Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / III mövzu. Mələklərin vəzifələri.

III mövzu. Mələklərin vəzifələri.

 

III mövzu. Mələklərin vəzifələri.

 

Mələklər Uca Allahın əsgərləridirlər. Allah onlara mühüm işlər, böyük vəzifələr tapşırmış və bunları kamil şəkildə yerinə yetirə bil­mələri üçün onlara qüdrət də əta etmişdir. Bu vəzifələr də müxtəlif qisimlərə bölünür:

Mələklərdən eləsi vardır ki, vəhyi Allahdan peyğəmbərlərə çat­dırmağa müvəkkəl olunmuşdur. Bu, Cəbraildir. Uca Allah buyurur: “Onu sadiq ruh Cəb­rail endir­di – sənin qəlbinə ki, xəbər­dar edən­lərdən olasan. Bu Quran açıq-aydın ərəb di­lin­də nazil edildi(əş-Şüəra, 193-195). Cəbrail mələklərin fəzilətlisi və Allah qatında ən hörmətlisidir. Uca Allah onun qüvvətli və tapşırılan işi yerinə yetir­məkdə etimad ediləsi olduğunu vəsf etmişdir. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) onu xəlq edildiyi surətində yalnız iki dəfə görmüşdür. Digər vaxtlarda isə onu insan şəklində görürdü. O bir dəfə Cəbraili gün doğan tərəfdə üfüqdə görmüşdü. Uca Allah bu barədə buyurur: “O, Cəbraili aydın üfüqdə gördü” (ət-Təkvir, 23). İkinci dəfə isə onu İsra gecəsi səmada görmüş­dü. Uca Allah buyurur: “Onu bir daha öz sürə­tin­də enər­kən gördü – son həddəki Sidr ağacı­nın yanın­da. Məva bağı da onun ya­nın­da­dır” (ən-Nəcm, 13-15). Muslimin "Səhih" əsərində də Aişədən O rə­vayət olunur ki, mən qeyd olunan iki ayənin açıqlaması barədə Pey­ğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşduqda o belə dedi: “Bu Cəbraildir. Mən bu iki kərədən başqa heç vaxt onu xəlq edildiyi surətində görməmişəm. Onu səmadan enərkən gördüm. Xilqətinin böyüklüyü göylə yerin ara­sını tutmuşdu.”1

Mələklərdən eləsi də vardır ki, onun vəzifəsi yağış yağdırıb bitkiləri yetiş­dir­məkdir. Bu iş isə Mikailə tapşırılıb. Uca Allah buyurur: “Kim Allaha, Onun mə­lək­­ləri­nə və elçilərinə, Cəb­railə və Mi­kailə düşmən­dirsə, şüb­həsiz ki, Allah da o kafirlərə düş­mən­dir” (əl-Bə­qərə, 98).

Mikail də Rəbbi yanında yüksək məqama malikdir. Ona görə də Uca Allah əvvəlki ayədə Mikaili və Cəbraili xüsusi olaraq zikr edə­rək mələklərdən olmalarına baxmayaraq onların adlarını şərəfli ol­duq­larına görə bir daha qeyd etmişdir. Əvvəldə qeyd etdiyimiz kimi, onun adı Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) gecə namazında etdiyi duasında da çəkilir. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) bu cür dua edərdi: “Ey Cəbrailin, Mikailin və İsrafilin Rəbbi Allahım!...”2 Məhz bu hədisə istinadən alimlər bu üç mələyin ən əfzəl mələklər olduğunu bildirmişlər.

Mələklərdən eləsi də vardır ki, sur çalmaq ona tapşırılıb. Bu da üçüncü ən əfzəl mələk olan İsrafildir. Həmçinin, İsrafil Ərşi daşıyan mə­ləklərdən biridir. Sur deyildikdə içərisinə üfürüləcək böyük bir buynuz nəzərdə tutulur. İmam Əhməd Müsnəd əsərində Abdullah ibn Amr ibn Asdan (radiyallahu anhu) rəvayət etmişdir ki, “Bir dəfə bir bədəvi gəlib Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu ki, Sur nədir? O dedi: “İçərisinə üfürülən buynuz.”3 Bu hədisi həmçinin Hakim də səhih olaraq rəvayət etmiş, Zəhəbi də onun bu mövqeyini dəstəkləmişdir.4

Həmçinin, İmam Əhməd və Tirmizi Əbu Səid əl-Xudridən (radiyallahu anhu) Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişlər: ”Sur sahibi surunu əli­nə alıb, başını qaldırıb qulaq verərək üfürməyə əmr olunacağını göz­lədiyi halda, mən necə rahat ola bilərəm?” Müsəlmanlar dedilər: “Ey Allahın rəsulu, bəs biz nə deyək?” O dedi: “Deyin ki: Allah bizə yetər, O, nə gözəl qoruyandır. Allaha təvəkkül edirik.”5 Tirmizi demişdir: “Bu hədis “həsən”-dir.” Bəzi alimlər isə onu səhih saymışlar.

