Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / IV mövzu. Qurana iman və onun xüsusiyyətləri.

IV mövzu. Qurana iman və onun xüsusiyyətləri.

 

IV mövzu.

Qurana iman və onun xüsusiyyətləri.

 

Quranın, Qüdsi hədisin və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisinin tərifi, ha­belə bunların arasındakı fərq.

Qurani Kərim. Bu, Allahın o kəlamıdır ki, Allah həqiqi mənada danışmış, – halbuki biz bunun necə-nəcürlüyünü izah edə bilmərik, – sonra bunu Öz elçisinə vəhy etmiş, möminlər ona haqq olaraq iman gətirmiş və onun həqiqətən Allah kəlamı olduğunu bilmişlər. Cəbrail (aleyhissalam) onu Allahdan eşitmiş, sonra da peyğəmbərlərin so­nun­cusu olan Mu­həmmədə (sallallahu aleyhi və səlləm) ləfz və məna olaraq mutəvatir şəkildə çatdırmış, üstəlik bu günə qədər o, Kitab şəkilində yazılaraq bizə çatmış və hər bir təhrifdən qorunmuşdur.1

Qüdsi hədis. Bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öz Rəbbindən həm ləfz, həm də mənaca rəvayət etdiyi, bizə həm mutəvatir, həm də əhəd olaraq ça­tan hədislərdir. Lakin bunlar Quran kimi mutəvatir deyildir.2

Onun misalı Əbu Zərr əl-Ğifarinin Peyğəmbərdən (sallallahu aleyhi və səlləm), onun isə öz Rəbbindən rəvayət etdiyi hədisdir: “Ey qullarım, şübhəsiz ki, Mən zülmü Özümə haram etdim, onu sizlərin də arasında haram etmişəm, odur ki, bir-birinizə zülm etməyin.”3

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisi. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dediyi sözləri və əməl­lə­ri, (sə­habələrinin dediklərini və etdiklərini) təsdiqlədiyini özündə cəm edən, habelə onu vəsf edən hədislərə deyilir.4

Quran, Qüdsi hədis və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisi arasındakı fərq.

Quranın oxunuşu ibadətdir, üslubu möcüzəvidir, heç kəs onun bənzərini deyə bilməz, napak halda olan kimsə ona toxunmamalı, cu­nub ha­lında olan isə onu oxumamalıdır, məna ilə rəvayət edilməsi caiz deyil, namazda oxunur, onu oxuyan oxuduğu hər bir hərfə görə on sa­vab qazanır. Qüdsi hədis və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisi isə belə deyildir.

Qüdsi hədislə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisi arasındakı fərq.

Qüdsi hədis həm ləfz, həm də mənaca Allah kəlamıdır, Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) hədisi isə həm ləfz, həm də mənaca Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözü­dür. Allah kəlamı məxluqun sözündən əfzəl olduğu üçün, qüdsi hə­dis Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisindən daha əfzəl sayılır.5

Qurana imanın xüsusiyyətləri.

Öncə qeyd etdiyimiz kimi, kitablara iman imanın əsaslarından biridir. Bu kitab digər kitabları nəsx etdiyi, onlara şahidlik etdiyi, onunla ibadət edildiyi, bütün insanlara və cinlərə göndərildiyi üçün onu digər kitablardan fərqləndirən xüsusiyyətlər də vardır. Həmin xüsusiyyətlər bunlardır:

1. Etiqad etmək lazımdır ki, Quran bütün insanlara və cinlərə göndərilmişdir. Onlar da yalnız Quranın hökmlərinə tabe olmalı və yalnız ona iman gətirməlidirlər. Uca Allah buyurur: “Aləmləri xəbər­dar etmə­sindən öt­rü Öz quluna Fur­qa­nı nazil edən Allah necə də xe­yirxahdır!” (əl-Furqan, 1). Həmçinin Peyğəmbərinin (sallallahu aleyhi və səlləm) dilindən bu­yurmuşdur: “Bu Quran mənə vəhy olun­du ki, onunla si­zi və onun çata­ca­ğı hər kəsi xəbər­dar edim” (əl-Ənam, 19). Həmçinin cinlər ba­rə­sində buyurur: “De: “Mənə vəhy olundu ki, cinlər­dən bir dəstə Quranı din­lə­dik­dən sonra öz tayfa­la­rı­na qayıdıb dedilər: “Həqiqə­tən, biz hey­rə­ta­miz bir Quran din­lədik! O, doğru yola yönəldir. Biz ona inandıq və bundan son­ra əsla kim­səni Rəbbimizə şə­rik qoşma­yacağıq” (əl-Cin, 1-2).

