Ana səhifə / Səhabələr / Raşidi Xəlifələr / II XƏLİFƏ: ÖMƏR İBNU-L-XƏTTAB (radiyallahu anhu)

II XƏLİFƏ: ÖMƏR İBNU-L-XƏTTAB (radiyallahu anhu)

II XƏLİFƏ:

ÖMƏR İBNU-L-XƏTTAB (radiyallahu anhu)

 

Adı: Ömər ibnu-l-Xəttab

Atasının adı: əl-Xəttab bin Nufeyl

Anasının adı: Həntəmə bint Haşim

Künyəsi: Əbu Həfs

Ləqəbi: əl-Faruq1

Anadan olduğu tarix: Fil ilindən2 on üç il sonra (təxminən 583-cü il) Məkkə şəhərində anadan olmuşdur.

Ömərin (radiyallahu anhu) İslam dininə və müsəlmanlara mənfi münasibət göstər­di­yini görən Peyğəmbər (sallallahu aleyhi və səlləm) Allaha dua edib deyir: «Allahım, İslamı iki Ömərdən biri (Amr bin Hişam və ya Ömər) ilə izzətləndir!»3 Uca Allah Peyğəmbərin (sallallahu aleyhi və səlləm) duasını qəbul edib, onu (Öməri) haqq yo­luna yönəltdi.

Ömər (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ən yaxın səhabələrindən və cən­nətlə müjdələnmiş on nəfərdən biridir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Əbu Bəkrin (radiyallahu anhu) vəfatından sonra, onun (Əbu Bəkrin) vəsiyyəti və səhabələrin razılığı ilə xəlifə seçilmişdir. O, 10 il 6 ay xəlifə olmuş və İslam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür.

1. Hərbi təşkilat (indiki zəmanədə müdafiə nazirliyi) və maliyyə nazirliyini yaratmışdır;

2. Müsəlmanlar üçün hicri təqvimini seçmişdir;

3. Rabitə işlərini nizama salmışdır;

4. Fəth olunmuş ölkələri vilayətlərə bölmüş və hər vilayətə başçı təyin etmişdir;

5. Rum, Fars imperiyalarını, İraqı, Şamı, Misiri və s. yerləri fəth etmişdir;

 

Ömərin (radiyallahu anhu) zövcələri və övladları4:

1. Zeynəb bint Məzun. Övladları: Abdullah, Əbdü-r-Rəhman, Həfsə.

2. Ummu Həkim bintu-l-Haris. Övladı: Fatimə.

3. Ümm Gülsüm bint Əli bin Əbu Talib (radiyallahu anhu). Övladları: Zeyd, Ruqiyyə.

4. Cəmilə bint Sabit5. Övladı: Asim.

5. Muleykə bint Cərval6. Övladı: Ubeydullah.

6. Yəmənli Luheyyə. Övladı: Əbdü-r-Rəhman.

Vəfat etdiyi tarix: Hicri tarixi ilə 23-cü il, zi-l-hiccə ayının 23-də məcusi (atəşpərəst) Əbu Lu‘lu Firuz onu fəcr namazında 6 dəfə bıçaqla vurdu. O, üç gündən sonra zi-l-hiccə ayının 26-sı vəfat etdi.

Ömərin (radiyallahu anhu) fəzilətinə dair ayə və hədislər:

1) Uca Allah buyurur:

«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir!»7

İbn Abbas (radiyallahu anhumə) İbn Məsud (radiyallahu anhu) İbn Ömər (radiyallahu anhumə) və başqaları bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (radiyallahu anhu) Ömər (radiyallahu anhu) Osman (radiyallahu anhu) Əli (radiyallahu anhu) və başqalarının olduqlarını təfsir etmişlər.8

2) Uca Allah buyurur:

«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaq­laş­dı­­­rı­lar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) tə­miz­lə­nər. O şəxsin boynunda heç kəsin bir min­nəti yoxdur ki, onun əvəzi ve­ril­­­sin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə gö­rə) razı olacaqdır»9

Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (radiyallahu anhu) üçün nazil olub və Ömər (radiyallahu anhu) də daxil olmaqla bütün möminlərə şamil edilir.10

3) Uca Allah buyurur:

«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqi­lərdir»11

Onu təsdiq edənlər Əbu Bəkr (radiyallahu anhu) Ömər (radiyallahu anhu) və başqa mömin­lərdir.12

