Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / IV mövzu. Müsəlmanın peyğəmbərlər qarşısında borcu

IV mövzu. Müsəlmanın peyğəmbərlər qarşısında borcu

IV mövzu.

Müsəlmanın peyğəmbərlər qarşısında borcu

 

Müsəlman olan hər kəsin boynunda peyğəmbərlərin vacib haq­ları vardır. Bu ona görədir ki, Allah peyğəmbərləri dində yüksək mə­qam­lara çatdırmış və Öz yanında onların hörmətini uca tutmuşdur. Üstəlik bu peyğəmbərləri əvəzolunmaz bir missiya ilə şərəfləndirmiş və Öz vəhyini və şəriət qayda-qanunlarını digər insanlara çatdırmaq üçün onları seçmişdir. Həmin haqlardan bəziləri aşağıdakılardır:

1. Onların hamısının peyğəmbər olmalarını, Allah tərəfindən gön­dərilmələrini, Allahın əmrlərini təbliğ etdiklərini təsdiq etmək və bu xüsusda onların arasında fərq qoymamaq. Uca Allah buyurur: “Biz hər bir elçini, Alla­hın iz­ni ilə, ona məhz itaət edilsin de­yə göndər­dik” (ən-Nisa, 64). O, həmçinin buyurur: “Allaha itaət edin, Onun El­çisinə ita­ət edin və asi ol­maq­dan çə­kinin! Əgər üz çevir­sə­niz, bilin ki, Elçimizin öh­də­si­nə düşən an­caq açıq-aydın təb­liğ et­mək­dir” (əl-Maidə, 92). Həmçinin buyurur: “Allahı və Onun elçilə­ri­ni in­­­kar edənlər­, Allahı Onun el­çi­lə­rin­dən ayır­maq istəyib: “Biz o el­çi­lə­rin bəzisi­nə ina­nır, bəzilə­ri­nə isə inan­mırıq!”– de­yənlər və bunun ara­sın­da bir yol tutmaq is­tə­yən­lər, məhz onlar əsl kafirlər­dir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazır­la­mışıq” (ən-Nisa, 150, 151). Be­ləliklə, peyğəmbərlərin gətirdikləri risalələrə iman gətirmək onlara olan imanın bir hissəsi sayılır.

Onu da qeyd edək ki, Muhəmmədin (sallallahu aleyhi və səlləm) göndərilməsindən sonra hər hansı bir insanın və ya cinin öncəki peyğəmbərlərin dedik­lərinə tabe olması yolverilməzdir. Belə ki, Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi şəriət öncəki şəriətlərin hamısının hökmünü qüvvədən salmışdır. Odur ki, on­dan başqa bir peyğəmbərə tabe olmaq caiz deyil. Uca Allah buyurur: “İslam­dan başqa bir din ax­taran şəxsdən, o din heç vaxt qə­bul olun­maz və o, axirətdə zi­ya­na uğrayanlardan olar” (Ali İmran, 85). Həm­çinin buyurur: “Biz səni bütün insanlara müjdə verən və xəbərdar­lıq edən bir peyğəm­bər kimi gön­dərdik. Lakin insanların çoxu bunu bilmir” (Səba, 28). Həmçinin buyurur: “De: “Ey insanlar! Şüb­hə­siz ki, mən sizin hamınız üçün Alla­hın elçi­si­yəm” (əl-Əraf, 158).