2. Etiqad olunmalıdır ki, Quran bütün başqa kitabları nəsx edə­rək onları hökmdən salmışdır. Qu­ran nazil olduqdan sonra nə Kitab əhlinə, nə də digərlərinə başqa bir kitaba tabe olması caizdir. Yalnız Quranın əmrləri din sayılır, onun halal buyurduqları halal, haram buyurduqları isə haram hesab edilir. Uca Allah buyurur: “İslamdan baş­qa bir din ax­taran şəxsdən, o din heç vaxt qə­bul olunmaz və o, axi­rətdə zi­ya­na uğrayanlardan olar” (Ali İmran, 85). Həmçinin buyu­rur: “Həqi­qətən, Biz sənə Ki­ta­bı haqq olaraq nazil etdik ki, in­san­lar arasında Allahın sənə vəhy etdiyi ilə hökm ve­rə­sən. Odur ki, xa­inləri müda­fiə edən­lər­dən olma” (ən-Nisa, 105). Öncə qeyd etmişdik ki, Cabir ibn Abdullahdan rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) sə­habələrinə kitab əhlinin kitablarını oxumağı qadağan edərək demiş­dir: “Canım əlində olana and olsun ki, əgər Musa sağ olsaydı, hök­mən mənə tabe olardı.”6

3. Bilmək lazımdır ki, Quranın gətirdiyi şəriət çox asandır. Keç­miş şəriətlər isə bir çox çətinlikləri özündə ehtiva edirdi. Uca Allah buyu­rur: “O kəslər ki, yanların­da­kı Tövrat və İncildə haqqında ya­zıl­mış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bil­mə­yən pey­ğəm­bərin, ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi buyurar, pis əməl­ləri isə qadağan edər, on­lara pak şeyləri halal, mur­dar şey­ləri isə haram edər. On­ların ağır yüklərini yüngül­ləş­di­rər və onları buxovlardan xi­las edər” (əl-Əraf, 157).

4. Quran ilahi kitablar arasında yeganə kitabdır ki, onu bütün ləfz və məna təhriflərindən qorumağı Uca Allah Öz üzərinə götür­müşdür. O, buyurur: “Şübhəsiz ki, Zikri Biz na­zil etdik, əlbəttə, Biz də onu qo­ruya­ca­ğıq” (əl-Hicr, 9). O, həmçinin buyurur: ”Nə önün­dən, nə də ar­xa­sından batil ona girişə bilməz. O, Müd­rik, Tə­ri­fəla­yiq Allah tərəfindən nazil edil­miş­dir” (Fussilət, 42). Başqa bir ayədə O, buna bir daha zəmanət verərək buyurur: “Şübhəsiz ki, sənin qəl­bin­də onun qərar tutması və dilin­lə onun oxunması Bizə aid­dir. Biz onu oxudu­ğumuz za­man sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir” (əl-Qiyamət, 17-19).

İbn Kəsir sonuncu ayənin təfsirində demişdir: “Yəni Quranı, hifz edib Peyğəmbərə (sallallahu aleyhi və səlləm) oxutduqdan sonra onu aydınlaşdıraraq sənə istə­diyimiz mənanı ilham veririk.” Uca Allah Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zama­nından bu günədək Öz Kitabını qoruyacaq bir çox möhtəşəm alimlər hazır­la­mışdır ki, onlar da bu işin öhdəsindən məharətlə gəlmişlər. On­lar Qu­ranı əzbərləyərək mənasını dürüst anlamış və ona riayət etmiş­lər. Qu­ra­na xidmət etmək üçün onlar saysız-hesabsız kitablar yazmış­lar. Bəzi­ləri Quranın təfsiri barədə, bəziləri onun rəsmi və xətti barə­də, bəziləri onun möhkəm və mütəşabih ayələri barədə, bəziləri onun Məkkədə və Mədinədə nazil olanları barədə, bəziləri ondan çıxarılan əhkamlar ba­rə­də, bəziləri nəsx və mənsux xüsusunda, bəziləri ayələ­rin nazil olma səbəbi haqqında, bəziləri Qurandakı məsəllər barədə, bə­ziləri onun ecazkarlığı barədə, bəziləri onun qəliz sözləri barədə, bəziləri də onun qramatik təhlili barədə, habelə Quranla bağlı başqa-başqa mövzu­larda  kitablar yazmışlar ki, bunla­rın vasitəsilə Uca Allah Quranı qorumaqdadır. Bu alimlər Allahın Kitabı xüsusunda layiqincə xidmət etmiş, beləliklə də, bu Kitab indiyədək qorunmuş və təfsir edilmişdir.  

