Ana səhifə / Əqidə / İman ağacı / Üçüncü fəsil İmanın faydaları və səmərələri

Üçüncü fəsil İmanın faydaları və səmərələri

Üçüncü fəsil

İmanın faydaları və səmərələri

 

Düzgün imanın qəlb, bədən və rahatlıq üçün, habelə həm bu dünyada, həm də Axirətdə gözəl yaşayış üçün gec və ya tez ne­çə-neçə faydaları və səmərələri vardır.

Eləcə də bu iman ağacı bir çox yetişmiş meyvələrə, ləziz məh­sula, daimi bara, davamlı xeyrə və bir sıra digər faydalara ma­likdir.

Əlqərəz, dünya və Axirətdə olan bütün xeyirlər, həmçinin bütün şərlərin dəf edilməsi bu ağacın səmərələrindəndir.

Belə ki, əgər bu ağac möhkəm olarsa, kökü güclənərsə, özü qol-budaq atarsa, budaqları şaxələnib bar verərsə gec-tez həm sa­hibinə, həm də qeyrilərinə bol-bol xeyir nəsib edəcəkdir.

- İmanın ən  böyük səmərəsi möminin Allahın xüsusi dost­luğundan sevinc duymasıdır.

Bunun uğrunda hamı bir-biri ilə yarışmalıdır və yalnız mü­vəffəq olanlar buna nail olurlar.

Uca Allah buyurur: “Şübhəsiz ki, Allahın dost­larının heç bir qorxusu yoxdur və on­lar kədər­lən­məyəcəklər.” (Yunus, 62)

Sonra da onları vəsf edərək buyurur: “Onlar iman gətirmiş və Allah­dan qorxmuşlar.” (Yunus, 63)

Beləcə təqvalı olub Allahdan qorxan hər bir mömin Allahın xüsusi olaraq dostu sayılır.

İmanın digər səmərəsi haqqında Uca Allah buyurur: “Allah iman gətirənlərin Hi­ma­yədarıdır, onları zülmət­lər­dən nura çı­xarır.” (əl-Bəqərə, 257)

Yəni Allah möminləri küfrün zülmətlərindən iman nuruna, cahilliyin zülmətlərindən elm nuruna, günahın zülmətlərindən itaət nuruna, habelə qəflətin zülmətlərindən ayıq olma və zikr nuruna çıxarır.

Nəticə etibarı ilə Allah onları müxtəlif növlü pisliklərin zül­mətlərindən çıxararaq dünya və Axirətdə olan xeyir nurlarına çatdırır.

Onlar bu uca məqama yalnız düzgün imanları, və bu imanı təqva vasitəsilə həyata keçirmələri sayəsində nail olmuşlar. Çün­ki təqva imanın kamilliyindəndir.

- İmanın digər bir səmərəsi Allahın razılığını və Cənnətini qazanmaq­dır.

Uca Allah buyurur: “Mömin kişilərlə mömin qa­dınlar bir-birinin dost­ları­dır. On­lar insanlara yaxşı işlər gör­məyi bu­yu­rur, pis əməl­lə­rə qa­dağa qo­yur, namaz qılır, zəkat ve­rir, Alla­ha və Onun Elçisinə itaət edir­lər. Allah onlara rəhm edə­cək­dir. Hə­qiqətən, Allah Qüdrətlidir, Müd­rik­dir. Allah mömin kişilərə və mömin qa­dınlara ağacları al­tın­dan çaylar axan, için­­də əbədi qa­lacaqları Cənnət bağları və Ədn bağ­la­rın­da gö­zəl məskən­lər vəd etmişdir. Allahın razı­lığı isə daha bö­yük­­dür. Bu, böyük uğurdur.” (Tövbə, 71-72)

Onlar Allahın razılığını, Onun rəhmətini və Cənnətdə olan gö­zəl məskənləri öz imanları sayəsində qazanmışlar. O iman ki, onlar onun vasitəsilə həm özlərini, həm də qeyrilərini ka­mil­ləş­dirərək Allaha və Onun rəsuluna itaət etmiş, insanları yaxşı iş­lə­rə dəvət edib pis işlərdən çəkindirmiş, bununla da ən yüksək məqamlara çatmışlar. Bu da Allahın lütfüdür.

- İmanın faydalarından biri də kamil imanın, sahibini Cə­hənnəm odundan qorumasıdır.

Azacıq miqdarda da olsa belə iman, sahibini Cəhənnəmdə əbədi qalmaqdan qurtarır. Əgər birisinin imanı onu yalnız va­cib­lərə riayət edib, haramlardan çəkindirərsə o ümumiyyətlə Cə­hənnəm oduna girməyəcəkdir. Bu barədə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) saysız-hesabsız səhih hədislər nəql olunmuşdur.

Həmçinin Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət olunmuşdur ki, qəl­bin­də zərrə qədər imanı olan kəs Cəhənnəm odunda əbədi qal­ma­ya­caqdır.

- İmanın səmərələrindən biri də odur ki, Allah onun sa­yə­sin­də bütün xoşagəlməz şeyləri möminlərdən uzaqlaşdırır və on­ları hər növ çətinliklərdən qurtarır.

Uca Allah buyurur: “Şübhəsiz ki, Allah iman gəti­rən­ləri mühafizə edir.” (əl-Həcc, 38)

Yəni möminləri hər bir xoşagəlməz işdən, insanlardan və cin­lərdən olan şeytanlardan, düşmənlərdən və bədbəxt ha­di­sə­lər­dən  qoruyur, bədbəxt hadisənin qarşısını alır, o baş ver­dik­də isə həmin hadisəni onun üçün yüngülləşdirir.

