Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / III mövzu. Ad və sifətlərlə bağlı qaydalar.

III mövzu. Ad və sifətlərlə bağlı qaydalar.

III mövzu.

Ad və sifətlərlə bağlı qaydalar.

 

Birinci qayda. Allahın zatı barəsində deyilənlər, Onun sifət­ləri barəsində də deyilməlidir.

Bu o deməkdir ki, Uca Allahın nə zatında, nə sifətlərində, nə də fellərində tayı-bərabəri yoxdur. Əgər Allahın, məxluqların zatına bən­zə­məyən həqiqi bir zatı varsa, deməli Quran və sünnədə varid olan sifətlər barəsində də eyni fikirlər bildirilməlidir. Belə ki, Allahın sifət­ləri də həqiqi sifətlər olub, digər sifətlərə bənzəmir. Odur ki, Allahın za­tı barəsində deyilənlər, Onun sifətləri barəsində də deyilməlidir. Bu gözəl qayda vasitəsilə Allahın zatını isbat edib, Onun sifətlərini inkar edən­lərlə münaqişə edilə bilər. Bütün İslam ümməti yekdilliklə Allahın za­tını təsdiq etməkdədir.

Əgər biri desə ki, “Allahın bu sifətlərini təsdiq edə bilmərəm, çünki bu zaman Onu məxluqata oxşatmış olaram”, ona demək lazım­dır ki, “Sən həm Allahın, həm də məxluqların həqiqi zata malik ol­duqlarını təsdiq edirsən. Sənin dediyinlə götürsək, məgər bu bənzət­mə deyilmi?” Və əgər: “Mən yalnız Allahın başqa zatlara bənzəmə­yən zatının olduğunu təsdiq edirəm”– desə, demək lazımdır ki, “Bu sifətlərə də aiddir, Onun zatı həqiqətən məxlu­qatın zatına bənzəmə­diyi kimi, sifətləri də məxluqatın sifətlərinə bənzəmir.” Birdən desə ki, “Mən keyfiyyətini dərk edə bilmədiyim bir sifəti nə cür isbat edə bilərəm”, soruşmaq lazımdır ki, “Bəs nə üçün sən keyfiyyətini bilmə­diyin bir zatı isbat edirsən?”

İkinci qayda. Bəzi sifətlər barəsində nə deyilirsə, digər sifət­lər barəsində də o deyilməlidir.

Yəni isbat və ya inkar etmə baxımından bəzi sifətlər barəsində nə deyilirsə, digər sifətlər barəsində də o deyilməlidir. Bu qayda va­sitəsilə bəzi sifətləri təsdiq edib digərlərini inkar edənlərlə münaqişə etmək olar. Əgər bir kimsə Həyat, Elm, Qüdrət, Eşitmək, Görmək və başqa bu kimi sifətləri təsdiq edib bütün bunları olduğu kimi qəbul edib, sonra da Məhəbbət, Razılıq, Qəzəb və başqa bu kimi sifətləri qə­bul etməyib bunu məcaz adlandırarsa, ona belə deyilər: “Sənin hə­qiqi olaraq təsdiq etdiyin sifətlərlə digərləri arasında heç bir fərq yox­dur. Si­­fətlərin bəziləri barəsində nə deyilirsə, digərləri barəsində də o deyil­mə­lidir. Allah üçün təsdiq etdiyin həyat, elm, qüdrət, eşitmə və görmə sifət­lərini məxluqlar üçün təsdiq etdiyin həyat, elm, qüdrət, eşitmə və görmə sifətlərinə bənzətməməyi isbat edirsənsə, gərək eyni qaydada Onun Qəzəb, Razılıq və Məhəbbət kimi sifətlərini də isbat edəsən. Onları məx­luqatın sifətlərinə oxşatmadığın kimi, bunları da oxşatmayasan. Əks təq­dirdə, sənin yürütdüyün bu fikir ziddiyyət təş­kil edəcək.

