Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / II hissə. İMANIN DİGƏR DİRƏKLƏRİ I fəsil. Mələklərə iman I mövzu. Mələklərin tərifi, onların yaranışı, sifətləri və xüsu­siyyətləri.

II hissə. İMANIN DİGƏR DİRƏKLƏRİ I fəsil. Mələklərə iman I mövzu. Mələklərin tərifi, onların yaranışı, sifətləri və xüsu­siyyətləri.

 

II hissə.

İMANIN  DİGƏR  DİRƏKLƏRİ

I fəsil. Mələklərə iman

I mövzu. Mələklərin tərifi, onların yaranışı,

sifətləri və xüsu­siyyətləri.

 

Tərifi. Ərəbcə “Məlaikə” sözü “mələk” sözünün cəmi olub “əl-əluk” kəlməsindən götürülmüşdür, mənası – risalət, göndərilmədir.

Mələklər Allahın yaratdıqlarından biridir, incə və nurani cis­mə malikdirlər, onlar gözəl surətlərə, şəkillərə və qiyafələrə girə bi­lir­lər, qey­ri-adi gücə, çox böyük sürətə malikdirlər, onların sayı həd­dən çox­dur, saylarını Allahdan başqa heç kim bilmir. Allah onları Özünə ita­ət və ibadət etmək və əmrlərini yerinə yetirmək üçün ya­ratmışdır. On­lar Allaha qarşı əsla asilik etmir, yalnız onlara veri­lən əmrləri yerinə yetirirlər.

Onların yaradılışı.

Uca Allah mələkləri nurdan yaratmışdır. Aişə (radıyallahu anhə) rəvayət et­mişdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: “Mə­ləklər nurdan, cinlər tüs­tüsüz oddan, Adəm isə bildiyiniz şeydən ya­ran­mışdır.”1

Mələklərin sifətləri.

Quran və Sünnədə mələklərin sifətlərini vəsf edən bir çox dəlil­lər vardır. Biz onlardan bəzilərini qeyd edəcəyik:

Mələklər güclü və qüdrətli olurlar. Uca Allah buyurur: “Ey iman gətirənlər! Özü­nüzü və ailə­nizi yanacağı in­san­lar və daş­lar olan od­dan qoru­yun! Onun başı üs­tündə Alla­hın onlara ver­diyi əmrlərə heç vaxt asi olma­yan, özlə­rinə bu­yu­rulanları ye­ri­nə yetirən aman­sız və güclü mələklər var­dır” (ət-Təhrim, 6).

Uca Allah Cəbraili u vəsf edərək buyurur: “Bu Quranı ona çox qüvvətli olan öy­rət­di” (ən-Nəcm, 5). O, həmçinin buyurur:O elçi ki, qüvvətlidir, Ər­şin sahibi yanında böyük hör­­mət sa­hi­bidir” (ət-Təkvir, 20).

Ayə və hədislərdə mələklərin olduqca böyük və əzəmətli ol­duq­ları da bildirilir. Muslimin “Səhih” əsərində Aişədən (radıyallahu anhə) rəvayət olu­nan hə­disdə belə deyilir: “Mən Peyğəm­bərdən (sallallahu aleyhi və səlləm) Uca Allahın: ”O onu aydın üfüqdə gördü” (ət-Təkvir, 23) ayəsi barədə soruşduqda, o bu­yurdu: “O, Cəbraildir. Mən bu iki kərədən başqa heç vaxt onu xəlq edildiyi surətində görməmişəm. Onu səmadan enərkən gördüm. Xilqə­tinin böyüklüyü göylə yerin arasını tutmuşdu.”2

İmam Əhməd, Abdullah ibn Məsuddan (radiyallahu anhumə) rəvayət etmişdir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) Cəbraili əsl surətində gördü. Onun altı yüz qa­na­dı var idi. Həmin qanadlardan hər biri üfüqü tutmuşdu. Onun qa­nad­la­rın­dan ancaq Allaha məlum olan rəngarəng qiymətli daş-qaşlar, dürr və yaqut tö­kü­lürdü.”3 Hafiz İbn Kəsir demişdir: “Hədisin isnadı yax­şıdır.”