Yunusun u başına gələn bəlalar haqqında Uca Allah bu­yu­rur: “Sonra da zülmətlər içində yal­va­rıb demişdi: “Sən­dən baş­qa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəd­dəssən! Mən isə, hə­qiqətən, za­lımlardan ol­muşam!” (əl-Ənbiya,87). Sonra O, buyurur: “Biz onun duasını qəbul et­dik və onu qəm-qüssədən qur­tar­dıq. Biz mö­minləri belə xi­las edirik!” (əl-Ənbiya, 88). Yəni bu minvalla Yunusu xilas et­di­yi­miz kimi möminləri də çətin vəziyyətlərdən xilas edirik.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Çətinliklə üzləşən bir kəs qardaşım Yunusun duasını etsə Allah onu həmin çətinlikdən qurtarar. O belə dua etmişdi: Səndən başqa ibadətə layiq olan heç bir mə­bud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, za­lım­lardan olmuşam!”1

Uca Allah buyurur: “Allahdan qor­xa­na, Allah çıxış yolu gös­tə­rər və ona təsəvvürünə gətir­mədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər.” (əl-Taləq, 2-3). Allahdan kim qorxarsa deyildikdə kim layiqincə iman gətirərsə nəzərdə tutulur. Allah da həmin şəxsə insanların ona verdiyi hər bir vəziyyətdən çıxış yolu göstərər. Sonra O, bu­yurur: “Kim Allah­dan qorxarsa, Allah onun işini asan­laş­dı­rar.” (əl-Taləq, 4)

Beləliklə Allah təqvalı möminin işlərini asanlaşdırır, onu ən asan olana müvəffəq edir, hər bir çətinliyi ondan uzaqlaşdırır, hər bir çətin işi ona asanlaşdırır, onu hər bir kədərdən qurtarır, hər bir sıxıntıdan ona yol göstərir və ona gözləmədiyi bir yer­dən ruzi bəxş edir. Buna Quran və Sünnədə bir çox misallar var­dır.

- İmanın digər bir faydası da odur ki, iman və onun qolu olan saleh əməllər insana həm dünyada, həm də Axirətdə gö­zəl həyat bəxş edir.

Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş gö­rən kişi və qadınlara, əl­bət­tə, gözəl həyat bəxş edəcək və et­dikləri ən yax­şı əməllərə gö­rə onları müt­ləq mükafatlan­dıra­ca­ğıq.” (ən-Nəhl, 97)

İmanın xüsusiyyətlərindən biri də onun, qəlbi arxayın­laş­dır­ma­sı və rahatlaşdırması, onu Allahın ona verdiyi ruziyə qane et­məsi, habelə qəlbi Allahdan başqasına bağlamamasıdır ki, bu da gözəl həyat adlanır. Əslində rahat həyat yalnız qəlbin rahat və arxayın olması və onun narahat olmaması ilə olur.

- Digər bir faydası, bütün söz və əməllər onları edən in­sa­nın qəlbindəki iman və ixlasın olduğu miqdarda səhih və ka­mil sayılır.

Bu səbəbdən Uca Allah hər bir əməlin əsasını təşkil edən bu şərti xüsusi olaraq qeyd edir.

Uca Allah buyurur: “Kim mömin olduğu hal­da yaxşı işlər görsə, onun zəh­məti in­kar olun­maz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq.” (əl-Ənbiya, 94)

Yəni onun zəhməti danılmaz, əməli puç olmaz və imanının gücünə görə əməli qat-qat artırılar.

Uca Allah həmçinin buyurur: “Kim də Axirəti istəsə, mö­min ola­raq bütün qəlbi ilə ona can at­sa, onların səyi məm­nu­niyyətlə qəbul olunar.” (əl-İsra, 19)

Axirət üçün çalışmaq insanı Axirətə yaxınlaşdıran əməlləri yerinə yetirmək deməkdir. O əməllər ki, onları Uca Allah pey­ğəm­bəri Muhəmmədin (sallallahu aleyhi və səlləm) dili ilə əmr etmişdir.

Əgər əməllər iman üzərində olarsa həmin səy məm­nuniy­yət­lə qəbul olunaraq artar və ondan zərrə qədər belə itməz.

Yox əgər əməl imanla birlikdə olmazsa o zaman onu edən ge­cə-gündüz çalışıb yaxşı işlər görsə belə ondan qəbul olun­maz. Uca Allah buyurur: “Biz onların etdikləri əməl­lərə bax­dıqdan sonra onları sov­rul­muş toz dənə­ciklərinə çevi­rərik.” (əl-Furqan, 23)

Çünki həmin əməllər Allaha və Peyğəmbərə (sallallahu aleyhi və səlləm) iman üzə­rin­də qurulmamışdır. O iman ki, onun əsasını məbuda qarşı ixlaslı olmaq və peyğəmbərə tabe olmaq təşkil edir.

Uca Allah buyurur: “De: “Sizə əməlləri ba­xı­mından ən çox ziyana uğra­yan­lar ba­rə­sində xəbər verimmi? O kəslər haq­qın­da ki, on­ların dünya həyatındakı səy­ləri bo­şa çıx­mış­dır. Çün­ki on­lar özlü­yündə yaxşı işlər gör­dükləri gü­ma­nında idi­lər. Onlar Rəbbinin ayələ­rini və Onun­la qarşılaşacaqla­rını in­kar edən, buna görə də bütün əməlləri boşa çıxan kim­sələrdir. Odur ki, Qiyamət gü­nü Biz onlara əhə­miyyət ver­mə­yəcəyik”. (əl-Kəhf, 103-105)

Belə ki, onlar Allaha imanı tərk etdikdə, onun yerini Allaha və Onun ayələrinə qarşı küfr tutduğuna görə əməlləri boşa çıx­mışdı.

