Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseynin (radiyallahu anhu) dünyaya gəlməsi

İmam Hüseynin (radiyallahu anhu) dünyaya gəlməsi

İmam Hüseynin (radiyallahu anhu) dünyaya gəlməsi

 

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) sevimli nəvəsi və möminlərin əmiri Əli ibn Əbu Talibin oğlu Hüseyn (radiyallahu anhumə) hicrətin dör­düncü ilində, şaban ayının beşi anadan olmuşdur. Onun doğu­mu münasibəti ilə Allahın rəsulu (sallallahu aleyhi və səlləm) iki qoç kəsib ziyafət vermişdi. Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) bütün ailə üzvləri, həm­çinin onun səhabələri Hü­seynin dünyaya gəlişinə çox se­vin­miş və ona xüsusi qay­ğı göstərmişdilər. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) öz nəvə­lərini çox sevər, onları əzizləyər və onları “balam” deyə çağı­rardı. Onlara Həsən və Hüseyn adlarını da məhz Peyğəmbər (sallallahu aleyhi və səlləm) qoy­muşdur. Muhəmməd ibn Əlinin rəvayət etdiyi hədisdə deyilir ki, Əli ibn Əbu Talib demişdir: “Hə­sən dünyaya gəldikdə mən ona Həm­­zə adlarını, Hüseyn doğulduqda isə ona əmisinin adını – Cəfər adını qoymuş­dum. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) məni çağı­rıb dedi:

“Mənə bunların adlarını dəyişdirmək əmr olundu!” Mən dedim: “Allah və Onun rəsulu daha yaxşı bilir!” On­da Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara Hə­sən və Hüseyn adını qoy­du.1

Üstəlik o, nəvə­lərini xəta-bəladan qorumaq üçün dua edib belə deyərdi:

 

“Hər bir şey­tandan, zərərli həşə­ratdan və hər pis göz­­dən qoru­maq üçün sizi Allahın tam kəl­mələri­nə həva­lə edi­rəm2”.3

Hər­dən Peyğəm­bər (sallallahu aleyhi və səlləm) na­maz qılarkən səcdədə ikən Hə­sən və Hü­seyn onun belinə çıxar və səhabələr onları kə­nara çəkmək istədik­də əli ilə işarə edib onlara dəymə­məyi buyurar, namazını qılıb qur­tar­dıq­dan sonra isə on­ları dizinin üstündə oturdub deyər­di:

“Kim məni sevirsə, qoy bunla­rı da sevsin!”4

Peyğəmbə­rin (sallallahu aleyhi və səlləm) nəvələrinə olan sevgisi digər rəva­yət­də də gözəl şə­kildə ifadə olunmuşdur. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

“Hüseyn məndəndir, mən də Hüseyndən. Hüseyni sevən kimsəni Allah da sevər. Hə­sən və Hüseyn nəvə­lərin nəvəsidir!”5

Bir başqa rəvayət­də də belə de­mişdir:

“Kim Həsən və Hüseyni sevərsə, məni sevmiş olar, kim də onlara nifrət edərsə, mənə nifrət etmiş olar”.6

Hədislərdən açıq-aydın görünür ki, hər bir müsəl­mana Həsən və Hüseyni sev­mək vacib­dir. Qəlbində Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) sevgisi olan kəs onlara da məhəb­bət bəslə­mə­lidir və əvvəlki nəsillər əhli-beyti, xüsu­sən də Həsən və Hüseyni sevdikləri kimi, bizlər də onla­rı sevməliyik. On­ların sevinci sevincimiz, kədəri də kə­dərimiz olmalı­dır. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından sonra əhli-beytin başına gə­lən ən böyük müsibət Hüseynin Kərbəla çölündə aman­­sız­casına qətlə yetirilməsi idi. Əlbəttə ki, bu, onlar üçün bir im­tahan idi və şübhə yoxdur ki, Allah sevdiyi qul­larını sınağa çəkər. Uca Allah buyurur:

 

