Ana səhifə / Səhabələr / İmam Hüseyn / Giriş

Giriş

 

Giriş

Əziz oxucu, dəyərli müsəlman bacı və qardaşla­rım! Ağıl və düşüncə sahibi olduğumuzdan irəli gələrək hamı­mız Uca Allah tərəfindən yaradıldığımızın fərqində­yik. Bunun fərqində olmağın özü böyük bir nemətdir. Çünki, heç də hər kəs özünün Allah tərəfindən yaradıl­dığına inan­mır və inanmamağı səbəbindən də nəfsinin is­təkləri­nin tələbi ilə hər zaman özünə müxalif, çox zaman da onu həlak edəcək, onu tədricən həlaka sürükləyəcək yol­lara baş vurur və bu yaşamaq uğrunda mübarizə mey­danında özünü tam nəzarətsiz hiss edir. Fitnə-fəsadlar da məhz bu cür insanlar tərəfindən ortaya çıxır. Bundan əla­və diqqət yetirsək görərik ki, bu cür insanlar nə edirlərsə etsələr də, öz nəfslərinin istəkləri ilə yaşasalar da, bu cür yaşayışı özləri özlərinə münasib bilsələr də, nədənsə daim qəlblərinin rahatsızlığından şikayətlənir və ya nə üçün yaşadıqlarından və bu yaşanan həyatın mənasız olduğun­dan gileylənirlər. Beləcə onlara verilən vaxt boşuna, dün­yanım aldadıcı və oyun-oyuncaq olan maddiyyatına sərf edilir və insan ona verilən sınaq müddətini çox dəyərsiz şəkildə israf edərək bu dünyanı tərk edir. Yox­dan var edil­mənin və nə üçün yaradılmanın hikmətini dərk edən­lər bu xüsusda çox rahatdırlar deyə bu dərketməni böyük bir nemət hesab edirlər. Onlara vəd edilən günün nemət­ləri­nə olan möhkəm iman onlara bir əminlik və rahatlıq gəti­rir. Bu cür ağıl sahiblərinin Allahın yeganə və şəriksiz Yara­dan olmasını və yaratdıq­larına də yalnız faydalı olanları tövsi­yə etməsinin dərki onlar üçün bir xilas yolu olur. Bununla yanaşı bu xilas yolunda onların mütləq bir yol göstərən elçiyə olan ehtiyac duyğuları da Allah tərə­findən ca­vabsız qalmır və onlar daim ümmətlərə rəh­bər olan elçi­lərlə bu böyük və ağır bir imtahan meydanın­da tək bura­xılmırlar. Hər ümmətə göndərilən elçi mütləq olaraq o ümmət üçün bir nümunə olduğundan bu elçilərə itaət də vacib buyurulur. Uca Allahın yaratdığı insanlara olan bu əvəzsiz köməyi – onlara içərilərindən bir yol gös­tərən elçi göndərməsi son olaraq bütün bəşəriyyətin xilas­karı Muhamməd (sallallahu aleyhi və səlləm) vasitəsi ilə tamamlanmışdır. Peyğəm­bəri­miz (sallallahu aleyhi və səlləm) böyük bir əxlaq sahibi olduğu üçün Uca Allah tərəfindən qiyamətədək bütün insanlara bir nümunə elan edilmişdir. Bu xüsusda Quranda belə buyurulur:

 

“Həqiqətən də, sən böyük əxlaq sa­hibisən!”1

“Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir.”2

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) gəlişi zamanı özündən əvvəlki peyğəmbərlər kimi bütün insanları tağutu3 inkar edərək Tək olan Allaha ibadətə çağırmış və bu müdhiş missi­yani yerinə yetirdiyi üçün olmazın əzablara, müsibətlərə döz­məli olmuşdur. O, insanları bu ağır, amma şərəfli, həm də sonu səadət olan yola dəvət etmiş və bu dəvəti qəbul edənlərin də mütləq imtahan olunacaqları, bəzilə­ri­nin isə çox böyük müsibətlərlə üzləşəcəyi barəsində onları xəbər­dar etmişdir. Ona görə də Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) yolu­nu ge­dən hər bir müsəlman mütləq bir çətinlik, sıxıntı və ola bilsin də böyük müsibətlərə ilə üzləşəcəyinə, kədər və qəm görəcəklərinə nəfsini hazırlamalıdır. Bu, həqiqi mö­minlərin və Allaha verdikləri vədə sadiq olanların imta­hanıdır. Allah sevdiklərini beləcə imtahan edir.