4) Sə‘d bin Əbi Vəqqas (radiyallahu anhu) rəvayət edir ki, «Ömər ibnu-l-Xəttab (radiyallahu anhu) izn alıb, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına daxil oldu. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında səslərini onun səsindən uca qaldırıb söhbət edən qadınlar Öməri (radiyallahu anhu) gördükdə, dərhal hicablarını geyindilər13. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu halı görüb gülümsədi. Ömər (radiyallahu anhu) ondan gülümsəməyinin səbəbini soruşduqda o dedi: "Bu qadınlara təəccüblənirəm ki, sənin səsini eşidən kimi hicablarını geyindilər". Ömər üzünü onlara tutub dedi: "Ey nəfslərinə düşmən olanlar! Allahın elçisindən (sallallahu aleyhi və səlləm) qorxmursunuz, məndən qorxursunuz?" Onlar dedi: "Bəli, çünki sən sərt ürəklisən". Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona dedi: "Ey Xəttabın oğlu! Nəfsim əlində Olana and olsun ki, şeytan sənə rast gəldiyi zaman yolunu dəyişdirib, başqa yol ilə gedir"»14

5) İbn Abbas (radiyallahu anhu) rəvayət edir ki, «Mən Ömər ibnu-l-Xəttabın (radiyallahu anhu) vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: "Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Məhəmməd (sallallahu aleyhi və səlləm) və Əbu Bəkrlə (radiyallahu anhu) bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin (sallallahu aleyhi və səlləm) "Mən, Əbu Bəkr və Ömər filan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik" dediyini eşidirdim. Mən dönüb arxamda dayanan səhabənin kim olduğuna baxdım. Bu, Əli bin Əbu Talib (radiyallahu anhu) idi»15.

6) Əbu Musa əl-Əşari (radiyallahu anhu) rəvayət edir ki, «Bir dəfə Ömər ibnu-l-Xəttab (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (sallallahu aleyhi və səlləm) çatdırdıqda, o dedi: "İzn ver, gəlsin və onu cənnətlə müjdələ!"…»16

7) Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz"»17.

8) Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Sizdən əvvəl yaşamış ümmətlərin içərisində zənlərində sadiq olan insanlar olub. Mənim ümmətimdə zənnində sadiq olan Ömərdir"»18

9) əl-Misvar bin Məxramə (radiyallahu anhu) rəvayət edir ki, «Ömər (sübh namazını qıldığı zaman) bıçaqla vuruldu. Yarası ona ağrı verdikdə, İbn Abbas (radiyallahu anhumə) ona təsəlli verib dedi: "Ey möminlərin əmiri! Sən Peyğəmbər (sallallahu aleyhi və səlləm) və Əbu Bəkrin (radiyallahu anhu) fəzilətli səhabələrindən olmusan. Onlar vəfat etdikdə səndən razı idilər. Həmçinin sən bu camaatı onlar səndən razı olduqları halda tərk edirsən". Bu sözləri eşidən Ömər (radiyallahu anhu) ona dedi: "Peyğəmbər (sallallahu aleyhi və səlləm) və Əbu Bəkrin (sallallahu aleyhi və səlləm) səhabəsi olmağım və onların məndən razı qalmalarını doğru deyirsən. Həqiqətən, bu Allahın mənə bəxş etdiyi fəzilətdir. İndi gördüyün narahatçı­lığım isə sizə görədir. Allaha and olsun ki, mənim yer dolusu qızılım olsaydı, onu Allahın əzabına düçar olmamaq üçün Onun yolunda sərf edərdim"»19

10) Ömər ibnu-l-Xəttab (radiyallahu anhu) rəvayət etmişdir ki, «Mən üç ayədə – İbrahimin (əleyhi salam) məqamı, hicab və Bədr əsirləri haqqında olan ayələrdə Rəbbimə müvafiq oldum».20

– Ömər (radiyallahu anhu) Peyğəmbərə: «Ey Allahın elçisi! Bəlkə, İbrahimin (əleyhi salam) durduğu yeri özümüzə namazgah edək?» – deyə təklif etdikdə, Uca Allah bu ayəni nazil etdi:

«[Ey mö‘minlər!] İbrahimin durduğu yeri özünüzə namazgah edin!..».21

– Ömər (radiyallahu anhu) Peyğəmbərə (sallallahu aleyhi və səlləm): «Ey Allahın elçisi! Bəlkə, zövcə­lərinə hicab geyinməyi əmr edəsən?» – deyə təklif etdikdə, Allah təala bu ayəni nazil etdi:

«Onlardan (Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcələrindən) bir şey soruş­duqda, (evlərinə daxil olmadan) pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər» 22

– Ömər (radiyallahu anhu) Peyğəmbərə (sallallahu aleyhi və səlləm): «Ey Allahın elçisi! Onların (yəni əsirlərin) boynunu vur!» – deyə təklif etdikdə, Uca Allah bu ayələri nazil etdi:

«Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. [Ey möminlər!] Siz (fidyə almaqla) puç dünya malını istəyir­siniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət və hikmət sahibidir. Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olmasaydı, aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin, Allahdan qorxun! Həqiqətən, Allah bağışlayan və rəhm edəndir23»24

 

Qeyd: Ömər ibnu-l-Xəttab (radiyallahu anhu) bundan əlavə üç ayədə də Rəbbinə müvafiq olmuşdur:

– Ömər ibnu-l-Xəttab (radiyallahu anhu): «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» – deyə dua etdikdə, Uca Allah bu ayəni nazil etdi:

«[Ey Məhəmməd!] Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyük­dür"»25

– Ömər (radiyallahu anhu) yenə: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» – deyə dua etdikdə, Uca Allah bu ayəni nazil etdi:

«Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər, cünub olduğunuz halda qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın!»26

– Ömər (radiyallahu anhu) bir daha: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» – deyə dua etdikdə, Uca Allah bu ayələri nazil etdi:

«Ey iman gətirənlər! Şərab (içki) da, qumar da, bütlər də, fal oxları da şeytanın əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?»27

Bunu eşidən Ömər (radiyallahu anhu): «Son qoyduq, son qoyduq» – deyə təkrar etdi.28

– Ömər (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcələrinin ona qarşı (həddi aşdıqlarını) görüb, onlara nəsihət etdikdə, Uca Allah bu ayəni nazil etdi:

«Əgər o (Məhəmməd) sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin29»30

– Ömər (radiyallahu anhu) Peyğəmbərə (sallallahu aleyhi və səlləm) münafiqlər üçün namaz (cənazə nama­zını) qılmamağı təklif etdikdə, Uca Allah bu ayəni nazil etdi:

«Münafiqlərdən ölən heç bir kəsin namazını heç vaxt qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun elçisini dandılar və fasiq olaraq öldülər!»31

11) Əli (radiyallahu anhu) iki şeyx – Əbu Bəkr (radiyallahu anhu) və Ömər (radiyallahu anhu) haqqında demiş­dir: «Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (sallallahu aleyhi və səlləm) ən yaxını – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (Yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafat­landırsın»32

12) Əli (radiyallahu anhu) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi».33

13) Kuleyni istinadla Cəfər əs-Sadiqdən rəvayət edir ki, bir qadın gəlib ondan: «Mən Əbu Bəkr və Ömərin xəlifəliyini qəbul edib onları sevə bilərəmmi?» – deyə soruşduqda, o demişdir: «Bəli, qəbul edə bilərsən». Qadın: «Mən Rəbbimin hüzurunda olduğum zaman "Bunu sən mənə əmr etdin" – deyə Ona xəbər verə bilərəmmi?!» – deyə soruşduqda, Cəfər ona: "Bəli" – deyə cavab verdi34.

14) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (radiyallahu anhu) rəvayət etmişdir: «Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də belə vəsiyyət etmişdir».35

15) ət-Tabrisi əl-Baqirdən rəvayət edir ki, o demişdir: «Mən Əbu Bəkr (radiyallahu anhu) və Ömərin (radiyallahu anhu) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin Əbu Bəkr (radiyallahu anhu) Ömərdən (radiyallahu anhu) əfzəldir».36

16) əl-Murtəza rəvayət edir ki, Cəfər bin Məhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrini ziyarət edərkən (onun yanında dəfn olunmuş) Əbu Bəkr (radiyallahu anhu) və Ömərə (radiyallahu anhu) də salam verərdi.37

17) Əli və Ömər ibnu-l-Xəttab (radiyallahu anhu) Rum döyüşünə çıxarkən məsləhətləşəndə Əli (radiyallahu anhu) Ömərə (radiyallahu anhu) belə demişdir: «Sən bu düşmənin üzərinə özün gedib onlarla görüşsən, müsəlmanların öz ölkələrinin qurtaracağından başqa sığınacaqları38 olmaz. Onla­rın səndən sonra mü­­­­ra­­ciət edəcəkləri bir başçıları yoxdur. Sən gəl onların yanına sınaq­dan çıxmış bir adam, onunla birlikdə döyüşkən ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxarsa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan».39

18) Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli (radiyallahu anhu) ilə) məsləhətləşdiyi zaman Əlinin (radiyallahu anhu) Ömər (radiyallahu anhu) haqqında dedikləri bundan da aydındır. O demişdir: «Bu elə bir işdir ki, onun köməyinə gəlib-gəlməmək çoxluq və ya azlıqdan asılı deyil. Bu, Allahın qalib çıxardığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dindir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah Öz əhdini yerinə yetirən, Öz əsgərlərinə kömək edəndir. Boyunbağıda nizamlayıcının40 əhəmiyyəti nə qədərdirsə, əmrin etibar edildiyi adamın41 əhəmiyyəti də o qədərdir. Qoy əcəmlər sənə baxıb desinlər: "Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız". Bu onların sənə qarşı hücumlarını çətinləşdirər. Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmü­şük»42.

