Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / II mövzu. Quran və Sünnə işığında ad və sifətlərin isbatı üçün tətbiqi misallar.

II mövzu. Quran və Sünnə işığında ad və sifətlərin isbatı üçün tətbiqi misallar.

II mövzu.

Quran və Sünnə işığında ad və sifətlərin isbatı üçün tətbiqi misallar.

 

Quran və Sünnədə Allahın ad və sifətlərinin isbatına dair bir çox məqamlarda müxtəlif tərzdə çoxlu dəlillər vardır. Kitab və Sünnə ilə sabit olmuş Allahın ad və sifətləri çoxlu saydadır. Bu ad və sifətlər barəsində alimlər çoxlu sayda kitablar yazmışlar. Həmin ad və sifət­lərdən bəzilərini qeyd etmək istəyirik.

Allahın adlarından bəziləri.

əl-Həyy (əbədi Yaşayan) və əl-Qəyyum.

Quran və Sünnədə buna dair çoxlu dəlillər vardır. Uca Allah buyurur: “Allah, Ondan başqa iba­də­tə layiq olan məbud yoxdur, əbə­­di Yaşayandır, bü­tün ya­rat­dıqlarının Qəy­yumudur” (əl-Bəqərə, 255). Sünnədən dəlilə gəlincə, Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət etmişdir ki, bir dəfə Pey­ğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə bir yerdə idik. Aramızda olan bir kişi namaz qılırdı. O ruku etdi, sonra səcdə etdi, sonra təşəhhüdü oxudu, sonra da dua edib dedi: “Allahım Sənə yalvarıram! Həmd Sənədir. Səndən başqa məbud yoxdur. Ey göyləri və yeri Yaradan! Ey əzəmət və ehtiram sahibi! Ey Yaşayan, ey Qəyyum!” Bu zaman Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “O Allahın ən əzəmətli adı vasitəsilə Ona dua etdi, elə bir adla ki, onunla dua edib istəyənin, istəyini Allah verər.”1

əl-Həmid (Tərifəlayiq).

Uca Allah buyurur: “Bilin ki, Allah Zəngin­dir, Tərifə­la­yiq­dir” (əl-Bəqərə, 267).

Kəb ibn Ucranın (radiyallahu anhu) təşəhhüd barədə rəvayət etdiyi hədisdə de­yilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara təşəhhüdü öyrədərək belə demələrini buyurmuşdur: “Allahım, İbrahimə və Onun ailəsinə xeyir-dua verdi­yin kimi, Muhəmmədə və onun ailəsinə də xeyir-dua ver; şübhəsiz ki, Sən Tərifəlayiqsən, şan-şöhrətlisən.”2

ər-Rəhman və ər-Rəhim (Mərhəmətli və Rəhmli).

Uca Allah buyurur: “Həmd olsun aləmlərin Rəb­bi Allaha, Mərhəmətli və Rəhmliyə” (əl-Fatihə, 2-3).

Sünnədən dəlil isə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Hudeybiyyə sülhü günü müş­riklərlə sülh sazişi bağlayarkən sazişin əvvəlinə "Bismilləhir-Rəhma­nir-Rəhim" sözlərini yazmağı əmr etməsidir.3

əl-Həlim.

Uca Allah buyurur: “O, Həlimdir, Bağışla­yandır” (əl-Fatir, 41). İbn Abbas N rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) çətinliyə düşəndə belə dua edərdi: “Allahdan başqa ibadət haqqına malik məbud yoxdur, O, Əzəmətlidir, Həlimdir.”4

Allahın sifətlərindən bəziləri.

Qüdrət.

Bu, Allahın zatı sifətidir və buna Quran və sünnədə dəlillər var­dır. Zat sözünün mənası isə sifətin Allahdan ayrılmaz bir sifət olması demək­dir. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah hər şe­yə qa­dir­dir” (əl-Bəqərə, 20).

Osman ibn Əbul-Asdan (radiyallahu anhu) rəvayət olunur ki, bir dəfə o, İslamı qəbul edəndən bəri bədənində hiss etdiyi bir ağrıdan Peyğəmbərə (sallallahu aleyhi və səlləm) şikayət etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Əlini bədəninin ağrıyan yerinə qo­yub üç dəfə: “Bismillləh!”– de və yeddi dəfə də: “Hiss etdiyim və həzər et­diyim ağrının şərindən Allahın İzzət və Qüdrətinə sığınıram”– de.”5

əl-Həyat.

Bu da Allahın zatı sifətlərindən biridir. Əl-Həyat sifəti Onun əl-Həyy adından qaynaqlanır. Bu barədə dəlilləri qeyd etmişik.

əl-Elm.