Allahın izni və rəhməti ilə sizə təqdim etdiyim bu kiçik risalədə məhz belə bir insana, görkəmli şəxsiyyətə - Allaha verdiyi vədə və peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) yoluna sadiq olmuş, bu yola malı və canı ilə xidmət emiş, Uca Allahın sevdiyi üçün böyük bir sınağa çəkdiyi, amma bu sınaq­dan alnıaçıq və qəhrəman kimi çıxdığı, hamımızın həm fəxri, həm də kədəri İmam Hüseynə (radiyallahu anhu) həsr edilmiş­dir. Bu gün dünya həyatımız daha çox maddi olan ne­mətlərə sevgi üzərinə kökləndikcə və bu formada dün­yaya bağlı­lıq tərbiyəsi millətimizin gənclərinin düşüncə və həyat tərzinə hakim kəsildikcə, tarixdə Allaha verdiyi vədə və Peyğəmbər (sallallahu aleyhi və səlləm) yoluna sadiq qalan insanların misa­lının gənclərə aşılanması daha çox əhəmiyyət kəsb etmə­yə baş­layır. Bu mənada İmam Hüseynin (radiyallahu anhu) həyatı və mü­cadiləsi, onun qəhrəman və əsl dəyanətli kişi xarakteri bugünkü gənclərimizin tərbiyəsində çox mühüm bir nümu­nə olma­l­ıdır. İmam Hüseyn adı dilimizə gələr-gəl­məz ilk olaraq içimizdə yaşadığımız hiss öz mənbəyini qəlbimizin sızıl­tısından alıb gözlərimizə yol tapan və yanaqlarımızla sü­zü­lən göz yaşlarına qədər bizi təsirlən­dirir. Qəribədir ki, bu kədərli hiss dərhal öz yerini bu insanın məğrurluğu, çətinlik və sınaqlarda dözümlülüyü və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yoluna sadiqliyi ilə yüksəldiyi şəhid­lik məqamının sevin­ci ilə əvəz olunur. Qəlbimizi bürü­yən sevinc hissi hər bir mömin insanın ən böyük arzusu olan və İmam Hüseynin də yüksəldiyi şəhidlik zirvəsi ilə bağlıdırsa, kədər hissi və qəlbimizin hələ də sızlaması, canımızdan artıq sevdiyimiz Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) ən çox oxşayan, onu görərkən ona olan sevgisindən hətta xütbə­sinə belə fasilə verən Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) nəvəsinin üzləşdiyi faciəvi bir haqsızlıqla bağ­lıdır. Bu adi haqsızlıq idimi?... Xeyr! Bu, namazda ikən kürəyinə çıxdıqda onu incitmə­mək üçün bilərəkdən na­maz səcdəsini uzadan, qucağına götürdükdə isə onun gələcəkdə üzləşəcəyi böyük bir sına­ğı Allahın izni ilə qabaqcadan bildiyindən zalımların əli ilə vurulacaq boy­nuna göz yaşları içində mübarək do­daq­larını toxunduran peyğəmbərin (sallallahu aleyhi və səlləm) nəvəsinə qarşı olan bir haqsızlıq idi. On dörd əsrdir məhz sevgili Peyğəmbəri­mizin (sallallahu aleyhi və səlləm) mübarək dodaqları dəydiyi üçün milyonlarla müsəlmanın Kəbə evində olan qara daşa öz dodaqları ilə toxunmaq istəyi uğrunda etdiyi cəhdlərə və çoxlarının da bu arzuya nail olmadan ziyarətini başa vurub geri qayıt­dığı müdhiş bir görüntüyə hər bir həcc zəvvarı şa­hid ol­muşdur. Dediyi­miz kədər həm də Peyğəmbər (sallallahu aleyhi və səlləm) do­daq­ları­nın mübarək öpüşləri ilə hər gün şərəflənən boyunun vurul­masına uza­nan, özünə müsəlman deyən zalımın buna necə əlinin gəlməsinin doğurduğu hisslərdir. Orda, Kəbə evin­də Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) bir dəfə öpdüyü və müba­rək dodaqları­nın bircə dəfə toxunduğu yerə milyon­larla insa­nın dodaq­larını toxundurmaq istəyi, burda isə o doqaq­ların hər gün toxunduğu bir boynun vurulması – kədər deyilmi? Söz­süz ki, böyük dərddir. Özü də bu müsibəti onun başına gəti­rənlər nə kafirlər, nə də müşriklər deyil, öz ümməti­nin insanları olmuşdur. Bəlkə də məhz bu fak­tın özü faciə­nin dərinliyini daha da artırır. Öz ümməti tərəfindən ən çox əziyyət çəkən insanlara baxdıqda görə­rik ki, onla­rın çoxusu tarixdə Allaha lap yaxın insanlar olmuşdular. Bu barədə gör­kəmli şairimiz Nizami Gəncə­vidən gözəl bir misala diq­qət yetirək:

 

Kim ki, ad qoymuşdur qoca dünyada,

Onu öz dostları vermişdir bada.