Uca Allah buyurur: “Sənə və səndən əvvəlki­lərə belə vəhy olunmuşdur: “Əgər şə­rik qoşsan, əməlin puç olacaq və müt­ləq ziyana uğra­yanlardan ola­caq­san.” (əl-Zumər, 65)

Həmçinin buyurur: “Əgər Ona şərik qoşsaydılar, əl­bəttə, et­dik­ləri əməllər puç olar­dı.” (əl-Ənam, 88)

Bu baxımdan imandan üz döndərmək insanın etdiyi bütün yaxşı əməlləri batil edir. Necə ki, onun əksi olan İslama və ima­na gəlməklə böyüklüyündən asılı olmayaraq insanın əvvəllər et­diyi bütün pis əməllər silinir. Əlavə olaraq imana zidd olan, ona xələl gətirən və onu naqisləşdirən bir günahdan tövbə et­mək özündən qabaqkı əməlləri silib aparır.

- İmanın daha bir faydası Allahın iman sahibini doğru yo­la yönəlt­məsi, onun da doğru yolda olmasıdır.

Yəni Uca Allah iman sahibini haqqı bilib ona riayət etməyə yönəldir. Həmçinin insanı, başına sevindirici hadisə gəldikdə onu şükürlə, başına xoşagəlməz hadisələr və müsibətlər gəl­dik­də isə onu razılıq və səbirlə qarşılamağa yönəldir.

Uca Allah buyurur: “İman gətirib saleh əməl­lər işlə­dən­ləri Rəbbi imanla­rı­na görə doğru yola yönəldər.” (Yunus, 9)

Həmçinin buyurur: “Allahın izni olmadan heç kəsə bir mü­si­bət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəl­bi­ni haqqa yö­nəldər.” (ət-Təğabun, 11)

Sələflərdən bəziləri bu ayənin təfsiri barəsində belə de­miş­lər: “Bu o kəsdir ki, onun başına bir müsibət gəldiyi zaman bu­nun Allah tərəfindən olduğunu bilir, bundan razı qalır və bunu qə­bul edir.”

- İmanın çox önəmli bir faydası da ondan ibarətdir ki, o hər kəsin hər zaman başına gələ biləcək xoşagəlməz hadisə və müsibətlərdən insana təskinlik verir.

 

İnsanda imanın və yəqinliyin daim olması ona müsibətlər zamanı təskinlik verir və bu müsibətləri onun üçün asan­laş­dı­rır. Bu da onun güclü imana və qüvvətli təvəkkülə sahib ol­ma­sı­na, Rəbbinin savabını ummasına, Onun lütfünü diləməsinə gö­rədir. Beləliklə də mükafatın şirinliyi səbrin acılığını aradan qal­dırır.

Uca Allah buyurur: “Əgər siz dö­yüşdə əziy­yət çəkir­si­niz­sə, on­lar da siz əziy­yət çək­di­yiniz ki­mi əziyyət çəkirlər. La­kin siz on­la­rın ummadıq­larını Allahdan umur­­sunuz. Allah Biləndir, Müd­rik­dir.” (ən-Nisa, 104)

Buna görə də bəzən görürsən ki, biri imanlı, digəri isə iman­sız olan iki nəfər eyni və ya bir-birinə yaxın müsibətə mübtəla olurlar. Bu müsibət zamanı onların həm halları, həm də həmin müsibətin onların zahirlərində və batinlərində etdiyi təsiri bir-bi­rindən kəskin şəkildə fərqli olur. Onların halındakı bu fərq ima­na və onun tələb etdiyi əməllərin yerinə yetirilməsinə qa­yı­dır.

İman sahibi müsibət və xoşagəlməz hadisələr üz verdikdə təskinlik tapdığı kimi, sevdiklərini itirdikdə də təskinlik tapır. Odur ki, mömin olan kəs qəlbində həddən çox sevgi bəslədiyi ya­xınlarını, övladını, mal-dövlətini, dostunu və digərlərini itir­dik­də imanının şirinliyi sayəsində təskinlik tapır. Məlum mə­sə­lə­dir ki, iman insanın itirdiyi hər bir şeyin əvəzi ola bilər. Se­vim­li bir kəsin itirilməsi də əslində müsibətlərdən sayılır.

Əgər Yaqub u çox sevdiyi oğlu Yusufu u itirdiyi zaman başına gələn müsibəti onun üçün asanlaşdıra bilən güclü bir ima­na sahib olmasaydı təskinlik tapmazdı. Bir zaman qar­daş­la­rı ondan icazə istəmişdilər ki, Yusufu u da özləri ilə aparsınlar ki, oynayıb şənlənsin. Onda Yaqub u onlara dedi: “Onu apar­ma­ğı­nız məni narahat edər.” (Yusuf, 12)

O, oğlanlarına xəbər verdi ki, Yusufu onlarla göndərməsinə mane olan başlıca səbəb onunla ayrılığa bir saat belə səbir edə bil­məməsidir. Lakin oğlanları Yaqubu bu fikrindən daşın­dır­dı­lar Yusufu onlarla göndərməsini vacib edən səbəbləri ona xa­tır­latdılar. Belə olduğu təqdirdə Yaqub Yusufu onlarla göndərdi ki, “Allah olacaq işi hə­yata keçirsin”.  (əl-Ənfal, 42)

Kimin ağlına gələr ki, vəziyyəti belə olan və oğlunu hədsiz də­rəcədə sevən kəs uzun müddət buna tab gətirə bilsin?!

Əksinə insana elə gəlir ki, bu sevgi qısa bir müddət ərzində  onun qəlbini parça-parça edəcəkdir. Lakin güclü bir imanı və Allaha olan ümidi sayəsində o, Allahın möminlərə vəd etdiyi kömək gələnədək bütün bunlara səbir etmişdi.