Bu sifət də Allahın zatı sifətlərindəndir. Buna Quran və Sünnə­dən bir sıra dəlilləri göstərə bilərik.

Uca Allah buyurur: “Onlar Onun el­min­dən, Onun is­tə­di­yin­dən başqa heç bir şey qav­raya bil­məzlər” (əl-Bəqərə, 255).

Cabir ibn Abdullah (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara istixarə duasını öyrədər və bu duada belə demələrini buyurardı: “Allahım, Səndən Öz elminlə mənə kömək et­məyi və Öz qüdrətinlə mə­nə qüdrət verməyi dilə­yirəm.”6

İradə.

Bu, Allahın Quran və Sünnədə sabit olan feli sifətlərindəndir. Fe­li sifətlər Allahın istəyinə və qüdrətinə bağlıdır, istəsə onları edər, istə­mə­sə etməz. Uca Allah buyurur: “Allah kimi doğru yola yönəlt­mək istəsə, onun kök­sü­nü İs­lam üçün açar, kimi az­dır­maq istəsə, onun kök­sü­nü, san­ki o, göyə çı­xırmış kimi daral­dar və sıxın­tılı edər” (əl-Ənam, 125).

Sünnədən olan dəlildə isə Abdullah ibn Ömər (radiyallahu anhumə) Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allah bir xalqa əzab gön­dər­dik­də həmin əzab onların arasında olan kimsələri də bürüyər, sonra isə həmin adamlar əməllərinə görə həşr olunarlar.”7

Ucalıq.

Bu da Allahın Quran və Sünnədə sabit olan zatı sifətlə­rin­dən­dir. Uca Allah buyurur: “Ən Uca Rəbbinin adına təriflər de!” (əl-Əla, 1). Uca Allah buyurur: “Onlar özlərinin fövqün­də olan Rəb­bin­dən qorxur” (ən-Nəhl, 50). Sünnədən dəlil isə əvvəldə qeyd etdiyimiz Əbu Hureyranın (radiyallahu anhu) yuxudan öncə edilən dua barəsində rəvayət etdi­yi hədisidir. Hədisdə deyilir: “Allahım Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur.”8

Yüksəlmək.

Bu da Allahın Quran və Sünnədə sabit olan feli sifətlə­rindən­dir. Uca Allah buyurur: “Mərhəmətli Allah Ərşə ucaldı” (Ta ha, 5).

Qətadə ibn Nomən (radiyallahu anhu) rəvayət etmişdir ki, mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Allah məxluqatı yaratdıqdan sonra Ərşə yük­səldi.”9

Ərəb dilində “istiva” sözü ucalmaq, yüksəlmək, qərar tutmaq, yuxarı qalxmaq mənalarını verir. Uca Allahın Öz Ərşi üzərinə yük­səlməsi isə Özünə layiq şəkildə bir yüksəlmədir.

əl-Kəlam.

əl-Kəlam sifəti növ baxımından Allahın zatı sifəti, fərdi kəlam­lara nisbətdə isə feli sifətidir. Belə ki, O istədiyi vaxt istədiyi şəkildə, eşi­dilən bir tərzdə danışır. Quran və Sünnədə Allahın Kəlam sifətinə bir çox dəlillər vardır. Uca Allah buyurur: “Və Allah Mu­sa ilə söz­lə (vasitə­siz) da­nışdı” (ən-Nisa, 164).

O həmçinin buyurur: “Musa təyin etdiyimiz vaxtda gəl­dikdə Rəbbi onunla da­nış­dı. Musa dedi: “Ey Rəb­bim! Özünü mənə göstər, Sənə baxım” (əl-Əraf, 143).

Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Adəmlə Musa mübahisə etdilər. Musa dedi: “Ey Adəm, sən bizim atamızsan, bizi Cənnətdən məhrum etdin və bizi Cənnətdən çıxart­dın.” Adəm də dedi: “Ey Musa, Allah səninlə birbaşa danışmaqla və Tövratı Əli ilə yazmaqla Səni seçdi”.10

Üz.

Bu da Uca Allahın Quran və Sünnədə sabit olan zatı, həm də xə­bər şəklində varid olmuş sifət­lə­rin­dəndir. Uca Allah buyurur: “Siz onu ancaq Alla­hın Üzünü di­lə­diyinizə görə sərf edir­siniz (əl-Bəqərə, 272).

Həmçinin buyurur: “Ancaq Rəbbinin əzə­mət­li və kə­ramətli Üzü əbə­didir” (ər-Rəhman, 27).