 

Üçüncü qayda. Allahın ad və sifətləri barədə (dəlil-sübutsuz) mü­za­kirə edilməməlidir.

Allahın ad və sifətlərində heç bir dəlil olmadığı təqdirdə susmaq gərəkdir. Bu halda ağıla istinad etmək yolverilməzdir. Ona görə də bu məsələdə Quran və Sünnədə deyilənlərlə kifayətlənib, ayə və hə­dislərə nə isə artırmaq və nəsə əskiltmək olmaz. Belə ki, Allahın ad və sifətlərini ağılla dərk etmək qeyri mümkün olduğu üçün, dəlillərdə varid olanlarla kifa­yətlənmək gərəkdir. Uca Allah buyurur: “Haqqın­da məlumatın ol­madığı bir işin dalınca getmə. Çün­ki qulaq, göz və ürək – bun­ların hamısı sahibinin əməl­ləri barəsində sorğu-sual olu­na­caq­dır” (əl-İsra, 36).

Məşhur İslam alimlərinin də mövqeyi belə olmuşdur. İmam Əh­məd demişdir: “Allahı Özünün və Rəsulunun vəsf etdiyi sifət­lərdən başqa sifətlərlə vəsf etmək olmaz. Bu məsələdə Quran və sünnədən kənara çıxmaq olmaz.” Bəzi alimlər bildirmişlər ki, hər hansı bir şeyin vəsf olunması üçün üç yol vardır: Ya həmin şeyi görməklə, ya onun bənzərini görməklə, yaxud da onu tanıyan bir kəsin onu vəsf et­məsilə. Bizim, Allahın ad və sifətləri barəsindəki bilgilərimiz üçüncü növ, yəni Onu tanıyan bir kəsin Onu vəsf etməsi vasitəsilə olmuşdur. Qətiyyətlə deyə bilərik ki, Allahı Onun Özündən, sonra da Onun vəhy etdiyi rəsullarından yaxşı tanıyan ola bilməz. Biz də ad və sifətlər məs­ə­ləsində vəhyə tabe olaraq bu dünyada Allahı görməsək də Onun ad və sifətlərini təsdiq etməliyik və bilməliyik ki, O, məx­luqata bənzəmir və Onun özünə­məxsus ad və sifətləri vardır.

Dördüncü qayda. Allahın bütün adları gözəldir.

Allahın bütün adları gözəldir. Bu barədə Uca Allah buyurur: “Ən gözəl adlar Allahın­dır” (əl-Əraf, 180).

Bundan aydın olur ki, ən yaxşı və ən şərəfli adlar Allaha məx­susdur. O, hər mənada bütün nöqsanlardan uzaq olan kamillik sifət­lərinə malikdir.

Misal olaraq əl-Həyyu (Yaşayan) adına nəzər salaq. Burada, əbədi və əzəli olan kamil bir həyat, nə əvvəli, nə də  sonu olan bir hə­yat nəzərdə tutulur. Əbədi Yaşayanın da Elm, Qüdrət, Eşitmə, Görmə və digər sifətlərə malik olması da labüddür. Digər bir misal əl-Alim (Hər şeyi bilən) adıdır. Bu, Allahın adlarından biridir və cahil­lik, unut­qanlıq kimi naqislikləri özündə ehtiva etməyən kamil bir addır. Uca Allah buyurur: “Rəb­bim nə xəta edir, nə də unu­dur!” (Ta ha, 52). Bu, hər şeyi, o cümlədən də Özünün və yaratdıqlarının fel­lərini əhatə edən geniş bir elmdir. Uca Allah buyurur: Allah gözlə­rin xain­cə­si­nə ba­xı­şını və kökslərin nələr giz­lət­di­yi­ni bilir“ (əl-Ğafir, 19). Uca Allahın adlarının hər biri ayrıca zikr olunarsa, bu, özü-özlüyündə gözəldir, adların bəziləri digərləri ilə birlikdə zikr olunduqda isə bu kamillik üzərinə kamillikdir.