Musanın (aleyhissalam) anası da Musanı çaya qoyduqda onun qəlbi bo­şal­mış və orada yalnız Musaya olan qəm-qüssədən başqa bir şey qalmamışdı. Əgər Allah onun qəlbinə iman verməsəydi və o, Allahın vədinin haqq olduğunu bilməsəydi az qala qəl­bin­də­ki­ləri açıb başına gələn müsibəti hamıya deyəcəkdi. Lakin iman insanı çətin vaxtlarda sabit edir, ona müsibətlər üz verdikdə tə­səl­li tapmağa yardım edir və güclər tükəndikdə ona qüvvət ve­rir.

Sünən əsərlərində İbn Abbasdan (radiyallahu anhumə) səhih olaraq rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Firavan vaxtlarında Allahı tanı ki, O da səni çətin vaxtlarında tanısın.”2

Yəni varlı, sağlam və güclü olduğun halda Allaha iman gə­ti­rib onun əməllərinə riayət et ki, Allah da çətin vaxtlarında sənə yardım etsin, sənə qüvvət versin, çətinliyini aradan qaldırmağa kömək olsun. Möminin başına gələn ən böyük çətinlik isə ölüm və onun bihuşluğudur.

Bu hədis müjdədir ki, Allahı rahat vaxtında tanıyan kəsə, Allah həmin çətin anlarda, insanların rahatsız olduqları və güc­lə­rinin tükəndiyi vaxtlarda, habelə şeytanlar insanla onun xoş son­luğu arasında duraraq buna mane olduğu vaxtda yardım edə­cəkdir. Şübhə yoxdur ki, həmin vaxt Uca Allah insanlara Öz köməyi və mərhəməti ilə yardım edir. Həqiqətən Allahdan baş­qa güc və qüvvət sahibi yoxdur.

- İmanın faydalarından biri də Uca Allahın bu ayəsində buyurulan­lar­dır: “İman gətirib yaxşı işlər gö­rənlər üçün Mər­hə­mətli Allah qəlb­lərdə bir sev­gi ya­radacaq. Biz Quranı sənin di­linlə asan­laş­dırdıq ki, onunla müt­tə­qi­lə­rə müjdə verəsən və inad­karlara xəbər­darlıq edəsən.” (Mər­yəm, 96-97)

Yəni imanlarının və imandan irəli gələn əməllərinin sa­yə­sin­də Allah onları sevir və möminlərin qəlbində onlara qarşı sevgi yaradır. Allahın və möminlərin sevdiyi kəs isə səadətə və nicata nail olar. Xüsusən də möminlərin məhəbbəti sayəsində onların tərifini, həm diri ikən, həm də öldükdən sonra dualarını, on­la­rın itaətini, dində onu rəhbər seçmələrini və bir çox faydaları qa­zanar.

Bu da imanın ən əzəmətli faydalarından biridir ki, Uca Allah iman­la­rı­nı elm və əməllə kamilləşdirən möminlərə gələcək nə­sil­lər həmişə yada salsın deyə yaxşı ad qismət edir və Öz əmri ilə on­lardan doğru yol göstərən rəhbərlər təyin edir.

Uca Allah buyurur: Səbir etdiklərinə və ayə­lərimizə yə­qin­liklə inandıqla­rı­na gö­rə Biz əmri­mizlə onlar­dan doğru yo­lu göstərən rəh­bərlər təyin et­miş­dik.” (əs-Səcdə, 24)

Beləliklə imanın kamilliyi və zirvəsi sayılan səbir və yə­qin­li­yin sayəsində onlar dində rəhbərliyə nail olmuşlar.

- İmanın faydalarından biri də Uca Allahın bu ayəsidir: “Allah sizdən iman gətirən­lərin və öz­lərinə elm ve­rilmiş kim­sə­lə­rin dərə­cələrini ucaldır.” (əl-Mücadilə, 11)

Uca Allah iman və elm sahiblərini həm bu dünyada, həm də axirətdə ucaldır və onlar bu dünyada və Axirətdə həm Allah ya­nında, həm də insanlar yanında məxluqatın ən xeyirliləri he­sab olunurlar. Onlar bu yüksək məqama düzgün imanları, elm­ləri və yəqinlikləri sayəsində nail olurlar. Beləcə elm və yəqinlik imanın əsaslarındandır.

- İmanın faydalarından biri də Allahın kəraməti ilə mö­mi­nin Cənnətlə müjdələnməsi və hər bir cəhətdən əmin-aman­lı­ğın ona hasil olmasıdır.

Uca Allah buyurur: “Möminləri müjdələ!” Bu ayə həm bu dün­yada, həm də Axirətdə möminlərə veriləcək bütün xeyri ümu­mi olaraq özündə əhatə edir.

Xüsusi olaraq isə Uca Allah buyurur: “İman gətirib saleh əməl­lər edən­lərə müjdə ver ki, on­lar­ üçün ağacları al­tından çaylar axan Cən­nət bağ­ları var­dır.” (əl-Bəqərə, 25)

Beləcə möminlər həm ümumi, həm də xüsusi müjdələrə la­yiq­dirlər.

Həmçinin möminlərə ümumi əmin-amanlıq da verilmişdir. Uca Allah buyurur: “İman gətirdikdən sonra iman­la­rına zülm qatışdırma­yan­ları əmin-aman­­lıq gözləyir. Doğ­ru yola yönəl­miş­lər də məhz on­lardır.” (əl-Ənam, 82)

Əlavə olaraq möminlərə xüsusi əmin-amanlıq da veril­miş­dir. Uca Allah bu barədə buyurur: “İman gətirib əməllə­rini is­lah edənlərin heç bir qorxu­su yoxdur və onlar kə­dər­lənməyə­cəklər.” (əl-Ənam, 48)

Uca Allah möminlərin gələcəkdə baş verənlərdən qorxma­yacaq­larını və keçmişdə baş verənlərdən də kədərlən­məyə­cək­lə­rini bildirir. Beləliklə də möminlər tam əmin-amanlığa sahib olurlar.