Ay üzlü Yusifi yad edin barı,

Ona quyu qazdı öz qardaşları.

İsa ki, insanlıq elmində təkdi,

Hər bir yəhudidən cəfalar çəkdi.

Əhməd ki, rəhbəri oldu ərəbin

Gördü cəfasını Əbu Ləhəbin.

Əzəldən dünyanın bir qaydası var:

Bal tutan barmağı arılar sancar.4

 

Seçilən insanların başına gələnlər barəsində gör­kəm­li şairimiz necə də gözəl bir xatırlatma etmişdir: “Bal tu­tan barmağı arılar sancar” Allah Nizami Gəncəviyə rəh­mət eləsin!

İmam Hüseynin başına gələn müsibətlər İslam tari­xinin ən kədərli hadisələrindən biridir. Bu hadisələr həm də gələcək nəsillər üçün bir məktəbdir ki, İslama bağlan­maq və bu dində sıx birləşmək zərurətini bildirir. İmam Hüseyn (radiyallahu anhu) da məhz belə düşünüb və belə yaşayan insan­lardan olub. Onu sevən insanlar da onun kimi dinə layi­qincə xidmət edib müsəlmanların birliyinə çalışmalıdır­lar.

Bu risalə həmçinin bu hadisədən irəli gələrək par­çalanan ümmətin, elmsizliyi ucbatından bir-birinə düş­mən kəsilən tərəflərin birliyinə bir səslənişdir. Sözü ge­dən və buna oxşar tarixi hadisələr biz müsəlmanların birliyi­nə, isti münasibətlərinə, mehribançılığına təsir gös­tərmə­məlidir. Anlamalıyıq ki, güc birlikdədir. İxtilaf isə birliyi sarsıdır və deməli gücümüzü də tükəndirir. Keçm­işi xa­tırlayaraq müsəlmanların arasına ikitirə­lik sa­lan, onların arasında fitnə-fəsad yayan münafiqlə­rin isə vay halına! Onlar barəsində Quranda belə buyrulur:

“Onlar Allahı və iman gə­ti­rənləri aldatmağa çalı­şır­lar. Halbu­ki yalnız öz­lərini aldadır və bunu anlamır­lar. Onların qəlblərində xəs­tə­lik var­dır və Allah da on­la­rın xəs­tə­liyi­ni artır­mışdır. Ya­lan söylə­diklərinə görə ağ­rılı-acılı bir əzab çəkəcəklər. Onlara: “Yer üzündə fə­sad törət­məyin!”– deyildiyi za­­man: “Biz ki, ancaq xeyir­­xah­lıq edən­lərik!”– deyirlər. Sözsüz ki, onlar fəsad tö­­rə­dən­lərdir, amma bunu başa düş­­mür­lər.”5

Bu məsələnin bir tərəfidirsə, problemin digər tərəfi də bu məsələni lüzümsuz olaraq və bəzən də məqsəd­yönlü şəkildə müsəlmanlar arasında olan narazılıqları də­rinləşdirmək üçün ortaya atılmasının bir dini etiqad tələbi olaraq insanlara çatdırılmasıdır. Bu problem elə pər­dələn­dirilir ki, sanki bu tədbirlərə qatılmayanlar buna gö­rə bir sorğu-suala tutulacaqlar. İslam dininin möv­qeyi isə fərq­lidir. Əvvəlki nəsillərin buraxdıqları səhvlə­rə, habelə et­dik­ləri günahlara görə biz sorğu-sual olun­mayacağıq. Bu məsələlər ibrət üçün ümmətə misal göstə­rilməli, amma ix­tilafa səbəb olacaq səviyyəyə gətirilib çıxarıl­ma­malıdır. Za­lım, Allahın vəd etdiyi Cəhən­nəmə sakin olacaqdır. Bu belədirsə, keçmiş hadisələrdən yalnız ibrət almalı və bu hadisələr insanları bir-birindən ayırmamalı­dır. Xüsusən də, deyildiyi kimi bu hadisələri törədənlərin əməlləri barəsində biz sorumlu deyilik. Qu­ran bunu bizə belə izah edir:

“Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazan­dıq­­la­rı özlə­ri­nə, sizin qazan­dı­ğınız isə sizə aid­dir. Siz onla­rın etdik­lə­ri barə­də sor­ğu-sua­la tu­tulma­yacaq­sınız.”6

Ümmətin birliyindən danışarkən bir məsələni də yaddan çıxarmamalıyıq ki, Uca Allah bizi müsəlman ad­landırıb. Odur ki, “mən filan məzhəbdənəm”, “mən filan fir­qədənəm”, “mən filan təriqətdənəm” və başqa bu kimi ayrı-seçkilik salan ifadələrdən istifadə etmək, səhabələ­rin, imamların və onların ardıcıllarının demə­diyi­ni de­mək, beləliklə də, digər müsəlmanlardan seçil­mək bizlə­rə ya­raşmaz. Heç eşitmisiniz ki, səhabələrdən və ya əhli-beyt­dən kimsə “mən Muhəmmədiyəm” (yəni Muhəm­məd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yolundayam) desin?! Xeyr, Allah təalə Qurani Kərimdə müsəlmanlara məhz Onun yolunu tutub getməyi buyurur7 və elə həmin Kitab da onları firqə-firqə olmaqdan çəkindirir8 deyə onlar həmişə özlərini sadəcə müsəlman saymışlar. Hədislərin birində deyilir ki, bir dəfə iki səhabə – biri mühacir olduğu üçün, digəri isə ən­sar olduğu üçün – fəxr edirmiş. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də onları görüb belə demişdir: “Mən sizin ara­nızda ola-ola siz cahiliyyə dövründəki kimi fəxr edir­siniz?” Diqqətli olun, baxma­ya­raq ki, “mühacir” və “ənsar” söz­lərinə Quranda tez-tez rast gəlinir və bu ifadələr şəriətdə də varid olmuşdur, hətta Quranda Allah mühacir və ənsarı tərifləsə də,9 lakin bu adlarla fəxr et­mək ədavə­tə gətirib çıxardıqda artıq bu adlardan belə istifadə et­mək qadağan edilmişdir. Pey­ğəmbərimizin (sallallahu aleyhi və səlləm) onları qına­yıb belə demə­si də buna görə idi. Digər bir hə­disdə də Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuş­dur: “Hər kim başqası­nı cahiliy­yə döv­ründəki kimi çağır­sa, əlbəttə, o, Cəhən­nəm əhlin­dən olar.” Səha­bələr dedi­lər: “(Ya Rəsulullah!) Namaz qılıb oruc tutsa da belə?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Namaz qılıb oruc tutsa da belə. Odur ki, Allahın çağır­dığı kimi, Rəbbinizin sizi müsəl­man, mömin, Allahın qulları adlan­dırdığı kimi (siz də bir-birinizi) çağırın!”

Belə olduğu halda biz hansı əsasa görə özümüzə ad götürə bilərik?! Əksinə, biz özümüzə Allahın bizə verdi­yi gözəl addan başqa bir ad götürməməliyik. Uca Allah buyurur:

“Pey­ğəmbər sizə, siz də insanlara şahid ola­sınız de­yə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi mü­­səl­man adlandırdı.”10

Dəyərli oxucu, bu kiçik risalə həm məlumat, həm də ibrət xarakterli olduğu üçün bu iki məqsədi birləşdirməyə çalışmışıq. Kərbala hadisələrinə dair olan məlumatlar ət­rafında aparılan söhbətlərə nəzər yetirdikdə bu məsələdə orta yol tutanların sayının çox az olduğunu görürük. Bu məsələ ya həddən artıq şişirdilir və o dərəcəyə çatdırılır ki, artıq cəmiyyətdə müsəlmanlardan bir-birinə kin və düş­mənçilik hissləri bəsləyən iki qrup üz-üzə gəlir (çox vaxt da buna İslamın düşmənləri yardım edir). Yaxud da digər bir qrup cahillər isə bu hadisənin mahiyyətini o qə­dər kiçildir ki, sonda zalımların əməlləri haqq işi səviy­yəsinə qalxmış olur. Həqiqət isə bunların ikisinin orta­sın­dadır. Biz də bu risalədə yalnız səhih mənbələrdə bizə qədər gəlib çatan dəqiq məlumatları toplamışıq ki, ədalət­dən uzaq olmayaq.