İsrafil sura üç dəfə üfürəcək – dəhşət gətirəcək üfürmə, qulaqba­tırıcı (öldürücü) üfürmə və yenidən dirilmə üfürməyi. Uca Allah buyu­rur: “Sur üfürüləcəyi gün Alla­hın istə­diklərindən başqa, göy­lər­də və yerdə olan­lar dəhşətə düşəcək və hamısı Onun hü­zu­runa baş əyə­rək gələcəkdir“ (ən-Nəml, 87).

Burada söhbət dəhşət gətirəcək üfürməyindən gedir. Digər iki üfürməyə aşağı­dakı ayə dəlildir: “Sur üfürüləcək və Alla­hın istə­di­yi kimsələr­dən başqa göy­lər­də və yer­də kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfü­rülən kimi onlar qal­xıb baxacaqlar“ (əz-Zumər, 68).

Mələklərdən eləsi də vardır ki, ona can almaq tapşırılıb. Bu da Ölüm mələyidir. Uca Allah buyurur: “De: “Sizə müvəkkil olan ölüm mə­ləyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarıla­caqsınız!” (əs-Səcdə, 11).

Ölüm mələyinin köməkçiləri olan mələklər də vardır. Onlar in­sana etdikləri əmələ müvafiq olaraq görünürlər. Əgər yaxşı iş sahibi olmuşsa, onlar ona gözəl simada, pis əməl sahibi olmuşsa, qorxunc bir simada görünürlər. Uca Allah buyurur: “Nəha­yət, sizlər­dən biri­nə ölüm gəl­di­yi za­man elçilə­ri­miz mələk­­lər onun ca­nı­nı alır­lar və heç bir səhvə yol ver­mir­lər” (əl-Ənam, 61).

Həmçinin mələklərdən eləsi də vardır ki, ona dağlar tapşırılıb. Dağlar mələyi barədə peyğəmbərliyin əvvəlində Pey­ğəmbərimizin (sallallahu aleyhi və səlləm) Taifə çıxaraq taifliləri dəvət etdiyi, onların da onu qəbul etmədikləri barədə hədisdə çəkilir. Həmin hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: “Mən başımı yuxarı qal­dırıb üstümə kölgə salan bir bulud gördüm. Mən buluda diqqət yetir­dikdə içində Cəbraili gördüm. O məni səslə­yib dedi: “Allah sənin həmqəbilə­lərinin nə dediklərini və sənə necə rədd cavabı verdiklərini eşitdi. Rəbbin dağlar mə­ləyini sənin yanına göndərib ki, onları bəlaya düçar etmək xüsu­sunda is­tə­diyini bu mələyə əmr edəsən.” Dağlar mələyi mənə salam ver­dikdən son­ra dedi: “Ey Muhəmməd, nə istəyirsənsə, buyur! İstəyirsənsə, bu iki dağı onların başına uçur­dum!” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Xeyr, mən ancaq onu diləyi­rəm ki, Allah onların belindən Tək Allaha ibadət edən və Ona heç bir şeyi şərik qoşmayan kimsələr gətirsin!”6 İki dağ deyil­dikdə, Məkkədə yerləşən Əbu Qubeys dağı və onun qarşısındakı dağ nəzərdə tutulur.

Bətnlərdə olanlara müvəkkil edilmiş mələk. Ənəs ibn Malikdən (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Allah mələklərdən birinə buyurub ki desin: “Ey Rəbbim, nütfədir, ey Rəbbim laxtalanmış qan­dır, ey Rəbbim ət parçasıdır.” Uca Allah bəndəsinə can verdikdə isə mələk soruşar: “Kişimi, ya qadınmı? Xoşbəxtmi, ya bədbəxtmi? Ruzisi və əcəli necə olacaq?” Beləliklə bütün bunlar uşağa anasının bətnində ikən yazılar.”7

Həmçinin onlardan bəziləri Ərşi daşıyanlardır. Uca Allah bu­yu­rur: “Ərşi daşıyanlar və onun ətra­fın­da­kılar öz Rəbbinə həmd edə­rək onu tə­rif­ləyir, Ona iman gətirir və möminlər üçün ba­ğış­lan­ma dilə­yirlər” (Ğafir, 7); “Mələklər isə onun ətra­fında ola­caqlar. O gün sənin Rəb­bi­nin Ərşini sək­kiz mələk daşıyacaqdır” (əl-Həqqa, 17). Bəzi alimlər demişlər: “Ərşin ətrafında olan mələklər də Ərşi daşı­yanlar kimi ən şərəfli mələklərdəndir.”8