Mömin olan kəs həm bu dünyada, həm də axirətdə tam əmin-amanlıq içində olur. Belə ki, O Allahın qəzəbindən və əza­bından, habelə hər növ şərdən və xoşagəlməz hallardan salamat olur.

Onlar hər bir xeyirlə də müjdələnmişlər. Uca Allah  buyu­rur: “Dünya həyatında da, axi­rətdə də onlara müjdə vardır.” (Yunus, 64)

Aşağıdakı ayə bu müjdənin mahiyyətini açıqlayır: “Həqi­qə­tən də: “Rəb­bi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tan kəs­lə­rə mə­lək­lər nazil olub deyirlər: “Qorx­ma­yın və kə­­dər­lən­mə­yin! Sizə vəd olu­nan Cən­nətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Ora­da si­zin üçün nəf­si­ni­zin çə­kə biləcəyi hər şey hazır­lan­mış­dır. Ora­da istədiyiniz hər şey var­dır.” (əl-Fussilət, 30-31)

Uca Allah həmçinin buyurur: “Ey iman gətirənlər! Allah­dan qor­xun və Onun elçisinə iman gə­tirin! On­da O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağış­la­yar. Allah Ba­ğış­la­yandır, Rəhm­lidir.” (əl-Hədid, 28)

Bu ayədə Uca Allah imanın savabını qat-qat artırdığını, mö­min bəndənin həm bu dünyada, həm də axirətdə tam bir nura sahib olmasını təyin etmişdir. O nur ki, həm bu dünyada, həm də Axirətdə onun vasitəsilə gedirlər.

Uca Allah buyurur: “O gün sən mömin kişi­lərin və mömin qadınların nu­runun on­ların ön­lərindən və sağ tərəflərindən ya­yıl­dı­ğı­nı görəcəksən. On­lara: “Bu gün si­zin müjdəniz ağac­la­rı altın­dan çaylar axan Cən­nət bağla­rıdır. Siz orada əbədi qa­la­caq­sı­nız!”– deyiləcək. Bu, böyük uğur­dur.” (əl-Hədid, 12)

Mömin olan kəs bu dünyada elminin və imanının nuru ilə gəzir. Qiyamət günü bütün nurlar söndükdə o sirat kör­püsü­nün üzərindən öz nuru  ilə keçərək Cənnətə daxil olacaqdır.

- Uca Allah həmçinin məğfirəti də imana bağlamışdır.

Günahları bağışlanılan şəxs əzabdan yaxa qurtarar və ən bö­yük savaba nail olar.

- İmanın daha bir faydası möminin nicat tapmasıdır.

Nicat tapmaq: məqsədlərə çatmaq, bütün qorxulardan sala­mat­lıq və vəsilələrin ən şərəflisi olan hidayət deməkdir.

Uca Allah Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil olan Qurana, ondan öncə na­zil olanlara və qeybə iman gətirən, habelə imanın ən əzəmətli əlamət­lə­rin­dən olan namazı yerinə yetirən və zəkat verən mö­minlər barəsində buyurur: “Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar ni­cat tapan­lar­dır.” (əl-Bəqərə, 5)

Tam olaraq doğru yolda olmaq və kamil nicat tapmaq buna deyilir.

Beləliklə Allahın rəsullarına nazil etdiyi bütün kitablara və göndərdiyi bütün elçilərə tam bir yəqinliklə iman gətirməyincə in­san hidayətə və nicata çata bilməz. Hidayət ən mühüm vasitə, nicat isə ən mühüm məqsəddir.

- İmanın digər bir faydası moizələrdən, xatırlatmalardan və ayələr­dən faydalanmaqdır.

Uca Allah buyurur: “Sən xatırlat! Çünki xatır­latmaq mö­min­lərə fayda verir.” (əz-Zariyat, 55)

Həmçinin buyurur: “Şübhəsiz ki, bunda mö­minlər üçün də­lillər vardır.” (əl-Hicr, 77)

Çünki iman, sahibini elmi və əməli surətdə haqqa riayət et­mə­yə sövq edir. Belə ki, haqqa dəlalət edən moizələri və ayələri mənimsəmək üçün onun böyük vasitəsi və qabiliyyəti vardır. Haqqı qəbul edib ona əməl etməyə isə heç nə mane olmur.

Həmçinin iman fitrətin salamat qalmasını və məqsədin yaxşı olmasını vacib edir. Kimin halı belə olarsa, əlbəttə ki, ayələrdən faydalanar. Kimin də halı belə olmazsa, onda onun haqqı qəbul et­məməsi və ona tabe olmaması qəribə sayılmaz.

Buna görə Uca Allah kafirlərin peyğəmbərləri təsdiq etmə­lə­rinə və onların gətirdikləri haqqı qəbul etmələrinə mane olan sə­bəbi qeyd edərək bildirir ki, bunun səbəbi onların qəlb­lə­rin­də­ki küfrdür. Çünki haqq aydındır, onun əlamətləri də açıq-aşkardır. Küfr isə insanın haqqa tabe olmasına ən böyük ma­neə­dir. Beləcə onların bu halı sizə qəribə gəlməsin, çünki bu hər bir kafirin xüsusiyyətidir.

- İmanın digər bir faydası onun, sahibini xoş hallarda şü­kür etməyə, çətin vəziyyətdə səbir etməyə, hər zaman xeyir əl­də etməyə sövq etməsidir.