5. Qurani Kərim digər ilahi kitablar kimi bir çox möcüzələri özün­də ehtiva etmişdir. Quran özü-özlüyündə böyük bir möcüzə, əbə­di və tutarlı bir dəlildir ki, Allah onun sayəsində Qiyamətə qədər Öz Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) və onun səhabələrinə dəstək ver­əcəkdir. Buxari və Muslim, Əbu Hureyradan (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət et­mişlər: “Uca Allah hər bir peyğəmbərə insanlar ona iman gətirsin deyə müxtəlif möcüzələr vermişdir. Allahın mənə verdiyi möcüzə isə vəhydir. Allahdan Qiyamət günü ən çox tərəfdarı olan peyğəmbər olmağımı diləyirəm.”7

Qura­nın möcüzəvi xüsusiyyətlərindən biri onun fəsahətli və bəlağətli olmasıdır. Rəbbimiz bütün insanlara və cinlərə bacarırlarsa, Quranın bənzərini və ya onun bir qismini gətirməyi buyurmuş­dur. Bu da üç mərtəbədən ibarətdir: Əvvəlcə Allah onları Quranın bənzə­rini gətirməyi buyurmuş, onlar da bunu edə bilməyərək aciz qalmış­lar. O buyu­rur: “Yoxsa onlar: “Bunu özün­dən uy­durdun!”– deyirlər. Xeyr, on­lar iman gə­tirmirlər. Əgər doğru söyləyir­lər­sə, qoy Qurana bənzər bir kə­lam gə­tir­sinlər” (ət-Tur, 33-34). Sonra Rəbbimiz onların aciz olduqlarını bildirərək buyurur: “De: Əgər insanlar və cin­lər bu Qurana bənzər bir şey gə­tir­mək üçün bir yerə top­la­şıb, bir-birinə kö­mək etsələr belə ona bən­zə­rini gətirə bilməz­lər” (əl-İsra, 88). Son­ra Allah onlara bacarırlarsa, on surə gətirmələrini buyurmuş, lakin onlar bunu da bacarmamışlar. Uca Allah buyurur: “Yoxsa onlar: “Mu­həm­məd onu özün­­dən uydurdu!”– de­yir­lər. De: “Əgər doğ­­ru danı­şır­­sı­nızsa, Ona bənzər uy­du­rul­muş on su­rə də siz gətirin və Allah­­dan başqa, kimi ba­ca­rır­sınızsa, kö­məyə ça­ğı­rın!” (Hud, 13). Sonra Allah onlara növbəti dəfə bacarırlarsa, bir surə gətirmələrini buyurmuş. La­kin onlar yenə aciz qalmışlar. O, buyurur: “Yoxsa: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danı­şır­sı­nız­sa, ona bənzər bir surə də siz gə­tirin və Allahdan başqa, ki­mi ba­carırsı­nızsa, köməyə çağı­rın!” (Yunus, 38). Bununla da insanlar Quranda üç ayədən ibarət olan bir surənin bənzərini gətirə bilməyəcək qədər acizdirlər ki, bu da onun möcüzəviliyinin əlamətidir.

6. Uca Allah Qurani Kərimdə insanlara dinlərində, dünya­la­rın­da, sağ ikən və öldükdən sonra lazım olacaq şeyləri bəyan etmiş­dir. O, buyurur: “Biz Kitabı sənə hər şey üçün bir izah, müsəl­man­lara da doğ­ru yol gös­təricisi, mərhəmət və müjdə ola­raq na­zil etdik” (ən-Nəhl, 89). Həmçinin buyurur: “Biz Kitab­da heç bir şeyi nəzər­dən qaçır­ma­dıq” (əl-Ənam, 38). İbn Məsud demişdir: Quranda bütün elmlər nazil edilmiş, hər bir şey bəyan edilmişdir.