“Allah yolunda ölənlərə: “Ölüdür­lər!” deməyin. Əksinə, on­lar diridir­lər, lakin siz bunu duymursu­nuz. Biz sizi bir az qorxu, bir az ac­lıq, bir az da mal-döv­lət, in­san və məh­sul itkisi ilə sı­na­ya­rıq. Sə­bir edən­lərə müjdə ver. O kəslər ki, onlara bir mü­si­bət üz verdikdə: “Biz, Alla­ha məx­susuq və Ona da qayı­da­ca­ğıq!”– de­yir­lər. Onlara öz Rəbbi tərə­fin­­dən tə­riflər və mərhə­mət var­dır. Məhz onlar doğru yolda olan­lar­dır.”7

Bu xüsusda Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“İnsan­lar ara­sında ən çox sınağa çəkilənlər pey­ğəmbərlərdir, sonra da əməllərində onlara oxşa­yan­lar­dır. Hər kəs imanına gö­rə sınağa çəkilər. Əgər adam dinində möh­kəm olarsa, əl­bəttə ki, başına gələn müsibətlər də çoxa­lar. Yox əgər zəif olarsa, onda imanına görə imtaha­na çəkilər. Möminin xətaları azaldıqca başına gələn müsi­bətlər də artar.”8

Hüseyn (radiyallahu anhu) hələ körpə ikən onun Kərbəlada şəhid olacağı barədə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xəbər verilmişdi. Ənəsin rəvayət etdiyi hədisdə deyilir ki, bir dəfə yağış mələyi Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlmək üçün izn istədi və Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) öz zöv­cəsinə: “Ey Ummu Sələmə, heç kəsi ya­nı­ma burax­ma!”- deyə buyurdu. Bu vaxt Hü­seyn qaça-qaça gə­lib Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) qucağına hoppandı və atılıb-düşmə­yə baş­ladı. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) onu bağrına basıb öp­dü. Onda mə­lək soruşdu: “Sən onu sevirsən?” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm): “Bəli!”- de­yə cavab verdi. Mələk dedi: “Təəssüf ki, sənin üm­mətin onu qətlə yetirəcək. İstəyirsən­sə, onun qətlə ye­ti­riləcə­yi yeri sənə göstərim.” Peyğəmbər (sallallahu aleyhi və səlləm): “Bəli!”- deyə cavab ver­dikdə, mələk ona qırmızı torpağı göstərdi.”

Sabit əl-Bunani demişdir: “O yer Kərbəla idi.”9

Allahın rəsulu (sallallahu aleyhi və səlləm) dünya­sını dəyişərkən Hüseynin altı yaşı var idi. Hüseyn əvvəlcə babası Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanın­da onun sevgisi və mərhəməti ilə, sonralar da ata­sının, möminlərın əmiri Əli ibn Əbu Talibin yanında gözəl tərzdə tərbiyə almışdı. Hüseyn elmli olması ilə yanaşı yiyələn­diyi elmə əməl də edirdi. O həddindən ziyadə dinə bağ­lı olub, çox namaz qılan, oruc tutan, dəfələrlə Allahın Evini ziyarət edən bir zat idi. Tarixçilər onun iyirmi beş dəfə piyada həcc ziyarətinə getdiyini yazmış­lar. Bundan əla­və o, gözəl dil qabiliyyətinə malik bir şəxs idi. O, xüt­bələrinin birində belə demişdir:

– Ey insanlar, əxlaqlı olun, qənimətlərə doğru tələ­sin! Yaxşılıq etdikdə onu gecikdirməyin, şükür edin. Biriniz kiməsə yaxşılıq etdikdə sizə təşəkkür edilmə­dikdə bilin ki, Allah sizə bunun mükafatını verəcəkdir. Bilin ki, yax­şılıqla insan savab əldə edər. Yaxşılıq edən insanı gör­dük­də onu xoşsifət görərsiniz. Pislik edən insan gör­dükdə isə onu bədbin bir şəkildə görərsiniz. Ey in­sanlar, yaxşılıq edən ucalar, pislik edən isə alçalar. Ən yaxşı in­san əl açıb istəməyən adama yaxşılıq edəndir. Kim qar­daşına çətin vəziyyətdə yardım göstər­sə, çətinə düşəndə də Allah ona yardım edər. Dünya işlərində qar­daşına yardımçı olan kəsə Allah Qiyamət günündə yardımçı olar. Yaxşılıq edə­nə Allah da yaxşılıq edər. Həqiqə­tən də, Allah yaxşılıq edənləri sevir”.