Səhih bir hədisdə Suheybdən (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Necə qəribədir möminin halı, hər bir halı onun xeyrinədir. Əgər onun başına bir xeyir iş gəlsə o, buna görə şü­kür edər, bu da onun xeyrinə olar, yox əgər onun başına bir mü­sibət gəlsə, o buna görə səbir edər, bu da onun xeyrinə olar və bu yalnız mömin üçündür.”3

Şükür və səbir hər bir xeyri özündə cəm edir. Mömin isə bü­tün vaxtlarında xeyir qazanır və hər bir halından qazanc əldə edir.

Başqa bir səhih hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Möminə üz vermiş elə bir kədər, elə bir dərd, elə bir əziyyət yoxdur ki, onun sayəsində Allah həmin möminin günahlarını bağış­la­ma­sın.”4

Beləliklə mömin firavanlıq və sevinc halında iki nemətə sa­hib olur:

1 – Sevdiyi şeyə nail olması neməti.

2 – Bundan da uca sayılan şükürə müvəffəq olması neməti. Beləcə onun üçün nemətlər tamamlanır.

Sıxıntı halında isə mömin üç nemətə sahib olur:

1 – Günahların kəffarə olunması neməti.

2 – Bundan da uca sayılan səbir mərtəbəsinə nail olma ne­mə­ti.

3 – Sıxıntının ona asan gəlməsi neməti.

 Çünki mömin əldə edəcəyi əcr və savabın nə qədər ola­ca­ğı­nı bildikdə və səbir nümayiş etdirdikdə müsibətin çətinlikləri onun üçün asanlaşmış olur.

- İmanın daha bir faydası ondan ibarətdir ki, o bir çox in­san­ların düçar olduqları və onların dinlərinə təsir etdiyi şüb­hə­lərdən insanı qoruyur.

Uca Allah buyurur: “Möminlər ancaq Allaha və Onun El­çi­sinə iman gətirən, son­ra heç bir şəkk-şübhəyə düş­məyən, Allah yolun­da mal­ları və can­la­rı ilə cihad edən­lər­dir! İman­la­rında sadiq olan­lar da məhz on­lar­dır.” (əl-Hucurat, 15)

Yəni onlarda olan düzgün iman bütün şəkk-şübhələri dəf edə­rək onları tamamilə yox edir. O, insanlardan və cinlərdən olan şeytanların, habelə pis işlərə əmr edən nəfslərin bütün şüb­hələrinə qarşı müqavimət göstərir.

Bu sağalmaz xəstəliklərin yeganə dərmanı imanın varlığıdır.

Buxari və Muslimin səhih əsərlərində Əbu Hureyradan (radiyallahu anhu) Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “İnsanlar bir-biri­lə­ri­nə o qədər sual verəcəklər ki, axırda deyəcəklər: “Baxın, Allah məxluqatı yaratmışdır. Bəs Allahı kim yaratmışdır?” Kim qəl­bin­də belə vəsvəsələrdən bir şey hiss etsə, qoy “Mən Allaha iman gə­tirmişəm.”- desin, bu haqda düşünməyə son qoysun və şey­tan­dan Allaha sığınsın.56

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə sahibini həlak edən bu xəstəliyin faydalı dərmanını açıqlayır ki, bu da üç şeydən ibarətdir:

1 – Şeytanın bu vəsvəsələrinə son qoymaq.

2 – İnsanları azdırmaq üçün şübhə salan şeytanın şərindən Allaha sı­ğınmaq.

3 – Səhih imana sarılmaq. Çünki ona sarılan həmişə əmin-amanlıqda olar.

Bu ona görədir ki, batil bir çox yollar vasitəsilə bəyan olur. On­ların da ən başlıcası batilin haqqa zidd olmasını bilməkdir. Haq­qa zidd olan hər bir şey isə batil hesab olunur. Uca Allah bu­yu­rur: “Haqdan sonra zə­la­lət­dən baş­qa nə ola bilər?” (Yu­nus, 32)

- İmanın daha bir faydası odur ki, o, hər bir insana üz verə biləcək sevinc, kədər, qorxu, əmin-amanlıq, günah və s. kimi amillərdən sığınacaq sayılır.

Nemət və sevinc hallarında möminlər imana üz tutaraq Allaha şükür edərlər və onlara verilən bu nemətləri Allahın razı qaldığı şeylərə sərf edərlər.

Çətin və kədərli hallarda isə müxtəlif tərəflərdən imana tərəf yönəlirlər:

- İmanları və onun şirinliyi ilə təsəlli tapırlar.

- Bunlara səbir etməyin müqabilində əldə edəcəkləri savablara görə təsəlli tapırlar.

- Kədəri və təlaşı qəlb rahatlığı ilə qarşılayıb, hüzn və kədərə qarşı müqavimət göstərməklə xoş bir həyata qayıdırlar.

Bundan savayı qorxu zamanı imana yönələrək onunla rahat­lıq tapırlar. Sonra da onların imanları, sabitlikləri, qüvvət və şü­caətləri artır, onları bürümüş qorxu hissləri isə yox olur.

Uca Allah məxluqatın xeyirliləri barədə buyurur: Bəzi adam­lar onlara: “Ca­maat si­zə qarşı ordu topla­yıb­dır, onlardan qor­xun!”– de­di­lər. Bu, onların imanını da­ha da ar­tırdı və on­lar: “Allah bizə ye­tər. O nə gözəl Qoruyan­dır!”– dedi­lər. Onlar özlərinə heç bir pis­lik to­xunmadan, Allahın ne­məti və mərhə­mə­ti sayəsində ge­ri dön­dülər və Alla­hın razı­lı­ğına ta­be oldular. Allah bö­yük lütf sahibidir.” (Ali İmran, 173-174)

Qorxu bu xeyirli insanların qəlbindən yox olmuş, onun ye­ri­ni isə güclü iman və onun şirinliyi, Allaha güclü təvəkkül və onun vədinə inam tutmuşdu.