2. Bütün peyğəmbərləri dost tutmaq, onları sevmək, onlara qar­şı kin və ədavət hissləri keçirməkdən həzər etmək gərəkdir. Uca Allah buyurur: “Kim Allahı, Onun Elçi­sini və iman gətirənləri özünə dost tu­tarsa, bil­sin ki, qələbə çalanlar da məhz Allahın fir­qəsidir” (əl-Maidə, 56). O, həmçinin buyurur: “Mömin kişilərlə mömin qa­dınlar bir-birinin dost­ları­dır” (ət-Tövbə, 71). Bu ayədə Uca Allah mömin­lə­rin bir-birinin dostu olduqlarını bildirir. Belə olduğu halda ən kamil imana malik olan peyğəmbərləri dost seçmək daha məqsədəuy­ğun­dur. Onlar yüksək məqam sahibi olduqlarından dolayı mömin­lərin qəlbində onlar üçün xüsusi bir sevgi vardır. Buna görə də Uca Allah insanları Allaha, mələklərinə və peyğəmbərlərinə qarşı düşmən möv­qe nümayiş etdirməkdən çəkindirərək buyurur: “Kim Allaha, Onun mə­lək­­ləri­nə və elçilərinə, Cəb­railə və Mi­kailə düşmən­dirsə, şüb­həsiz ki, Allah da o kafirlərə düş­mən­dir” (əl-Bəqərə, 98).

3. Həmçinin, etiqad etmək lazımdır ki, peyğəmbərlər adi insan­lardan üstündürlər və insan nə qədər təqvalı, əməlisaleh olsa belə, on­ların dərəcəsinə çata bilməz. Çünki peyğəmbərlik Allahın dilədiyi kə­sə bəxş etdiyi əvəzolunmaz bir nemətidir ki, bu da çalışmaqla əldə olu­­na bilməz. Uca Allah buyurur: “Allah mələklərdən də el­çilər se­çir, insanlardan da. Hə­qi­qə­tən, Allah Eşidəndir, Gö­rəndir!” (əl-Həcc, 75). O, həmçinin buyurur: “Bunlar, öz qövmünə qar­şı İbra­hi­mə ver­di­yimiz dəlil­lə­ri­miz­dir. Biz istə­diyi­miz kəsi dərəcə-dərəcə ucalda­rıq. Şüb­­həsiz ki, Rəb­bin Müdrikdir, Bi­lən­dir” (əl-Ənam, 83). Sonra Rəb­bimiz bir çox peyğəmbərlərin adlarını qeyd etdikdən sonra belə bu­yurur: “Hamısını aləm­lərdən üstün et­dik” (əl-Ənam, 86). Bu barə­də bu fəsilin birinci məsələsində söhbət açmışdıq.

Sünnədə də peyğəmbərlərin yüksək məqam sahibi olmaları və insanların onlara çata bilməmələri haqqında dəlillər çoxdur. Buxari və Muslim, Əbu Hureyradan (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Heç bir kəsə: “Mən Yunus ibn Məttədən daha fəzilətli­yəm”– demək yaraşmaz.1Buxarinin rəvayəti isə deyilir: “Hər kim: “Mən Yunus ibn Məttədən daha fəzilətliyəm”– desə, yalan danışmış olar.”2 Hədisi şərh edən bəzi alimlər demişlər: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu ona görə belə demişdir ki, ola bil­sin cahillərdən kimsə Qurandakı hökmdarla olan hekayəyə əsas­la­nıb Yunusu u öz məqamından daha aşağı tutmuş olar.” Həmçinin alimlər demiş­lər: “Yunusun başına gə­lənlər onu peyğəmbərlik məqamından zərrə qədər belə kə­nara çıxar­mamışdır.” Yunusun əhvalatı Qurani Kərimdə əlahiddə qeyd olunur: “Zün-Nunu da yada sal! Bir za­man o qəzəbli qövmün­dən ay­rı­lıb get­miş və ona gü­cü­müz çatmayacağını güman et­mişdi. Sonra da zül­mətlər içində yal­va­rıb demişdi: “Sən­dən baş­qa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəd­dəssən! Mən isə, hə­qiqətən, za­lımlardan ol­muşam!” Biz onun dua­sı­nı qəbul etdik və onu qəm-qüssədən qur­tar­dıq. Biz mö­minləri belə xi­las edirik!” (əl-Ənbiya, 87-88). Başqa bir ayədə isə Uca Allah buyurur: “Yunus da, hə­qiqətən, el­çilər­dən­dir. Bir zaman o, yüklü bir gəmiyə tə­rəf qaç­dı. Başqaları ilə birlikdə püşk atdı və udu­zan­lardan ol­du. O, qınan­mağa layiq ol­duqda ba­lıq onu uddu. Əgər o, Allaha tərif de­yən­lər­dən olmasaydı, balığın qarnında Qiya­mət gü­nü­nə qədər qalardı. O, halsız olduğu vəziy­yətdə Biz onu sahilə çı­xartdıq. Onun başı üs­tündə bal­qabaq ta­ğı bitirdik. Biz onu yüz mindən də daha çox ada­ma peyğəmbər gön­dər­dik. Onlar ona iman gətir­di­lər, Biz də onlara müəyyən vax­ta­dək firavanlıq nəsib etdik” (əs-Saffət, 139-148).