Əbu Davud Cabir ibn Abdullahdan (radiyallahu anhumə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dedi­yini rəvayət etmişdir: “Mənə Allahın mələklərindən – Ərşi daşı­yan mələklərdən biri haqqında – danışmağa izn verildi. Onun qulağı­nın mərcəyi ilə boyunu arasın­dakı məsafə yeddi yüz illik yol qədər­dir.”4 Heysəmi “Məcməuz-Zəvaid” əsə­rində demişdir: “Bu hədisin raviləri etibarlıdırlar.”

Mələklər yaradılışlarına və qüdrətlərinə görə müxtəlifdirlər, ey­ni dərəcədə deyillər. Onlardan bəzilərinin iki qanadı, bəzilərinin üç, bəzilərinin dörd, digərlərinin də altı yüz qanadı vardır. Uca Allah bu­yurur: “Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qa­nad­lı el­çi­lər edən Alla­ha həmd ol­sun! O, xəlq etdiklərindən is­tə­diyini ar­tı­rır” (əl-Fatir, 1).

Mələklər olduqca yüksək dərəcədə gözəlliyə malikdirlər. Uca Allah Cəb­rail haqqında buyurur: “Bunu ona çox qüvvətli olan öy­rət­di, gözəl görünüşlü Cəbrail. O, yüksə­lib öz surətində gö­rün­dü(ən-Nəcm, 5-6). İbn Abbas (radiyallahu anhumə) demişdir: “Ayədəki "zu mirra" sözü gözəl gö­rü­nüş­lü deməkdir.” Qatədə demişdir: “Böyük və gözəl bir görü­nü­şə ma­lik.”

Qadınların Yusufu gördükləri zaman dedikləri sözlər barəsində Uca Allah belə xəbər verir: Qa­dınlar Yusufu gör­dükdə onu o qədər tə­rif­lə­di­lər ki, unu­dub meyvə əvəzinə öz əl­lərini kəsdilər və dedilər: “Allah sax­la­sın! Bu ki bəşər deyil. Bu ancaq hör­mətə layiq bir mə­lək­dir!” (Yusuf, 31).

Onlar bunu insanlarda mələklərin gözəl bir görünüşə malik olmaları barədə təsəvvürün olduğuna görə demişdilər.

Mələklər möhtərəm və olduqca itaətkardırlar. Uca Allah buyu­rur: Bu səhifələr elçilərin əl­lə­rində, möhtərəm və müti olan­ların əllə­rindədir(Əbəsə, 15-16). Həmçinin buyurur: “Həqiqətən, sizin üstü­nüz­də nə­za­rətçilər vardır, çox möhtərəm, əməllə­ri­nizi ya­zanlar“ (əl-İnfitar, 10-11).

Mələklər həm də həyalıdırlar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Osman haqqında demişdir: “Mələklərin utandığı bir kəsdən mən necə utanmayım?!”5

Onlar həm də elmlidirlər. Uca Allah mələklərə xitab edərək bu­yurur: “Həqiqətən, Mən biləni siz bilmirsiniz” (əl-Bəqərə, 30). Bu ayə­də Uca Allah mələklərin elmli olduqlarını, lakin onların Onun bildiyini bilmədiklərini bildirir. Uca Allah Cəbrail barəsində buyu­rur: “Bunu ona çox qüvvətli olan öy­rət­di” (ən-Nəcm, 5). Təbəri de­mişdir: “Bu Quranı Muhəmmədə Cəbrail öyrətmişdir.” Bu da Cəb­railin elmli olduğunu və elm öyrətdiyini göstərir.”

Quran və Sünnədə mələklərin əzəmətli və gözəl əxlaqa malik olduqlarını vəsf edən neçə-neçə dəlillər vardır ki, onların necə yüksək məqama sahib olduqlarını göstərir.

Mələklərin xüsusiyyətləri.