İmam Hüseyn Allahın razılı­ğını qazanmaq üçün Quran oxuyub namaz qılmaqla, gündüzləri isə oruc tut­maqla keçirərdi. O, çox alicənab və gözütox bir insan ol­maqla yanaşı həm də çoxlu sədəqə verən səxavətli bir adam idi. Allah Hüseyndən razı olsun!

 Rəvayət olunur ki, bir dəfə Hüseyn dostları ilə bos­tana gedir. Həmin bostanda onun Safi adlı bir köləsi var idi. Bostana yaxın­laşdıqda Hüseyn gördü ki, oğlan otu­rub çörək ye­yir. O, bir ağacın arxasından gizlicə oğlana baxıb gördü ki, o çox qəribə bir şey edir. Çörək parçasını qal­dırıb iki hissə­yə bölərək yarısını özünə götürür, yarı­sını da itə verir. Hüseyn onun bu hərəkətindən çox təəc­cüb­ləndi. Çörəyi yeyib bitirdikdən sonra oğlan belə dedi: “Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahım, məni və mənim ağamı bağışla. Valideynlərimə bərəkət verdi­yin kimi ona da bərəkət bəxş et, ey rəhmli­lərin rəhmlisi”. Hüseyn çıxıb: “Ey Safi!”- deyə oğlanı səs­lə­di. Oğlan ca­vab verib dedi: “Buyur, mənim ağam, ba­ğışla səni gör­mədim”. Hüseyn ona dedi: “Halallığını ver, ey Safi, mən sənin bostanına icazəsiz girmişəm”. Safi de­di: “Rica edi­rəm ağam, bu nə sözdür deyirsiz?” Hüseyn dedi: “Çörə­yin yarısını özün yeyib, yarısını itə verməyin nə demək­dir?” Oğlan dedi: “Mən çörək yedikdə bu it mənə baxdı­ğına görə çörəyi tək yeməyə utanıram. Axı bu it bostanı düşmənlərdən qoruyur. Bir də ki, bu it sə­nin itindir, mən isə sənin kölən. Ona görə sənin çörəyini bərabər yeyi­rik”. Bunu eşitdikdə Hüseyn ağla­yaraq de­di: “Ey Safi, mən səni Allah xatirinə azad edi­rəm və sənə səmimi qəlbdən iki min dinar verirəm”.10

Hüseyn həm də ibadət, əxlaq, xasiy­yət və səxavət baxımın­dan başqalarına nümunə idi. O həm də çox cəsur və şücaətli idi. Necə deyərlər, ot öz kökü üstündə bitər. Hüseyn (radiyallahu anhu) Afrikanın şi­malında, Təbəristanda və Kons­tanti­no­pol döyüşlərində iş­tirak etmiş, habelə atası ilə bir­gə onun apardığı döyüş­lərdə mərd-mərdanə vuruşmuş­dur. O öz atasın­dan at çapmağı, güləşməyi və sər­rast ox atmağı yaxşıca mənim­səmişdi.

Uca Allah Hüseynə bəsirət nuru, dərin zəka, ağıl, tez anlama qabiliy­yəti və hifz bəxş etmişdi. Hələ kiçik yaşla­rından imam Hüseyn Quranı əzbərləyib bəla­ğət elminin sirlə­rinə yiyə­lənmiş, ayələrin təfsirini və babasından rə­vayət olunan hədisləri öyrənmişdi. İmam Hüseyn Qura­nı hələ uşaq ikən babasından əzbərləmiş, hədisləri isə qardaşından və ana­sından rəvayət et­mişdir. Artıq yeni­yetmə yaşlarına dolduqda Hüseyn Allahın haqq yoluna dəvət edirdi. İnsanlar da Peyğəm­bər (sallallahu aleyhi və səlləm) nəv­əsinə bəslə­dik­ləri xüsusi məhəbbətə görə ona diqqət­lə qulaq asar­dılar. Hüseyn hədisləri əsasən atası Əlidən, anası Fati­mədən, onun xalası Hind bint Əbu Halədən və Ömər­dən rəvayət et­mişdir.

Səhabələr onun xətrini çox istəyirdilər. Xüsu­sən də raşi­di xəlifələr Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əhli-beytinə ayrıca ehti­ram göstərər­di­lər.

