Ana səhifə / Səhabələr / Raşidi Xəlifələr / Əbu Bəkrin (radiyallahu anhu) fəzilətinə dair ayə və hədislər:

Əbu Bəkrin (radiyallahu anhu) fəzilətinə dair ayə və hədislər:

Əbu Bəkrin (radiyallahu anhu) fəzilətinə dair

ayə və hədislər:

1) Uca Allah buyurur:

«[Ey möminlər!] Əgər siz Peyğəmbərə kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu [Məkkədən] iki nəfərdən biri [ikinin ikincisi] olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna [Əbu Bəkrə]: "Qəm yemə, Allah bizimlədir!" – dediyi zaman göstərmişdi. O vaxt Allah ona [Peyğəmbərə və ya Əbu Bəkrə] bir rahat­lıq nazil etmiş, onu sizin görmədiyiniz [mələklərdən ibarət] əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü [kəlmeyi-şəhadət] ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir»1

     Bu ayədə zikr olunan Peyğəmbər (sallallahu aleyhi və səlləm) dostunun Əbu Bəkr olma­sında ibn Cərir ət-Tabəri2, İbn Kəsir3, əs-Suyuti4, əl-Buxar5, Müslim6və digər islam alimləri həmrəydirlər.

2) Uca Allah buyurur:

«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bun­lardan sonra (bütün) mələklər də onun köməkçi­ləridir!»7

İbn Abbas (radiyallahu anhumə) ibn Məsud (radiyallahu anhu) İbn Ömər (radiyallahu anhumə) və s. səhabələr bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (radiyallahu anhu) Ömər (radiyallahu anhu) Osman (radiyallahu anhu) Əli (radiyallahu anhu) və s. olduqlarını təfsir etmişlər.8

3) Uca Allah buyurur:

«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqi­lərdir»9

Onu təsdiq edənlər Əbu Bəkr (radiyallahu anhu) və başqa möminlərdir10.

4) Uca Allah buyurur:

«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaq­laş­dı­­­rı­lar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) tə­miz­lə­nər. O şəxsin boynunda heç kəsin bir min­nəti yoxdur ki, onun əvəzi ve­ril­­­sin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə gö­rə) razı olacaqdır»11

Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkrə (radiyallahu anhu) görə nazil olub və bütün möminlərə aid edilir12.

5) Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrə xitab edib dedi: "Həqiqətən, mənə ən yaxın yoldaş və mal-dövləti ilə ən çox qayğı göstərən Əbu Bəkrdir. Rəbbimdən qeyrisini sevmiş olsaydım, (ifrata varmaqla) Əbu Bəkri sevərdim. Lakin, o mənim müsəlman qardaşımdır. Elə isə, məscidə açılan Əbu Bəkrin qapısından başqa bütün qapıları bağlayın!"»13

6) Cubeyr bin Mut‘im (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun yanına gələn qadına qayıdıb, bir müddət sonra gəlməyini bildirir. Qadın: "Səni tapa bilməsəm necə?" – deyə soruşduqda, o (sallallahu aleyhi və səlləm) dedi: "Məni tapmasan, Əbu Bəkrin yanına get!"14

7) Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) eşitdim, o dedi: "Hər kəs Allah üçün saleh əməl edərsə, cənnət qapılarından (cənnətə) dəvət olunar: namaz əhli namaz qapısından, cihad əhli cihad qapısından, sədəqə əhli sədəqə qapısından və oruc əhli Rəyyan adlı oruc qapısından cənnətə dəvət olunar". Bunu eşidən Əbu Bəkr (radiyallahu anhu) dedi: "Ey Allahın elçisi! O qapıların hamısından dəvət olunan olacaqmı?" Allahın elçisi (sallallahu aleyhi və səlləm): "Bəli, və mən istəyirəm ki, sən onlardan olasan, ey Əbu Bəkr!" – deyə cavab verdi»15.

8) Aişə (radiyallahu anhə) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat etdikdə Əbu Bəkr (radiyallahu anhu) Sunhda16 idi. Ömər (radiyallahu anhu) səhabələrə xitab edib dedi: "Allaha and olsun ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ölməyib, Allah onu qaytaracaq. Bu vaxt Əbu Bəkr (radiyallahu anhu) gəldi, onun üzünü açıb öpdü və dedi: "Atam-anamsan sən17, sağlığında da, öləndən sonra da səndən gözəl iy gəlir. Nəfsim əlində olan Allaha and olsun ki, O sənə ölümü iki dəfə daddır­maz". Sonra Ömərə (radiyallahu anhu) oturmağı əmr etdi və üzünü səhabələrə tutub, Allahı həmd-səna etdikdən sonra dedi: "Kim Məhəmmədə ibadət edir­di­sə, bilsin ki, artıq o vəfat etmişdir. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah əbədi və ölməzdir.