Risalənin ibrət xarakterli olmasını təmin etmək üçün isə İmam Hüseyn müsibəti ilə yanaşı İslam tarixində Allah tərəfindən imtahan olunan, Allah tərəfindən mal, can, doğru yolu tapmaq naminə iztirablara və çətinliklərə sinə gərməkdə sınağa çəkilən tanınmış insanların həyat­ların­dakı məqamları da risaləyə daxil etmişik. Bunu et­məkdə məq­sədimiz bu idi ki, soydaşlarımız, xüsusən də gəncləri­miz bilsinlər ki, Allaha iman gətirmiş, Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yolunu özünə yol etmiş hər bir kəsi müəyyən sınaqlar göz­ləyir. Əlbəttə, bu insanların həyatdakı sınaq­larına dair olan bəzi misalları öz həcminə və ağırlığına görə İmam Hüsey­nin başına gəlmiş müsibətlə bir sıraya qoymaq olmaz. Çünki Hüseyn ibn Əlinin üzləşdiyi imta­han tarixdə bəlkə də misli bərabəri olmayandır. Amma yenə də məqsədimi­zin tərkibi olaraq bu risaləni bəzi mi­sallarla zənginləşdir­məklə sizləri – Allah və Rəsulunun (sallallahu aleyhi və səlləm) istədiyi şəkildə ol­maq istəyən bacı və qardaşlarımı da müəyyən sınaqlara hazır olmağa çağırmaqdır. Allahın bu ayəsini tez-tez xatırlamaq gərəkdir. Uca Allah buyurur: “İnsanlar elə güman edir­lər ki, tək­cə: “İman gətirdik!”– de­mə­lə­ri ilə on­lardan əl çəkilə­cək və onlar sınağa çəkil­mə­yə­cək­lər?! Biz onlardan öncəkiləri də sınağa çəkmiş­dik (onları da sınağa çəkəcəyik). Sözsüz ki, Allah doğru danışanları da, ya­lan­çıları da aşkara çıxarda­caqdır.”11 Allahın ra­zılığını qazanıb Cənnə­tə daxil olmaq əsas hədə­fimizdirsə, bilməliyik ki, bu asan­lıqla dəriləsi meyvə deyil­dir. Bunun üçün mütləq sınağa çəkiləcəyik. Müsəlmanın ən yaxşısı ən çox müsibət və sıxın­tılarla imtahan olunan və bunlara səbir edənlərdir – canı­mız İmam Hüseyn qardaşı­mız kimi.



1 “əl-Qələm” surəsi, 4.

2 “əl-Əhzab” surəsi, 21.

3 Tağut sözü aşağıdakı kimi izah olunur:

(a) Uca Allahla yanaşı ilahiləşdirilən və ibadət olunan hər hansı bir məx­luq; (b) Allahın haram buyur­duqlarına məhəl qoymayan günahkar; (c) şeytan və iblis; (ç) cadugərlər və baxıcılar; (d) insanları aldadan və Allahın şəriə­tinə zidd olan qanunlar qəbul edən kafirlər; (e) büt yerləşdirilən məbəd.

4 “Leyli və Məcnun”, səh: 63.

5 “əl-Bəqərə” surəsi, 9-12.

6 “əl-Bəqərə” surəsi, 134 və 141.

7 “Bu, Mənim doğru yo­lum­dur, onu tutub gedin. Başqa yol­lara uyma­yın. Çünki, o yollar sizi Allahın yolun­dan uzaqlaşdırar. Allah bunları sizə töv­siyə etmiş­dir ki, bəlkə pis əməllərdən çəki­nəsi­niz”. əl-Ənam surəsi, 153; “De: “Əgər siz Allahı se­vir­sinizsə, mənim ardımca gə­lin ki, Allah da sizi sevsin və günah­la­rı­nızı bağışlasın. Allah Bağış­la­yan­dır, Rəhmlidir”. Ali-İmran” surəsi, 31.

8 “Doğru din bu­dur, lakin in­san­la­rın çoxu bu­nu bilmir. Tövbə edib Allaha üz tu­tun, On­dan qorxun, namaz qı­lın və müşriklərdən ol­ma­yın! O kəslər ki, öz dini­ni bölüb firqələrə ayrıldılar. Hər firqə öz təri­qə­tini üstün bilib se­vinir”. ər-Rum surəsi, 30-32.

9 “Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsara, həm­çinin yax­şı işlər gör­mək­də onların ardınca ge­dən­lərə gəlincə, Allah onlardan ra­zı­dır, onlar da Ondan razıdır­lar. Allah on­lar üçün ağac­ları altından çay­lar axan, içində əbədi qala­caq­ları Cənnət bağ­ları hazır­lamış­dır. Bu, böyük uğur­dur”. ət-Tovbə surəsi, 100.

10 “əl-Həcc” surəsi, 78.

11 “əl-Ənkəbut” surəsi, 2-3.

 


Baxılıb: 16483


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”