Əmin-amanlıq halında da möminlər imana tərəf yönəlir və təkəbbürlük göstərmirlər. Əksinə təvazökarlıq nümayiş etdi­rə­rək bunun Allah tərəfindən, Onun lütfü və asanlaşdırması sa­yə­sində olduğunu bilir və bunun müqabilində Səbəbkara şükür edirlər. Onlar tam əmin olurlar ki, düşmənləri üzərində qələ­bə­ni öz gücləri sayəsində deyil, Allahın köməyi və gücü ilə qaza­nır­lar.

Onlar itaət və yaxşı əməllər etdikdə də imana tərəf yönəlir və Allahın onlara əta etdiyi neməti etiraf edirlər. Onlar bilirlər ki, Allahın onlara bəxş etdiyi bu nemət sağlamlıq və ruzidən da­ha önəmlidir. Həmçinin onlar həmin əməlləri kamil­ləşdir­mə­yə, habelə həmin əməllərin qəbul olunmasına səbəb olan bütün şərtlərə riayət etməyə səy göstərirlər. Onları həmin əməli etmə­yə müvəffəq edən Allahdan diləyirlər ki, Uca Allah onların et­dikləri savab əməllərini qəbul etməklə onlara verdiyi nemətini tamamlasın. Eləcə də bu nemətin əsasını onlara lütf edən Allah­dan, naqis etdikləri əməllərin tamamlanmasını diləyirlər.

Həmçinin onlar hər hansı bir günah işə yol verdikdə tövbə et­məyə tələsməklə, habelə yol verdikləri nöqsanı aradan qal­dır­maq üçün yaxşı işlər görməklə imana tərəf yönəlirlər.   

Uca Allah buyurur: “Allahdan qorxanlara şey­tandan bir vəs­vəsə to­xun­­duğu za­man Allahı xa­tırlayar və dər­hal gerçəyi gö­rərlər.” (əl-Əraf, 201)

Əbu Səid əl-Xudrinin (radiyallahu anhu) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “İmanla möminin məsəli (kəndirinin bir ucu yerə) mıx­çalanmış ata bənzəyir, ora-bura hərəkət etməsinə rəğmən son­da öz mıxçasına tərəf qayıdır.”7

Mömin də beləcə bəzən qəflətdə olur və bəzi günahlara yol verir, sonra isə dərhal həyatını üzərində qurduğu imana tərəf qay­tarır.

Beləliklə möminlər hər bir halda və vəziyyətdə imana tərəf yönələrək ona zidd olan məsələləri dəf edirlər ki, bu da Allahın onlara bəxş etdiyi bir fəzilət və lütfdür.

- İmanın daha bir faydası odur ki, səhih iman sahibini hə­lak edici əməllərdən qoruyur.

Əbu Hureyranın (radiyallahu anhu) rəvayət etdiyi hədisdə bildirilir ki, Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) demişdir: “Zina edən adam zina etdiyi vaxt mömin sa­yıla bilməz. Oğurluq edən adam oğurluq etdiyi vaxt mömin sayıla bilməz. Şərab içən adam onu içdiyi vaxt mömin sayıla bil­məz...”8

Bu kimi əməllərə qurşanan şəxs onları imanının zəifli­yin­dən, onun nurunun getməsindən və onu hər zaman görən Allaha qar­şı olan həyasının yox olmasından dolayı edir. Bu da bəlli və mü­şahidə olunan bir haldır.

Düzgün və səhih iman insanı Allahdan həya etməyə, Onu sevməyə, Onun savabına ümid bəsləməyə, əzabından qorx­ma­ğa və zülmətin əksi olan nur əldə etməyə yönəldir.

İmanın kamilliyindən sayılan bu əməllər, şəkk yoxdur ki, sa­hi­bini hər bir xeyrə səsləyir və onu hər növ pislikdən qoruyur.

Hədisdə bildirilir ki, insan bu kimi pis əməllərə yol vermək istədikdə imanının nuru buna mane olur.

Sadiq imanla birlikdə olan nur, imanın şirinliyi və imanın mühüm şöbələrindən biri olan Allahdan həya etmək həmin pis əməlləri etməyə maneçilik törədir.

- İmanın başqa bir faydası bu hədisdə qeyd olunur: Buxari və Muslimin səhih əsərlərində Əbu Musadan (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Quran oxuyan möminin məsəli turuncun9 məsəlinə bənzəyir. Onun dadı da xoşdur, iyi də xoş­dur. Quran oxumayan möminin məsəli isə xurmanın mə­səlinə bənzəyir. Onun dadı gözəldir, amma iyisi yoxdur.”10

Qeyd olunan bu iki qisim insanlar məxluqatın ən xe­yir­lilə­ri­dir. Ümumiyyətlə isə insanlar dörd qismə bölünürlər:

1 – Həm özü xeyirli olan, həm də başqalarına fayda verənlər.

Ən xeyirli insanlar bunlardır. Quranı oxuyub, dini biliklərə yi­yələnən mömin həm özünə fayda verir, həm də harada ol­ma­sın­dan asılı olmayaraq başqaları üçün faydalı və mübarək bir şəxs hesab olunur. Uca Allah İsa (aleyhissalam) barəsində buyurur: “Ha­ra­da oluramsa olum, məni mü­barək etdi.” (Məryəm, 31) 

2 – Özü-özlüyündə xeyirli olan kəs.

Yəni başqalarına fayda verə biləcək elmə sahib olmayan mö­minlər.