"(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcək­lər"18

"Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib-getmiş­lər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki, geri dö­nən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər"19.

Bu ayələri oxuduqdan sonra səhabələr ağladı».20

9) Urva ibnu-z-Zubeyr (radiyallahu anhu) rəvayət edir ki, «Mən Abdullah ibn Amrdan (radiyallahu anhumə) müşriklərin Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nə etdikləri barəsində soruşduqda, o dedi: "Peyğəmbər (sallallahu aleyhi və səlləm) namaz qılarkən Uqbətu bin Əbi Muit gəlib dəsmalı onun boynuna sarıdı və boğmağa başladı. Bunu görən Əbu Bəkr gəlib onu kənara itələdi və Allahın bu kəlamını oxudu:

"Məgər siz bir adamı "Rəbbim Allahdır" – deməyinə görə öldürə­cəksiniz?! Halbuki, o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmiş­dir"21».22

10) Əbu Musa əl-Əş‘ari (radiyallahu anhu) rəvayət edir ki, «Bir dəfə Əbu Bəkr (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (sallallahu aleyhi və səlləm) çatdırdıqda, o dedi: "İzn ver, gəlsin və onu cən­nətlə müjdələ!"…»23

11) İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, «Mən Ömər ibnu-l-Xəttabın (radiyallahu anhu) vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlə­rin arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: "Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yol­daş­­­la­rın­la (Məhəmməd (sallallahu aleyhi və səlləm) və Əbu Bəkrlə (radiyallahu anhu) bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin (sallallahu aleyhi və səlləm) "Mən, Əbu Bəkr və Ömər fi­lan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik" dediyini eşidirdim. Mən dönüb arxam­da dayanan səhabənin kim olduğuna baxdım. Bu, Əli bin Əbu Talib (radiyallahu anhu) idi»24.

12) Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) de­miş­dir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz"»25.

13) Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) üzünü səhabələrə tutub soruşdu: "Hansı biriniz bu gün oruc tutub?" Əbu Bəkr (radiyallahu anhu): "Mən" – deyə cavab verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) yenə soruşdu: "Hansı biriniz bu gün  cənazəni təqib edib?" Əbu Bəkr (radiyallahu anhu): "Mən" – deyə cavab verdi. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) yenə soruşdu: "Hansı biriniz bu gün kasıbı yediz­dirib?" Əbu Bəkr (radiyallahu anhu): "Mən" – deyə cavab verdi. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) yenə soruşdu: "Han­sı biriniz bu gün xəstəni ziyarət edib?" Əbu Bəkr (radiyallahu anhu): "Mən" – deyə cavab verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: "Bu dörd gözəl xisləti özündə cəm edən cənnətə daxil olar"»26

14) Əli (radiyallahu anhu) iki şeyx – Əbu Bəkr (radiyallahu anhu) və Ömər (radiyallahu anhu) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (sallallahu aleyhi və səlləm) ən yaxını – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın»27

15) Əbu Cəfərdən bir nəfər qılıncın bəzədilməsi haqqında soruşduqda, o demişdir: «Olar, Əbu Bəkr əs-Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soruşan şəxs ona: "Sən də ona Siddiq deyirsən?" – dedikdə, İmam dərhal yerindən qalxıb demişdir: "Bəli, Siddiq deyirəm, bəli, Siddiq deyirəm. Kim ona Siddiq deməsə, Allah onun sözünü bu dünyada və axirətdə təsdiqləməz»28

16) Əli (radiyallahu anhu) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar, onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub, onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi».29

17) Əli ibnu-l-Hüseyn ibn Musa30 «əş-Şafi» adlı kitabında qeyd edir ki, Əlidən (radiyallahu anhu): «Vəsiyyət etmirsən?» – deyə soruşduqda, o demişdir: «Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) kimi vəsiyyət edirəm, lakin, Allah insanlar üçün xeyir istəsə, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra səhabələri xeyir üzərində cəm etdiyi kimi31, onları da xeyir üzərində cəm edər».32

18) Kuleyni istinadla Cəfər əs-Sadiqdən rəvayət edir ki, bir qadın gəlib ondan: «Mən Əbu Bəkr və Ömərin xəlifəliyini qəbul edib, onları sevə bilərəmmi?» – deyə soruşduqda, o demişdir: «Bəli, qəbul edə bilər­sən». Qadın: «Mən Rəbbimin hüzurunda olduğum zaman "Bunu sən mənə əmr etdin" – deyə Ona xəbər verə bilərəmmi?!» – deyə soruşduqda, Cəfər ona: "Bəli" – deyə cavab verdi33.

19) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (radiyallahu anhu) rəvayət etmişdir: «Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də belə vəsiyyət etmişdir».34

20) ət-Tabrisi əl-Baqirdən rəvayət edir ki, o demişdir: «Mən Əbu Bəkr (radiyallahu anhu) və Ömərin (radiyallahu anhu) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin, Əbu Bəkr (radiyallahu anhu) Ömərdən (radiyallahu anhu) əfzəldir».35

21) əl-Murtəza rəvayət edir ki, Cəfər bin Məhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrini ziyarət edərkən (onun yanında dəfn olunmuş) Əbu Bəkr (radiyallahu anhu) və Ömərə (radiyallahu anhu) də salam verərdi.36

22) Əli (radiyallahu anhu) demişdir: «Mən Məhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırla­yan­da köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, sa­vab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdi­lər».37

23) Əlinin (radiyallahu anhu) Əbu-Bəkrə (radiyallahu anhu) qarşı olan hörmət və sevgisinə (Əbu-Bəkr (radiyallahu anhu) xəlifə olduqdan sonra) Leyla bin Məsudan (Əlinin (radiyallahu anhu) üçüncü arvadından) olan oğluna Əbu-Bəkr adını verməyi də də­la­lət edir. (bax s.30)



1 «ət-Tövbə» surəsi, 40.

2 «Camiu-l-bəyan», 10/136.

3 «Təfsir əl-Qurani-l-azim», 2/472.

4 «Tarixu-l-xuləfə», səh.48.

5 «Səhihu-l-Buxari», 7/11, 3653-cü hədis.

6 «Səhih Müslim», 15/144, 6119-cu hədis.

7 «ət-Təhrim» surəsi, 4.

8 «Təfsir ibn Kəsir», 4/500.

9 «əz-Zumər» surəsi, 33.

10 Ət-Tabəri. «Camiu-l-bəyan», 3/24.

11«əl-Leyl» surəsi, 17-21.

12 «Təfsir ibn Kəsir», 4/762.

13 «Səhihu-l-Buxari», 7/15, 3654-cü hədis.

14 «Səhihu-l-Buxari», 7/22, 3659-cu hədis.

15 «Səhihu-l-Buxari», 7/23, 3666-cı hədis.

16 Peyğəmbər məscidindən bir mil uzaqda yerləşən məntəqədir.

17Əbu Bəkr (radiyallahu anhu) bunu ibadət mənasında yox, çox istədiyindən hörmət mənasında  demişdir.

18 «əz-Zumər» surəsi, 30.

19«Ali İmran» surəsi, 144.

20«Səhihu-l-Buxari», 7/23, 3667, 3668-ci hədislər.

21 «Ğafir (əl-Mümin)» surəsi, 28.

22«Səhihu-l-Buxari», 7/26, 3678-ci hədis.

23 «Səhihu-l-Buxari», 7/25, 3674-cü hədis.

24 «Səhihu-l-Buxari», 7/26, 3677-ci hədis.

25«Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis.

26 «Səhih Müslim», 15/151, 6132-ci hədis.

27Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı.

28 Ərbili. «Kəşfu-l-ğümmə fi mərifəti-l-Əimmə», 2/147.

29 «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh.298, Tehran çapı, 1995)

30 Seyid əl-Mürtəza adı ilə məşhurlaşmış, «elmu-l-hudə» ləqəbi verilmiş alimdir.

31 İmam Əli (radiyallahu anhu) burada Əbu Bəkrin (radiyallahu anhu) xilafətini nəzərdə tutur.

32 «əş-Şafi» səh.171, Nəcəf çapı.

33«ər-Ravzə minə-l-Kəfi», 8/101, 238.

34 «Biharu-l-ənvar», 22/305, 306.

35 «əl-İhticac», səh.230, Kərbəla çapı.

36 «əş-Şafi», səh.238.

37«Nəhcu-l-Bəlağə», səh:143 (tərcümədə səh.257, Tehran çapı, 1995).

 


Baxılıb: 18021


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”