Misal üçün əl-Əziz əl-Həkim adlarının birlikdə qeyd olunma­sıdır. Uca Allah Qurani Kərimdə bir çox yerlərdə bu iki adı yanaşı zikr edir. Bu iki adın hər biri özü-özlüyündə özünə xas olan mənanın kamil şəkildə olmasına dəlalət edir. Bu da onu göstərir ki, Allah həm qüdrət­li­dir, həm də hikmət sahibidir. Bu iki adın yanaşı gəlməsi Allahın adı­nın başqa bir kamilliyə də dəlalət etməsini göstərir. Bu da o deməkdir ki, Allahın qüdrəti hikmətlə olur və Onun qüdrətində zülmə, haqsız­lı­ğa yer yoxdur. Amma bəzi məxluqlar müəyyən qüd­rə­tə sahib olduqda zülmə və haqsızlığa yol verirlər. Həmçinin bunu Hikmət barəsində də demək olar. Allahın hökmü və Hikməti qüdrət­lə yanaşı gəldiyi üçün daha bir kamilliyə də dəlalət edir. Amma məx­luqların hökmü və hik­məti zəlillik də gətirir. Daha doğru­sunu Allah bilir.

Bu fəsilin sonunda müsəlmanın Allaha Rübubiyyətdə, Üluhiy­yətdə, ad və sifətlərdə imandan əldə etdiyi faydalardan bəzilərini qeyd etmək istəyirik:

1. Bunların sayəsində insan həm dünya, həm də axirət səadəti­nə nail olur. Elə buna görə də qətiyyətlə deyə bilərik ki, dünya və axirət səadətinə nail olmaq üçün Allaha iman olmalıdır. Müsəlmanın Rübubiyyət, Ülu­hiyyət və ad və sifətlərdə Allaha olan imanda nə qədər payı vardırsa, bir o qədər də səadətdən payı vardır.

2. Allaha, Onun ad və sifətlərinə olan iman Ondan qorxmaq Ona boyun əymək və Ona itaət etmək üçün ən böyük vasitədir. Belə ki, insan öz Rəbbini nə qədər çox tanısa, bir o qədər də Ona yaxın olar, Ondan daha çox qorxar, Ona daha çox ibadət edər və Ona qarşı gü­nah işlətməkdən daha çox çəkinər.

3. İnsan bunların sayəsində qəlbində bir rahatlıq və sükunət, dünya və axirətdə əmin-amanlıq və hidayət tapmış olur. Uca Allah buyurur: “Bunlar iman gətirənlər və qəlb­lə­ri Allahı zikr etməklə ra­hat­lıq tapan­lardır. Bilin ki, qəlblər ancaq Allahı zikr et­məklə ra­hat­lıq tapır“ (ər-Rəd, 28).

4. Axirət savabına nail olmaqdan ötrü Allaha iman olmalıdır. Bu­nun sayəsində insan axirət savabına çatır, genişliyi göylər və yer qədər olan Cənnətə daxil olaraq orada gözlərin görmədiyi, qulaqların eşit­mə­diyi, hətta heç kimin ağlına belə gəlmədiyi nemətlərə çatmış olur, Cəhənnəmdən və onun şiddətli əzabından qurtulur. Bunlardan daha əzəmətlisi isə odur ki, insan Rəbbinin razılığını qazanır, Rəb­bi­nin ona heç vaxt qəzəbi tutmur və nəticə etibarı ilə o, Qiya­mət günü bü­tün fit­nələrdən uzaq olaraq Uca Allahın üzünü gör­məkdən ləzzət alır.