4. Onu da etiqad etmək lazımdır ki, peyğəmbərlərin hamısı ey­ni dərə­cədə deyillər. Allah onların bəzilərini digərlərindən üstün et­mişdir. Uca Allah bu barədə buyurur: “Biz o elçilərin bəzisini di­gər­lə­rindən üstün etdik. On­lar­dan bəzisi ilə Allah danış­mış, bə­zisini isə dərə­cələrə yük­səltmişdir” (əl-Bəqərə, 253). Təbəri bu ayənin təfsi­rində demişdir: “Uca Rəbbimiz buyurur ki, o peyğəmbərlərin bəzilə­rini digərlərindən üstün etmişəm. Musanı bilavasitə danışdırmı­şam, beləcə onların bəzilərini dərəcə və məqam baxımın­dan digər­lərindən üstün etmişəm.” Buna görə də dəlillərdə göstəril­diyi tək onların fəzilətlərini bilmək onların bizim üzərimizdə olan haqlarıdır.

5. Peyğəmbərlərə salavat və salam demək lazımdır. Uca Allah sonrakı qövmlərin peyğəmbərləri tərif edəcəkləri barədə buyurur: “Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq; aləmlər içərisində Nuha salam olsun!” (əs-Saffət, 78-79). İbrahim barədə də be­lə buyurur: “Sonradan gələnlər ara­sında ona gözəl xatirə qoyduq. İbrahimə salam olsun!” (əs-Saffət, 108-109). Musa ilə Harun barə­sin­də isə belə buyurur: “Sonradan gələnlər ara­sında hər ikisinə gözəl xatirə qoy­du. Musaya və Haruna sa­lam ol­sun!” (əs-Saffət, 119-120). Başqa bir ayədə isə buyurur: “Elçilərə salam olsun!” (əs-Saffət, 181). İbn Kəsir demişdir: Uca Allahın: “aləmlər içərisində Nuha salam ol­sun!” (əs-Saffət, 79) ayəsində bildirilir ki, bütün qövmlər onu tərif edə­­rək onu xoş xatirələrlə yad edəcəklər. İmam Nəvəvi bütün pey­ğəm­bərlərə salavat deməyin caiz və müstəhəb olması məsə­ləsin­də alim­lərin yekdil rəy sahibi olmalarını bildirmiş və demişdir: “Alim­lə­rin yekdil rəyinə görə, peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi və səlləm) salavat deyil­mə­lidir. Həmçinin mötəbər alimlərin yekdil rəyinə görə, digər pey­ğəm­bər­lərə və mələklərə ayrılıqda qeyd olunduqda salavat deyilir. Əksər alimlərin rəyinə görə əvvəldən onlara salavat deyilmir.”

Bunlar da dəlillərdə olduğu və elm əhlinin dediyi kimi, pey­ğəmbərlərin bəzi haqlarıdır.



1 "Səhih əl-Buxari", 3416; "Səhih Muslim", 2376.

2 "Səhih əl-Buxari", 4604.

 


Baxılıb: 16214


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”