Bəzi mələklər Cənnətin gözətçiləridir. Uca Allah buyurur: “Rəb­bindən qorxanlar da dəstə-dəstə Cənnətə gətirilə­cək­lər. Nə­ha­yət, ora çatdıqda onun qapıları açılacaq və onun gö­zət­çiləri on­lara deyə­cəklər: “Sizə salam olsun! Xoş sizin halını­za! Əbədi qal­maq üçün buraya daxil olun!” (Zumər, 73). Həmçinin buyurur: “Əməli­saleh ata­ları, zöv­cə­­ləri və öv­ladları ilə birlikdə da­xil ola­caqları Ədn bağları ha­zırlan­mışdır. Mələklər bütün qapılardan onların yanına da­xil olacaqlar” (ər-Rəd, 23).

Bəzi mələklər isə Cəhənnəmin gözətçiləridir. Onlar da Zəba­ni ad­lanırlar. Onların başçıları on doqquzdur. Uca Allah buyurur: “Odda olanlar Cəhən­nəm gözət­çi­lərinə deyəcəklər: “Rəb­bi­ni­zə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngül­ləş­dir­sin!” (Ğafir, 49). Uca Allah buyurur: “Qoy o öz yığnağını ça­ğır­sın. Biz də əzab mələklərini (Zəbaniləri) çağıra­cağıq.” Uca Allah buyu­rur: “Onun üzərində on doq­quz gözətçi mələk vardır. Biz Cəhənnəm gözətçi­lərini yal­nız mələklər­dən etdik” (əl-Müddəssir, 30-31). O, həmçinin buyurur: “Onlar Cəhən­nəm gözət­çi­si­ni çağı­rıb deyəcəklər: “Ey Ma­lik! Qoy Rəbbin canı­mızı alıb qurtarsın!” O isə: “Siz bu­rada əbədi qala­caq­sınız!”– deyəcək” (əz-Zuxruf, 77).

Sünnədə də Malikin Cəhənnəmin gözətçisi olması, habelə Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) onu görməsi barədə hədislər vardır. Buxarinin "Səhih" əsərində Səmura ibn Cundəbdən (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəva­yət olunmuşdur: “Bu gecə gördüm ki, iki kişi mənim yanıma gəlib dedilər: “Cəhənnəm odunu alovlandıran, Cəhənnəmin gözətçisi Ma­likdir. Mən Cəb­railəm, bu isə Mikaildir.”9

Mələklərdən bəziləri də Beytul Məmuru ziyarət edənlərdir. Bu mələklərdən hər gün yet­miş mini Beytul Məmura daxil olur və bir daha ora qayıtmırlar. Malik ibn Sasaə (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Sonra mənə Beytul Məmuru göstərdilər. Soruş­dum: “Bu nədir, ey Cəbrail?” Dedi: “Bu Beytul Məmurdur. Hər gün onun içinə yetmiş min mələk girir. Oradan çıxdıqdan sonra bir daha ora qayıtmırlar.”10

Bəzi mələklər isə gəzib dolaşanlardır. Onlar gəzərək zikr məc­lislərini axtarırlar. Buxari və Muslimin rəvayət etdiyi hədisdə Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini nəql etmişdir: “Allahın yol­larda gəzib dolanaraq Allahı zikr edən insanları arayan mələkləri vardır. Onlar Allahı zikr edən bir camaata rast gəldikdə bir-birini çağırar və: “Axtardığınızın yanına gəlin!”– deyərlər. Sonra da onlar bu camaatı öz qanadları ilə dünya səmasınadək əhatəyə alarlar...”11 Alimlər demişlər ki, bu mələklər insanları qoruyan mələklərdən əlavədirlər.