7. Quranın ən əsas xüsusiyyətlərindən biri onu aramla, düşü­nərək oxuyan üçün asanlaşdırılmasıdır. Bu da Quranın ən böyük xü­su­siyyətlərindəndir. Uca Allah buyurur: “Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı?” (əl-Qəmər, 17). Həmçinin buyurur: Bu mübarək Kitabı, in­sanların onun ayələ­rini düşü­nüb an­la­ma­sı və ağıl sahibləri­nin də ondan ibrət gö­tür­məsi üçün sənə nazil et­dik” (Sad, 29). Mücahid birinci ayənin təf­si­rin­də demişdir: “Yəni asan oxunulan etdik.” Əs-Suddi demişdir: “Ti­la­vətini dillərdə asanlaşdırdıq.” İbn Abbas demişdir: “Uca Allah Qu­ra­nı insanların dili üçün asanlaşdırmış olma­saydı, heç kim Allahın Kə­lamını oxuya bilməzdi.”8 Təbəri və bir çox təfsir alimləri Quranın asanlaşdırılmasının onun ləfzən tilavət üçün, həm də məna baxı­mın­dan düşünüb ibrət almağa şamil olunduğunu bildirmişlər.9 Bu da təc­rübə nöqteyi-nəzərindən aydın bir məsələdir.

8. Quran keçmiş kitabların xülasəsini və peyğəmbərlərinin şə­riət­lərinin əsaslarını özündə ehtiva edir. Uca Allah buyurur: “Biz sə­nə, özündən əv­vəl­ki kitab­ları təsdiqləyən və on­ları mü­hafizə edən Kitabı haqq olaraq nazil etdik” (əl-Maidə, 48). Həmçinin buyurur: Allah Nuha tövsiyə et­di­yini, sə­nə vəhy etdiyimizi, İb­ra­hi­mə, Mu­sa­ya və İsaya töv­si­yə etdiyimizi sizin üçün də din­də qa­nun etdi: “Di­nə doğru-düz­gün etiqad edin və onda bölünüb firqə-fir­qə olmayın!” Sənin dəvət etdiyin töv­hid müş­riklərə ağır gəldi” (əş-Şura, 13).

9. Quran digər kitablardan fərqli olaraq keçmiş peyğəmbərlərin və ümmətlərin xəbərlərini qeyd etmişdir. Uca Allah buyurur: “Elçi­lərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bu­nun­la sənin ürə­­yi­ni möh­kəm­ləndirək” (Hud, 120). O, həmçinin buyurur: “Bu, sənə söy­lə­diyimiz məm­lə­kət­lər haqqında heka­yət­lə­rin bəzisi­dir. On­lardan izi qalanı da vardır, yerlə-yek­san olanı da” (Hud, 100). O, həm­çinin buyurur: “Beləcə, olub-keçmiş əh­va­latlar­dan sənə danışı­rıq. Ar­tıq sə­nə Öz tərə­fimiz­dən Zikr vermişik” (Ta ha, 99).

10. Quran Allahın nazil etdiyi kitabların sonuncu, həm də bu kitabları təsdiqləyən bir kitabdır. Uca Allah buyurur: “O, sənə Kitabı gerçək ola­raq, ondan əvvəlkiləri təsdiq­lə­məsi üçün nazil et­di. Töv­ratı və İncili də O nazil etdi, daha əvvəllər insanlara doğ­­­ru yo­lu gös­tərən rəhbər ol­maq üçün. Furqa­nı da O nazil etdi” (Ali İmran, 3-4). Başqa bir ayədə buyurur: “Biz sənə, özündən əv­vəl­ki kitab­ları təs­diqləyən və on­ları mü­hafizə edən Kitabı haqq olaraq nazil etdik” (əl-Maidə, 48).

Bütün bu sadalananlar Quranı digər kitablardan fərqləndirən özəlliklərdir. Bütün bunları bilib onlara əməl etməyincə iman kamil olmur. Daha doğrusunu isə Allah bilir!



1 "əl-Əqidə ət-Təhaviyyə", 1/172 və başqaları.

2 Camaləddin əl-Qasimi, "Qəvaid ət-Təhdis", səh.65.

3 "Səhih Muslim", 2577.

4 İbn Useymin, "Müstələh əl-hədis", səh.7.

5 Camaləddin əl-Qasimi, "Qəvaid ət-Təhdis", səh.65-66.

6"Müsnəd Əhməd", 3/387; "Kəşf əl-Astar", 134.

7 "Səhih əl-Buxari", 4981; "Səhih Muslim", 152.

8 "Təfsir İbn Kəsir", 8/453.

9 "Təfsir İbn Cərir", 27/96.

 


Baxılıb: 16219


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”