Uca Allah mələklərə müəyyən xüsusiyyətlər vermişdir ki, onlar bu xüsusiyyətləri ilə cinlərdən, insanlardan və digər məxluq­lardan fərqlənirlər:

Onların xüsusiyyətlərindən biri onların göydə yaşamalarıdır. Onlar yalnız Allahın tapşırığını icra etmək və öz vəzifələrini ye­rinə yetirmək üçün yerə enirlər. Uca Allah buyurur: Allah Öz hök­mü ilə qul­la­rından is­tə­diyi kimsəyə mə­lək­ləri vəhy­lə gön­də­rir” (ən-Nəhl, 2). O, həmçinin buyurur: “Sən mələklərin, Ərşi əha­tə edə­rək, Rəbbinə həmd ilə tə­rif­lər de­diklərini gö­rəcək­sən” (əz-Zumər, 75). Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Bir dəstə mələk gecə­lər, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar sübh və əsr namazlarında bir yerə toplanırlar. Bundan son­ra gecəni sizin aranızda keçirən mələklər səmaya qalxır və Allah on­lardan: “Siz Mənim qullarımı nə və­ziyyətdə tərk etmisiniz?”– deyə so­ruşur, halbuki O, qullarının nə et­dik­lə­ri­ni daha yaxşı bilir. Bununla belə onlar deyirlər: “Biz onları namaz qıldıqları hal­da tərk etdik, yan­larına gəldikdə də onlar namaz qılırdılar.”6 Bu barədə bir çox dəlillər var ki, hamısını qeyd etmək mövzunu hədsiz böyüdərdi.

Onların başqa bir xüsusiyyəti də onların qadın cinsi ilə vəsf olun­­mamalarıdır. Uca Allah kafirlərə belə buyurur: “Onlar Mərhə­mətli Allahın qul­ları olan mələkləri qız he­sab et­dilər. Məgər on­lar mələk­lərin yaradılışının şahidi olub­lar? On­la­rın bu şahidliyi ya­zı­lacaq və buna görə cavab ver­məli olacaqlar” (əz-Zuxruf, 19). Həm­çinin buyu­rur: “Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları ve­rir­lər“ (ən-Nəcm, 27).

Onların başqa bir xüsusiyyəti də Allaha qarşı asilik və günah et­məmələri, yalnız Ona itaət etmələri və Onun əmrini yerinə yetir­mə­lə­ridir. Uca Allah bu barədə buyurur: Onun başı üs­tündə Alla­hın on­lara ver­diyi əmrlərə heç vaxt asi olma­yan, özlərinə bu­yu­rulanları ye­ri­nə yetirən aman­sız və güclü mələklər var­dır“ (ət-Təhrim, 6). O, həmçinin buyurur: Mələklər Ondan qabaq da­nış­maz­lar; onlar an­caq Onun əm­ri­ni yerinə ye­tirərlər“ (əl-Ənbiya, 27).

Onların digər bir özəllikləri Allaha ibadətdən yorulub bezmə­mələridir. Uca Allah buyurur: “Onun ya­nın­da olanlar Ona iba­dət et­məyə təşəxxüs göstərmir və bundan yo­rul­murlar. Onlar gecə-gün­düz, usan­madan Onun şəninə təriflər de­yir­lər” (əl-Ənbiya, 19-20). Başqa bir ayədə isə O, buyurur: “Əgər onlar təkəbbür gös­tərsələr bil­sinlər ki, sənin Rəb­binin ya­nında olan­lar gecə-gün­düz usan­ma­dan Onun şəninə təriflər de­yir­lər“ (əl-Fussilət, 38).

Bu, Uca Allahın mələkləri insan və cinlərdən fərqləndirdiyi bəzi xüsusiyyətlərdir. Qısa olaraq desək, mələklər tam fərqli məxluqdur­lar. Onlar həm yaradılış, həm də mahiyyət baxımından insanlardan və cinlərdən fərq­lə­nirlər. İnsanlar və cinlər də özlərinə məxsus özəl­likləri ilə digər məx­luqlardan fərqlidirlər.



1 "Səhih Muslim", 2996.

2 "Səhih Muslim", 177.

3 "Müsnəd Əhməd", 1/395, 6/294.

4 "Sünən Əbu Davud", 4727. Hədis səhihdir: Səhih və Daif Əbu Davud 4727-ci hədis.

5 "Səhih Muslim", 2401.

6"Səhih əl-Buxari", 555; "Səhih Muslim", 632.

 


Baxılıb: 16259


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”