19) Ömərlə (radiyallahu anhu) Əli (radiyallahu anhu) arasında möhkəm dostluğun olmasına Əlinin (radiyallahu anhu) Fatimeyi Zəhradan (radiyallahu anhə) olan qızını ona ərə verməsi də dəlalət edir. Kuleyni Müaviyə bin Əmmardan Əbu Abdullah əleyhissəlam haqqında bir rəvayət söyləyir. Müaviyə deyir ki, mən ondan əri ölmüş arvadın öz evində, yoxsa harada istəsə qalmalı olduğunu soruşduqda, o dedi: «Əlbəttə, harada istəsə. Çünki Əli (radiyallahu anhu) də Ömər (radiyallahu anhu)  öləndən sonra Ümmü Gülsümün talağını alıb, onu öz evinə gətirdi».43

20) Əli (radiyallahu anhu) demişdir: «Mən Məhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdi­lər».44



1 Haqqı batildən ayırdığına görə Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona bu ləqəbi vermişdir.

2 Peyğəmbərin (sallallahu aleyhi və səlləm) anadan olduğu il.

3 «Səhih ət-Tirmizi», 3/204, 2907-ci hədis.

4 Bu tarixi məlumatları ibn Cərir ət-Tabəri «Tarixu-l-uməm va-l-muluk» kitabında (4-cü cild, səh.198-199) qeyd etmişdir.

5 Talaqla boşandığı zövcəsi.

6 Talaqla boşandığı zövcəsi.

7 «ət-Təhrim» surəsi, 4).

8 «Təfsir İbn Kəsir», 4/500.

9 «əl-Leyl» surəsi, 17-21.

10 «Təfsir İbn Kəsir», 4/762.

11 «əz-Zumər» surəsi, 33.

12 Ət-Tabəri, «Camiu-l-bəyan», 3/24.

13 Bu (yəni qadınların Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında hicabsız olmaqları) yalnız Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xas olan haldır.

14«Səhihu-l-Buxari», 7/50, 7683-cü hədis.

15 «Səhihu-l-Buxari», 7/26, 3677-ci hədis.

16 «Səhihu-l-Buxari», 7/25, 3674-cü hədis.

17 «Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis.

18 «Səhihu-l-Buxari», 7/25, 3689-cu hədis.

19 «Səhihu-l-Buxari», 7/25, 3692-ci hədis.

20 «Səhih Müslim», 15/162, 6156-cı hədis.

21 «əl-Bəqərə» surəsi, 125.

22 «əl-Əhzab» surəsi, 53.

23 «əl-Ənfal» surəsi, 67-69.

24 «Səhihu-l-Buxari» - də bu üç hadisə 1/601, 402-ci hədisdə qeyd olun­muşdur.

25«əl-Bəqərə» surəsi, 219.

26 «ən-Nisa» surəsi, 43.

27 «əl-Maidə» surəsi, 90-91.

28 Əbu Davudun «əs-Sünən»i, 10/76, 3665-ci hədis; «Səhih Əbu Davudun sünnəsi», 2/699, 3117-ci hədis.

29 «ət-Təhrim» surəsi, 5.

30 «Səhihu-l-Buxari», 1/601, 402-ci hədis.

31 «ət-Tövbə» surəsi, 84.

32 Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı.

33 «Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh.298, Tehran çapı, 1995)

34«ər-Ravzə minə-l-Kafi», 8/101, 238.

35 «Biharu-l-ənvar», 22/305, 306.

36 «əl-İhticac», səh.230, Kərbəla çapı.

37«əş-Şafi», səh.238.

38 «Sığınacaq» deyəndə, arxalanacaqları mərkəz nəzərdə tutulur.

39 «Nəhcu-l-Bəlağə», səh:193 (tərcümədə səh.167-168).

40Nizamlayıcı, muncuqların düzüldüyü ip mənasındadır.

41 «Əmrin etibar edildiyi adamın»  ifadəsi  «əmr edən» mənasın­dadır. Bununla xəlifə nəzərdə tutulur.

42 «Nəhcu-l-Bəlağə» səh: 203-204 (tərcümədə səh:166-167 Tehran çapı-1995).

43 «əl-Kafi fi-l-furu» - Ər evinə köçəndən sonra əri ölmüş qadın onun vəfatından son­ra harada qalmalıdır- fəsli, 2-ci cild, səh:311.

44 «Nəhcu-l-Bəlağə» səh: 143 (tərcümədə səh.257, Tehran çapı, 1995).

 


Baxılıb: 18770


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”