Bu iki qisim, insanların ən xeyirliləridir. Onların sahib ol­duq­ları xeyir imanla əlaqəlidir. Möminlərin fərqli hallarından ası­lı olaraq onlar digərləri üçün də faydalı olurlar.

3 – Xeyri olmayan, lakin başqalarına ziyan da verməyən kəs­lər.

4 – Həm özünə, həm də başqalarına zərər toxunduran kəs­lər.

Bu da ən pis qisimdir. Uca Allah buyurur: “Kafir olub in­san­ları Allah yolundan sapdıranlara törət­dik­lə­ri fitnə-fəsada görə əzab üs­tündən əzab artıra­cağıq.” (ən-Nəhl, 88)

Beləliklə hər bir xeyrin mənbəyi iman və ona aid mə­sə­lə­lər­dir. Belə olduğu halda hər bir şərin əsası da imanın olmaması və imana zidd olan keyfiyyətlərə malik olmaqdır. Şübhəsiz ki, müvəffəq edən Allahdır.

Buna bənzər mənada Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Allah yanın­da güclü mömin zəif mömindən daha xeyirlidir, lakin onların hər birində xeyir vardır.”11

Bu hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) möminləri iki qismə bölür:

1 – Əməlində, imanında və digərlərinə fayda verməkdə güc­lü olan mömin.

2 – Bu xüsusiyyətlərdə zəif olan mömin.

Lakin bütün bunlara baxmayaraq hər iki qisimdə xeyir var­dır. Çünki hər bir halda möminlər imanlarına görə fərqli olsalar belə imanın varlığının özü bir xeyirdir.

İbn Ömərin (radiyallahu anhumə) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) de­miş­dir: “İnsanlarla qaynayıb qarışaraq onların verdiyi əziyyətlərə sə­bir edən mömin, insanlarla qaynayıb qarışmayaraq onların ver­dikləri əziyyətlərə səbir etməyən mömindən daha xeyir­li­dir.”12

Bütün bu sadalanan səhih dəlillərdən bəlli olur ki, imanı ol­ma­yan kəsdə xeyir yoxdur. Çünki iman yoxdursa ya sahibinin hər bir əməli həm özü üçün, həm də cəmiyyət üçün pislikdən ibarət olacaq, ya da ki, müəyyən qədər xeyirli əməlləri olsa belə pis əməllərinin çoxluğu ona qalib gələcəkdir.

Çünki yaxşılıqlar pisliklərə qarışıb bulandıqda pisliklərə çev­rilir və malik olduğu hər bir yaxşı əməlin qarşılığında bir pis əməl durur. Odur ki, qarşılıqlı olan xeyirlə şər əməlin hər ikisi silinir və yalnız qarşılığı olmayan şər əməllər qalır.

İnsanların real vəziyyətləri barədə düşünən kəs məsələnin Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) buyurduğu kimi olduğunu görəcəkdir.



1 Tirmizi, 3505; Nəsai “Əməlul-Yaumi vəl-Leyl”, 656; Əhməd, 1/170; Ha­kim 1/505. Hakim bu hədisi “səhih” hesab etmiş, Zəhəbi də onun bu fikri ilə ra­zılaşmışdır. Albani bu hədisi “səhih” hesab etmişdir. “Səhih ət-Tirmizi”, 2785. Bu hədisi Səd ibn Əbu Vəqqas (radiyallahu anhu) rəvayət etmişdir.

2 Əhməd, 1/307; Beyhəqi “Şoəbil-İman” əsəri, 1043. Albani Təvəssül əsə­rin­də (səh. 38) bu hədisi səhih saymışdır. Həbisin əvvəli belədir: “İbn Abbas N rəvayət edir ki, Peyğəmbər r ona belə demişdir: “Ey oğlum! Allahı qoru ki, O da səni qorusun...”.

3 Hədisi Muslim rəvayət etmişdir, 2999.

4 Buxari, 5641; Muslim, 2573; Əhməd, 2/303. Əbu Səid əl-Xudrinin və Əbu Hureyranın (radiyallahu anhumə) rəvayət etdikləri ləfzdə isə belə deyilir: “Müsəlmana üz ver­miş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kə­dər, elə bir üzüntü, elə bir əziy­yət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sa­yə­sində Allah (həmin) müsəlmanın günahlarını ba­ğışlamasın.”

5 Yəni “Əuzu billəhi minəş-şeytanir-racim”- desin.

6 Buxari, 3276; Muslim, 134. Buxarinin rəvayət etdiyi ləfzdə isə belə de­yi­lir: “Şeytan sizdən biri­nizin yanına gəlib: “Filan şeyi kim yaradıb? Filan şeyi kim yaradıb?”– deyə (ayrı-ayrı suallar verməyə başlayır). Axırda da: “Rəb­bi­ni kim yaradıb?”– de­yə (qəlbinizə şübhə salır). Belə olduqda qoy həmin adam Allaha sığınsın və bir daha bu haqda düşünməsin.”

7 Əhməd, 2/55; Beyhəqi “Şoəbil-İman” əsəri, 7/452. Albani “Mişkət” əsə­ri­nin təxricində bu hədisi səhih hesab etmişdir (4250).

8 Buxari, 2475; Muslim, 57; Əbu Davud, 4689; Tirmizi, 2625;  Nəsai, 8/58; İbn Macə, 3936; Əhməd, 2/243.

9 Xoş iyli sitrus meyvəsi.

10 Buxari, 5427; Muslim, 797.

11 Hədisi Muslim rəvayət etmişdir, 2664. Əbu Hureyranın (radiyallahu anhu) rəvayəti.

12 Tirmizi, 2507; İbn Macə, 4032; Əhməd, 2/43. Albani bu hədisi “Səhih əl-Ca­mi” əsərində səhih saymışdır (6527).

 


Baxılıb: 16227


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”