Əbu Bəkr (radiyallahu anhu) həmişə deyərdi: “Canım Əlində olan Allaha and olsun ki, Rəsulullahın (sallallahu aleyhi və səlləm) yaxınları mə­nim üçün öz yaxın­larımdan daha əzizdir”.11

Ömər ibn Xəttab (radiyallahu anhu) də həm­çinin, onları çox istəyirdi. Bir dəfə o, səhabə­lərin uşaqlarına libas paylayarkən Hə­sənə və Hü­seynə (radiyallahu anhumə) layiq libas tapmadı. Odur ki, on­lara xüsusi li­bas almaq üçün Yəmənə adam göndərdi. Nəhayət, (Yə­məndən gətirilmiş) libası onlara verdikdən sonra dedi: “İndi qəlbim rahat oldu”.12

Yenə bir dəfə Ömər (radiyallahu anhu) payları bölüşdürərkən Həsən­lə Hüseynə əhli-beytdən olduqları üçün hər birinə beş min dirhəm verdi”.13

Osman ibn Əffan (radiyallahu anhu) da öz növ­bəsində onlara çox yaxşılıqlar edər­di. Bu isti münasibətlərin nəticəsi idi ki, xəvariclər14Osma­nın evini mühasirəyə aldıqları zaman imam Əli (radiyallahu anhu) öz oğlanları ilə qılıncla­rını çəkib onun mü­dafiəsinə qalx­mış, Osman isə on­ların öldü­rülməsinə ra­zılıq verməmiş və Allaha and verib oranı tərk etmə­lərini xahiş etmişdir.

Yaşca Hüseyndən çox böyük olan Əbu Hureyra (radiyallahu anhu) bir dəfə cəna­zədə iştirak edər­kən (yüzlərlə ada­mın gözü önündə hörmət əlaməti olaraq) Hüsey­nin əbasının ətə­yin­dəki toz-torpağı çırpmışdı.15

Atası Əli ibn Əbu Talib (radiyallahu anhu) ona əvəzolunmaz nəsihət­lər et­miş­dir. O demişdir:

Oğlum, sənə həm gizlində, həm də aşkarda Allah­dan qorx­mağı, həm qüvvətli, həm da zəif halında haqqı deməyi, həm varlı, həm də kasıb olanda qənaət etməyi, həm dosta, həm də düşmənə qarşı ədalətli olma­ğı, həm tənbəllik, həm də yaxşı əhval-ruhiyyən olduqda çalışma­ğı, həm çətin, həm də asan vaxtı Allahdan razı olmağı tövsiyyə edirəm.

Oğlum, bil ki, Cənnətdə heç bir pislik, Cəhənnəmdə isə heş bir xeyir yoxdur. Cənnətdən başqa hər bir nemət, Cəhənnəm odundan da başqa hər bir bəla heç kimidir.

Oğlum bil ki, öz eyiblərini görən şəxs, heç zaman baş­qasın­da eyib tutmaz. Allahın ona böldüyü payla razılaşan şəxs heç zaman itirdiyi bir şeyə təəssüflənməz. Pis niyyət­lə qılıncını qı­nından çıxaran elə onunla da öl­dürülər. Qar­daşına quyu qazan özü düşər. Özgəsinin hicabını açan şəx­sin ailə üzvlərinin örtüyü açılar. Öz səhvlərini unudan şəxs başqalarının səhvlərini böyü­dər. Hər işə dözən tələf olar. Dənizə surətlə atılan batar, özü­nü bəyənən kəs yolunu azar, ağlını hamıdan yüksək tutan alça­lar, başqa­la­rını səfeh sa­yan söyülər, pis yerlərə gedən böhtanlara məruz qalar, alçaqlara qarışan rəzil olar, alimlərlə oturub-duran isə ucalar, çox sevinən ələ salınar, ayrı olan salamat qalar, şəhvətlərini tərk edən azad olar, həsədi tərk edəni insanlar sevər.

Oğlum, möminin izzəti insanlardan heç bir şey istə­məməyi­dir. Aza qane olmaq tükənməz bir maldır. Ölü­mü tez-tez xatır­layan azacıq dünya nemətlərinə razı olar. Əzabdan qorxub pis əməli tərk etməyənin və xeyir istə­yib çalış­mayanın halı necə də qəribədir.

