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar.” Bu mövzuya dair dəlillər o qədər çoxdur ki, onları saymaq müm­kün deyildir.

Üçüncü qaydaya dəlillər.

Bu, Uca Allahın sifətlərinin keyfiyyətini dərk etməyə cəhd gös­tərməməkdir ki, bu barədə də Uca Allah buyurur: Allah onların gə­ləcə­yi­ni də, keç­mişini də bilir. On­la­rın el­mi isə Onu ehtiva edə bil­məz! (Taha, 110). Bəzi alimlər bu ayənin təfsiri barəsində demişlər: “İnsan şüuru səmaların və yerin Rəbbi olan Allahı dərk edə bilməz. Dərk edə bilmirsə, deməli ona keyfiyyət də verə bilməz.”

Bu qaydanı sübuta yetirən digər bir dəlil də Uca Allahın bu ayəsidir: Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir” (əl-Ənam, 103). Elm əhlindən bəziləri bu ayədən söhbət açarkən demişlər: “Bu da Allahın olduqca əzəmətli, hər şeydən böyük və dərk olunmaz ol­duğunu göstərir. Belə ki, bir şeyi dərk etmək görməkdən artıq bir şey sayılır. Allah isə yalnız axirətdə görünə bilər, lakin dərk oluna bil­məz”. Hər bir şüurlu insan bilməlidir ki, onun eşitməyinin və görmə­yinin bir həddi olduğu kimi, ağlının da bir həddi vardır ki, o bunu aşa bilməz. Allahın sifətlərinin keyfiyyəti barəsində düşünmək kimi ağılla dərk olunmaz bir şeyi dərk etməyə çalışan kəs divarın dalın­dakı şeyi gör­məyə, uzaq yerlərdəki səsləri eşitməyə çalışan kimsəyə bənzəyir.



1 Yəhudilərə Allahdan bağışlanma diləmələri əmr olunduğu zaman onlar Allahın buyurduğu, “bizi bağışla” mənasında olan “hittə” sözündəki “tə” hərfi­ni “nun” hərfi ilə əvəz edərək “hintə” – yəni “buğda”demişlər. Bu xüsusda Uca Allah Qurani Kərimdə buyurur: “O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada is­tə­­di­yi­niz yerlər­də, rahatlıqla ye­yin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağış­la!”– deyin ki, sizin günahlarınızı bağışla­yaq”. Biz yaxşı iş­lər gö­rənlərə mü­ka­fat­larını artırarıq. Zülm edənlər özlərinə de­yilən sözü başqa­sı ilə dəyiş­dilər. Biz də zülm edənlərə et­dikləri günaha görə göydən əzab gön­dər­dik” (əl-Bəqərə, 58-59).

2 Cəhmilər Uca Allahın “Mər­həmətli Allah Ərşə ucaldı” (Ta Ha, 5) ayə­sin­dəki “istəva” yəni ucaldı sözünə “ləm” hərfini artıraraq “istəvlə”, yəni hökmü altı­na aldı demişlər.

3 "Təfsir İbn Kəsir", 8/60.

4 "Təfsir ət-Təbəri", 7/621.

 


Baxılıb: 16751


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”