Cabir ibn Abdullah (radiyallahu anhumə) demişdir: “Uca Allahın: “De: “Allah başı­nızın üs­tün­dən sizə əzab göndərməyə qa­dirdir...” (əl-Ənam, 65) ayəsi nazil olduqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Allahım! Sənin Üzünə sığınıram!” Allah buyurdu: “... və ya ayaq­la­rınızın altından...” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Allahım! Sənin Üzünə sığını­ram!” Allah buyurdu: “... ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Bu bir az yüngüldür.”11

İki Əl.

Bu da Allahın Quran və Sünnədə sabit olan zatı, həm də xə­bər şəklində varid olmuş sifət­lə­rin­dəndir. Uca Allah buyurur: “Ək­si­nə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir” (əl-Maidə, 64).

Həmçinin buyurur: “Allah dedi: “Ey İblis! Sə­nə Mə­nim iki əlimlə yaratdı­ğı­ma səc­də etməyə ma­ne olan nə idi?” (Sad, 75).

Muslim, Əbu Musa əl-Əşaridən (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allah gecə Əlini uzadır ki, gündüz vaxtı günah edən kimsələrin tövbələrini qəbul etsin, gündüz də Əlini uzadır ki, gecə vaxtı günah edən kimsələrin tövbələrini qəbul etsin. Bu, günəş batdığı yerdən çıxanadək beləcə davam edəcək.”12

İki göz.

Bu da Allahın Quran və sünnədə sabit olan zatı, həm də xə­bər şəklində varid olmuş sifət­lə­rin­dəndir. Uca Allah buyurur: “Gözü­mün önündə boya-başa çatdı­rılasan deyə” (Ta ha, 39).

Həmçinin buyurur: “Gözlərimizin önündə və vəh­yi­miz üzrə gəmini düzəlt(Hud, 37).

Buxari və Muslim, Abdullah ibn Ömərdən (radiyallahu anhumə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişlər: “Şübhəsiz ki, Allah sizdən gizli deyildir, O, təkgöz deyil, – Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu deyib əli ilə gözünə işarə etdi – Məsih Dəccalın isə sağ gözü kordur, onun gözü domba üzüm dənəsinə oxşayır.”13

Ayaq.

Bu da Allahın səhih hədislərdə sabit olan zatı sifətidir. Əbu Hu­reyradan (radiyallahu anhu) Cənnətlə Cəhənnəmin höcətləşməsi ilə bağlı nəql olunan hədisdə deyilir: “Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını Cəhənnəmə qoyacaq və o: “Yetər, yetər!” – deyəcək. Onda o artıq dolacaq və içindəkiləri qaplayacaq”14 Buxari və Muslimdə rəvayət olunan bəzi hədislərdə: “O ayağını onun üstünə qoyacaq” – deyilir.15

Allahın Quran və Sünnədə varid olan ad və sifətləri çoxdur. Sadalananlar isə sadəcə bir misaldır. Hər bir müsəlmana vacibdir ki, Allahın ad və sifətlərini Allah Öz kitabında isbat etdiyi kimi Onun Böyüklüyünü və Kamilliyini layiq bir şəkildə isbat etsin. Belə ki, O, Özünü məxluqatdan daha yaxşı tanıyır. Həmçinin gərək bu isbat Pey­­ğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsində varid olduğu kimi olsun. Çünki Peyğəm­bər (sallallahu aleyhi və səlləm) öz Rəbbini digər məxluqlardan daha yaxşı tanıyır, daha yaxşı nəsihət edir, daha səlis danışır, daha yaxşı bəyan edir, Allahdan ən çox qor­xan da məhz odur. Odur ki, müsəlman bu sifətləri inkar etməkdən və onları məxluqlara oxşatmaqdan çəkinməlidir. Uca Allah buyurur: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir“ (əş-Şura, 11).



1 "Müstədrək əl-Hakim", 1856.

2 "Səhih əl-Buxari", 3370; "Səhih Muslim", 406.

3 "Səhih əl-Buxari", 2731.

4 "Səhih əl-Buxari", 6345; "Səhih Muslim", 2730.

5 "Səhih Muslim", 2202.

6 "Səhih əl-Buxari", 6382.

7 "Səhih Muslim", 9287.

8 "Səhih Muslim", 2713.

9 əz-Zəhəbi, "əl-Üluvv", 119; əl-Həllal, "Kitab əs-Sünnə", 119.

10"Səhih əl-Buxari", 6614; "Səhih Muslim", 2652.

11 "Səhih əl-Buxari", 4628.

12 "Səhih Muslim", 2759.

13 "Səhih əl-Buxari", 7407; "Səhih Muslim", 2933.

14 "Səhih əl-Buxari", 4850; "Səhih Muslim", 2846.

15 "Səhih əl-Buxari", 4848, 4849; "Səhih Muslim", 2848.

 


Baxılıb: 16766


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”