Həmçinin rəvayət olunmuşdur ki, bu mələklər ümmətindən Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) salam göndərənin salamını ona çatdırır. İmam Əhməd və Nəsai səhih isnadla Abdullah ibn Məsuddan (radiyallahu anhumə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişlər: “Həqiqətən Allahın yer üzərində gəzib dola­nan mə­ləkləri vardır. Onlar ümmətimin salamlarını mənə çatdı­rır­lar.”12

Mələklərdən bəziləri də əməlləri yazan, möhtərəm mələklərdir. Onların işləri məxluqatın əməllərini yazıb onları siyahıya almaqdır. Uca Allah buyurur: “Həqiqətən, sizin üstü­nüz­də nə­za­rətçilər vardır – çox möhtərəm, əməllə­ri­nizi ya­zanlar. Onlar sizin nə etdiklə­ri­nizi bi­lirlər” (əl-İnfitar, 10-12). Həmçinin buyurur: “Sağında və solunda iki mələk otu­rub onun əməllərini qey­də alır. Dediyi elə bir söz yox­dur ki, onu yazmaq üçün ya­nında hazır dur­muş gö­zətçi olmasın” (Qaf, 17-18). Mücahid bu ayənin təfsirində demişdir: “İnsanın sağın­da bir mələk, solunda da bir mələk vardır. Sağdakı mələk yaxşı əməl­ləri, soldakı isə pis əməlləri qeyd edir.”

Bəzi mələklərə isə qəbir fitnəsində insanları sorğuya tutmaq tapşırılıb. Onların adları Munkər və Nəkirdir. Buna bir çox səhih hədislər sübutdur. Buxari və Muslim, Ənəs ibn Malikdən (radiyallahu anhu) Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişlər: “Bəndə qəbirə qoyulduqdan sonra yoldaşları dönüb getdiyi zaman onların ayaqqabılarının səsini eşidir. Bu zaman onun yanına iki mələk gəlib onu otuzdurur və on­dan soruşurlar ki: “Bu Muhəmməd (sallallahu aleyhi və səlləm) deyilən adam haqqında nə de­yə bilərsən?” Mömin olan kəs: “Mən şəhadət verirəm ki o, Allahın qulu və elçisidir”– deyə cavab verir. Onda mələklər deyirlər: “Cəhən­nəm odundakı yerinə bax! Allah onun əvəzinə sənə Cənnətdə bir yer verdi.” Bu zaman həmin şəxs hər iki yerini görəcəkdir.”13

Tirmizi və İbn Hibban Əbu Hureyradan (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişlər: “Meyit, (yaxud sizlərdən biri) dəfn olun­duq­dan sonra onun yanına biri qara, digəri göy olmaqla iki mələk gələr. Onlardan birinin adı Munkər, digərininki isə Nəkirdir. Onlar gəlib soruşarlar: “O kişi haqqında nə deyirdin?...”14 Tirmizi bu hədisin həsən olduğunu bildirmişdir.

Bunlar Quran və Sünnədə vəzifələri və adları qeyd olunan ən məşhur mə­ləklər idi. Hər bir bəndə bunlara iman gətirərək dəlillərdə göstərilənləri təsdiqləməlidir. Daha doğrusunu Allah bilir.

Mələklərə iman gətirməyin səmərəsi.

Mələklərə iman gətirməyin mömin üçün böyük faydaları var:

1. İnsan mələkləri yaradan Allahın həm əzəmətini, həm də Onun qüdrətinin və hökmranlığının kamil olduğunu anla­mış olur.

2. İnsan Allahın lütfünü və Mələklərdən bəzilərini bəndələri qo­ru­mağa, bəzilərini onların əməllərini yazmağa, bəzilərini də dünya və axirətləri üçün faydalı olan digər əməllərə müvəkkəl etməklə Allahın bəndələrinə olan qayğısını bildikdə Uca Allaha şükür etmiş olur.

3. Mələklər Allaha lazımi qaydada itaət etdikləri üçün habelə, möminlərə kömək edərək onlar üçün bağışlanma dilədikləri üçün mö­minlər onları sevmiş olur.



1 "Səhih Muslim", 177.

2 "Müsnəd Əhməd", 6/156; "Sünən ən-Nəsai", 3/173.

3 "Müsnəd Əhməd", 2/162, 192.

4 "Müstədrək əl-Hakim", 2/506, 4/589.

5 "Müsnəd Əhməd", 3/7; "Sünən ət-Tirmizi", 2431, 3243.

6 "Səhih əl-Buxari", 3231; "Səhih Muslim", 1795.

7 "Səhih əl-Buxari", 318; "Səhih Muslim", 2646.

8 "Təfsir İbn Kəsir", 7/120.

9 "Səhih əl-Buxari", 3236.

10 "Səhih əl-Buxari", 3207; "Səhih Muslim", 164.

11 "Səhih əl-Buxari", 6408; "Səhih Muslim", 2689.

12 "Müsnəd Əhməd", 1/452; "Sünən ən-Nəsai", 1282.

13 "Səhih əl-Buxari", 1374; "Səhih Muslim", 2870.

1 4"Sünən ət-Tirmizi", 1073; "Səhih İbn Hibban", 3117.

 


Baxılıb: 17029


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”