Ana səhifə / Səhabələr / Raşidi Xəlifələr / IV XƏLİFƏ: ƏLİ BİN ƏBU TALİB (radiyallahu anhu)

IV XƏLİFƏ: ƏLİ BİN ƏBU TALİB (radiyallahu anhu)

IV XƏLİFƏ:

ƏLİ BİN ƏBU TALİB (radiyallahu anhu)

 

Adı: Əli bin Əbu Talib

Atasının adı: Əbu Talib1 bin Əbdü-l-Müttəlib

Anasının adı: Fatimə bint Əsəd

Künyəsi: Əbu-l-Həsən

Ləqəbi: Əbu əs-Sibteyn2, Əbu Turab3

Anadan olduğu tarix: Fil ilindən 30 il sonra (təxminən 600-cü il) Məkkə şəhərində anadan olmuşdur.

Əli (radiyallahu anhu) islamı qəbul edən ilk şəxslərdən4 biridir. O, 10 yaşında islamı qəbul etmiş, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ən yaxın səhabələrindən və cənnətlə müjdələnmişlərdəndir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə islam dininə yardım etmişdir. Osman (radiyallahu anhu) şəhid olduqdan sonra, səhabələrin şurası tərəfindən xəlifə seçilmişdir. O, 4 il 9 ay xəlifə olmuş və islam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür:

1) Sayı 12 minə yaxın, qəlbində mərəz olan xaricilər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yolu ilə gedən Əlinin başçılıq etdiyi camaatdan ayrılıb, ona qarşı çıxdılar və Əlini (radiyallahu anhu) kafir saydılar. Əli (radiyallahu anhu) nəsihət etmək üçün Abdullah bin Abbası (radiyallahu anhu) onların yanına göndərdi. Onlar Əlini (radiyallahu anhu) günahkar saydılar və üç məsələdə onu ittiham etdilər:

1-ci: Nə üçün Əli Müaviyə ilə sülh bağladıqda «əmirə-l-möminin5» ifadəsini qeyd etmədi?

2-ci Nə üçün Əli Müaviyə tərəfdən cariyə6 götürmədi?

3-cü: Nə üçün Əli Quran və Sünnə (hədis) ilə yox, iki nəfəri7danışığı nəticəsində əldə edilən razılıq ilə sülh bağladı?

Abdullah bin Abbas (radiyallahu anhu) onların etirazlarını dinlədikdən sonra onlara dedi:

1–ci etirazınıza cavab: Məhəmməd (sallallahu aleyhi və səlləm) Hudeybiyyə zamanı müşriklərlə sülh müqaviləsi bağladıqda, "rəsulullah" (Allahın elçisi) ifadəsini qeyd etmədi. Həmçinin, Əlinin (radiyallahu anhu) etdiyi bu əməl Sünnəyə müvafiqdir.

2-ci etirazınıza cavab: Deyin görək Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcəsi və möminlərin anası8 sayılan qadından (Aişədən) cariyə olarmı?

3-cü etirazınıza cavab: Həqiqətən Əli Quran ilə hökm vermişdir, çünki Uca Allah müqəddəs kitabında buyurur:

«[Ey möminlər!] Əgər onların (ər-arvad və s.) arasında ixtilaf olacağından qorxsanız, o zaman hər tərəfdən bir münsif (vasitəçi) təyin edib göndərin. Əgər bu iki vasitəçi onları barışdırmaq istəsə, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) bilən və (hər şeydən) xəbərdardır.»9

Bu cavablardan sonra onların əksəriyyəti düz yola qayıtdı. Yerdə qalanı isə fitnə-fəsad törətməkdə davam etdilər. Onlar Abdullah bin Xabbəbi (radiyallahu anhu) onun zövcəsini və onlarla olan üç qadını da öldürdülər. Bu hadisə Əliyə (radiyallahu anhu) çox təsir etdi. Bu dəfə o, əl-Hərb bin Murranı (radiyallahu anhu) onların yanına göndərdi. Onlar Əlinin (radiyallahu anhu) bu elçisini də öldürdülər. Əli (radiyallahu anhu) onlardan öldürülənlərin qatillərini tələb etdikdə, onlar qatilləri Əliyə (radiyallahu anhu) verməkdən imtina etdilər və: «Biz hamımız qatilik» – dedilər. Səbri tükənmiş Əli (radiyallahu anhu) qoşun hazırlayıb onların üzərinə hücum etdi və Bağdad şəhərinin cənub-şərqində yerləşən Nəhrəvan adlı yerdə onların hamısını məhv etdi.10

2) «Səffeyn» və «Cəməl» döyüşləri. Əli (radiyallahu anhu) bunu İslam ümmətini islah etmək üçün etmişdir.

Əlinin (radiyallahu anhu) zövcələri və övladları:11

1. Məhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) qızı Fatimə. Övladları: Həsən, Hüseyn, Zeynəb, Ümm Gülsüm.

Qeyd: Əli (radiyallahu anhu) Fatimə (radiyallahu anhə) vəfat edənə qədər heç bir qadınla evlənməmişdir. Fatimə (radiyallahu anhə) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) 6 ay sonra Əbu Bəkrin (radiyallahu anhu) xilafəti zamanında vəfat etmişdir.

2. Ummu-l-Bənin bint hizəm. Övladları: Abbas, Cəfər, Abdullah, Os­­man12.

3. Leyla bint Məsud. Övladları: Ubeydullah, Əbu Bəkr.

4. Ummu Həbib bint Rabiyə. Övladları: Ömər, Ruqiyyə.

5. Umamə bint Əbi-l-As. Övladı: Məhəmməd13.

Vəfat etdiyi tarix: Hicri tarixi ilə 40-cı ildə sübh namazını qılmağa gedərkən Əbdürrəhman bin Mülcəm tərəfindən qılıncla vurulub şəhid olmuşdur.



1 Adı: Əbd Manaf.

2 Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ləqəbi ona, iki nəvəsinin (Həsənin və Hüseynin (radiyallahu anhumə)) atası olduğuna  görə vermişdir. Əbu Sibteyn – yəni, iki nəvənin atası.

3 Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əlini (radiyallahu anhu) torpağın üzərində uzandığını görüb, ona bu ləqəbi vermişdir. Əbu Turab – yəni torpaq atası.

4 İslam dinini qəbul edən ilk şəxslər: qadınlardan Xədicə (radiyallahu anhə) kişilərdən Əbu Bəkr (radiyallahu anhu) uşaqlardan Əli (radiyallahu anhu) qullardan Zeyd ibnu-l-Haris (radiyallahu anhu).

5 Yəni, möminlərin əmiri.

6 Yəni, qənimət kimi götürülən qul qadın.

7 Yəni Əbu Musa əl-Əş‘ari və Amr ibnu-l-As.

8 «Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri mömin­lə­­rin analarıdır. (Heç kəs onlarla evlənə bilməz)» («əl-Əhzab» surəsi, 6).

9 «ən-Nisa» surəsi, 35.

10 İbn Kəsir. «əl-Bidəyətu və ən-Nihəyə», 4-cü cild, 289-cu səhifə.

11 Bu tarixi məlumatları ibn Cərir ət-Tabəri «Tarixu-l-uməm val-muluk»  kitabında (5-ci cild, səh.153-154) qeyd etmişdir.

12 Cəfər, Abdullah və Osman Hüseynlə (radiyallahu anhu) bərabər Kərbəlada şəhid olmuşlar.

13 Məhəmməd bin Hənəfiyyə adı ilə tanınmışdır.

 


Baxılıb: 17467


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”