5. Allaha iman gətirmək insanın əməllərini düzəldir və məqbul edir. Bu olmadıqda əməllər çox olsa belə qəbul olunmur. Uca Allah buyurur: “İmanı inkar edə­nin əməlləri boşa çıxar və o, Axi­rət­də ziyana uğrayan­lar­dan olar“ (əl-Maidə, 5). Həmçinin buyurur: “Kim də Axirəti istəsə, mö­min ola­raq bütün qəlbi ilə ona can at­sa, onların səyi məm­nuniyyətlə qəbul olunar“ (əl-İsra, 19).

6. Allaha düzgün formada iman gətirmək insanı elmlə və əməl­lə haqqa tabe olmağa yönəldir. Bununla da insan faydalı moizələri, ibrətamiz və təsirli əhvalatları dinləyir, fitrəti salamat olur, niyyəti gözəl olur, yaxşı işlərə və xeyirli əməllərə can atır, pis işlərdən və haramlardan çəkinir, yüksək əxlaqi keyfiyyətlərə və ədəb-ərkana nail olmuş olur.

7. Allaha iman möminlər üçün hər bir insanın başına gələ bilə­cək şər, hüzn, qorxu, itaət, günah və bu kimi başqa işlərdə bir sığına­caq rolunu oynayır. Onlar yaxşı hallarında Allaha imana tərəf yönələ­rək, Ona həmd edib, şəninə təriflər deyir və nemətlərini sevdiyi şey­lərə sərf edirlər. Xoşagəlməz və kədərli hallarda da Allaha imana mü­ra­ciət edərək imanlarından və böyük mükafata nail olmalarında tə­səl­li tapırlar. Qorxu və kədər hallarında da Allaha imana müraciət edərək onlar qəlblərində bir rahatlıq tapır, imanları artır, Allaha eti­mad­ları güclə­nir. İtaət etdikləri və saleh əməllərə müvəffəq olduqları zaman da onlar Allaha imana müraciət edərək, Alla­hın onlara bəxş etdiyi nemətlərlə tanış olur, onları daha da kamilləş­dirməyə səy gös­tərir, Allahın onları sabit etməyini və müvəffəq etməsini diləyirlər. Günah işlətdikdə isə yenə Allaha imana müraciət edərək dərhal töv­bə etməyə və həmin günahdan yaxa qurtarmağa tələsirlər. Beləliklə də, möminlər hər bir halda Allaha imana müraciət etmiş olurlar.

8. Allahın ad və sifətlərini tanımaq möminlərin qəlblərində Ona qarşı sevginin yaranmasına gətirib çıxarır. Belə ki, Onun ad və sifətlə­ri hər cəhətdən kamildir. İnsanların qəlbi isə kamilliyi hər zaman sevir. İnsanın qəlbində Allah sevgisi qərar tutduqda isə əzaları da yax­şı əməllər etməyə müvəffəq olur. Nəticə etibarı ilə də Allahın insanla­rı xəlq etməsindəki hikmət – Ona ibadət yerinə yetmiş olur.

9. Allahın ad və sifətləri haqqında bilgilərə malik olmaq insan­da Allahın təkliyinə, bütün işləri idarə etməsinə və bu işdə Onun heç bir şərikinin olmamasına bir yəqinlik yaradır. Bu da insana həm dün­yada, həm də axirətdə gərəkli olan təvəkkülün mövcudluğunu labüd edir. Kim Allaha təvəkkül etsə, Allah ona yetər.

10. Allahın gözəl adlarını sadalamaqla və onları öyrənməklə insan bir çox məlu­matlara yiyələnmiş olur. Belə ki, bütün məlumatlar ya Onun işlərini, ya da məxluqatlarını əhatə edir. Elm ya Allahın yarat­dıqları barədə, ya da qoyduğu qanunlar barədə olur. Hər iki amil – yaratma və işləri səhmana salma Allahın gözəl adları ilə sıx bağlılıq təşkil edir. Yaradılanlarda olduğu kimi, kim Allahın adlarını qavrasa, bütün elmlərə yiyələnmiş olar.


Baxılıb: 16515


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”