Oğlum, bil ki, zikr nurdur, qəflət zülmətdir, cahillik zəlalət­dir, başqasından ibrət götürən xoşbəxtdir, ən xe­yirli miras ədəb­dir, ən yaxşı dost gözəl əxlaqdır.

Oğlum, qohumluq əlaqələrini kəsməklə irəliləyiş, pisliklə də varlanmaq olmaz.

Oğlum, salamatlıq on qismdir: Onun doqquzu, – zikr istisna olmaqla, – susmaqdır. Biri isə səfeh insanla­rın məclisindən uzaq olmaqdır. Kim məclislərdə Allaha asilik nümayiş etdirsə rəzil olar. Elm tələb edən isə bilikli olar.

Oğlum, elmin zirvəsi mülayim olmaqdır. Müsibət­lərə səbir etmək isə iman xəzinələrindəndir. İffətli olmaq kasıbın, şükür etmək isə varlının zinətidir. Bir şeyi çox edən onunla tanınar. Çox danışanın səhvi də çox olar. Xətası çox olanın isə həyası az olar. Həyası az olanın təqvası da azalar. Təqvası azalanın isə qəlbi məhv olar. Qəlbi məhv olan kəs isə Cəhənnəm oduna girər.

Oğlum, günahlarından dolayı ümidsizliyə düşmə, əməlləri­ni xeyirlə bitirən o qədər günahkar var ki. Həm­çinin nə çox əməl edib sonda Cəhənnəmə düşənlər var. Məqsədini axtaranın işləri yüngülləşər.

Oğlum, bil ki, çox ziyarət etmək adamı bezdirir. Təc­rübə toplamadan rahat olmaq səhv bir addımdır. İn­sanın özünü bəyənməsi isə onun ağıldan kəm olduğuna sübutdur.

Oğlum, islamdan daha şərəfli, təqvadan daha ülvi, tövbə­dən yaxşı şəfqət, iffətdən gözəl libas yoxdur.

Oğlum, elmini və əməlini, sevgisini və nifrətini, alış-veri­şini, danışığını və sükutunu yalnız Allah üçün edən kimsəyə Cənnət vacib olar”.16



1 Müsnəd imam Əhməd 1/159, 1370-ci hədis; Müsnəd Əbu Yələ, 1/147; Mocəm əl-Kəbir, 2780; Müstədrək, 4/277; Məcməuz-Zəvaid, 8/52; Silsilətul Əhadis əs-Səhihə, 2709.

2 Transkripsiyası: Uizukumə bikəlimatillahit-tam­məti min kulli şeytanin və ham­mətin və min kulli aynin lammətin.

3 Səhih əl-Buxari, 4/119.

4 Silsilətul-Əhadis əs-Səhi­hə, 312.

5 əl-Cami əs-Səğir, 5457.

6 əl-Cami əs-Səğir, 10898.

7 “əl-Bəqərə” surəsi, 154-157.

8 əl-Cami əs-Səğir, 994.

9 Silsilətul-Əhadis əs-Səhihə, 1171.

10 Əbnaun-Nəbi və Əhfadihi.

11 Səhih əl-Buxari, 3712.

12 Siyər Əlam ən-Nubələ, 3/287.

13 Siyər Əlam ən-Nubələ, 3/285.

14 Xəvaric ərəbcə xərəcə felindən əmələ gəlmiş xarici sözünün cəmidir. Xərəcə xaric olmaq, xarici isə xaric olan deməkdir. Xarici deyildikdə, müsəlman camaatından ayrılıb özünə dəstə yaradan və ya yaran­mış belə bir dəstəyə qoşu­lan, dəlil-sübutsuz olaraq böyük günah sahibini kafir sayan və şəriətə zidd olan digər əxlaqları özündə cəm edən fasiqlər nəzərdə tutulur. Bu firqə müsəlman­lar arasında meydana gəlmiş ilk firqədir. Onlar Allahın razı qaldığı, Cənnətlə müjdələnmiş, İslam üçün canından və malından keç­miş, ölə­nədək Peyğəmbərə (sallallahu aleyhi və səlləm) sadiq olmuş Osman və Əli kimi iki böyük əs­habəni kafir sayıb şəhid etmişlər.

15 Siyər Əlam ən-Nubələ, 3/287.

16 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 5/147-148; əl-Bidayə vən-Nihayə, 7/328-329.

 


Baxılıb: 17414


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”